37 mindən çox namizəd müəllim olmaq istəyir .....                        İkinci Dünya müharibəsindən qalma mərmi partladı - 7 yaralı var .....                        "Qarabağ"ın növbəti qələbəsi .....                        Prezidentlər Şuşada birgə nahar etdilər .....                        8 milyon insana bir milyon qaçqın və köçkün düşürdü .....                        Lukaşenko Füzulidən ölkəsinə qayıtdı .....                        Türkiyədəki hərbi təlim başa çatdı .....                        Rusiya Xarkovu ələ keçirməyi planlaşdırmır - Putin .....                        Türkiyə və Ermənistan nazirləri danışıqlar apardı .....                       
2-02-2022, 13:43
Bir ibrətli, bir həsrətli xatirəyə dönmüş həyat

Yoxluğun və ayrılığın dəyəri onun insan qəlbində yaratdığı təəssüratların dərəcəsindən asılıdır. İnsan var sağlığında özünün, dostlarının və yaxınlarının dəyərini yazılı şəkildə kağıza köçürür ki, əminlik yaratsın, yazdıqlarını oxusunlar, insan da var istedaddır, talantdır, amma özündən sonra haqqında nəyisə bilənlərə möhtac olur. İnanır ki, bir vaxt həyatda olmayan çağlarda onunla bağlı boşluqları dostları, həmkarları, insanlığı dəyərləndirənlər, yaxınları, eyni zamanda doğmaları dolduraraq ruhunun daim şad olmasına əminlik yaradarlar. Sağlığında zəngin xatirələr yaradanların içində yaradıcılığımın lirik qəhrəmanı, əziz və bənzərsiz dostum, sözün ən dürüst mənasında istedadlı alim, ləyaqətli vətəndaş, orijinal insan olan və indi xatirələrdə yaşayan professor Əlikram Mirhəsən oğlu Tağıyevdən yazmaq hamının arzusudur. Onunla tanışlığımız 1964-cü ildən başladı. Mən Azərbaycan Dövlət Universitetində (indiki Bakı dövlət Universiteti) filologiya, o isə Xarici Dillər Universitetinin İngilis dili fakültəsində oxuyurduq. İlk günlər bir-birimiz haqda çox az məlumat və təəssüratımız var idi, bir-birimizin qəlbinə dərindən nüfuz edə bilməmişdik.
Əlikramı tələbəlikdən tanımağımda əsas səbəbkar orta məktəbdə 11 il bir sinifdə oxuduğumuz Fikrət Allahquluzadə idi. Fikrət kimi həmyerlisi və dostu olanın daha çox dostu peyda ola bilərdi. Əlikramla Fikrətin bir dost kimi ingilis dili fakültəsində eyni qrupda oxumaları mənim xeyrimə oldu. Mən onun timsalında o dövrün bir çox tanınmış alimləri ilə tanış olmaqdan zövq alırdım.
İnstitutun tələbəlik dövrü bitdikdən sonra yollar şaxələndi, hərəmiz bir istiqamət götürüb irəlilədik. Böyük yollar cığırlara ayrıldığı, şaxələndiyi kimi, cığırlar da böyük yollara tələsir.
Əlikram öz ömrünün cığırı ilə getdi və sonra da böyük əbədiyyət yoluna qoşuldu. Mən Əlikramın sədaqətli dostu və mənim südqardaşım Nurəli müəllimin vəfatı günündə uşaq kimi kövrəldiyini də, adi vaxtlarda tükənməz səmimiyyətini də, ata kimi müdrikliyini də görmüşəm, hətta elmi məsələlərin həllində çətinliklərə məruz qalanların birinə də “yox”, “bu gün olmaz”, “sonra baxarıq” kriteriyalardan yanaşdığının şahidi olmamışam. İstər elm ocağı olan Elmlər Akademiyasında, istərsə də “hikmətisevərlik” mənası kəsb edən fəlsəfədən dediyi dərslərinə tələbələri, magistrantları, dissertantları, eyni zamanda doktorantları biganə deyildilər. Deyirlər müəllimin xarakterini onun tələbələrindən yaxşı bilən heç bir psixoloq tapılmaz. O, çox təmkinli, həm də səbrli olmağı qədər də alicənab idi. İnsanlar təkrarolunmaz xilqətdir. Bütün antropoloji tədqiqatlar da bunu sübut edir. Əlikram bütün ömrü boyu özü oldu, özünü kiməsə oxşatmadı, lakin bu bənzərsizliyin özündə bizə məlum olan bütün insanlıq sifətləri cəmləşmişdi. Onun hərəkət və əməlləri öz qəlbinin, ruhunun əks-sədası, təzahürü idi. Bütün bu sadaladığım keyfiyyətləri yaxşı dərk edən laborantlar, kiçik elmi işçilərdən başlamış baş elmi içilərə qədər hamı Əlikramın rəhbərlik etdiyi şöbədə fəaliyyət göstərmək, onun məsləhətlərindən faydalanmağı üstün sayırdılar. Heç təsadüfi deyildir ki, Fəlsəfə və Sosiologiya İnstitutunun keçmiş Politologiya (indiki siyasətin fəlsəfəsi), “Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq fəlsəfəsi” və “Məntiq” şöbələrində çalışanlar – Fikrət Nəbiyev, Səidə Məmmədova, Arif Bünyatov, Tağı Bəşirov, Həlimə Qafarova, Kamran Məmmədov, Sevinc Quliyeva, Şahin Bağırov, Davud Həşimov, Etibar Əsədov, Nailə Əlicanova, Məlahət Tağıyeva, Şəfəq Hacıyeva və yüzlərlə digər elmi içi Əlikram müəllimin yoxluğuna sanki inanmayanlar kimi Əlikramlı günlərin sevgisi, şirin duyğuları ilə yaşayırlar. O, hamıya özü kimi inanırdı. Yalanı həqiqət kimi uydurub danışanları da axıra qədər dinləyir, məsləhətini əsirgəmirdi. Tələbəlik dövrümün son nailiyyəti kimi diplom işimlə maraqlanıb mövzunun adı üzərində dayanaraq təkidlə deyirdi: “Əli, “Nizaminin əsərlərində ədalətli hökmdar məsələsi” çox yaxşı elmi əsər kimi gələcəkdə dissertasiya mövzusu olaraq müdafiə edilə bilər”. Mənim bu fikirlə razılaşmağıma nə marağım, nə də bir niyyətim vardı. Amma illər keçdi, Əlikram müəllimlə 15 ildən sonra südqardaşım Nurəlinin yanında olarkən rastlaşdım. 