Sentyabrın 21-də Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı və 90-a yaxın ölkənin xüsusi xidmət orqanlarının rəhbərlərinin və yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə "Terror aktları və silahlı münaqişələr zamanı humanitar böhranların və qlobal texnogen fəlakətlərin qarşısının alınmasında təhlükəsizlik orqanlarının birgə fəaliyyəti" mövzusunda III Bakı Təhlükəsizlik Forumu keçirilib. Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətindən məlumat verilib. Tədbir açıq elan edildikdən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin forumun iştirakçılarına müraciəti oxunmuş, ardınca konfransın mövzusu ilə bağlı videomaterial nümayiş etdirilib. Açılış nitqi ilə çıxış edən DTX-nin rəisi general-polkovnik Əli Nağıyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə əsası qoyulan və ənənəvi olaraq hər il təşkil edilən forumun iştirakçılarını növbəti dəfə Bakı şəhərində salamlamaqdan məmnun olduğunu bildirib, dünyanın müxtəlif bölgələrindən olan ölkələrin təhlükəsizlik orqanlarını dəyirmi masa ətrafında birləşdirən və iştirakçı dövlətlərin sayının ildən-ilə artması ilə müşayiət olunan bu tədbirin beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsi, məlumat və qarşılıqlı fikir mübadilələrinin aparılması, qlobal təhlükəsizliyə yönələn müasir çağırışlarla mübarizədə səylərin birləşdirilməsi baxımından önəmli platformaya çevrildiyini vurğulayıb, forumun keçirilməsində göstərdiyi hərtərəfli dəstəyə görə Prezident İlham Əliyevə dərin təşəkkürünü ifadə edib. Xidmət rəisi beynəlxalq təhlükəsizlik sisteminə təhdidlər sırasında yer alan terror hücumlarının, silahlı münaqişələrin, texnogen qəzaların və ekoloji fəlakətlərin qarşısının alınmasında xüsusi xidmət orqanlarının vacib rol oynadığını, sadalanan mənfi təzahürlərin nəticəsində yaranan humanitar böhranlar zamanı kompleks yanaşmanın sərgilənməsinin, ölkələrin təhlükəsizlik qurumlarının və aidiyyəti təsisatlarının koordinasiyalı fəaliyyət göstərməsinin zəruriliyini diqqətə çatdırıb. Daha sonra tədbir müvafiq ölkələrin xüsusi xidmət orqanlarının nümayəndələrinin çıxışları ilə davam edib, budəfəki Bakı Təhlükəsizlik Forumunun da beynəlxalq və regional təhlükəsizliyin təminatı üçün birgə səylərin səfərbər olunmasına, xüsusi xidmət orqanları arasında əməliyyat diplomatiyasının, qarşılıqlı fəaliyyətin, ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafına mühüm töhfələr verəcəyinə əminlik ifadə olunub. Tədbir nümayəndə heyətlərinin rəhbərləri tərəfindən Bakı Təhlükəsizlik Forumunun Bəyannaməsi və Əsasnaməsinin qəbul edilməsi ilə başa çatıb.
Türkiyə hökuməti ABŞ-dan idxal edilən bəzi məhsullar üçün 2018-ci ildən qüvvədə olan əlavə rüsumları ləğv edib. Prezident Rəcəb Tayyib Ərdoğanın müvafiq fərmanı sentyabrın 22-də Türkiyə hökumətinin rəsmi qəzeti olan «Resmi Gazete”də dərc olunub. Qərar Amerika istehsalı olan spirtli içkilər, avtomobillər, kosmetika və yarpaqlı tütün məhsullarına da şamil edilir. Türkiyənin Ticarət Nazirliyi ABŞ mallarına tətbiq edilən əlavə rüsumların ləğvi qərarının Türkiyə-ABŞ danışıqlarının müsbət nəticəsi olduğunu bildirib. Ankara 2018-ci ildə ABŞ hökumətinin Türkiyənin polad və alüminiumuna tarifləri artırmasına cavab olaraq qarşı tərəfdən malların idxalına əlavə rüsumlar tətbiq etmək qərarına gəlmişdi. Türkiyə hökuməti daha əvvəl ABŞ ilə ticarət dövriyyəsini ildə 100 milyard dollara çatdırmaq öhdəliyini vurğulamışdı.
