İSMAYIL MƏRCANLI İMANZADƏNIN POEZIYASI .....                        GÜLNARIN RƏNGLƏR DÜNYASI .....                        Onun alimliyi vətəndaşlığından doğan alimlik idi .....                        “Turan yolu-Zəngəzurum” əsərinin təqdimatı olub - FOTO .....                        Ulu Öndər Abşeron Rayonunda anıldı .....                        Ermənistan KTMT-nin tamhüquqlu üzvü olaraq qalır - Zaxarova .....                        Bu şəxslərə də elektron qaydada pensiya təyin olunacaq - Nazirlik .....                        Naxçıvan Dövlət Universiteti barədə yeni qərar .....                        İlham Əliyev fərman imzaladı .....                       
13-05-2022, 07:26
BƏŞƏRƏ XƏRCLƏNƏN ÖMÜR PAYI

BƏŞƏRƏ XƏRCLƏNƏN ÖMÜR PAYI

“Biz adətən özümüzü yox, başqalarını görürük. Özünü görməyin yolu isə özünə başqalarının gözü ilə baxmaqdır".
(Əbu Turxan)
Ömür Tanrının insan oğluna bu dünyadakı bəxşişi, tale payıdır. Deyirlər Tanrı insan oğlunu yaradıb Yer üzünə göndərəndə onu faili-muxtar, ixtiyar sahibi qərar verib. Hər bir insan öz ömrünü elə yaşamalıdır ki, onun əməlləri həyatının hansısa məqamına ləkə vurmasın. Əks təqdirdə, özümüz öz əlimizlə həyatımıza xəyanət etmiş olarıq. Xəyanəti isə nə həyat, nə insan, nə cəmiyyət, nə təbiət, nə də Tanrı bağışlayır. Tanrının sənə verdiyi həyat və ömür qarşısında günahkar olmaq istəmirsənsə, ləyaqətlə, şərəflə yaşamalısan.Yəni ona Tanrı bəxşişi olan barmaqla sayılası, sadə ədədlərə sığan ömür payını hara və necə xərcləməsini öz ixtiyarına buraxıb. Bəzisi bu illəri elə-belə, boşuna xərcləyir, daha doğrusu, illərin necə xərclənməsindən heç xəbəri belə olmur, amma bəzisi də var ki, ömür payını tək özünə deyil, çevrəsinə, elinə, obasına xərcləyir. Elə sağlığındaykən özünə bəşərin yaddaşında əbədi yer qazandırır, elin, obanın sevimlisinə çevrilir. Bu gün təkcə respublikamızda deyil, dünyanın böyük dövlətlərində bir vətənpərvər insan kimi dövlətinin uğurlarını hamıya tanıtdıran Əmir Pəhləvan da belələrindəndir. Ömrünü tək özünə deyil, insanlığa xərcləməklə məşğuldur.
İllər ötür, insan müəyyən zaman kəsiyində həyat məktəbi keçir. Təhsil alır. Kitablar oxuyur. Elm, bilik sahələrinə baş vurmağa çalışır. Çünki dünyanı dərk etmək üçün yüksək düşüncə, geniş təfəkkür, ümumilikdə zəngin mədəniyyət sahibi olmalısan. Təbii ki, burada söhbət normal insandan gedir. Bəli, illərin təcrübəsi insanı kamilləşdirir və uşaqlıqda eşitdiklərinə, gördüklərinə yeni baxış bucağından nəzər salır. Hər bir məqama daha dərindən nüfuz etməyə başlayır. Nizami Gəncəvinin təbirincə, yanaşsaq:

“Sirri dərk edir ancaq nəzər əhli başbilən,
Nadanın nə ilgisi dövrün keşməkeşiylə.”


