Bakı metropoliteni gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək .....                        Vaşinqtondan Azərbaycanla bağlı VACİB MESAJ .....                        Xameneinin iqamətgahı yaxınlığında atışma - ÖLƏNLƏR VAR .....                        Trampdan İrana hücum siqnalı .....                        Toliklə Elgizin verilişinin bağlanması təklifinə RƏSMİ REAKSİYA .....                        Azərbaycanda 900 kənddə qaz yoxdur .....                        Tramp 62 illik rekordu yenilədi .....                        Gültəkin Hacıbəyli sərbəst buraxılıb .....                        Luvr muzeyinin direktoru istefa verib .....                       
2-12-2022, 20:32
Sadə bir məhəbbət nağılı

Eldar Məmmədbəyli


Sadə bir məhəbbət nağılı və ya məhəbbətə yeni yanaşmalar

Əziz oxucu! Hazırda qalmaqallar dünyasına çevrilən planetimizdə, bilmirəm nədənsə bu hekayəni yazmaq arzusuna düşdüm. Qısa bir yazı yazmaq istəyirdim, lakin mən qələmimin mirzəsi olduğumdan yazı bir az uzun alındı. Ətrafda kiminin inqilab, kiminin dünyanın yeni düzümü, kiminin kataklizm, kiminin öz hakimiyyətini l a a a p uzatmaq üçün yaranan imkan dövrü hesab etdiyi bir zamanda mən məhəbbət haqqında sadə dillə təqdim olunan bu yazını yazdım. İndi ətrafda hər şey elə sürətlə, elə amansızcasına dəyişir ki, baş verənləri anlamaq gücündən kənarda qalırsan. Müasir sivilizasiyaların indiki insanların arasında baş verən bu vəhşiliklərin, qırğınların, qəddarlığın qarşısını almaq iqtidarı yoxdur. Elmin indiki inkişafında insanların arasında baş verşn bu qaniçənliyin, amansızlığın qarşısını almaq yollarını tapmaq potensialı yoxdur. Hesab edirəm ki, bəşəriyyətin qarşısında yaranan bu həm uluslararası problemlər, həm ancaq allaha məxsus olan torpağı özünkü hesab edən ağıllı nadanların torpaq davası, dünyanın var-dövlətini müxtəlif valyutalara çevirənlərin, çirkli pulları yumaqla ofşor (offshore) banklara yerləşdirənlərin, yalanı, yaltaqlığı, satqınlığı özünə peşə edənlərin, bəşəriyyəti məhv etmək üçün nüvə silahlarını hazırlayanların, insanları məhv etmək üçün dəhşətli xəstəlik törədən mikrobları yaradanların qarşısını almaq üçün bəşəriyyət müasir sivilizasiyaları, dostluq və sülh yarada biləcək elmləri yaxşılığa doğru dəyişməlidir. Bəşəriyyət və cəmiyyət qansız yaşaya bilməz!!! Lakin ən az qanla, bu qədər sonsuz miqdarda tökülən qanların qarşısını ala biləcək dahilərin, qəhrəmanların yolunu gözləyirik.
Gəlin Allaha min dəfə dua edək ki, axırıncı peyğəmbər məsələsinə yenidən baxıb, insanları xilas edəcək nəhəngləri bəşəriyyətin köməyinə göndərsin!!!
Şairin dili ilə deyirəm:
Xudaya insanın halı yamandır,
Nələr çəkdiyimiz sənə əyandır.
Mənası varmıdır min təriqətin,
Aç-aç qapısını sən həqiqətin
Yazıqdır dünyanın cövhəri insan,
Böyüksən, adilsən keç günahından.

Əgər ömür ömür olsa dediyim bəlaların haqqında ayrı-ayrılıqda yazacağam. Indi isə əziz oxucu, sadə və anlaşıqlı bir dildə yazdığım bu yazını sizin mühakimənizə verirəm. Bu məhəbbət sizin fikirləşdiyiniz kimi mənim başıma gəlməyib, sadəcə olaraq, yazarın təxəyyülünün məhsuludur. Tanrı bəşəriyyətə və xalqımıza yar olsun!
Məhəbbət xatirələri, məhəbbət təranələri, bütövlükdə məhəbbət özü nədir? İnsanın məhəbbəti ən ülvi və ən yüksək, zərif təravətli, xoşa gələn hisslərdir. İkinci siqnal sisteminə məxsus hisslər. Yəni ancaq insana məxsus fikirlər. Siz nə danışırsınız? Kim deyir məhəbbət ancaq insanlara məxsusdur? Bütün canlı sistemlər: bitkilər, heyvanlar aləmi məhəbbət daşıyıcılarıdır. Bitki aləminin, bitki və heyvanlar aləminin qarşılıqlı məhəbbəti, dağların, daşların, qayaların, bulaqların, çayların bir-birinə məhəbbəti necə gözəldir, həmahəngdir.
Sən məni diskusiyaya çəkmə! Deyirsən ki, ən ülvi məhəbbət ilahi məhəbbətdir. Sonra qalan məhəbbət növlərini sıralayırsan. Sən insan düşüncəsinin azadlığını taptalayırsan. Bu azadlığı mənə Allah verib, sən hansı ixtiyarla mənim haqqıma girirsən.
Hardan gəldi mənim beynimə bu fikirlər, dünyanın bu qarışıq vaxtında. Oturmuşdum yazı stolunun arxasında. Bu anda çoxdan tanıdığım bir dostumun özününmü yoxsa yaxından tanıdığı bir kişinin məhəbbəti haqqında danışdığını xatırladım. O, belə söyləyirdi: institutu təzəcə bitirən cavan oğlan təyinatla bir rayona işləməyə gəlmişdi. O zaman təyinat var idi, təhsilin sonunda. Cəhənnəm olsun bütün təyinatlar. İnsanın təhsil illərindən sonra təyinatla işləməyə başladığı dövrün, ömrün digər çağlarından fərqlənən özəllikləri vardır. Əgər sən təhsil illərində özünə bir məhəbbət daşıyıcısını – “Məcnunun gözü ilə baxdığın Leylanı” tapmamısansa, sonrakı illərdə məhəbbət məsələsi bir az mürəkkəbləşir, yanaşmalar dəyişir. Həm də dünyanın gedişinə dair problemlərlə nisbi tanışlıq, informasiyalarla dop-dolu olan bu dünyaya baxışların dəyişməsi, insanın hər şeyi bəyənməməsi, özünəgüvənmə hallarının artması baş verir. Haqqında danışdığımız Tural adlı bu cavan oğlan təyinat yerində, rayonda aldığı əmək haqqı ilə babat dolanırdı. Bəllidir ki, subay və öz görkəminə görə diqqəti cəlb edən bu cavan ətrafında özünə maraq yarada bilmişdi, özəlliklə, yeniyetmə qızların arasında.
Öz mühəndislik fəaliyyəti ilə birlikdə o fəlsəfi kitablara, dünya və Azərbaycan klassiklərinin əsərlərinə nəzər salırdı, boş vaxtında. Füzulinin “Leyli və Məcnunu”, Dantenin “İlahi komediya” kitabını təkrar-təkrar oxuyurdu. Aman Tanrı, Məhəmməd Füzuli nə gözəl demişdir: “Eyb tutmağı hünər sayma! Şeirimə paxıllıq etməyi şüar eləmə! Bihudə hücum etdiyin yetər, əgər bacarırsansa cavab söylə! Hücumu və tərsliyi tərk elə, çünki bu yol cahillik yoludur. Həmişə xeyir söz danış, əgər xeyir demirsənsə, sus, lal ol”.
Bizim qəhrəmanımız Tural bəy bu qayda ilə yaşayırdı. O, burada uzun müddət yaşamaq niyyətində deyildi. Təyinat zamanını başa vurmaq, sonra Sovetlər Birliyinin böyük şəhərlərindən birinə getmək və orada özünə karyera, nüfuz qazanmaq, şərait yaratmaq yolu ilə hərəkət etmək gələcəyinin strategiyasını belə qəbul etmişdi. Burada sevgi və məhəbbət haqqında hər hansı düşüncəyə malik deyildi, ağlına belə gətirmirdi ki, həyatını burada qursun. Elə düşünürdü ki, bu ciddi həyat məsələsi haqqında, ancaq harada işləmək və daim yaşamaq qərarı olandan sonra düşünmək olardı.
Turalın işlədiyi bu yerdə onun atasının yaxın dostu, daha doğrusu uzaq-uzaq qohumu yaşayırdı. Bir gün atası ilə telefon danışığı zamanı bu yeni tanışla (onun adı Adil idi) görüşməyi məsləhət etdi. Tural bundan sonra bu qohumları ilə görüşüb tanış oldu. Daha sonra vaxtaşırı onların evinə gedib gəlirdi. Yavaş-yavaş qohumlarının ailəsi ilə tanışlıq yaranırdı. Bəlli oldu ki, onların bir qızı orta məktəbin axırıncı sinfində oxuyur. Adı Günel olan bu qız çox şən və hazırcavab idi. Yaxşı oxuyurdu, məktəbin əlaçı şagirdlərindən biri, bəlkə də birincisi idi.
Tural orta məktəbi qızıl medalla, institutu fərqlənmə diplomu ilə bitirmişdi. Texniki sənət sahibi – mühəndis olduğu üçün təbiətşünaslıq fənnlərini (bütövlükdə təbiət fənnlərini) əla bilirdi. Bununla yanaşı ədəbiyyat və azərbaycan dili fənnlərini də yaxşı mənimsədiyinə və zatən meyilli olduğuna görə bu sahədə kiməsə (hər hansı abituriyentə ) kömək etmək potensialına malik idi.
O dövrdə sosial münasibət, əxlaq, dinə qarşı münasibətlər indikindən xeyli dərəcədə fərqli idi. İstər tanışlıq, istərsə də məhəbbət məsələlərinə yanaşma prinsipləri başqa idi. Turalın gələcək ailə məsələsi və ya qaçılmaz məhəbbətə tuş olmaq sevdası heç ağlına belə gətirmirdi. Günellə onun yaşlarının yaxın olması da bu tanışlığın sonrakı inkişafı üçün bir zəmin yaradırdı. Tural orta məktəbə yaşından bir il əvvəl getmişdi. Xanım isə hansı səbəbdənsə məktəbə gec getmişdi. Günel çoxuşaqlı ailənin üzvü idi.
Sovetlər Birliyində rayon mərkəzində yaşayan çoxuşaqlı ailənin dolanması çox çətinliklə başa gəlirdi. Buna baxmayaraq ailənin üzvləri bütövlükdə nisbətən açıq və düzgün dünyagörüşə malik idi. Günel isə öz şuxluğuna, cəsarətliliyinə və yüksək dünyagörüşünə görə daha üstün yer tuturdu. Cavanlıq enerjisi, sağlam düşüncə, üstəlik idmançı görünüşü bu xanımı başqalarından fərqləndirirdi.
Boş vaxtlarında bu təzə tanışın evinə gedən Tural Günelin hansı sənət sahəsinə həvəsi olduğunu, hansı instituta daxil olmaq arzusunda olduğunu öyrənmək istəyirdi. Onu da demək istəyirəm ki, bu gənc oğlan yaşıllığı, təbiətin gözəlliyini çox sevirdi. İnsanların da ağlına, təfəkkürünə, mədəniyyətinə yüksək dəyər verirdi. Özündən razı, yekəxana, şöhrətsevən adamlardan xoşu gəlmirdi. Bunlarla yanaşı, qızların gözəlliyinə, bütövlükdə gözəlliyə laqeyid qalmırdı, maraqla seyr edirdi. Təbiidir ki, həyatında bəyəndiyi, meyilli olduğu qızlar da olmuşdu. Nədənsə bu məsələyə ciddi fikir verməmişdi və ya yaddaşında dərin iz buraxan əhvalat olmamışdı.
Tural hesab edirdi ki, ən ülvi, ən böyük, ən möhtəşəm məhəbbət Allaha olan məhəbbət – ilahi məhəbbətdir. Bəlkə elə ona görə ulu Tanrı məhəbbət əhlinin (əhli məhəbbət demirəm haa) zərif sözəbaxan, komfortabelli olmasını daha üstün bilmişdir.
Deyəsən mən (müəllif) öz zarafatabənzər fikirlərim ilə məqsəddən (expediency) uzaqlaşdım.
Tural axşamlar evdə tək olurdu. Demək olar ki, zamanın çoxunu o təklikdə keçirirdi. Bildiyimiz kimi belə hallarda insanın duyğuları kövrəkləşir, nə üçünsə darıxır, nə isə axtarır (ancaq qəlbində). Gündüzlər bayır paltarı geyinib çıxdığın kimi, psixoloji maskanı, mübarizə sifətini taxıb fəaliyyətə başlayırsan. Çoxları yalan və yaltaqlıq maskasını taxır sifətinə. Tural da bu anlarda kimləsə, onu başa düşəcək, anlayacaq bir insanla görüşmək, qonuşmaq istəyirdi. Bəzən bu romantik anlarda ondan güclü görünmək həvəsi yaranırdı. Lakin ötəri hisslər qısa bir zaman kəsiyindən sonra yox olurdu, kosmosa (bəlkə də ruhlar dünyasına) çəkilirdi. Bir gün o qəsəbələrin bir küçəsində təsadüfən Günellə rastlaşdı. Nə xoş təsadüf anlamı ildırım sürəti ilə beynindən keçdi. Sonra onlar yaxınlaşıb hal-əhval tutdular. Təhtəl-şüur olaraq insanların seyrək olduğu istiqamətdə yavaş-yavaş yürüməyə başladılar.
Söhbətin başlanğıcı əlbəttə təhsil haqqında və Günel hansı ixtisası seçdiyini və ya sonra seçəcəyi barədə qısa informasiya ilə başladı. Eləcə də, Günelin imtahanlara necə hazırlanması barəsində danışdılar. Tural elə bil ki, Güneldə yeni fikirlərin olması, müasir yanaşma, çoxlarına yad olan dünyagörüşün əlamətlərini hiss etməyə başladı. Beləcə şirin söhbət edə-edə qəsəbənin kənarında olan parka yaxınlaşdılar. Yol uzunu edilən söhbətdə Günelin seçdiyi ixtisas üzrə hansı fənnlərdən imtahan veriləcəyi aydınlaşdırıldı. Belə məlum oldu ki, həmin fənnlərdən Turalın başı yaxşı çıxır və bu hər ikisinin ürəyindən oldu. Bəlli oldu ki, Günel biologiya fakültəsinə daxil olmaq istəyir. Tibb sənəti ürəyinə çox yatırdı, lakin xəstələrə və həyati bitmiş insan cəsədinə toxunmaqdan necə qorxduğunu təsəvvür etmək belə çətin idi. Eybi yoxdur, biologiyada da elə tibbin özüdür deyə, özünə təsəlli verirdi. Elə bil hansı bir ilahi qüvvənin təsirindən bunların arasında söhbət çox cazibəli və xoşrəftar oldu. Söhbətin gedişində Tural onun cazibədar sifətinə və simmetrik bədən quruluşuna diqqət yetirirdi. O, düşünürdü ki, nədən bu xanımı belə diqqətlə seyr etmək istəyir. İri və nüfuzlu qara gözlər, uzun kipriklərlə əhatə olunmuşdu. Təzə doğulmuş aypara kimi qalın qaşlar enli alınla necə həmahəng görünürdü. Gözəlliyin də musiqi kimi notları var. Möcüzəli şəkildə sıraya düzülüb, nizamla yaşayır. Təbiətin rənga-rənkliyi necə parlaq şəkildə bərqərar olur. Gördüyü bu mənzərədən, aralarında gedən şirin söhbətdən Tural özünü başqa bir aləmə düşmüş kimi hiss edirdi.
Məhəbbətə yanaşmalar müxtəlif cür olur. Şərq aləmində bu məsələlər spesifik xüsusiyyətlərə malikdir. Bu aləmdə ilk məhəbbət (istərsə də son məhəbbət) şairlər və digər yazarların yaradıcılığında başqa cür verilir. Burada oğlanlar (kişilər) bir tərəf kimi yazıq (yalvaran) sürətində görünür. Ona görə də istər mahnılarda, istər də digər musiqi formalarında aşiqin səsi daha yazıq formada araya gəlir. Bu yazıqlıq Osmanlı türkiyəsinin musiqisində və İran muğamlarında daha çox hiss olunur. Azərbayacan muğamı daha oynaq, daha mübarizdir. Azərbaycanın bəzi bölgələrində aşıqların belə qəmgin havalarda harmoniyanı pozaraq xarici səs ve yersiz qəmli notlara – ağır musiqiyə yer verdikləri görünür.
Şeirlərdə, bayatılarda və digər folklor növlərində bu qəmgin aşiq obrazı çox qəribə görünür. Məsələn, Azərbaycan – Türk dünyasının əvəzsiz giqantı M. Füzulinin məhəbbət haqqındakı fikirləri normal yanaşmada qəribə görünür. Görün dahi şairin məhəbbətə münasibəti necədir: “Getdikcə nigarımın gözəlliyini artır, gəldikcə məni onun dərdinə daha betər mübtəla elə! Mən hara mənsəb-hörmət cəhdi hara. Məni yoxsulluq və yoxluq səadətinə çatdır. Hicrində bədənimi elə zəiflət ki, səba məni götürüb onun vəslinə yetirə bilsin”.
Zamanın tələbinə görə hamının və mənim (müəllifin) düşüncəmə görə bu istək belə olmalı idi: “Ya Rəbb, mənim gözəlliyimi artır, mənə var-dövlət qazanmağa imkan yarat, mənim ürəyimə təpər ver ki, çətinliklərlə layiqli mübarizə aparım, şərə qalib gəlim, qətiyyət ver ki, həmişə mübariz olum, bütün bunlara görə məni daha çox sevsinlər, yazıqları gəlməsin.”
Bizim nəhəng şairimiz Şəhriyar sevən oğlanı hansı obrazda görür və deyir: “Səni bir görmək üçün illərcə donquz otarıb məbədi - tərsayə gəlim! Məscidi buraxıb sənlə kəlisayə gəlim” və s.
Əziz oxucu! Görürəm, hiss edirəm, mənim fikrimə gülürsən, etiraz edirsən, qəzəblənirsən. Özün bilərsən! Amma mən hesab edirəm ki, hər şeydə, hər məsələdə , hətta aşiq-məşüq məsələsində belə Allahın bizə verdiyi fundamental hüququ qorumaq lazımdır. Yoxsa ədalət pozular, haqq öz yerini qoruya bilməz.
Görün, fərqli olaraq, Molla Pənah Vaqif necə gözəl sevdalaşma aparır, məhəbbət bazarında:
Əgər yarsan, gəl sarmaşaq qol-boyun
Durub daldalandan baxmağın nədir.
Yar deyilsən ayağın çək geri dur,
Canımı odlara yaxmağın nədir.

