“ANİMASİYAYA
QISA SƏYAHƏT” Bəzən insanı illər əvvələ aparmaq üçün uzun yol getməyə ehtiyac olmur. Bir səs, bir rəng, bir cizgi kifayət edir. Bu gün sizi xatirələrin danışdığı, xəyal gücünün hərəkətə gəldiyi animasiyanın sehrli dünyasına aparırıq. İlk cizgidən bu günün rəqəmsal ekranına qədər- animasiyaya qısa, amma duyğulu bir səyahətə çıxırıq.
Animasiyanın tarixi, əslində, xəyal gücünün tarixidir.
XIX əsrin sonu, XX əsrin əvvəlləri… İnsan ilk dəfə rəsmlərə həyat verməyə çalışır.
1898-ci ildə kukla animasiyasının ilk cəhdlərindən sayılan “Liliput sirki” ekranlara çıxır. 1906-cı ildə isə amerikalı rejissor Ceyms Stüart Blektonun “Gülməli sifətlərin yumoristik mərhələləri” adlı işi, rəsmlə canlı təsvirin birləşdiyi önəmli nümunələrdən biri olur. Amma animasiya tarixində əsas dönüş nöqtəsi 1908-ci ilə təsadüf edir.
Fransalı Emil Kolun “Fantasmaqoriya” filmi dünyada ilk tam əl ilə çəkilmiş, kadr-kadr animasiya kimi tarixə düşür.
Sadə ağ xətlər, qara fon…
Amma böyük bir inqilab. Cizgilər danışmağa, xəyallar hərəkət etməyə məhz o zaman başladı. İllər keçir. Bu sehr dünyanın sərhədlərini aşır və bir gün Azərbaycan ekranına da gəlib çatır.
1969-cu il. Azərbaycanda ilk animasiya filmi - “Cırtdan”.
“Azərbaycanfilm” studiyasında Elçin Əfəndiyevin rəhbərliyi ilə çəkilən bu film, milli üslubun animasiyaya çevrilmiş forması idi.
Əslində, animasiyanın təməli 1968-ci ildə təşkil olunan kurslarla qoyulmuşdu. Amma “Cırtdan” yerli animasiya üçün yeni bir mərhələnin başlanğıcı oldu.
Zaman dəyişir. Texnologiya sürətlənir. Qrafika sərhədsizləşir.
Amma animasiyanın missiyası dəyişmir - insanı öz kökünə qaytarmaq, saf duyğularla üz-üzə qoymaq. Bəlkə də animasiyanın ən gözəl tərəfi elə budur, orada böyüklər də uşaq ola bilir.
Bahar TELMANQIZI