"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
Tarix : 19-08-2022, 10:56
ŞAİRLİYƏ RÖYANDA BADƏ İÇİB GƏLİRSƏNSƏ,  ÇİLƏSİ AĞIR OLUR

ŞAİRLİYƏ RÖYANDA BADƏ İÇİB GƏLİRSƏNSƏ,
ÇİLƏSİ AĞIR OLUR


“Şeir şairin övladları kimidir. Kitab isə övladların ata-baba evində bayramda toplanmasıdır. Mən də hər kitabım çıxdıqca bayram sevinci yaşayıram”.
İhsan Nazik

Sadə, səmimi, istiqanlı bir insandı. Vəzifəsi şairlik, işi-gücü şeir yazmaqdır, yəni şeir-söz əhlidir. Sərhat Kabaklının təbirincə desək, illahdakı Eləzizdən (Elazığdan) olasan, şeirin, sözün ən uca məkanı Elazizdən. Elazığa bir dəfə ayaq basan adam o dəqiqə hiss edir ki, qədim ənənəsi olan mədəniyyət şəhərinə, ədəb-ərkanı olan, böyüyə-kiçiyə, qonağa-insanlığa dəyər verilən məkandasan. Haqqında bəhs edəcəyim şair İhsan Nazik bəyin dədə-baba yurdunu belə tanıdım.
Yay tətilində il boyu nəzərdə tutduğum, yəni ürəyimdən keçən, amma tədqiqat mövzumdan kənar bir neçə qeyd-məqalələr yazıram. Belə yazılardan biri də Türkiyənin Əziz-El yurdundan (Elazığ) şair İhsan Nazik bəy haqqındadır. 2013-cü ildən indiyə qədər ürəyimdə tutduğum bir qeyd-məqalə yazmağı heç fikrimdən çıxarmadım (tam 9 ildir!). Əslində növbəti görüşlərimizin birində onunla iri bir müsahibə götürüb şeirləri ilə birgə nəşr etmək fikrində idim. Nəhayət, məni tərk etməyən bir yazını başa çatdırmaq qərarına gəldim. Haqqında Gunerkan Aydoğmuşun şairin kitablarına yazdığı ön sözlər, internetdən xırda-para informasiyalar, Elazığdakı şeir şölənindən tanıdığım istedadlı gənc yazar, şair Muhəmməd Yalçın Azizoğlunun rastıma çıxan dolğun bir müsahibəsi və yadımdan qalan detallar. Beləliklə, kifayət qədər məlumatlandım. Ən sonda isə “Can Azərbaycan!” deyə Zəfərdən əvvəl Qarabağ dərdimizə hay verən yeddi bəndlik şeirini gördüm:
Dağlarında gəzərdi ceyran, cüyür,
Neftindən, qazından bərəkətin bol,
Şairin, aşığın hələ coşunca,
Bir başqa gözəlsən, Can Azərbaycan!


Bakının önündə Xəzər dənizi,
Oraya uzanır davamın izi,
Qısqanan qısqansın bu sevgimizi,
Bitsin bu sevdamız, Can Azərbaycan!

İnanıram ki, şair artıq Qələbə soraqlı şeirini də yazmışdır.
Əslən Elazığlı, amma İstanbul – Üsküdar doğumlu şair İhsan Naziki ilk dəfə Elazığda ənənəvi olaraq düzənlənən “Xəzər Şeir Axşamları”nda tanımışdım. 2013-ci ildə keçirilən növbəti “Yunus Əmrə və eşq” mövzulu “20.Beynəl¬xalq Xəzər Şeir Axşamları”na panelçi olaraq dəvət edilmişdim. Şairin “Aşıq Şenlik eşqinə” adlı ikinci şeir kitabı yeni nəşr olunmuşdu, çox sevinirdi. Bir-iki kəlməlik söhbətindən sonra özünü bütünlüklə şeir – poeziya aləminə təslim etdiyini dərk etdim. “Görəsən Azərbaycan oxucusu şeirlərimi bəyənəcəkmi?” – sualı ilə sanki şeirlərinin Azərbaycan mətbuatında dərc olunmasını arzulayırdı. Amma fikrindəkini təvazökarlıq edərək dilinə gətirməmişdi.
“Əslində kitab nəşr etdirməyim təsadüfi bir iş oldu. “Xəzər Şeir Axşamları”nın iştirakçısı olmaq, şeir oxumaq istədiyimi bildirdim. Amma “sənin heç kitabın belə çap olunmayıb, mümkün deyil”. Doğrudur, Elazığ – Harput ətrafında yayımlanan mətbuatda qəzet, dərgi və almanaxlarda dərc olunurdum. Sən demə, kitab işi başqa bir məsələ imiş. Qaydalara əməl etmək amacı ilə qarşıma məqsəd qoydum: doğma şəhərimdə keçirilən bu şeir bayramının – şeir şöləninin iştirakçısı olmalıyam. “Çemrə düşüncə” (2011) adlı ilk kitabımı nəşr etdim, sizə təqdim etdiyim “Aşıq Şenlik eşqinə” (2013) ikinci kitabımdır”.

