Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
25-11-2022, 08:18
“KOROĞLUNUN QOCALIĞI” BOYUNDA DOSTLUQ TƏRBİYƏSİ

“KOROĞLUNUN QOCALIĞI” BOYUNDA DOSTLUQ TƏRBİYƏSİ

Azərbaycanlı dünyası binə tapandan, ağla qaranı seçəndən, yaxşıya yaxşı, pisə pis deyəndən bəri bu keyfiyyətləri şifahi xalq ədəbiyyatına, el-ağız sözünə, daha dəqiq desək, xalq pedaqogikasının təsir-üslubuna köçürüb. Yaratdığı hər bir ədəbi-bədii obrazın, pedaqoji təsir dairəsini də müəyyənləşdirib.
Kitabi-Dədə Qorqud dastanlarından başlayaraq, mifik tərəfləri ondan da qədimlərə gedib çıxan Koroğlu dastanları ( Koroğlu,Qor oğlu, Rövşən, Misri qılınc-krater parçası, Qoşa bulaq-Sehrli səs kanı; Qırat, Dürat-Dərya ayğırı və.s) da daxil olmaqla neçə-neçə xalq yaradıcılıq nümunələrində, həm də özünün tərbiyə sistemini, tərbiyəvi təsir üsullarını, insanın formalaşdırılması yollarını əks etdirmişlər.
Bu günlərdə bir tələbəmiz mənə dedi ki, müəllim, filan qəzetdə Koroğlu tarixi qəhrəman və tarixi şəxsiyyət kimi inkar edilir və üstəlik də onun haqqında çox pis ifadələr işlədilib.
Mən həmin qəzeti gətirtdirdim və oxudum. Çox təəssüf ki, bu gün artıq söz-söhbət olmasın deyə nə o qəzetin, nə də yazının müəllifinin adını çəkmirəm. Əgər ya o qəzetin yaradıcıları və yaxud o yazının müəllifi lazım bilərsə, polemikaya hazıram və bu yazını da məxsusi onlara birinci cavab kimi yazıram. Bəri başdan deyim ki, “Oddan kül törəyər” deyimində çox müdrikanə şəkildə ifadəsini tapmış mərddən də namərd törəyər və əslini danan o namərd məhz bu tipdə olan adamlar və ya xalqının söy-kökünə xor baxan cılız “qələmçi”lərdir.
Nəhayət, mətləbdən uzaq düşməyək. “Şir elə qocalanda da şirdir” deyən babalarımızın deyiminə qüvvət olaraq biz də Qoca Koroğlunun qoca dövrünü əks etdirən “Koroğlunun qocalığı” boyunda dostluq tərbiyəsindən, xalq pedaqogikamızın maraqlı bir səhifəsindən söhbət açaq.
Eh, tarix çox qocadır... Bəşər övladının hamısı yaranıb, yaşayıb qocaldığı kimi, “Koroğlunun da qoca zamanı, əldən düşən vaxtıydı. Dəliləri (dostları) başından dağılmışdı. Bir gün Qıratın belində yol gedirdi. Gördü bir kişi, qabağında bir yüklü öküz gəlir, çiynində də yarıağac, yarıdəmir bir şey var...” “Koroğlunun dastanı”nda deyildiyi dilnən desək, əlqərəz, Koroğlu təəccübünə səbəb olanın nə olduğunu qocadan soruşur və məlum olur ki, bu şey tüfəngdir və onunla adamı uzaqdan vurub öldürmək mümkün olur. Odur ki həmin gündən Koroğlunun “namərd zəmanəsi” qeydə alınır. O Koroğluluğunu ( burada igidliyini klassik mənada Koroğluluğunu) “yerə” qoyur. Elə buradanca yuxarıda xatırlatdığım yazı müəllifinə bildirirəm ki Koroğlu qocalana qədər hətta dostları ondan ayrılandan sonrada daim ədalətsizliklə barışmayıb və bu yolda mübariz olub ( bu bizə elin yaddaşından bəlli olur).
Qeyd etdiyimiz kimi, Koroğlunun “namərd erası” başlanmışdı. Artıq bir atılanla uzaqdan, qılıncın, nizənin, əmudun çatmadığı məsafədən insana həmlə ola bilirdi. Odur ki, Koroğlu da çəkilib onun üçün sonluğu mərdlik yuvası olan Çənlibeldə ömrünün sonunu gözləyirdi.
Elə bu vaxtlarda Koroğlunun köhnə dostlarından biri Xoca Əhməd xəbər gətirdi ki, “Can Koroğlu, bəs köhnə düşmənnərin qoşun çəkib üstünə gəlir”. Məqamındaca xatırladım ki, xəbər gətirən Xoca Əhməd tacirbaşıdır. Demək, Koroğlu və koroğluluq mənafeyi üçün deyil, var-dövlət üçün deyil, haqq-ədalət üçün yaranıb, çağlayıbmış, yoxsa tacirbaşı Xoca Əhməd talan olunar və sözügedən zaman Koroğlunun düşmənləri içərisində olardı. Baxın, Xoca Əhməd öz qoca dostunu necə duyuq salır:
“Sənə deyim Qoç Koroğlu,
Duşmannar güləcəy oldu,
Sonun olar puç Koroğlu,
Duşmannar gələcəy oldu.


Daldalama sən səsini,
Dumannan kəsmə bə(h)sini,
Keçmiş, köhnə qisasını
Dumannar alacaq oldu.

Əhmədəm, dildən düşübsən,
Bülbülsən, güldən düşübsən,
Qocalıb əldən düşübsən
Duşmannar gələcəy oldu”.

