Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                       
5-08-2024, 08:31
Arzu Əyyarqızının yeni kitabı işıq üzü gördü


Arzu Əyyarqızının yeni kitabı işıq üzü gördü

Arzu Əyyarqızının ''Ən müqəddəs pay kəlağay'' adlı yeni kitabı işıq üzü gördü. Kitab Mirvarid Dilbazi Poeziya Məclisinin mənəvi dəstəyi və xaricdə yaşayan Elvira Həmidlinin maddi dəstəyi ilə ''Elm və təhsil'' - nəşriyyayında nəşr olunub. Kitabın redaktoru- araşdırmaçı, yazar, publisist Vaqif Osmanlı, ön söz müəllifi- Güllü Eldar Tomarlı, məsləhətçi- Elvira Həmidli, rəyçi- Vüsal Sehranoğludu.
İnşallah, gənc şair Arzu Əyyarqızının kitabının təqdimatı Bakıda, sonra Cəlilabadda olacaq.
Arzu Əyyarqızının lirik dünyası onun milli ruhu, azadlıq, haqq-ədalət savaşı, sevgisi kimi saf və duyğuludur, şeirləri milli ruh nəğmələridir. Hər bənd, hər misranın çəkisi var. Gənc olsa da, müdrik düşüncələri oxucunu düşünməyə vadar edir. Çağdaş gənclərin əksəriyyətindən fərqli olaraq milli ruh, milli kimlik, milli əxlaq, milli dünyagörüş onun fkir dünyasının təməlidir. Başında, çiynində min illərdir Azərbaycan xanımlarının qürurla gəzdirdiyi, nənələrimizin mirası qədim milli baş örtüyümüz kəlağayını - abır, həya, ismət, namus, gözəllik, yaraşıq rəmzimizi bu gün ləyaqətlə gəzdirən, şeirlərində tərənnüm edən Arzu xanımın milli mənəvi dəyərlərə sayğısı sonsuzdur. Onun kəlağayı sevgisi özü, şeirləri qədər safdır.

Nə gözəl yaraşıq verirsən mənə,
Al rəngdə, butalı gözəl kəlağay.
Namusum, iffətim, başımın tacı,
Sən Odlar Yurduma özəl kəlağay.


Arzu xanım adını tariximizin şanlı səhifələrinə yazan, “Vətənin qoynuna köçən” şəhidlərin əziz və qədirbilən bacısıdır. Vətənin və onun şeirlərinin qəhrəmanları “sıldırım qayalara ayaq izləri ilə bərabər” cəsarətini, rəşadətini həkk edən ərənlərdi, dişiylə, yumruğuyla, düşmənə nifrətiylə silahlanan, keçilməzlikləri keçən igidlərdi.

Qalxıb zirvələrə sancdı bayrağı,
Əsdi qorxusundan, titrədi yağı.
Qurban hünərinə, Vətən dayağı -
Alqış bozqurduma, alqış əsgərə!

Arzu Əyyarqızı heç vaxt özündən razı deyil, özünü şair hesab etmir, ancaq onun şeirlərini oxuyan belə düşünmür, çünki onun yazdıqlarından poetik ətir var. Onun “dərdlinin dərdini bilən” və duyan lirik düşüncələri həmkarlarına “Haqqın dərgahından gələn şeirlər yazmağı” məsləhət görür. Nə olsun ki, Arzu xanım gəncdir, agıllı məsləhətin yaşı olmur. Sözün nahamar yolları gəncləri də kamilliyə doğru aparır:

Enişdi, yoxuşdu şairin yolu,
Cibləri boş olar, ürəyi dolu.
Onun var-dövləti - imzası, qolu,
Hər zaman tox olar gözü şairin.


O, “dünya vecinə olmayanları” sözünün qamçısı ilə tərbiyə etməyə çalışır. Ən yaxşı tərbiyə metodu söz olsa da, ilahi sözü anlamayanlara hərdən mənəvi qamçı da göstərmək lazımdır. Şair xanım “günahlar içində gərdiş edənlərə, nankora, nadana quyruq bulayan”lara xəbərdarlıq edir ki, “həyat bumeranqdır, çıxacaq qarşına etdiyin hər iş”.

Xor nəfsinə yenik düşmə,
Şeytanlara satar səni.

Arzu Əyyarqızı bu dünyadan, bəşər övladlarından, mənəvi dünyamızdan narahat, Türk qızıdır, xanımıdır, qələmlə silahlanıb eybəcərliklərlə, tamahının köləsinə çevrilənlərlə savaşan söz döyüşçüsüdür. Hər şeirində heç olmasa bir misra ilə incə-incə həssas məqamları vurgulayır:

Anlaqlılar susub, xəyala dalıb,
Qanmazlar məclisin başını seçir.

Varlı kimi görünürük,
Haqqımızı sata-sata.


Arzu Əyyarqızının lirik qəhrəmanının sevgi hissləri də özü kimi təvəzökardı. Həm də, çox şey istəmir, “gözü toxdu”. Yazır ki, “gözlərin gözümü, izlərin izimi, sözlərim sözümü sevsə bəsimdir”. Nəhayət istəyinin mənəvi zirvəsi lap ucadır:

Olsan da səbəbkar saçımda dənə,
Gəl, al ürəyimi verirəm sənə.
Nəfəsin, varlığın yetərdi mənə,
Ürəyin özümü sevsə bəsimdir.


Uğurlu söz adamını söz yaşadır və yaşadacaq. Arzu xanım da buna əmindi. Çünki sözün xidmətində vicdanla dayanıb. Nə olsun ki, zamanın ən ağır şələsi - söz və fikir yükü belindədi, yorulmur, usanmır, qələminə müraciəti qəlbinin hökmüdür: “haqsızlığın kəs bağrını, ədalətin hakimi ol, yaz, qələmim, yaz doğrunu, Vicdanıma salma ləkə, təriflərə etmə meyil, Haqqı qoru, Haqqa əyil!”.
Arzu Əyyarqızının söz, fikr, düşüncə dünyasının leytmotivi budur!
Mən hər şeirə poeziya demirəm. Arzu xanımın “Ruhum içir göz yaşımı” şeiri ilahi dərdin poeziyasıdır!

GÜLLÜ ELDAR TOMARLI
Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri,
şəxsi “KəlağayıMuzeyi”nin direktoru,
AYB və AAB-nin üzvü
28-07-2024, 16:38
Lütviyyə Əsgərzadə yazır: "RUHUN DÖNÜŞÜ VƏ YA BİR BƏDƏNDƏ İKİ RUH"


Lütviyyə Əsgərzadə
Filologiya elmləri doktoru

RUHUN DÖNÜŞÜ VƏ YA BİR BƏDƏNDƏ İKİ RUH

Neçə vaxtdır bir yazı yazmağı və yazıya haradan, necə başlayacağımı düşünürəm. Nəhayət qərar verirəm ki, elə bu ideyanın başladığı andan başlasam daha yaxşı olar.
Mayın 24-də AMEA-nın Əsas binasının önündəki Elmlər Akademiyası parkında 8 gün davam edəcək III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının açılışı oldu. Festivalın 1 və ya 2 ci günü idi. Kitab sərgisini gəzirdim. Önündə durduğum stenddə sərgilənən kitablar şəhidə həsr olunmuşdu. Bir anlıq durdum.Məndə həmişə belə olur. Fecebookda da paylaşılan şəhid şəkillərinə baxıb keçə bilmirəm. Baxıram, danışıram, çox vaxt rəhmət yazmağa əlim gəlmir. Elə bilirəm hər rəhmət dedikcə onları təzədən öldürürəm. Buna görə bəzən özümü qınayıram. Amma necə, “Allah rəhmət eləsin”, - yazım, onlar əbədiyyən sağdırlar. Yadıma anamın sözü düşür, “Diriyə də rəhmət düşür.” Ümumiyyətlə, bu barədə ziddiyyətli fikirlərim var. Gözəl bir xanımın səsini eşidirəm. “Hansı kitabı istəyirsinizsə götürün." O anda çantamı iş otağımda qoyub aşağı endiyim üçün təəssüflənirəm. "Bağışlayın", "kaşelyok" götürməmişəm. Xanım, "Bir ömürdə iki ruh" adlı kitabı götürdü, adımı söruşdu və aftoqraf yazdı. Üzərinə bir dənə də "Ruhun dönüşü" yazısı həkk olunan xatirə qeyd dəftərini qoyub mənə uzatdı. Mən özümü təqdim etdim, filologiya elmləri doktoru Lütviyyə Əsgərzadə. İnşallah Şəhidimiz haqqında bir yazı yazaram, dedim və uzaqlaşdım. Durub uzun-uzadı danışa da bilərdim, amma o an özümü o qədər narahat hiss etdim ki… Ürəyimdən daş asıldı elə bil...
Kitabı iş otağımda yazı stolumun üstünə qoydum. Festival davam etdiyi və mənim də panellərim və çıxışlarım olduğu üçün hələ oxumağa macal tapmamışdım. Bir gün sosial şəbəkədə paylaşımlarımı bəyənənlər arasında Lətifə Rəşid adını görüncə, yenə ürəyimdən sanki bir daş asıldı... Verdiyim sözü xatırladım. Kitabı götürüb oxumağa başladım. Haqqında yazacağım kitabın iki müəllifi var, biri Kəlbəcər uğrunda gedən döyüşlərdə şəhid olan Rəşidin ruhu, digəri isə Azərbaycan Yazıçılar və Azərbaycan Aşıqlar Birliklərinin, Xan qızı Natəvan Ədəbi Məclisinin üzvü şairə Lətifə xanım Rəşid. Kitabın üz qabığına baxıram, məgərsə Lətifə xanım da mənim kimi düşünürmüş, Şəhidləri öldürmək yox, yaşatmaq lazımdır! Lətifə xanım Kəlbəcərdə şəhid olan qardaşı Rəşidi ruhunda yaşatdığı kimi... Ruhu şad olsun!!! Lətifə xanım, hər ikinizin qarşısında baş əyirəm.
Şəhidlik yüksək məqamdır. İslamda şəhadət ən yüksək dərəcədir. Axirətdə ən yüksək dərəcə peyğəmbərlikdən sonra şəhadətdir. “Ölsəm şəhidəm, qalsam qaziyəm!”, - inamı bizi düşmənlərindən üstün qılan ən mühüm prinsiplərdən biridir.
Mən bu düşüncədəyəm ki, Şəhidlər haqqında ən gözəl nəğməni də, dastanı da, romanı da torpaq uğrunda can verərək Şəhidlər özləri yazıb! Bizim yazdıqlarımız ancaq onların canları bahasına yazdığı qəhrəmanlıq dastanının təsviri və təqlidi ola bilər. Digər tərəfdən Şəhidlərimiz və qazilərimiz Böyük zəfərimizlə elə möhtəşəm dastan, elə gözəl simfoniya, elə gözəl Zəfər tablosu bəxş ediblər ki, nə qədər yazsaq azdır.
Təqdim olunan kitabda bütün şeirlərdə Rəşidin ruhu Lətifə ilə qoşa addımlayır, birlikdə yazılır. Müəllif Rəşidin ruhunun dönüşü haqda yazır: “ 24 aprel 2022-ci il tarixindən 25-bə keçən gecə saat 4 radələri idi. Bu gecə Qədr gecəsi olduğundan qarşımda müqəddəs Quran kitabı var, onu oxuyuram. Elə bil bu vaxt Rəşidi hiss edirəm. Axı o yuxuda mənə kitabın adını və müəllif sözündə nələri yazacağımı və eyni zamanda “bərabər yazarıq, gözlə məni”, - demişdi.”
Bunları oxuduqca auram dəyişdi. Hər zaman auramın mavi olduğunu düşünürdüm. İndi isə sanki çəhrayı qaraya qarışdı. Həyacanla şəhid Rəşidin ruhunun Lətifə xanımın dünyasına necə qayıtdığını izləmək üçün mütaliəyə davam etdim. Rəşid, “dünyasını dəyişdikdən 18 il sonra martın 8-də Lətifə xanımın ömür-gününə qayıdır. O anları təşviş içində yaşayan, nələr baş verdiyini dərk etmədiyi günlərin birində Lətifə xanım ağlayaraq şeiri diktafona yazır və Allaha üz tutub yalvarır ki, nə olar, məni olanlardan agah eylə! Elə həmin an elə bir şeir gəlir ki... Bu seirlə bacısını uşaqlıq çaglarına götürür, 20-25 dəqiqəlik təmasdan sonra isə Rəşid bir şeir deyir: “Qananlar qanmaza ərz eyləsinlər.” Fikrini belə tamamlayır: “Necə ki sən zamanla alışdın mənim ruh dünyama, eləcə də insanlar alışacaqlar bizim bərabər yazmağımıza.” “Xəfif külək” kimi bacısı Lətifənin ruhuna qonaq olan Rəşidin istədiyi nədir. “Qananlar qanmaza ərz eyləsinlər”, - pıçıldamaqla nə demək istəyirdi? Düşüncələr ruhumu ağrıdır. Bu mümkünmü?
Mən nə din xadimiyəm, nə də dindar. Amma bilirik ki, ruh sirri-xudadır. Allahın insana əmanətidir. Bir ayədə Allah ruhun yalnız Onun xüsusi elminə bağlı bir varlıq olduğunu, bu elmdən insanlara az bir şey öyrədildiyini xəbər verir. Rəvayət olunur ki, İbn Məsud demişdir: “Bir gün mən Peyğəmbərlə birgə Mədinə xarabalıqlarının birindən keçirdim. Peyğəmbər xurma ağacından olan bir əsaya söykənə–söykənə gedirdi. Bu vaxt biz bir dəstə yəhudinin yanından keçərkən onlar bir-birlərinə: “Ondan ruh barəsində soruşun”– dedilər. Onlardan bəziləri: “Soruşmayın! Ola bilsin ki, onun verdiyi cavab sizin xoşunuza gəlməsin (sizdə şübhə oyatsın)”, digərləri isə: “Yox! Mütləq soruşacağıq”- dedilər. Bir kişi ayağa qalxıb: “Ey Əbul-Qasım! Ruh nədir?” - deyə soruşdu. Peyğəmbər susdu. Mən öz-özümə: “Yəqin ki, ona vəhy nazil olur” - dedim və ayağa qalxdım. Vəhy nazil olduqdan sonra Peyğəmbər bu ayəni onlara oxudu: “Səndən ruh haqqında soruşurlar. De: “Ruh Rəbbimin əmrindədir. Sizə yalnız az bir bilik verilmişdir” (əl-Buxari). Ruh və ruhun ölməzliyi islami dəyərlərlə dəyərləndiriləndə bəziləri bunu cəfəngiyyat adlandırır. Lakin “Rəbbin əmrində olan” və bizə çox az bilgi verilən ruh və ruhun ölməzliyi filosofları daha çox düşündürüb.
Sokratın fikrincə, kainat təsadüfi deyil, rasional nizama görə qurulmuşdur. İnsan ruhu görünməz və ölməzdir. Platon “ruhu insanın mahiyyəti, bizim necə davranacağımıza qərar verən varlıq kimi qəbul edir və bu mahiyyəti varlığımızın qeyri-cismani (cisimlər aləmində yer tutmur) və əbədi cəhəti hesab edir. Bədənlər ölsə də, ruh daim yeni bədənlərdə yenidən doğulur (reinkarnasiya). Aristotel də ruhu varlığın mahiyyəti kimi təyin etmiş, lakin Platon və dini ənənələrdən fərqli olaraq ruhun ayrıca varlıq (varlıq, substansiya) olmasına qarşı çıxmışdır. Müəllimi Platona, eləcə də bir çox filosoflara qarşı çıxan Aristotelin fikrincə, ruh və bədən iki ayrı reallıq kimi yox, vahid substansiya kimi qəbul edilməlidir. Bu maddə kimi bədənə (enerji şəklində olan) və forma kimi ruha (hərəkətdə olan) malikdir. Aristotelin fikrincə, ruh canlı bədənin reallığı olduğu üçün ölməz ola bilməz. Aristotelin insan ruhunun fani olub-olmaması ilə bağlı fikirləri ilə bağlı mübahisələr hələ də davam edir. Aristotel ruhu materiyadan ayrılmaz hesab etsə də, onun təqdim etdiyi ruh anlayışı bu gün tam başa düşülmür.