Beləcə görə-görə götürür, götürdükcə də götürdüklərini cilalayıb ümumun malına çevirir Əmir Pəhləvan.
Müasir Azərbaycan ədəbiyyatının və kino sənətinin görkəmli nümayəndələrindən olan Əmir Pəhləvan (Hacılı Əmir Pəhlivan oğlu) 1959-cu ildə Naxçıvan MR-in Şahbuz rayonunun Mahmudoba kəndində anadan olub. 1976-cı ildə Cəlil Məmmədquluzadə adına Şahbuz rayon orta məktəbini bitirib, 1977-79-cu illərdə Sovet ordu birləşmələrinin tərkibində Rusiyanin Novosibirsk vilayətində hərbi xidmətdə olub. Hərbi xidmətini başa vurduqdan sonra Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub. 1980-1985-ci illərdə Universitetin Jurnalistika fakultəsində təhsil alıb. 1981-ci ildən Azərbaycan radiosunun Cənub verilişləri redaksiyasında "Gəncliyin səsi" proqramının yaradıcısı kimi fəaliyyətə başlayıb. 1985-1988-ci illərdə "Baku", "Bakı" axşam qəzetlərində, 1988-1990-cı illərdə "Azərbaycan müəllimi" qəzetində müxbir işləyib.
1985-ci ildə Əmir ali məktəbin sonuncu kursunu bitirməmiş "Bakı", "Baku" axşam qəzetlərinə müxbir kimi işə götürülüb. Buradan o, "Azərbaycan müəllimi" qəzetinə dəvət olunub. Həmin illərdə Azərbaycan mətbuatında təcrübəli publisist kimi tanınan Əmir Pəhləvanın "O ay bir də doğmayacaq" adlı ilk kitabı çapdan çıxıb.
1990-cı ildə "İlham" mədəniyyət qəzetini təsis edərək baş redaktoru olub. Ölkəmizin ağır və çaxnaşmalarla dolu olan bu dövründə Əmir müəllimin bütün yazılarında xalqın sərt və dönümsüz "alın yazısı", "qisməti" diqqət mərkəzinə çəkilib. Adamlar əziyyət və biganəlik içərisində çırpınaraq qismətə boyun əyməkdən qaçırlar. O, bütün bunları, sadəcə, təsvir eləmir, çəkilən əzablara, iztirablara, məşəqqətə qoşulur, inanır ki, qismətdən "yuxarı" ulu bir varlıq var! Belə bir qismət publicist, yazıçı - şair Əmir Pəhləvanı zamanın axarı ilə kinoya gətirib. Daha doğrusu, o, qəzetdə "deyə bilmədiklərini" ekran dili ilə dünyaya çatdırıb. 1995-ci ildə "Step LTD" kinoşirkətini təsis edib. Elə şirkətin xəttilə yaradılan "Fransız", "Qarabağ şikəstəsi", "Spasibo", "Qız qalası" bədii filmlərinin, "Bakı nefti və Nobellər", "Avtoritet", "Göyçay yəhudiləri", "Doqquzuncu oğuz uyğurları", "Kurqanlar", "Hunqoriya", “Şəhriyar”, “Sivilizasiya beşiyi – Çin”, “Tahirə” və başqa sənədli ekran əsərlərinin müəllifi və rejissoru olub.
Əmir Pəhləvan qərbləşməyə Paris dəbi kimi baxanların içində mədəni köləliyi "Fransız" adlı filmi ilə damğalayır. Növbəti "Qarabağ şikəstəsi" filmi ilə o, Azərbaycanın acı taleyini, qismətinə qaçqınlıq düşmüş insanların vətən nisgilini incə bir yumorla ekrana gətirir. Bu filmlər yeniləşən Azərbaycanda sovet kino incəsənətinin standart stereotiplərini və şablonçuluğunu dağıdaraq milli kinomuza, dramaturgiyamıza yenilik gətirir.
Əmir Pəhləvan öz filmləri ilə beynəlxalq festivallarda ölkənin kino sənətini bu və digər dərəcədə təmsil edib. 1998-ci ildə ABŞ-ın Kaliforniya ştatında milli atributlarımızdan olan Bayrağımıza həsr etdiyi "Spasibo" adlı bədii filmi Hollivud sənədli filmlər festivalında mükafata layiq görülərək Los-Ancelesin 18 telekanalında yayımlanıb. "Bakı nefti və Nobellər" adlı üç hissəli sənədli filmi isə Fransanın Nant şəhərində keçirilən "Üç qitə" kinofestivalında 2 medala layiq görülüb. Bu film Almaniyada DVD diski formasında milyon tirajla yayımlanıb.
Əmir Pəhləvanın 30 kitabı Azərbaycanda, 20 kitabı Ukraynada, 7 kitabi keçmiş possovet respublikalarında, 15 kitabı isə Avropa ölkələrində və Amerikada çap olunub. "Bakılı Nobel", "Neft taleli Nobel",“Ayrılıq”, “Səfir” "İsa, Məryəm və Sona" sənədli romanları, "Bakı nefti və Nobellər" üçhissəli sənədli filmi DVD formasında Almaniyada işıq üzü görərək, yüksək tirajla dünya oxucularına və tamaşaçılarına təqdim edilib.

