Gültəkin Hacıbəyli sərbəst buraxılıb .....                        Luvr muzeyinin direktoru istefa verib .....                        "Qarabağ" UEFA Çempionlar Liqasında mübarizəni dayandırdı .....                        "Türk axını" və "Mavi axın" qaz kəmərlərinə qarşı təxribat var .....                        “Koalisiya daxilində Kiyevə təminatlarda razılıq yoxdur” .....                        Elgizlə Tolikin verilişi bağlanır .....                        Braziliyada güclü yağışlar: 22 nəfər ölüb .....                        Həkimdən 3 pasiyent şikayət edir: Qulağı kəsib, üzüm iflic olub - VİDEO .....                        Rəsmi İrəvan Aİ-dən dəstək istəyir .....                       
28-07-2024, 14:49
Misir müəllimi təbrik edirik!

Misir müəllimi təbrik edirik!

Zəngəzur Mahalının dəyərli övladlarından birinin- Misir Aslanovun doğum günüdür. Misir müəllim həmkəndlimiz və qohumumuz olsa da, 1988-ci ildən el-obamızdan ayrı düşdüyümüzə görə çox da yaxınlığımız olmamışdı. İnsan övladı da bir-birinə yaxınlaşmadıqca, yol yoldaşı olub, ünsiyyətə girmədikcə bir- birini yaxşı tanımaz, təsəvvvürü ağızdan qulağa olar. Eşitdiyindən, duyduğundan formalaşar. Biz də Misir müəllimlə yalnız xeyirdə, şərdə görüşər, ötəri hal-əhval tutardıq. Sözün düzü bir oxşar xasiyyətimiz var ki, heç birimiz insanların vəzifəsi, ictimai mövqeyi, nə işlə məşğul olması ilə maraqlanmarıq. Adamdısa, adamdı, adam deyilsə, hansı vəzifədə olursa olsun, fərq etməz.

Sözü uzatmadan demək istəyirəm ki, Misir Aslanovu keçən il “ZƏKA PRİNT” MMC-nin təşkilatçılığı ilə Caspian Plaza Biznes mərkəzində keçirilən “Dəyərli müəlliflərlə görüş”də daha yaxından, daha yaxşı tanıdım. Tanımaqla bərabər belə bir eloğlum olduğuna qürurlandım. Həmin görüşdə media rəhbərləri, ali təhsil ocaqlarının nümayəndələri, ziyalılar və onun nəşriyyatı ilə əməkdaşlıq edən müəlliflər iştirak edirdilər. Şəhid, qazi və aztəminatlı ailələrin övladları da tədbirə dəvət olunanlar sırasında idilər. “ZƏKA PRİNT” nəşriyyatının direktoru Misir Aslanov qonaqları salamladıqdan sonra qeyd etdi ki, biz bu gün təkcə dəyərli müəlliflərimizlə görüşmürük. Bu fürsətdən istifadə edib, həm də Qarabağımızı düşmən işğalından azad edən qazilərimizlə, Şəhid ailələri ilə və o zümrədən olan övladlarla görüşürük. Bu tədbir əslində Şəhidlərimizə ehtiramımızı bildirmək üçün bir vəsilədir.
Misir müəllim “ZƏKA PRİNT” MMC-nin xüsusi qonaqları olan gül balalara-Şəhid övladlarına, imkansız ailələrin məktəblilərinə hədiyyələr verərək onlara elm yolunda, təhsildə uğurlar arzulayaraq dedi:

Qarı düşmənə qalib gəlmək üçün həm qol gücünə, həm də zəkaya ehtiyac var. Bu yolda onların ən böyük yardımçıları “ZƏKA PRİNT” MMC-nin nəşr etdiyi kitablar olacaq. Dünyamıza sülh, insanlara əmin-amanlıq, uşaqlara isə həyatda daim ağıl güclərinin qalib gəlməsini arzu edirəm. Əmin olun ki, hər zaman yanınızda olacaq, imkanımız daxilində lazım olan ehtiyaclarınızı qarşılayacağıq.
Sonra məktəblilərə içi kitabla dolu çantalar hədiyyə edildi, uşaqların şərəfinə hazırlanmış tort kəsildi. Aslan Bayramov, Nahid Canbaxışlı, Məzahir Məmmədov, Tural Turan, Emil Rasimoğlu Misir Aslanova uşaqları sevindirdiyi üçün, bu gözəl addıma görə təşəkkürlərini bildirdilər.
Bir sözlə, bu balaca auditoriyada böyük ürək döyüntüləri, bu tədbirdəki mənzərə, kontingentin rəngarəngliyi, arzuların böyüklüyü məni həm duyğulandırdı, həm də qürurlandırdı. Əmin oldum ki, Qarabağ uğrunda qan töküb torpaqlarımızı düşmən tapdağından azad edənlərin övladları, varislərilə Bütöv Azərbaycan yolçuluğumuz uğurla başa çatacaq.

Misir Aslanov isə “ZƏKA PRİNT”in zəkası ilə əqidədaşımız, yol yoldaşımız olacaq. Odur ki, Misir müəllimi “Bütöv Azərbaycan” qəzetinin yaradıcı kollektivi və Hərbi Jurnalistlər Birliyinin İdarə Heyəti adından təbrik edir, ona sağlam ömür, ailəsinə səadət, övladlarına xoş gələcək və bu nəcib işlərində uğurlar arzulayıram. Hörmətlə: Tamxil Ziyəddinoğlu
26-07-2024, 11:33
Gülər xanımın vətəndaş əzmi, həkim şəfqəti ...


Gülər xanımın vətəndaş əzmi, həkim şəfqəti ...

“Hər birimiz bir şam işığı qədər işıq verə bilsək, planetimizin günəşə ehtiyacı qalmaz”
Mustafa Topçubaşov
Yaşı cəmiyyətin yaşı qədər olan həkimlik nəcib və məsuliyyətli peşələrdən biridir. İnsanların sağlamlığının keşiyində dayanmağı özünə həyat amalı seçənlər yaddaşlarda əbədi yaşayırlar. Məşhur rus yazıçısı, həkim A.P.Çexov həkimlik sənəti haqqında demişdir: "Həkimlik sənəti qəhrəmanlıqdır, hünər deməkdir. Bu peşə adamdan fədakarlıq, pak niyyət tələb edir. Hər kəs buna qadir ola bilməz. Bunun üçün həkimin fikri aydın, qəlbi təmiz olmalıdır". Həqiqətən də, belədir.
Qadın zərif olsa da, onun fəaliyyətində bir həyat naxışı boya tutur. İllər o naxışı ana məhəbbəti ilə süsləyir, zaman ucalıq əzmi ilə. Buna görə qadın həmişə hər evdə işıq kimi təcəssüm tapır...
Gülər həkim Azərbaycan qadınının həyat eşqini özündə ifadə edən cəmiyyəti qadını səciyyəvi olaraq xoş məramla xarakterizə edir. Biz də o xoş anın təbəssümünü daim öz çöhrələrimizdə tuturuq. Bu məsələni, özüm üçün, hələ uşaqlıq illərindən seçmişəm. Mən həkim olmaq istəyirəm.
Qədim və humanist peşə olan həkimlik insanların səhhətinin qorunmasına, xəstəliklərin qarşısının alınmasına yönəlib. Elə 2022-ci ildən Abşeron Rayon Mərkəzi Xəstəxanasında Hemodializ şöbəsinin müdiri kimi fəaliyyət göstərən həkim-nefroloq Gəncəliyeva Gülər Allahverdi qızı da əzəmətli bir qadın kimi həyata, cəmiyyətə dürüst istiqamətlər verir, aid olduğu sahənin bilicisi kimi dövlətçilik işində maksimum fərqlənir. Onun xəstələrə diqqət və qayğısı günün reallığı kimi təzahür edir. O, mütəmadi yığıncaqlarda öz dəyərli məsləhətlərini əsirgəmir. Əvvəlki çatışmazlıqların səbr və təmkinlə aradan qaldırılması istiqamətində tövsiyələr verir. Bunun nəticəsidir ki, Abşeron rayon səhiyyəsində hazırda bir çox müsbət dəyişikliklər əldə edilib, cəmiyyət rayon səhiyyəsi haqqında müsbət fikirlər səsləndirir.
Həkim adını və nüfuzunu şərəflə qoruyan, aid olduğu peşəni məşəl kimi öndə aparan Gülər Gəncəliyeva bütün fəaliyyəti boyu bu ənənəyə sadiq qalıb.
Ümumiyyətlə, həyatını ictimai işlərə sərf edərək xoş məram, xeyirli məqsəd aşılayan insanlar cəmiyyətin xüsusi ehtiramına layiqdirlər. Bu insanlar həm də dövlət və dövlətçiliyimizin vacib resurslarıdır. Belə insanların əhatəsində olanda könüllər durulur...
Səmimi etiraf edək ki, bir-birindən layiqli xidmətləri ilə könüllərdə həyat işığı yandıran, təcrübəli həkim-nefroloq Gülər Gəncəliyeva da qəlbində misilsiz Azərbaycan sevgisi gəzdirir, aid olduğu sahəyə şərəflə qulluq edir. Onun xalq ruhu ilə həmahəng olan işləri Azərbaycanın dövlətçilik xəzinəsinə misilsiz töhfələrdir. Onun insanlara məhəbbəti, vətənpərvərlik hisləri, ictimai saflığa münasibəti, dərin koloritli ictimai fəaliyyəti Azərbaycan həqiqətlərinin parlaq səhifələrindəndir.
Qısa məlumat:
Gülər Gəncəliyeva 1989-cu ildə Ağcabədi rayonunda anadan olub. 2006- cı ildə Kimya-biologiya təmayüllü liseyi bitirib. Rusiya Federasiyası V.İ.Razumovskiy adına Saratov Dövlət Tibb Universitetinin “Müalicə işi” fakültəsində təhsilini davam etdirib. 2015-2019-cu illərdə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda həkim-nefroloq ixtisası üzrə rezidentura təhsili alıb. 2020-ci ildə “Azərsutikinti” xəstəxanasının Hemodializ şöbəsində həkim-nefroloq kimi çalışıb. 2020-ci ildə Ege Hospitalda həkim-nefroloq işləyib. 2020-2022-ci illərdə Bona Dea İnternational Hospitalda həkim-nevroloq kimi fəaliyyət göstərib. Bir neçə çap olunmuş elmi məqalənin müəllifidir. Bir çox Beynəlxalq və yerli Konfranslarda məruzəçi və iştirakçı kimi çıxış edib. Azərbaycan Nevroloqlar Cəmiyyətinin və Türk Nevroloji və Transplantoloqlar Dərnəyinin üzvüdür. 2022-ci ildən Abşeron Rayon Mərkəzi Xəstəxanasında Hemodializ şöbəsinin müdiri işləyir.
Gülər Gəncəliyevanın pasiyenti olanlar onun səmimiyyətini ən başlıca məqsəd kimi dəyərləndirirlər. Elə yaxın dostumuz, “Qazilər.az” saytının redaktoru, Vətən müharibəsi veteranı Cəbrayılov Elşən Qardaşxan oğlunun anası Məmmədova Səkinə Məhəmməd qızı da Gülər xanımın insanlığını, səmimiyyətini alqışlayır, onun xəstələrə olan münasibətini yüksək qiymətləndirir. 10 iyun 2024-cü ildən 29 iyun 2024-cü ilədək Abşeron Rayon Mərkəzi Xəstəxanasında müalicə alan Səkinə xanım Gülər həkimin istedadına böyük önəm verir, peşəsinə olan sevgisini insanlara olan diqqət kimi mənalandırır. Təkcə Səkinə xanım deyil, yüzlərlə insan əlindən şəfa tapdığı üçün Gülər həkimə minnətdardır.
Yuxarıda dediyimiz kimi, həyatını ictimai işlərə sərf edərək xoş məram, xeyirli məqsəd aşılayan insanlar cəmiyyətin xüsusi ehtiramına layiqdirlər. Bu insanlar həm də dövlət və dövlətçiliyimizin vacib resurslarıdır. Belə insanların əhatəsində olanda könüllər durulur...
Həkim peşəsi olduqca məsuliyyətli və çətindir. Bu qədim sənəti seçən insan daim fövqəladə vəziyyətlərə hazır olmalı və insanlara yardım etmək hissindən həzz almalıdır. Əlbəttə ki, bu geniş ruhiyyə və insanlığa dərin məhəbbət tələb edir. Həyat üçün məsuliyyət daşımağa hazır olmaq lazımdır. Gülər xanım deyir ki, mənin ən böyük arzularımdan biri, həkim sənətinə yiyələnmək, onun sirlərini bilmək və doğma respublikamızın səhiyyəsinə öz töhfəmi verməkdir.
Səmimi etiraf edək ki, bir-birindən layiqli xidmətləri ilə könüllərdə həyat işığı yandıran, təcrübəli həkim-nefroloq Gülər Gəncəliyeva da qəlbində misilsiz Azərbaycan sevgisi gəzdirir, aid olduğu sahəyə şərəflə qulluq edir. Onun xalq ruhu ilə həmahəng olan işləri Azərbaycanın dövlətçilik xəzinəsinə misilsiz töhfələrdir.
Gülər xanıma can sağlığı, işlərində müvəffəqiyyətlər arzulayırıq.