1992-ci ildən fəaliyyətə başlayan AMEA-nın Milli Münasibətlər İnstitutuna oranın direktoru, tələbə yoldaşım Vaqif Arzumanlının məsləhəti və Əlikramın iştirakı ilə elmi işçi qəbul edildim. Əlikram ədalətin, düzlüyün pozulduğu məqamlarda tövrünü pozmadan, işlərin ədalət meyarından nizama düşməsinə daha çox çalışır, hamımızda nikbinlik əhval-ruhiyyəsi yaradırdı. Arada məni çağırıb “Nizaminin əsərlərində ədalətli hökmdar məsələsi” mövzusunda vaxtilə yazdığım diplom işimi monoqrafiya kimi tərtibata salıb çap etdirməyimdə israrlı oldu. Onun adi söhbətində, danışığında, düşüncə və mühakimələrində güclü məntiq, inandırıcılıq və elmi ümumiləşdirmə olurdu. Bu, onun fikrini, alim portretini tamamlayırdı, alim xarakterinin bütövlüyünü təsdiq edirdi. Mənəvi bolluq onun varlığına elə sirayət eləmişdi ki, o həmişə maddi cəhətdən də böyük görünürdü. Əlikram əsl alim və pedaqoq kimi minlərlə tələbənin sevimli müəllimi, inam, etiqad simvolu idi. Bunun səbəbləri də informasiyanın bu qədər əhatəli, zəngin, qarışıq və mürəkkəb olduğu bir zəmanədə dinləyiciləri maraqlandırmaq, onları özünə cəlb eləmək çətinliyini asanlaşdırmağın yollarını yaxşı bilirdi. Əlikramın ölümündə də bir ölümsüzlük, nikbinlik, təmkinlik müşahidə olunurdu. Ölümündən bir həftə qabaq iki dəfə ona zəng vurdum, halını soruşdum. Tez-tez gülüb deyirdi: “Ay Əli, artıq qatar dayanıb, irəli getmir, gileylənməyə də əsas yoxdur.” Mən isə onu inandırmaq məqsədi ilə möcüzələrin olması faktları ilə ovundurur, nikbinliyinə davam etməsini məsləhət bilir, arabir mollalara məxsus sözlər işlədərək onu güldürürdüm.
Əlikram Yusif peyğəmbər qədər təmiz, gözü tox, etibarlı, məğrur, sözündə bütöv, dediyinin ağası olan bir insan idi. Biz belə bir insanı itirdik. O, öz boyunu sıxan, gözə girməyən böyük alim idi. Amma özünü kiçiltdikcə daha da böyük görünürdü. Onda alimlik iddiası yox, alimlik istedadı, alimlik səbri var idi. Böyük alim ola-ola Əlikram özünü şagird, tələbə kimi aparırdı. Heç vaxt bildiyi və öyrəndiyinin üstündə dayanıb onu təsdiq etməzdi. Onun alim təbiətində Sokratdan miras qalan bir aforizmin izi vardı: “Bircə onu bilirəm ki, heç nə bilmirəm!” O, heç kimin daha savadlı, daha bilikli olmaq hüququnu inkar etmirdi. O, faydalı spektisizmin əleyhinə deyildi, lakin nihilizm onun təbiətinə yad idi. O, heç kimdən seçilmək istəmirdi, lakin dərhal seçilirdi. Televiziya verilişləri gedən kanallara dəfələrlə dəvət olunsa da etiraz edir, necə deyərlər, gözə girməkdən, şan-şöhrət vurğunu olmaqdan qaçırdı. Məclislərin baş tərəfində yox, xoş tərəfində oturmağa üstünlük verirdi.
Əlikramı sevənlərin bir çoxu dünyasını dəyişsə də, orta və gənc nəslin nümayəndələri onu sevməkdə, anmaqda davam edir, ona rəhmətlər oxuyur, dərin hüznlə başsağlığı verirlər. Xalq şairi Səməd Vurğunun bir bəndlik şeiri elə bil ki, İnstitutun baş direktoru İlham Məmmədzadə, Eynulla Mədətli, Rəfiqə Əzimova, Müstəqil Ağayev, Sakit Hüseynov, Azər Mustafayev, Əbülhəsən Abbasov, Əli Abbasov, Həcər Abdallı, Füzuli Qurbanov, Adil Həşimov, Rafael Hacıyev, Rəna Mirzəzadə, Sevinc Həsənova, Həbib Hüseynov, Lalə Möhsümova, Ziba Ağayeva, Məmmədağa Sərdarov, Sənan Həsənov, Məhəmməd Cəbrayılov, Telman Quliyev, Qabil Camalov, Əli İbrahimov, Azad Cəfərov və Əlisa Əhmədov kimi elm adamları, etibarlı dostlarının qəlbindəkilərini ifadə edir:
Ölüm sevinməsin qoy, ömrünü vermir bada,
El qədrini canından daha əziz bilənlər.
Şirin bir xatirə tək qalacaqdır dünyada
Sevərək yaşayanlar, sevilərək ölənlər.
Əziz dostumuz, unudulmaz qardaşımız Əlikram Tağıyev haqqında söylədiklərim mənə elə gəlir ki, onu sevənlərin, fəlsəfə, sosiologiya və filologiya elmi ilə məşğul olanların əksəriyyətinin ürəyindəndir. Çünki yaxşı insanlar haqqında yaxşı dostlar həmişə həmrəydir. Dostlara, qardaşlara, bizimlə həmrəy olanlara müraciətlə yazdığım dostumuz, professor Əlikram Tağıyevə həsr etdiyim elegiya məzmunlu şeir onun ruhu qarşısında baş əyib sevgimizi ehtiva etmək hissləri və düşüncəsinin məhsuludur:
Ey dost!
Dostumuz, professor Əlikram Tağıyevə elegiya