Bədəndə can-ruh, canda şüur var. Yəni bədəndə ruh varmı, yoxmu sualına şüurun inkaredilməz fakt olması ilə cavab vermək olar. Bədən müəyyən işlər görür və ona bu işləri görmək üçün güc verən ruhdur. Şüur “can”ın enerjisi, can isə bədənin hərəkətverici gücüdür. “İçimizədki canı” - ruhu günəş işığının molekullarına bənzətmək olar. Ruh bədəni tərk edən kimi bədən çürüyür. Ruh isə ölmür, əbədidir. Ruh bədəni tərk edəndə Allaha qovuşacaqdır. “Quran”ın 8-ci surəsinin 161-ci ayəsində deyilir: “Həqiqətən, biz onun (Allahın) tərəfinə qayıdacağıq” (“İnna ileyhür-raciun”). Bu baxımdan “Veda” ədəbiyyatının gəldiyi nəticə çox ibrətvericidir. “Bütün əksikliklərdən, əldə etmək və qorumaq cəhdlərindən qurtul, öz ruhi mahiyyətində bərqərar ol!”
"Rih" sözündən əmələ gələn ruh sözü "xəfif külək" mənasını ifadə edir. Ruh görən və eşidən, bədənə daxil olaraq onu canlandıran, yuxu və ölüm anında bədəndən çıxan müstəqil varlıqdır. Ruh Allaha məxsusdur, insan öldüyündə ruh bədəndən çıxıb aid olduğu yerə yüksəlir. “Bir bədəndə iki ruh” kitabındakı şeirlər də şəhid Rəşidin ruhunun Lətifə xanıma pıçıltıları, “ərz etmək” istədikləridir. Lətifə xanımın yazdığına inansaq, kitabın adına da Rəşidlə birlikdə qərar vermişlər: “Kitabın adına gəldikdə isə məni gözlədiyin və doğru qərar verdiyin üçün sənə təşəkkürümü bildirirəm. Gözəlim, səni əmin edirəm ki, hələ çox insanlar Rəşidin ruhu ilə ruh dünyasını duyacaqlar. Və mən bütün bu olanlardn çox məmnunm və xoşbəxtəm. Çünki bu işdə Allahın rizası var.”
“Mənim sadiq bacım, sən məni axirət gözü ilə bu dünyada seçdiyim yeganə insansan! Sözsüz ki, bu işdə Allahın rizası var. Mənim gözəlim, hələ çox söz eşidəcəksən! Mənim xatirimə gözünü kor, qulağını kar et. Həm də heç kim narahat olmasın, mən Kefli İsgəndərin ölüləri kimi qayıdıb yaşamayacağam. Mən səninlə, şeirlərimizlə bərabər, dillərə dastan olaraq yaşayacağam. İçimdə kaşkilərim çoxdur. Kaş sənə pıçıldadığım kimi, hər kəsə pıçıldaya bilərdim.”
Müəllif üçün yazılanların asanlıqla qəbul edilməyəcəyi, çox sözlər eşidəcəyi aksiomadır. İnsanlar buna inanmağa hazır deyil, - deyə düşünürəm. Hələ də qəbul etdiyimiz və etmədiyimiz şeylər var. Çoxları gözlə görmədiyi şeylərin varlığını inanılmaz sayır. Bunları yazarkən gəncliyimdə bir həkimlə bu mövzuda etdiyimiz söhbəti xatırlayıram. ”Gözlə görmədiyimiz şeylərə inanmırıq, halbuki gözlə görmədiyimiz, amma var olduğunu bildiyimiz o qədər şey var ki,” demişdi həkim. Ardınca, “məsələn, ağıl dediyimiz şeyi görə bilirikmi, yox, amma var. Və ya hisslər, görə bilməsək də var və s.” O zaman çox düşünmüşdüm bu haqda. Ruhun olmasını və ölməzliyini qəbul edənlər olduğu kimi, etməyənlər də var. Ruh da ağıl kimi, hiss kimi gözlə görünmür. Mən ruhun olduğuna inananlardanam. Bir az çətin qəbul etdiyim ruhun başqa bir ruhla ünsiyyətdə olmasıdır. Filosofların fikrincə, ruh daim yeni bədənlərdə yenidən doğulur (reinkarnasiya). Rəşidin ruhu yeni bədəndə deyil, bacısının ruhunda can bulmuşdur. Bəzən ömür dediyimiz zaman dilimində o qədər qəribə hallarla rastlaşırıq ki, bu şübhə də öz mahiyyətini itirir. Hegelə görə, sevmək özünü unudub başqa “mən”də tapmaqdır. Əcaba, şəhid qardaşının ruhunu sevmək, onunla danışmaq, dərdləşmək, özünü unudub Rəşidin ruhunda tapması mümkünmü və ya əksinə? (Lətifə xanım da Rəşidin ruhunu görmür, sadəcə onun gəlişini hiss edir).
Bəzən yuxular görürük, sevdiyimiz insanlar yuxuda bizimlə ünsiyyət qurur, bəzi şeylərdən xəbərdar edir. Bəlkə də yuxu saydığımız yuxu deyil? Cavabsız suallar çoxdur. Onların cavabını yalnız mənəvi və ruhi müstəvidə tapmaq olar. Bəzən işlərin çoxluğundan həftənin günlərini unutduğum olur. Bu hal çox olmasa da, olanda olur. Anam mütləq bir işarətlə mənə günün cümə axşamı olduğunu xatırladır. Çox yuxu görməsəm də, gördüyüm yuxular “elçi yuxular”dır. Lətifə xanım da şeirləri Rəşidin ruhu ilə birlikdə yazdığını, hətta kitabın adına birlikdə qərar verdiklərini yazır. Bunu qəbul edənlərin olduğu kimi, qəbul etməyənlərin olduğu da şəksizdir. Mənə görə mümkündür. Lətifə Rəşidin söylədiyinə görə, bu rizanı onlara verən Allahdır.
Ruh ölmürsə və yeni bədəndə can bula bilirsə, şəhid Rəşidin də ruhu yeni canda deyil, bacısının ruhunda da can bula bilər. Və ya müəllif, şəhid qardaşının ruhunu lirik qəhrəmanının yerinə qoyur. Rəşidin anlatmaq, insanlara “ərz olunması”nı istədiklərini lirik qəhrəmanın dili ilə ifadə edir. Beləliklə, “Bir bədəndə iki ruh” kitabında toplanan, canında can olan, şəhid qardaşının ruhunu daşıyan bacısı Lətifə xanımın şeirlərində Rəşidin ruhunun insanlara çatdırmaq istədikləri ilə tanış olaq:
“Rəşid deyir, söyləyirəm ərz elə,
Baş ucunda bir kölgəyəm, fərz elə.
İmanlının adətini tərz elə,
Çox şükür ki, ar da qalıb dünyada” (“Qalıb dünyada”)

Poeziyamızda və ya nəsrimizdə məcazi anlamda belə bir cümləyə tez-tez rast gəlirik. “Əbədiyyətə qovuşan müqəddəs şəhid ruhları Azərbaycanımızın səmalarında dolaşır. Şuşada bu hissləri yaşayan qazi şairimiz Rafail Tağızadə yazır: "Onlar (Şəhidlər) hər yerdə görünürdülər. Bizim üçün əziz olan, addım-addım bizi izləyən bu canlar Şuşaya gələnlərə yoldaş oldular, onları düşmənin hər cür şərrindən qoruyurlar." "Bizə şərəf bəxş edən, məğlub olmuş vətəndaşlarımızın əlindən xilas edən, Şuşanı bizə qaytaran Şəhidlərimizin müqəddəs ruhları indi bu şəhərin huzurunu qoruyur.” Şəhidlərimizin ruhuna nə gözəl yanaşma. Şuşa uğrunda şəhidlik səviyyəsinə yüksəlmiş şəhidlərin ruhu bu gün müqəddəs məkanın qoruyucularıdır.
Torpaq uğrunda şəhadətə yüksələnlərin ruhları vətən səmalarında dolaşır. Bu müqəddəs ruhlardan biri olan şəhid Rəşidin Lətifə xanımla birgə yazdığı şeirlərdə bir çox mətləblərə toxunulur. Rəşidin ruhunu “ən kiçik bacısının daşıması” eyni zamanda, bir çox “bağlı qapıya” açardır:
“Bədənsiz bir cəsəd olsa da ruhum,
Soluxmuş üzlərə qan verirəm mən.
Çox bağlı qapıya açaram hələ,
Ruhların içində can verirəm mən.

Ancaq Lətifədir dərdə əlacım,
Mən yaşıl ağacam, o yal-yamacım.
Ruhumu daşıyır, ən kiçik bacım,
Ruhların içində can verirəm mən” (“Can verirəm mən”).

Təbii ki bir bədəndə iki ruh daşımaq o qədər də asan iş deyil. Ruhun gəlişi də, gedişi də bir ürpərişdir, həyacandır. Müəllif o anları belə təsvir edir: “Adətən Rəşidi hiss etdiyim anlarda ilk olaraq məni üşütmə tutur, sonra isə beş-on dəqiqə ağlayıram və şeiri bərabər yazırıq. O, gəlişini hər zaman bu cür hiss etdirir. Beləcə biz yazmağa başlayırıq.” Rəşidin söylədiyi sözlərdən biri də bu olur: “Şeiri dinləyin, ilahi səsəm...”
“Nə imam övladı, nə də ki mələk,
Gözlərə görünməz ruham dünyada.
Ümmana sığmayan sehrli nəfəs,
Sevdası bilinməz ruham dünyada.

Sanmayın, sizlərə lazımsız kəsəm,
Qıfılbənd sirlərə təkcə mən bəsəm,
Şeiri dinləyin, ilahi səsəm,
Sevdası bilinməz ruham dünyada.” (Ruham dünyada).

Yazımızın əvvəlində də bəhs etdiyimiz kimi, ölüm, bədən üçündür; ruh üçün deyil. Bədənin fəaliyyəti, ruhun onu tərk etməsiylə sona çatır. Ruh isə əbədi olaraq yaşayır. “Ruh həyat sahibidir. Ruh nuranidir. Ruha bədəni xarici geydirilmişdir. Yəni, bu İlahi əmrə, xarici bir mahiyyət qazandırılmışdır, xüsusi bir əhatəlilik və bütünlük verilmişdir.” Ruh, Allahdan bir əmrdir. Allahın "Mürid", "Muhyi", "Alim", "Qədr", "Hakim", "Səmi'", "Basar" və bilmədiyimiz bir çox adlarının məzhəridir. Yaradılmış bir həqiqətdir. Rəşidin ruhunun Lətifə xanımda can bulmasına izin Ondan gəlmişdir. Rəşid Allahın izniylə Lətifə xanımla dil açır:
“Yoxluğum da əlimdən su içibdir,
Mən seçmədim, Tanrı onu seçibdir.
Ağıl-zəkam, ruhum ona köçübdür,
Yoxluğunu vəsf elədim, cavanlıq.” (Cavanlıq).


Və ya:

“Qurumuş torpaqda gül açıram mən,
Allahın izniylə dil açıram mən.
Vaxtsız dönüşümlə sirr açıram mən,
Dur, sarıl boynuma, qurbanın olum!

“Allahın izniylə dil açan”, “illərdir kəm olan”, Rəşidin ruhu indi onu səsləyən, “göz yaşıyla onu qarsan” bacısının ruhunda “cəm” olub:
Gördüyün işlərdən xətircəm oldum,
İllərdi, kəm idim, indi cəm oldum.
Rəşidi səslədin, dönüb sən oldum,
Dur, sarıl boynuma, qurbanın olum! (Qurbanın olum).

“İki ruhun ortasında qalmaq”, bir bədəndə iki ruhun ağırlığını daşımaq o qədər də asan deyil. Bunu bacısının ruhunda”cəm olan” Rəşid də bilir:
“Ay Lətifə, yenə mənlə dolmusan!
Xatirəmi xatirinə salmısan.
İki ruhun ortasında qalmısan,
Kim yuyacaq gözlərinin dərdini?!” ( “Kim yuyacaq gözlərinin dərdini").