Hüseyn İSAOĞLU (Məmmədov),
AJB-nin və AJB nin üzvü, Yazıçı-publisist
14-07-2024, 19:33
ERKƏN EVLƏNDİRİLƏN QIZLARIN GÖZÜNDƏN...


ERKƏN EVLƏNDİRİLƏN QIZLARIN GÖZÜNDƏN...

Məni cismən dünyaya gətirən ailəm ilə işıq saçan ümidlərimin, bahar kimi hər rəngi daxilində saxlayan arzularımı puç edib, həyatda öz mövqeyimi tutmaq istəyimin qarşısına sədd çəkərək cismimdən öncə ruhumu torpağa basdıran ailəmin eyni olması, mən və mənimlə bərabər sonsuz sayda qızlarımızı müstəqil şəxsiyyətdən öncə az yaşlı “gəlin”ə çevirdi. Yaşıdlarım öz parlaq gələcəklərinə addım atarkən mən ailəmin məni “doğru” hesab etdikləri yolda addım atmağa məcbur edildim.
Cismim öz toyunda bəzədilmiş “qadın” kimi qələmə verilsə də, ağlım hələ bitməyən uşaqlığımda, yarım qalmış məktəbimdə, səhifələri hələ bitməyən dərsliklərimdə idi... Toyumda ucalan hər alqış səsi mənim daxilimdə səslənən bütün arzularımın səsini qaydasız döyüşlərdəki kimi acımasız şəkildə, vəhşicəsinə məğlub edirdi. Bu məğlubiyyəti ailəm daxil olmaqla bütün qohumlarım bayram edirdi. Özümü istehsal tarixi bitməsin deyə marketdə satışına can atılan ərzaq kimi hiss edirdim. Birdən tarixim bitər və məni alan olmaz. Ya da özumü sırf ürəkləri istəyir deyə kiməsə hədiyyə edilən əşya kimi hiss edirdim. Həmin əşyanı da yeni alanda çox sevib qoruyub bəsləyirdilər.
Mən də anadan olanda eynən o əşya kimi idim. Sonra da onun kimi biri tərəfindən sahibləndim. Sırf qız olaraq dünyaya gəlmişəm deyə fikrimi soruşmadan məni sahiblənsin deyə biri ilə evləndirilməli idim? Öz ailəmin fikirlərimə hörmətlə yanaşmadığı halda yad biri mənə necə hörmət edəcəkdi? Bunların heç birini məni bədbəxtlik ölkəsinə həbs edən ailəm düşünmədi. Yaşıdlarım kimi təhsil almaq, həyatda öz mövqeyimi müəyyənləşdirmək, ayaqlarım üzərində sərbəst dayanmaq arzularım ürəyimdə qaldı…
Mən ruhən evləndiyim yaşda qaldım. Ömür keçdi, illər fəsillər biri-birini əvəz etdi. Amma mən erkən yaşda evləndiyim gün yaşanmayan uşaqlığımda yarımqalmış təhsilimdə qaldım. Bu okean ortasında yerləşən adada tək qalıb kömək üçün insanları çağırmaq kimi çarəsizliyə bənzəyir. Ən doğma bildiyin ailən səni anlamır, sən isə öz rəngarəng dünyandan ayrılıb yad birinə qurban olacağın günü gözləyirsən. Bu zaman tək sirdaş və şahidin qaranlıq otağının divarları, bir zaman sonra heç istifadəyə ehtiyac olmayacaq küncdə şkaf üstündə olan məktəbli çantan olur...Bütün ümid və arzuların sanki o çantanın içindədir. Gələcək həyatın isə səni anlamayan, “məndən yorulub ailəm? Niyə bu yaşda məni başqa evə göndərir?” fikirlərini ağlına gətizdirən valideynlərinin dodaqları arasından çıxan sözlər də...
Hacı Zeynalabdin Tağıyevın bir maraqlı fikri var: “Bir oğlana təhsil verməklə təhsilli bir insan qazanırsınız, bir qıza təhsil verməklə isə təhsilli bir ailə”. Cəmiyyətimizdə qadın-qızlarımızın təhsili onları daima ucaldan qanadlar, cəmiyyətin cahil düşüncələrinə qarşı onları qoruyan silah və həyatda hər zaman qızlarımıza lazım olan heç bitməyən bir xəzinədir. Erkən evliliklər isə qızlarımızın əlindən bu imkanları alaraq onları daima kimlərdənsə asılı vəziyyətə salır. Müəyyən yaş həddinə çatmış, ali təhsilli, öz müstəqil fikirlərini ifadə edərək özlərini sübut edən qızlarımız ailə həyatı qurarkən yetişdirdikləri övlad da əsl şəxsiyyət kimi formalaşır. Əlbəttə, istisna hallar da var.
Bəzən müəyyən səbəblərdən ali təhsil almayan, amma təhsilə önəm verən yenifikirli insanlara da rast gəlirik. Buna baxmayaraq cəmiyyətdə ən öndə gedən məsələ qızların ali təhsilli olmasıdır. Bu onların ən təbii haqqıdır. Bu haqqı onlardan almağa heç kimin, heç öz valideynlərinin də ixtiyarı yoxdur.
Fikrimcə, ən böyük cinayətlərdən biri qızların təhsildən yayındırılıb evliliyə sövq edilməsidir. Ona görə ki, burada həmin qızın ruhu, xəyalları heç səsi çıxmayan güllə ilə öldürülür. Əziz valideynlər, bu güllənin qızlarınızı öldürməsinə icazə verməyin! Əksinə həmin gülləni çırağa çevirərək qızlarınızın həyatını işıqlandırın. Onlara dəstək olun!

Çinarə MURADOVA
13-07-2024, 10:26
Natella NUR Yazır: ŞUŞADAN GƏLƏN AZAN SƏSİ


Natella NUR Yazır: ŞUŞADAN GƏLƏN AZAN SƏSİ
(Anamın xatirələrindən).
Anam Şuşalıdı, mənim uşaqlıq və gənclik illərimin yay tətili bu dilbər guşədə keçib. Biz hər il qohumları ziyarət etməyə gedəndə Şuşanın səfalı yerlərini gəzib dolanırdıq. Bu cənnət məkanı seyr etməkdən doymurdum. Mənə elə gəlir ki, Şuşanın gözəl təbiətini, füsünkar mənzərəsini vəsf etməyə sözün, şeirin gücü çatmır...
Dilbər guşə Qarabağda,
Gəlsən görərsən Şuşada
Zümrüd rəngli uca dağlar,
Onu qoynuna alıblar

Hər fəsildə bir don geyir,
Sözünü rənglərlə deyir
Üzük üstə parlaq qaşdır,
Qarabağın baş tacıdır.

Bir gün, gözəl bir yay səhəri, biz Yuxarı Gövhər Ağa məscidinin yanından keçəndə, rəhmətlik anam Gülnaz dayanıb oraya qəmli-qəmli baxaraq dedi:
-Allah sənə rəhmət eləsin ay baba, gözəl insan idin, sənin xeyirxah əməllərindən şuşalılar həmişiə danışırlar...
Biz məscidin həyətinə daxil olduq və böyük bir ağacın yanında qoyulmuş qəhvəyi rəngli skamyada əyləşdik. Anam bacımla mənim sual dolu baxışlarımızı görəndə, gülümsəyərək sözünə davam etdi:
- XX əsrin əvvəllərində babam Hacı Axund Cavad bəy, bax bu məscidin Baş Axundu olub. O, zəmanəsinin sayılıb- seçilən, Bağdadda təhsil almış ziyalılarından biri idi. Atasından qalmış qızıl və boyaq "dükan"larından əldə etdiyi gəlirlə həm böyük ailəsini dolandırır, həm də, xeyriyyəçilik edirdi. O, kasıblara, kimsəsizlərə yardım edəndə sevinirdi, bundan rahatlıq tapırdı.
- 1915- ci ildə, Ramazan ayında babam yeddi nəfər dostları ilə birlikdə, faytonlarla İranın Məşhəd şəhərinə, 8- ci İmam Rzanın qəbrini ziyarət etməyə gedib. Orada namaz qılıb, duaları avazla söyləyəndə birdən ürəyi dayanıb, vəfat edib. Hadisəni ətraflı öyrənən ziyarətgahın Baş Axundu, babamı 8- ci İmam Rzanın yanında dəfn olunmasına dair göstəriş verib. Sonra o, babamın ən yaxın dostuna bir sənəd təqdim edib. Ərəb dilində yazılmış, üzərində möhür və imzası olan həmin sənəddə deyilirdi.
-- Hacı Axund Cavad bəy 8- ci İmam Rzanın qəbrini ziyarət edərkən, dünyasını dəyişib. Ziyarətgahın Baş Axundunun qərarına əsasən, o, 8- ci İmamın yanında dəfn olunub. Hacı Axund Cavad bəyin ailəsindən olanlara, yeddi nəslinə qədər, seyidlik düşür. Onlar bu şərəfli adı ləyaqətlə qorumalıdır.
Biz bu sözləri eşidəndə təəccüblə anamıza baxdıq və bunun mahiyyətini anlamağa çalışırdıq. O zaman mənim 14, bacım Tamellanın isə 17 yaşı vardı. Anam bizim maraq dolu baxışlrımıza nəzər salıb, sözünə davam etdi:
-Ramazan ayının sonunda şuşalılar bu müqəddəs bayramı qeyd etmək üçün, məsciddə namaz qılır, dualar oxuyur, ehsan verir, kasıb və kimsəsizlərə bayram hədiyyəsi paylayırdılar. Rəhmətlik nənəm Kəblə Zəhra, babamın çox sevdiyi zəfəranlı cücə plovunu dəmə qoyub, uşaqları ilə birlikdə onun yolunu səbirsizliklə gözləyirdi. Bayram axşamı təzə Ay görsənəndə, adamlar ona baxıb salavat çevirir, mübarək olsun deyib, bir- birini təbrik edirdilər.
Yuxarı Gövhər Ağa məscidinin həyətinə toplaşan xeyli sayda adamlar, ziyarətdən gələnlərin yolunu səbirsizliklə gözləyirdilər. Onlar bilirdilər ki, hər il olduğu kimi, Axund Hacı Cavad bəy öz dostları ilə bu vaxtlarda meydana bir neçə faytonla daxil olacaq. Bir az keçmiş, faytonlar meydana daxil olub məscidin önündə dayanır. Ziyarətdən kor- peşiman qayıdanların üzlərində qəm- kədər, gözlərində yaş vardı. Babamın yaxın dostu, əhvalatı olduğu kimi söyləyib, ziyarətgahın Baş Axundunun göndərdiyi sənədi, Şuşa məscidinin Axunduna verir.

Axund minbərə çıxır, əzan verir və hadisəni insanlara söyləyir. Əhvalatı eşidən Şuşa camaatı meydana, Yuxarı Gövhər Ağa məscidinin önünə axışırlar...
Babamın, yarışlarda qızıl medallar qazanmış, Qarabağ cinsli ağ köhlən atı, məscidin qarşısına çatanda kişnəyir, ayaqlarını bərk- bərk yerə çırparaq ağlayır...
Görənlər söyləyirdi ki, atın gözlərindən yaş leysan kimi axırmış. Bunu görən şuşalılar, həm Axund Cavad bəyin qərib yerdə, vaxtsız dünyasını dəyişməsinə, həm də, vəfalı atının bu halına ağlayırdılar...
Rəhmətlik babam sevimli atına həmişə kişmiş verib əzizləyər, boynuna yarışlarda qazandığı medallarını taxardı. Babamın ölümü ata çox təsir etmişdi, at yemədi, içmədi, çox xiffət etdiyindən xəstələnir və qırx gündən sonra başını babamın paltarlarının üstünə qoyub öldü.
Anam danışdıqca, onun ala gözlərindən al yanaqlarına doğru muncuq-muncuq süzülüb axan göz yaşlarına baxanda, biz də kövrəldik... O, göz yaşlarını dəsmalla silə- silə əlavə etdi:
-Xeyir əməl sahibləri, hər iki dünyasını qazanır, qızlarım, bunu unutmayın...