Dərin qüssə-kədər içindəyik biz
Məhzunluğu yandırır bizləri, ey dost!
Belə ayrılığa dözmür qəlbimiz
Silinmir ağlamaq izləri, ey dost!

İnsandan ayrılan o, artıq ruhdur,
Bir də baxıb gördük həyatda yoxdur,
Vay-şivən etsək də bizə günahdır,
Kövrəltdi nə yaman əzizləri, dost!

İnsanlıq axtardı tapa bilmədi,
Bəzisi güldüsə o heç gülmədi.
Görüşmək istədik yaxın gəlmədi,
Uca Tanrım sevir təmizləri, dost!

O, bir Əli kimi ikram olundu
Pərvanə kimi başımıza dolandı
Diogen kimi axtarışa yollandı
Yol ölçür hamının gözləri, ey dost!

Dalğınam, yoxluğuna ağlaram çox
Elə bir təsəlli verənim də yox
Olsam da bundan belə həyatda tox
Yaşar Əlikramın sözləri, ey dost!



Əli İmanqulu oğlu İbrahimov
AMEA, Fəlsəfə və Sosiologiya İnstitutu, “Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq fəlsəfəsi” şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent
31-01-2022, 19:09
“Moşu” koronavirusa yoluxdu

Tamaşaçıların yaddaşında “Moşu Göyəzənli” kimi qalan aktyor Valeh Kərimov koronavirusa yoluxub.

Bu barədə Yenisabah.az-a Xalq artisti özü məlumat verib.

O, hazırda xəstəxanada olduğunu deyib:

“Koronavirusa yoluxduğum doğrudur. Artıq vəziyyətim yaxşılaşır, sabah da xəstəxanadan çıxıram, inşallah. İki günlük xəstəxanada qalacam, karantin kimi etdilər ki, burada müalicə olunum, elə ciddi bir şey yoxdur. Ağdaşda xəstəxanadayam, bu rayonda işim var idi, ona görə buradaydım. Sabah xəstəxanadan çıxıb Bakıya qayıdacağam”.

Bütöv.az
28-01-2022, 19:58
Azərbaycanda mədəniyyət işçisi vəfat edib

Tanınmış mədəniyyət işçisi, teatr xadimi Şaiq Səfərov vəfat edib.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Bildirilib ki, Şaiq Səfərov yanvarın 27-də 67 yaşında vəfat edib.

O, müxtəlif illərdə Azərbaycan Teatr Treninq Mərkəzinin direktoru, Akademik Milli Dram Teatrının bədii hissəsinin rəhbəri, Mədəniyyət Nazirliyində sektor müdiri kimi çalışıb.

Bütöv.az
26-01-2022, 16:52
“Azdrama” koronavirusa görə fəaliyyətini müvəqqəti dayandırdı

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı (Azdrama) koronavirusa görə fəaliyyətini müvəqqəti dayandırıb.

Bu barədə teatr “Facebook” səhifəsində paylaşım edib.

Bildirilib ki, son günlər Akademik Milli Dram Teatrının əməkdaşları arasında COVID-19 infeksiyasına yoluxma hallarının artması ilə əlaqədar qabaqlayıcı-profilaktik tədbirlərin görülməsi qərarı alınıb:

“Yanvar ayının 23-dən fevral ayının 7-dək teatrın öz iş fəaliyyətini müvəqqəti olaraq dayandırması haqqında qərar qəbul olunub.

Qeyd olunan tarixlərə təyin edilmiş tamaşa nümayişləri və məşqlər təxirə salınıb, teatrın inzibati binasına giriş-çıxış fevralın 7-dək məhdudlaşdırılıb.

Həmin tarixlərdə nəzərdə tutulan tamaşalar fevralın 7-dən etibarən nümayiş olunacaq”.