Nüsrət Kəsəmənli də sevən oğlanlara (kişilərə) məhəbbət məsələlərində özünü qorumağı və alçaltmamağı tövsiyə edirdi.
Xalq şairi adını ala bilməyən, amma xalqının şairi “Əcaib” ləqəbli Qiyas Vəkilov görün məhəbbət tamaşalarında qarşılaşdığı tərəfə (tərəfimuqabil yox) necə müraciət edir:
Sevdalı qəlbinə açaram təzə,
Bir sənsən dərdimə, a çaram, təzə
Saralmış bir güləm, açaram təzə,
Üzündən üzümə düşsə nəm incə.
Bütövlükdə, təbiətdə hər şey harmoniya əsasında qurulmuşdur. Ondan kənara çıxmaq “xaric” adlanır. Bu qızın sifəti necə ağdır, yanaqları necə qırmızıdır, saçları necə qaradır, qaşların düzülüşü və rəngi saçlarıyla həmahəng idi. Uzun qoşa hörüklərdə toplanmış bu saçları təkcə zil qara rəngi ilə seçilmirdi. Burada qara rəngin içərisində parlaqlığı ilə seçilən, bərq vuran rənglər təbiətin möcüzəli kompozisiyası kimi görünürdü.
Bütün danışıqlarda, fəlsəfi kateqoriyalarda, insan təfəkküründə təzadların ən geniş yayılmış misalı kimi meydana çıxan “ağ” və “qara” konsepsiyası bu qızın simasında necə uyğunlaşmışdı, dost olmuşdu, deyə düşünürdü, Tural. Həmişə düşüncəsində asimmetriya haqqında fikirləşən cavan oğlan Günelin timsalında bu həmahənglik, bir-birini tamamlayan çalarlar, fövqəlgözəllik içində, assimmetriyanın əlamətlərini tapa bilmirdi. Günelin bədən quruluşu da, simasının gözəlliyini, həmahəngliyini təkrar etdiyini müşahidə edirdi Tural.
Yaxşı sima, gözəl səs, ayrı-ayrı olanda belə, insanı özünə cəlb edir. Bunların birlikdə olması fərdə ən üstün gözəllik verir. Tural hiss edirdi ki, Günelin səsi, sözlərin ifadə tərzi, necə də gözəldir. Danışığında heç bir ləhcə hiss olunmayan bu xanım, azərbaycan-türk ləhcəsində necə gözəl danışırdı. Bu dilin incəlikləri onun danışığında necə gözəl şəkildə meydana çıxırdı. Kim bilir, bəlkə də Turala belə gəlirdi.
O həm də hiss edirdi ki, Günel yüksək yumor hissinə malik, qətiyyətli bir xanım təəssüratı yaradır.
Söhbətlərindən bəlli oldu ki, Günel ədəbiyyatı çox sevir, demək olar ki, dünya, azərbaycan klassiklərinin və cavan şairlərin əsərlərini oxumuşdur. Ancaq ali təhsilini biologiya ixtisası üzrə davam etdirmək istəyir. Sonda belə qərara gəldilər ki, Tural vaxtaşırı ona kömək etmək üçün onlara gəlsin. Beləcə şirin söhbətdən sonra ayrıldılar. Bir müddət Tural həftədə bir, bəzən iki dəfə müəyyən zaman kəsiyində onlara gəlirdi və imtahana düşən bütün fənnlər üzrə məşğul olurdular. Hər ikisi dərs məşğuliyyəti gününü səbirsizliklə gözləyirdilər ki, yenidən görüşsünlər.
Müəyyən müddət keçdikdən sonra Güneldə nəzərə çarpacaq dərəcədə dəyişikliklər əmələ gəlmişdi. (Elə bil onun gözəlliyində də cilalanma baş vermişdi) Daha həvəslə oxuyurdu.Turala gəldikdə isə, artıq ali savadlı, müəyyən dərəcədə formalaşmış olsa da onda da dəyişikliklər hiss olunurdu. Ədəbiyyat dərsinin məşqi zamanı qız şeirlər haqqında dəftərinə yazmışdı: “O, şeirləri elə sadəliklə zümzümə edirdi ki, mən onunla qətiyyən müqaisəyə gəlmirdim. Mən hər hansı şeri təzəcə söyləməyə başlarkən, o həmin şeri oxuyanda dayanıb heyrətlə ona qulaq asıram”. Tural belə düşünürdü: “Bəzən elə olur ki, tarix bizim qulağımıza incə səslə deyir ki, göz qabağında olmayan az görünən qadınları daha çox seviblər. Məşhur Dante bütün varlığı ilə sevdiyi Beatriça haqqında düz-əməlli bir şey bilmirdi, lakin onu necə sevirdi. Bəs necə? Məgər görmüsünüz “İlahi komediya” əsəri necə yarandı”.
Stendal deyirdi: “Qadınların ilahi gücü onların yoxluğunda, göz qabağında olmamasındadır”. Mənim işim daha çətindir, həmişə onunla kəllə-kəlləyə (frontal attack) gəlirəm - deyə fikirləşirdi Tural. Hələ bütün dünya, özəlliklə, azərbaycanlı yazarlar, Kafkanın məhəbbəti haqqında danışmağı özlərinə şərəf sayırlar. Mən hesab edirəm ki, onun məhəbbəti patoloji haldır, psixi xəstəlikdir. Onu heç yada salmaq lazım deyil! Elə mən də belə fikirləşirəm ( müəllif).
Son zamanlarda Turalın başı həm də ictimai işlərə çox qarışırdı. O dövrdə vəzifə, pul, şöhrət istəyənlər əsasən ictimai işlərlə uğur qazanırdılar (pioner, komsomol, kommunist fəaliyyəti).
Sonuncu həftədə Tural Günelgilə getməmişdi. İş yerində və ictimai işlərdən vaxt tapa bilmədiyi üçün darıxırdı. Turala işdə xəbər verdilər ki, qəsəbə orta məktəbində bir tədbir var və onu da bu tədbirə dəvət ediblər. O, qeyri-ixtiyari olaraq bu işə məmnun oldu. Bu tədbirdə Günellə görüşə bilmək imkanı yaranırdı. O da məlum idi ki, Günel də komsomol xətti ilə bu tədbirdə iştirak edəcəkdi. Onlar tədbirdə aktiv iştirak etdilər, sonra birgə Günelgilə getməyə qərar verdilər. Məktəbdən evə qədər xeyli məsafə var idi. Onlar bu yolu piyada getməyi qərarlaşdırdılar. Söhbət edə-edə yürüyərkən Tural fikir verirdi ki, ilk görüşlərindən sonra Güneldə nə qədər dəyişikliklər baş vermişdir. O xeyli ciddiləşmişdi, daha cazibədar olmuşdu. Danışıq tərzi daha rəvan görünürdü, daha qətiyyətli idi.
Birdən Tural soruşdu:
-Keçən dəfə ədəbiyyatdan biz M. Fizulinin “Leyli və Məcnun” poemasını keçmişdik. İndi sənə belə bir sualım var. Fizulinin Leylisi ilə Nizaminin Leylisi arasında hansı fərqi görürsən? Günel dedi:
-Nizaminin Leylisi daha qətiyyətli və diribaşdır.
Tural başı ilə təsdiq etdi.
Mənim (müəllifin) bu barədə tamam başqa və Əhməd Ağaoğlunun fikri ilə üst-üstə düşən fikirlərim vardır. Onu da qeyd edim ki, o dövrdə bu fikri söyləmək olmazdı (Sovetlər Birliyinin qılıncının dalı da kəsirdi qabağı da).
Şərqdə zamansız və məkansız nəzirə ədəbiyyatının baş alıb getdiyini və bunun ədəbi məfkurəyə həqiqi mənada heç bir yenilik gətirmədiyini vurğulayan Ağaoğlu, hətta ədəbiyyatımızın ən qüdrətli söz ustalarının yaradıcılığının da bu mənada istisna təşkil etmədiyini qeyd edir: “Aralarında bir neçə əsirlik mürür etdiyi halda müxtəlif mühitlərə mənsub şairlər, mühərrirlər eyni mövzunu almış və həyatı deyil, xəyalxanələrində qurmuş olduqları bir eşqi və o eşqi daşıyan tamamən mövhumi və xəyali insanları təsvir edə-edə gəlmişlər. Nizaminin “Leyli və Məcnun”-u ilə Fizulinin “Leyli və Məcnun”-u arasında nə fərq var? Söhbətin bu yöndə getməsində Günelin simasında bir utancaqlıq görünürdü, nədənsə. Sifətində bir allanma görünməklə, o daha gözəl görünməyə başlayırdı.
Başqa fənnlərdən də sorğu sual oldu. Onlar Günelgilin evinə yaxınlaşdılar. Tural vidalaşıb getmək istəyirdi. Günel onu evə dəvət etdi. Bu zaman ev sahibi bayıra çıxdı və təkidlə Turalı evə dəvət etdi. Bir stəkan çay içdilər və bir az söhbət etdikdən sonra Tural getməli oldu.
Evə gələndən sonra hiss etdi ki, bərk yorulmuşdur, yatmaq da istəmirdi. Uşaqlıqdan kofe içməyi sevirdi. Tünd kofe hazırlayıb, iki fincan içdi və uzanaraq fikrə daldı. Dünyada ilk məhəbbətin yayılmış və yazılmış klassik formalarını yaddaşında xatırlamağa çalışdı. Bu paradiqma kontekstində xəyali xatirələr diktafonunu açıb seyr etməyə başladı.
İlk məhəbbətindən çox əzablar çəkmiş, dünyalarca məşhur fizikaçı, Nobel mükafatı laureatı Mariya Skladovskaya bir daha heç kəsi sevməyəcəyinə and içmişdi. O, öz həyat proqramından məhəbbət və ərə getmək planlarını silmişdi. Bu zaman Sorbonnada 35 yaşlı, artıq tanınmış fizik Pyer Küri yaşayırdı. O deyirdi: “Yüksək təfəkkürlü, ağıllı qadınlar çox azdır, onları tapmaq çətindir”. Onlar tanış olmuşdular. Pyer Küri bu gözəl, vətənini sevən, istedadlı qadının qəlbini fəth edə bildi, evləndilər. Sonradan onların hər ikisi Nobel mükafatı aldılar. Pyer Mariya ilə onun vətəninə Polşaya (Varşavaya ) işləməyə gəldi. Ailə dünyanın ən tanınmış, məşhur ailələrindən birinə çevrildi. Pyer sonda bədbəxt bir hadisə nəticəsində həlak oldu. Onların iki qızı var idi. Böyük qızı Iren və onun həyat yoldaşı Frederik Jolio da Nobel mülafatı aldı. Əri öləndən sonra Mariyanın yetmiş yaşlı qayınatası onunla və nəvələri ilə bir evdə yaşadı. Mariya ona ömrünün son günlərinə qədər qulluq etdi. Əsl Şərq nümunəsidir, deyilmi?
Tural fikirləşdi ki, axı bəzi adamlar özlərinin xoşbəxtliyini qoçaqlıq ilə izah edir.
Sağlam düşüncəli bir adam bu səbatsız dünyada nikbin ola bilərmi? Bəlkə də siz özünüzü xoşbəxt sayırsınız, əslində isə, mən sizə deyirəm ki, siz də hamı kimi bədbəxtsiniz. V.Hüqonun “Bəs hardadır səadət” adlı gözəl bir şeiri var. O şeirdən aydin olur ki, insanların ötəri səadəti, əslində, müsibətlərin zun bir sırasıdır, vur-tut uzun bir sırası:
Biz bu yolu kədərlə adladıqca anladıq:
Beşik necə işıqlı!... Qəbir necə qaranlıq!...
Bəs hardadır səadət, harda? – sordum əlbəəl
-Onu sənə bəxş edən Tanrı idi, ay əfəl!
Bəli, bu səadəti sizə sadəcə olaraq Allah bəxş edib.

