27-02-2023, 22:27
ABŞ-ın maliyyə naziri Ukraynaya səfər edibABŞ-ın maliyyə naziri Canet Yellen Kiyevə səfər edib. O, Ukrayna prezidenti Volodimir Zelenski və baş nazir Denis Şmıqalla danışıqlar aparıb. Nazir ABŞ-ın 9,9 milyard dollarlıq son yardımın ilk 1,25 milyard dollarının köçürüldüyünü bildirib. Yellen Şmıqalla görüşdə bildirib ki, Amerika Ukraynanı nə qədər lazım olsa, o qədər dəstəkləyəcək.
27-02-2023, 16:36
Nazir təhsil müəsisələrindəki problemdən danışdıAzərbaycan Dillər Universiteti, Memarlıq və İnşaat Universiteti, Texniki Universitet çox dar profilli universitetlərdir. Universitet mahiyyət etibarilə müxtəlif fakültələri özündə birləşdirməlidir. Biz isə institutların adını dəyişməklə universitet adlandırmışıq. Bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib. Onun sözlərinə görə, ölkəmizdə universitetlər dar profilli olduğu üçün dünyanın top 500 ali məktəbi siyahısına düşə bilmir: "Milli Konservatoriya, Bakı Musiqi Akademiyası dünyanın top 500 universiteti arasında olmağa layiqdir, amma təəssüf ki, onları o siyahıda görə bilməyəcəyik. Çünki, universal deyillər. Yaxud da dil üzrə ixtisaslaşmaq baxımından Bakı Slavyan Universiteti o siyahıda ola bilərdi, amma universal olmadığı üçün siyahıdan kənar qalır. O sıraya qismən geniş profilli Bakı Dövlət Universiteti düşə bilərdi, amma onun da tibb fakültəsi yoxdur. Buna görə, ölkəmizin ali təhsil müəssisələrinin adlarını top 500 siyahısında görmək çətindir".
27-02-2023, 16:33
Xarici diplomlarla bağlı yeni qaydalar qüvvəyə mindiXaricdə təhsil alanların diplomlarının tanınması ilə bağlı yeni qaydalar qüvvəyə minib. Bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib. Onun sözlərinə görə, xaricdə alınan tam orta təhsil və orta ixtisas təhsil diplomları tanınacaq: "Həmçinin, dil üzrə müsahibə ləğv ediləcək. Hüquqşünas, mühəndislik üzrə biliklər DİM tərəfindən yoxlanılacaq. Rus, ingilis, türk dillərində təqdim olunan sənədlərin notarial qaydada təsdiqinə ehtiyac yoxdur". Nazir qeyd edib ki, sərhədlərdən kənarda olan şəxslərin diplomları onlara təqdim edilməyəcək.
27-02-2023, 16:26
Müəllimlərin 25%-dən çoxu 1000 manat maaş alacaq - Emin ƏmrullayevSon artımla müəllimlərin orta aylıq maaşı 790 manata çatıb. Bunu elm və təhsil naziri Emin Əmrullayev media nümayəndələri üçün keçirdiyi brifinqdə deyib. Nazir bildirib ki, son 10 ildə müəllimlərin orta aylıq əməkhaqqısı 3 dəfə artıb: "Həmin müddət ərzində vəsait 267 manatdan 790 manata qədər artıb. Ötən il sertifikasiya imtahanında yüksək nəticə göstərən müəllimlər 1195 manat maaş alır. Ölkə üzrə 2026-ci ilə qədər 910 manata çatdırılması nəzərdə tutulur". Nazirin sözlərinə görə, fevralın 1-dən etibarən ümumtəhsil müəssisələrində çalışan müəllimlərin 25%-dən çoxu 1000 manat və daha yuxarı maaş alacaq. Həmin müəllimlərin dərs saatı 26-dan çoxdur. Xatırladaq ki, fevralın 1-dən diaqnostikası aparılan müəllimlərin maaşı 10 faiz artırılıb.