Bakı aeroportunda həyəcanlı anlar - Rəsmi açıqlama
Bu gün Ankara-Bakı müntəzəm reysini həyata keçirən Türkiyənin "Ajet" aviaşirkətinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportunun aidiyyəti qurumlarına göyərtədə həyəcan siqnalı barədə sorğu göndərib. Məlumata görə, təyyarə yerli vaxtla saat 15:55-da Bakı hava limanına təhlükəsiz eniş edib. Beynəlxalq təhlükəsizlik protokollarına uyğun prosedurlar dərhal icra olunub. Araşdırma nəticəsində müəyyən olunub ki, siqnal əsassız olub və hər hansı təhlükə qeydə alınmayıb. "Sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsizliyi hər zaman prioritetdir. Hadisə aeroportun əməliyyat proseslərinə təsir göstərməyib. Bütün uçuşlar qrafikə uyğun şəkildə davam edir", - deyə məlumatda qeyd olunub.
TƏBİB məktəbdə bıçaqlanan şagirdin son durumunu AÇIQLADI
22.09.2025-ci il saat 11:00 radələrində 2008-ci il təvəllüdlü (kişi cinsli) şəxs Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Bu barədə TƏBİB-dən məlumat verilib. Bildirilib ki, ona döş qəfəsinin ön səthinin, bel və sağ sağrı nahiyyəsinin çoxsaylı kəsilmiş-deşilmiş yaraları, bədənin çoxsaylı sıyrılmış yaraları diaqnozu təyin olunub. "Xəsarət alan şəxsin müalicəsi tibb müəssisəsinin Cərrahiyyə şöbəsində davam etdirilir. Hazırda vəziyyəti orta ağır qiymətləndirilir",- deyə əlavə edilib. Qeyd edək ki, Xaçmazda tələbələr arasında yaranan mübahisə nəticəsində rayonun Yalama kənd sakini 2008-ci il təvəllüdlü E.Ş. kesilmiş-deşilmiş yaralar alıb. O, Xaçmaz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Tələbəyə qayçı ilə xəsarət yetirildiyi bildirilir. Hadisəni törədən E.M. polis tərəfindən saxlanılıb.
Astarada torpaq sürüşməsi - Toyuq-cücə torpaq altında qaldı
Astarada torpaq sürüşməsi nəticəsində sitrus ağacları və ev quşları torpaq altında qalıb. Cənub bölgəsində yağıntılı hava şəraiti çaylarda suyun səviyyəsini artırıb. Leysan xarakterli yağış, Astara rayonunda isə bir sıra fəsadlar törədib. Ucqar dağ kəndlərində sel suları yollara, körpülərə zərər vurub. Niləşə kəndində isə torpaq sürüşməsi baş verib. Təqribən 100 metrə yaxın torpaq sürüşərək, ətrafdakı evlər üçün təhlükə yaradıb. Kənd sakini Günay Ruhşanovaya məxsus həyətyanı sahədə sitrus meyvələri və toyuq-cücə torpaq altında qalıb. Siyəkü kənd bələdiyyəsinin sədri Ramin Dədəyev bildirib ki, baş verən hadisə meşə massivində, meşə təsərrüfatına aid olan ərazidə qeydə alınıb. Onun sözlərinə görə, vətəndaşın müraciəti əsasında əraziyə baxış keçirilib və sürüşmə faktı barədə aidiyyəti qurumlara məlumat verilib. Bələdiyyə sədri qeyd edib ki, sürüşmə nəticəsində Asif Fətəliyevə məxsus həyətdə yamac yarılıb və sel suları evin qarşısında toplanaraq mənzilə ziyan vurub. Hadisə zamanı yamacın qarşısında yerləşən istinad divarı yerini dəyişib. R. Dədəyev əlavə edib ki, həmin torpaq sahəsi meşə təsərrüfatına aiddir və evin mülkiyyət sənədlərinin olmadığı üzə çıxıb. Bələdiyyə sədri onu da bildirib ki, dağlardan gələn sel suları, irigövdəli qurumuş ağacların qol-budaqlarını, torpaq qatını gətirərək, bəzi körpülərin, suötürücü boruların qarşısını kəsib. Hazırda onların təmizlənməsi işləri görülür.
66 yaşlı qadın sirkə turşusundan zəhərlənərək ölüb Hadisə Naxçıvan şəhərində baş verib. Şəhər sakini, 1959-cu il təvəllüdlü qadın sirkə turşusu içərək zəhərlənmədən ölüb. Faktla bağlı Naxçıvan Şəhər Prokurorluğunda araşdırma aparılır.