Bütöv.az
25-01-2022, 19:51
Sankt-Peterburqda Üzeyir Hacıbəyovun abidəsinin təməli qoyulub

Bu gün Sankt-Peterburqda Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəyovun abidəsinin təntənəli təməlqoyma mərasimi keçirilib.

Abidə bəstəkarın adını daşıyan meydanda ucaldılacaq.

Abidənin müəllifi heykəltəraş, Rusiya Rəssamlıq Akademiyasının və Florensiya İncəsənət Akademiyasının akademiki Aydın Zeynalovdur.

Mənbə: vestikavkaza.ru

Bütöv.az
20-01-2022, 14:11
Ayaz Musayev yaradıcılığı - Çağdaş çağımızın çağlayan çayı

Əsgər İsmayılov,
BDU-nun Jurnalistika fakültəsinin tələbəsi

İsti yay günlərindən biri idi. Zamanın dostluq, aşinalıq süzgəcindən mərdliklə keçən Səyavuş Əlizadə ilə Mərdəkanı qarış-qarış gəzirdik. Xoş xatirəyə çevrilən, yaddaşımızda əbədilik qazanan bu gəzintiyə göy üzündə günəş çıxmazdan qabaq başladıq. Səyavuşun dünənə dayalı, sabaha inamlı sözündən-söhbətindən, sanki nur çilənirdi. Tariximizin, mədəniyyətimizin, incəsənətimizin sözün əsl mənasında keşikçisi olan kolleksiyaçı ilə görüşümüz Mərdəkan qalasında, günəşin batan tellərini izləməklə yekunlaşdı.
İllər bundan öncə, məhz həmin gün Səyavuş Əlizadə mənə böyük sevgilə ərsəyə gətirdiyi "Bakılı belə danışır" kitabını da hədiyyə etdi. Sonra da dostcasına, qardaşcasına: "Ədə, kitabı mütləq oxu, haaa!" - söylədi. Müəllifin bu fikirləri sevgidən doğan istək və tələb idi. Əlbəttə, tələb etməyə də mənəvi haqqı çatırdı, çünki müəllifin kitabının hasilə gəlməsində ömrünün altmış ilini ədəbiyyatımızın tərəqqisi yolunda şam kimi əridən xalq yazıçısı Qılman İlkinin böyük zəhməti, fədakar əməyi olmuşdur.
Səyavuş Əlizadənin o zamankı fikirləri indiki kimi yadımdadır: "Qılman müəllimlə hər görüşümüz yenilik idi, tapıntı idi. Bildiyini sevə-sevə öyrədir, köməyini əsirgəmirdi. İlk kitabımın da baş məsləhətçisi oldu, yorulmadan redaktə etdi". Daha sonra əlavə edərək: "Əsgər, Qılman müəllimin oğlu Ayaz Musayev böyük yazıçımızın şərəfli yolun davam etdirir." - dedi. Və çox keçmədi ki, "Tanıyırsanmı?" - sualını da mənə ünvanladı.
Tale elə gətirdi ki, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbəsi oldum. Ayaz Musayevin timsalında fakültəmizin digər vicdanlı müəllimlərini yaxından tanıdım. Buna taleyin xoş qisməti, xoş niyyəti... və sadalanacaq yüzlərlə söz birləşməsi tapmaq olar. Odur ki, göydə taleyi yazan Tanrıya, yerdə isə taleyimizdə əvəzsiz rol oynayan müəllimlərimizə min kərəm şükür (!) və min kərəm təşəkkür (!) yetirir, fikirlərimə isə davam edirəm.
Fikir demişkən, Ayaz Musayevin "Dialoq" adlı kitabında xüsusi bir məqam diqqətimi çəkir. Fakültəmizin sadə və səmimi müəllimi Mahmud Mahmudov həmin kitabda "Müəllif haqqında söz" adlı sərlövhə altında yazır: " "Ata yolu" adlı gələcək kitabımın əlyazmasına "Ön söz"ü almaq üçün mərhum yazıçımız, görkəmli sənətkar Qılman İlkinin mənzilinə gəlmişdim". Mahmud müəllimin digər fikirləri də olduqca maraqlı və əhəmiyyətli çəkiyə malikdir: "Ayaz müəllim hər şeydən əvvəl olduqca sadə və təvazökar bir insandır. Hər hansı məsələ üzrə özünü öymək, döşünə döymək onun təbiətinə busbütün "müğayırdır".
Müəllimimiz Mahmud Mahmudovun fikirləri ilə yazının əvvəlində adını çəkdiyim gənc kolleksiyaçı, hələ o zaman ilk kitabı işıq üzü görən əziz dostum Səyavuş Əlizadə düşüncələri arasında yaxınlıq və ortaya çıxan nəticə ondan ibarətdir ki, xalq yazıçısı Qılman İlkin göstərdiyi mənəvi qayğı ilə (burada fiziki zəhmət də var) həm də xalqın övladı olmağı bacarmışdır. İndi bu yüksək keyfiyyətlər: kübarlıq, zadəganlıq, əsilzadəlik özünü Ayaz Musayevdə göstərir.
Jurnalistika fakültəsinə qədəm qoyduğum ilk dərs günü yadımdadır. Ayaz müəllim yuxarı kurslara dərs tədris edirdi. Auditoriyanın qapısı isə açıq idi. Demək olar çox dərslər yekunlaşmışdı. Fakültədə az adam var idi. Mən isə dəhlizdə var-gəl edirdim: kitabım auditoriyaların birində qalmışdı. Sabahkı dərsə hazır olmalıydım. Narahat və nigaran halıma Könül Niftəliyeva və Ayaz Musayev biganə qalmadılar. O zaman müəllimlərimin mənəvi böyüklüyünü gördüm. Ayaz müəllimin sadəliyi və istiqanlığı isə tələbə qəlbinə o vaxtdan yol tapdı... Böyük M.S.Ordubadi əbəs yerə deməyib ki, "qədəmlərini tanıdığın yerlərə qoy".
Ənənələrə sadiqlik, müasirliyə açıqlıq Ayaz müəllimin təbiətindədir. O, mütərəqqi insan, zamanla ayaqlaşan ziyalıdır. Bütün bunlar onun yaradıcılığında da özünü göstərir. Vaxtilə dəyərli yazıçımız Qılman İlkin "Bakı və bakılılar" əsərində paytaxt Bakı ilə bərabər onun kəndlərini, tarixini, camaatını, bir sözlə keçmişini və çağdaşlığını qələmə alır. Yazıçının "Sən Bakını tanıyırsanmı?" adlı kitabı isə tarixi qaynaq baxımından olduqca əhəmiyyətlidir. Burada Bakının bilinməyən tərəfləri, sirli məqamları yazıçı məharəti ilə oxucuya çatdırılır. Qılman İlkin yaradıcılığı, kitabları cəmiyyətimiz - biz gənclər üçün qoyub getdiyi mənəvi vəsiyyətdir, mənəvi qidadır.