Bu gün Amerikada nəşr olunan ən nüduzlu ədəbi-bədii mətbuat dərgisi – “Dünya ədəbiyyatı bu gün” jurnalı postsovet məkanında 42 yazıçının əsərlərini təbliğ və təqdir edir. Onlardan biri də, məhz Əmir Pəhləvandır. “Qalxın, Cavid gəlir!”, “Əkilən başlardı, torpaq əkilmir”, “Turan türküləri”, “Səfir”, “Təbrizim, türk izim!”, “Kəngərlər”, “Türklüyün yol xəritəsi”, “O Ay bir də doğmayacaq”, “Yaşamağı bacarmaq lazımdır”, “Vətən dahiləri” ( l – ll hissə ) Azərbaycanda ən çox oxunan kitablarıdır. "İnsan və İblis" pyesi 1999-cu ildə Bakı Bələdiyyə Teatrında , "İstədiyim yar idi…" librettosu 2009-cu ildə Musiqili Komediya Teatrında səhnələşdirilib. Qırğızıstan, Qazaxstan və Quzey Kıbrız Türk Cümhuriyyətlərinin Dövlət mükafatları Laureatıdır. Qırğızıstan Respublikasının “Manas” mükafatçısıdır.
Rəqəmlərdə qabarsa da, sadəcə rəqəmlərə sığmayan bir ömür illərini varaqladıq. Bəzən insan oğlu oturur ötən illərlə üz-üzə, göz-gözə. Suallar meydana çıxır. Mən nə etmişəm, necə yaşamışam? Ömrümün illərinə bəzəkmi vurmuşam, ləkəmi salmışam? İllər mənə nə verib, mən illərə nə vermişəm? Qazandığım nə olub, itirdiyim nə? Bax bu cür suallarla ötən illər insana, insan isə geridə qoyduğu illərə bir növ hesabat verir. Yəni ortalığa, sözün böyük mənasında, haqq-hesab məsələsi qoyulur. İnsan ömrünə düşən illəri halalmı yaşayıb? Həyatına haramlıq qatmayıb ki?
Zənnimcə, insan həyatının yola saldığı hər anı ilə halallaşmalıdır. Ömrü ilə haqq-hesabı düzgün olmalıdır. Ömrünü bu dünyaya, günlərə, aylara, illərə xərcləyəndə düşünməlidir. Bilməlidir ki, qazandığı nə olacaq? Daha doğrusu, bu dünyadan nə istəyir? Ömrə naxələflik etsən, təbii ki, onun sənə verəcəyi də naxələfliyin nəticəsinə uyğun olacaq, artıq nəsə gözləməyin özü məntiqə sığışmayan işdir. Bir sözlə, insan öz ömrü ilə haqq-hesabda düzgün olmalıdır məntiqi halallıq müstəvisində belə görünür: həyatda yalnız və yalnız çəkdiyin zəhmət qədər bəhrə götürməlisən. Artıq götürəndə halallıq çərçivəsini aşmış olursan. Haram isə gec-tez hər şeyi yandırır, məhv edir. Ətrafdakılar bir yana, insanı öz ömrü qarşısında xəcalətli qoyur, peşiman edir. İnsan bilməlidir ki, nə əkirsə, onu da biçəcək, aşına nə tökürsə, qaşığına da o çıxacaq. Ömür də belədir. Onu necə yaşayırsansa, həmin yaşam tərzinə uyğun da ənamını alacaqsan. Maddiyata uyub mənəviyyatı itirsən hər şeyini itirəcəksən. Çox şükür, təbii ki, mənimlə razılaşarsınız ki, sadalanan parametrləri qəlib olaraq götürsək Əmir Pəhləvanın xərclədiyi ömür illərini saf-çürük etsək bütöv bir ömrü müsbət yüklərə köklənmiş, faydalı iş əmsalı yüksək olan ömür illəri ilə baş-başa qalarıq.
Və bir də, təbii ki, əgər insan yığdığı maddi sərvətlərdən özüylə bir çöp də apara bilmirsə, onda dərindən düşünüb bu dünya ilə alverini, haqq-hesabını düzgün aparmalı, Tanrının halallıqla verdiyinə haram qatmamalıdır. Yəqin ki, bu sayaq təhlil hər kəsin həyatında müxtəlif məqamlarda baş verir. Yəni, insan bəzən özü-özü ilə tək qalır və keçdiyi həyat yoluna nəzər salır. Ötən illərdə nə itirib - nə qazanıb, ömrünü necə yaşayıb, sevinci - kədəri nə qədər olub? Bir sözlə, insan yaşamış olduğu zaman kəsiyində yola saldığı aylarla, illərlə üz-üzə dayanır və haqq-hesab edir. Hər bir insan öz əməlinə görə həyat yaşayır. Buradan belə qənaət yaranır ki, insan öz əməli ilə ömrünün sevinc və kədər payının müəyyənləşməsinə əvəzsiz töhfə verə bilər. Məncə, insan öz ömrü ilə haqq-hesab edərkən bunları unutmamalıdır: hansı əməl sevincimi çoxaldıb, hansı əməl kədərimi. Bax, bu, həyatla insan arasında bir imtahana bənzəyir. Əmir Pəhləvan ömrü də bu imtahanlardan üzüağ çıxanlardandır.
Allahın nursifətli, zəhmətkeş, bəxtigətirən bəndələrindən olan Əmir Pəhləvan!
Bundan sonrakı ömrünüzü də şəstlə, səxavətlə xərcləyin, Allahın verdiyi ömür payını elə Allahın özü üçün, bəşər üçün, el-oba üçün xərcləyin
Yalnız uğur diləyilə ürəyi özündən böyük insan!