Azərbaycanın sevimli şairi B.Vahabzadənin məhəbbətə münasibətini aşağıdakı misralarında görmək olur:
Bütün arzularına zirvə mənəm, son mənəm,
Vüqarı neyləyirsən, sənin vüqarın mənəm.

Əsl Şərq yanaşması, əsl avtoritar, əsl zorakılıq yanaşması. Heç kim istəməz ki, kimsə onun vüqarı olsun, kimsə onun arzularına zirvə olmaq istəyirsə o bunu qəbul etməz.
Şair bilmirdimi əksəriyyət qadınlar, öz namusunu, qeyrətini, şəxsiyyətini təkcə ərinə görə yox, həm də böyüyüb başa çatdığı ailənin və qohumların, nüfuzuna görə qoruyur. Özünü başqasının vüqarı kimi görmək ən azı avtoritarizmdir. Allah hamını bərabər fundemental hüquq səviyyəsində yaradır.
Beləcə uzanaraq xatirələr içində uyuyurdu Tural. Bu nədir, nələr baş verir sakit, qətiyyətli və hər cür dolaşıqlıqdan uzaq bu cavan oğlanın beynində dolaşan bu təlatüm nədən baş verir. Mən deyirəm (müəllif) heç nə baş vermir onun beyinində, kiminsə əsrarəngiz sevgi aləminin qapısını döyməsi nəticəsində meydana çıxan adi bir fizioloji və psixoloji haldan başqa.
Tural öz fəaliyyətini beləcə davam etdirirdi: işə getmək, ictimai işlər, Günelə hazırlaşmaqda kömək etmək və ən əsası məhəbbət. Onların münasibətində yaxınlaşma artmışdı. Məşğələ zamanı onların bir-birinə bağlanması daha da artırdı, hər ikisi də hiss edirdilər ki, artıq bir-birini sevirlər. Günelin şagird yoldaşları (özəlliklə qızlar) onda olan dəyişikləri artıq hiss edirdilər. O, özü də bu dəyişiklikləri gizlətmirdi, zatən gizlətmək iqtidarında deyildi.
Buraxılış siniflərində oxuyan qızlar (onların arasında siniflərin həqiqi mənada gözəl və yaxşı oxuyan qızları) Günelin Turala olan münasibətini başa düşürdülər və bu haqda bir-biri ilə xəlvəti danışırdılar. Deyəsən ailə üzvləri də bunları hiss edirdilər. Adil kişi də bu məsələnin əleyhinə olmazdı. Gələcəkdə onların ailə qurması çox yaxşı olardı.
Yeni il bayramı münasibəti ilə şam ağacı budaqları ilə bəzədilmiş məktəbdə maarif şöbəsinin təşəbbüsü ilə tədbir keçirildi. Turalı da komsomol komitəsindən tədbirə kömək üçün göndərmişdilər. Məktəbli uşaqların iştirakı ilə xırda tamaşalar göstərilirdi. Gunel bu rollarda aktiv iştirak edirdi. Tədbirdən sonra onlar birlikdə Gunelgilə getdilər. Doğrudur onların arasında məhəbbətin açıq şəkildə elan edilməsi baş verməsə də bu mərhələ artıq keçilmişdi. Yolda gələcək həyat barəsində üstüörtülü danışırdılar. Sonrakı dövrlərdə onlar beləcə ya məşq zamanı ya da tədbirlərdə görüşürdülər. May ayının ortalarında bu qəsəbədə gözəl yaz havası gəlmişdi. Hər tərəf yaşıllığa bürünmüş, təbiət bu qəsəbədə özünü bütün gözəllikləri təşkil etməklə, biruzə verirdi.
May ayının ikinci yarısında buraxılış siniflərini yaxında təzə tikilən su elektrik stansiyasına ekskursiyaya aparmışdılar. Bu ekskursiyanın aparılmasını məktəbin fizika müəllimi ilə birlikdə ixtisaslı mühəndis kimi Turala tapşırmışdılar. Stansiya təbiətin ən gözəl bir guşəsində meşə ilə əhatə olunmuş bir yerdə tikilmişdi. Yaxından axan çaydan çəkilmiş kanal ətrafı daha da gözəlləşdirirdi. Yüksəklikdən sürətlə borunun içi ilə aşağı axan və hər şeyi hərəkətə gətirən dağ çayının suyu bu yerin möcüzəsi idi. Suyun axması ilə hərəkətə gələn generator, hərəkət enerjisini elektrik enerjisinə çevirən bu və digər aparatlar haqqında danışan Turala şagirdlər necə diqqətlə qulaq asırdılar. Onlar çoxlu suallar verirdilər. Xüsusən daha cəsarətli olan qızlar, bu incə və gözəl təbiətin qoynunda naz-qəmzə ilə, Güneldə ixtiyarsız qısqanclıq doğuran suallar, verirdilər. Bir məqamda Turalla Günel dəstədən müəyyən məsafədə aralı düşdülər. Bəlkə də onlar bilərəkdən belə etmişdilər. Bütün canlıların həyat ehtirasını hərəkətə gətirən baharın təsirtindənmi, ya ehtiraslı cavanlıq hisslərinin gücündənmi, yoxsa bu gözəl xanıma olan alovlu məhəbbətin təsirindənmi Tural hər şeyi unudaraq dedi: ”Günel mən sənsiz yaşaya bilmərəm”. Günel azacıq utancaq vəziyyətdə: ”Elə mən də Sizsiz” - deyib uzaqlaşdı. Bu anda Turalın yaddaşına şairin dediyi misralar düşdü:
Yer oynar büdrəməz ayağım mənim,
Ürəyim titrəyər, o gül əsəndə.


Poetik dildə necə sərrast deyilmişdir: Yerin titrəməsindən (zəlzələdən) ayağı büdrəməyən igidin ürəyi gül kimi zərif gözəlin baxışlarından titrəyir.
May ayı bitdi, imtahanlar başladı, məktəbdə Günelin valideynlərinə çatdırdılar ki, əla oxuduğuna, əla cavab verdiyinə və ictimai fəaliyyətinə görə ona qızıl medal düşür. Lakin maarif şöbəsinin və nazirliyin tələb etdiyi məbləği ödəmək lazımdır. (Müəllif: elə rüşvətlər həmişə olub, indi də çoxdur). Günelin valideynlərinin pulu olmadığına görə medalları pullu valideynləri olan digər şagirdlərə verdilər. Bundan sonra Günel avqust ayında Bakıda imtahan verib Universitetin biologiya fakültəsinə qəbul olundu.
Qəsəbədə Günelin instituta daxil olması münasibəti ilə ailəsi evlərində qonaqlıq təşkil etdi. Tural dərslərin məşqində ona o qədər effektli kömək etmişdi ki, qəbul imtahanlarının hamısında əla qiymətlər almışdı. Onu böyük məmnunluqla qonaqlığa dəvət etmişdilər. Ailə ona dərin minnətdarlığını bildirdi.
Sentyabrda dərslər başlayanda Günel Bakıya gəldi. Tural onunla əlaqə saxlayırdı, Bakıya gələndə görüşürdülər. Bu görüşlər zamanı Günelin boş vaxtında onlar Dənizkənarı bulvara və ya Dağüstü parka gəzməyə gedirdilər. Görüşlərin birində Nizami kinoteatrında ərəb kinolarının festivalında göstərilən filmlərə baxırdılar. “Sən mənə gözlərimdən əzizsən” filminə baxmışdılar. İki gəncin dərin məhəbbətinə aid bu film onlara çox təsir etmişdi. Günel gurultulu və şən tələbəlik həyatına tez alışmışdı.
Sonra Turalın təhsilinin artırmağına pəncərə yarandı. O, Leninqrada (Sankt-Peterburq) oxumağa getdi. Əlaqələr seyrəkləşirdi. Tural elmi işlərlə çox məşğul olduğundan vaxtı qalmırdı. Qaynar tələbəlik illəri, dərslər fəal ictimaiyətçi olan Günelin vaxtını tamamilə məşğul edirdi. O, qısa vaxtda tələbələrin sevimlisinə çevrilmişdi.
Tələbəliyin sonrakı illərində varlı ailədən olan bir tələbə ondan əl çəkmirdi, həmişə ətrafında fırlanır, hər istəyini yerinə yetirirdi. Şəhərin ən möhtəşəm yerində dəbdəbəli binada mənzilləri vardı bu oğlanın valideyinlərinin.
Yüksək dözüm, nizamlı xidmətlə Günelin rəğbətini qazana bildi hüquqşünas tələbə. Tural sonradan bu işlərdən xəbər tutdu. Baş verənləri sakitliklə qarşıladı. O, başa düşürdü ki, insanın taleyi, onun başına gələnlərin hamısı əvvəldən hazırlanıb. İnsanın əvvəli də, sonu da bəllidir. Atılıb düşməyin nə mənası var.
Zaman öz yolu ilə davam edirdi. Sonra Tural eşitmişdi ki, Günel onunla ailə qurub. Günel orta məktəbdə biologiya müəllimi işləyirdi. Həyat yoldaşı tez rəhmətə getmişdi. Deyilənlərə görə Günel çox müasirləşmiş, geyimində, danışığında, ədasında özünü avropalıya oxşatmağa çalışırmış, avropalılığı qəbul etməyənləri geridə qalmış adlandırırmış. Yaşı 65-ə çatandan sonra qaydaya görə təqaüdə çıxıb, tez-tez xarici ölkələrə turist gəzməyinə gedirdi.
Sovetlər Birliyi dağılmış, Azərbaycan müstəqillik qazanmışdı. Tural öz ixtisası üzrə professor olmuşdu. Bakıda dostları arasında nüfuzlu bir ağsaqqala çevrilmişdi. Bir dəfə uzaq qohumlarının birinin tədbirinə dəvət olunmuşdu. Bu məclisdə çoxdan görmədiyi tanışlarla görüşdü. Birdən nisbətən yaşlı, saçlarını çal şəkildə qarışıq rəngləmiş qadının səsi onu cəlb etdi. Diqqətlə baxarkən tanış siması olan bu qadının kim olduğunu yadına salmaq istədi. Onun danışığına, hərəkətlərinə diqqət edərək anladı ki, bu Güneldir. Tural onu diqqətlə seyr edirdi. Geyimində, danışığında ultra müasirlik var idi. Keçmişin dağlar ceyranı olan bu gözəl xanım necə dəyişilmişdi, yaşından çox qoca görünürdü. Sözlərində, hərəkətlərində bir sünilik görsənirdi. Mədəni xanım obrazında Turalla nəsə danışmağa çalışdı. Amma bu missiya alınmırdı. Təfəkkür, ağıl baxımından dünya standartlarına uyğun olan Tural əmiranə dedi: “Hörmətli xanım, mən eşitmişəm ki, siz qlobal dəyişikliyə məruz qalmısınız, ümid edirəm ki, bu dəyişiklik pozitiv tərəfdəndir. Yoxsa təkcə libası dəyişib, özünü avropalı kimi göstərmək mənasız, məqsədsiz bir şeydir”. Dağılışdılar. Turalın yadına aşıq Şəmşirin şeiri düşdü:
Səni qoca gördüm xəyalım çaşdı,
Mənim saqqalımın çal vədəsində.


30-11-2022, 09:31
MÜRSƏL QURBANOV TƏLTİF EDİLİB


MÜRSƏL QURBANOV TƏLTİF EDİLİB

Butov.az xəbər verir ki, Müvəkkil Hüquq Mərkəzindən Ordum.az-a daxil olan məlumata görə, Müvəkkil Hüquq Mərkəzi İdarə Heyətinin qərarı ilə müharibə iştirakçısı, ehtiyatda olan polkovnik-leytenat, Elm və Təhsil Nazirliyi Bakı Şəhər Baş Təhsil İdarəsinin əməkdaşı Mürsəl Qurbanov fəxri diplomla təltif edilib. Bu barədə təşkilatın sədri Səməd Vəkilov məlumat verib. S.Vəkilov bildirib ki, polkovnik-leytenat Mürsəl Qurbanov Qarabağ müharibəsi iştirakçılarının hüquqlarının təmin olunmasında fəal iştirakına görə fəxri diploma layiq görülüb.
29-11-2022, 20:35
TÜRK CƏNUBDA YENƏ ALDANACAQMI?

Şapur Qasimi


TÜRK CƏNUBDA YENƏ ALDANACAQMI?

