Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Butov.az AzVision.az-a istinadən xəbər verir ki, AMEA-nın prezidenti, akademik Akif Əlizadə iclası açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib. Sonra AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanovun "Biologiya və tibb elmləri üzrə elmi tədqiqatların vəziyyəti və inkişaf istiqamətləri" mövzusunda elmi məruzəsi dinlənilib. Akademik rəhbərlik etdiyi bölməyə daxil olan elmi müəssisələrdə aparılan elmi və elmi-təşkilati işlər haqqında geniş məlumat verib. Ölkəmizdə biologiya və tibb elmlərinin təşəkkülü və inkişafında bir sıra tanınmış alimlər tərəfindən görülən mühüm işlərdən danışıb, bir çox tədqiqat müəssisələri və müxtəlif sahələrdə elmi məktəblər yaradıldığını, yeni elm sahələrinin əsasının qoyulduğunu diqqətə çatdırıb. Əhliman Əmiraslanov həmçinin, ötən müddətdə bölmənin institutları ilə Azərbaycan Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən elmi müəssisələr arasında birgə tədqiqat işlərinin aparıldığını, AMEA-nın elmi-təşkilati fəaliyyətində innovativ ideyaların tətbiqi, elmi-tədqiqat işlərinin səviyyəsinin yüksəldilməsi istiqamətində mühüm tədbirlərin görüldüyünü qeyd edib.
Akademik bitki örtüyünün, heyvanlar aləminin öyrənilməsi, genetika, seleksiya, molekulyar biologiya və biotexnologiyalar, fiziologiya, mikrobiologiya, torpaqşünaslıq, aqrokimya və tibb sahələrində müxtəlif istiqamətləri üzrə əldə edilmiş elmi nəticələr və bölmənin beynəlxalq elmi əməkdaşlıq əlaqələri haqqında təqdimatla çıxış edib. O, Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş dövlət proqramları çərçivəsində, o cümlədən Rəyasət Heyətinin qərarları ilə keçirilən respublika və beynəlxalq səviyyəli tədbirlər haqqında ətraflı məlumat verib.
Məruzə dinlənildikdən sonra müzakirə olunub. Rəyasət Heyəti məsələ ilə bağlı müvafiq qərar qəbul edib.
Gündəlikdə yer alan növbəti məsələ AzScienceNet Elm-Kompüter Şəbəkəsinin fəaliyyətinin gücləndirilməsi haqqında olub. Mövzu ilə bağlı çıxış edən AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev bir sıra dövlət sənədlərində elmin informasiya təminatının gücləndirilməsi, elmi fəaliyyət sahəsində İKT-nin tətbiqi və elektron elmin formalaşdırılması kimi mühüm vəzifələr müəyyən edildiyini bildirib. Bu vəzifələrə uyğun olaraq, AzScienceNet EKŞ-in dünyanın nüfuzlu beynəlxalq təşkilatları ilə sıx əməkdaşlıq əlaqələri qurduğunu deyən akademik AMEA-nın alim və mütəxəssislərinin dünyanın elm və təhsil şəbəkələrinin təqdim etdiyi imkanlardan yararlanmasına şəbəkənin şərait yaratdığını vurğulayıb.
Akademik Rasim Əliquliyev onu da diqqətə çatdırıb ki, Azərbaycan elminin İKT nailiyyətlərindən faydalanmaqla inkişaf etdirilməsi, dünya elminə inteqrasiyası, vahid milli elmi onlayn infrastrukturunun və informasiya fəzasının yaradılması və digər bu kimi məsələlərin həll olunması zərurəti AzScienceNet EKŞ-in fəaliyyətinin daha da gücləndirilməsini tələb edir.
Rəyasət Heyyəti qeyd olunanları nəzərə alaraq, məsələ ilə bağlı müvafiq qərar qəbul edib. Tədbirdə Geologiya və Geofizika İnstitutunda Seysmologiya və seysmik təhlükə və Mühəndis geofizikası şöbələrinin yaradılması haqqında qərarlar da qəbul olunub.