Leyla Qadir qızı Məcidova
Tarix üzrə Fəlsəfə doktoru,
Lənkəran Dövlət Universitetinin baş müəllimi
6-05-2022, 06:29
Sərhədsiz düşüncə, orijinal baxış

Akif Cabbarlı
Yazıçı-publisist, Azərbaycan Respublikası
Kinematoqrafçılar İttifaqının redaktoru

Sərhədsiz düşüncə, orijinal baxış

(Tanınmış yazıçı-publisist Nizami Rəhmanlının yaradıcılığını xarakterizə edən mühüm məqamlar əsasən bunlardır.)

Bu günlərdə iş yerimə gəlmişdi. Çoxdan görüşməsək də simasında o qədər də dəyişiklik hiss eləmədim. Sadəcə saçı azacıq ağarmış, bir az da arıqlamışdı. Təbii ki, bunlar da yaşla bağlı olmalıydı. Yarım əsr əvvəlki baməzəliyini, şuxluğunu necə var, eləcə də saxlamışdı. Əvvəlki qaydalarla qucaqlaşdıq, “keçmişin kitabını” sətirbəsətir vərəqlədik. Azərbaycan Radiosunda birgə işlədiiymiz dövrdə Lermontov küçəsində bir rus qadının evində kirayədə yaşadığımızı yada saldıq. Mən yatandan sonra işığı yandırıb hansısa qəzetə məqalə yazmağını, sonra çaydanı qaynadıb tünd çay içdiyini, hər dəfə də mənim guya ki, qətiyyən narahat olmadığımı boynuma qoyduğunu xatırladanda iri, mənalı gözləri qıyıldı və ürəkdən güldü.
- Sən yaxşı bilirdin ki, gündəlik işlər ədəbi yaradıcılığıma mane olurdu. Ona görə gecələr yazırdım, həm də beş-on manat qonorara ehtiyacım vardı axı…
Doğrudur, qonorara hamımızın ehtiyacı vardı, amma Nizami Rəhmanlını gecələr yazı-pozu ilə məşğul olmağa həvəsləndirən başqa səbəblər idi. Böyüdüyü mühit, ailədə qazandığı dəyərlər çeşidli mövzulara çevrilib, qəzet-jurnal səhifələrində boy göstərirdi. Atası Sədri müəllim biologiya-coğrafiya müəllimi idi, anası Məzəxanım müəllimə isə riyaziyyatdan dərs deyirdi. O, həm də Şabran rayonunun Orta Əmirxanlı kənd 8 illik məktəbinə 27 il direktorluq etmişdi. Evlərində kitabların sayı-hesabı yox idi. Nizami də hələ məktəbli ikən bu kitabların sayını artırmaq, böyük kitabxanaya çevirmək eşqi ilə yaşayırdı. Bu arzu ilə də BDU-nun kitabxanaçılıq fakültəsinə daxil olmuşdu. Universiteti bitirdikdən sonra isə taleyini jurnalist sənəti ilə bağladı. Həmkarlar İttifaqı sistemində üç ilə yaxın işlədikdən sonra fəaliyyətini Azərbaycan Radiosunda davam etdirməyə başladı. Onun efirə hazırladığı verilişləri yaşlı nəslin nümayəndələri bu gün də yaxşı xatırlayırlar. Redaktoru və müəllifi olduğu proqramlar elmiliyi, dolğunluğu ilə seçilirdi. O, bədii sözün qüdrətindən bacarıqla istifadə edirdi.
Sonralar «Həyat», «Azərbaycan», «Respublika» və «Panorama» qəzetlərində çalışdı. «Panorama»nın Rusiya üzrə müxbiri işlədiyi dövrü yaradıcılığının ən qaynar və sevincli illəri kimi xatırlayır.
- Bu qəzetin yaradıcılıq potensialımın üzə çıxmasında müstəsna rolu olub. Rusiyada, Ukraynada və Belorusdakı diasporumuzun fəaliyyti ilə bağlı yüzdən çox məqaləm, müsahibə və oçerkim respublika mətbuatında işıq üzü görüb. Rusiya Federasiyası Hüquqşünaslar İttifaqının Birinci vitse-prezidenti, Beynəlxalq Hüquqşünaslar İttifaqının sədr müavini, Rusiya Prezidenti yanında İdarəetmə Akademiyasının kafedra müdiri, professor Ələsgər Tağıyevin həyat yolu və elmi-pedaqoji fəaliyyəti ilə bağlı yazdığım «Bu dünya bir pəncərədir» kitabım isə mənim üçün daha əziz, daha qiymətlidir. İndiyədək çap olunmuş on səkkiz kitabımın sırasında nüfuzlu həmyerlimiz barədə yazdığım bu əsəri qəlbimə daha yaxın hesab edirəm.
Azərbaycan Yazıçılar Birliyinin üzvü Nizami Rəhmanlı diaspor fəaliyyəti barədə yazan müəlliflər arasında xüsusilə seçilir. Adları çəkilən ölkələrdə yaşayan elm və mədəniyyət xadimləri, böyük şəxsiyyətlər, biznes adamları, müxtəlif peşə sahibləri barədə irili-xırdalı yazıları ədəbi tənqid və oxucular tərəfindən həmişə böyük maraq və rəğbətlə qarşılanıb. Bu, onun sadəcə peşə marağı və hobbisi deyil, vətənimizə, soydaşlarımıza olan məhəbbətindən və qədirbilənliyindən qaynaqlanır. Bu gün onun Azərbaycandan uzaqlarda çoxlu dostları və təəssübkeşləri var. Yaxın-uzaq ölkələrdə