Bu günlərdə elektron informasiya vasitələrində bir nəfər türk əsilli adamın Tehranın molla rejimi aradan götürüldükdən sonra Tehranda hakimiyyətə gətiriləcəyi barədə səthi və ötəri bir məlumat yayıldı. Bu məlumat anında məni o qədər narahat edib, bunun mahiyyətini düşünməyə vadar etdi ki, hətta onun adı və soyadına da fikir vermədim. Çünki, bu hazırda bu ölkədə baş verənlərin əsas rejissorunun hakimiyyətə gətiriləcək şəxsin türkəsilli olduğunu qabartmaqla bu gün İran adlanan ərazidə yaşayan millətlər içərisində çoxluq təşkil edən millətin TÜRKLƏR olduğunu dəqiq bilir. Yəni, həmin adamın hakimiyyətə gətirilməsində türk millətini maraqlandırmağa, bununla birlikdə türk milli maraqlarının təmin edilməsinin arxa plana keçirilməsinə hesablanıb. 1925-ci ildə ingilislər Türk Qacarları qanunsuz hərbi çevriliş vasitəsilə devirib mehtərbaşı Rza Pəhləvini şah elan edərək onu şovinist fars dövlətininə çevirdikdən sonra rejimin bütün fəaliyyəti bu ərazidə TÜRK MƏNLİYİNİN məhvinə köklənib mövcud olduğu 53 il ərzində türklərin iqtisadi-ictimai inkişafını yüz ildən çox geri ata bilsə də onu məhv edə bilmədi. Əksinə 1978-ct il inqilabında Pəhləvi rejiminin məzarını qazanlar məhz türk milləti oldu. Lakin şahlıq rejiminin türk milli mənliyinin məhvinə yönəli sərt siyasəti, ilk növbədə türk dilində təhsilin, mədəniyyətin, mətbuatın və türk milli şüurunu oyaq saxlaya biləcək bütün amillərə mütləq olaraq qadağa qoydu. Türk əhalinin mütləq əksəriyyətinin – hətta fars dilində belə təhsil almasına imkanı olmadığından savadsız qalıb nəinki dünyada, hətta ölkə daxilində baş verib, mətbuatda işıqlandırılan prosses və hadisələrdən xəbər tutmayaraq qəflətdə qalması saxlanılması idi. Bununla yanaşı türk şahlarının günahı üzündən ölkədə ideoloji sahədə fars şovinist milli ideologiyası olan şübiyyəçiliyin (şiəliyin) hər bir türk insanının zehnində tam hegemon ideoloji durumu Pəhləvi rejiminin zülmündən qurtaran və özünün şəxsi və milli azadlığını əldə etməyin yolunu bilməyən kütləni ölkəni öz nəzarəti altına almağa çalışan rusların və ingilislərin köməyilə hakimiyyətə gətirilən R.Homeyni və onun molla dəstəsinin ardınca getməyə sövq etdi.
İstər 1945-ci ildə S.C.Pişəvərinin qurduğu Cənubi Azərbaycan Demokratik Respublikası dövründə şahlıq rejimi, istərsə də 1978-ci il inqilabında inqilabın aparıcı və hərəkətverici qüvvəsinin Azərbaycan türklərinin olmasına baxmayaraq R.Homeyni Azərbaycan türklərinə muxtariyyət vəd etsə də Tehran rejimi öz mövqeyini möhkəmlədən kimi türk milli mübarizəsinin öndərlərini məhv etməklə türklərin milli azadlıq hərəkatının muxtariyyət tələbini neytrallaşdırdı. Bu gün İran adlanan coğrafiyada türk milli azadlıq mübarizəsinin taleyini hər hansı bir türk əsilli siyasətçinin hakimiyyətə gəlməsinə bağlamaq cəhdi bu günkü prosesləri idarə edən baş rejissorun senarisində nəinki ölkədə, hətta Cənubi Azərbaycanda belə müstəqil türk dövlətinin qurulmasının nəzərdə tutulmadığını sübut edir.
Hakimiyyəti ələ keçirən fars şovinizmi 97 il, xüsusilə son 43 illik molla rejimi dövründə də türklərin mütləq çoxluq təşkil etdiyi ərazidərdə süni şəkildə fəlakətli ekoloji, iqtisadi durum yaratmaqla, bəzən müxtəlif bəhanələrlə kobud zor vasitəsilə türkləri kütləvi şəkildə öz torpaqlarından köçürmüşdür, Cənubi Azərbaycana məxsus torpaqların çox böyük bir hissəsini başqa millətlərin nisbətən çoxluq təşkil etdikləri inzibati ərazilərə qatmışlar. Azərbaycan türklərinin müqavimət potensialını zəiflətmək, həm də Azərbaycan İran adlanan dövlətdən ayrılmaq istədiyi halda onun torpaqlarının və əhalisinin çoxu başqa inzibati ərazidə qalması üzündən Azərbaycan türkləri ilə başqa millətlər arasında siyasi və hüquqi müstəvidə qarşıdurmalar və toqquşmaların labüdlüyünü hədəfləmişlər. İran adlanan coğrafiyada kiçik, lokal ərazilərdə son bir neçə yüz il ərzində kürdlər, farslar, bəluclar və s. azsaylı millətlər yaşasa da 1274 ildən bəri bu gün İran coğrafiyası deyilən torpaqlarda TÜRK DÖVLƏTLƏRİ mövcud olmuşdur. Bu da o deməkdir ki, bu ərazi tarixi türk milli əraziləridir və bu ərazidə ancaq TÜRK MİLLİ DÖVLƏTİ BƏRPA edilməlidir. Bunun da yeganə mümkün yolu bu ərazidə mövcud olacaq dövlətin DÖVLƏT DİLİ TÜRK DİLİ olmasıdır. Tehranın molla rejimi hər hansı, o cümlədən hətta kapitalist istehsal üsuluna əsaslanan dünyəvi dövlət quruluşu ilə əvəzlənərək yenə fars dövlətinin mövcudluğunun federalizm inzibati sistemilə birlikdə saxlanılıb qorunması belə, bu coğrafiyada azlıq təşkil edib, öz milli torpaqları olmayıb, türk milli ərazilərində yaşayan farsların, öz milli torpaqlarında yaşayıb çoxluq təşkil edən türkləri milli azadlığına, milli hüquqlarına təcavüz etməsi deməkdir.
Beləki, bu ölkədə əhalinin 53,1 faizini öz doğma milli torpaqlarında yaşayan türklər, əhalinin qalan 46,9 faizini isə türk milli ərazilərində yaşayan və əhalinin 16,2 faizini farslar, 3,6 faizini kürdlər, qalan hissəsini isə bəluclar, lorlar və s. daxil olmaqla yeddi millətin nümayəndələri təşkil edir. Hətta bu ölkə milli nişanələrinə görə federativ subyektlərə bölünərək hər federasiya subyektində bu millətlərin dili rəsmi dil elan edilmiş olsa belə, birincisi, Cənubi Azərbaycanın ərazisinin və bu ərazilərlə birlikdə əhalisinin çoxunun başqa milli inzibati ərazilərə verildiyi səbəbindən ölkənin türk əhalisinin 44,1 faizi öz milli ərazilərində yaşadığı halda, yenə də milli hüququn əsas elementi olan öz dilində təhsil, mətbuat, mədəniyyət hüququnu itirməklə bərabər bütün türklər öz milli ərazisində milli dövlətinə malik olmaq hüququnu itirməklə özgə millətin əsarətində yaşamış olurlar.
Elektron KİV-ndə Tehranda “Türk əsilli” birisinin hakimiyyətə gətiriləcəyi barədə yayılan məlumat bir tərəfdən türk əhalinin buna rəyi və reaksiyasını müəyyən etmək üçün zondaj olub, digər tərəfdən proseslərin baş rejissorunun “Türk əsilli” şüarı ilə türk çoxluğunun öz əli ilə molla hakimiyyətini “türk əsilli” başqa fars hakimiyyəti, fars dövləti ilə əvəzləmək niyyətini ortaya qoyur. Çünki, yüzillərlə çalışaraq türk imperiyalarını parçalayıb, türk dövlətlərini çökdürərək türk millətini öz əsarəti və nəzarəti altına alanların heç biri türk millətinin bütövləşib, türk dövlətlərinin birləşib nəhəng TURAN dövləti bayrağı altında öz milli və şəxsi hüquqlarına sahib olaraq inkişaf etməsini istəmirlər. Lakin tarixin təkərini geriyə döndərmək mümkün deyil. Bununla belə tarixi proseslərin hansı məzmunda, hansı sürətlə inkişaf etməsi də başqa zəruri amillərin olması ilə yanaşı bu proseslərə insanların zor vasitəsilə müdaxilə etməsinə də möhğacdır. Hər bir cəmiyyətdə baş verən ictimai hadisə və proseslərə bələd olan hər kəs bilir ki, ən zərif və zərgərliklə dəqiq düşünülmüş siyasət belə zor amili mövcud olmadan reallaşdırıla bilməz. K.Marks da yazırdı ki, – “Vaxtı çatmış ictimai hadisələrin baş verməsi üçün zor mamaça rolunu oynayır”.
Bir vaxt Kiprdə yunanlar türkləri qıranda da bütün Avropa, ABŞ, SSRİ nəinki bu qırğının dayandırılması üçün heç bir cəhd göstərmədi, hətta hamısı bu dəhşətli qırğına susmaqla bundan məmnunluqlarını ortaya qoydular. O zaman Türkiyənin baş naziri olan BÜLƏNT ECEVİTİN iradəsilə Türkiyə Kiprə qoşun yeridib Kiprdə türklərə qarşı edilən bu qətliamı dayandırdı. O vaxtdan bu günədək həmin ölkələr nəinki Kipr türklərinə, eləcə də Türkiyəyə qarşı antitürk əməllərini davam etdirməkdədir. Onlar 97 il ərzində İran adlanan Qacar yurdunda da fars şovinist faşizminin ölkədə bu ərazinin həqiqi sahibləri olub, əhalinin çoxluğunu təşkil edən türklərə qarşı daim qətliam siyasətinə lal, kar, kor qalmaqla antitürk varlıqlarını nümayiş etdirirlər. Ölkədə gedən proseslərin bütün çalarları ABŞ və onun müttəfiqləri olan Avropa ölkələrinin bu coğrafiyada çulunu dəyişmiş fars şovinizminin mənafeinə uyğun olaraq fars dövlətini qoruyub saxlamaqla, azadlığı türk dünyasını bütövləşdirə biləcək cənub türklərini yenə də fars şovinizminin əsarətində saxlamaqla türk millətini, türk dövlətlərini parçalanmış halda saxlamaqla daim onların özlərindən asılılığını təmin etmək istəyini göstərir. Buna görə də TÜRK DÖVLƏTLƏRİ TƏŞKİLATI Qacar yurdunda gedən prosesləri XÜSUSİ DİQQƏT MƏRKƏZİNDƏ saxlayaraq orada baş verənlərə hər an siyasi, diplomatik müdaxilə edib, anında HƏRBİ MÜDAXİLƏ ETMƏYƏ daim hazır olmalıdır. Bu gün QACAR YURDUNUN TALEYİ özünün fövqəladə strateji əhəmiyyətinə görə bütün türk dünyası üçün əsas və həlledici əhəmiyyətə malikdir.
Krım məsələsi Ukrayna məsələsi ilə birlikdə Rusiya və Qərb arasında həll ediləcək. O məsələyə indiki zamanda nə Türkiyə, nə də Türk Dövlətləri Təşkilatı hər hansı bir əhəmiyyətli dərəcədə təsir göstərmək imkanında deyil və buna elə bir ciddi ehtiyac da yoxdur. Qarabağ məsələsi də əsasən həll edilib. Yerdə qalanı da təfərrüatdır və bu təfərrüatın da tezliklə tam və qəti həll edilməsinin açarı Qacar yurdunda TÜRK DÖVLƏTİNİN BƏRPA EDİLMƏSİDİR. Bu həm də Kərkük, Mosul, Zəngəzur, Göyçə, Borçalı türkləri və s. türk torpaqlarının azadlığı prosesinin başlanğıcıdır. Sadaladığım və sadalamadığım bir sıra səbəblərdən Qacar yurdunun taleyi məsələsi bütün türk dünyasının gələcək taleyini həll edəcək bir məsələ olmaqla bu ərazidə TÜRK DÖVLƏTİNİN bərpa edilməsi türk millətinin bir millət olaraq OLUM YA ÖLÜM məsələsidir. Bu məsələnin həll edilməsində Türk Dövlətləri Təşkilatına daxil olan dövlətlərin dövlət başçılarının münasibəti və qəbul etdiyi qərarları onların şəxsən hər birində Atatürk mətinliyinin, Ecevit cəsarətinin və türk milli mənliyinə sədaqətinin dərəcəsi ilə bərabər kim olduğunu ortaya qoyacaq. Türk dövlətlərinin sadə vətəndaşlarına gəldikdə isə türk millətinin cəsurluğunu, vətənpərvərliyini, cəngavərliyini min illərin tarixi sübut etdiyindən, bunu sübut etməyə ehtiyac yoxdur. Son Qarabağ döyüşündə erməni qoşununda 10 min FƏRARİ olduğu halda, AZƏRBAYCAN qoşununda BİR NƏFƏR BELƏ FƏRARİ OLMAMASI, hətta Azərbaycana vətən deyən talış, ləzgi, yəhudi, rus və s. millətlərin nümayəndələrinin nümayiş etdirdiyi qəhrəmanlıq sübut edir ki, Qacar yurdunun türk oğulları ilə birlikdə tərkibində sadaladığım millətlərin nümayəndələri də olan vahid TURAN ORDUSU şovinist fars faşizmini məhv edərək son 97 il ərzində Qacar yurdunda törətdikləri vəhşi cinayətlərinə əbədi olaraq son qoyacaq. “Meşə çaqqalsız olmaz” deyib türk aqilləri. Ocaqnəjadın 10-15 nəfər yala hürən sandıqtulalarını çıxmaq şərti ilə 9-dan 90-a Şimali Azərbaycan KİŞİLƏRİ fars faşizmi ilə bu müqəddəs müharibəyə tam hazır vəziyyətdədir.