XAN QIZI NATƏVAN (1832-- 1897)
Poema
Canım- gözümsən, ay Şuşa,
Cənnət- məkansan, ay Şuşa.
Anamın doğma vətəni,
Onun tək sevmişəm səni.

Xöşbəxt analı günlərim,
Uşaqlıq, gənclik illərim
Keçib bu əziz diyarda,
Şeir- sənət ocağında.

Zümrüd rəngli uca dağlar,
Onu dövrəyə alıblar.
Hər fəsildə bir don geyir,
Sözünü rənglərlə deyir.

Quşlar baxıb nəğmə deyir,
Cıdır düzü gülümsəyir,
Tarixini, vərəqləyir,
Görək, bizə nə söyləyir?

Ustad yazıçı, şairlər,
Bəstəkarlar, xanəndələr
Bu diyarda göz açıblar,
Xaruqələr yaradıblar...
***** ***** *****
Yazanda mən bu dastanı,
Natəvanın həyatını…
Çəkdiyini yaşamışam,
Göz yaşları axıtmışam

Xan Qızı, dövlət xadimi,
Yaşatdı məktəbi, elmi.
Şair, həm də, rəssam idi,
Əlvan tikmələr tikirdi.

Şuşanın güllü dağları,
Buz tək sərin bulaqları,
Xan Qızından söhbət açır,
Keçmişləri yada salır.

****************
1-ci
Min səkkiz yüz otuz iki,
Vaxtı gəldi talehdəki.
Altısı, Avqust ayında,
Cənnəti- məkan Şuşada,
İbrahim Xanın nəvəsi,
Açdı gözün, gəldi səsi...
Göydə ulduzlar parladı,
Qızcığazı salamladı.
Mehdiqulu, Xan Qızını.
Ətraf çəkirdi, "naz”ını,
"Dürrü--yekta"- deyirdilər,
Varis hesab edirdilər.
"Tək inci"-dir söz mənası,
Əzizlədi el- obası.
O, min səkkiz yüz qırx beşdə,
Atası, vəfat edəndə,
On üç yaşda varis oldu,
Qarabağın Xanı oldu.
Gecə- gündüz çalışırdı,
Hər zəhmətə alışırdı.
Danışırdı fransızca,
Oxuyurdu ərəb, farsca.
Mirzə Ruhulla dərs dedi,
Şeir, qəzəli sevdirdi.
Öyrənirdi, Nizamini,
Nəvaini, Fizulini.
Gənclik dövrünə çatanda,
Qönçələnib, gül açanda,
Gözəlliyi dildə gəzdi,
Bəxti daşdan- daşa dəydi.
O, min səkkiz yüz əllidə,
On səkkiz yaşın içində,
Məcburən ailə qurdu,
Xanlığı belə qorudu…
Ərə getdi Xasay Xana,
Adlı- sanlı bir insana.
Rütbəsi Çar Generalı,
Əsli- kökü Dağıstanlı,
Sevimlisi, olmuş elin,
Silahdaşı, Şeyx Şamilin.
Məhəbbətsiz, qürbət eldə,
Dərd gəzdirdi, sınıq qəlbdə.
Xurşidbanu, ana oldu,
Oğlu, həm də, qızı oldu.
Mehdiqulu, Xanbikəni,
İki gözəl mələyini,
Əzizləyib çox sevirdi,
Göz üstündə bəsləyirdi.
Çəkirdi nəfis şəkillər,
Tikirdi, əlvan tikmələr.
Qərənfillə danışırdı,
Şeirində yaşadırdı...
"Səni kimdir sevən bica, qərənfil?
Sənə mən aşiqi- şeyda qərənfil!
Səni gülşən əra aşüftə gördüm,
Yəqin bildim tutub sevda, qərənfil!
Belə pəjmürdə hal ilə durubsan,
Düşər güllər əra qovğa, qərənfil!
*******************
2-ci
Min səkkiz yüz əlli səkkiz,
Tarixlərdə qalıb bu iz.
Düma,-bir fransız yazarı,
Cəlb edib, Qafqaz dağları.
Bu diyara səfər etmiş,
Heyran olub, çox bəyənmiş.
Abşerona səyahətdə,
Bakıda, bir ziyafətdə,
Görüşübdü, Xasay Xanla,
Zabitəli Generalla.
Xasay Xan da, tanış edib,
Ailəsini, təqdim edib.
Yoldaşını- Xan Qızını,
Oğlunu, kiçik qızını.
Hamısı milli geyimdə,
Xoş təbəssüm, üzlərində.
Xan Qızı bir şəkil çəkib,
Məclisə xoş ruh gətirib.
Düma, rəsmi çox bəyənib,
Xan Qızına, sual verib.
Xurşidbanu, gülümsəyib,
Fransızca cavab verib.
Düma, bunları qeyd edib,
Öz əsərində göstərib.
Heyran olub talantına,
Ağlına, həm rəftarına.
* *** ***** ***** ****
1864- cü il.
Min səkkiz yüz altmış dörddə,
Tiflisdə olan illərdə,
Havasını götürmədi,
Xəstəlik aman vermədi.
Həkim dedi:-getməlisən,
Sən, Şuşaya dönməlisən.
Min səkkiz yüz altmış dörddə,
Tale hökmünü verəndə,
Xurşidbanu geri döndü,
Bu nigahın odu söndü.
Ayrı düşdü, Xasay Xandan,
Övladların atasından.
İlk bəxti heç gətirmədi,
Tale üzünə gülmədi.
Göz yaşıyla şeir yazdı,
Qəzəlilə "qəbrin" qazdı.
Göründükcə dərdin izi,
Taleyi yandırdı bizi.
Zəmanənin buxovları,
Qandallamış hüquqları.
Şair qəlbi çırpınırdı,
Dərd içində hıçqırırdı.
"Gəl rəhm qıl indi, padşahım!
Əflakə yetişdi dudi- ahım.
Sən yar ilə zövqdə, səfadə,
Mən burda, bu cövr ilə cəfadə.
Sən vaxtında aşinalıq etdin,
Döndün, belə bivəfalıq etdin.
Təqsir kimin oldu, padşahım?
Bildir ki, mənə nədir günahım?
Sən eyşdə əyləş indi xoşdil,
Mən hicrdə, həm məlulu müşkil,
Öldür məni, olsun əllərin var,
Səbr eylə, gözüm, nə təqsirim var.
Qəhr ilə çəkərdim ah candan,
Ah əl çəkməyir bu Natəvandan."
Təbiətin rəsmin çəkdi.
Xəyalının dərdin əkdi...
Təsvir etdi məhəbbəti,
Görmədiyi sədaqəti.
Dərdlini dərd çəkən anlar,
Yarasına məlhəm bağlar.
Anlayırdı o hər kəsi,
İncitməzdi heç bir kəsi.
******************
3-cü
Yazın gözəl vaxtı, Şuşa kəndində,
Meşəli- bulaqlı dağ ətəyində,
Dedilər: Xan Qızı burdan keçəcək,
Şuşadan Ağdama bu gün gedəcək.
Qarı eşidəndə, Xan Qızı gəlir,
Düşündü Allahdan "çarəsi" gəlir...
Yoxsulluqdan külfət əzab çəkirdi,
Əkib- biçdiyini çölə səpirdi.
Yolun kənarında, arxın böyründə,
Çinar kölgəsində, güllü çəməndə,
Xalça sərib, yasdıqlarla bəzədi,
Üzə gülən çay süfrəsi düzəltdi.
O, həvəslə samovara od saldı,
Yolla gedən faytonu tez saxladı:
-Xoş gəlmisən, qadan alım, Xan Qızı!
Gəlişinlə gətirmisən sən yazı!
Yol gəlmisən, yorulmusan, bəri gəl,
Çinar altda məxmər çay iç, bir dincəl.
Xurşudbanu gülümsədi, əl etdi,
Faytondan düşərək yaxına getdi.
Xoş sözlərdən yorğunluğu sovuşdu,
Hal- əhvalı, vəziyyəti soruşdu:
Qarı dedi: Allahımdan razıyam,
Xan sağ olsun, qulluğunda hazıram!
Kasıb qarı öz dərdini unutdu,
Əydi başın, bir anlığa duruxdu.
Həssas şair, dərdi gözdən oxudu,
Anladı ki, ehtiyacı lap çoxdu.
Xan Qızı çay içib, söhbət eylədi,
Çox maraqlı, əhvalatlar söylədi…

10-07-2024, 15:30
Təbrik edirik


ÜRƏKDƏN TƏBRİK EDİRİK!

Bu gün qohumum, sinif yoldaşım və dostum Ramizin doğum günüdür. Ramiz Əsədov Zəngəzur mahalının Qafan Rayonunun Kurud kəndində doğulub. Orta məktəbi Gığı kəndində başa vurub. Ali təhsilli, peşəkar inşaatçıdır. Uzun müddət böyük tikinti trestinə rəhbərlik edib. Ramizin elə xasiyyəti var ki, istər
oxuduğu məktəblərdə, istərsə işlədiyi kollektivlərdə, istərsə də yaşadığı məhəllələrdə yalnız dostlar qazanıb. Çünki Ramizin mayası xeyirxahlıqdan yoğrulub. Budur səhərin gözü açılandan sinif yoldaşlarının təbrikləri başlayıb.
Xatırladım ki, Ramiz Əsədov Gığı kənd orta məktəbini 1975-ci ildə bitirib.


Elə ona görə də 1975-ci ilin məzunlarının sevimlisidir. Ramiz əzizim, səni təbrik edirik, sağlam ömür, firavan həyat arzulayırıq. Arzu edirik ki, gəncliyində çəkdiyin çətinliklər, vətən həsrəti geridə qalsın! Ahıl çağlarını ürəyincə yaşaya biləsən! Biz də şirin söhbətlərini dinləyə-dinləyə yol yoldaşın olaq. Səni öpüb, bağrımıza basırıq.

Hörmətlə: Gığı məktəbinin 1975-ci il məzunları adından Tamxil Ziyəddinoğlu
26-06-2024, 22:33
Müqəddəs ideya ətrafında…


Müqəddəs ideya ətrafında…

İyunun 26-da "Qərbi Azərbaycan Kubok"u uğrunda mini futbol turnirinin açılış mərasimi keçirilib. Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli turnir iştirakçılarına uğurlar arzulayıb.
Qərbi Azərbaycan kuboku uğrunda turnirin İcmanın tarixində yeni bir səhifə oldğunu deyən sədr ölkəmizin idman sahəsində də öz gücünü hər zaman nümayiş etdirdiyini vurğulayıb. Bildirib ki, Qərbi Azərbaycana qayıdış ideyası bu gün ümummilli məsələdir. Biz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sülh yoluyla və təhlükəsiz şəkildə öz tarixi torpaqlarımıza qayıdacağıq. Bu cür idman yarışlarını isə Zəngəzurda, Dərələyəzdə, Göyçədə, İrəvanın mərkəzi stadionunda keçirəcəyik.
Gənclər və idman nazirinin müavini Fərhad Hacıyev bugünkü turniri tarixi hadisə adlandırıb:
"Qərbi Azərbaycan əsilli gənclər ata-babalarının yaşadıqları tarixi torpaqları görməsələr də, ora qayıtmaq arzusu ilə yaşayırlar. Bu, çox sevindirici haldır."
Milli Məclisin deputatı Səbinə Xasayeva bildirib ki, bu gün Azərbaycan tarixinin ən şanlı səhifələrindən birini yaşayırıq. O da müqəddəs ideya ətrafında birləşən həmvətənlilərimizin yaxın zamanlarda Qərbi Azərbaycana qayıdacağına inandığını vurğulayıb. Sonra turnir bədii hissə ilə davam edib. Müğənnilərin və aşıqların ifasında vətənpərvərliyə həsr olunan mahnılar oxunub. Komandalar Meydana daxil olaraq ümummilli ideya uğrunda əl-ələ tutub yallı gediblər.