Bir bədəndə iki ruh daşıyan müəllif, “ruh uçub” onu tərk edəndə onsuz özünü kəm sayır, havası çatışmır. Çünki onun “təbini oynadan” tək Rəşidin ruhudur. Özü ilə Rəşidin arasında qalan, özünü unudub Rəşid olan müəllif, cavabsız suallar arasında qalır, “tərki cahan mənmiyəm? Mən Rəşidəm, yoxsa elə sənmiyəm?”
“Daha umacağım yoxdur dünyada,
Tək Rəşid ruhudur, təbi oynadan.
Səsləyin oyanım dərin röyadan,
İtirəm ömrümün kəm havasında.

İndi deyin, tərki-cahan mənmiyəm?!
Mən Rəşidəm, yoxsa elə sənmiyəm?!
Ruhundayam, cismindəmi kəmmiyəm,
İtirəm ömrümün kəm havasında.

Lətifəyəm, bu gün havam çatışmır,
Qan qaynayır, can evimə qarışmır.
Ruh da uçub, bədənimə alışmır,
İtirəm ömrümün kəm havasında. “

“Ölümlü günüylə” ona dönən Rəşidin bacısına söylədikləri və ondan hər kəsə “ərz etməsini” istədikləri şeirlərdə Rəşidlə Lətifə birlikdədir, vəhdətdədir. Rəşidin ruhunun ona pıçıltılarıdır:
“Baxıram, təbiət gözəl oyanıb,
Ömür var, əzəldən nakam yaranıb.
Rəşidin külü də sənə calanıb,
Ölümlü günümlə sənə dönmüşəm” (Dönmüşəm).

Rəşidin dilindən səslənən sözlər var ki, bunlar bir çox mübhəmlərə açar salır. İnsanı düşündürür. Rəşid öldüyünü də, “gözlərə görünməz ruh” olduğunu da, “sehrli nəfəs” tək ruhunun bacısının ruhunda cəm olması, onunla birlikdə demək istədiklərini “insanlara ərz etməsi” ilə insanların beynində bir çox təzadlı fikirlərin yaranmasına səbəb olacağını da bilir. “Çox bağlı qapıya açaram hələ”, “Kim deyir, ölənlər geri dönməyir?!”, “Şeiri dinləyin, ilahi səsəm”, - sözləri ilə bu sirli dünyanın bağlı qapılarına baş vurmağa dəvət edir:
“Bədənsiz bir cəsəd olsa da ruhum,
Soluxmuş üzlərə can verirəm mən.
Çox bağlı qapıya açaram hələ
Ruhların içində can verirəm mən” (“Can verirəm mən”).


“Sanmayın, sizlərə lazımsız kəsəm,
Qıfılbənd sirlərə təkcə mən bəsəm,
Şeiri dinləyin, ilahi səsəm,
Sevdası bilinməz ruham dünyada” (Ruham dünyada).

Təbii ki baş vura bilmədiyimiz “çox bağlı qapılar”, “qıfılbənd sirrlər” var. Məsələn, aləmlər, ruh və ruhlar dünyası və s. Ruhlarla ünsiyyət şaman təlimində əsasdır. Təsəvvüfdə varlıq aləmi mənəvi və maddi aləmlərə bölünür. Varlıq aləmi də bu dual qurumun nizamı daxilində bir nеçə mərtəbəyə və mərhələyə ayrılır. “Bu mərtəbələr ilahi varlığın – Allahın özündən maddi varlığın yеkunu olan insana qədər müəyyən nizama söykənən düzümü əhatə еdir. Varlıq nizamının mərtəbələri bеlə bir düzümə malikdir: Aləmi-lahut - Aləmi-qеyb - Aləmi-cəbərut - Aləmi-mələküt - Aləmi-şəhadət (mülk Aləmi). Aləmi-lahut (lahut aləmi) - Allah substansiyasının mövcud olduğu mütləq həqiqət aləmidir. Bu ilahi varlığın öz zatından ibarət əbədiyyət mərtəbəsidir ki, dərki mümkün dеyil. Bütün sonrakı varlıq və aləmlərin başlanğıcı, səbəbi və idarəеdicisidir. Mütləq xaliqdir və hər şеyin – həm sonrakı mənəvi, həm də cismani rеallıqların varlığı ona bağlıdır. Onun “kon” (“ol”) əmri və ilkin təcəllisi ilə sonrakı aləmlər qərarlaşmışdır. Həmin ilkin təcəllidən Aləmi-qеyb, Aləmi-cəbərut və Aləmi-mələküt hüsulə gəlmişdir. Bu aləmlər də idraki, əqli və hissi yolla, məntiq və zahiri sübutlarla anlaşılmayan vəhdət aləmidir. Lövhi-məhfuz, külli-əql, Allahın ad və sifətlərinin sabit surətləri Qеyb aləmində, bütün ruhlar, külli-nəfs və s. isə Cəbərut və Mələküt aləmində yеrləşirlər. Bu aləmdə yеrləşən ruhlar aləmini daxili bəsirət gözü və nurlu batini duyumla görmək olar. Bu üç aləm məna aləmidir. Surətə, formaya və rəngə malik dеyildir.“ “Çox bağlı qapıya açaram hələ” və ya “Qıfılbənd sirlərə təkcə bəsəm mən”, “Şeiri dinləyin, ilahi səsəm” bunlaramı işarətdir? Rəşidin ruhunun bacısı Lətifədə can bulması “bağlı qapılar”ın, “qıfılbənd sirlərin” cavabını tapmağa dəvətmi?
Bildiyimiz kimi, aşıq deyişmələri zamanı bir-birini üstələyə bilməyən aşıqlar tərəfindən tətbiq edilən “qıfılbənd”lərin də əksəriyyəti dini-mistik təsəvvürlərlə, təbiət hadisələri ilə bağlı olur. Yəni ruhun canda can bulması bir çox “bağlı qapıya”, “qıfılbənd sirlərə”, “ilkin təcəllidən hüsulə gəlmiş aləmlərin, Aləmi-qеyb, Aləmi-cəbərut və Aləmi-mələküt”un sirrini anlamağa açar ola bilər. Çünki bu aləmlər idraki, əqli və hissi yolla, məntiq və zahiri sübutlarla anlaşılmayan vəhdət aləmidir. Lövhi-məhfuz, külli-əql, Allahın ad və sifətlərinin sabit surətləri Qеyb aləmində, bütün ruhlar, külli-nəfs və s. isə Cəbərut və Mələküt aləmində yеrləşirlər. Bu aləmdə yеrləşən ruhlar aləmini daxili bəsirət gözü və nurlu batini duyumla görmək olar. Bu üç aləm məna aləmidir. Surətə, formaya və rəngə malik dеyildir.“
Lətifə Rəşidin həsrətinin də rəngi yoxdur. Ona göy üzündən əl edən şəhidi, “Gəl bizə qarış söyləyir.”
”Həsrətə bax, rəngi yoxdur, göynəyir,
Göy üzündən, kimlərdi, əl eyləyir?!
Gəl, Lətifə, qarış bizə! – söyləyir,
Neyləyim ki, ürəyimdə qalmısan?!”

“Mən sənin eşqin üçün, eşqinə pərvaz etdim, / Canı canımdan əziz, canda canım, can qardaş!”- deyən Rəşid Lətifənin “ruh ekizi”, “bəstəsidir.“
“İnan ki dönməmisən bu dünyaya boş-boşuna,
Səcdə et baş daşıma, canda canım, can qardaş!
Lətifə ruh əkizim, artıq onun bəstəsiyəm,
Gər ki ruh bəstəsiyəm, canda canım, can qardaş!
Canda canım, can qardaş!” (Can qardaş).


“Maddi dünya Aləmi-şəhadətdir, mülk aləmdir. Maddi xilqət, cismani əşya və varlıqlar bu aləmdə təzahür еdir. Onlar müəyyən şəklə, rəngə, həcmə və formaya malikdir. Zaman da, məkan da, cəhətlər də bu aləmə xasdır. Maddi varlıq təsəvvüfdə kosmoloji düzümdə son mərhələni təşkil еdəir. Bu mərhələ də iki pilləyə malikdir: Bütün göy aləmi, ərş, kürsi, fələklər, ulduzlar, sidrətül-müntəha və s. daxil olduğu Ülvi aləm və dörd ünsür, mədənat (cansız varlıqlar, mədənlər), nəbatat (bitkilər) və hеyvanatın təşkil еtdiyi Süfli aləm. Ülvi aləm daha uca, ali, insan da qərar tutduğu Süfli aləm isə aşağı mərtəbə hеsab olunur.” Süfli aləmdə qərar tutan insanın üzü hər zaman Ülvi aləmə - Göyə olub və bu mərhələdəkilərin sirrini anlamaq istəyib. Müqəddəs şəhidlərimizin də ruhları Ülvi aləmdə qərar tutub. “Göydəki ulduzlar, şəhidlərin sayıdır.” “Hər iki dünyanı gəzib tərsinə, düşünən başları çaş qoyuram mən”, - deyən Lətifə Rəşidin də üzü ülvi aləmədir:
“Lətifə yaşayır, xəyallar ilə,
Qızıl da tanınır əyyarlar ilə,
Kəbə də gözəldir, zəvvarlar ilə,
Fərqinə varana beş qoyuram mən” (“Beş qoyuram mən”).

Aləmlərdən bəhs etdik, amma bu aləmlər içərisində bir başqa dünya, bir başqa aləm də var: Şəhidlər dünyası. Can verib Şəhidlik mərtəbəsinə yüksələn və əbədiyyən yaşayan, “cəsədi itsə də ruhu baş olan” şəhidlərin müqəddəs ruhlarının dünyası. Şəhidlik şərbətini içərək “bəxtəvər olan”ların dünyası. Bunu Lətifə ilə Rəşidin “Ruhun etirafı” şeirində izləmək daha yerində olar:
“Məni ölüm belə almadı sizdən,
Gedən də bu qədər bəxtəvər olar?!
Qələmin tapşırıb bir qızılgülə,
Ölən də bu qədər bəxtəvər olar?!

Alın yazısını seçməmişəm ki,
Dünyamı dəyişib, itməmişəm ki,
Canımdan boşuna keçməmişəm ki,
Ölən də bu qədər bəxtəvər olar?!” (Ruhun etirafı)

Şəhidlik zirvəsini bilənlər bilir. “Orada həyat var gedənlər üçün.” Onların məskəni uca mərtəbədədir. Ölənlər üçün “əlvida” deməyək, yaşadaq:

“Onlardır sevginin ölçü vahidi,
Görünməz dünyanın canlı şahidi.
Şahdan dəyərlidir orda zahidi,
Ruhların ruhunu şad edirəm mən” (Şad edirəm mən).

“Bir bədəndə iki ruh” kitabında “Ana yurdun başını uca eləyən”, “Qaranlığın dan üzü”, “Yer altında toxunulmaz gül” olan şəhidlərə: Fəridə, Kənana, Ramilə, Cəmilə,Turala, Orxana şəhidlərə, şəhid analarına həsr olunan şeirlər çoxdur:
“Ana yurd başını uca eləyən,
Bu torpağın qan üzüdür, Şəhidlər!
Yurd yerinin dövrəsinə nur salar,
Qaranlığın Dan üzüdür, Şəhidlər! (Şəhidlər).


Deyirlər ki, “uşaq anadan yetim qalar.” Xalqımızın üzləşdiyi faciələrdə, 20 Yanvar, Xocalı faciələrində, Vətən savaşında qəhrəman oğulların anaları yetim qaldı. Onların cəsədi torpağa qarışsa da, ruhu yüksək mərtəbəyə ucaldı. “Ana oğul istəyir, torpaq qəhrəman.” Bir ananın oğlu torpaq uğrunda şəhid olaraq bütün anaların övladına çevrildi. Müəllifin, “Dağlar sizə səcdə edir, /Ağlama, şəhid anası!” - müraciəti ilə şəhid analarına ünvanladığı “Şəhid anası” şeiri çox dəyərlidir:

Bu igidlər ərəndilər,
Behiştdə gül dərəndilər.
Bayraqlara bələndilər,
Ağlama, şəhid anası!” (Şəhid anası).


Torpağı vətən edən, uğruna qurban gedən müqəddəslərdir, Şəhidlər. Torpaq uğrundan canından keçən şəhidlərimiz və qazilərimiz 44 günlük Vətən savaşında bizə böyük qürur bəxş etdi. Bu gün qürurluyuq. Ali Baş Komandan İlham Əliyevin əmri ilə müzəffər Azərbaycan ordusu yeni tarix yazdı: Zəfər tarixi. Bayramlarımıza bir bayram da yazıldı: Zəfər bayramı!

“Bu zəfər hər şəhid qanından keçib,
Minlərlə qazinin canından keçib.
Zülmət gecələrin danından keçib,
Əbədi nemətdir Zəfər Bayramı.

Biz qalib dövlətik, üzümüz ağdı,
Möhtəşəm dönüşdü, dəyərli çağdı.
Quran da bəhs edir, Şəhidlər sağdı,
Əbədi nemətdir Zəfər Bayramı” (Zəfər bayramı”).

Bu gün biz qalib dövlətik. Dövlətin gücü, Ali Baş Komandanın əzmi və siyasəti, Azərbaycan ordusunun rəşadəti sayəsində Qarabağımız azaddır, bizimdir. Ali Baş Komandanın “Nə qədər dövlətin gücü olsa da, qələbəni əldə edən əsgərdir”, - sözləri nə qədər fəxarətlə səslənir. Bu gün şəhidlərimizin ruhu şaddır. Çünki onların qanı yerdə qalmayıb, qisası alınıb! Bunun üçün Ali Baş Komandan, Prezident İlham Əliyevə və Azərbaycan ordusuna minnətdarıq. Bu minnətdarlıq Lətifə Rəşidin misralarında belə sıralanır:
“Üçrəngli bayraqla dalğalanırsan,
Qarabağ adıyla hecalanırsan.
Tökülən qanları qanla alırsan,
Səsindən sükunət oyanır, İlham!
Muğamın, Seygahın pərdələrində,
Şəninə nəğmələr yazılır, İlham! (“İlham”).


Hər şeyin başlanğıcı olduğu kimi, sonu da olur. İnsanın başlanğıcı “olum”, sonu “ölüm”dür. Əsas məsələ “olum”la “ölüm” arasındakı həyat dediyimiz ömrü necə yaşamaqdır. Həyatını vətənə fəda edən şəhid Rəşidin, daha doğrusu Lətifə Rzəşidin kitabı haqqındakı yazımı bütün Şəhidlərimizin ruhunu hörmət və rəhmətlə anaraq yazımı bitirir və deyirəm: dönüşün mübarək olsun, Şəhidim!