İndiyədək Tehranın fars faşizminin baş nökəri olan Ə.Xameneinin məsləhətçisi Ə.Vilayətinin şəxsən özü, İ.Rəisinin, M.Rezainin, Tehranın şovinist fars rejiminin parlament üzvlərinin “Ermənistanın sərhədləri Tehranın qırmızı xəttidir”, “Erməni ilə fars bir millət iki dövlətdir”, “Qarabağa girməliyik” və s. hədyanlarını eşitmişik. Tehranın 30 il ərzində ermənilərlə birlikdə Azərbaycana qarşı bütün sahələrdə etdiyi düşmənçiliklər, Ocaqnəjadın Tehranın Bakıdakı səfirliyinin aktiv iştirakı ilə Şimali Azərbaycanda casus və terrorçu şəbəkə yaradıb terror hadisələri törətməsi, 97 il ərzində fars faşizminin, xüsusilə son 43 ildə molla faşizminin Cənubi Azərbaycan türklərinə qarşı törətdikləri irimiqyaslı vəhşi cinayətləri Vilayətinin bir anda unudaraq “Azərbaycan xalqı gözümüzün işığıdır” deməsi, “tülkünün həccə getməsi”dir, fars şovinizmini qaçılmaz ölümdən qurtarmaq üçün edilən cəhddir.
"Bütöv Azərbaycan" qəzeti üçün
28-11-2022, 06:43
Zindanda işgəncələr səngimir

Zindanda işgəncələr səngimir

Güney Azərbaycandakı mənbələrimizdən Butov.az-a verilən məlumata görə, Binablı gənc Ümid Ağacaniyə zindanda işgəncə veirilib.
Şərqi Azərbaycan əyalətinin Binab şəhərindən olan 22 yaşlı gənc Ümid Ağacaninin işgəncə edildiyi və vəhşicəsinə döyüldüyü bildirilir. Güneyli fəalların verdiyi məlumata görə, hazırda Marağa zindanında saxlanılan Ağacani 20 noyabr axşam saatlarında işdən evə qayıdarkən təhlükəsizlik məmurları tərəfindən həbs edilib.
Ümidin yaxınlarının dediyinə görə, o, heç bir aksiyaya qoşulmadığı halda onun etiraz aksiyalarının liderlərindən biri olduğu barədə ondan məcburi etiraf almaq istəyirlər.
26-11-2022, 15:04
Prezident soydaşlarımızla bağlı strategiyanı bəyan etdi…

Butov.az xəbər verir ki, Əliyev Cənubi Azərbaycanla bağlı mesajlar verdi və Tehran rejiminin Azərbaycana qarşı hücumlarından sonra ilk dəfə bu qədər açıq danışaraq, hər şeyi öz adı ilə adlandırdı.

Birincisi, Arazın o tayındakı soydaşlarımızın Azərbaycan xalqının bir hissəsi olduğunu bəyan etdi: bundan öncəki çıxışlarında onlar haqda “40 milyon soydaşımız” deyə bəhs etmişdi, indi “İranda yaşayan azərbaycanlılar” adlandırmaqla daha da konkretləşdirdi;
İkincisi, “İranda yaşayan azərbaycanlıların müdafiəsi üçün əlimizdən gələni edəcəyik” sözləri ilə Azərbaycanın xarici siyasətində Cənubi Azərbaycan istiqamətini elan etdi: Bakı cənubdakı azərbaycanlıların müdafiəsini üzərinə götürür;
Üçüncüsü, soydaşlarımızın müdafiəsi üçün hansı addımların atılacağının da mesajını verdi: Bakı cənubdakı soydaşlarımızın ana dilində təhsil almaq hüququnun təmin edilməsi uğrunda mübarizəyə dəstək verəcək.
Mümkündür ki, bu istiqamətdə iş həm beynəlxalq müstəvidə, həm də Arazın bu tayında davamlı olaraq aparılacaq. Əliyevin bu çıxışı eyni zamanda, cənubdakı soydaşlarımızı ana dili və milli kimlik uğrunda mübarizəni daha güclü şəkildə aparmağa sövq edəcək.
Prezidentin İranla bağlı dediklərindən çıxan ümumi nəticə belədir: məsələ epizodik xarakter daşımır və Tehranla münasibətlərin mümkün normallaşması cənubdakı soydaşlarımızın hüquqlarının müdafiəsini arxa plana keçirməyəcək; əksinə, rəsmi Bakı bundan sonra İranla münasibətlərə soydaşlarımızın ana dilində təhsil alma hüququnu əsas punktlardan biri olaraq daxil edə bilər.
25-11-2022, 07:27
“Sənət bir terapiyadır”.

“Sənət bir terapiyadır”.

Gənc rəssam, sənətşünas və sənət terapisti Turan Bağırova ilə müsahibə:
- Gəlin, biz sadə sualdan başlayaq: Necə oldu rəssamlığı seçdiniz?
- Mən orta məktəbi Respublika İncəsənət Gimnaziyasında oxumuşam. O məktəbdə oxumaq üçün bir ixtisas seçimi gərəkli olduğu üçün mən də rəssamlığı seçdim və beləliklə rəssam olmaq yolunda ilk addımlarımı atdım. Bu yolu seçdiyim üçün hazırda çox xoşbəxtəm.
-Şərq xalqlarının çoxəsrlik incəsənət tarixinin ən maraqlı səhifələrindən biri dini rəsmlərin çəkilməsidir. Bu bizdə az müraciət olunan sahədir. Marağınız və müəlliminiz haqqında?

-Rəsm çəkməyi, boyaları, fırçaları çox sevirdim, amma buna baxmayaraq illərdi axtarışda idim. Təsviri incəsənətin demək olar ki, hər növü ilə maraqlanmışam, amma yenə də sırf məni qane edənin nə olduğunu tapa bilmirdim. Belə oldu ki, mən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının nəzdində olan İncəsənət kollecində pedaqoji fəaliyyətə başladım və mənə miniatür sənəti dərsini verdilər. Proqramım ilə tanış olanda orda kalliqrafiya sənətini gördüm və dedim budur. Mən kalliqrafiya və rəngkarlığı sintez edib, istədiyimi edə bilərəm. Ərəb əlifbasını öyrənməyə başladım və fikirləşdim ki, bunu davam etdirmək üçün bir motivasiya lazımdır. Məqsəd qoydum ki, bu mövzuda sərgi edəcəm. 6 ay ərzində işlərimi tam hazır etdim və sərgim çox gözəl oldu. Məncə hər bir şeyin öz zamanı var və mən də nə istədiyimi bu yaşımda tapdım. Onu da qeyd edim ki, kalliqrafiya üzrə müəllimim olmayıb.

-Müasir dövrdə kalliqrafiya sənətinin rəssamlıq tarixindəki yeri haqqında nə deyə bilərsiniz?
-Kalliqrafiya ta qədimdən bəri var olan bir sənətdir. Xəttatlıq qədər qədimdir və xəttatlığın daha kamil formasıdır demək olar, bəlkə də. Çox təəssüf ki, müasir dövrdə az istifadə olunur. Rəngkarlıq və kalliqrafiyanın sintezindən ibarət sərgim Azərbaycanda ilk dəfə idi. Rəssamlıq aləmində və mediada da bu belə qeyd edildi. Çox şükür, mən bunu bacardım. İnşallah, məndən sonra gələnlər üçün açıq yol olar.
-Rəssamlar üçün tükənməz ilham qaynağı rolunu oynayan nələrsə olur. Sizin ilham qaynağınız nədir? Nədən təsirlənirsiz? İdeyaları nədən götürürsüz?
-Mən hər bir şeydən ilham ala bilərəm. Ümumiyyətlə çox araşdıran, çox oxuyan biriyəm. Hər zaman özümə bir ilham qaynağı yaradıram, həvəsdən düşməyə qoymuram özümü. Tələbələrimə də hər zaman deyirəm ki, qəti, məndə alınmır deməyin, ən sevmədiyim sözdür.
-Milliyyətcə İspan olan Fransa rəssamı, heykəltaraşı, keramisti və dizayneri Pablo Pikasso deyirdi: “Sənət gündəlik həyatın tozunu ruhdan təmizləyir”. Siz necə düşünürsüz?

- Pablo Pikasso sevdiyim rəssamlardan biridir. Çox düzdür. Sənət bir terapiyadır və mənim fikrimcə bacarığından asılı olmayaraq hər bir insan hansısa bir sənət növü ilə məşğul olmalıdır.
- Əsərin hansısa rəng tоnunda işlənilməsi оnun məzmunundan asılı оlaraq dəyişir, yoxsa necə?
-Rənglərin bir birinə uyumluluğunu mən çox sevirəm və rəsmlərimdə ona çox önəm verirəm. Mənim fikrimcə, rəsm sənəti azaddır. Deyə bilmərəm ki, hər zaman və hər kəsdə məzmundan asılıdır, hər rəssamın özünəməxsus bir yolu var.
- Coğrafi mövqeyinə görə, Azərbaycan müxtəlif mədəni cərəyanların qovuşduğu yerdir. Klassik Şərq mədəniyyəti, müasir Avropa dəyərləri bizdə sintez oluna bilir. Sizin yaradıcılığınız, şübhəsiz ki, Şərq mədəniyyətini təmsil edir. Amma ona müasir traktovka verməyi düşünürsünüzmü və bunu nə ilə realizə etmək olar?
- Bəli, mən elə onu edirəm. Kaliqrafiyanı müasir rəngkarlıq üzərində tətbiq edirəm və bunu çox sevirəm. Sizin bunu dəyərləndirməyinizi, müəllif kimi uğurum hesab edirəm.
- Hələlik ən yeni işiniz olan “Əsmayi-hüsna” marağımızı çəkdi. Gələcək üçün planlarınız?
Cavab: “Əsmayi-hüsna” ilk işləmək istədiyim işlərdən idi, lakin çox vaxt apardığından sərgiyə kimi çatmaz deyə onu saxladım. Sərgidən sonra işləməyə başladım və 3 aya hazır oldu. Allahın 99 ismi var. Bunlar bir yerdə Əsmayi-hüsna (ən gözəl adlar) adlanır. Gələcək planlarım çoxdur. İnşallah həyata keçirmək qismət olar. Arzularımdan biri- Kəbəni ziyarət etmək və canlı olaraq rəsmini çəkməkdir.
-Son olaraq bu yolda sizə kim dəstək olub və kimlərə borclusunuz?
- Nəinki bu yolda, həyatımın hər anında yanımda olan mənə ən əsası mənəvi dəstək olan anamdır. Allaha çox şükürlər olsun ki, belə bir anaya sahibəm. Ətrafımda mənə dəstək olan insanlardan biri də Universitetdə rəsm müəllimim olmuş Elnarə xanımdır, illərdir dəstəyini əsirgəmir. Mənə dəstək olan, yanımda olan hər kəsə təşəkkürümü bildirirəm!

Qeyd edək ki, Bağırova Turan İlham qızı İncəsənət Gimnaziyasının rəssamlıq fakultəsini bitirib. Mədəniyyət və İncəsənət Universitetinin qrim rəssamı fakültəsində təhsilini davam etdirib. Rəssamlıq Akademiyasının Sənətşünaslıq fakultəsinin magistratura pilləsini uğurla tamamlayıb. Hazırda Rəssamlıq Akademiyasının nəzdində İncəsənət kollecində pedaqoji fəaliyyət göstərir. Əlavə olaraq da öz rəsm kursu var. Rəssam, sənətşünas və sənət terapisti kimi biliklərini daha yeni nəsilə öyrədir.
Səadət Bəhmənqızı,
Teleradio Akademiyasının müdavimi
25-11-2022, 07:16
Pərvin Etisami yaradıcılığında təmsil


Pərvin Etisami yaradıcılığında təmsil

XXəsr farsdilli Azərbyacan şeirinin görkəmli nümayəndəsi Pərvin Etisami mədəniyyət və sənət ocağı olan Təbrizdə doğulub və orada böyüyüb boya- başa çatmışdır. Bu sənətkar qadın haqqında çox sözlər yazılmış, çox xatirələr çap olunmuşdur. Onun şeirlərini çap etdirən, əsərləri haqqında fikir söyləyən məlliflər Azərbaycanın bu humanist və istedadlı şairəsinin ədəbi, ictimai-siyasi mühiti, onun ailəsi, doğulduğu yer, dünyaya göz açdığı, böyüyüb boya-başa çatdığı şərait, şəxsiyyətinin formalaşmasında mühüm rol oynamış şəxsiyyətlər barədəətraflı məlumat vermişlər. Belə müəlliflərdən biri olan Qulamhüseyn Təkmil Humayun Pərvin Etisamiyə həsr etdiyi və “Ettelat” qəzetində çap etdirdiyi məqaləsində yazır: “Pərvin öz dövrünün saleh və inanc sahibi olan insanıdır. Hər bir şairin, yazıçının və ya sənətkarın düşüncəsini anlamaq üçün, şübhəsiz ki, həmin şəxsiyyətin, xüsusilə sənətkarın formalaşmasında bir qəlib rolu oynamış dövrün ictimai, siyasi, mədəni durumunu öyrənmək lazımdır. Belə ki, sənət fərdin, yaxud cəmiyyətə mənsub olan fərdlərin fərziyyə və düşüncə məhsuludur. Təbii ki, ictimai mühitin təsiri olmadan sənətkar ,formalaşmır”.
Pərvin Yusif qızı Etisami şəmsi tarixlə 1285-ci il isfənd ayının 25-də (M. 16 fevral 1906-cı il) Təbrizin Şeşgilan məhəlləsində əsil-nəcabətli bir ailədə dünyaya göz açmışdır.
Pərvin elə bir ildə dünyaya gəlmişdir ki, bu ildə İran xalaqlarının, xüsusilə İranın tərkibində Azərbaycan xalqının səyi ilə Müzəffərəddin şah konstitusiya elan etməyə məcbur olmuşdur. Bu illərdə (1906-1908-ci illər nəzərdə tutulur – M.M.) Təbriz əhalisi şahlıq rejimi olan istibdadla üz-üzə durmuş, demokratiyanın əsaslarının yaradılması, azadlıq və qanunun aliliyi uğrunda gecə-gündüz mübarizə aparmışdır. Bu mübarizənin nəticəsi olaraq Məhəmmədəli şahın əmri ilə 1287-ci il tir ayınını 2-də (M.1908, iyun) Milli Şura Məclisini topa tutmasından sonra qəhrəman Təbriz xalqı ayağa qalxır. On bir ay amansız döyüşdən sonra İranda yenicə pərvəriş tapmağa başlayan azadlıq və Nəsirəddin şahın atası Müzəffərəddin şahın imzası elan olunan konstitusiya tamamilə məhv olmaqdan xilas oldu.
Bir çox tədqiqatlarda Pərvin Etisaminin atası Yusif Etisamülmülk və onun övladına təsiri haqqında danışılmışdır. Lakin Pərvinin tərbiyəsində müstəsna xidmətləri olan anası haqqında az deyilmişdir. Əslində övladın, xüsusilə qız uşağının üzərində ananın təsiri atadan çox olur. Pərvin Etisami də anasının əli altında böyümüşdür, onun təsiri və tərbiyəsi ilə mədəni Azərbaycan qadınının simvoluna çevrilmişdir. Təsadüfi deyildir ki, Pərvin anasının ona təsiri, anasının şəxsiyyəti, analıq məqamı haqqında çox saylı şeirlər yazmış, anasını həm bir insan, həm də tərbiyəçi kimi yüksək dəyərləndirmişdir.
Şeirlərinin birində o belə deyir:

Ananın ətəyi uşağın ilk məktəbidir.
Nadan ana necə alim uşaq böyüdər? (sətri tərcümə).