Bədii hissə yekunlaşdıqdan sonra turnirin ilk oyunu keçirilib. Belə ki, Qərbi Azərbaycan rayonlarının "Loru" və "Qarakilsə" mini futbol komandaları üz-üzə gəliblər. Oyun "Loru" klubunun 15-2 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Qərbi Azərbaycan İcmasının və rayon icmalarının təşəbbüsü və təşkilatçılığı ilə keçirilən mini futbol turniri Qərbi Azərbaycana qayıdış ideyası ətrafında icma üzvlərinin sıx birləşməsi, gənclər arasında kommunikasiyanın möhkəmləndirilməsi, eyni zamanda, sağlam həyat tərzinin təbliği, icmanın fəaliyyətində kütləviliyin artırılması və sağlam cəmiyyətin formalaşdırılmasına dəstək məqsədilə keçirilir.
Tarixdə ilk dəfə təşkil olunan mini futbol turnirində Qərbi Azərbaycanın rayon icmalarını təmsil edən gənclərdən ibarət 20 komanda iştirak edir. Bunlar "Axta", "Amasiya", "Basarkeçər", "Böyük Qarakilsə", "Barana", "Çəmbərək", "Qarakilsə", "Qəmərli", "Qafan", "Gorus", "Keşişkənd", "Karvansaray", "Loru mahalı", "Meğri", "Hamamlı", "İrəvan", "Paşalı", "Vedi", "Sərdarabad" və "Zəngibasar" komandalarıdır.
“Butov.az”











26-06-2024, 06:33
SOVET HƏRBİ RƏHBƏRLƏRİNİN GİZLİN ƏMƏLİYYATI...

SOVET HƏRBİ RƏHBƏRLƏRİNİN GİZLİN əməliyyatının qarşısını alan Azərbaycanlı QƏHRƏMAN zabitlər kimlərdir?

Ötən yazılarımızda ehtiyatda olan polkovnik-leytenant Qurbanəli İsmayılovun Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrini “Qurbanəli İsmayılov: “Heydər Əliyevlə bircə dəfə görüşmək kifayətdir ki, onun nə qədər müdrik və dahi şəxsiyyət olduğunu görəsən” başlıqlı məqalədə davamlı olaraq yazmışdıq. Qurbanəli müəllim elə mətləblərdən danışdı ki, onu qələmə almamaq olmur. Daha doğrusunu desəm, həyəcanlanmamaq mümkün deyil. 1990-cı illərdən sonra Sovet ordusunun balansında olan təyyarələrin, hərbi texnika və döyüş sursatlarının yerləşdiyi ərazidən məxvi şəkildə çıxarılması prosesini əngəlləyən zabitlər barədə söhbətlər hər kəsin marağına səbəb olacaq. Bu əməliyyatda qəhrəmanlıq göstərən zabitləri və bu işlərə rəhbərlik edənləri tanıyacaqsınız. Beləliklə Qurbanəli İsmayılovla gərgin və maraqlı söhbətimizə başlayırıq. İlk sualmızı verirəm.
-Məlumat aldınız ki, Azərbaycanda vəziyyət gərgindir. Bəs müalicənizi yarımçıq qoyub Bakıya qayıtmağınızın əsas səbəbi nə idi?
-1992-ci ilin fevral ayında mən müalicə üçün Kırımdakı sanatoriyaların birində idim. Həmin vaxt «Mayak» radiostansiyasında bir xəbər verildi ki, Dağlıq Qarabağdakı Xocalı qəsəbəsində birneçə nəfərin öldürülməsi səbəbindən Azərbaycan xalqı ayağa qalxıb. «Mayak» radiostansiyasının xəbərindən anladım ki, nəsə dəhşətli hadisələr baş verib. Əks halda, xəbərləri ciddi senzuradan keçən «Mayak» radiostansiyası belə bir xəbəri verməzdi. Evə zəng etdim. Evdən bildirdilər ki, Sovet və erməni qoşunları Xocalıya basqın edib, böyük soyqırım törədiblər, çoxlu sayda insan öldürülüb. Dərhal müalicəmi yarımçıq qoyaraq, Azərbaycana döndüm. Gəncəyə, ordan da Şəmkirə gəldim. Hər yerdən insanlar üzüntü içində idi.
Evdə dayanmayıb, birbaşa hərbi hissəyə getdim. Yolda öyrəndim ki, Xalq Cəbhəsinin yerli şöbəsinin rəhbərləri məni axtarır. Onlar da Şəmkirdəki rus hərbiçilərinin çıxarılması üçün azərbaycanlı zabitlərdən dəstək istəyirdilər.
Nə isə, hərbi hissəyə gəldim. Gördüm ki, şəxsi heyət üzrə komandir müavini olduğum hərbi hissədəki azərbaycanlı zabitlər və gizirlər məni gözləyir. Qeyd edim ki, məndən başqa həmin hərbi hissədə 3 zabit və 20-yə yaxın azərbaycanlı gizir vardı. Hamımız bir yerə yığıldıq ki, bundan sonra hansı addımı atacağımızla bağlı müzakirə aparaq. Açığı gördüm ki, hamının gözü məndədir, qərarı mənim verməyimi istəyirlər. Mən də bildirdim ki, azərbaycanlı olduğumuza görə, Azərbacan dövləti üçün xidmət etməliyik. Ancaq hərbi hissəni tərk etsək, Rusiya burdakı texnikanı, təyyarələri, silah-sursatı aparacaq. Ona görə də, burda qalmalı, çalışıb heç bir texnikanın Azərbaycandan çıxarılmasını imkan verməməliyik. Bu texnika Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi və Qarabağ müharibəsinin qələbə ilə başa çatması üçün ölkəmizə lazımdır.

Bu sualımıza cavab olaraq bildirirəm ki, orada baş verən hadisələr haqda müəyyən məlumat vermək lazımdır. Qeyd edim ki, SSRİ dağılsa da, onun müttəfiq respublikalarda, o cümlədən Azərbaycanda yerləşən hərbi hissələri qalırdı. Rusiya bu hərbi hissələrin ona məxsus olduğunu bildirsə də, məsələ mübahisəli idi. Xüsusən hərbi texnikanın taleyilə bağlı konkret bir qərar, razılaşma yox idi. Buna görə də bir çox azərbaycanlı zabitlər, o cümlədən mən bu hərbi hissələrdə qalıb, qulluq edirdik
-SOVET HƏRBİ RƏHBƏRLƏRİNİN məxfi planının qarşısını alan Azərbaycanlı zabitlər barədə nə deyə bilərsiniz?
-Həmin hərbi təyyarələrin Azərbaycanda saxlanılmasında adlarını çəkəcəyim cabitlərdən Vladimir Kravtsovu deyə bilərəm, lakin Aleksandr Pleşanın ciddi rolunun olduğu haqda deyilənlər həqiqətə uyğun deyil. Nasosnuda olan 30 ədəd Miq-25PD markalı təyyarənin necə Azərbaycana saxlanılması barədə dəqiq məlumatım yoxdu. Ancaq Dəllərdə baş verənlərin şəxsən iştirakçısı olmuşam. Aleksandr Pleşanı da yaxından tanıyıram. Ancaq o, həmin alayın eskadrilya komandiri idi. Eyni zamanda Şəmkirdə mənim qonşum idi. Düzdür, Aleksandr Pleşa sonradan Azərbaycan Hərbi Hava Qüvvələri eskadrilyasının komandiri oldu. Ancaq, bu onun Dəllərdəki hərbi təyyarələrin Azərbaycanda qalmasındakı xidmətləri ilə bağlı deyildi. BU MİNVALLA QƏRARA ALDIQ Kİ, AZƏRBACAN DÖVLƏTİ ÜÇÜN XİDMƏT ETMƏLİYİK.

- Sovet hərbi rəhbərlərinin məxvi planlarının qarşısı necə alındı?

-RUSİYANIN MƏXFİ PLANLARINI AZƏRBAYCAN MN-nin BAŞ QƏRARGAH RƏİSİNƏ ÇATDIRDIM.
Bunun üçün hansı addımları atacağımıza gəldikdə isə, bildirdim ki, bu haqda hər kəslə ayrıca söhbət olacaq. Bunu da onun üçün etdim ki, əgər içəridən kimsə bu haqda hərbi hissənin rəhbərliyinə xəbər vermək istəsə, ümumi plan haqda məlumatı olmasın. Hamı razılaşdı. Və o da qərara alındı ki, kim bu plan barədə hərbi hissənin rəhbərliyinə xəbər verərsə, satqınlıq edərsə ən ağır şəkildə cəzalandırılsın.
Qərar qəbul elədim ki, Bakıya gəldim.

Həmin vaxt Bakıda müdafiə nazirin müavini olan polkovnik Mehman Səlimovla şəxsi tanışlığım vardı. Mənim tələbə yoldaşım idi. Onunla əlaqə saxladım və məsələ ilə bağlı məlumat verdim. Mehman Səlimov məni nazirliyin rəhbərliyilə görüşdürəcəyini bildirdi. Nazirliyə gəldim və polkovnik Səlimov məni Baş Qərargah rəisinin yanına apardı. Baş Qərargah rəisnə və nazirlikdə mühüm vəzifə tutan general-leytenant Valeh Eyyuboviçlə görüşdüm. Onlara Gəncə və onun ətrafında, Qazaxda, Şəmkirdə, qulluq etdiyim ordu birləşməsində hansı qüvvələrin olduğu, hansı hazırlıqların getdiyi haqda qısa məlumat verdim. Mən komandir müavini olduğumdan Hərbi Şuraya gedərdim, eyni zamanda məxfi yazışmalar haqda məlumat almaq imkanım vardı. Buna görə də Rusiyanın planları barədə tam məlumatlı idim. Bütün bildiklərimi Baş Qərargah rəisinə çatdırdım.
Düzdür, rus zabitləri məndən müəyyən məlumatları gizlətmək istəyirdilər. Ancaq müxtəlif yollarla məndən gizlədilən məlumatları əldə edirdim. Həmin məlumatlara əsasən Rusiyanın Dəllərdə təyyarələri və silah-sursatı Azərbaycandan çıxarmağa hazırlaşdığını bildirdim.

-Həmin dövrdə Dəllərdə yerləşən hərbi hissənin siyasi və tərbiyəvi işlər üzrə komandir müavini işləyirdim. Sovet ordusunun tabeçiliyində olan təyyarələrin Azərbaycandan çıxarılmasının qarşısını almaq qərarına gəldik. Amma necə?

Bu suala cavab tapmaq çətin idi. Yollar düşünürdük.
MOSKVA İSƏ BÜTÜN HƏRBİ TEXNİKANI RUSİYAYA DAŞIMAQ İSTƏYİRDİ. Hətta MDB dövlətlərinin Belarusiyanın Minsk şəhərində keçirilən hərbi toplantısında bildirimişdilər ki, müəyyən kvota çərçivəsində təyyarə və silah-sursatın bir quismi yerləşdiyi dövlətlərə verilsin. Amma Rusiyalı hərbçilə bununla razılaşmırdı.
Azərbaycan ərazisindəki hərbi texnikanın, o cümlədən hərbi təyyarələrin Rusiyaya məxsus olduğunu xidmət elədiyim hərbi hissənin rəhbərliyi təkidlə vurğulayırdı. Bildirilirdi ki, keçmiş SSRİ-nin əmlakıdır. Onun varisi isə Rusiyadır. Belə olan halda bizim işlərimiz çətinləşirdi. Təbii ki, keçmiş SSRİ-nin tərkib hissəsi olaraq, həmin hərbi əmlakda Azərbaycanın da payı var idi. Ancaq Moskva bütün hərbi texnikanı özününkü elan edərək, Rusiyaya daşımaq istəməsi bizi narahat edirdi. O zaman Rusiya müttəfiq respublikalardakı qarışıqlıqdan, güclü mərkəzi hakimiyyətin formalaşmamasından istifadə edərək keçmiş müttəfiq respublikaların əksəriyyətindən hərbi texnika, silah-sürsatı Rusiyaya daşındı. Məsələn, Gürcüstanda nə qədər hərbi texnika, silah-sursat var idisə hamısı aparıldı. Yalnız Ukraynada, Belarusiyada və Ermənistanda heç nəyə əl vurmadılar ki, bunun da səbəbi məlumdur.
Eyni qaydada Azərbaycandan da həbri texnikanı, silah-sursatı Rusiyaya aparmaq istəyirdilər.