Bu gün texnologiyanın yüksək inkişafının nəticəsi olaraq, hər birimiz həm də sosial şəbəkənin bir üzvünə çevrilmişik. Ənənəvi münasibətlər həm də onlayn məcraya "daşınıb". Beləliklə, ənənəvi dostluğun onlayn davamını yaşayırıq. Bu yaşam tərzi fərqli və maraqlıdır. Kübar insanlar burada da öz yüksək mədəniyyəti ilə seçilirlər.

Ən böyük sosial şəbəkə olan FB istifadəçi sayına görə də seçilir. Adi həyatda olduğu kimi, burada da müəllimlərimizlə dostluq edirik. Ayaz müəllim dövrün müasir tələbini ziyalı baxışı, maarifyönlü istiqamətdə davam etdirərək, burada da gənclərə müəllimlik etməyi bacarır. Onun sosial şəbəkə üzərindən Azərbaycan tarixini və Bakının müasirliyini əks etdirən fotoşəkilləri, müdrik deyimləri olduqca sevilir və rəğbətlə qarşılanır. Və bunun nəticəsi olaraq, "Fikirlərə Bürünmüş Sətirlər" kitabı ərsəyə gəlir. Hətta deyərdim ki, bu kitabın sətirləri ətirlidir. Bu kitab həm də bir tələbənin, yəni mənim stolüstü vəsaitimə çevrilib.
Ayaz Musayevin işıq üzü görən kitabına ön sözü Ustad Cahangir Məmmədli yazıb. Və bu kitabı "ağıllı kitab" adlandırıb. Redaktoru isə dosent Mahmud Mahmudovdur. Müəllimlərimdən sonra bu kitab haqqında fikir bildirmək isə bir tələbə üçün məsuliyyətli və şərəflidir. Onu da qeyd edim ki, kitabda dünənlə bu gün arasında sıx vəhdət halını almış, müasir qiyafə "geyinmiş" fikirlər də var. Qədim xalqın bəzi deyimləri müəllifin diliylə müasirlik qazanmış, çağdaş çağımızda çay kimi çağlayıb, oxucu qəlbinə yol tapa, cığır aça bilmişdir.
Bəşəriyyəti adını dilimizə gətirmək istəmədiyimiz məlum virus bürüyəndə və dünyaya "Evdə qal, sağlam qal" sos siqnalı veriləndə Ayaz Musayev sosial şəbəkə vasitəsilə maraqlı sətirlərə imza atdı. Fikirlərin bir çoxunu kitabda oxuyuruq: "İnternetsiz dünya adama dar görünür", "Ey distant rejimində keçən həyat, sən nə qəribəsən!"
El dilində belə bir deyim var: "Mart çıxdı, dərd çıxdı". Ümumbəşəri virus da ölkəmizə məhz mart ayında "gəldi". O zaman yuxarıda çəkdiyimiz el məsəlinə Ayaz müəllim maraqlı yanaşma sərgilədi: "Mart mərd çıxdı, amma dərd naxələf çıxdı". Görünən də odur ki, naxələf virus hələ də bəşəriyyət üzərindən sovuşmayıb.
Kitabda tərbiyəvi əhəmiyyətə malik çoxsaylı sətirləri görmək olar: "Fikriniz haradadırsa, özünüz də oradasınız. Odur ki, həmişə yaxşı yerlərdə olmağa çalışın". Yaxud: "Feysbukdakı dostları mənə göstər, sənin kim olduğunu deyim". Bu fikirlərdə əxlaq, mədəniyyət yükü vardır. "Heç kim bu dünyaya əbəs yerə gəlmir. Hər bir insanın öz missiyası var" - deyən Ayaz Musayev hər kəsi düzgün əməl sahibi olmağa, yaxşı işlər görməyə, qəlbində xeyirxahlıq toxumunu cücərtməyə çağırır. Bu deyim isə müəllifin dilindən bəşəri səslənir: "Xeyirxahlıq və mərhəmətə nə məhdudiyyət? Təki istək olsun!" Ayaz müəllimin bu qəbildən olan digər deyimlərinə də nəzər salaq: "Özgə bostanına daş atmayın. Həmin daş bumeranq kimi özünüzə qayıda bilər.", "Balta unudar, amma ağac yaddan çıxarmaz!", "Xoş o kəslərə ki, yaxşılıqdan başqa əllərindən bir iş gəlmir."
"Siz dünyada öz bacarığınızdan istifadə edə biləcək yeganə insansınız" - cümləsi isə bəşər insanını qəflət yuxusundan oyadır, onun yadına ən ali varlıq olduğunu salır. Həqiqətən də bacarıq saf əmələ, düzgün tərbiyəyə, vicdana söykənməlidir. Hələ o zaman Sədi Şirazi deyirdi:
Biliyin olsa da bir ümman qədər,
Nadansan əməlin olmasa əgər.