28-07-2024, 14:49
Misir müəllimi təbrik edirik!

Misir müəllimi təbrik edirik!

Zəngəzur Mahalının dəyərli övladlarından birinin- Misir Aslanovun doğum günüdür. Misir müəllim həmkəndlimiz və qohumumuz olsa da, 1988-ci ildən el-obamızdan ayrı düşdüyümüzə görə çox da yaxınlığımız olmamışdı. İnsan övladı da bir-birinə yaxınlaşmadıqca, yol yoldaşı olub, ünsiyyətə girmədikcə bir- birini yaxşı tanımaz, təsəvvvürü ağızdan qulağa olar. Eşitdiyindən, duyduğundan formalaşar. Biz də Misir müəllimlə yalnız xeyirdə, şərdə görüşər, ötəri hal-əhval tutardıq. Sözün düzü bir oxşar xasiyyətimiz var ki, heç birimiz insanların vəzifəsi, ictimai mövqeyi, nə işlə məşğul olması ilə maraqlanmarıq. Adamdısa, adamdı, adam deyilsə, hansı vəzifədə olursa olsun, fərq etməz.

Sözü uzatmadan demək istəyirəm ki, Misir Aslanovu keçən il “ZƏKA PRİNT” MMC-nin təşkilatçılığı ilə Caspian Plaza Biznes mərkəzində keçirilən “Dəyərli müəlliflərlə görüş”də daha yaxından, daha yaxşı tanıdım. Tanımaqla bərabər belə bir eloğlum olduğuna qürurlandım. Həmin görüşdə media rəhbərləri, ali təhsil ocaqlarının nümayəndələri, ziyalılar və onun nəşriyyatı ilə əməkdaşlıq edən müəlliflər iştirak edirdilər. Şəhid, qazi və aztəminatlı ailələrin övladları da tədbirə dəvət olunanlar sırasında idilər. “ZƏKA PRİNT” nəşriyyatının direktoru Misir Aslanov qonaqları salamladıqdan sonra qeyd etdi ki, biz bu gün təkcə dəyərli müəlliflərimizlə görüşmürük. Bu fürsətdən istifadə edib, həm də Qarabağımızı düşmən işğalından azad edən qazilərimizlə, Şəhid ailələri ilə və o zümrədən olan övladlarla görüşürük. Bu tədbir əslində Şəhidlərimizə ehtiramımızı bildirmək üçün bir vəsilədir.
Misir müəllim “ZƏKA PRİNT” MMC-nin xüsusi qonaqları olan gül balalara-Şəhid övladlarına, imkansız ailələrin məktəblilərinə hədiyyələr verərək onlara elm yolunda, təhsildə uğurlar arzulayaraq dedi:

Qarı düşmənə qalib gəlmək üçün həm qol gücünə, həm də zəkaya ehtiyac var. Bu yolda onların ən böyük yardımçıları “ZƏKA PRİNT” MMC-nin nəşr etdiyi kitablar olacaq. Dünyamıza sülh, insanlara əmin-amanlıq, uşaqlara isə həyatda daim ağıl güclərinin qalib gəlməsini arzu edirəm. Əmin olun ki, hər zaman yanınızda olacaq, imkanımız daxilində lazım olan ehtiyaclarınızı qarşılayacağıq.
Sonra məktəblilərə içi kitabla dolu çantalar hədiyyə edildi, uşaqların şərəfinə hazırlanmış tort kəsildi. Aslan Bayramov, Nahid Canbaxışlı, Məzahir Məmmədov, Tural Turan, Emil Rasimoğlu Misir Aslanova uşaqları sevindirdiyi üçün, bu gözəl addıma görə təşəkkürlərini bildirdilər.
Bir sözlə, bu balaca auditoriyada böyük ürək döyüntüləri, bu tədbirdəki mənzərə, kontingentin rəngarəngliyi, arzuların böyüklüyü məni həm duyğulandırdı, həm də qürurlandırdı. Əmin oldum ki, Qarabağ uğrunda qan töküb torpaqlarımızı düşmən tapdağından azad edənlərin övladları, varislərilə Bütöv Azərbaycan yolçuluğumuz uğurla başa çatacaq.

Misir Aslanov isə “ZƏKA PRİNT”in zəkası ilə əqidədaşımız, yol yoldaşımız olacaq. Odur ki, Misir müəllimi “Bütöv Azərbaycan” qəzetinin yaradıcı kollektivi və Hərbi Jurnalistlər Birliyinin İdarə Heyəti adından təbrik edir, ona sağlam ömür, ailəsinə səadət, övladlarına xoş gələcək və bu nəcib işlərində uğurlar arzulayıram. Hörmətlə: Tamxil Ziyəddinoğlu
26-07-2024, 11:33
Gülər xanımın vətəndaş əzmi, həkim şəfqəti ...


Gülər xanımın vətəndaş əzmi, həkim şəfqəti ...

“Hər birimiz bir şam işığı qədər işıq verə bilsək, planetimizin günəşə ehtiyacı qalmaz”
Mustafa Topçubaşov
Yaşı cəmiyyətin yaşı qədər olan həkimlik nəcib və məsuliyyətli peşələrdən biridir. İnsanların sağlamlığının keşiyində dayanmağı özünə həyat amalı seçənlər yaddaşlarda əbədi yaşayırlar. Məşhur rus yazıçısı, həkim A.P.Çexov həkimlik sənəti haqqında demişdir: "Həkimlik sənəti qəhrəmanlıqdır, hünər deməkdir. Bu peşə adamdan fədakarlıq, pak niyyət tələb edir. Hər kəs buna qadir ola bilməz. Bunun üçün həkimin fikri aydın, qəlbi təmiz olmalıdır". Həqiqətən də, belədir.
Qadın zərif olsa da, onun fəaliyyətində bir həyat naxışı boya tutur. İllər o naxışı ana məhəbbəti ilə süsləyir, zaman ucalıq əzmi ilə. Buna görə qadın həmişə hər evdə işıq kimi təcəssüm tapır...
Gülər həkim Azərbaycan qadınının həyat eşqini özündə ifadə edən cəmiyyəti qadını səciyyəvi olaraq xoş məramla xarakterizə edir. Biz də o xoş anın təbəssümünü daim öz çöhrələrimizdə tuturuq. Bu məsələni, özüm üçün, hələ uşaqlıq illərindən seçmişəm. Mən həkim olmaq istəyirəm.
Qədim və humanist peşə olan həkimlik insanların səhhətinin qorunmasına, xəstəliklərin qarşısının alınmasına yönəlib. Elə 2022-ci ildən Abşeron Rayon Mərkəzi Xəstəxanasında Hemodializ şöbəsinin müdiri kimi fəaliyyət göstərən həkim-nefroloq Gəncəliyeva Gülər Allahverdi qızı da əzəmətli bir qadın kimi həyata, cəmiyyətə dürüst istiqamətlər verir, aid olduğu sahənin bilicisi kimi dövlətçilik işində maksimum fərqlənir. Onun xəstələrə diqqət və qayğısı günün reallığı kimi təzahür edir. O, mütəmadi yığıncaqlarda öz dəyərli məsləhətlərini əsirgəmir. Əvvəlki çatışmazlıqların səbr və təmkinlə aradan qaldırılması istiqamətində tövsiyələr verir. Bunun nəticəsidir ki, Abşeron rayon səhiyyəsində hazırda bir çox müsbət dəyişikliklər əldə edilib, cəmiyyət rayon səhiyyəsi haqqında müsbət fikirlər səsləndirir.
Həkim adını və nüfuzunu şərəflə qoruyan, aid olduğu peşəni məşəl kimi öndə aparan Gülər Gəncəliyeva bütün fəaliyyəti boyu bu ənənəyə sadiq qalıb.
Ümumiyyətlə, həyatını ictimai işlərə sərf edərək xoş məram, xeyirli məqsəd aşılayan insanlar cəmiyyətin xüsusi ehtiramına layiqdirlər. Bu insanlar həm də dövlət və dövlətçiliyimizin vacib resurslarıdır. Belə insanların əhatəsində olanda könüllər durulur...
Səmimi etiraf edək ki, bir-birindən layiqli xidmətləri ilə könüllərdə həyat işığı yandıran, təcrübəli həkim-nefroloq Gülər Gəncəliyeva da qəlbində misilsiz Azərbaycan sevgisi gəzdirir, aid olduğu sahəyə şərəflə qulluq edir. Onun xalq ruhu ilə həmahəng olan işləri Azərbaycanın dövlətçilik xəzinəsinə misilsiz töhfələrdir. Onun insanlara məhəbbəti, vətənpərvərlik hisləri, ictimai saflığa münasibəti, dərin koloritli ictimai fəaliyyəti Azərbaycan həqiqətlərinin parlaq səhifələrindəndir.
Qısa məlumat:
Gülər Gəncəliyeva 1989-cu ildə Ağcabədi rayonunda anadan olub. 2006- cı ildə Kimya-biologiya təmayüllü liseyi bitirib. Rusiya Federasiyası V.İ.Razumovskiy adına Saratov Dövlət Tibb Universitetinin “Müalicə işi” fakültəsində təhsilini davam etdirib. 2015-2019-cu illərdə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda həkim-nefroloq ixtisası üzrə rezidentura təhsili alıb. 2020-ci ildə “Azərsutikinti” xəstəxanasının Hemodializ şöbəsində həkim-nefroloq kimi çalışıb. 2020-ci ildə Ege Hospitalda həkim-nefroloq işləyib. 2020-2022-ci illərdə Bona Dea İnternational Hospitalda həkim-nevroloq kimi fəaliyyət göstərib. Bir neçə çap olunmuş elmi məqalənin müəllifidir. Bir çox Beynəlxalq və yerli Konfranslarda məruzəçi və iştirakçı kimi çıxış edib. Azərbaycan Nevroloqlar Cəmiyyətinin və Türk Nevroloji və Transplantoloqlar Dərnəyinin üzvüdür. 2022-ci ildən Abşeron Rayon Mərkəzi Xəstəxanasında Hemodializ şöbəsinin müdiri işləyir.
Gülər Gəncəliyevanın pasiyenti olanlar onun səmimiyyətini ən başlıca məqsəd kimi dəyərləndirirlər. Elə yaxın dostumuz, “Qazilər.az” saytının redaktoru, Vətən müharibəsi veteranı Cəbrayılov Elşən Qardaşxan oğlunun anası Məmmədova Səkinə Məhəmməd qızı da Gülər xanımın insanlığını, səmimiyyətini alqışlayır, onun xəstələrə olan münasibətini yüksək qiymətləndirir. 10 iyun 2024-cü ildən 29 iyun 2024-cü ilədək Abşeron Rayon Mərkəzi Xəstəxanasında müalicə alan Səkinə xanım Gülər həkimin istedadına böyük önəm verir, peşəsinə olan sevgisini insanlara olan diqqət kimi mənalandırır. Təkcə Səkinə xanım deyil, yüzlərlə insan əlindən şəfa tapdığı üçün Gülər həkimə minnətdardır.
Yuxarıda dediyimiz kimi, həyatını ictimai işlərə sərf edərək xoş məram, xeyirli məqsəd aşılayan insanlar cəmiyyətin xüsusi ehtiramına layiqdirlər. Bu insanlar həm də dövlət və dövlətçiliyimizin vacib resurslarıdır. Belə insanların əhatəsində olanda könüllər durulur...
Həkim peşəsi olduqca məsuliyyətli və çətindir. Bu qədim sənəti seçən insan daim fövqəladə vəziyyətlərə hazır olmalı və insanlara yardım etmək hissindən həzz almalıdır. Əlbəttə ki, bu geniş ruhiyyə və insanlığa dərin məhəbbət tələb edir. Həyat üçün məsuliyyət daşımağa hazır olmaq lazımdır. Gülər xanım deyir ki, mənin ən böyük arzularımdan biri, həkim sənətinə yiyələnmək, onun sirlərini bilmək və doğma respublikamızın səhiyyəsinə öz töhfəmi verməkdir.
Səmimi etiraf edək ki, bir-birindən layiqli xidmətləri ilə könüllərdə həyat işığı yandıran, təcrübəli həkim-nefroloq Gülər Gəncəliyeva da qəlbində misilsiz Azərbaycan sevgisi gəzdirir, aid olduğu sahəyə şərəflə qulluq edir. Onun xalq ruhu ilə həmahəng olan işləri Azərbaycanın dövlətçilik xəzinəsinə misilsiz töhfələrdir.
Gülər xanıma can sağlığı, işlərində müvəffəqiyyətlər arzulayırıq.

Hüseyn İSAOĞLU (Məmmədov),
AJB-nin və AJB nin üzvü, Yazıçı-publisist
14-07-2024, 19:33
ERKƏN EVLƏNDİRİLƏN QIZLARIN GÖZÜNDƏN...


ERKƏN EVLƏNDİRİLƏN QIZLARIN GÖZÜNDƏN...