Pərvin Etisaminin anası İxtiyarüllmülk xanım Nəsrəddin şah dövrünün natiq və katiblərindən olan, Qəvamüddövlə adı ilə tanınan Mirzə Əbdülhüseyn Şuri Bəxşayeşin qızı idi. Şuri təhsilini Təbriz və Tehranda almışdı. Onun rəvan təbi və yaxşı xətti var idi. O, 1316-cı ildə (M. 1937) Təbrizdə vəfat etmişdir. Onun Qulaməli xan və Həsən xan iki oğlu, Xədicə Sultan və İxtiyarülmülk adlı iki qızı var idi.
Şeirlərində “Şuri” təxəllüsü ilə yanaşı “Qəvvam” təxəllüsündən də istifadə edən Şuri Bəxşayeşinin divanının bir nüsxəsi Təbriz Milli Kitabxanasında 3661 nömrəsi ilə saxlanılır. Bu divana 9 qəsidə, 193 qəzəl, 4 müsəmmət, 1 tərcihbənd, 3 təzmin, 3 məsnəvi, 11 rübai və 1 saqinamə daxildir”. S.4

Şuri Bəxşayişi fars dilində qəzəllər yazdığı kimi, Azərbaycan türkcəsində də qəzəllər yazmışdır.
Beləliklə, göründüyü kimi, Pərvinin anası mötəbər bir kişinin qızı olmuş və Pərvin ədəbiyyatsevər bir azərbaycanlı ailəsində böyümüşdür. Onun atası da dövrünün şair və ədiblərindən biri olmuşdur. Pərvin şairlik xislətini ana nəslindən irs olaraq almış və şairlik sənətini göylərə ucaltmışdır.
Pərvinin atası Yusif Etisamülmülk də 1253-cü ildə (M.1874) Təbrizdə dünyaya gəlmişdir. O, bu şəhərin sənətsevər mühitində böyük bir ədəbi və mədəni şəxsiyyətə çevrilmişdir. Fransız, türk, ərəb dillərini yüksək səviyyədə bilmiş, fars dili və ədəbiyyatına bir alim qədər bələd olmuşdur.
Təbii olaraq Pərvin kimi istedadlı bir uşaq belə bir sənətsevər mühitdə, belə bir mədəni ailədə elə tərbiyə olunub ki, gələcəkdə dünya səviyyəli bir insana çevrilib. O, hələ yeniyetmə yaşlarından atasının yanında böyük şair və yazıçılarla tanış olmuşdur və özü də uşaqlıqdan şeir yazmağı təcrübə etmişdir. Atası Yusif Etisami Pərvin haqqında demişdir:
“Pərvin xanım üslub, şəxsiyyət, fəlsəfi fikir, əxlaqi ifadə baxımından digərlərindən fərqlənməyi bacarmışdır. Pərvinin şeiri ovqat, əhval şeiri olamayıb fərdi deyil. Onun şeiri böyük tərbiyə, zarafat, əxlaq şeiridir. Onun şeiri nəğmədir, məhəbbət ruhiyyəsidir, duyğu, fəzilətdir. Onun şeiri çalışqanlıq, əməl, razılıq, fəalliq nəğməsidir. Bu şeirlər oyaqlıq, salehlik, xilas nəğməsidir.” s.14,16,19
Pərvin Etisaminin şəxsi taleyi ugursuz olmuşdur. Belə ki, o, 1934- cü ilin yayında atasının əmisi oğlu ilə evlənmiş, ömrünün sonuna qədər ailə qurmamış özünü bütünlükdə, şeir, sənət yolunda fəda etmişdir. O, 1941-ci ilin mart ayında vəfat etmiş. Qum şəhərində atası Yusif Etisamülmülkün məzarı yanında dəfn olunmuşdur.
Səməd Sərdarinaiya qeyd edir ki, bu fəzilətli şairə haqqında bir çox şairlər, o cümlədən ustad Şəhriyar diqqətə layiq olan əsərlər yaratmışlar.
P.Etisami poeziyası barədə yüksək fikirdə olan S.Ə.Kəsrəvi “Ədəbiyyat haqqında” adlı əsərində yazır: “Məşrutə hərəkatından sonrakı dövrdə həyatın poeziya qarşısına qoyduğu tələblərə öz yaradıcılığı ilə cavab verən şairlərdən biri Pərvin Etisamidir… O, yüksək fikirlər ifadə edən şerlər yazmış, beləliklə dərin məzmunlu, səmimi və dolğun əsərləri ilə xalq ruhunun tərcümanına çevrilmişdir”.
F.ü.e.d, professor İslam Qəribli doğru olaraq qeyd edir: “feodal mütləqiyyətinin ədalətsiz qanunları qarşısında məzlum kökə salınmış, qazandığının ondan birinə sahib olmağa belə hüquqi olmayan kəndlinin-rəncbərin taleyi P.Etisami şeirinin əsas mövzularındandır. s.136-137
“Pərvin yaradıcılığını əhatəli və sistemli şəkildə təhlil edən Sevil xanım Novruzova Pərvin haqqında indiyə qədər söylənmiş mülahizələr tənqidi surətdə nəzərdən keçirilmiş, onun fars poeziyasında mövqeyi müəyyənləşdirilmiş, şairənin həyatı və yaradıcılığı işıqlandırılmışdır. Pərvinin kədərli həyatı şairənin öz şeirləri və habelə onun müəllimlərinin, ailə üzvlərinin xatirələri əsasında və eyni zamanda dövründə baş verən ictimai-siyasi hadisələrlə əlaqəli şəkildə öyrənilmiş, elmi tərcümeyi-halı verilmişdir”
Mürtəce qüvvələrin və ictimai bərabərsizliyin kəskin tənqidi şairin təmsillərində ustalıqla verilmişdir.
Fars ədəbiyyatında Pərvin qədər gözəl, dərin mənalı təmsil yazan ikinci bir şair göstərmək çox çətindir, bu mənada o, nəinki öz dövrünün, hətta öz xalqının yeganəsidir. Təmsillər şairin yaradıcılığının böyük bir qismini əhatə edir. Satirik və nəsihətamiz məzmunlu, təsviri xarakter daşıyan, həcmcə o qədər də böyük olmayan 100-dən artıq təmsilində Pərvin qarşısına qoyduğu məqsədi yığcam şəkildə, poetik ümumiləşdirmələrlə verə bilmişdir. Heyvan, bitki və əşyaları nitqləndirməklə şair tənqid hədəfinə atəş açır. Oxucu isə istər-istəməz şeirdə kimlərin tənqid olunmasını dərhal başa düşür. Pərvinin məharəti də ondadır ki, qarşısına qoyduğu məqsəd və mənanı elə təsvir edir ki, o məsələnin həqiqəti bizim gözümüz qarşısında canlanır. Şairin təmsilləri həmişə nəsihətamiz nəticə ilə qurtarır.
Pərvin Etisaminin təmsilləri çox dərin, siyasi, ictimai, əxlaqi qiymətə malikdir.
Məlumdur ki, təmsilin tarixi hər bir xalqın ədəbiyyat tarixi qədər qədimdir, Təmsilə müraciət olunmamış ədəbiyyat tapmaq çətindir. Qədim zamanlardan başlayaraq nəbatat, heyvanat aləmindən və təbiətdən aldıqları əhvalatlarda insanlar öz həyat və yaşayışının bu və ya digər cəhətini ifadə etmişdir. Hər bir xalqın nağıl, dastan və məsəllərində heyvanlarla, nəbatat və təbiətlə bağlı təşbehlərə rast gəlmək olar. Xalq öz nağıl və məsəllərində söhbəti zahirən it və çaqqallar, tülkü və canavarlar, ağac və otlar haqqında salsa da, əslində insan həyatının bu və ya digər hadisəsini əks edir və həmişə müəyyən ibrətamiz nəticə ilə qurtarır. Çox zaman bu nağıl və misallar, maraqlı və əyləncəli səciyyə daşısa da, həmişə çox mənalı və məzmunlu olur. Onlarda insan həyatının bu və ya digər nöqsanı göstərilir. Hər hansı hadisə istehzaya qoyulur və mütləq müəyyən bir əxlaqi nəticə çıxarılır. Məsələn, “it-itin ayağını basmaz”, “ilan-ilanı vurmaz” və s. yüzlərcə bu tipli məsəllər heç də yalnız itə, ilana aid deyildir. Bu məsəllər dərhal bizim fikrimizdə geniş mənalar və təsəvvürlər oyadır. Biz bunlardan anlayırıq ki, yəni eyni təbiətli və xasiyyətli insanlar bir-birinin günah və qüsurunu deməzlər.
Pərvin Etisami təmsillərini yazarkən heyvanların timsalında ictimai mühitin hansı bir qüvvəsin isə tənqid etməyi nəzərdə tuturdu. Xalq isə təsvir edilən tülkü, ayı, keçi, bülbül və b. timsalında kimlərin tənqid olunmasını çox yaxşı başa düşürdü. Böyük rus təmsilçisi Krılovun “Tülkü və qarğa” təmsilində heyvanlar, Sabirin “Ağacların bəhsi” təmsilində ağaclar, yenə də Krılovun “Balıq şorbası” təmsilində qonaq və ev yiyəsi, Q.B.Zakirin və S.Ə.Şirvaninin qiymətli təmsillərində təsvir edildiyi kimi, şair də bu yolla dövrünün yaramazlıqlarını, ictimai quruluşun çirkinliklərini, hakimlərin özbaşınalıqlarını, rüşvətxorluqlarını, fırıldaqlarını satirik bir qələmlə ifşa edir.
Pərvin Etisaminin təmsilləri onun dövrü, mühiti və yaşadığı cəmiyyətdəki ədalətsizliyi və s. məsələləri ifşa etmək işinə xidmət edən yüksək, bədii formada yazılmış, ictimai məzmun cəhətdən zəngin əsərlərdir.
Gövhərin qiyməti, Uzaqgörən ana, Ey pişik, Bülbül və qarışqa, Ox və kaman, Tuti və şəkər, Bez və almaz, Dağ və saman, Qurd və it, Qurd və çoban, Gül və tikan, Qarışqa və ilan və s. təmsilləri bu cəhətdən xüsusilə maraqlıdır.
“Şairin humanizm hissləri ilə bağlı olan ibrətamiz təmsillərindən biri də Uzaqgörən ana əsəridir. Bu əsər toyuğun cücələrinə nəsihəti ilə başlayır. Toyuq balalarına deyir ki, artıq iş vaxtı yetişmişdir, boş gəzmək əbəsdir. Odur ki, azuqə, dən tapmaq üçün tədbir görməlisiniz, zəhmət çəkməsəniz, heç kəs sizə dən verməz, mənsiz heç yerə getməyin, hər yer yırtıcı quşlarla, ov yerləri isə ox və kamanla doludur. Azacıq ruzi ilə kifayətlənin. Artıq tamahın zərəri çoxdur. Heç vaxt ruzi üçün yadlara əl açmayın. Sizə bacardığım nəsihəti etdim. Məndən deməkdirsə, sizdən də nəsihətə əməl etməkdir .s.44
Əsərin qısa məzmunundan aydın olur ki, “Uzaqgörən ana” şeirində toyuğun timsalında şair zəmanəsinin insanlarını veyil-veyil gəzməkdən, mənasız həyat sürməkdən, tamahkarlıqdan çəkindirməyə çağırır. Toyuğun öz cücələrinə üz tutub avara-avara gəzməməyi, vaxtında özlərinə dən tapmağı, az ruzi ilə kifayətlənməyi və s. tövsiyə etməsi adi bir məişət məsələsi çərçivəsində qalmayıb, ictimai məna kəsb edir. Şair tövsiyə etmək istəyir ki, insanlar yadlara ağız açmaqdan, asılı olmaqdan daşınmalı, həyatda yalnız öz zəhmətinin bəhrəsi ilə yaşamalı, başqasının əməyindən sui-istifadə etməməlidir.
Pərvin Etisaminin Tamahkarlıq tapdağı şeiri də aşıladığı nəsihətamiz fikirlərə görə maraqlıdır. Müəllif əsərdə göstərir ki, bir qarışqa cüssəli, qüvvətli filə həsəd aparır. O özü də fil kimi olmaq arzusundadır və daima buna can atır. Fil onun arzusunu yersiz hesab edir və bu fikirdən daşınmağı məsləhət bilir. Lakin qarışqa təmənnasından əl çəkmir. Bir gün filin ardınca gedir, birdən filin ayağı altında qalır, həm özü, həm də arzusu puç olur.
Əlbəttə, şair burada qarışqanın timsalında qürrələnən, dikbaşlıq göstərən, özündən müştəbeh və son dərəcə razı adamların aqibətini, yersiz və saxta hisslərin qurbanı olmasını göstərir. Qarışqa qüdrət və qüvvət cəhətdən səviyyəsinə əsla çata bilmədiyi fillə rəqabətə girir və axırda məhv olub gedir.
Şair göstərir ki, qüvvəsi çatmadığı, bacarmadığı sənət və məqam dalınca qaçan adamların da aqibəti qarışqanın aqibəti kimi olacaqdır.
Pərvin Etisaminin təmsillər vasitəsilə təbliğ etdiyi bəşəri fikirlər, ali qayələr onu bir əxlaq mürəbbisi səviyyəsinə yüksəltmişdir.
Pərvinin elə bir təmsilini tapmaq olmaz ki, o, öz oxucusuna təzadlı bir səhnə təsvir etməsin. Bu səhnədə oxucu nəyisə sevməyə, nəyəsə nifrət etməyə, nəyəsə nail olmağa, nədənsə çəkinməyə bilmir. Oxucu mənəvi saflaşma prosesi keçirməli olur. Pərvin Etisamini müasir İran poeziyasında təmsil ustası kimi şöhrətləndirən və onun poeziyasına həyalilik verən başlıca amillər hər şeydən əvvəl məhz bunlarla bağlıdır.
Şairin Dağılmış yuva əsərinə diqqət yetirək. Bu əsərdə bir quşun sərgüzəşti verilmişdir. Pərvin burada göstərir ki, səhər çağı bir quş yuvasından dən və azuqə toplamaq üçün çəmənə uçur. Çəməndən bostana, bostandan bağa uçaraq gülləri və meyvəni dimdikləyir. Nəhayət, yorulub yatır. Zalım ovçu yatmış quşu vurub yaralayır və onu evə gətirib uşaqlarına verir. Elə ki, səhər açılır, quşun balaları analarını yuvada görmür. Deməli, artıq quşların anası məhv olmuşdur. O gündən etibarən rahat, işıqlı yuva ruzigarın pisliyi üzündən xaraba qalır və bir daha abad olmur.
Müəllif təmsil vasitəsilə təlqin etmək istədiyi fikri poetik şəkildə öz oxucusuna belə çatdırır:
“Dünyanın qoca saqisi bir piyalənin
Qanla dolu olduğunu görüb sevindi,
Bir əl üstə tor qurdu,
Bir başı o tora saldı,
Bir rahat ailəni dağıtdı.
Bir kitabın şirazəsini qırdı.
Zülmün baltası ilə bir rişəni kəsdi.
Fitnə ilə bir qapını bağladı.
Neçə uşağın boğazına qan axıtdı.
Bir ananın büsatını pozdu.
Məgər o ovçunun övladı yox idimi?”
Burada şair insanları ədalətə, kimsənin evini yıxmamağa, zülmə əl atmamağa, insan qədrini bilməyə, həyatda qəddar olmamağa çağırır. Ovçu tərəfindən bir quşun yuvasının viran olması və vurulması onun balalarının anasız qalmasına səbəb olur. Bu təmsildə şairin “məgər o ovçunun övladı yox idimi?” bədii sualı nə qədər dərin təsir bağışlayır. Axı ovçu öz balalarına azuqə tapmağa getdiyi kimi, ovçu tərəfindən vurulmuş o quş da öz balaları üçün azuqə və dən gətirməyə getmişdi. Şair bunu ictimai şəraitlə əlaqələndirir, çünki insan həyatının, güzəranının xoş keçməsi onu əhatə edən mühitdən asılıdır. Mühitdə olan çatışmamazlıq insanların birinin-digərini məhv etməsinə gətirib çıxarır.
Pərvinin bu təmsili İranın ictimai mühitində baş verən haqsızlığın simvolu kimi görünür. Ovçunun evi - istibdad yuvası olan bir mühitin, rəhmsiz ovçu - müstəbidlərin, ana quş-haqqı tapdalanan millətin, zindanlara atılmış, zəkasının, fikrinin gücü ilə, azadlıq arzusu ilə quş kimi qanadlanan, bir parça çörək qazanıb, ailəsini, uşaqlarını dolandırmaq üçün məşəqqətli həyat sürən zəhmətkeş insanların rəmzi təsirini bağışlayır.
Pərvin öz təmsillərində ailə məsələsini cəmiyyətin ayrılmaz, üzvi bir məsələsi kimi qoyur. Bakir mənəviyyat, təmiz əxlaq, əməyə məhəbbət kimi nəcib sifətlər ailə tərbiyəsinin əsasını təşkil edir. Şair qəflət yuxusuna gedərək hər şeyə biganə olmağı pisləyir. Həyatda mübarizliyi, dünyaya ayıq nəzərlə baxmağı tövsiyə edir. Bu cəhətdən şairin Ey quşcuğaz şeiri səciyyəvidir.
Müəllifin bu təmsilində kiçik bir quşa xitabən deyilir ki, ey quşcuğaz, uçmağı öyrən, nə vaxta kimi uşaqlıq hərəkətləri edəcəksən? Bilməlisən ki, sən həyata tabe olmamalısan, həyat sənə tabe olmalıdır. Gündüzlər su və dən fikrində ol, gecələr isə istirahət etməyi öyrən. Bir gün olacaq ki, sən də öz yeniyetmələrin üçün rahatlıq yaradacaqsan. Nəhayət quş bövüyür və çəmənənliyə gedib yuva tikmək üçün çör-çöp gətirir. Bir müddət yuvada məskən salandan sonra balalayır və onları özünün mehriban qanadları altına alır. Quş körpə balalarını pərvazlandırır, onlara uçuş qaydalarını öyrədir. Həyatın hər məşəqqətindən, fitnəsindən qoruyur. Ana quş balalarına iş günündə həyətdə avara-avara gəzməməyi, bağlarda, çəmənlərdə vaxtsız uçmamağı məsləhət görür. Həyatda çox zəhmət çəkən ana öz təcrübəsini balalarına öyrədir.
“Ey quşcuğaz” təmsilinin yuxarıda nəql etdiyimiz qısa məzmunundan aydın olur ki, şair burada insanlara böyük məhəbbətlə yanaşır, eyni zamanda onlara həyatın bütün sirlərinə yiyələnməyi, təcrübə qazanmağı tövsiyə edir.
İncə hislərlə çırpınan qəlbə malik olan şair bu təmsilində ananın öz balalarına nəsihətini, ana nəvazişini, səmimi ana qayğısını çox gözəl bir şəkildə təsvir etmişdir. Quşun öz balalarına etdiyi nəsihətamiz sözlərlə, balaya olan sonsuz məhəbbətlə sanki şair İranda olan milyonlarla anaların öz balalarına verdiyi təsirli nəsihəti, analıq mehrini göstərmişdir. Bu şeir səmimiyyətlə, nəcib və incə duyğularla doludur. Burada ana məhəbbəti hərarətlə, şairanəliklə verilmişdir.
Pərvin Etisami əsərlərinin ədəbi qiyməti hər şeydən əvvəl onların dolğun məzmunu, irticaya, ictimai bərabərsizliyə qarşı barışmazlığın poetik şəkildə tərənnümü ilə əlaqədardır.