Ayaz Musayevin bu fikirləri isə dediklərimizə ən tutarlı cavabdır: "İnsaniyyət olmayan yerdə heç nə yoxdur!"
Ayaz müəllimin "Fikirlərə Bürünmüş Sətirlər" kitabında diqqətimi çəkən ifadə belədir: "Mədəniyyət əncir yarpağı ilə başlayır. Əncir yarpağı götürüldükdə mədəniyyət məhv olub gedir." Bu deyimin fəlsəfi qatını açmaq olduqca çətindir. Odur ki, mənəvi tərəfinə toxunaq. Bütün ağacların çiçək açdığını görürük, amma əncir ağacında bu mənzərə elə də gözə çarpmır. Təbii ki, əncir ağacı da çiçək açır. Ancaq bu çiçəklər içi boş meyvələrin daxilində gizlənir. Bu da Tanrının bir möcüzəsidir. Narın dilimləri arasında olan pərdənin özü də Yaradanın möcüzəsidir. Bunu bədii şəkildə həm də mədəniyyət, əxlaq pərdəsi də adlandırmaq olar. Əncir yarpağı da ilk bəşər övladının abır-həya pərdəsi olub. Əncir çiçəyinin gizli açılması kimi, insan bədəninin də məhrəm qatlarının açılmaması, gizli qalması lazımdır.
Meyvə adı çəkmişkən yadıma ağ şanı, qara şanı, Kəhrəba üzümü, ənciri... ilə məşhur olan Bakı düşür. Və bir də əməlləri, gördüyü işlərilə xalqın qəlbində müqəddəslik qazanmış insanlar. Böyüklərdən eşitdiyim, bəlkə də oxuduğum bu olmuş hadisə isə düşünürəm ki, oxuculara, bunu bilməyənlərə də maraqlı olacaq. Azərbaycan milli burjuaziyasının ən parlaq simalarından olan, böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev ömrünün sonlarını Mərdəkandakı bağ evində keçirirdi. O zaman hələ uşaq olan Qılman İlkin və dostları hər kəs kimi dənizə çimməyə gedərdi. Onların yolu, məhz Tağıyevin evlərinin yanından keçərdi. Tağıyev dəfələrlə o uşaqları bağına meyvə yeməyə dəvət edibdir. Tağıyev hər amalı, əfkarı, məqamı ilə xalqına atalıq etməyi bacarıb. Ayaz Musayevin haqqında danışdığımız kitabında müəllifin Tağıyev haqqında olduqca müdrik kəlamı yer alır: "Hər varlanan hacı - Zeynalabdin olmaz!"
"Yubiley - çoxlu insan, gözəl nitqlər, gül dəstələri... Amma sən hələ sağsan." - müəllifin bu ifadəsində kinayə var: insana vaxtında dəyər verilməsinə hesablanıb. Sətirlərə qüvvət olaraq yada qüdrətli şairimiz Cabir Novruzun "Sağlığında qiymət verin insanlara" şeiri düşür:
Bir arzum var, ay adamlar, qoyun deyim,
Sağlığında qiymət verin insanlara,
Yaxşılara sağlığında yaxşı deyin,
Sağlığında yaman deyin yamanlara.

Bu dəfə yamanın "ay aman" - diləməsi də onu məğlubiyyətdən, kapitulyasiya aktını imzalamaqdan qurtara bilmədi. Orta məktəbdə oxuyanda Qılman İlkinin "İntiqam" hekayəsini oxumuşdum. Sonralar həmin hekayənin filminə də baxdım. Qarabağ mövzusunda yazılan hekayədə namuslu Azərbaycan qadını erməni terrorçusundan intiqamını alır. Bu səhnə məni uşaq olmağıma baxmayaraq ruhlandırmışdır. Vətən torpaqlarının azadlığına inamımı artırmışdı. Tanrıya şükürlər olsun ki, zaman yetişdi. Haqq öz yerini tapdı. Ayaz Musayevin müdrik fikirləri kimi: "Qarabağ savaşı: 30 il duruş, bir gün vuruş!"

Bütöv.az
17-01-2022, 16:18
Mədəniyyət Nazirliyində nə baş verir?