Azərbaycanın Baş naziri Əli Əsədov Laos Xalq Demokratik Respublikası Ali Xalq Prokurorluğunun Baş prokuroru Saysana Kotputanla görüşüb. Bu barədə Nazirlər Kabineti məlumat yayıb. Görüşdə bu il Azərbaycanla Laos arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd olunduğu bildirilib. İki ölkə arasında yaxşı əlaqələrin olduğu vurğulanıb, iqtisadiyyat, ticarət, investisiya və digər sahələrdə əməkdaşlığın inkişafı üçün əlverişli perspektivlərin mövcudluğu qeyd edilib. S.Kotputanın səfəri çərçivəsində müvafiq Anlaşma Memorandumunun imzalanmasının iki ölkənin prokurorluq orqanları arasında əməkdaşlığın inkişafına töhfə verəcəyinə əminlik ifadə olunub. Görüşdə Azərbaycanın Baş prokuroru Kamran Əliyev iştirak edib.
Xaçmaz Dövlət Peşə Təhsil Mərkəzinin şagirdi bıçaqlanıb. Xaçmaz Dövlət Peşə Təhsil Mərkəzində tələbələr arasında yaranan mübahisə bıçaqlanma ilə bitib. Hadisə nəticəsində rayonun Yalama kənd sakini, 2008-ci il təvəllüdlü E.Şıxbabayev çoxsaylı kesilmiş-deşilmiş yaralar alıb. Yaralı Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, cərrahi əməliyyat olunub. Hadisəni törətməkdə şübhəli bilinən Mirzəyev Elnur Şahin oğlu saxlanılıb. Hadisə ilə bağlı araşdırma aparılır.
Tehranın Azadi Qülləsi Ermənistan bayrağına boyandı
Tehranın simvolu olan Azadi Qülləsi Ermənistan bayrağının rənglərilə işıqlandırılıb. Bu barədə İran KİV-i məlumat yayıb. Azadi Qülləsinin Ermənistan bayrağına bürünməsi bu ölkənin müstəqilliyinin 34-cü ildönümünü münasibətilə gerçəkləşdirilib. Bundan başqa, Azadi Qülləsi Ermənistan bayrağına boyanarkən Ermənistan Respublikasının dövlət himni də səsləndirilib. Ermənistanın rəsmi və milli bayramlarından biri olan Müstəqillik Günü hər il sentyabrın 21-də qeyd olunur. 1991-ci il sentyabrın 21-də keçirilən müstəqillik referendumunda ermənilər 94,39 faiz səslə SSRİ-dən ayrılmağa səs veriblər. Ermənistan Respublikasının Ali Soveti 1990-cı il avqustun 23-də Ermənistan Respublikasının Müstəqillik Bəyannaməsini qəbul edib.
Xaricdə ali təhsil alanlar Bakıda imtahan verəcəklər
Sentyabrın 29-da xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə növbəti imtahan keçiriləcək DİM-dən verilən məlumata görə, peşə tanınması üzrə növbəti imtahan 29 sentyabr 2025-ci il tarixində saat 11:00-da DİM-in Elektron imtahanlar korpusunda kompüterlər vasitəsilə keçiriləcək. İmtahanda iştirak etmək üçün TKTA-da qeydiyyatdan keçmiş ərizəçilər sentyabrın 23-dən etibarən DİM-in internet saytına daxil olaraq “Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı” xidməti vasitəsilə “İmtahana buraxılış vərəqəsi”ni çap edə biləcəklər. Buraxılış vərəqəsində imtahan yeri, binası, imtahanın keçirilmə vaxtı və digər zəruri məlumatlar göstəriləcək. Ərizəçilər ixtisasları üzrə proqramla və test tapşırığı nümunələri ilə müvafiq linklərə (“Müəllimlik”, “Mühəndislik”, “Hüquq”) keçid etməklə tanış ola bilərlər. Müəllimlik ixtisasları üzrə ərizəçilərin ixtisas bilikləri, peşə bilikləri və verbal test tapşırıqları ilə məntiqi təfəkkürləri yoxlanılır. Mühəndislik ixtisasları üzrə ərizəçilərin ixtisas bilikləri, situasiya-mühakimə test tapşırıqları vasitəsilə peşə səriştələri və məntiqi təfəkkürləri yoxlanılır. Hüquq üzrə ərizəçilərin ixtisas bilikləri və verbal test tapşırıqları vasitəsilə məntiqi təfəkkürləri yoxlanılır. İmtahanda iştirakçılara 30 test tapşırığı təqdim olunur. Hər doğru cavab bir balla, səhv və ya cavab verilməyən tapşırıqlar sıfır balla qiymətləndirilir. Səhv cavablar düz cavabların sayına təsir göstərmir. Ərizəçinin imtahanda müvəffəqiyyət qazanması üçün ən azı 15 bal toplaması tələb olunur.
Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib. Bu barədə onun dostları məlumat yayıblar. O, ağır xəstəlikdən əziyyət çəkirmiş. Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb. 2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır. Allah rəhmət etsin!