Nizamini yaxşı tanıyır və yaradıcılığını diqqətlə izləyirlər.
- Mən buradakı dostlarımı çox istəyir, xətirlərini həmişə əziz tuturam. Biri elə sənin də yaxşı tanıdığın, dostluq etdiyin Ələsgər Bədəlov uzun illər polis orqanlarında rəhbər vəzifələrdə işləyib. İndi istefada olan polkovnikdir. Sadəliyini, şəxsiyyətini qoruyan, bütövlüyü ilə nümunə olan kişilərdəndir. Şakir Yaqubovla sənin də yerin qəlb evimdə daimidir.
Nizami Rəhmanlı ilə görüşümüz xeyli uzandı və biz yaxın-uzaq illərə maraqlı ekskurs da elədik. Şabranda və mənim doğma yurdum Qəbələdə keçirdiyimiz unudulmaz günləri yada saldıq. O, atam İsmayıl kişi və əmim Ələsgər müəllimlə də dostluq edirdi. Valideynləri, həmyerliləri məni də öz yaxınları kimi qəbul edir, doğmaları təki yola salırdılar.
Nizami istedadlı qələm sahibi, vəfalı dost olmaqla bərabər həm də nümunəvi ailə başçısıdır. Həyat yoldaşı Hörmət xanımla ulduzları hələ Radioda ikən barışıb. Üç övladı var – oğlanları Orxan hüquqşünas, Tural nəqliyyatçıdır. Qızı Turan isə həkimdir. Beş nəvəsindən biri ilə – Hüseynlə ayrılmaz dostdurlar.
- Bunlar öz yerində. Həyatda ən yaxın dostum və sirdaşım isə Hörmət xanımdır. Cavanlıqda da, indi yaşlaşan vaxtlarımda da hər cür şıltaqlığıma dözüb, nazımı çəkib. Allah üzünü ağ eləsin, çətin günlərimin də, xoş günlərimin də həmdəmi olub. İndi yetmiş yaşım tamam olur, amma xanımımın hesabına özümü uzağı əlli yaşındakı kimi hiss edirəm.
Nizami bəlkə də özü bilmədən yetmiş yaşa çatdığını dilə gətirir.
- Mayın 5-də yeddinci onluğu qatlayıram. Səndən bircə yaş cavanam, artıq üzü səksənə gedirik. Amma sən də yaxşı qalmısan ha… görünür üzünə evdə yaxşı baxırlar-dedi.
Bu fikri ilə də razılaşmamaq mümkün deyildi. Xeyli söhbətdən sonra nəvəsinin dalınca məktəbə gedəcəyini deyib xudahafizləşdi. Elə mən də gündəlik baba borcunu vermək üçün tələsdiyimdən ayrılmalı olduq. Təbii ki, yenidən, xoş günlərdə görüşmək üçün…
…Qaldı ki, Nizami Rəhmanlının 70 yaşına, qoy bu qısa qeydlərim onun üçün yubiley hədiyyəsi olsun.
Yüz yaşa, amma sağlam yaşa!
Ən əsası və başlıcası ruhun təzə, həyat eşqin tükənməz olsun!