Azərbaycanda aparılan kadr islahatları fonunda – 2021-ci il yanvar ayının 5-də Anar Kərimovun Mədəniyyət naziri vəzifəsinə təyinatı cəmiyyətimizdə müəyyən ümidlər yaratmışdı. Təəssüf… O, bu ümidləri və ona göstərilən etimadı doğrultmadı. Əgər hər hansı rayonun icra başçısına görə bu qədər təəssüf hissi keçirsəydik, bəlkə də dəyməzdi. Amma qalib bir ölkənin “mədəniyyət korpusu”na cavabdeh şəxslə bağlı təəssüf hissi keçirmək ağrılıdır. Nazir təyin edilməmişdən 6 ay öncə A.Kərimov Mədəniyyət nazirinin birinci müavini təyin edilmişdi və nazirin vəzifələrini icra edirdi. Təxminən 1 il 6 aydır ki, Azərbaycan mədəniyyətinə bu şəxs rəhbərlik edir. Ötən il yanvar ayının 27-də Azsiyaset.com saytında “Mədəniyyət Nazirliyində “köhnə hamam, köhnə tas” – Yeni nazirdən gözləntilər böyükdür” sərlövhəli məqalə də dərc olunmuşdu. Məqalədə A.Kərimova dəstək ifadə edir, onun Mədəniyyət naziri kimi görməli olduğu işlərin konturları barədə tövsiyələrlə də çıxış etmişdik.

Bu gün isə Mədəniyyət Nazirliyində baş verən özbaşınalıqlara, qanunsuzluqlara hamı göz yumur, ölkənin ordu sistemini, ayrı-ayrı generalları təftiş edən media qurumları, jurnalistlər, blogerlər rəsmən sus(durul)ublar.

Başa düşürük, ölkədəki pandemiya mühiti bir çox məmurlar kimi A.Kərimovun da yarıtmaz fəaliyyətini ört-basdır elədi. Pandemiyanın “bəraətverici” şərtlərinin arxasında gizlənmək heç bir məmura, ələlxüsus da nazir postunu tutan şəxsə yaraşmaz.

A.Kərimov vəzifəyə təyin ediləndə iki mühüm amilə diqqət etməli idi:

– Prezident İlham Əliyevin yeni kadrlara olan etimadına kölgə salmalı deyildi

– 2020-ci ilin may ayında Mədəniyyət Nazirliyində həyata keçirilən həbslərdən nəticə çıxarmalı idi

Ancaq Anar Kərimov Mədəniyyət Nazirliyində hansı “islahatlara” başladı?

Azsiyaset.com-un redaksiyasına daxil olan məlumatlardan aydın olur ki, nazir bütün peşəkar kadrları işdən azad edib. Onların yerinə isə bu sahədə heç bir təcrübə və qabiliyyəti olmayan şəxsləri təyin edib. Ən dəhşətlisi budur ki, Nazirlikdə müxtəlif vəzifələrə təyinat alan A.Kərimovun yaxınları heç vaxt bu sahədə işləməyiblər. Açığı, bu cür məntiqsiz addımlar gözlənilən idi. Çünki nazirin özü də mədəniyyət sisteminə tamamilə yad adamdır. O, ömrü boyu XİN-in diplomatik strukturlarında müxtəlif vəzifələrdə işləyib. Zaman göstərdi ki, 3 dil bilən A.Kərimov hər hansı bir qurumda birinci şəxs olası adam deyildi. Bəzilərinin məntiqi ilə yanaşsaq, 7-8 dil bilən müəllimləri də gətirib yüksək vəzifələrə qoymaq lazımdır. Nazirlikdə idarəetmənin keyfiyyəti o qədər aşağı düşüb ki, bu, ümumilikdə ölkənin mədəniyyət sektorunu dərin bir uçuruma aparır.

Vasif Eyvazzadə işdən niyə çıxarılıb?

Nazirlikdəki bütün peşəkarları vəzifəsindən kənarlaşdırmağı hədəfləyən A.Kərimov qurumun ən peşəkar adamlarından birini də işindən uzaqlaşdırdı. Söhbət Vasif Eyvazzadədən gedir. V.Eyvazzadə Nazirliyin beynəlxalq əlaqələrini xüsusi həssaslıqla qurub yaradan və qurumun struktur-ideoloji fəaliyyət prinsiplərini möhkəmlədən adamlardan biridir. Bu hal A.Kərimovu qətiyyən narahat etməsə də, V.Eyvazzadənin Nazirlikdən kənarlaşdırılması ölkə mədəniyyətinə məqsədli şəkildə vurulan zərbədir.

Halbuki, redaksiyamıza daxil olan məlumata görə, A.Kərimovla V.Eyvazzadə arasında çox yaxın münasibətlər olub. Hətta bu yaxın münasibətlər V.Eyvazzadənin xarici ölkələrdən birinə təyin olunmasına da mane olub. A.Kərimov onun ölkədə qalıb işləməsinin vacibliyini bildirib və V.Eyvazzadə təyinatdan məhrum olub. Bəs nəticədə nə baş verib? A.Kərimov onu nazirlikdəki vəzifəsindən də çıxarıb. Bu nə zehniyyət, nə təfəkkürdür, Anar müəllim!? Hətta illərlə əli xalqın cibində olan köhnə komandanın üzvləri də belə sürətli “sədaqətə” yol verməzdi.

Nazir mədəniyyət qurumlarını “JEK” adlandırır…

Azsiyaset.com-un redaksiyasın daxil olan başqa bir məlumata görə, A.Kərimov keçirdiyi iclasların birində musiqi məktəblərini “JEK” adlandırıb. Anar müəllim, ölkə mədəniyyətinə, musiqi sahəsinə bu ayıb və çılpaq baxışı sizə harada öyrədiblər? Və təsəvvür edin, musiqi məktəblərini “JEK”lərlə müqayisə edən bir adam bizim musiqimizi, mədəniyyətimizi yüksəldəcək?!