Mahmizər Həmid qızı Mehdibəyova
AMEA Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutu Cənubi Azərbaycan
Ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d.
23-11-2022, 18:44
Azərbaycan-İran münasibətlərində Şuşanın mövqeyi barədə


Səməd Bayramzadə


Azərbaycan-İran münasibətlərində Şuşanın mövqeyi barədə

SSRİ-nin dağılması ilə regionda, xususilə Cənubi Qafqazda strateji mövqeyini, xammal mənbələrini və təchizat bazalarını itirmək təhlükəsi qarşısında dayanan Rusiya ermənilərin əlilə Qarabağ məsələsinə rəvac verdi. Belə bir şərait İranın da karına gəldi. Yeni islam rejimi də azərbaycançılıq ideyalarının güclənməsindən, onun özü üçün fəsadlarından ehtiyatlanaraq Azərbaycan birliyi ideyasının qarşısını almağa və bu işdə rus-erməni amilindən məharətlə istifadə etməyə başladı.
Elə müstəqilliyin ilk illərindən (18 oktyabr 1991) Azərbaycan çox mürəkkəb və çətin dövr yaşamalı oldu. Belə ki, bir tərəfdən Ermənistan torpaqlarımızı işğal edirdi, digər tərəfdən isə keçmiş sovet sistemin çökməsi ilə əlaqədar iqtisadiyyat iflic vəziyyətinə düşmüş, hakimiyyət uğrunda mübarizə nəticəsində ölkədaxili sabitlik pozulmuşdu. Müstəqilliyin ilk illərində xarici siyasətdə konseptual yanaşmanın olmaması da Azərbaycanın bir sıra ölkələrlə, xüsusən Rusiya və İran kimi qonşu ölkələrlə münasibətlərinin kəskinləşməsinə səbəb olmuşdu. Nəticədə Azərbaycan torpaqlarının 20%-i (Dağlıq Qarabağ və ona bitişik 7 rayon) erməni qəsbkarları tərəfindən zəbt edildi və 30 ilə yaxən bir müddət ərzində erməni işğalı altında qaldı.
1992-ci ilin mayında, Dağlıq Qarabağda erməni silahlı qüvvələri ilə Azərbaycan milli ordusunun yeni təşkil olunmuş hərbi dəstələri arasında qızğın döyüş əməliyyatlarının getdiyi bir vaxtda, İranın o zamankı prezidenti Əkbər Haşimi Rəfsəncaninin təşəbbüsü ilə İran hökuməti münaqişə tərəflərini müharibəni dayandırmaq və sülh danışıqları aparmaq üçün Tehrana dəvət etdi. May ayının 7–dən 8–nə keçən gecə Azərbaycan prezidenti vəzifəsini icra edən Yaqub Məhəmmədov və Ermənistan prezidenti Levon Ter Petrosyan Tehrana səfər etdilər. Həmin görüş və müzakirələrin nəticəsi olaraq Tehranda döyüş əməliyyatlarının dayandırılması barədə üçtərəfli bəyannamə imzalandı, lakin az sonra erməni silahlı birləşmələri hücuma keçərək 8 may günü Şuşa şəhərini işğal etdilər. Yaqub Məhəmmədovun elə təyyarə limanından İran prezidenti Rəfsəncaniyə bu xəbəri çatdıraraq qəti surətdə öz etirazını bildirməsinə, təcili olaraq Ter–Petrosyanla əlaqə saxlayıb bu məsələnin həll olunmasını tələb etməsinə baxmayaraq, İran prezidentindən heç bir müsbət cavab ala bilmədi..." Təəssüflər olsun ki, İran Tehranda imzalanan məlum sənədin şərtlərinə uyğun öhdəsinə götürdüyü məsuliyyəti yerinə yetirə bilmədi.
2020-ci il sentyabrın 27-də başlanan 44 günlük Vətən müharibəsi noyabr ayının 8-də Azərbaycanın şanlı Qələbəsi ilə nəticələndi. Vətən müharibəsinin 43-cü günündə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Şəhidlər xiyabanından xalqa müraciəti zamanı Şuşa şəhərinin işğaldan azad edilməsi xəbərini verdi və Şuşanın azad edilməsi tarixi Qələbəmizin zirvəsi oldu.
Prezident Şuşanın xalqımız üçün tarixi əhəmiyyətini, yüksək mədəni-mənəvi dəyərini nəzərə alaraq yanvarın 5-də Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Sərəncam imzaladı. Sərəncamda qeyd olunur: “Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır”. Əslində İlham Əliyevin bu ifadəsi Ulu öndər H.Əliyevin uzaqgörən siyasətinin, Şuşaya verdiyi önəmin və dəyərinin təsdiqi ifadəsi idi. Belə ki, Ulu öndər Şuşa barədə demişdir: “...Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir... Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir”.
“Şuşa İli” elan olunması barədə Prezidentin Sərəncamı əslində onun 2021-ci ilin may ayının 7-də Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi barədə imzaladığı Sərəncamın məntiqi davamı idi.
22 aprel 2022-ci il tarixində dünyanın 65 ölkəsindən 400 nəfərə yaxın diaspor nümayəndəsinin iştirakı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V qurultayı eyni zamanda Zəfər Qurultayı adlandırıldı. Qurultayda Azərbaycan diasporu qarşısında yeni vəzifələr qoyuldu, xaricdəki azərbaycanlılarının növbəti beş ildə fəaliyyəti üçün Yol xəritəsi müəyyənləşdirildi, Azərbaycan Prezidenti tərəfindən Ermənistana və onun himayədarlarına mühüm mesajlar verildi. Prezident İlham Əliyevin “Biz təkcə dünya erməniliyi ilə müharibə aparmamışıq, biz Ermənistanın himayədarları ilə müharibə aparmışıq və bu müharibədə Qələbə qazanmışıq” kimi fikirləri bır sıra dairələrin, xüsusilə də 35-40 milyon nəfərə yaxın soydaşımızın yaşadığı qonşu İranda fars şovinizmi ideyasının yayılıb möhkəmlənməsinə, şahdan miras qalan azərbaycanlılara qarşı ayrı-seçkilik siyasətinin davamçıları və təbliğatçıları olan qrupların, eləcə də hakimiyyətdə təmsil olunan anti-azərbaycan yönümlü siyasət yürüdən dövlət məmurlarının diqqətini xüsusi olaraq çəkdi, hətta onların ciddi narahatlığına belə səbəb oldu.
Qafqaz məsələləri üzrə iranlı ekspert Salar Seyfəddini Dünya Azərbaycanlılarının Şuşada keçirilən qurultayı İrana qarşı müharibə elanı və təxribat adlandırdı. O, özünün şəxsi Twitter hesabında yazdı ki, bu tədbirin Qarabağda “Dünya Azəriləri Konqresi” adı altında keçirilməsi İrana açıq mesajdır, İran millətinə qarşı müharibə elanı və sərhəd divarında təxribat deməkdir. İranın Ana yasasına görə, Xarici İşlər Nazirliyinin vəzifəsi ölkənin ərazi bütövlüyünü müdafiə etməkdir. Əks halda ordu müdaxilə etməlidir”. Azərbaycan tərəfin bu məsələdə sülhsevər mövqeyindən çıxış edən Beynəlxalq münasibətlər üzrə azərbaycanlı ekspert Əziz Əlibəyli isə bu cür ittiham və böhtanlara cavab olaraq bildirdi ki, İranın Şuşada keçirilən “Zəfər” Qurultayından ciddi bir narahatlığı olmamalıdır. Belə ki, Azərbaycan heç vaxt İranın ərazi bütövlüyünə qəsd edəcək addım atmayıb və bu yöndə açıqlama verməyib. “Sepah” və digər bu kimi mərkəzlərə bağlı qüvvələr tərəfindən nümayiş etdirilən narahatlıq və nigarançılıq İran rəsmilərinin düşüncələrində Azərbaycana qarşı böyük qısqanclıq hissinin olduğunu göstərir. Onların qorxusu da məhz Qarabağdakı müharibənin qələbə ilə nəticələnməsi, bütün dünya azərbaycanlılarını bir yumruq kimi birləşdirməsi, eyni zamanda vahid qalib azərbaycanlı simasını bərpa etməsi ilə bağlıdır".
İran 10 noyabr 2020-ci il tarixli üçtərəfli sazişin şərtlərinə də çox qısqanclıqla yanaşır. İslam rejimi düşünür ki, Azərbaycan Respublikası ərazisindən Naxçıvana onların istədikləri Zəngəzur dəhlizi (İran onu “Turan” dəhlizi adlandırır) yaradılarsa, şübhəsiz ki, İranın Ermənistanla sərhədi əhəmiyyətsiz bir əraziyə çevriləcək, praktiki olaraq İran İslam Respublikasının Qafqaz regionuna çıxışı kəsiləcəkdir. Bu da İranı Şimal-Qərb sektorunda çıxılmaz vəziyyət və praktiki fəaliyyətsizliklə üz-üzə qoyacaqdır. Bunun nəticələrindən biri də İranın Mərkəzi Asiya və Qafqaz regionunda malların, enerjinin və məlumatların ötürülməsi və tranzit imkanlarından kənarda qalmasıdır”.
“Şuşidən Stepankertə bir tarix qədər məsafə vardır və bu da gələcəkdə başqa kritik böhrana səbəb ola biləcək bir məsələdir” deyən Münaqişə və Əməkdaşlıq Qrupunun Direktoru, Xüsusi İşlər üzrə katib Dr.Seyid Möhsün Mustafəvi Milad İranın bu bu münaqişənin həllinə münasibətini sərgiləyərək deyir: “Qarabağ böhranında məğlub olan və rusların xəyanətinə məruz qalan Ermənistan tərəfi başqa bir ölkənin dəstəyinə ehtiyac duyur. Bu, İran üçün Ermənistanı dəstəkləməklə Cənubi Qafqaz regionunda Türkiyə-Azəri birliyinə qarşı balans yaratmaq və regionun gələcək inkişafında daha fəal iştirak etmək üçün yaxşı fürsətdir (təbii ki, İranla Ermənistan arasındakı münasibətlər keçmişdə də çox güclü olub)”.
44 günlük Qarabağ müharibəsinin İran üçün nəticələrini dəyərləndirən Yaxın Şərqdə Münaqişə və Əməkdaşlıq Departamentinin katibi Dr.Nəcme Məlekian isə bildirir ki, “Belə bir vəziyyətdə Tehran öz maraqlarını qorumaq üçün Cənubi Qafqaz kimi gərgin və həssas bir bölgədə sərhədlərinin təhlükəsizliyini qoruya biləcək daha fəal siyasət formalaşdırmalıdır”.