P.S. “Arayış – verilir Əliyev Nizami Sədri oğluna, ondan ötrü ki, o, yəni ki, Nizami Rəhmanlı həqiqətən də ölkə mediasının və publisistikamızın say-seçmə nümayəndələrindən biridir”.
Bu virtual və simvolik arayış-zəmanəti isə uzun illərdən bəri özünə yaxın bildiyi tanınmış jurnalist Şakir Yaqubovla bu sətirlərin müəllifinin imzalaması Nizami müəllimin etiraf elədiyi kimi kifayət qədər yetərincədir və keçərlirdir.

26-04-2022, 20:32
“Dünya Allah tərəfi rəssamın əli ilə bərqərar olub”

Firdovsi Hacıyev: “Dünya Allah tərəfi rəssamın əli ilə bərqərar olub”

Yaradıcı insanları Allahla müqayisə edənlər var. Çünki onlar əsərlərini öz istədikləri kimi yaradırlar. Belə demək mümkünsə, özləri öz dünyalarının Tanrıları olurlar. Rəssamlar da belə “güc” sahiblərindəndirlər. Tanınmış rəssam Firdovsi Hacıyev bu cür yaradıcı insanlardandır. O, uzun illərdir çəkdiyi rəsm əsərləri, o cümlədən peyzajları ilə ad qazanıb. Tanınmış rəssam “Bütöv Azərbaycan”ın suallarını cavablandırıb:
- Rəsmləri çəkərkən adətən nədən ilhamlanırsınız?

- Mənzərə, yəni peyzaj çəkmək istəsəm, təbiəti seyrə çıxıram. Daha orijinal əsər yaratmaq istəyəndə ideyalar axtarışında oluram. Hər halda ilham pərisi olmadan nəsə etmək mümkünsüzdür.
- Müsahibələrinizin birində demisiniz ki, rəsmlərinizdə “kubik rubik” çəkməyi sevirsiniz. Buna səbəb nədir?

- Onun 6 tərəfi, 8 bucağı və çoxlu “kubik”ləri var. Həmçinin “kubik-rubik” xeyli rəngdən ibarətdir. O, mənim üçün palitra mənbəyidir. Bu mənada “kubik-rubik” məndən ötrü fəlsəfi, psixoloji, riyazi həndəsi əhəmiyyətlidir. Yəni dünyamız içində də dünya var...
- Mövzulara necə seçir, bu zaman hansı məqamlara üstünlük verirsiniz?
- Hər mövzunun öz zamanı var. Mövzunun işlənmə vaxtı çatanda özü xəbər verir. Vaxtında işlənməyəndə isə adətən sonradan rəssam onun peşmanlığını çəkir. Əsərin səbəbkarı həmişə əsas obraz olur.
- Bəzən ədəbiyyatçılar öz qələmləri ilə çox şeyi dəyişə biləcəklərini iddia edirlər. Necə düşünürsünüz, fırça ya da rəsm əsərləri ilə dünyada nələri dəyişmək mümkündür?

- Fikrimcə, dünya rəssamın əli ilə formalaşıb. Təsadüfi deyil ki, tədqiqatçılar rəssamların əsərlərini tez-tez araşdırırlar. Çünki həmin əsərlərdə dünyamız, gələcəyimiz haqqında münasibətlər var. Məsələn, italiyalı məşhur rəssam Leonardo Da Vinçi dünya tarixinin inkişaf istiqamətini dəyişmişdir.
- Belə bir fikir var: sevdiyin işlə məşğul olsan, ömür boyu işləməzsən. Rəssamlıq sizin üçün daha çox gəlir mənbəyidir, yoxsa həyat tərzi?
- Sevdiyin hər şey, hər kəs sənin üçün həyat tərzidir. Sevgi ilə yaranan həmişə gözəl olur. Sevgini pulla almaq olmur. Əsərlər o qədər çox bəyənilməlidir ki, sonra gəlir gətirsin. Təəssüf ki, çox vaxt rəssamlara ölümündən sonra qiymət verilir. Sənətkar işinə çox zaman o qədər aludə olur ki, pul qazanmaq barədə düşünməyə vaxtı olmur.

- Hazırda davam edən Rusiya-Ukrayna müharibəsinə dair rəsm çəksəniz ilk nəyi təsvir edərdiniz?
- Prezident Vladimir Putinin faşist dəstəsinin Ukraynadakı soyqırımı bağışlanası hal deyil. Bir dövlət başçısının pullarının xarici banklarda saxlanmasını necə başa düşmək olar?! Sarı və göy rəngləri qana boyadan rusları təsvir etmək istərdim. Əsərin adı “Günə baxmayanlardır”.