27-02-2023, 16:23
İlham Əliyev iqtisadiyyatla bağlı sənədi təsdiqlədiİqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Tədqiqat Mərkəzinin Nizamnaməsi təsdiq edilib. Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı Qanunu imzalayıb. Sənəd 2021-ci il martın 4-də İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 14-cü Zirvə Toplantısı zamanı imzalanıb. Bundan əlavə, “GUÖAM iştirakçısı olan dövlətlər arasında azad ticarət zonasının yaradılması haqqında Sazişə dair malların mənşə ölkəsinin təyin edilməsi Qaydaları barədə Protokol” təsdiq edilib. Qeyd edək ki, protokol 2022-ci il sentyabrın 20-də Nyu-York şəhərində imzalanıb.
27-02-2023, 16:20
Ərdoğan Adıyaman bölgəsinə səfər edibTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı görülən işləri nəzərdən keçirmək məqsədilə Adıyaman bölgəsində səfər edib. Səfərdə onu Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı müşayiət edir. Qeyd olunub ki, Ərdoğan Adıyamanın Gölbaşı rayonunda zəlzələdən zərərçəkənlərlə görüşəcək.
27-02-2023, 16:18
Belarusiyanın hərbi aerodromunda partlayış baş veribBelarusun paytaxtı Minsk şəhəri yaxınlığındakı Maçulişçi hərbi aerodromunda partlayış törədilib. Bu barədə Belarus hüquq-mühafizə orqanlarının keçmiş əməkdaşlarının yaratdığı "Bypol" kanalı məlumat yayıb. Bildirilir ki, partlayış zamanı Rusiya hərbi hava qüvvələrinin A-50 erkən xəbərdarlıq təyyarəsi zədələnib. "Reuters" agentliyi hücumun Belarus partizanları tərəfindən törədildiyini açıqlayıb. Məlumata görə, iki partlayış nəticəsində təyyarənin ön və mərkəzi hissələri, avionika və radar antenası zədələnib. Maçulişçi aerodromunda törədilən partlayış barədə məlumatlar Belarus və Rusiyanın hərbi kanallarında da yayılıb. "Bypol"un rəhbəri Aleksandr Azarovun sözlərinə görə, hücum pilotsuz uçuş aparatları ilə həyata keçirilib. "Partlayışı törədənlər artıq ölkədən kənara çıxıb", - deyə o qeyd edib. Bildirib ki, bir neçə aydır hücuma hazırlıq gedirdi. "Bypol" 2020-ci ilin sonunda Belarusda keçirilən prezident seçkilərinin rəsmi nəticələrinə etirazlar fonunda ölkənin hüquq-mühafizə orqanlarının keçmiş əməkdaşları tərəfindən təsis edilib. Belarus Ali Məhkəməsi onu terror təşkilatı kimi tanıyıb.
27-02-2023, 16:15
Krım yarımadası Rusiyanın ayrılmaz hissəsidir - PeskovKrımın Ukraynaya qaytarılması mümkün deyil. Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. "Krım yarımadası Rusiyanın ayrılmaz hissəsidir", - deyə Kreml rəsmisi iddia edib. Peskov, həmçinin vurğulayıb ki, Rusiya Dnestryanı regiondakı vəziyyətdən narahatdır və prosesləri diqqətlə izləyir.
27-02-2023, 16:10
Rusiyanın neft şirkəti Polşaya nəqlini dayandırdıRusiyanın “Transneft” şirkəti Polşaya neft nəqlini dayandırıb. Bu barədə TASS agentliyinə “Transneft”in rəsmi nümayəndəsi İqor Demin bildirib. O qeyd edib ki, şirkət fevralın sonunda Polşanın neft emalı zavodlarına neft göndərməli idi, ancaq sifarişlər verilməyib və vəsaitlər ödənilməyib.“Drujba” boru kəmərinin operatorlarından biri “Transneft” Rusiya Energetika Nazirliyi tərəfindən təsdiq edilmiş ixrac cədvəli əsasında xaricə neft nəql edir.
27-02-2023, 16:08
İranın XİN başçısı erməni həmkarı ilə görüşübİranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşüb. Görüş İsveçrənin Cenevrə şəhərində baş tutub. Danışıqların detalları hələlik bəlli deyil. Qeyd edək ki, tərəflər Cenevrədə BMT İnsan Hüquqları Şurasının 52-ci sessiyasında iştirak edir.