Məni cismən dünyaya gətirən ailəm ilə işıq saçan ümidlərimin, bahar kimi hər rəngi daxilində saxlayan arzularımı puç edib, həyatda öz mövqeyimi tutmaq istəyimin qarşısına sədd çəkərək cismimdən öncə ruhumu torpağa basdıran ailəmin eyni olması, mən və mənimlə bərabər sonsuz sayda qızlarımızı müstəqil şəxsiyyətdən öncə az yaşlı “gəlin”ə çevirdi. Yaşıdlarım öz parlaq gələcəklərinə addım atarkən mən ailəmin məni “doğru” hesab etdikləri yolda addım atmağa məcbur edildim.
Cismim öz toyunda bəzədilmiş “qadın” kimi qələmə verilsə də, ağlım hələ bitməyən uşaqlığımda, yarım qalmış məktəbimdə, səhifələri hələ bitməyən dərsliklərimdə idi... Toyumda ucalan hər alqış səsi mənim daxilimdə səslənən bütün arzularımın səsini qaydasız döyüşlərdəki kimi acımasız şəkildə, vəhşicəsinə məğlub edirdi. Bu məğlubiyyəti ailəm daxil olmaqla bütün qohumlarım bayram edirdi. Özümü istehsal tarixi bitməsin deyə marketdə satışına can atılan ərzaq kimi hiss edirdim. Birdən tarixim bitər və məni alan olmaz. Ya da özumü sırf ürəkləri istəyir deyə kiməsə hədiyyə edilən əşya kimi hiss edirdim. Həmin əşyanı da yeni alanda çox sevib qoruyub bəsləyirdilər.
Mən də anadan olanda eynən o əşya kimi idim. Sonra da onun kimi biri tərəfindən sahibləndim. Sırf qız olaraq dünyaya gəlmişəm deyə fikrimi soruşmadan məni sahiblənsin deyə biri ilə evləndirilməli idim? Öz ailəmin fikirlərimə hörmətlə yanaşmadığı halda yad biri mənə necə hörmət edəcəkdi? Bunların heç birini məni bədbəxtlik ölkəsinə həbs edən ailəm düşünmədi. Yaşıdlarım kimi təhsil almaq, həyatda öz mövqeyimi müəyyənləşdirmək, ayaqlarım üzərində sərbəst dayanmaq arzularım ürəyimdə qaldı…
Mən ruhən evləndiyim yaşda qaldım. Ömür keçdi, illər fəsillər biri-birini əvəz etdi. Amma mən erkən yaşda evləndiyim gün yaşanmayan uşaqlığımda yarımqalmış təhsilimdə qaldım. Bu okean ortasında yerləşən adada tək qalıb kömək üçün insanları çağırmaq kimi çarəsizliyə bənzəyir. Ən doğma bildiyin ailən səni anlamır, sən isə öz rəngarəng dünyandan ayrılıb yad birinə qurban olacağın günü gözləyirsən. Bu zaman tək sirdaş və şahidin qaranlıq otağının divarları, bir zaman sonra heç istifadəyə ehtiyac olmayacaq küncdə şkaf üstündə olan məktəbli çantan olur...Bütün ümid və arzuların sanki o çantanın içindədir. Gələcək həyatın isə səni anlamayan, “məndən yorulub ailəm? Niyə bu yaşda məni başqa evə göndərir?” fikirlərini ağlına gətizdirən valideynlərinin dodaqları arasından çıxan sözlər də...
Hacı Zeynalabdin Tağıyevın bir maraqlı fikri var: “Bir oğlana təhsil verməklə təhsilli bir insan qazanırsınız, bir qıza təhsil verməklə isə təhsilli bir ailə”. Cəmiyyətimizdə qadın-qızlarımızın təhsili onları daima ucaldan qanadlar, cəmiyyətin cahil düşüncələrinə qarşı onları qoruyan silah və həyatda hər zaman qızlarımıza lazım olan heç bitməyən bir xəzinədir. Erkən evliliklər isə qızlarımızın əlindən bu imkanları alaraq onları daima kimlərdənsə asılı vəziyyətə salır. Müəyyən yaş həddinə çatmış, ali təhsilli, öz müstəqil fikirlərini ifadə edərək özlərini sübut edən qızlarımız ailə həyatı qurarkən yetişdirdikləri övlad da əsl şəxsiyyət kimi formalaşır. Əlbəttə, istisna hallar da var.
Bəzən müəyyən səbəblərdən ali təhsil almayan, amma təhsilə önəm verən yenifikirli insanlara da rast gəlirik. Buna baxmayaraq cəmiyyətdə ən öndə gedən məsələ qızların ali təhsilli olmasıdır. Bu onların ən təbii haqqıdır. Bu haqqı onlardan almağa heç kimin, heç öz valideynlərinin də ixtiyarı yoxdur.
Fikrimcə, ən böyük cinayətlərdən biri qızların təhsildən yayındırılıb evliliyə sövq edilməsidir. Ona görə ki, burada həmin qızın ruhu, xəyalları heç səsi çıxmayan güllə ilə öldürülür. Əziz valideynlər, bu güllənin qızlarınızı öldürməsinə icazə verməyin! Əksinə həmin gülləni çırağa çevirərək qızlarınızın həyatını işıqlandırın. Onlara dəstək olun!

Çinarə MURADOVA
13-07-2024, 10:26
Natella NUR Yazır: ŞUŞADAN GƏLƏN AZAN SƏSİ


Natella NUR Yazır: ŞUŞADAN GƏLƏN AZAN SƏSİ
(Anamın xatirələrindən).
Anam Şuşalıdı, mənim uşaqlıq və gənclik illərimin yay tətili bu dilbər guşədə keçib. Biz hər il qohumları ziyarət etməyə gedəndə Şuşanın səfalı yerlərini gəzib dolanırdıq. Bu cənnət məkanı seyr etməkdən doymurdum. Mənə elə gəlir ki, Şuşanın gözəl təbiətini, füsünkar mənzərəsini vəsf etməyə sözün, şeirin gücü çatmır...
Dilbər guşə Qarabağda,
Gəlsən görərsən Şuşada
Zümrüd rəngli uca dağlar,
Onu qoynuna alıblar

Hər fəsildə bir don geyir,
Sözünü rənglərlə deyir
Üzük üstə parlaq qaşdır,
Qarabağın baş tacıdır.

Bir gün, gözəl bir yay səhəri, biz Yuxarı Gövhər Ağa məscidinin yanından keçəndə, rəhmətlik anam Gülnaz dayanıb oraya qəmli-qəmli baxaraq dedi:
-Allah sənə rəhmət eləsin ay baba, gözəl insan idin, sənin xeyirxah əməllərindən şuşalılar həmişiə danışırlar...
Biz məscidin həyətinə daxil olduq və böyük bir ağacın yanında qoyulmuş qəhvəyi rəngli skamyada əyləşdik. Anam bacımla mənim sual dolu baxışlarımızı görəndə, gülümsəyərək sözünə davam etdi:
- XX əsrin əvvəllərində babam Hacı Axund Cavad bəy, bax bu məscidin Baş Axundu olub. O, zəmanəsinin sayılıb- seçilən, Bağdadda təhsil almış ziyalılarından biri idi. Atasından qalmış qızıl və boyaq "dükan"larından əldə etdiyi gəlirlə həm böyük ailəsini dolandırır, həm də, xeyriyyəçilik edirdi. O, kasıblara, kimsəsizlərə yardım edəndə sevinirdi, bundan rahatlıq tapırdı.
- 1915- ci ildə, Ramazan ayında babam yeddi nəfər dostları ilə birlikdə, faytonlarla İranın Məşhəd şəhərinə, 8- ci İmam Rzanın qəbrini ziyarət etməyə gedib. Orada namaz qılıb, duaları avazla söyləyəndə birdən ürəyi dayanıb, vəfat edib. Hadisəni ətraflı öyrənən ziyarətgahın Baş Axundu, babamı 8- ci İmam Rzanın yanında dəfn olunmasına dair göstəriş verib. Sonra o, babamın ən yaxın dostuna bir sənəd təqdim edib. Ərəb dilində yazılmış, üzərində möhür və imzası olan həmin sənəddə deyilirdi.
-- Hacı Axund Cavad bəy 8- ci İmam Rzanın qəbrini ziyarət edərkən, dünyasını dəyişib. Ziyarətgahın Baş Axundunun qərarına əsasən, o, 8- ci İmamın yanında dəfn olunub. Hacı Axund Cavad bəyin ailəsindən olanlara, yeddi nəslinə qədər, seyidlik düşür. Onlar bu şərəfli adı ləyaqətlə qorumalıdır.
Biz bu sözləri eşidəndə təəccüblə anamıza baxdıq və bunun mahiyyətini anlamağa çalışırdıq. O zaman mənim 14, bacım Tamellanın isə 17 yaşı vardı. Anam bizim maraq dolu baxışlrımıza nəzər salıb, sözünə davam etdi:
-Ramazan ayının sonunda şuşalılar bu müqəddəs bayramı qeyd etmək üçün, məsciddə namaz qılır, dualar oxuyur, ehsan verir, kasıb və kimsəsizlərə bayram hədiyyəsi paylayırdılar. Rəhmətlik nənəm Kəblə Zəhra, babamın çox sevdiyi zəfəranlı cücə plovunu dəmə qoyub, uşaqları ilə birlikdə onun yolunu səbirsizliklə gözləyirdi. Bayram axşamı təzə Ay görsənəndə, adamlar ona baxıb salavat çevirir, mübarək olsun deyib, bir- birini təbrik edirdilər.
Yuxarı Gövhər Ağa məscidinin həyətinə toplaşan xeyli sayda adamlar, ziyarətdən gələnlərin yolunu səbirsizliklə gözləyirdilər. Onlar bilirdilər ki, hər il olduğu kimi, Axund Hacı Cavad bəy öz dostları ilə bu vaxtlarda meydana bir neçə faytonla daxil olacaq. Bir az keçmiş, faytonlar meydana daxil olub məscidin önündə dayanır. Ziyarətdən kor- peşiman qayıdanların üzlərində qəm- kədər, gözlərində yaş vardı. Babamın yaxın dostu, əhvalatı olduğu kimi söyləyib, ziyarətgahın Baş Axundunun göndərdiyi sənədi, Şuşa məscidinin Axunduna verir.

Axund minbərə çıxır, əzan verir və hadisəni insanlara söyləyir. Əhvalatı eşidən Şuşa camaatı meydana, Yuxarı Gövhər Ağa məscidinin önünə axışırlar...
Babamın, yarışlarda qızıl medallar qazanmış, Qarabağ cinsli ağ köhlən atı, məscidin qarşısına çatanda kişnəyir, ayaqlarını bərk- bərk yerə çırparaq ağlayır...
Görənlər söyləyirdi ki, atın gözlərindən yaş leysan kimi axırmış. Bunu görən şuşalılar, həm Axund Cavad bəyin qərib yerdə, vaxtsız dünyasını dəyişməsinə, həm də, vəfalı atının bu halına ağlayırdılar...
Rəhmətlik babam sevimli atına həmişə kişmiş verib əzizləyər, boynuna yarışlarda qazandığı medallarını taxardı. Babamın ölümü ata çox təsir etmişdi, at yemədi, içmədi, çox xiffət etdiyindən xəstələnir və qırx gündən sonra başını babamın paltarlarının üstünə qoyub öldü.
Anam danışdıqca, onun ala gözlərindən al yanaqlarına doğru muncuq-muncuq süzülüb axan göz yaşlarına baxanda, biz də kövrəldik... O, göz yaşlarını dəsmalla silə- silə əlavə etdi:
-Xeyir əməl sahibləri, hər iki dünyasını qazanır, qızlarım, bunu unutmayın...

XAN QIZI NATƏVAN (1832-- 1897)
Poema
Canım- gözümsən, ay Şuşa,
Cənnət- məkansan, ay Şuşa.
Anamın doğma vətəni,
Onun tək sevmişəm səni.

Xöşbəxt analı günlərim,
Uşaqlıq, gənclik illərim
Keçib bu əziz diyarda,
Şeir- sənət ocağında.

Zümrüd rəngli uca dağlar,
Onu dövrəyə alıblar.
Hər fəsildə bir don geyir,
Sözünü rənglərlə deyir.

Quşlar baxıb nəğmə deyir,
Cıdır düzü gülümsəyir,
Tarixini, vərəqləyir,
Görək, bizə nə söyləyir?

Ustad yazıçı, şairlər,
Bəstəkarlar, xanəndələr
Bu diyarda göz açıblar,
Xaruqələr yaradıblar...
***** ***** *****
Yazanda mən bu dastanı,
Natəvanın həyatını…
Çəkdiyini yaşamışam,
Göz yaşları axıtmışam

Xan Qızı, dövlət xadimi,
Yaşatdı məktəbi, elmi.
Şair, həm də, rəssam idi,
Əlvan tikmələr tikirdi.

Şuşanın güllü dağları,
Buz tək sərin bulaqları,
Xan Qızından söhbət açır,
Keçmişləri yada salır.