Ölkədə həmin vaxt güclü hakimiyyətin formalaşmaması, siyasi qarşıdurmanın olmasından istifadə edərək, bunu reallaşdırmaq istəyirdilər. Ancaq həmin vaxt Azərbaycanın Müdafiə Nazirliyində olan, eləcə də ölkəmizdəki keçmiş SSRİ-yə aid hərbi hissələrdə qulluq göstərən azərbaycanlı zabitlər belə bir qərara gəldilər ki, buna imkan vermək olmaz. Qərara alındı ki, nəyin bahasına olur-olsun Azərbaycan ərazisində olan keçmiş SSRİ-yə aid hərbi texnika ölkədə saxlanılmalıdır.
Dəllərdə yerləşən kəşfiyyat avia- alayına məxsus 5 MiQ-25 RB və 11Su-24MP - ümumilikdə 16 hərbi təyyarə Azərbaycanda saxlanıldı. Həmin vaxtda Dəllərdən rus hərbiçilərini və ailələrini, eləcə də onların əmlakını aparmaq üçün gələn İl-76 təyyarəsinin bir ədədinin Azərbaycanda saxlandığını bildirilsə də, əslində onların sayı 2 olub. Bu da onunla bağlı idi ki, Rusiya gizlincə Dəllərdə yerləşən kəşfiyyat avia-alayına məxsus 8 təyyarəni qaçırmışdı. Bunun əvəzində biz həmin İl-76 təyyarələrini saxladıq.
(ardı var)

Subut Mehdiyev
25-06-2024, 14:38
ÜZÜ DÖNSÜN AYRILIĞIN...


ÜZÜ DÖNSÜN AYRILIĞIN...

Nəşriyyat-poliqrafiya sahə¬sində çalışdığım 30 ildən artıq müddətdə minlərlə kitabın nəşrində iştirak etmiş, alimlərin elmi araşdırmalarını, eləcə də müxtəlif elm ocaqlarında fəaliyyət göstərən insanlar haqqındakı avtobioqrafik yazıları bir korrektor olaraq oxumuşam, dizayn-tərtibat işlərilə məşğul olmuşam. Məni bir şey hər zaman düşündürürdü ki, cəmiyyətimizdə elə fəaliyyət sahələri var ki, biz addımbaşı o sahədə çalışanlarla “ünsiyyətdəyik”, xeyirxah əməllərinə görə onları alqışlayırıq, bizə doğmadılar, əzizdilər, lakin şəxsən tanış deyilik. Təəssüf ki, çox az yazılır, yaxud heç yazılmır onlar haqda... Axı, bu “gözəgörünməz” insanlar öz əməlləri ilə milyonların yoluna işıq, nur saçır, onların fəaliyyət göstərdiyi sahələr Dövlətimizin əsas dayaqlarındandır...
Eyni mövzularla işləməyimin bir səbəbi də yəqin ki, 20 ilə yaxın müddətdə Milli Elmlər Akademiyasında çalışmağım olub.
Cəmiyyətimizdə tanınmış, ictimai-siyasi fəaliyyətlə məşğul olan bir çox dəyərli insanlarla bu gün də dost münasibətlərim davam edir. Həyatda ən böyük qazancım da elə budur...

Bu yaxınlarda 2 saylı Bakı Tibb Kolleci müəllimlərinin cap işləri də mənə həvalə edilmişdi. Az bir müddətdə hər biri ilə son dərəcə səmimi ünsiyyət yarandı, xoşluqla ayrılsaq da, düşünürdüm, razı qaldılarmı görəsən...
İş əlaqəmizin kəsilməsinə baxmayaraq, bayramlarda, xoş günlərdə əksəriyyətinin diqqətini görürdüm. Telefonuma gələn xoş sözlər, bayram təbrikləri həqiqətən də mənə çox xoş təsir bağışlayırdı. Mən də öz növbəmdə onları diqqətdən kənarda qoymamağa çalışır¬dım. Statuslarını izləyirdim. Paylaşımlarına münasibətimi bildirirdim. Beləliklə, səmimi ünsiyyətimiz davam edirdi. Onlardan biri də Töhfə müəllimə idi. Töhfə Cəfərağa qızı Mövsümova.
Bu yaxınlarda Töhfə xanımın statusundakı hüznlü yazı isə məni çox sarsıtdı... Çöhrəsi nurlu bir insanın şəkli və acı göz yaşları içində yazılan vida kəlmələri...
Atası dünyasını dəyişmişdi...
O nurlu sima mənə o qədər doğma gəldi ki... Haradan, necə anlaya bilmədim...
Azərbaycanın yol-inşaat sahəsində tanınmış insan, Əməkdar mü¬həndis, “AzVirt” MMC-nin baş mühəndisi, ləyaqətlə, şərəflə 72 il ömür sürən Cəfərağa Şiriyev 19 may 2024-cü ildə qəflətən vəfat etmişdi. Həm ailəsini, həm təmsil etdiyi yol-inşaat sahəsindəki bütün dostlarını, iş yoldaşlarını qəfil gedişi ilə sarsıtmışdı... Bir gün əvvəl - 18 mayda axşamçağı işi ilə əlaqədar Qarabağdan qayıdıbmış...
Bəlkə doğmalığın bir səbəbi də elə buymuş. Bəlkə bu yazı Cəfərağa müəllimə Qarabağ xanlığının əsasını qoyan ulu babalarım Cavanşirlərin qanı axıdılan yurd yerimizdəki zəhməti müqabilində ilahinin çiynimə qoyduğu bir minnətdarlıq borcudur? Hər şey ola bilər...
Töhfə xanımın paylaşımına anındaca mü¬nasi¬bətimi bildirdim.
Mən də valideynlərimi itirdiyim üçün, o ağır anlarımda təsəlli tap¬dığım zərrəcik boyda nəsə olmuşdusa, Töhfə xanımla bölüşməyə, onu ovundurmağa çalışdım... Amma üzü dönsün ayrılığın... Əzizlərin itkisini nələrsə ovunduracaq gücdədirmi ki... Zaman lazımdır bu yaranın qaysaqlanması üçün... Düzdür, heç kəs ölənlə ölmür, ürəyimizin bir parçası olan əzizlərimiz bizi əbədilik tərk etməklə həmin parçanı da özləri ilə qoparıb aparır, o yer hey sızlayır, göynəyir... Yaşayırsan, həyatına davam edirsən, lakin bu ağrını ömürlük yaşayaraq davam edirsən... Bu, həyatın acı gerçəkliyidir, bəlkə də əksinə... Unudulmamaq haqqı olan əzizlərimizin əbədiyaşarlıgının təzahürüdür...
Mən adətən şəxsən tanımadığım insanlar haqda yazı yazmağa çətinlik çəkirəm. Düşünürəm ki, qeyri-səmimi alınar. Amma Xalq şairimiz Nəriman Həsənzadə həmişə deyir ki, insanlar təkcə qan qohumluğu ilə yaxın olmurlar, onları doğmalaşdıran həm də “tərcümeyi-hal qohumluğudur”.
Mən də Töhfə xanımın nurlu atasını çöhrəsində əks olunan alicənablığı, ziyalılığı, zəhmətkeşliyi ilə eynilə atama oxşatdım. Bir doğmalıq gəldi mənə. Yəqin, bu “tərcümeyi-hal qohumluğu” da iç dünyamı silkələdi...
Cəfərağa müəllimin qəfil dünyasını dəyişməsindən sarsılan “AzVirt” MMC-nin baş direktor müavini Nəriman Nağıyevin həmkarı haqda ürək yanğısı ilə yazdığı yazını oxudum.
Həyat və fəaliyyəti gözlərim önündə canlandı...
Yaxşı yadımdadır... 90-cı illər idi. “Elm və həyat” nəşriyyatında çalışırdım. Bir müəllifimiz vardı. Bəhram İbrahimov. “İnşaatçı” qəzetinin əməkdaşı idi. Azərbaycanda fəaliyyət göstərən elə bir yol-inşaat, tikinti-quraşdırma sahələri olmazdı ki, bu cəfakeş insan onlardan yazılar, oçerklər, kitablar yazıb çap elətdirməsin. Onun xeyli kitabını işləmişdim. Səhv etmirəmsə, bu simalara, adlara o kitablarda rast gəlmişəm. Təəssüf ki, hal-hazırda kitablar əlimdə olmadığından dəqiqləş¬dirə bilmədim...
Cəfərağa Şiriyevin həyat və fəaliyyəti haqqında mətbuatda, sosial şəbəkələrdə gedən yazıları, dostlarının, iş yoldaşlarının, övladının ürək yanğılarını oxuyuram. Çox təəssüf edirəm ləyaqətli bir vətəndaşın, etibarlı dostun, sədaqətli ailə başçısının, mehriban atanın, babanın vaxtsız itkisinə...
* * *
Tam səmimiyyətlə qeyd etmək istəyirəm ki, bu son kəlmələrim, həqiqətən də Töhfə xanıma sadəcə bir təsəlli deyil. Ona demək istəyirəm ki... Yarandığı gündən son mənzilədək insan çalışır, çarpışır ki, nəsə bir faydalı iş görsün, sağlığında da, axirətində də rəhmət qazansın. Amma bu, hər kəsə nəsib olurmu? Əsla...
Sevimli Atanız Cəfərağa müəllim sağlığında minlərlə dəfə bu rəhməti qazanıb. Hələ çox qazanacaq... Onu tanımayanların dilindən belə... Ağlımız kəsəndən nənə-babalarımız yol salmağın, su çəkməyin nə qədər savab bir iş olduğunu, insana nə qədər rəhmət qazandıracağını bizə nəsihət ediblər.
Xoş sizin halınıza ki, belə bir şərəfli ömür sürmüş atanın övladısınız.
Nə xoş ki, vətənimizin belə ləyaqətli övladları var. Nə xoş ki, Dövlətimiz, hökumətimiz də onun əməyini zamanında dəyərləndirib.
İntizarla Qarabağa köç edəcəyimiz günü gözləyirəm. Bilin ki, atanızın ürək qoyduğu o yollarla addımlayanda hər dəfə dilimdə sidq ürəklə bu dua səslənəcək: “Allah sənə rəhmət eləsin, Cəfərağa müəllim! Məkanın cənnət, yerin behişt olsun! Haqqını halal et bizlərə...”
* * *
Əməkdar jurnalist Zərbalı Mirzənin “İnşaatçı” qəzetində Cəfərağa Şiriyevin 70 illik yubileyi münasibətilə dərc etdirdiyi məqalədən bir neçə məqamı da oxucularla bölüşməyi lazım bildim...
Jurnalist Cəfərağa müəllimə sual verəndə ki, təcrübəli mühəndis kimi formalaşmağınızda kimlərin haqqı var? O, belə cavab vermişdir: Mən özümü Əli Musa oğlu Əliyevin yol inşaatı Akademiyasının məzunu hesab edirəm... O, bu gün haqq dünyasında olsa da, mən onu hələ də oxuyuram, görürəm ki, hələ ondan öyrəniləsi çox mətləblər var...
“...Cəfərağa müəllim ailəlidir. 3 övladı var. Həyat yoldaşı Südabə Nurəddin qızı kimyaçı-texnoloqdur. Hal-hazırda təqaüddədir. Böyük qızı Mövsümova Töhfə Cəfərağa qızı ali təhsillidir, 2 saylı Bakı Tibb Kollecində müəllim işləyir, ailəlidir.
Ortancıl qızı Rəhimova Günel Cəfərağa qızı “Atəşgah” sığorta şirkətində təftiş komissiyasının sədri vəzifəsində işləyir, ailəlidir.
Ailənin kişik qızı Hacıyeva Gülnar Cəfərağa qızı Azərbaycan Respublikası Hesablama Palatasında sektor müdiri vəzifəsində işləyir, ailəlidir...”

