23-01-2023, 17:33
İranda qadın jurnalistlər həbs olunduİranda üç qadın jurnalist saxlanlıb. Bu barədə İran Jurnalistləri Həmkarlar Birliyi məlumat yayıb. Bildirilib ki, Melika Haşimi, Səidə Şafii və Mehrnuş Zarii adlı jurnalistlər Tehranda tutulublar. Onlar hazırda Tehrandakı Evin adlı həbsxanada saxlanılır. Məlumata görə, jurnalistlər rejim əleyhinə “təbliğat aparmaq və milli təhlükəsizliyi təhdid etmək”də itiham olunurlar. Ümumilikdə isə İranda 2022-ci ilin sentyabr ayından başlayan etiraz aksiyaları zamanı 79 jurnalist tutulub.
23-01-2023, 17:27
Paşinyanın həyat yoldaşı İran rəsmilərinin xanımları ilə görüşübYanvarın 18-də Ermənistan baş nazirinin xanımı Anna Akopyan Ermənistanın İrandakı səfiri Arsen Avaqyanın müşayiəti ilə İran prezidentinin həyat yoldaşı Cəmilə Sədat Alamolhoda və İranın qadın məsələləri üzrə vitse-prezidenti Ensiya Xəzəri ilə görüşüb. Ermənistanın İrandakı səfirliyi bu barədə məlumat yayıb. Bildirilib ki, Tehranda Anna Akopyan İranın birinci xanımının təşəbbüsü ilə təşkil olunan qadın konqresində iştirak edib. "Yanvarın 19-da Anna Akopyanın başçılıq etdiyi Ermənistan nümayəndə heyəti İran prezidenti Seyid İbrahim Rəisinin konqresə həsr etdiyi ziyafətdə iştirak edib. Qəbul zamanı Anna Akopyan çıxış edərək İran prezidentinə və birinci xanımına təşəkkür edib", - deyə məlumatda qeyd olunub.
23-01-2023, 17:08
Peskov Ukraynayla danışıqlar barədə yayılan məlumatlara rəy bildirdiKremlin sözçüsü Dmitri Peskov Rusiya ilə Ukrayna arasında danışıqlar barədə yayılan məlumatlara münasibət bildirib. O, nə de-fakto, nə də de-yure danışıqlar üçün heç bir imkanın olmadığını deyib. Peskov Putinin növbəti seçkilərdə iştirakının mümkünlüyü barədə də danışıb: "O, bu mövzuda heç bir açıqlama verməyib, iş həmişəki kimi davam edir". Qeyd edək ki, Rusiyada növbəti prezident seçkiləri 2024-cü ildə keçiriləcək.
23-01-2023, 16:51
Yeni Günəş Elektrik stansiyalarının təməli qoyulacaqHazırda ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsinə özəl, o cümlədən xarici investisiyalar cəlb edilir. Yeni Günəş Elektrik stansiyalarının da, əsasən, özəl investisiyalar hesabına inşa edilməsi nəzərdə tutulur. Azərbaycan Prezidenti İlham Əliyevin düşünülmüş və uzaqgörən siyasəti nəticəsində ölkəmizdə formalaşmış cəlbedici investisiya mühiti və zəngin yaşıl enerji potensialımız buna tam imkan verir. Ötən ilin martında 230 meqavat gücündə “Qaradağ” Günəş Elektrik Stansiyasının təməlinin qoyulması bunun bariz nümunəsidir. Energetika Nazirliyindən bildirilib ki, bu layihə “Masdar” şirkəti tərəfindən tamamilə özəl investisiya hesabına reallaşdırılır. İlkin hesablamalara əsasən, stansiya tərəfindən illik 500 milyon kilovat-saat elektrik enerjisi istehsal olunacaq. Bu isə ildə 110 milyon kubmetr təbii qaza qənaət etməyə və 200 min tondan artıq karbon emissiyasının atmosferə atılmasının qarşısını almağa, həmçinin 110 min evi elektrik enerjisi ilə təmin etməyə imkan verəcək. Layihənin ümumi dəyəri təqribən 200 milyon ABŞ dolları təşkil edir. Açıqlamada qeyd edilib ki, 240 meqavat gücündə “Şəfəq” Günəş Elektrik Stansiyasının inşası üzrə də danışıqlar davam edir. Cəbrayılda reallaşdırılması planlaşdırılan layihənin də illik təxminən 500 milyon kilovat-saatdan artıq elektrik enerjisinin istehsalına töhfə verəcəyi proqnozlaşdırılır. Bununla yanaşı, “Masdar” şirkəti ilə ilkin mərhələdə ümumi gücü 4 qiqavat olacaq bərpaolunan enerji layihələrinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı razılıq əldə edilib ki, onun da 1 qiqavatı günəş enerjisinin payına düşür. Eyni zamanda, “Fortescue Future Industries” şirkəti ilə 12 qiqavatadək “yaşıl enerji” layihələrinin araşdırılması və reallaşdırılması üzrə çərçivə müqaviləsi imzalanıb. Bu isə gələcəkdə də digər bərpaolunan enerji stansiyaları ilə yanaşı, Günəş Elektrik stansiyalarının da inşa ediləcəyini deməyə əsas verir. Həmçinin elektrik enerjisi itkilərinin azaldılması məqsədilə müvafiq qurumlar tərəfindən həm ötürücü, həm də paylayıcı şəbəkədə mütəmadi işlər həyata keçirilir. İstismara yararsız avadanlıqlar yeni və müasirləri ilə dəyişdirilir, istismar müddəti başa çatmış elektrik veriliş yenilənir. Həyata keçirilmiş tədbirlər nəticəsində 2020-ci illə müqayisədə 2021-ci ildə ötürücü şəbəkədə itkilər 2,1 faizdən 1,9 faizə, paylayıcı şəbəkədə isə müvafiq olaraq 8,9 faizdən 8,8 faizə endirilib.