****************
1-ci
Min səkkiz yüz otuz iki,
Vaxtı gəldi talehdəki.
Altısı, Avqust ayında,
Cənnəti- məkan Şuşada,
İbrahim Xanın nəvəsi,
Açdı gözün, gəldi səsi...
Göydə ulduzlar parladı,
Qızcığazı salamladı.
Mehdiqulu, Xan Qızını.
Ətraf çəkirdi, "naz”ını,
"Dürrü--yekta"- deyirdilər,
Varis hesab edirdilər.
"Tək inci"-dir söz mənası,
Əzizlədi el- obası.
O, min səkkiz yüz qırx beşdə,
Atası, vəfat edəndə,
On üç yaşda varis oldu,
Qarabağın Xanı oldu.
Gecə- gündüz çalışırdı,
Hər zəhmətə alışırdı.
Danışırdı fransızca,
Oxuyurdu ərəb, farsca.
Mirzə Ruhulla dərs dedi,
Şeir, qəzəli sevdirdi.
Öyrənirdi, Nizamini,
Nəvaini, Fizulini.
Gənclik dövrünə çatanda,
Qönçələnib, gül açanda,
Gözəlliyi dildə gəzdi,
Bəxti daşdan- daşa dəydi.
O, min səkkiz yüz əllidə,
On səkkiz yaşın içində,
Məcburən ailə qurdu,
Xanlığı belə qorudu…
Ərə getdi Xasay Xana,
Adlı- sanlı bir insana.
Rütbəsi Çar Generalı,
Əsli- kökü Dağıstanlı,
Sevimlisi, olmuş elin,
Silahdaşı, Şeyx Şamilin.
Məhəbbətsiz, qürbət eldə,
Dərd gəzdirdi, sınıq qəlbdə.
Xurşidbanu, ana oldu,
Oğlu, həm də, qızı oldu.
Mehdiqulu, Xanbikəni,
İki gözəl mələyini,
Əzizləyib çox sevirdi,
Göz üstündə bəsləyirdi.
Çəkirdi nəfis şəkillər,
Tikirdi, əlvan tikmələr.
Qərənfillə danışırdı,
Şeirində yaşadırdı...
"Səni kimdir sevən bica, qərənfil?
Sənə mən aşiqi- şeyda qərənfil!
Səni gülşən əra aşüftə gördüm,
Yəqin bildim tutub sevda, qərənfil!
Belə pəjmürdə hal ilə durubsan,
Düşər güllər əra qovğa, qərənfil!
*******************
2-ci
Min səkkiz yüz əlli səkkiz,
Tarixlərdə qalıb bu iz.
Düma,-bir fransız yazarı,
Cəlb edib, Qafqaz dağları.
Bu diyara səfər etmiş,
Heyran olub, çox bəyənmiş.
Abşerona səyahətdə,
Bakıda, bir ziyafətdə,
Görüşübdü, Xasay Xanla,
Zabitəli Generalla.
Xasay Xan da, tanış edib,
Ailəsini, təqdim edib.
Yoldaşını- Xan Qızını,
Oğlunu, kiçik qızını.
Hamısı milli geyimdə,
Xoş təbəssüm, üzlərində.
Xan Qızı bir şəkil çəkib,
Məclisə xoş ruh gətirib.
Düma, rəsmi çox bəyənib,
Xan Qızına, sual verib.
Xurşidbanu, gülümsəyib,
Fransızca cavab verib.
Düma, bunları qeyd edib,
Öz əsərində göstərib.
Heyran olub talantına,
Ağlına, həm rəftarına.
* *** ***** ***** ****
1864- cü il.
Min səkkiz yüz altmış dörddə,
Tiflisdə olan illərdə,
Havasını götürmədi,
Xəstəlik aman vermədi.
Həkim dedi:-getməlisən,
Sən, Şuşaya dönməlisən.
Min səkkiz yüz altmış dörddə,
Tale hökmünü verəndə,
Xurşidbanu geri döndü,
Bu nigahın odu söndü.
Ayrı düşdü, Xasay Xandan,
Övladların atasından.
İlk bəxti heç gətirmədi,
Tale üzünə gülmədi.
Göz yaşıyla şeir yazdı,
Qəzəlilə "qəbrin" qazdı.
Göründükcə dərdin izi,
Taleyi yandırdı bizi.
Zəmanənin buxovları,
Qandallamış hüquqları.
Şair qəlbi çırpınırdı,
Dərd içində hıçqırırdı.
"Gəl rəhm qıl indi, padşahım!
Əflakə yetişdi dudi- ahım.
Sən yar ilə zövqdə, səfadə,
Mən burda, bu cövr ilə cəfadə.
Sən vaxtında aşinalıq etdin,
Döndün, belə bivəfalıq etdin.
Təqsir kimin oldu, padşahım?
Bildir ki, mənə nədir günahım?
Sən eyşdə əyləş indi xoşdil,
Mən hicrdə, həm məlulu müşkil,
Öldür məni, olsun əllərin var,
Səbr eylə, gözüm, nə təqsirim var.
Qəhr ilə çəkərdim ah candan,
Ah əl çəkməyir bu Natəvandan."
Təbiətin rəsmin çəkdi.
Xəyalının dərdin əkdi...
Təsvir etdi məhəbbəti,
Görmədiyi sədaqəti.
Dərdlini dərd çəkən anlar,
Yarasına məlhəm bağlar.
Anlayırdı o hər kəsi,
İncitməzdi heç bir kəsi.
******************
3-cü
Yazın gözəl vaxtı, Şuşa kəndində,
Meşəli- bulaqlı dağ ətəyində,
Dedilər: Xan Qızı burdan keçəcək,
Şuşadan Ağdama bu gün gedəcək.
Qarı eşidəndə, Xan Qızı gəlir,
Düşündü Allahdan "çarəsi" gəlir...
Yoxsulluqdan külfət əzab çəkirdi,
Əkib- biçdiyini çölə səpirdi.
Yolun kənarında, arxın böyründə,
Çinar kölgəsində, güllü çəməndə,
Xalça sərib, yasdıqlarla bəzədi,
Üzə gülən çay süfrəsi düzəltdi.
O, həvəslə samovara od saldı,
Yolla gedən faytonu tez saxladı:
-Xoş gəlmisən, qadan alım, Xan Qızı!
Gəlişinlə gətirmisən sən yazı!
Yol gəlmisən, yorulmusan, bəri gəl,
Çinar altda məxmər çay iç, bir dincəl.
Xurşudbanu gülümsədi, əl etdi,
Faytondan düşərək yaxına getdi.
Xoş sözlərdən yorğunluğu sovuşdu,
Hal- əhvalı, vəziyyəti soruşdu:
Qarı dedi: Allahımdan razıyam,
Xan sağ olsun, qulluğunda hazıram!
Kasıb qarı öz dərdini unutdu,
Əydi başın, bir anlığa duruxdu.
Həssas şair, dərdi gözdən oxudu,
Anladı ki, ehtiyacı lap çoxdu.
Xan Qızı çay içib, söhbət eylədi,
Çox maraqlı, əhvalatlar söylədi…

10-07-2024, 15:30
Təbrik edirik


ÜRƏKDƏN TƏBRİK EDİRİK!

Bu gün qohumum, sinif yoldaşım və dostum Ramizin doğum günüdür. Ramiz Əsədov Zəngəzur mahalının Qafan Rayonunun Kurud kəndində doğulub. Orta məktəbi Gığı kəndində başa vurub. Ali təhsilli, peşəkar inşaatçıdır. Uzun müddət böyük tikinti trestinə rəhbərlik edib. Ramizin elə xasiyyəti var ki, istər
oxuduğu məktəblərdə, istərsə işlədiyi kollektivlərdə, istərsə də yaşadığı məhəllələrdə yalnız dostlar qazanıb. Çünki Ramizin mayası xeyirxahlıqdan yoğrulub. Budur səhərin gözü açılandan sinif yoldaşlarının təbrikləri başlayıb.
Xatırladım ki, Ramiz Əsədov Gığı kənd orta məktəbini 1975-ci ildə bitirib.


Elə ona görə də 1975-ci ilin məzunlarının sevimlisidir. Ramiz əzizim, səni təbrik edirik, sağlam ömür, firavan həyat arzulayırıq. Arzu edirik ki, gəncliyində çəkdiyin çətinliklər, vətən həsrəti geridə qalsın! Ahıl çağlarını ürəyincə yaşaya biləsən! Biz də şirin söhbətlərini dinləyə-dinləyə yol yoldaşın olaq. Səni öpüb, bağrımıza basırıq.

Hörmətlə: Gığı məktəbinin 1975-ci il məzunları adından Tamxil Ziyəddinoğlu
26-06-2024, 22:33
Müqəddəs ideya ətrafında…


Müqəddəs ideya ətrafında…

İyunun 26-da "Qərbi Azərbaycan Kubok"u uğrunda mini futbol turnirinin açılış mərasimi keçirilib. Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli turnir iştirakçılarına uğurlar arzulayıb.
Qərbi Azərbaycan kuboku uğrunda turnirin İcmanın tarixində yeni bir səhifə oldğunu deyən sədr ölkəmizin idman sahəsində də öz gücünü hər zaman nümayiş etdirdiyini vurğulayıb. Bildirib ki, Qərbi Azərbaycana qayıdış ideyası bu gün ümummilli məsələdir. Biz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sülh yoluyla və təhlükəsiz şəkildə öz tarixi torpaqlarımıza qayıdacağıq. Bu cür idman yarışlarını isə Zəngəzurda, Dərələyəzdə, Göyçədə, İrəvanın mərkəzi stadionunda keçirəcəyik.
Gənclər və idman nazirinin müavini Fərhad Hacıyev bugünkü turniri tarixi hadisə adlandırıb:
"Qərbi Azərbaycan əsilli gənclər ata-babalarının yaşadıqları tarixi torpaqları görməsələr də, ora qayıtmaq arzusu ilə yaşayırlar. Bu, çox sevindirici haldır."
Milli Məclisin deputatı Səbinə Xasayeva bildirib ki, bu gün Azərbaycan tarixinin ən şanlı səhifələrindən birini yaşayırıq. O da müqəddəs ideya ətrafında birləşən həmvətənlilərimizin yaxın zamanlarda Qərbi Azərbaycana qayıdacağına inandığını vurğulayıb. Sonra turnir bədii hissə ilə davam edib. Müğənnilərin və aşıqların ifasında vətənpərvərliyə həsr olunan mahnılar oxunub. Komandalar Meydana daxil olaraq ümummilli ideya uğrunda əl-ələ tutub yallı gediblər.

Bədii hissə yekunlaşdıqdan sonra turnirin ilk oyunu keçirilib. Belə ki, Qərbi Azərbaycan rayonlarının "Loru" və "Qarakilsə" mini futbol komandaları üz-üzə gəliblər. Oyun "Loru" klubunun 15-2 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Qərbi Azərbaycan İcmasının və rayon icmalarının təşəbbüsü və təşkilatçılığı ilə keçirilən mini futbol turniri Qərbi Azərbaycana qayıdış ideyası ətrafında icma üzvlərinin sıx birləşməsi, gənclər arasında kommunikasiyanın möhkəmləndirilməsi, eyni zamanda, sağlam həyat tərzinin təbliği, icmanın fəaliyyətində kütləviliyin artırılması və sağlam cəmiyyətin formalaşdırılmasına dəstək məqsədilə keçirilir.
Tarixdə ilk dəfə təşkil olunan mini futbol turnirində Qərbi Azərbaycanın rayon icmalarını təmsil edən gənclərdən ibarət 20 komanda iştirak edir. Bunlar "Axta", "Amasiya", "Basarkeçər", "Böyük Qarakilsə", "Barana", "Çəmbərək", "Qarakilsə", "Qəmərli", "Qafan", "Gorus", "Keşişkənd", "Karvansaray", "Loru mahalı", "Meğri", "Hamamlı", "İrəvan", "Paşalı", "Vedi", "Sərdarabad" və "Zəngibasar" komandalarıdır.
“Butov.az”











26-06-2024, 06:33
SOVET HƏRBİ RƏHBƏRLƏRİNİN GİZLİN ƏMƏLİYYATI...

SOVET HƏRBİ RƏHBƏRLƏRİNİN GİZLİN əməliyyatının qarşısını alan Azərbaycanlı QƏHRƏMAN zabitlər kimlərdir?

Ötən yazılarımızda ehtiyatda olan polkovnik-leytenant Qurbanəli İsmayılovun Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrini “Qurbanəli İsmayılov: “Heydər Əliyevlə bircə dəfə görüşmək kifayətdir ki, onun nə qədər müdrik və dahi şəxsiyyət olduğunu görəsən” başlıqlı məqalədə davamlı olaraq yazmışdıq. Qurbanəli müəllim elə mətləblərdən danışdı ki, onu qələmə almamaq olmur. Daha doğrusunu desəm, həyəcanlanmamaq mümkün deyil. 1990-cı illərdən sonra Sovet ordusunun balansında olan təyyarələrin, hərbi texnika və döyüş sursatlarının yerləşdiyi ərazidən məxvi şəkildə çıxarılması prosesini əngəlləyən zabitlər barədə söhbətlər hər kəsin marağına səbəb olacaq. Bu əməliyyatda qəhrəmanlıq göstərən zabitləri və bu işlərə rəhbərlik edənləri tanıyacaqsınız. Beləliklə Qurbanəli İsmayılovla gərgin və maraqlı söhbətimizə başlayırıq. İlk sualmızı verirəm.
-Məlumat aldınız ki, Azərbaycanda vəziyyət gərgindir. Bəs müalicənizi yarımçıq qoyub Bakıya qayıtmağınızın əsas səbəbi nə idi?
-1992-ci ilin fevral ayında mən müalicə üçün Kırımdakı sanatoriyaların birində idim. Həmin vaxt «Mayak» radiostansiyasında bir xəbər verildi ki, Dağlıq Qarabağdakı Xocalı qəsəbəsində birneçə nəfərin öldürülməsi səbəbindən Azərbaycan xalqı ayağa qalxıb. «Mayak» radiostansiyasının xəbərindən anladım ki, nəsə dəhşətli hadisələr baş verib. Əks halda, xəbərləri ciddi senzuradan keçən «Mayak» radiostansiyası belə bir xəbəri verməzdi. Evə zəng etdim. Evdən bildirdilər ki, Sovet və erməni qoşunları Xocalıya basqın edib, böyük soyqırım törədiblər, çoxlu sayda insan öldürülüb. Dərhal müalicəmi yarımçıq qoyaraq, Azərbaycana döndüm. Gəncəyə, ordan da Şəmkirə gəldim. Hər yerdən insanlar üzüntü içində idi.
Evdə dayanmayıb, birbaşa hərbi hissəyə getdim. Yolda öyrəndim ki, Xalq Cəbhəsinin yerli şöbəsinin rəhbərləri məni axtarır. Onlar da Şəmkirdəki rus hərbiçilərinin çıxarılması üçün azərbaycanlı zabitlərdən dəstək istəyirdilər.
Nə isə, hərbi hissəyə gəldim. Gördüm ki, şəxsi heyət üzrə komandir müavini olduğum hərbi hissədəki azərbaycanlı zabitlər və gizirlər məni gözləyir. Qeyd edim ki, məndən başqa həmin hərbi hissədə 3 zabit və 20-yə yaxın azərbaycanlı gizir vardı. Hamımız bir yerə yığıldıq ki, bundan sonra hansı addımı atacağımızla bağlı müzakirə aparaq. Açığı gördüm ki, hamının gözü məndədir, qərarı mənim verməyimi istəyirlər. Mən də bildirdim ki, azərbaycanlı olduğumuza görə, Azərbacan dövləti üçün xidmət etməliyik. Ancaq hərbi hissəni tərk etsək, Rusiya burdakı texnikanı, təyyarələri, silah-sursatı aparacaq. Ona görə də, burda qalmalı, çalışıb heç bir texnikanın Azərbaycandan çıxarılmasını imkan verməməliyik. Bu texnika Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi və Qarabağ müharibəsinin qələbə ilə başa çatması üçün ölkəmizə lazımdır.