* * *
“Azərbaycan Hava Yolları” QSC-nin vitse-prezidenti Etibar Hüseynovun, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Baş İdarəsinin rəis müavini Hidayət Rüstəmovun, “AzVirt” MMC-nin texniki istehsalat şöbəsinin rəhbəri Nəriman Nağıyevin və Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Azərbaycan Mühəndislik İqtisadiyyatı” kafedrasının müəllimi, iqtisad elmləri doktoru Ayaz Orucovun Cəfərağa müəllim haqda söylədiyi yüksək fikirlər onun nurlu ömür yoluna bir az da işıq salır...
Etibar Hüseynov: “... “AzVirt” MMC respublikada yol tikinti sahəsində xüsusi rolu olan özəl bir tikinti qurumudur və onların nümunəvi, keyfiyyətli işləri dəfələrlə dövlət rəhbəri səviyyəsində təqdir olunmuşdur. Şübhəsiz ki, şirkətin uğurlarının təməlində baş direktor Kamil Əliyevin və baş mühəndis Cəfərağa Şiriyevin rolu böyükdür.”

Ayaz Orucov: “...Tərəddüd etmədən deyə bilərəm ki, o, bu gün Azərbaycanın yol mühəndisləri ordusunda flaqman insanlardan biridir. Respublikanın yol tikintisində çoxillik gərgin fəaliyyəti yol inşaatı sahəsində çalışan gənc mütəxəssislər üçün sözün həqiqi mənasında bir məktəbdir və təqdir olunmalıdır”.
* * *
“AzVirt” MMC-in baş direktor müavini Nəriman Nağıyevin Cəfərağa Şiriyevin həyat və fəaliyyəti haqda qələmə aldığı “Şərəfli yolunu özü inşa etmişdi” yazısını da oxuculara təqdim etməyi özümə borc bildim.
“Öz qismətinə heyran qalan, Canım Atam”. Ölümündən sonra onun barəsində qızının sosial şəbəkədə paylaşımında bu fikri qeyd etməsi diqqət çəkməyə bilməzdi. Həqiqətən də belə oldu. Bir anda ölüm xəbəri yayılanda heç kim inanmaq istəmədi. “Bu nə qismətdir” deyərək təəccüblənən, şok keçirən bir çoxları eşitdiklərinin həyəcanını yaşadı. Elə övladı Töhfə xanımın yazdığı kimi, atası da öz qismətinə heyran qalmışdı.
Bir neçə gün öncə Azərbaycanın yol təssərrüfatında tanınmış insan, əməkdar mühəndis, “AzVirt” MMC-nin baş mühəndisi Cəfərağa Şiriyevi itirdik. O, bu dünyada 72 il şərəfli, ləyaqətli ömür sürdü. 19 may 2024-cü ildə qəflətən vəfat etdi. Həm işlədiyi sahədə, iş yerində, həm də insanların qəlbində böyük boşluq yaratdı.
Şiriyev Cəfərağa Ağabala oğlu 19 mart 1952-ci ildə Salyan şəhərində anadan olub. 1968-ci ildə orta təhsilini başa vurandan sonra Azərbaycan Politexnik İnstitutunda avtomobil yolları üzrə mühəndis ixtisası üzrə təhsil alıb və oranı 1974-cü ildə bitirib.
C.Şiriyev 1974-1978-ci illər ərzində Avtomobil Yollarının Tikintisi və İstismarı Nazirliyinin 12 saylı Yol Tikinti İdarəsində iş icraçısı, baş mühəndis vəzifələrində işləyib. 1978-1990-cı illər ərzində 6 saylı “Xüsusiyoltresti” idarəsində iş icraçısı, baş mühəndis vəzifələrində, 1990-1992-ci illər ərzində “Azərneft” Yol Tikinti Təmir Trestinin 1 saylı Yol Tikinti İdarəsində baş mühəndis, həmin idarənin rəisi vəzifələrində çalışıb. 1992-1993-cü illər ərzində Bakı şəhəri İcra Hakimiyyətinin “Yoltəmirtikinti” Baş İstehsalat İdarəsində Elmi-İstehsalat Müəssisəsinin direktoru, 1993-1995-ci illərdə “Azəryoltikintitəmir” trestinin “İnkişaf” Elmi-İstehsalat müəssisəsinin rəisi, 1995-ci ildə Yol Təmir Trestində Baş İstehsalat İdarəsinin Şəhər Yolları istismarı idarəsində rəis müavini vəzifələrində əmək fəaliyyətini davam etdirib.

1995-ci ilin noyabr ayından ölkəmizin tanınmış yol tikinti şirkəti olan “AzVirt” Azərbaycan-Almaniya Birgə müəssisəsinin Asfalt-Beton İstehsalı zavodunun direktoru vəzifəsində işə başlayıb, 2004-cü ildən isə ömrünün sonunadək bu şirkətin baş mühəndisi vəzifəsində işləyib. 10 aprel 2012-ci ildə “Əməkdar mühəndis” fəxri adına layiq görülüb. Bir çox mükafatlar alıb.
Cəfərağa Şiriyev “AzVirt” MMC-də çalışdığı dövrdə bir çox yol və hava limanı infrastruktur layihələrinin ərsəyə gəlməsində zəhmət sərf edib. Elə bir layihə yoxdur ki, orda onun adı keçməsin. Böyük Şor dairəsi - Heydər Əliyev Beynəlxalq Hava Limanı - Mərdəkan-Bilgəh, Buzovna-Mərdəkan-Qala, , Qala-Pirallahı, "Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolu, Olimpiya Stadionuna aparan yollar, körpülər, tunellər, Formula-1 “Azərbaycan Gran Prisi” üçün inşa olunan trek və s. saya bilmədiyimiz daha neçə-neçə layihədə Cəfərağa müəllimin izini görmək, nəfəsini duymaq mümkündür. Serbiya, Bosniya və Herseqovina, Ukrayna, Qırğızıstan kimi ölkələrdə icra edilən beynəlxalq layihələrdə də baş mühəndis olaraq Cəfərağa Şiriyev AzVirt-in işini ləyaqətlə yerinə yetirib.
Gələn il 30 yaşını qeyd edəcəyimiz AzVirt-in 20 il baş mühəndisi olmaq böyük məsuliyyət deməkdir. Bu illər ərzində C.Şiriyevin hava nəqliyyatı sahəsində icra edilən layihələrdə də əməyi danılmazdır. Heydər Əliyev Beynəlxalq Hava Limanında bir sıra infrastruktur layihələri, eləcə də Yeni Aerovağzal Terminalı, o cümlədən 2006-2013-cü illərdə Gəncə, Lənkəran, Zaqatala, Qəbələ, Yevlax hava limanlarının inşaatında da o, daim iş başında olardı.
Nəhayət Cəfərağa müəllim ən böyük arzularından birini də həyata keçirə bildi. Doğma torpaqlarımız işğaldan azad edildikdən sonra ona demək olar ki, “AzVirt”in baş ofisində az-az rast gəlinirdi. Çünki müqəddəs torpaqlarda şirkətə böyük etimad göstərilərək, Füzuli, Zəngilan, Laçın Beynəlxalq Hava Limanları, “Zəfər Yolu”, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd, Əhmədbəyli-Füzuli-Şuşa, Kəlbəcər-Laçın, Füzuli-Hadrut yolları kimi mühüm layihələrin icrası həvalə olundu.
O, bəlkə də sayıla biləcək baş mühəndislərdən idi ki, gününü istehsalatda, tikinti meydançasında keçirirdi. Çünki bunu görüb mənimsədiyi bir məktəb vardı. Bu məktəb “AzVirt”in yaradıcısı, görkəmli alim, texnika elmləri doktoru, professor Əli Musa oğlu Əliyevin məktəbi idi. İlk vaxtlardan ondan öyrənmək, onun dediklərini yaddaşda həkk etmək, həm idarəetmədə, həm də elmi izahlardan yararlanmaq Cəfərağa müəllimi bu sahədə püxtələşdirmişdi. C.Şiriyev professor Əli müəllimin bir deyimini heç vaxt unutmurdu: “Neçə illərdir bu asfaltı qurdalayıram, amma hələ də heç nə bilmirəm”. Böyük bir alimdən bu sözü eşitmək nə qədər qəribə səslənsə də, bunun qiymətli hikməti vardı. Məhz Cəfərağa müəllim də belə dəyərli kəlamlar üzərində inkişaf yolu keçib, böyük layihələrə imza ata bilmişdi.
Yorulmurdu. Xüsusən də Qarabağda daha çox qalmağa üstünlük verirdi. Elə sonuncu dəfə də mayın 18-də - həftənin 6-cı günü axşam saatlarında Zəngilandan qayıtmışdı. Bazar günü günortaya yaxın isə vəfat etməsi xəbəri yayıldı.
Özündən sonra yadigarı olan 3 qızı və 6 nəvəsi qalıb. Nəvələrindən Rəşad Mövsümov Memarlıq və İnşaat Universitetinin 4-cü kurs tələbəsidir və babasının yolunu davam etdirir.
O, sözün əsl mənasında Azərbaycanı “Gələcəyə aparan yollar”da öz adını əbədiləşdirə bildi. Harda “AzVirt” adı çəkilirsə, deməli orda bu peşəkar əməkdar mühəndisin ruhu da yaşayır. Cəfərağa müəllimin əziz xatirəsi “AzVirt” ailəsi, doğmaları, eləcə də, onu tanıyan digər insanların qəlbində daim yaşayacaqdır.”
* * *
Cəfərağa müəllim İlahidən ona yazılan qismətə şükranlıqla yanaşaraq, sevimli ailəsinin poetik taplosunu şairanə təbiətiylə heyranlıqla yaratmışdır...

Rəbbimə şükr edirəm verib mənə can, nə gözəl,
Canıma can artırıb eylədi canan, nə gözəl!

Ömrümə bəzək verən bir gözələ tuş eylədi,
Gözəllə gözəl olurmuş yeni dövran, nə gözəl!
Arzuma, istəyimə bircə dəfə yox demədi,
Ruzimi verdi mənim etdi firavan, nə gözəl!
Əmanət etdi mənə ən sevimli məxluqun O,
Etibar qazanmaqsa sirri Xudadan, nə gözəl!
Üç gözəl verdi mənə, üç gözələ bircə ana,
Gedərəm, uf demərəm, hamsına qurban, nə gözəl!
Əyər ki, hər bir ata ruhən sevsə övladını,
Bir uşaq tapammarıq qəlbi pərişan, nə gözəl!
İlahi, qismətimə şükr eləyib yorulmuram,
Özüm öz qismətimə olmuşam heyran, nə gözəl!

Sonda onu da qeyd etməyi özümə borc bildim ki, 1974-cü ildən ömrünü yol inşaatı işində şam kimi əridən Cəfərağa Şiriyevin əmək fəaliyyətinin 50 ili bu il tamam olacaqdı. Özü haqq dünyasında olsa da, əminəm ki, dostları, həmkarları adının əbədiləşdirilməsi üçün ona layiq bir iş görəcəklər...