Kənan Novruzov
23-04-2022, 07:38
Sənəti O sənətə məftunlar yaşadır

Sənəti O sənətə məftunlar yaşadır
Aşıq sənəti milyonların ehtiramına layiqdir. El məclislərinin bəzəyi olan aşıqlarımız həm də milli mədəniyyətimizin və incəsənətimizin daşıyıcılarıdır. Hər kəs kimi mənim də Aşıq sənətinə böyük məhəbbətim var. Saz ifalarına, melodiyalı aşıq mahnılarına qulaq asanda könlüm durulur...
Bugünlərdə yolum Azərbaycan Aşıqlar Birliyinə düşmüşdü. Orada ilk olaraq qarşıma aşıq Şahniyar Mikayıloğlu çıxdı. Onunla görüşüb hal-əhval tutandan sonra dostum, Aşıqlar Birliyinin katibi Musa Nəbioğlu ilə görüşüb söhbət etdik. Sonra Musa müəllimlə birlikdə Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, şöhrət ordenli, professor Məhərrəm Qasımlı ilə görüşdüm, özümün "Sazın, sözün sehrində" kitabımı Məhərrəm müəllimə hədiyyə etdim. Məhərrəm müəllim kitabı vərəqlədi, bir neçə səhifəyə baxandan sonra dedi:
“Mən sənin yaradıcılığını sosial şəbəkələrdə, qəzet və jurnallarda izləyirəm. Görürəm, aşıq yaradıcılığına dərindən bələdsən. Aşıq Əkbər Cəfərov, aşıq Mikayıl Azaflı, aşıq İsfəndiyar Rüstəmov, aşıq Şəmşir Qurbanov, Molla Cümə, aşıq Ələsgər və başqa ustad aşıqlarımız haqqında silsilə yazıların gedir. Sizə bu yolda uğurlar arzulayıram. – Sonra o, Aşıq sənətinin keçdiyi yollar, aşıqlarımızın bizə miras qoyduqları havalar haqqında maraqlı sözlər dedi. Aramızda səmimi bir dialoq yarandı. Əvvəlcə mən Məhərrəm müəllimin aşıq sənətinə vurğunluğu barədə bir-iki kəlmə dedim. Bildirdim ki, rəhmətlik Hüseyn Arifdən sonra Azərbaycan Aşıq sənətində boşluq yaranmışdı. Ancaq Xalq şairi Zəlimxan Yaqub Aşıqlar Birliyinin sədri seçiləndən sonra bu boşluq dolduruldu. Azərbaycan aşıqları yeni yaradıcılıq dövrünə qədəm qoydu. Çox şükürlər olsun ki, Zəlimxan Yaqub ənənəsini bu gün sizin kimi asiqşünas bir alim davam etdirir və yaşadır.
Məhərrəm müəllim fikirlərimi təsdiqlədi və Aşıq sənətinin hazırda daha yüksək zirvələr fəth etdiyini vurğuladı. Onu da əlavə etdi ki, aşıq yaradıcılığının ana xəttinin əsas qollarından biri də dastançılıqdır. Ancaq dastan söyləyən aşıqlarımız son vaxtlar barmaq sayı qədər qalmışdır. Deyərdim ki, gənç aşıqlar dastan söyləməkdən qaçırdılar. Allaha çox şükür olsun ki, bugünlərdə aşıq Vəli Şınıxlı, aşıq Elməddin Məmmədli, asiq Şəhriyar Qaraxanlı, aşıq Əli Zeynalabdin, Əli Tapdıqoğlu, aşıq Babək Şakirli, aşıq Nəbi, aşıq Nazim cütlüyü və neçə-neçə aşıq televiziya kanallarında dastan söyləyir, bu ənənəni davam etdirirlər.
Dastanların iki növü var: məhəbbət və qəhrəmanlıq dastanları. Bu dastanları yüz illərdir ustad aşıqlarımız bu günümüzə qədər gətirib çatdırmışlar. Bu da gənç aşıqlar üçün çox gözəl təbliğatdır.
Məhərrəm müəllim son illər görülən işlərdən, Tovuz rayonunda Aşıq Muzeyinin yeni binasının açılışından, Dədə Ələsgərin 200 illik yubileyinin Mədəniyyət Nazirliyi və Aşıqlar Birliyinin dəstəyi ilə yüksək səviyyədə keçirilməsindən geniş bəhs etdi, ded ki, bu işlərin görülməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın böyük xidmətləri var. Bu əvəzsiz işlər həm Aşıq sənətinin, həm də incəsənətimizin inkişafına xidmət edir. Həmçinin, Aşıq sənətinin UNESCO-nun maddi-mədəni irs siyahısına salınmasında, beynəlxalq aləmdə Azərbaycanın mədəniyyətinin tanıdılmasında Mehriban xanımın böyük xidmətləri var, bunu danmaq olmaz.
Söhbət əsnasında Məhərrəm müəllimdən soruşdum ki, 2023-cü ildə aşıq Əkbər Cəfərovun 90 illik yubileyi olacaq. Bu tədbiri Aşıqlar Birliyi keçirəcəkmi?
Məhərrəm müəllim gülümsəyərək cavab verdi ki, Mədəniyyət Nazirliyi və Aşıqlar Birliyi aşıq Əkbər Cəfərovun 90 illik yubileyini həm Bakıda, həm də doğulub boya-başa çatdığı Tovuz rayonunda çox yüksək səviyyədə keçirəcək.
Bu xəbər mənə sevinc bəxş etdi, ayağa qalxıb professorun əlini sıxdım, ayrılmaq istəyəndə, dedi,- bir dəqiqə ayaq saxla. Mən də sənə bir neçə kitab verim. Otağındakı rəfdən mənə Azərbaycan Aşıqlar Birliyinin çox nəfis şəkildə tərtib etdiyi "Çağdaş Azərbaycan aşıqlarının şeir antologiyası", "Əllərini uzat mənə" və bir neçə başqa kitab verdi.
Məlumat üçün bildirim ki, çağdaş Azərbaycan aşıqlarının antologiyasını Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, fəlsəfə doktoru Altay Məmmədli hazırlayıblar. Bu kitabda həm ustad aşıqlar, həm də gənc nəsildən olan yaradıcı aşıqların şeirləri yer alıb.
Ən çox diqqətimi çəkən isə "Əllərini uzat mənə" kitabı oldu. Kitabın müəllifi Orxan Paşa təxəllüslü şəxsdir. Kitabda onun müxtəlif illərdə qələmə aldığı şeirlər yer alıb. Müəllif doğulub boya-başa çatdığı Tovuz haqqında silsilə şeirlər də yazıb. Aşağıdakı şeir də elə bu silsilənin bir təzahürüdür:
Könül beşiyimsən, ay isti qucaq,
Sənə ürək deyim, göz deyim, Tovuz?!
Sirli gözəlliyin qoymur ki, heç vaxt
Adına yaraşan söz deyim, Tovuz!