Belə bir qətiyyətlə yola çıxan şair İhsan bəy sonralar iki şeir şöləninə – 9-cu və 18-ci Xəzər Şeir Axşamlarına rəsmi olaraq qatılaraq şeir oxumuşdur. Kiçik Xəzər qıyısında tək bircə şeir oxumaq bir ayrı zövq, bir ayrı ovqat, bir ayrı bayramdır.
O vaxtdan sonra iki dəfə yenə Xəzər Şeir Axşamlarına – “Yəhya Kamal Bayatlı” və “Əlişir Nəvai” mövzulu şeir şöləninə panelçi olaraq dəvət edildim. Şair İhsan Naziklə yenə görüşdük. Bu dəfə “Sirtimi dayadım koca kayaya” adlı yeni kitabını hədiyyə etdi.
İhsan Nazikin yaradıcılığında ana xətt nədir? – sualının cavabını aramağa ehtiyac olmur. Şeirlərindən görünür ki, şair Türkiyənin dörd bir yanını səyahət edərək ədəbi aləmlə tanış olmaq üstünlüyünü seçmişdi. Getdiyi hər şəhərdən bir boxca şeirlə qayıdıb. Ölkəsinin axarlı-baxarlı mənzərələrini, barlı-bərəkətli dağlarını-bağlarını, tarixin sirr-sehrilə dolu yaddaşını, övliyya türbə və məqbərələrinin ziyarətini, hər bölgədə formalaşan elmin-ədəbiyyatın zənginliklərini misralarına naxış edib. Gördüklərini qələmə almaqla onları həm yaddaşlarda təzələyib, həm də könül eşqini ovsunlayan duyğularına cilov edib.
“Cemre düşüncə” kitabında 32 şeirini toplamışdır. Müxtəlif illərin nümunələridir. Xalq ədəbiyyatına söykənərək “Vətən türküləri”, “Anadolu yollarında şair günlərim” başlıqlı şeir çələnglərində əslində şair tərcümeyi-halını, iç dünyasını, yaşam mücadiləsini, həyatına cızılan-yazılan yolları anladır. Ağır bir tale ilə üzbəüzük. Bu taleyi yaşamaq da çətin, o taleyin yükündən də xəbərdar olmaq, onu dinləmək də çətin. Sonralar, bu kitabın nəşrindən 11 il sonra Muhəmməd Azizoğlu bəylə müsahibəsində o yükün incə məqamına, orta xəttinə şahid oluruq, elə öz söyləməsində: “Okul hayatımda pek olmadı. İlkokulu bitirdim. Öksüz yetim bir cocukdum, ortaokulu dışarıdan qırk bir yaşımda bitirdim. Lakin okuma – yazma aşkım bir professörden daha fazla olmuşdur hayatımda”. “Anne” şeirindən iki bəndi oxuyaq:
Ninnilər, nağıllar söylədin mənə,
Körpəcə canımla bağlıydım sənə,
Bir anda itirdim hər şeyi, niyə?!
Bu ürək hüzünsüz döyünmür, Anne!
Babam vərəm oldu, sən isə dəli,
Bu körpə oğlunun tutuldu dili,
Artıq cəhənnəmdi İstanbul eli
Qədərə ta gücümüz yetmir, Anne!

