22-08-2022, 19:56
Azərbaycan Premyer Liqasında nadir hadisəAzərbaycan Premyer Liqasının 3-cü turu nadir təsadüf olunan hadisə ilə əlamətdar olub. Peşəkar Futbol Liqasının məlumatına görə, “Sabah” – “Neftçi” oyununda bir komandanın qapısına üç penalti zərbəsi təyin olunub. Meydan sahibləri bu üç imkandan ikisindən yararlana bilib.
Qeyd edək ki, “Sabah” – “Neftçi” oyunu 2:1 hesabı ilə başa çatıb. Azərbaycan çempionatları tarixində sonuncu belə hadisə 17 il əvvəl yaşanıb. 2005/06 mövsümünün “Gənclərbirliyi” – “Şahdağ” görüşündə də qonaqlar cəzalanıb. 2005-ci il dekabrın 10-dakı görüşdə hər üç penaltini Pathe Banqura yerinə yetirib. Sumqayıt təmsilçisinin hücumçusu bu imkanlardan ikisindən istifadə edib. Həmin qarşılaşmada meydan sahibləri 3:2 hesablı qələbə qazanıb.
21-08-2022, 23:37
Ermənilərin çoxu Laçından çıxıbLaçın rayonunun Zabux və Sus kəndlərində, eləcə də Laçın şəhərində qanunsuz məskunlaşan ermənilərin əksəriyyəti ərazini tərk edib. Bu barədə “Kavkazskiy uzel” nəşri yazıb. Bildirilir ki, Rusiya sülhməramlılarının nəzarəti altında olan bölgələrdə cəmi bir neçə ailə qalıb. Ermənilərin bəziləri Xankəndinə, qalanı Ermənistana gedib. Nəşr yazır ki, qondarma qurumun Laçındakı "nümayəndəsi" ermənilərə yaşayış məntəqələrini tərk etməyi tapşırıb. Bəzi ailələrə əlavə 5 gün vaxt verilib. Məlumata görə, hər üç yaşayış məntəqəsində artıq elektrik enerjisi və rabitə xətti kəsilib. Laçında yerləşən mağazalardan birinin sahibi Aida Balikyan qeyd edib ki, şəhərdə işğal illərində məskunlaşıb. “Ermənistan hökuməti eksperiment olaraq bizi Laçına yerləşdirdiklərini söylədi. Biz də hökumətə inandıq və bu yerlərə gəldik. Məlum oldu ki, verdikləri vədlərin hamısı yalandır”, - deyə o qeyd edib.
21-08-2022, 23:34
Lənkəranda həkim intihar edibLənkəranda tanınmış stomatoloq intihar edib.
Butov.az xəbər verir ki, hadisə şəhərin Raypo adlanan ərazisində baş verib. 1986-cı il təvəllüdlü Müşfiq Zaman oğlu Bağırov yarımçıq tikilidə özünü asaraq intihar edib. Lənkəran rayon prokurorluğunun əməkdaşları hadisə yerinə baxış keçiriblər. Meyit müayinə olunması üçün aidiyyatı üzrə təhvil verilib. Ölümün səbəbləri araşdırılır. Faktla bağlı araşdırmalar davam edir.
21-08-2022, 23:28
“Qəbələ” liderliyə yüksəldiFutbol üzrə Azərbaycan Premyer Liqasının III turunda "Kəpəz" klubu "Qəbələ" ilə üz-üzə gəlib.
Butov.az xəbər verir ki, görüş "Qəbələ"nin 3:0 hesablı üstünlüyü ilə yekunlaşıb. Bu nəticədən sonra xallarının sayını 9-a çatdıran "Qəbələ" liderliyə yüksəlib. İkinci sırada yer alan "Sabah" da eyni xala malikdir. 3 görüşün hamısında uduzan "Kəpəz" isə 9-cu sıradadır.
21-08-2022, 23:21
Siyəzən və Şabranda yanğınlar tam söndürüldüFövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Siyəzən və Şabran rayonları ərazisində mürəkkəb relyefli dağlıq-meşəlik sahələrdə baş vermiş yanğınlar tam söndürülüb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib. Havanın isti və küləkli, relyefin mürəkkəbliyinə baxmayaraq qüvvələrin əlaqəli və effektli tətbiqi sayəsində yanğınların daha geniş ərazilərə yayılmasına imkan verilməyib. Yanğınlar nəticəsində ümumilikdə təxminən 40 hektar ərazidə meşə və meşəətrafı sahələr yanıb.
21-08-2022, 23:15
Cəlilabad bazarında yanğın
Cəlilabad rayonunun Göytəpə şəhərində bazarda baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Bu barədə FHN-dən bildirilib.
21-08-2022, 23:08
Peyvənd olunanların sayı açıqlandıAzərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1319 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 192, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 174, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 809, pozitiv nəticədən sonra buster doza olunanların sayı isə 144 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 848 567, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 371 683, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 861 143, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 357 691, pozitiv nəticədən sonra buster doza olunanların sayı 258 050 təşkil edir.
21-08-2022, 23:03
Gündəlik yoluxma yenidən artdıAzərbaycanda koronavirus infeksiyasına 585 yeni yoluxma faktı qeydə alınıb, 489 nəfər müalicə olunaraq sağalıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Son sutkada COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında 1 nəfər ölüb. İndiyədək ümumilikdə 808 569 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 795 110 nəfər müalicə olunaraq sağalıb, 9785 nəfər vəfat edib, aktiv xəstə sayı 3674 nəfərdir. Son sutka ərzində 3700, hazırkı dövrədək isə 7 129 436 test aparılıb.
21-08-2022, 22:51
Əlaqələrin möhkəmlənəcəyinə ümid edirik - XİN
Xarici İşlər Nazirliyi rəsmi tviter səhifəsində Azərbaycan ilə Serbiya arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü münasibətilə paylaşım edib.
Butov.az paylaşımı təqdim edir: “Bu gün Azərbaycan ilə Serbiya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi tamam olur. Bu münasibətlə Serbiya Respublikası hökumətinə və xalqına ən xoş arzularımızı çatdırırıq. Biz Azərbaycan ilə Serbiya arasında strateji əlaqələrin daha da möhkəmlənəcəyinə ümid edirik”.
21-08-2022, 22:48
Serbiya Prezidenti İlham Əliyevə zəng etdiAvqustun 21-də Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Butov.az xəbər verir ki, telefon danışığı zamanı Prezident Aleksandar Vuçiç Azərbaycan ilə Serbiya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırdı. Serbiya Prezidenti bu müddət ərzində ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyini, dostluq və tərəfdaşlıq münasibətlərinin qurulduğunu dedi. Prezident İlham Əliyev ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə Serbiya Prezidentini təbrik etdi, müxtəlif sahələrdə əməkdaşlığın inkişafından məmnunluğunu bildirdi. Dövlətimizin başçısı Azərbaycanın və Serbiyanın ikitərəfli və çoxtərəfli əsaslarda, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq etdiyini vurğuladı. Telefon danışığı zamanı Azərbaycan ilə Serbiya arasında iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, kənd təsərrüfatı, enerji, investisiya və digər sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı. Həmçinin Azərbaycan ilə Serbiya arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çatdığı, ölkələrimizin bir-birinin ərazi bütövlüyünü dəstəklədiyi qeyd olundu.