Bu sualımıza cavab olaraq bildirirəm ki, orada baş verən hadisələr haqda müəyyən məlumat vermək lazımdır. Qeyd edim ki, SSRİ dağılsa da, onun müttəfiq respublikalarda, o cümlədən Azərbaycanda yerləşən hərbi hissələri qalırdı. Rusiya bu hərbi hissələrin ona məxsus olduğunu bildirsə də, məsələ mübahisəli idi. Xüsusən hərbi texnikanın taleyilə bağlı konkret bir qərar, razılaşma yox idi. Buna görə də bir çox azərbaycanlı zabitlər, o cümlədən mən bu hərbi hissələrdə qalıb, qulluq edirdik
-SOVET HƏRBİ RƏHBƏRLƏRİNİN məxfi planının qarşısını alan Azərbaycanlı zabitlər barədə nə deyə bilərsiniz?
-Həmin hərbi təyyarələrin Azərbaycanda saxlanılmasında adlarını çəkəcəyim cabitlərdən Vladimir Kravtsovu deyə bilərəm, lakin Aleksandr Pleşanın ciddi rolunun olduğu haqda deyilənlər həqiqətə uyğun deyil. Nasosnuda olan 30 ədəd Miq-25PD markalı təyyarənin necə Azərbaycana saxlanılması barədə dəqiq məlumatım yoxdu. Ancaq Dəllərdə baş verənlərin şəxsən iştirakçısı olmuşam. Aleksandr Pleşanı da yaxından tanıyıram. Ancaq o, həmin alayın eskadrilya komandiri idi. Eyni zamanda Şəmkirdə mənim qonşum idi. Düzdür, Aleksandr Pleşa sonradan Azərbaycan Hərbi Hava Qüvvələri eskadrilyasının komandiri oldu. Ancaq, bu onun Dəllərdəki hərbi təyyarələrin Azərbaycanda qalmasındakı xidmətləri ilə bağlı deyildi. BU MİNVALLA QƏRARA ALDIQ Kİ, AZƏRBACAN DÖVLƏTİ ÜÇÜN XİDMƏT ETMƏLİYİK.

- Sovet hərbi rəhbərlərinin məxvi planlarının qarşısı necə alındı?

-RUSİYANIN MƏXFİ PLANLARINI AZƏRBAYCAN MN-nin BAŞ QƏRARGAH RƏİSİNƏ ÇATDIRDIM.
Bunun üçün hansı addımları atacağımıza gəldikdə isə, bildirdim ki, bu haqda hər kəslə ayrıca söhbət olacaq. Bunu da onun üçün etdim ki, əgər içəridən kimsə bu haqda hərbi hissənin rəhbərliyinə xəbər vermək istəsə, ümumi plan haqda məlumatı olmasın. Hamı razılaşdı. Və o da qərara alındı ki, kim bu plan barədə hərbi hissənin rəhbərliyinə xəbər verərsə, satqınlıq edərsə ən ağır şəkildə cəzalandırılsın.
Qərar qəbul elədim ki, Bakıya gəldim.

Həmin vaxt Bakıda müdafiə nazirin müavini olan polkovnik Mehman Səlimovla şəxsi tanışlığım vardı. Mənim tələbə yoldaşım idi. Onunla əlaqə saxladım və məsələ ilə bağlı məlumat verdim. Mehman Səlimov məni nazirliyin rəhbərliyilə görüşdürəcəyini bildirdi. Nazirliyə gəldim və polkovnik Səlimov məni Baş Qərargah rəisinin yanına apardı. Baş Qərargah rəisnə və nazirlikdə mühüm vəzifə tutan general-leytenant Valeh Eyyuboviçlə görüşdüm. Onlara Gəncə və onun ətrafında, Qazaxda, Şəmkirdə, qulluq etdiyim ordu birləşməsində hansı qüvvələrin olduğu, hansı hazırlıqların getdiyi haqda qısa məlumat verdim. Mən komandir müavini olduğumdan Hərbi Şuraya gedərdim, eyni zamanda məxfi yazışmalar haqda məlumat almaq imkanım vardı. Buna görə də Rusiyanın planları barədə tam məlumatlı idim. Bütün bildiklərimi Baş Qərargah rəisinə çatdırdım.
Düzdür, rus zabitləri məndən müəyyən məlumatları gizlətmək istəyirdilər. Ancaq müxtəlif yollarla məndən gizlədilən məlumatları əldə edirdim. Həmin məlumatlara əsasən Rusiyanın Dəllərdə təyyarələri və silah-sursatı Azərbaycandan çıxarmağa hazırlaşdığını bildirdim.

-Həmin dövrdə Dəllərdə yerləşən hərbi hissənin siyasi və tərbiyəvi işlər üzrə komandir müavini işləyirdim. Sovet ordusunun tabeçiliyində olan təyyarələrin Azərbaycandan çıxarılmasının qarşısını almaq qərarına gəldik. Amma necə?

Bu suala cavab tapmaq çətin idi. Yollar düşünürdük.
MOSKVA İSƏ BÜTÜN HƏRBİ TEXNİKANI RUSİYAYA DAŞIMAQ İSTƏYİRDİ. Hətta MDB dövlətlərinin Belarusiyanın Minsk şəhərində keçirilən hərbi toplantısında bildirimişdilər ki, müəyyən kvota çərçivəsində təyyarə və silah-sursatın bir quismi yerləşdiyi dövlətlərə verilsin. Amma Rusiyalı hərbçilə bununla razılaşmırdı.
Azərbaycan ərazisindəki hərbi texnikanın, o cümlədən hərbi təyyarələrin Rusiyaya məxsus olduğunu xidmət elədiyim hərbi hissənin rəhbərliyi təkidlə vurğulayırdı. Bildirilirdi ki, keçmiş SSRİ-nin əmlakıdır. Onun varisi isə Rusiyadır. Belə olan halda bizim işlərimiz çətinləşirdi. Təbii ki, keçmiş SSRİ-nin tərkib hissəsi olaraq, həmin hərbi əmlakda Azərbaycanın da payı var idi. Ancaq Moskva bütün hərbi texnikanı özününkü elan edərək, Rusiyaya daşımaq istəməsi bizi narahat edirdi. O zaman Rusiya müttəfiq respublikalardakı qarışıqlıqdan, güclü mərkəzi hakimiyyətin formalaşmamasından istifadə edərək keçmiş müttəfiq respublikaların əksəriyyətindən hərbi texnika, silah-sürsatı Rusiyaya daşındı. Məsələn, Gürcüstanda nə qədər hərbi texnika, silah-sursat var idisə hamısı aparıldı. Yalnız Ukraynada, Belarusiyada və Ermənistanda heç nəyə əl vurmadılar ki, bunun da səbəbi məlumdur.
Eyni qaydada Azərbaycandan da həbri texnikanı, silah-sursatı Rusiyaya aparmaq istəyirdilər.

Ölkədə həmin vaxt güclü hakimiyyətin formalaşmaması, siyasi qarşıdurmanın olmasından istifadə edərək, bunu reallaşdırmaq istəyirdilər. Ancaq həmin vaxt Azərbaycanın Müdafiə Nazirliyində olan, eləcə də ölkəmizdəki keçmiş SSRİ-yə aid hərbi hissələrdə qulluq göstərən azərbaycanlı zabitlər belə bir qərara gəldilər ki, buna imkan vermək olmaz. Qərara alındı ki, nəyin bahasına olur-olsun Azərbaycan ərazisində olan keçmiş SSRİ-yə aid hərbi texnika ölkədə saxlanılmalıdır.
Dəllərdə yerləşən kəşfiyyat avia- alayına məxsus 5 MiQ-25 RB və 11Su-24MP - ümumilikdə 16 hərbi təyyarə Azərbaycanda saxlanıldı. Həmin vaxtda Dəllərdən rus hərbiçilərini və ailələrini, eləcə də onların əmlakını aparmaq üçün gələn İl-76 təyyarəsinin bir ədədinin Azərbaycanda saxlandığını bildirilsə də, əslində onların sayı 2 olub. Bu da onunla bağlı idi ki, Rusiya gizlincə Dəllərdə yerləşən kəşfiyyat avia-alayına məxsus 8 təyyarəni qaçırmışdı. Bunun əvəzində biz həmin İl-76 təyyarələrini saxladıq.
(ardı var)

Subut Mehdiyev
25-06-2024, 14:38
ÜZÜ DÖNSÜN AYRILIĞIN...


ÜZÜ DÖNSÜN AYRILIĞIN...

Nəşriyyat-poliqrafiya sahə¬sində çalışdığım 30 ildən artıq müddətdə minlərlə kitabın nəşrində iştirak etmiş, alimlərin elmi araşdırmalarını, eləcə də müxtəlif elm ocaqlarında fəaliyyət göstərən insanlar haqqındakı avtobioqrafik yazıları bir korrektor olaraq oxumuşam, dizayn-tərtibat işlərilə məşğul olmuşam. Məni bir şey hər zaman düşündürürdü ki, cəmiyyətimizdə elə fəaliyyət sahələri var ki, biz addımbaşı o sahədə çalışanlarla “ünsiyyətdəyik”, xeyirxah əməllərinə görə onları alqışlayırıq, bizə doğmadılar, əzizdilər, lakin şəxsən tanış deyilik. Təəssüf ki, çox az yazılır, yaxud heç yazılmır onlar haqda... Axı, bu “gözəgörünməz” insanlar öz əməlləri ilə milyonların yoluna işıq, nur saçır, onların fəaliyyət göstərdiyi sahələr Dövlətimizin əsas dayaqlarındandır...
Eyni mövzularla işləməyimin bir səbəbi də yəqin ki, 20 ilə yaxın müddətdə Milli Elmlər Akademiyasında çalışmağım olub.
Cəmiyyətimizdə tanınmış, ictimai-siyasi fəaliyyətlə məşğul olan bir çox dəyərli insanlarla bu gün də dost münasibətlərim davam edir. Həyatda ən böyük qazancım da elə budur...

Bu yaxınlarda 2 saylı Bakı Tibb Kolleci müəllimlərinin cap işləri də mənə həvalə edilmişdi. Az bir müddətdə hər biri ilə son dərəcə səmimi ünsiyyət yarandı, xoşluqla ayrılsaq da, düşünürdüm, razı qaldılarmı görəsən...
İş əlaqəmizin kəsilməsinə baxmayaraq, bayramlarda, xoş günlərdə əksəriyyətinin diqqətini görürdüm. Telefonuma gələn xoş sözlər, bayram təbrikləri həqiqətən də mənə çox xoş təsir bağışlayırdı. Mən də öz növbəmdə onları diqqətdən kənarda qoymamağa çalışır¬dım. Statuslarını izləyirdim. Paylaşımlarına münasibətimi bildirirdim. Beləliklə, səmimi ünsiyyətimiz davam edirdi. Onlardan biri də Töhfə müəllimə idi. Töhfə Cəfərağa qızı Mövsümova.
Bu yaxınlarda Töhfə xanımın statusundakı hüznlü yazı isə məni çox sarsıtdı... Çöhrəsi nurlu bir insanın şəkli və acı göz yaşları içində yazılan vida kəlmələri...
Atası dünyasını dəyişmişdi...
O nurlu sima mənə o qədər doğma gəldi ki... Haradan, necə anlaya bilmədim...
Azərbaycanın yol-inşaat sahəsində tanınmış insan, Əməkdar mü¬həndis, “AzVirt” MMC-nin baş mühəndisi, ləyaqətlə, şərəflə 72 il ömür sürən Cəfərağa Şiriyev 19 may 2024-cü ildə qəflətən vəfat etmişdi. Həm ailəsini, həm təmsil etdiyi yol-inşaat sahəsindəki bütün dostlarını, iş yoldaşlarını qəfil gedişi ilə sarsıtmışdı... Bir gün əvvəl - 18 mayda axşamçağı işi ilə əlaqədar Qarabağdan qayıdıbmış...
Bəlkə doğmalığın bir səbəbi də elə buymuş. Bəlkə bu yazı Cəfərağa müəllimə Qarabağ xanlığının əsasını qoyan ulu babalarım Cavanşirlərin qanı axıdılan yurd yerimizdəki zəhməti müqabilində ilahinin çiynimə qoyduğu bir minnətdarlıq borcudur? Hər şey ola bilər...
Töhfə xanımın paylaşımına anındaca mü¬nasi¬bətimi bildirdim.
Mən də valideynlərimi itirdiyim üçün, o ağır anlarımda təsəlli tap¬dığım zərrəcik boyda nəsə olmuşdusa, Töhfə xanımla bölüşməyə, onu ovundurmağa çalışdım... Amma üzü dönsün ayrılığın... Əzizlərin itkisini nələrsə ovunduracaq gücdədirmi ki... Zaman lazımdır bu yaranın qaysaqlanması üçün... Düzdür, heç kəs ölənlə ölmür, ürəyimizin bir parçası olan əzizlərimiz bizi əbədilik tərk etməklə həmin parçanı da özləri ilə qoparıb aparır, o yer hey sızlayır, göynəyir... Yaşayırsan, həyatına davam edirsən, lakin bu ağrını ömürlük yaşayaraq davam edirsən... Bu, həyatın acı gerçəkliyidir, bəlkə də əksinə... Unudulmamaq haqqı olan əzizlərimizin əbədiyaşarlıgının təzahürüdür...
Mən adətən şəxsən tanımadığım insanlar haqda yazı yazmağa çətinlik çəkirəm. Düşünürəm ki, qeyri-səmimi alınar. Amma Xalq şairimiz Nəriman Həsənzadə həmişə deyir ki, insanlar təkcə qan qohumluğu ilə yaxın olmurlar, onları doğmalaşdıran həm də “tərcümeyi-hal qohumluğudur”.
Mən də Töhfə xanımın nurlu atasını çöhrəsində əks olunan alicənablığı, ziyalılığı, zəhmətkeşliyi ilə eynilə atama oxşatdım. Bir doğmalıq gəldi mənə. Yəqin, bu “tərcümeyi-hal qohumluğu” da iç dünyamı silkələdi...
Cəfərağa müəllimin qəfil dünyasını dəyişməsindən sarsılan “AzVirt” MMC-nin baş direktor müavini Nəriman Nağıyevin həmkarı haqda ürək yanğısı ilə yazdığı yazını oxudum.
Həyat və fəaliyyəti gözlərim önündə canlandı...
Yaxşı yadımdadır... 90-cı illər idi. “Elm və həyat” nəşriyyatında çalışırdım. Bir müəllifimiz vardı. Bəhram İbrahimov. “İnşaatçı” qəzetinin əməkdaşı idi. Azərbaycanda fəaliyyət göstərən elə bir yol-inşaat, tikinti-quraşdırma sahələri olmazdı ki, bu cəfakeş insan onlardan yazılar, oçerklər, kitablar yazıb çap elətdirməsin. Onun xeyli kitabını işləmişdim. Səhv etmirəmsə, bu simalara, adlara o kitablarda rast gəlmişəm. Təəssüf ki, hal-hazırda kitablar əlimdə olmadığından dəqiqləş¬dirə bilmədim...
Cəfərağa Şiriyevin həyat və fəaliyyəti haqqında mətbuatda, sosial şəbəkələrdə gedən yazıları, dostlarının, iş yoldaşlarının, övladının ürək yanğılarını oxuyuram. Çox təəssüf edirəm ləyaqətli bir vətəndaşın, etibarlı dostun, sədaqətli ailə başçısının, mehriban atanın, babanın vaxtsız itkisinə...
* * *
Tam səmimiyyətlə qeyd etmək istəyirəm ki, bu son kəlmələrim, həqiqətən də Töhfə xanıma sadəcə bir təsəlli deyil. Ona demək istəyirəm ki... Yarandığı gündən son mənzilədək insan çalışır, çarpışır ki, nəsə bir faydalı iş görsün, sağlığında da, axirətində də rəhmət qazansın. Amma bu, hər kəsə nəsib olurmu? Əsla...
Sevimli Atanız Cəfərağa müəllim sağlığında minlərlə dəfə bu rəhməti qazanıb. Hələ çox qazanacaq... Onu tanımayanların dilindən belə... Ağlımız kəsəndən nənə-babalarımız yol salmağın, su çəkməyin nə qədər savab bir iş olduğunu, insana nə qədər rəhmət qazandıracağını bizə nəsihət ediblər.
Xoş sizin halınıza ki, belə bir şərəfli ömür sürmüş atanın övladısınız.
Nə xoş ki, vətənimizin belə ləyaqətli övladları var. Nə xoş ki, Dövlətimiz, hökumətimiz də onun əməyini zamanında dəyərləndirib.
İntizarla Qarabağa köç edəcəyimiz günü gözləyirəm. Bilin ki, atanızın ürək qoyduğu o yollarla addımlayanda hər dəfə dilimdə sidq ürəklə bu dua səslənəcək: “Allah sənə rəhmət eləsin, Cəfərağa müəllim! Məkanın cənnət, yerin behişt olsun! Haqqını halal et bizlərə...”
* * *
Əməkdar jurnalist Zərbalı Mirzənin “İnşaatçı” qəzetində Cəfərağa Şiriyevin 70 illik yubileyi münasibətilə dərc etdirdiyi məqalədən bir neçə məqamı da oxucularla bölüşməyi lazım bildim...
Jurnalist Cəfərağa müəllimə sual verəndə ki, təcrübəli mühəndis kimi formalaşmağınızda kimlərin haqqı var? O, belə cavab vermişdir: Mən özümü Əli Musa oğlu Əliyevin yol inşaatı Akademiyasının məzunu hesab edirəm... O, bu gün haqq dünyasında olsa da, mən onu hələ də oxuyuram, görürəm ki, hələ ondan öyrəniləsi çox mətləblər var...
“...Cəfərağa müəllim ailəlidir. 3 övladı var. Həyat yoldaşı Südabə Nurəddin qızı kimyaçı-texnoloqdur. Hal-hazırda təqaüddədir. Böyük qızı Mövsümova Töhfə Cəfərağa qızı ali təhsillidir, 2 saylı Bakı Tibb Kollecində müəllim işləyir, ailəlidir.
Ortancıl qızı Rəhimova Günel Cəfərağa qızı “Atəşgah” sığorta şirkətində təftiş komissiyasının sədri vəzifəsində işləyir, ailəlidir.
Ailənin kişik qızı Hacıyeva Gülnar Cəfərağa qızı Azərbaycan Respublikası Hesablama Palatasında sektor müdiri vəzifəsində işləyir, ailəlidir...”