Buradan o tərəfə olan taleyi yenə misralara səpələnib. Ağrı-acılı, dərəli-təpəli, uçurumlu-yarğanlı, bu qoca dünyada tək-tənha, ürkək baxışla çırpınan zəif ürək … bir insanın çəkə biləcəyindən də artıq hüzn, səksəkə.
Göznuru oğlu Umudu da görmüşdüm. Gözünün qabağında, yanı-başında olardı həmişə. Sanki öz uşaqlığının boş qalan yerlərini doldurmaq istəyirmiş kimi. Bütün valideynlər belə olur. Uşaqlıqda nəyə əli çatmayıbsa onu övladlarına doyunca verməyə cəhd edər.
Əslində çox gənc yaşlarından şeirə könül verən şair Elazığın ustad şairlərinin ədəbi mühitində formalaşaraq yaradıcılığında dönüş yarandığını özü də hiss edirdi. İhsan bəy özünə mənəvi dayaq bildiyi Günerkan Aydoğmuş bəyə, Hadi Önal bəyə və Manas çatısı altında olan bütün qələm əhlinə hər sözündə-söhbətində minnətdarlıq duyğusunu əsirgəmir. Şükürlü insandır. Kitablarının son səhifəsində ona dəstəkçi olan hər kəsə təşəkkür edir, o sırada ömrünü-gününü bəzəyən Gülpərisinə və həyatının Umuduna.

“Aşıq Şenlik eşqinə” – kitabına ön söz yazan Günerkan Aydoğmuş qeyd edir ki, “bu kitab məncə, sayın Nazikin ustalıq əsəridir. Oxuyunca bunları sizlər də anlayacaqsınız. Eyni zamanda bu şeir kitabı İhsan Nazikin oxucularına yurd havalarından süzülüb gələn bir dəstə çiçəkdir”. Aşıq Şenliyin vəfatının 100 illiyi günlərinə ithaf etdiyi bu kitabı ilə aşığın şəninə düzənlənən festivala qatılmış və festivalın mükafatını qazanmışdır. Bu kitabda Çıldırlı Aşıq Şenliklə (1850-1913) yanaşı, Pir Sultan Abdal (1480-1550), Qaracaoğlan (1606-1680), Aşıq Summani Baba (1862-1914), Posoflu Aşıq Zülali (1873-1956), Aşıq Veysəl (1894-1973), Mevlit İhsani (əsil adı Mevlit Şafak; 1928), Aşıq Yaşar Reyhani (1932-2006), Aşıq Səfil Səlimi (əsil adı: Əhməd Günbulud; 1933-2003), Aşıq Murad Çobanoğlu (1940-2005), Aşıq Ənvər Gürkani (1948), Ozan Erol Coşkunoğlu (1963), Ozan Hazani (1964) kimi xalq ədəbiyyatında tanınan, sevilən, ad-sanları dillərdən dillərə, ellərdən ellərə dolaşan ustadlara ithaf şeirləri, hətta “onlarla deyişmələri” uğurlu alınmışdır. Xalq ədəbiyyatına könül bağlaması İhsan bəyin yaradıcılığının ən böyük uğurudur. Şair bu ədəbiyyatın içində sanki özünüdərk mərhələsinə yetmişdi. Ihsan bəy ozan ədəbiyyatının adlarını qeyd etdiyim və etmədiyim klassik sənətkarları ilə “qarşılaşana qədər” onları dərindən öyrəndi, oxudu, əsərlərini incələdi, yaradıcılıq mayasına onlardan götürdüyü elm incilərini qatdı. Günerkan Aydoğmuş ustad gözəl yazmış: “onları oxuyarkən kopyalamadı, özünü tapdı, öz yazı tərzini tapdı”.
Yeri gəlmişkən, Türkiyənin Qars, Ərzurum bölgələrində Aşıq Şenlik və Aşıq Summani Babanın həyatı və yaradıcılığına həsr olunmuş beynəlxalq elmi simpoziumlara məruzəçi kimi dəvət olunmuşdum. Yanılmıramsa, 2013, 2014 –cü illər idi. Bəlkə də İhsan Nazik bəylə ilk dəfə o məclislərdə də qarşılaşmışam.
“Mənim sevdam” (2014) kitabı nəşrə hazırlarkən “düşüncələrim dərin, məsuliyyətim ondan da ağır oldu. Dualara sığındım. Dualar məqamında keçmişimizin ulularına – klsssik şəxsiyyətlər, övliyalar elminə üz söykədim. Ruhumu onların hikmətləri ilə yenilədim”.
“Kürəyimi söykədim qoca qayaya” (2015) kitabındakı şeirləri oxuduğunuz zaman bir şeyin fərqinə daha çox varacaqsınız: onun eyni zamanda Yunus Əmrə ürəkli bir şair olduğunu! Nə yaxşı ki, bu duyğularını şeirlərinə köçürə bilmiş (şairlik istedadı!). “Şeir onun hər zaman sükunətlərə bənd olmuş bir limandır” (Günerkan Aydoğmuş). 72 şeiri toplanmış “Kürəyimi söykədim qoca qayaya” kitabından:
Haqq dostu şairim bir badə içdim,
Sevdayla səsləndim sevincdən uçdum,
Pirim Aşıq Şenlik inancla seçdim,
Sirli aləm tapdım, kim tutar məni.
Şairin inanc yolu, şeir yolu, könül eşqi budur.

