“Miqrasiya Sahəsinin İnkişafı” İctimai Birliyi tədbir keçirib Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Miqrasiya Sahəsinin İnkişafı İctimai Birliyi "Narkotik vasitələr, zərərli vərdişlər və narkomaniyaya qarşı mübarizəyə dair maarifləndirmə tədbirləri" layihəsi çərçivəsində növbəti tədbirini Siyəzən şəhər Mədəniyyət Evində keçirmişdir.
Giriş sözü ilə çıxış edən Siyəzən RİH-nin baş məsləhətçisi Aqil Abdulov Siyəzən rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzovun tədbir iştirakçılarına salamlarını çatdırdı. Rayon rəhbərliyinin Narkomaniya ilə mübarizə sahəsində fəaliyyətindən bəhs edən Aqil Abdulov bütün iştirakçılara uğurlar arzuladı. Layihə barədə məlumat verən layihə rəhbəri Vidadi Fətullayev narkomaniya və zərərli vərdişlərə qarşı ölkəmizdə kəskin mübarizə və geniş maarifləndirmə işlərinin aparıldığını, dövlət qurumları ilə yanaşı ictimaiyyətin də bu mübarizədə fəal rol almasının hər kəs üçün vətəndaşlıq borcu olduğunu qeyd etdi.
Görüşdə iştirak edən Milli Məclisin deputatı,Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsinin sədri Sadiq Qurbanov, Azərbaycanda gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam inkişafı sahəsində dövlət rəhbərliyinin qayğısından bəhs etdi və mövzu ilə bağlı parlamentdə qəbul edilən yeni qərarlar barədə geniş məlumat verdi. Millət vəkili cəmiyyətimizi narkomaniya bəlasından qurtarmaq üçün milli adət-ənənələrimizə bağlılığın, ailə institutunun gücləndirilməsinin və gənclər arasında zərərli vərdişlərə qarşı müsbət meyllərin təbliğinin vacibliyini qeyd etdi. Tədbirdə iştirak edən müəllim və məktəb psixoloqlarına mövzu ilə bağlı özünün pedaqoji fəaliyyətində rastlaşdığı bəzi hadisələrdən nümunələr danışdı. Ölkəmizin
iqtisadi qüdrətinin artması nəticəsində Siyəzən rayonunda da yeni iş yerlərinin açıldığını, bundan sonra da yeni yatırımların davam edəcəyini vurğulayan Millət vəkili bütün bu irəliləyişlərin xalqın rifah halının yüksəlməsinə və cinayətkarlığın azalmasına səbəb olacağını
vurğuladı. Görüşdə Narkotiklərlə Mübarizə üzrə Dövlət Komissiyası (NMDK) İşçi Qrupu rəhbərinin müavini Tanrıverdi Aydınov təmsil etdiyi qurum tərəfindən Azərbaycan Prezidentinin imzaladığı və 2019-2024-cü illəri əhatə edən Dövlət Proqramına uyqun olaraq görülən və görüləcək işlər
haqqında, həmçinin rayon məktəblərini təmsil edən müəllim və psixoloqlara narkotik vasitələrin zərərləri barədə slaydlarla izahatlı məlumatlar verdi, tədbir iştirakçılarını maraqlandıran sualları ətraflı cavablandırdı.
Siyəzən Rayon Polis İdarəsinin rəis müavini polkovnik-leytenant Əhməd Nəcəfov çıxışında son illər ərzində rayon ərazisində narkomaniyaya və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı Daxili İşlər Nazirliyi orqanları tərəfindən aparılan qətiyyətli və səmərəli tədbirlər nəticəsində cinayət hallarının xeyli azaldığını, hüquq-mühafizə orqanlarının vətəndaşların asayişinin və hüquqlarının təmini sahəsində yorulmadan mübarizə
apardıqlarını anlatdı.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə və 1-ci vitse prezident Mehriban Əliyevaya ölkə gəncliyinə göstərdikləri qayğı və yüksək qiymətə görə rayon ziyalıları adından təşəkkür edən məktəb direktoru Rəşad Rəhmanov və digər iştirakçılar rayon ərazisində gənclərin asudə vaxtının səmərəli təşkili üçün idman meydançaları və sahələrinin artırılması barədə təklif və istəklərini səsləndiriblər.
Fəal iştirakçılara Sertifikatların təqdim edildiyi tədbirin sonunda göstərdikləri dəstəyə görə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, Millətvəkili Sadiq Qurbanova, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə
Dövlət Komissiyasının (NMDK) və Siyəzən rayon İcra Hakimiyyətinin rəhbərliklərinə minnətdarlıq edildi.
Vidadi Fətullayev“Miqrasiya Sahəsinin İnkişafı” ictimai birliyinin sədri