Yazını hazırladı:
Aliyə Cavanşir,
AJB üzvü


25.06.2024


16-06-2024, 17:26
Ömür salnaməsinə prelüdiya


Ömür salnaməsinə prelüdiya

Yaradan dünyanı bəşər övladı üçün xəlq etsə də, ancaq hər bir canlının var olduğu və torpaq üzərində addımladığı yer ona qutsaldır. Bir növ insan da ağac kimi kökü, rişəsilə torpağa bağlı olar. Əbəs yerə deyildi ki, kök, qaynaq məsələsi bütün canlıların taleyində əsas rol oynayır. Zaman keçəcək, haqqında bəhs etdiyimiz söz, fikir adamı şair demiş, ağac misalı kök üstə qalxıb, yüksələcək, fəqət özünün və sözünün ucalığından bir an belə enməyəcəkdir. Çünki onun qazancının - meyvəsinin şirəsi kökdən - rişədən gələcəkdi. Dağıstanın xalq şairi Rəsul Həmzətov deyirdi ki, Vətən mənə doğulduğum auldan başlayır. Əlbəttə, bu barədə çox fikirlər səsləndirilib. Rəhmətlik Xudu Məmmədovun "Qoşa qanad" əsəri bu mənada söylədiklərimizə sübutdur. Düşünsək ki, elə ilk insan da torpaqdan yaradılıb. Bir də o torpaq üzərində dünyaya göz açmaq, doğma insanları tanımaq, yurdun gözəlliyini yaşamaq, tarixini görmək... Sevil Qiyas qızı Həsənova Azərbaycanın nadir təbiət möcüzələrindən sayılan Zaqatalada doğulub. Amma tale elə gətirir ki... Bu cümləni bitmiş fikrə salmadan əvvəl qədim bir rəvayətə - ana bətnində olan körpə ilə Allahın dialoquna nəzər salaq: — Allahım, dünyaya göz açacağam, amma nə edəcəyimi bilmirəm, — deyə körpə dillənir.
Yaradan — Mən sənin üçün bir mələk yaratdım, O qayğına qalacaq, — deyə cavab verir. Hekayətin sonunda körpə Allahdan həmin adamın kim olduğunu soruşur. Allah cavabında — Adı əhəmiyyətli deyil. Sən ona sadəcə "Ana" deyəcəksən! — buyurur. Bu təsirli rəvayətdən sonra yuxarıda qeyd etdiyimiz fikri genişləndirək: Tale elə gətirir ki, Sevil Həsənova bir ömür boyu anasının isti qucağına, mərhəmətli qəlbinə, xeyir-dualı nəfəsinə, dərman qədər şəfalı olan əllərin sığalına həsrət qalır. O, nənə himayəsində böyüyür. Özü demişkən: Məsum körpə həyata göz açdığı ilk günlərdən pərvanə kimi başına dolanan anasını görər. Mən isə ilk günlərdən nənəmi görmüşəm, onu sevmişəm; həm ana, həm də nənə məhəbbətilə... Müəllifin nitqi oxucuda əminlik yaratdı ki, insan taleyində yaşanan mənəvi sarsıntıları, həyatla insan arasındakı dramatik kolliziyaları dəf etməyin tək səbəbi sevgidir. Və illər ötəcək Sevil Həsənova boya-başa çatdığı elə-obaya, onu həyata hazırlayan orta məktəbə və təbii ki, anatək həmdəmi olan və ona anasızlığın ağrısını hiss etdirməyən nənəsinə öz mənəvi borcunu layiqincə ödəyəcəkdi. Və zaman keçəcək Azərbaycan

Dövlət Universitetinə (BDU) qəbul olunan Sevil Həsənovanın ilk mətbu məqaləsi "Mənim nənəm" başlığı ilə "Azərbaycan qadını" jurnalında dərc ediləcəkdi. S.Həsənova bu əlamətdar hadisəni belə xatırlayır: "Sağlığında məni boya-başa çatdıran, böyüdən nənəmə ən böyük hədiyyə "Azərbaycan qadını" jurnalında dərc olunan "Mənim nənəm" məqaləsi oldu. Təsəvvür edin, onun sevincinin həddi-hüdudu yox idi. Doğrudur, çəkdiyi cəfası, intəhasız sevgisi müqabilində bu elə də böyük məsələ deyildir, ancaq mənəvi cəhətdən nənəm üçün ən gözəl ərməğan idi. Ömrünün sonuna qədər hər kəsə həmin yazı haqqında söhbət açırdı. Çoxlarının "Azərbaycan qadını" jurnalını bu yazıya görə aldığını indiki kimi xatırlayıram". Təbii ki, xatirələr, yaxşılıqlar çox vaxt əlaltında, gözlə görünən yerdə qalmır, bəzən bilərəkdən, yaxud da bilmədən yaxşılıqlar zaman keçişilə bilmərrə unudulur, tarixin bilinməzliklərinə atılır. Ancaq Sevil Həsənovaya belə məziyyətlər yad və ögey idi. O, vicdan və ləyaqət hissinə sarılaraq, elm və helm yolunu tutaraq və bir də ən məhrəm - başı örpəkli, xanım-xatın o munis və ülvi nənə sevgisini qəlbinə möhürləyib hələ çox yol qət edəcəkdi. Ta ki bu addımlar onu müstəqillik dövründə jurnalistika fakültəsində ilk qadın alim olaraq elmlər doktorluğuna qədər aparacaqdı... Sevil Həsənova 1974- cü ildə Zaqatala şəhər 1 nömrəli tam orta məktəbi əla qiymətlərlə bitirir. Yaxşı oxuduğuna, müxtəlif sahələrdə fərqləndiyinə və müəllimlərinin diqqətini çəkdiyinə görə 1972-ci ildə komsomol xətti ilə Azərbaycandan yeganə nümayəndə olaraq, Rumıniyaya bir aylıq beynəlxalq düşərgəyə göndərilir. Təfəkkür, analizetmə və yüksək erudisiya qabiliyyətilə dünyanı dərk edən məktəblinin tədqiqatçılıq və axtarıcılıq qabiliyyəti, yaradıcılıq potensialı elə o illərdən üzə çıxır. İlk məqalələrindən biri olan "Mənim Rumıniya xatirələrim" maraqla qarşılanır və "Qırmızı bayraq" qəzetində dərc olunur. Bu yazını dünyaya yaradıcı baxışı özündə ehtiva edən ən kövrək və saf boyalarla əks olunan söz tablosu da hesab etmək olardı. Sevil Həsənovanın yaradıcı addımları bir yerdə dayanmır. O, ataların "yol gedənindir" hikmətini əsas götürür və bu sahədə addımını iti və iri atır. Sonrakı mərhələdə “Komsomol projektoru” qəzetinin redaktoru kimi fəaliyyət göstərir, müxtəlif mətbu orqanlarında, o cümlədən "Azərbaycan gəncləri" qəzetində çoxsaylı yazıları dərc olunur. Sevil Həsənova 1975-ci ildə BDU-nun Jurnalistika fakültəsinə daxil olur. Universitetə qəbul zamanı əsas imtahanlardan öncə şifahi və yazılı sınaqlardan keçmək lazım gəlir. Şifahi imtahan zamanı tarixdən verilən suala cavabı müəllimlərdən birinin diqqətini çəkir. Həmin müəllim üzünü imtahan verənlərə tərəf tutaraq: "Bax, jurnalistikaya belə tələbələr gəlməlidir", deyə bildirir. Gənc Sevil Həsənova sonradan biləcək ki, isti yay günündə qəlbinə sərinlik və rahatlıq gətirəcək həmin xoş sözlü, xoş çöhrəli fikirlərin müəllifi də, sənədlərini qəbul edən də professor Cahangir Məmmədli imiş. Yazılı imtahanda bu sahəyə marağın haradan yarandığını kövrək dillə, titrək əllə qələmə alarkən başı üzərində dayanan müəllimlərdən biri deyir: "Qızım, elə bu qaydada da davam elə". Və həmin müəllimi də Sevil Həsənova sonralar tanıyacaq və onun vaxtilə "Tərcümə, televiziya və radio jurnalistikası kafedrası"nın yaradıcısı Tofiq Rüstəmov olduğunu biləcəkdi.