Strateji Araşdırmalar üzrə adı bəlli olmayan iranlı ekspert TV müsahibəsində Nədim adlı aparıcının Zəngəzur koridoru ilə bağlı sualına cavab olaraq bildirir: "Bu koridor yaradıldığı və işə salındığı təqdirdə bir sıra hadisələr baş verəcəkdir. Birincisi, İran Xəzər enerji hövzəsindən tamamilə çıxarılacaqdır; ikincisi, İranın regiondakı iqtisadi nəfəs yolu tamamilə bağlanacaqdır; üçüncüsü, Azərbaycan NATO-ya üzv olacaqdır; dördüncüsü, qonşu dövlətlərin təhriki ilə İranın parçalanması baş verəcəkdir və nəhayət, Ermənistan tamamilə işğal ediləcək, ermənilər qaçqın kimi başqa ölkələrə yayılacaqlar və Türkiyə də öz növbəsində Azərbaycanı “işğal” edəcək, beləliklə də Xəzər dənizinə kimi böyük bir ərazini tutmuş olacaqdır. Belə bir vəziyyətdə İran dövləti müşahidəçi qismində qala bilməz. İran gərək Azərbaycan ərazisdinə daxil olsun. Böyük zərər çəksək də, minlərlə itki versək də üstünlüyü, sonda qələbəni əldə etməliyik. ... Bizim deputatlardan biri gəlib parlamentdə deyir ki, “əgər siz belə bir işə qol qoysanız, o zaman 40 milyonluq Azərbaycan xalqı İran hökuməti əleyhinə ayağa qalxacaq”. Mən də deyirəm ki, gərək bu şüursuz deputatın qulağından tutub atsınlar eşiyə. Sən Əliyevin nümayəndəsisən, yoxsa Təbriz şəhərinin?"
Artıq İranda, xüsusilə də Güney Azərbaycanda bu gün baş verən etiraz aksiyalarında azərbaycanlıların səsləndirdikləri milli məzmunlu şüarlar, divarlara yapışdırılan podkatlar artıq İlham Əliyevin azərbaycanlılar arasında nüfuzunun nə dərəcəcdə yüksək olduğunu, milli-demokratik azadlıqlar uğrunda ümidləri doğruldacaq bir şəxs, sima olduğunu təsdiqləməkdədir.
Prezident İlham Əliyev 2022-ci il aprelin 29-da ADA Universitetindəki “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfrans iştirakçıları ilə görüşü zamanı Tehrandakı Mərkəzi Asiya və Qafqaz Araşdırmaları Mərkəzinin baş elmi işçisi, doktor Vəli Kalecinin Şuşada keçirilmiş Dünya Azərbaycanlılarının V Qurultayı zamanı tədbirdə çıxış edən bəzi İran azərbaycanlıları tərəfindən bütöv Azərbaycanı formalaşdırmaq, Araz çayının iki hissəsini birləşdirmək kimi ideyaların səsləndirilməsinə, həmin sözlərin İranın şimal-qərb hissəsində, Azərbaycan bölgələrində separatizmə, İranın ərazi bütövlüyü və milli təhlükəsizliyinə qarşı çıxışlara səbəb olması barədə mövqeyinə tam açıq və aydın, amma çox qətiyyətli cavab vermiş və demişdir: “Hər iki ölkənin ərazi bütövlüyü ilə bağlı bizim hökumətimizin və İran hökumətinin mövqeyi yaxşı məlumdur və sual doğurmur. Dəfələrlə biz və bizim iranlı həmkarlarımız bunu ictimai şəkildə bəyan etmişik. Azərbaycan azad ölkədir və hər kəs – bizim vətəndaşlar və əcnəbi vətəndaşlar istədiyini söyləyə bilər. Əlbəttə, bunun bizim qanunvericiliklə ziddiyyət təşkil etməməsi şərti ilə. Şuşa açıq şəhərdir, oraya minlərlə insan gəlir və iradəsini ifadə edir. Azərbaycan tərəfindən təşkil edilmiş tədbirdə hər hansı şəxsin iştirakı belə bir reaksiyaya səbəb olmamalıdır. İstər Azərbaycan, istərsə də İran rəsmilərinin bəyanatlarında mənim dediklərim yer alır. Ərazi bütövlüyü qırmızı xətdir. Bizim ərazi bütövlüyümüz hər zaman Ermənistan tərəfindən şübhə altına alınırdı. Hesab edirəm ki, biz diqqətimizi bura yönəltməli və Azərbaycana heç bir aidiyyəti olmayan ifadələrə əhəmiyyət verməməliyik”.
İranı narahat edən məsələlər sırasında 15 iyun 2021-ci il tarixli Şuşa bəyannaməsi də var. Şuşa Bəyannaməsinin imzalanması dost ölkələri sevindirdiyi halda, ölkəmizin güclənməsini gözü götürməyən, ermənilərə havadarlıq edən dövlətləri məyus etdi, onlar üçün çox ciddi narahatlıq yaratdı. Şuşa Bəyannaməsi Qarabağ məsələsinin başa çatdığını, münaqişənin tamamilə həll olunduğunu qətiləşdirildi. "Şuşa bəyanatı” ilə təsdiqləndi ki, torpaqlarımıza hücum olarsa, Türkiyə bizi qeyd-şərtsiz dəstəkləyəcək. Müəyyən ziddiyətlərin olmasına baxmayaraq, ortaq maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətləri qarşılıqlı əlaqələndirmək məqsədilə “Altılıq platforması” çərçivəsində Rusiya və İran da əməkdaşlığa dəvət olundular. Nəticədə, Şuşa bəyanatı kiminsə, o cümlədən Rusiyanın, İranın və ya Ermənistanın əleyhinə deyil, regionda sülhün və sabitliyin təmin edilməsi naminə qarşılıqlı əməkdaşlıq məsələlərini təsbit edən etibarlı və əsaslı bir sənəddir.
Şuşa qalasının çox mühüm starteji əhəmiyyətə malik olmasını Tehran molla rejimi də çox gözəl bilir. Amma nədənsə 28 il yarım erməni işğalı altında olan Şuşaya İran lazım olan qədər diqqət yetirmədi, onun tarixi, mədəni, dini və strateji mövqeyi İran üçün bir əhəmiyyət kəsb etmədi. Belə ki, Qarabağ münaqişəsinin həllində əsas vasitəçi olmaq iddiasında olan İranın gözü qarşısında Ermənistan silahlı qüvvələri Şuşanın 25 məktəbini, 31 kitabxanasını, 17 klubunu, 8 mədəniyyət evini, 4 texnikumunu, 2 institut filialını, 7 uşaq bağçasını, 4 kinoteatrını, 5 mədəniyyət və istirahət parkını, 2 sanatoriyasını, turist bazasını, 2 mehmanxanasını, Azərbaycan Xalçası Dövlət Muzeyinin filialını, Şuşa Dövlət Dram Teatrını, Şuşa Televiziyasını, Şərq musiqi alətləri fabrikini, Dövlət Rəsm Qalereyasını, Uşaq sağlamlıq məktəbini talan etdilər, yandırdılar və dağıtdılar. Yalnız şəhərdəki bir məscidi, fars məscidi deyə, alayarımçıq təmir etdilər ki, ora gələn iranlılar öz dini etiqadlarına "sadiq qalaraq" orada namazlarını qılsınlar. Bununlada onların Qarabağdakı quruculuq iləri bitmiş oldu. Bunun müqabilində isə bir sıra İran şirkətləri işğal olunmuş ərazilərdən ələ keçirilən malları və əmlakı erməni qəsbkarlarından çox ucuz qiymətlərə alaraq öz ölkələrinə daşımaqla məşğul oldular. Bununla da Qarabağın 30 ilə yaxın işğal altında qalan əraziləri yerla-yeksan oldu, quru çöllərə, səhralara çevrilmiş oldu, Azərbaycana və xalqına milyardlarla maddi ziyan vuruldu, insanlığa sığmayan, heç bir ölçüyə gələ bilməyən mənəvi sarsıntılar yaşadıldı.
Bütün bunlara baxmayaraq, Azərbaycan xalqının Vətənin azadlığı uğrunda apardığı ədalətli müharibədə onun iradəsi, doğma diyarına sevgisi, Ali Baş komandana inamı qalib gəldi. Şuşanın düşməndən azad edilməsi Azərbaycan xalqının qürurunu bərpa etdi, başını ucaltdı.
Bu şəhəri özünün adına çıхmağa çalışanların arzuları ürəklərində qaldı. Düşmənlərimiz Şuşanı müvəqqəti işğal еtsələr də, кənd-кəsəкlərinə yalançı adlar qоysalar da, оnu hеç vaхt özününкüləşdirə bilmədilər.

23 noyabr 2022
22-11-2022, 08:28
Bir daşla bir neçə quş...

Universitetlər paytaxtdankənar bölgələrə köçürülsün: Bir daşla bir neçə quş...

Bakı Azərbaycanda ən çox əhalisi olan şəhərdir. Paytaxtda əhalinin çoxluq təşkil etməsi, bir çox problemlərin yaranmasına səbəb olur. Deputat Emin Hacıyev çıxışlarının birində bildirib ki, bəzi universitetlər paytaxtdankənara, məsələn, Sumqayıta köçürülə bilər. Bununla, gənclər şəhərini təhsil mərkəzinə çevirmək olar”.
Millət vəkili burada iki mühüm problemə toxunur: Birinci, paytaxda əhalinin çoxluq təşkil etdiyi üçün bəzi universitetlər başqa bölgələrə köçürülsün; İkinci məqam isə Sumqayıtı təhsil mərkəzinə çevirmək istəyidir. Ölkəmizdə 33 ali təhsil müəssisəsi var. Təkcə Bakıda 20 -dən çox təhsil ocaqlarının olması əhalinin ildən-ilə artmasına səbəb olur və nəticədə metrolarda sıxlığın, nəqliyatda tıxacların yaranmasına şahid oluruq. Bəzi universitetlər paytaxtdankənar bölgələrə köçürülsə, bu problemlərin qarşısını nisbətən almaq olar. Bakıda əhalinin sayı, sıxlıq və tıxaclar qismən azalar, iş yerləri çoxalar. Sumqayıt şəhəri Bakıya yaxın olduğu üçün paytaxda olan bir neçə universiteti buraya köçürmək olar. Beləliklə, gənclər şəhəri təhsil mərkəzinə çevrilər. Bundan sonra Azərbaycanda ali təhsil mərkəzləri ocağı dedikdə, Bakıyla yanaşı, Sumqayıt şəhərinin də adını çəkə bilərik. Lakin bilirik ki, Sumqayıt şəhərinin yollarında da tıxac çoxluq təşkil edir. Bu problemin qarşısını almaq üçün müəyyən tədbirlər görülməlidir. Həmçinin təhsil müəssisələrin bir neçəsi əsgərlərimizin qanı ilə müqəddəsləşən Qarabağımıza köçürülsə və ya yeniləri inşa edilsə, həm əhalinin sayı artar, həm də XIX əsrdə olduğu kimi çiçəklənmə dövrünü yaşayar.
Paytaxdan başqa digər bölgələrə də, məsələn, Gəncə, Lənkəran, Şamaxıya müxtəlif ixtisaslar üzrə qurulmuş ali təhsil müəssisələrinin köçürülməsi əhalinin buraya axın etməsinə səbəb olar. Hər bir tələbə öz yaşadığı ərazidə təhsil almağı üstün tutar. Çünki, bir çox tələbə yaşadığı bölgələrdə onları qane etməyən ixtisaslarda universitetlər olduğu üçün başqa bölgələrdəki təhsil müəssisələrində oxumağa çalışır. Yaxşı olardı ki, paytaxdankənar digər bölgələrin təhsil müəssisələrində də ixtisasların sayı artırılsın.

Gülbəniz Səfərova,
BDU Jurnalistika fakültəsinin tələbəsi

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!