* * *
“Azərbaycan Hava Yolları” QSC-nin vitse-prezidenti Etibar Hüseynovun, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Baş İdarəsinin rəis müavini Hidayət Rüstəmovun, “AzVirt” MMC-nin texniki istehsalat şöbəsinin rəhbəri Nəriman Nağıyevin və Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Azərbaycan Mühəndislik İqtisadiyyatı” kafedrasının müəllimi, iqtisad elmləri doktoru Ayaz Orucovun Cəfərağa müəllim haqda söylədiyi yüksək fikirlər onun nurlu ömür yoluna bir az da işıq salır...
Etibar Hüseynov: “... “AzVirt” MMC respublikada yol tikinti sahəsində xüsusi rolu olan özəl bir tikinti qurumudur və onların nümunəvi, keyfiyyətli işləri dəfələrlə dövlət rəhbəri səviyyəsində təqdir olunmuşdur. Şübhəsiz ki, şirkətin uğurlarının təməlində baş direktor Kamil Əliyevin və baş mühəndis Cəfərağa Şiriyevin rolu böyükdür.”

Ayaz Orucov: “...Tərəddüd etmədən deyə bilərəm ki, o, bu gün Azərbaycanın yol mühəndisləri ordusunda flaqman insanlardan biridir. Respublikanın yol tikintisində çoxillik gərgin fəaliyyəti yol inşaatı sahəsində çalışan gənc mütəxəssislər üçün sözün həqiqi mənasında bir məktəbdir və təqdir olunmalıdır”.
* * *
“AzVirt” MMC-in baş direktor müavini Nəriman Nağıyevin Cəfərağa Şiriyevin həyat və fəaliyyəti haqda qələmə aldığı “Şərəfli yolunu özü inşa etmişdi” yazısını da oxuculara təqdim etməyi özümə borc bildim.
“Öz qismətinə heyran qalan, Canım Atam”. Ölümündən sonra onun barəsində qızının sosial şəbəkədə paylaşımında bu fikri qeyd etməsi diqqət çəkməyə bilməzdi. Həqiqətən də belə oldu. Bir anda ölüm xəbəri yayılanda heç kim inanmaq istəmədi. “Bu nə qismətdir” deyərək təəccüblənən, şok keçirən bir çoxları eşitdiklərinin həyəcanını yaşadı. Elə övladı Töhfə xanımın yazdığı kimi, atası da öz qismətinə heyran qalmışdı.
Bir neçə gün öncə Azərbaycanın yol təssərrüfatında tanınmış insan, əməkdar mühəndis, “AzVirt” MMC-nin baş mühəndisi Cəfərağa Şiriyevi itirdik. O, bu dünyada 72 il şərəfli, ləyaqətli ömür sürdü. 19 may 2024-cü ildə qəflətən vəfat etdi. Həm işlədiyi sahədə, iş yerində, həm də insanların qəlbində böyük boşluq yaratdı.
Şiriyev Cəfərağa Ağabala oğlu 19 mart 1952-ci ildə Salyan şəhərində anadan olub. 1968-ci ildə orta təhsilini başa vurandan sonra Azərbaycan Politexnik İnstitutunda avtomobil yolları üzrə mühəndis ixtisası üzrə təhsil alıb və oranı 1974-cü ildə bitirib.
C.Şiriyev 1974-1978-ci illər ərzində Avtomobil Yollarının Tikintisi və İstismarı Nazirliyinin 12 saylı Yol Tikinti İdarəsində iş icraçısı, baş mühəndis vəzifələrində işləyib. 1978-1990-cı illər ərzində 6 saylı “Xüsusiyoltresti” idarəsində iş icraçısı, baş mühəndis vəzifələrində, 1990-1992-ci illər ərzində “Azərneft” Yol Tikinti Təmir Trestinin 1 saylı Yol Tikinti İdarəsində baş mühəndis, həmin idarənin rəisi vəzifələrində çalışıb. 1992-1993-cü illər ərzində Bakı şəhəri İcra Hakimiyyətinin “Yoltəmirtikinti” Baş İstehsalat İdarəsində Elmi-İstehsalat Müəssisəsinin direktoru, 1993-1995-ci illərdə “Azəryoltikintitəmir” trestinin “İnkişaf” Elmi-İstehsalat müəssisəsinin rəisi, 1995-ci ildə Yol Təmir Trestində Baş İstehsalat İdarəsinin Şəhər Yolları istismarı idarəsində rəis müavini vəzifələrində əmək fəaliyyətini davam etdirib.

1995-ci ilin noyabr ayından ölkəmizin tanınmış yol tikinti şirkəti olan “AzVirt” Azərbaycan-Almaniya Birgə müəssisəsinin Asfalt-Beton İstehsalı zavodunun direktoru vəzifəsində işə başlayıb, 2004-cü ildən isə ömrünün sonunadək bu şirkətin baş mühəndisi vəzifəsində işləyib. 10 aprel 2012-ci ildə “Əməkdar mühəndis” fəxri adına layiq görülüb. Bir çox mükafatlar alıb.
Cəfərağa Şiriyev “AzVirt” MMC-də çalışdığı dövrdə bir çox yol və hava limanı infrastruktur layihələrinin ərsəyə gəlməsində zəhmət sərf edib. Elə bir layihə yoxdur ki, orda onun adı keçməsin. Böyük Şor dairəsi - Heydər Əliyev Beynəlxalq Hava Limanı - Mərdəkan-Bilgəh, Buzovna-Mərdəkan-Qala, , Qala-Pirallahı, "Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolu, Olimpiya Stadionuna aparan yollar, körpülər, tunellər, Formula-1 “Azərbaycan Gran Prisi” üçün inşa olunan trek və s. saya bilmədiyimiz daha neçə-neçə layihədə Cəfərağa müəllimin izini görmək, nəfəsini duymaq mümkündür. Serbiya, Bosniya və Herseqovina, Ukrayna, Qırğızıstan kimi ölkələrdə icra edilən beynəlxalq layihələrdə də baş mühəndis olaraq Cəfərağa Şiriyev AzVirt-in işini ləyaqətlə yerinə yetirib.
Gələn il 30 yaşını qeyd edəcəyimiz AzVirt-in 20 il baş mühəndisi olmaq böyük məsuliyyət deməkdir. Bu illər ərzində C.Şiriyevin hava nəqliyyatı sahəsində icra edilən layihələrdə də əməyi danılmazdır. Heydər Əliyev Beynəlxalq Hava Limanında bir sıra infrastruktur layihələri, eləcə də Yeni Aerovağzal Terminalı, o cümlədən 2006-2013-cü illərdə Gəncə, Lənkəran, Zaqatala, Qəbələ, Yevlax hava limanlarının inşaatında da o, daim iş başında olardı.
Nəhayət Cəfərağa müəllim ən böyük arzularından birini də həyata keçirə bildi. Doğma torpaqlarımız işğaldan azad edildikdən sonra ona demək olar ki, “AzVirt”in baş ofisində az-az rast gəlinirdi. Çünki müqəddəs torpaqlarda şirkətə böyük etimad göstərilərək, Füzuli, Zəngilan, Laçın Beynəlxalq Hava Limanları, “Zəfər Yolu”, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd, Əhmədbəyli-Füzuli-Şuşa, Kəlbəcər-Laçın, Füzuli-Hadrut yolları kimi mühüm layihələrin icrası həvalə olundu.
O, bəlkə də sayıla biləcək baş mühəndislərdən idi ki, gününü istehsalatda, tikinti meydançasında keçirirdi. Çünki bunu görüb mənimsədiyi bir məktəb vardı. Bu məktəb “AzVirt”in yaradıcısı, görkəmli alim, texnika elmləri doktoru, professor Əli Musa oğlu Əliyevin məktəbi idi. İlk vaxtlardan ondan öyrənmək, onun dediklərini yaddaşda həkk etmək, həm idarəetmədə, həm də elmi izahlardan yararlanmaq Cəfərağa müəllimi bu sahədə püxtələşdirmişdi. C.Şiriyev professor Əli müəllimin bir deyimini heç vaxt unutmurdu: “Neçə illərdir bu asfaltı qurdalayıram, amma hələ də heç nə bilmirəm”. Böyük bir alimdən bu sözü eşitmək nə qədər qəribə səslənsə də, bunun qiymətli hikməti vardı. Məhz Cəfərağa müəllim də belə dəyərli kəlamlar üzərində inkişaf yolu keçib, böyük layihələrə imza ata bilmişdi.
Yorulmurdu. Xüsusən də Qarabağda daha çox qalmağa üstünlük verirdi. Elə sonuncu dəfə də mayın 18-də - həftənin 6-cı günü axşam saatlarında Zəngilandan qayıtmışdı. Bazar günü günortaya yaxın isə vəfat etməsi xəbəri yayıldı.
Özündən sonra yadigarı olan 3 qızı və 6 nəvəsi qalıb. Nəvələrindən Rəşad Mövsümov Memarlıq və İnşaat Universitetinin 4-cü kurs tələbəsidir və babasının yolunu davam etdirir.
O, sözün əsl mənasında Azərbaycanı “Gələcəyə aparan yollar”da öz adını əbədiləşdirə bildi. Harda “AzVirt” adı çəkilirsə, deməli orda bu peşəkar əməkdar mühəndisin ruhu da yaşayır. Cəfərağa müəllimin əziz xatirəsi “AzVirt” ailəsi, doğmaları, eləcə də, onu tanıyan digər insanların qəlbində daim yaşayacaqdır.”
* * *
Cəfərağa müəllim İlahidən ona yazılan qismətə şükranlıqla yanaşaraq, sevimli ailəsinin poetik taplosunu şairanə təbiətiylə heyranlıqla yaratmışdır...

Rəbbimə şükr edirəm verib mənə can, nə gözəl,
Canıma can artırıb eylədi canan, nə gözəl!

Ömrümə bəzək verən bir gözələ tuş eylədi,
Gözəllə gözəl olurmuş yeni dövran, nə gözəl!
Arzuma, istəyimə bircə dəfə yox demədi,
Ruzimi verdi mənim etdi firavan, nə gözəl!
Əmanət etdi mənə ən sevimli məxluqun O,
Etibar qazanmaqsa sirri Xudadan, nə gözəl!
Üç gözəl verdi mənə, üç gözələ bircə ana,
Gedərəm, uf demərəm, hamsına qurban, nə gözəl!
Əyər ki, hər bir ata ruhən sevsə övladını,
Bir uşaq tapammarıq qəlbi pərişan, nə gözəl!
İlahi, qismətimə şükr eləyib yorulmuram,
Özüm öz qismətimə olmuşam heyran, nə gözəl!

Sonda onu da qeyd etməyi özümə borc bildim ki, 1974-cü ildən ömrünü yol inşaatı işində şam kimi əridən Cəfərağa Şiriyevin əmək fəaliyyətinin 50 ili bu il tamam olacaqdı. Özü haqq dünyasında olsa da, əminəm ki, dostları, həmkarları adının əbədiləşdirilməsi üçün ona layiq bir iş görəcəklər...

Yazını hazırladı:
Aliyə Cavanşir,
AJB üzvü


25.06.2024


����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!