23-01-2023, 16:43
Rusiya və Estoniya arasında diplomatik gərginlik yaşanıbRusiya və Estoniya arasında diplomatik münasibətlərin səviyyəsi aşağı salınır. Bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib. Qeyd olunub ki, Rusiya Estoniya ilə diplomatik münasibətlərin səviyyəsini aşağı salır. Estoniya səfiri Xarici İşlər Nazirliyinə çağırılıb, ona Estoniya hakimiyyətinin hərəkətləri ilə bağlı kəskin etiraz edilib. Səfirə fevralın 7-də Rusiya Federasiyasını tərk etmək tapşırılıb. "İkitərəfli münasibətlərin bu hala gəlməsində bütün məsuliyyət tamamilə Estoniyanın üzərinə düşür və Rusiya Federasiyası Estoniya hakimiyyətinin düşmən addımlarına cavab verməyə davam edəcək", - deyə bildirilib.
23-01-2023, 16:40
İranda şagirdlər arasında kütləvi zəhərlənmə baş veribİranın Xorasan vilayətinin Quçan şəhərində 40 şagird dəm qazından zəhərlənib. Onlardan 15-nin vəziyyəti ağırdır. Bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb. Bildirilib ki, İran hökumətinin səriştəsiz siyasəti nəticəsində qışın şaxtalı günlərində təhsil ocaqları uşaqların sağlamlığına təhlükə törədəcək vasitələrlə isidilir. Həmçinin vurğulanıb ki, Quçanda baş verən hadisə ölkənin müxtəlif yaşayış bölgələrində hər il davamlı olaraq meydana gəlir.
23-01-2023, 16:35
Əməkdar artist dəfn olunduƏməkdar artist Tünzalə Əliyeva dəfn edilib. Mərhum “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılıb. Dəfn mərasimində aktrisanın ailə üzvləri, sənət dostları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
23-01-2023, 16:33
Ərdoğan tərəfdarlarıyla görüşərkən duyğusal anlar yaşanıb Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bursada tərəfdarları ilə görüşüb. Gökdere meydanında mitinq keçirən Ərdoğan açılışdan sonra səsləndirilən Cengiz Kurtoğlunun "Duyanlara duymayanlara" mahnısını müşayiət edib. Bu zaman səhnəyə gələrək Ərdoğanın yanında dayanan bir qadın emosional anlar yaşayıb. Qadın bir anda başını Ərdoğanın çiyninə qoyub ağlamağa başlayıb. Hadisə qarşısında sakitliyini qorumağa çalışan Ərdoğan çaşqın baxışla mahnı oxumağa davam edib. Həmin anlar sosial şəbəkədə gündəm olub.
23-01-2023, 16:28
Rusiya spikeri iranlı həmkarıyla bir sıra məsələləri müzakirə etdiRusiya Federasiyası Dövlət Dumasının spikeri Vyaçeslav Volodin İrana səfəri çərçivəsində bu ölkənin parlament sədri Məhəmməd Baqir Qalibafla görüşüb. Görüşdə Volodin birgə gündəm çərçivəsində gərgin hadisələrlə zəngin bir il olacağını proqnozlaşdırdığını deyib. "İki ölkənin parlamentariləri ən yüksək səviyyədə qəbul edilmiş qərarların qanunvericilik tərəfinin təmin olunması üçün hər şeyi etməlidirlər", - Volodin əlavə edib. O, iranlı həmkarını terrorizmlə mübarizə üzrə parlament sədrlərinin aprel konfransında iştirak etməyə dəvət edib. Qalibaf dəvəti qəbul edib.
23-01-2023, 16:14
Sabahın hava proqnozuYanvarın 24-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-4° isti, gündüz 8-11° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 776 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-12° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq. Gecə və səhər dağlıq rayonlarda yollar buz bağlayacaq.