Şeirin son bəndində deyilir:
Mən Orxan Paşayam, sazın kimiyəm,
Suyunam, otunam, yazın kimiyəm.
Ayrı oxşarım yox, özün kimiyəm -
Gərək bu gerçəyi düz deyim, Tovuz,
Adına yaraşan söz deyim, Tovuz!

Şairin bu şeirindən anlaşılır ki, bir parça yurd yerini də vəsf etmək çox çətindir, gərək şəninə elə tərif verəsən ki, quru alınmasın.
Şair "Ayrıldı" qoşmasını yaradıcı aşıq, məlahətli səsi ilə hər kəsin qəlbində özünə yer tapmış ustad aşıq Əkbər Cəfərovun unudulmaz xatirəsinə həsr edib. O, şeirdə yazır:
Yayın ortasında, yaylaq çağında,
Bülbüllər bülbülü bizdən ayrıldı.
Qəfil xəzan əsdi ömür bağında,
Çığırdan yığışdı, izdən ayrıldı.

Belə yaratmışdı onu Yaradan,
Sözü şəhdi-şəkər, özü nur adam.
Başı açılmazdı qonaq-qaradan,
Məclisdən çəkildi, sözdən ayrıldı.

Bənövşə duyğulu ürəyi vardı,
İlin hər çağında könlü bahardı.
Səsində bülbüllər cəh-cəh vurardı,
Heyif ki, tez soldu, yazdan ayrıldı.

Yanıb Orxan Paşa, qorda qalıbdı,
Həsrətlə gözləri yolda qalıbdı,
Tanrının insafı harda qalıbdı,
Əkbər köç eylədi, sazdan ayrıldı.

Bu şeirdə hətta Tanrıya asi düşmək məğzləri diqqət çəksə də, bir elin itirdiyinin sanbalı - aşıq Əkbər Cəfərov kimi dəyanətli bir aşığın erkən köç etməsi müəllifə haradasa haqq qazandırır.
Sənəti o sənətə məftunlar yaşadır. Allah dünyasını dəyişmiş ustadlara rəhmət eləsin. Qalanlar isə sənətimizin sütunlarıdır, Allah onları qorusun!

Hüseyn Məmmədov
AJB-nin üzvü
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!