“Açılsın qapılar” (2017) kitabında Aşıq Mizani ilə dialoqlar üst qatda yer almışdır.

“Ey telli durnalar” (2018) adlı 6-cı kitabını oxucularına belə bir etirafla paylaşıb: “Mən şeirlərimi ilhamla deyil, elmlə yazıram”. Maraqlı və diqqətçəkən ifadə və ya təqdimat. Elmlə deyəndə yəqin ki, elmin, ədəbiyyatın dərin qatlarının incilərini misralara düzüb. Əslində bu fikrini sonrakı ifadələrində bir az da açıqlayıb: “Burada topluma, gənclərə örnək olaraq Türk ədəbiyyatı ənənəsi müstəvisində yazdığım şeirlərim var. Burada Divan da var, bənd (dördlük) də, qoşma da, səkkizlik də var”. Elazığ adı keçsin deyə bu kitabı yazıram. Elazığlı gənclər şeirlərimi bir yerdə paylaşdığı zaman mənim adımı yox, biz yazdıq desinlər. Mənim qayəm belədir. Mən Aşıq Şenlik məzarını ziyarət etmişəm, badəmi orada içmişəm. hər kəs şeiri başdan yazar, mən aşağıdan başlayıram, yəni tərsdən yazaram. Türkiyədə belə yazan bir tək mənəm, bir də şagirdim Vedat Yılmaz. Belə yazmağı yuxularımda mənə pirlər öyrətdi: “Elazığ mədəniyyətinə, türk mədəniyyətinə xeyirli olsun” – dedilər”. Şair o qədər şeir dünyasına vaqif olub ki, sanki fani dünyanı unudaraq, bütövlükdə şeirin dərinliklərinə, alt qatına keçib. Haqq dünyasının davasındadır. Müasir şeirimizdə belə düşüncələri könülə doldurub, sonra dilə – yazıya almaq cəsarət tələb edir. Çünki şairliyə röyanda badə içib gəlirsənsə, ağır çiləli olur,
“Gül üzlüm” (2018) adlı 7-ci kitabında 80 şeir var, “hamısını 45 gün ərzində yazdım”. İnsan elmli, bir az da şair təbin olunca, bildiklərin yağış kimi misralara tökülür. Burada eşq ünvanı da var, əxlaq elmi də, tərbiyə məktəbi də – yetər ki, dərkin aydın olsun. Hər şeirində poeziyanın dərinliklərinə enmək və onu dilə gətirmək – sözə düzmək cəsarət tələb edir. Özünəinam, özünəgüvən, özünüdərk mərtəbəsinin növbəti qatları bunlardır. Bu kitabında şairin mənəvi dəstəkçisi Enver Gurkaninin adını dilə gətirib.
Günerkan Aydoğmuş hocamız demişkən, o, artıq ustadlıq mərtəbəsini qazanıb. “Şagirdim Vədat Yılmazla dərs çalışmalarında özümü çox rahat hiss edirəm, belə ki, onu öyrədirkən özüm də sanki yenilənirəm”. Elazığ kimi şairlər diyarında bu haqqı qazanmaq elə də asan məsələ deyil: həm də hamının, yəni müasirdaşlarının gözü qabağında böyüyəsən, o mühitdə yazmağı-pozmağı öyrənib baxtını qələmə etibar edəsən, yaradıcılıq dəstxəttinin rəng uyumunu da Manasda formalaşdırasan. Bütün bu qeydlər İhsan Nazik bəyin şairlik ömrünə Azərbaycandan bir naxış olsun deyə yazdıq.

P.S. son bir informasiya rastıma çıxdı, oxudum üzüldüm: şairin ömür-gün yoldaşı – Gülpərisi fani dünyadan haqq dünyasına köçüb. Mərhumun toprağı yumşaq olsun. Şairə allahdan səbr diləyirik.

Almaz Ülvi Binnətova
filologiya elmləri doktoru
Bakı, avqust




Paylaş



Bölmə: Turan / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!