Həmin vaxt yazdığı inşada bir cümləni isə indiyədək unutmayıb: "Jurnalist axtarışda olan kəşfiyyatçıdır". Qələmə aldığı inşanı hardasa məktəb vaxtı Rumıniyaya səfərilə də əlaqələndirir. Çünki oradan qayıdandan sonra, bu peşəyə həvəsi daha da artmışdır. Həmin səfərdə kurator və xeyli tanınmış jurnalın rəhbəri Tamara Vedina o qədər ürəyinə yatır ki, məktəbli Sevil gələcəkdə bu xanım kimi jurnalist olacağına söz verir. İllər ötür və Sevil Həsənova ədəbiyyat imtahanı zamanı rəhmətlik Nəriman Zeynalovla olan dialoqunu tez-tez xatırlayaraq deyir ki, "Vaqif" dramı və digər sualları bilməsi müəllimlərin xoşuna gəlir. Ondan — Qızım, orta təhsilini harada almısan, — deyə soruşan imtahan komissiyasına təfsilatlı şəkildə cavab verir və oxuduğu məktəbi, müəllimlərinin adını bir-bir sadalayır. Sinif rəhbərinin adını ucadan söyləyir. Ümumiyyətlə, Sevil Həsənova onun həyatında rolu olan (az-çox) heç kimi unutmur. Hər dəfə tələbəlik həyatından söz düşəndə fəxrlə deyir ki: Tofiq müəllim, Yalçın müəllim və digərləri mənə qayğısını əsirgəməyib. Bu halalzadəlik, əsilzadəlik Sevil Həsənova qanında həmişə dövr edir. Başqa bir dövr də zamanla əlaqəli olacaqdı: Süleyman Rüstəm dili ilə desək, "yel qanadlı illər ömürdən ged"əcək, Sevil Həsənovanı zəhmətilə kamala yetirən, dörd bir yanında nərgizlər, lalələr bitən Zaqatala şəhər 1 nömrəli tam orta məktəbi əlli ildən sonra öz doğmasını iki əlli bağrına basacaqdır. O, qəlbinin ən məhrəm dərinliyində yer alan ruha məlhəm sözlərini şirin və təsirli xatirə çələngi şəklində ömrünün məktəb illərinə ərməğan edəcək, əbədiyyətə qovuşan müəllimlərinin ruhuna ehtiramını, həyatda qalanlara sevgisini dilə gətirəcəkdi. Sevil Həsənova həmin görüşdə o zamandan bəri söylədiyi və heç vaxt unutmadığı fikirlərə yenidən qayıdır, həyatda qazandıqlarına görə orta və ali məktəb illərinə, o illərdə ona dərs deyən müəllimlərinə ehtiramını bildirir. Və bir də məktəb və tələbə yoldaşlarına... Çünki o, bir vaxtlar məktəb yoldaşları ilə əhd-peyman bağlamışdır. Universiteti bitirərkən tələbə yoldaşları, müəllim kollektivi də həmin əhd-peymana, sanki fərman veribmiş kimi: "Səni Universitetdə görmək arzusu ilə ayrılırıq" demişdilər. İndi Sevil Həsənova illərin ayrılığından sonra məktəb və tələbə yoldaşlarının arzusunu yerinə yetirərək, yəni Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin ilk qadın elmlər doktoru olaraq doğmalarının hüzurunda vədinə sadiq, üzü ağ, alnı açıq şəkildə dayanır. Ancaq bir dönəmlər idi ki, Sevil Həsənovanı qarşıda həyatın çətin sınaqları ilə üzbəüz qalmaq təhlükəsi gözləyirdi. Birinci sınaq onun Bakı Dövlət Universitetinin Jurnalistikasından uzaq düşəcəyinə, ikincisi, ali məktəbi bitirən anda müəyyən səbəblərə görə pedaqoji fəaliyyətlə məşğul ola bilməməsinə gətirib çıxara bilərdi. Və ən nəhayət sonuncusu böyük Hüseyn Cavid ruhu qarşısında mənəvi borcun çətin və şərəfli sınağı idi. Sevil Həsənova bu sınağı qutsal, müqəddəs adlandırır... Sevil Həsənova ziyalı ailəsində dünyaya göz açdığı üçün, hər iki valideynləri Azərbaycan Dövlət Darülfünunu bitirdiyinə görə, özünün də bilik yolu doğma Bakı Dövlət Universitetindən keçir. Bu da Tanrının işi idi. Fəqət, Sevil Həsənova vaxt-bivaxt yaddaşında bərq vuran o şirin anları — nağılabənzər xatirələri yada salır və deyir ki, həmin illər bacım Tibb Universitetində oxuyurdu. Bu mənada ailədə gənc Sevil Həsənovanın da həkim olmasını istəyirlər. Lakin o doğmalarına tibb ixtisasına sənəd verəcəyini deyərək, yolunu jurnalistikadan salır. Sonra həssas qəlbli həmin gənc doğmalarının könlünü almaq üçün belə bir qənaətə gələrək: "Ailəmdə fəlsəfə və ədəbiyyatı sevənlər də vardı. Mən də bu iki ixtisasın ortasında dayanan jurnalistikanı seçdim", deyə bildirir. Təhsil aldığı müddətcə Həmkarlar ittifaqının sədri seçilir. Bununla yanaşı Universiteti əla qiymətlərlə başa vurur. Təhsilini başa vurduqdan sonra gənc jurnalist kimi Azərbaycan Dövlət Televiziya və Radio verilişləri Komitəsində “Elmi-kütləvi və tədris proqramları” baş redaksiyasında redaktor, “Azərbaycantelefilm” yaradıcılıq birliyində böyük redaktor vəzifələrində çalışır. Onun ssenari müəllifi olduğu “Qabil”, “İki ömür” və s. televiziya filmləri izləyici rəğbəti qazanır. Doğrudan da, tam qətiyyətlə deyə bilərik ki, bu sahəyə Sevil Həsənovanı yuxarıda da qeyd etdiyimiz kimi, elə Tanrının özü gətirmişdi. Çünki sonralar ömür-gün yoldaşı ilə, məhz bu elm məbədində - Jurnalistika fakültəsində tanış olacaqdılar. Belə də olur. Həyat yoldaşı Elşad Həsənov 1979-cu ildə Jurnalistika fakültəsini bitirir və təyinatla Azərnəşrdə redaktor vəzifəsində çalışır. 1984-cü ildə Dövlət Təhlükəsizlik Xidmətində Heydər Əliyev ənənələrinin davam və inkişaf etdirilməsi naminə öz vəzifəsini layiqincə yerinə yetirir və 2011-ci ildə polkovnik rütbəsi ilə təqaüdə çıxır. Ardınca Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) nəzdində fəaliyyət göstərən "Bahar Energy" əməliyyat şirkətində vitse-prezident vəzifəsində çalışır və 2021-ci ildə təqaüdə çıxdıqdan sonra yenidən jurnalistika sahəsinə qayıdır, publisistik məqalələri ilə, həmçinin siyasi şərhçi, təhlükəsizlik üzrə ekspert kimi dövrü mətbuatda çıxış edir. Yaradıcı fəaliyyətinin nəticəsi kimi "Öncə Vətəndir" adlı kitabın müəllifidir. Elşad Həsənovun həyat yoluna nəzər salarkən əbədiyaşar Heydər Əliyevin fikirləri qəlbimizdə səslənir: "Təhlükəsizlik işçisi yüksək mədəniyyətli, keyfiyyətli işçi olmalıdır. Elə bir işçi ki, şairlə də, bəstəkarla da, yazıçı ilə də, alimlə də, adi vətəndaşla da danışa bilsin. Əgər belə olmasa, o, ağı qaradan, pisi yaxşıdan, cinayəti səhvdən, səhvi cinayətdən ayıra bilməz". Yuxarıda da qeyd etdiyimiz kimi, bu gün də Elşad Həsənov öz yaradıcı fəaliyyətini dövlətçilik ənənələrinin qorunması yolunda davam etdirir. Elşad Həsənov və Sevil Həsənovanın ədəbi-ictimai və pedaqoji fəaliyyətlə bərabər, deyərdik ki, ən böyük uğuru cəmiyyətə sağlam ruhlu, saf mənəviyyatlı və təhsilli 3 övlad, 6 nəvə yetişdirməsidir. Böyük müəllimimiz Şirməmməd Hüseynov demişkən: "Ailə saf olsa, millət də saf olar". Sevil Həsənovanın ən böyük mənəvi uğuru ictimai, mübaliğəsiz desək, bəşəri idi. O səbəbdən bəşəri ki, vaxt gələcək Hüseyn Cavid ideologiyası ilə böyüyən gənclər Qafqazda əmin-amanlıq yaradacaq, Vətən savaşında tək işğal altında qalan torpaqlarımızı deyil, eləcə də dünyanı erməni terrorundan xilas edəcəkdi. Bu mənada Sevil Həsənovanın jurnalist kimi Cavid Əfəndinin publisistikasını araşdırması onun qələm adamı olaraq milli ləyaqətindən, dövlətə, xalqa mənəvi sədaqətindən irəli gəlir. Bu məqamda istərdik və vacibdir ki, əbədiyaşar Heydər Əliyevin Hüseyn Cavid böyüklüyünə münasibətinə toxunaq: "Hüseyn Cavidin bütün yaradıcılığı, bütün fəaliyyəti Azərbaycan xalqının mədəniyyətini yüksəklərə qaldırmaqdan, xalqımızı azad, müstəqil xalq etməkdən ibarət olub. Onun bütün yaradıcılığı Azərbaycan xalqını milli azadlığa, müstəqilliyə çağırıb. O, həmişə öz iradəsi ilə yaşamış, öz iradəsinə, millətinə sadiq olmuşdur, millətini, xalqını həddindən artıq sevmiş və millətinə həddindən artıq xidmət edən bir insan olmuşdur”. Həqiqətən də Hüseyn Cavid bütün mənalarda təpədən-dırnağa qədər Azərbaycanlı idi. O, millət müəllimi idi. Maraqlıdır ki, Hüseyn Cavidin böyük qardaşı Şeyx Məhəmməd Ulu Öndər Heydər Əliyevin Naxçıvanda ilk ana dili müəllimi olmuşdur. Bu gün Sevil Həsənova həm pedaqoq kimi, həm də Cavidşünas alim olaraq yüksək ləyaqətlə öz fəaliyyətini davam etdirir. Təkcə müəllifin "Hüseyn Cavidin ədəbi-bədii irsi mətbuatda" monoqrafiyası dediklərimizə ən tutarlı dəlildir. Yadımızdadır ki, Sevil Həsənova monoqrafiyanın təqdimatından öncə böyük Hüseyn Cavidin Naxçıvanda, Bakıda ev-muzeyini, qəbrini ziyarət etdi. Həmin anlarda müəllifin daxili həyəcanı onun Vətəndaşlıq məsuliyyətindən irəli gəlirdi. Biz bunu təqdimat mərasimində də gördük. Müəllifin Cavid Əfəndiyə həsr etdiyi təsirli monoloqunu indi də xatırlayırıq. Çünki Sevil Həsənova bu işə ömür qoyub, canının şirəsini axıdıb. "Tədqiqatçı hər mövzunu jurnalist qələmi və ədəbiyyatçı qəlbilə təhlil edir, düşüncə süzgəcindən keçirir. Sevil Həsənova dövrün böyük romantik sənətkarlarından olan Hüseyn Cavidin realist(lərə) yanaşmasını "H.Cavidin füyuzatçılarla əlaqələri, fəlsəfi-siyasi düşüncələri və realistlərə münasibəti" başlıqlı araşdırmasında oxucuya çatdırır. Araşdırmada ədibin realist ədəbi məktəbin nümayəndələrinə, ələlxüsus da Mirzə Cəlil yaradıcılığına olan rəğbətini görürük" (bax: "Bütöv Azərbaycan" qəzeti, 06 oktyabr, 2023-cü il, səh., 8; Qərənfil Dünyaminqızı, Əsgər İsmayılov, "Monoqrafiyanın paradiqmatik quruluşu").
Ümumiyyətlə, Sevil Həsənovanın jurnalistika ilə bərabər ədəbiyyata da xüsusi marağı olub. Düşünsək ki, publisistika hər iki və bir-birinə yaxın sahənin tən ortasında dayanan janrdır, o zaman Sevil Həsənovanın qələmindən çıxan yazıların oxucu qəlbinə rahatlıqla yol tapmasının nəticəsi apaydındır. Hələ Universitet illərində elə dəhlizdəcə Sevil Həsənovadan imtahan götürür, hər üç suala cavab verən tələbəyə müəllimi tərəddüdsüz əla qiymət yazır. Sonralar müəllim-tələbə dilində belə bir ifadə yaranacaqdır: Qulu Xəlilov kimi əjdahaya cavab verən Sevil". Həqiqətən də Qulu Xəlilovun həqiqətdən yana olan qılınctək kəskin tənqidi, elmdə güzəştə getməməsi onun xasiyyətinə də hopmuşdur. Çünki əsl elm adamı idi. Burada onu yetişdirən mühitin də rolu vardır. Qərbi Azərbaycanda doğulması, Ağdamda uşaqlıq illərini keçirməsi və ən nəhayət Bakıda - Azərbaycan Dövlət Universitetində (BDU) püxtələşməsi. Hələ o zaman qismət elə gətirir ki, Qulu Xəlilov Sevil Həsənovanın diplom rəhbəri olur. Taleyin işinə bax, bu zaman da çalışdığı "Multimedia və elektron kommunikasiya kafedrası"nda rəhbər Qulu Məhərrəmlidir. Sevil Həsənova hər dəfə deyir ki, hər iki ziyalı Tanrının cəmiyyətə elm qismətidir. Və onların təkcə adları deyil, həm də qələmlərində, Vətənə, xalqa, peşələrinə olan sevgisində oxşarlıq vardır. Sevil Həsənova əsilzadəliyi ilə bərabər həm də halalzadədir. Xəmiri halallıqla yorulduğu üçün dünəni unutmur, yaxşılığı yaddaşdan silib atmır. O, hər dəfə elmi rəhbəri Şamil Vəliyevin ruhunu ehtiramla xatırlayır. Dərin kədər hissilə deyir ki, Şamil Vəliyev mənim professor adımı almağımı görmədi... Əziz oxucu, bu məqamdaca düşündük ki, kiçik bir haşiyə çıxaq: rəhmətlik Əbdüləzəl Dəmirçizadə universitetinin son kursunda oxuyarkən müəllimi professor Bəkir Çobanzadə onu rəhbərlik etdiyi dillər kafedrasında işə götürür. Ancaq Dəmirçizadə ailə məsələlərinə görə, doğma şəhərinə qayıtmağa məcbur olur. Üstündən zaman keçir. Bəkir müəllimin səyi nəticəsində Dəmirçizadəni aspiranturaya qəbul edirlər və o, müəllim kimi fəaliyyətə başlayır. Hardasa bu oxşarlığı müəyyən mənada Sevil Həsənovanın elm yolu ilə də müqayisə etmək olar. O da ailə məsələlərinə görə bir müddət elmdən uzaq qalır. Sonralar həyat yoldaşı Elşad Həsənovun mənəvi dəstəyi, ziyalı həmdəmliyi ilə elm yolunda Sevil Həsənova qarşısında yeni cığır açılır.

Elşad Həsənov bu işə ömür-gün yoldaşından daha çox düşüncə adamı kimi, hətta bir müəllim kimi, qardaş və dost kimi yanaşır. Buna səbəb idi ki, Sevil Həsənova bu yolda onunla birgə addımlayan ən başda Elşad Həsənov, professor Qulu Məhərrəmli, professor Allahverdi Məmmədli, dosent Sevinc Məmmədova, professor Abid Tahirli, Əməkdar jurnalist Qərənfil Dünyaminqızı və təbii ki, doğması qədər sevdiyi Zibeydə Mirzəyeva ismini hər dəfə böyük məhəbbət, intəhasız sayğıyla çəkir. Ona elm yolunda bələdçilik edən mürşidlərin, alimlərin qayğısını hər dəfə böyük qürurla dilə gətirir. Akademik Teymur Kərimli, akademik İsa Həbibbəyli, opponenti professor Cahangir Məmmədli, Tamella xanım Əliyeva, Rövşən Məmmədova bir ömür borclu olduğunu, onların təmənnasız yaxşılığını vurğulayır. Fikir, düşüncə adamları ilə işləməyi həyatının ən böyük uğuru sayır. Və ən böyük xoşbəxtliyi Jurnalistika fakültəsində ona vaxtilə dərs deyən müəllimlərlə çiyin-çiyinə çalışmağı, həmçinin "elmlər doktoru" adını məhz doğma Universitetində almasıdır. Sevil Həsənova buna görə Bakı Dövlət Universitetinin rektoru cənab Elçin Babayevə və Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğluya sonsuz təşəkkürünü bildirir. Və biz də Jurnalistika fakültəsi olaraq təşəkkürə can və könüldən qoşuluruq...

Qərənfil Dünyaminqızı, Əməkdar jurnalist
Əsgər İsmayılov, BDU Jurnalistika fakültəsinin tələbəsi


2-06-2024, 09:34
Cümşüd Nuriyev: ”Azərbaycan İngiltərə deyil”

Cümşüd Nuriyev: ”Azərbaycan İngiltərə deyil”

Bu sözləri siyasi elmlər doktoru Cümşüd Nuriyev İctimai Televiziyanın “Ziyalı mövqeyi” proqramında çıxışı zamanı deyib. Ölkənin yürütdüyü xarici siyasəti “Super” deyə, qiymətləndirən politoloq ölkə daxilində baş verən bəzi tendensiyalardan narahatlığını bildirib. Qeyd edib ki, Azərbaycan vətəndaşlarını ingilis dili bilmədiyi üçün işə qəbul etmirlər, bəzi hallar da hətta işdən çıxarırlar. Ali məktəblərdə ingiliscə dərs keçən müəllimlərə daha yüksək maaş verilir. Belə hallar yol verilməzdir. Amerika dünyanı öz dolları ilə, ingilislər dilləri ilə idarə etməyə şalışırlar. Bundan ciddi nəticə çıxarmaq, ölkə daxilində dilimizin inkişafına fikir vermək lazımdır.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!