Əcəba, idarəetməni bilməyən, işçilərə qarşı ironik və qəzəbli münasibət ortaya qoyan nazir mədəniyyət sahəsinin dövləti və fəlsəfi mahiyyətini başa düşmədən bu postda oturur. Təəssüf ki, bir çoxları Nazirlikdəki dözülməz xaotik vəziyyətdən xəbərsizdir. Çoxmilyonluq büdcəyə, tender “balon”larına sahib olan A.Kərimovun başı nəyə qarışıb?!

Hər halda bu quruma nəzarət edən ali icraedici orqan nəzarət və təftiş tədbirlərinə başlamalıdır. İmkan verməliyik ki, kimsə 10, 20 il hansısa qurumu talasın, sonra tədbir görək?! Vaxtında alınmalıdır bu çirkabın, xaosun qarşısı…

A.Kərimov işçiləri necə şantaj edir?

Nazir Əmək Məcəlləsini məftilə döndərib, istədiyi tərəfə əyir, sonra da düzəldir. Məsələn, Nazirliyə tabe müxtəlif qurumlara rəhbər şəxsləri 6 aylıq əmrlə təyin edir. Həmin şəxslər aylarla stress altında saxlanılır. Rəhbər şəxslər tam həvəsdən salınır, onların hər an işdən çıxarıla biləcəyi, əslində daxili əmrin ciddi etimad olmadığı onlara bildirilir. Ardınca nə baş verir? Bu rəhbər şəxslərin əli ilə qanunsuzluqlar həyata keçirilir, daha sonra onlar şantaj edilərək işdən uzaqlaşdırılır. Bu, məntiqə və ağlasığmazdır. Amma maraqlıdır, Anar müəllim bütün bunları İraqda, İtaliyada, Avstriyada, Polşada keçdiyi ödənişli kurslarda öyrənib, yoxsa necə!?

Prezidentin xəbərdarlığından Anar Kərimovun payına nə düşür?

Yanvar ayının 12-də Prezident İlham Əliyev ölkə telekanallarına müsahibəsində korrupsiya ilə mübarizə haqqında və yeni kadrların fəaliyyəti barədə danışarkən belə bir fikir bildirdi: “Əfsuslar olsun, bəzi hallarda kadr dəyişikliyi vəziyyətin müsbətə doğru dəyişməsinə aparmır. Çünki yeni kadr təyin edilir, müəyyən müddət ərzində özünü verilmiş təlimatlara uyğun aparır, amma sonra vaxt keçdikcə, necə deyərlər, köhnə, əyri yola gedir. Ona görə burada cəza tədbirləri ilə yanaşı, kadrların düzgün seçilməsi məsələsi öz rolunu oynamalıdır”.

Deməli, Dövlət başçısı bəzi yeni kadrların da işindən narazıdır. Anar müəllim, ola bilərmi ki, Prezidentin narazı qaldığı yeni kadrlardan biri də siz olasınız?! Bəlkə bu barədə bir azca düşünəsiniz…

Sonda böyük filosof-şair Hüseyn Cavidə istinad etmək yerin düşər:

Turana qılıncdan daha kəskin, ulu qüvvət
Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!


Anar müəllim! Mədəniyyət ölkənin ən güclü silahıdır. Ölkəni təkrsilah etməyin, silahsız qoymayın! Bacarmırsınızsa, gedin! Yoxsa bir gün bunun hesabı sizdən də sorulacaq! Mütləq!

Bütöv.az
13-01-2022, 16:02
Bakı və Səmərqənd alimlərinin əməkdaşlığına dair özbək dilində kitab nəşr olundu

Daşkənd şəhərində özbək dilində “Səmərqənd və Bakı alimlərinin elmi əlaqələri tarixindən lövhələr (1960-2020)” adlı kitab çap edilib.

Diaspora Komitəsindən verilən məlumata görə, “Renessans Press” nəşriyyatında işıq üzü görən kitab Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə Səmərqənd Dövlət Universitetinin birgə layihəsi əsasında hazırlanıb.

Abdurasul Goziyev və Abdixaliq Arziqulovun tərtib etdikləri kitabda alimlərin elmi yaradıcılığından və əməkdaşlığından bəhs edilib.

Onların arasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Qoşqar Əhmədov, AMEA-nın həqiqi üzvü, akademik Azad Mirzəcanzadə, AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Arif Babayev, fizika-riyaziyyat elmləri doktoru Əmir Həbibzadə, fizika-riyaziyyat elmləri doktoru, akademik Fərəməz Maqsudov, AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Yəhya Məmmədov, fizika-riyaziyyat elmləri doktoru Ələddin Mahmudov, fizika-riyaziyyat elmləri doktoru, professor Valeri Salayev, professor Əli Cəfərov, professor Fərhad Tağıyev, fizika-riyaziyyat elmləri doktoru Karlen Xudaverdiyev, fizika-riyaziyyat elmləri doktoru Hüseyn Çandirov, Səmərqənd Dövlət Universitetinin professoru, Özbəkistanın “Turan” Elmlər Akademiyasının akademiki Səxavət Ociyev və həmin universitetin professoru Yusif Ələskərov haqqında da məlumatlar yer alıb.

Bütöv.az
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!