Özünün vəfalı dostunun xəbərini eşidən Koroğlunun ilk yadına düşən ona ən sədaqətli insanlar, keçmiş dostları, silahdaşları olur. Odur ki, tacirbaşıya ( burada dostuna) deyir:
“Sənə deyim tacirbaşı,
Çağır gəlsin xan Eyvazı!
Yenidən tutum savaşı,
Çağır gəlsin xan Eyvazı!..”

Burada məqsədim boyun bütün məqamlarını xatırlatmaq deyil. Məramım elimizə, obamıza, gəncliyimizə yaddaşımızdan örnək olan Koroğlu-xalq dühasındakı dostluq, sədaqət məqamlarını xatırlatmaqdır. Xoca Əhməd (yaxud Aşıq Cünun) Dəmirçi oğluna, o da Bəlli Əhmədə ( yaxud bir başqasına) xəbər verir.
“...Çənlibeldə yox söhbət, saz,
Çırpışmır göldə ördəy, qaz,
Hanı Əhməd, hanı Eyvaz?
Çənlibelə duman gəlir!...
... Yolda Koroğlunun gözü,
Qəlbində qocalıq közü,
Xoca Əhmədin budur sözü:
Çənlibelə duman gəlir!”

Köhnə dostunun dara düşdüyünü bilən Dəmirçioğlu tez Eyvazın sorağıynan atdandı. Rastlaşdığı həmkarına-qocaldığını zənn etdiyi Tanrıtanımaza ( bəlkə də qorxu bilməzə) məqsədini görün hansı ağrı-acıynan çatdırır və cavab istəyir:
“...Dəmirçioğlu bu sirləri biləndə,
Duşmannarı ağlayanda, güləndə,
Hərdən qəzəblənib qeyzə gələndə
Qabağda boz duran üzün necoldu?”
Dünyada dostluqda sədaqətlilik qədər insanı insanla bağlayan ikinci bir insani hiss, duyğu tanımıram. “Dost yolunda boran olar, qar olar” deyən ərənlər yanılmayıblar. Qoca Koroğlunun ( bu qoca xalqın) qoca dostları elə bu hissin, bu duyğunun sahibləridir.
“...Yağı duşmannarnan dava açmağa,
Hələ var qolumda qüvvətim mənim!
Qoşun gəlib Çənlibelə keçməyə
Qəbul etməz namus, qeyrətim mənim!...”

Deyən köhnə dostla daha başqalarının sorağına yollanırlar. Təki köhnə, sədaqətli dostları sarsılmasın, təklənməsin, sinsiməsin.
“...Eyvaz qolun gərməy istər,
Duşman qəsdə girməy istər,
Koroğlunu görməy istər,
Deyin görüm, nə xəbər var?”

Köhnə dostlarını, el-obanı xəbər alan Eyvaza Dəmirçioğlunun cavabı daha təsirlidir.
“...Koroğlu oxuyub, yazır,
Yalnız qalıb cannan bezir.
Haray salıb səni gəzir,
Qardaş, dur gedəy, dur gedəy!...”

Dostlar birgə atlanıb dağlara, daşlara ün salıb, köhnə igidləri haylayıb, haraylayıb Çənlibelə yol alırlar. Vəfalı dostlarını görən Koroğlunun ürəyi cuşə gəlməzmi?- Gələr!
“Genə ömür təzələndi,
Xoş gəldiniz, igidlərim!
Qurtardım hicrannan, qəmnən,
Xoş gəldiniz, igidlərim!”

...Zimistanım döndü yaza,
Qulaq verin sözə, saza,
Koroğlu yetdi muraza
Xoş gəldiniz, igidlərim!”

Bu halətdən sonra bir yox ha beş ordu da gəlsə nəinki Koroğlunu, heç adi adamı da məğlub etmək olmaz. Bu da “Koroğlunun qocalığı”nın bizə verdiyi məntiqi, ədəbi, pedaqoji nəticə. Kim istəyir Koroğlunun “bostanına” daş atsın. Amma unutmasın ki, “yel qayadan heç nə qopara bilməz”.
Qeyd: Yazıda 1938-ci ildə Aşıq Qəribin dilindən qeydə alınmış variantdan istifadə elədik.

Əlibala ZALOĞLU,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin baş müəllimi,
Azərbaycan Yazıçılar Birliyinin üzvü.

25-11-2022, 08:04
İnsan Hüquqları Şurası İranla bağlı beynəlxalq faktaraşdırıcı komitənin yaradılmasına səs verib

İnsan Hüquqları Şurası İranla bağlı beynəlxalq faktaraşdırıcı komitənin yaradılmasına səs verib

Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Şurası İslam Respublikasının iranlıların inqilabi qiyamını yatırtması ilə bağlı xüsusi iclasında İranın etirazları ilə bağlı beynəlxalq faktaraşdırıcı komitənin yaradılmasını nəzərdə tutan qətnaməni təsdiqləyib.
İnsan Hüquqları Şurasının 25 üzvü bu qətnamənin lehinə, altı üzvü əleyhinə səs verib və 16 üzv isə bitərəf qalıb.
Ermənistan, Çin, Kuba, Pakistan, Venesuela və Eritreya bu qətnamənin əleyhinə səs verib.
Çin iranlıların ümummilli qiyamını araşdırmaq üçün “fakt araşdırma komissiyası”nın yaradılmasını nəzərdə tutan qətnamə mətninin bir hissəsinin çıxarılmasını tələb edib.
Çinin təklif etdiyi bu düzəliş təklifi 25 əleyhinə, 6 lehinə səslə və 15 bitərəf olmaqla rədd edilib.
Qətnamədə bildirilir ki, Şura müstəqil faktaraşdırıcı missiya yaratmaq qərarına gəlib. Onun vəzifəsi 2022-ci il sentyabrın 16-da başlayan etirazlarla bağlı İranda insan hüquqlarının pozulmasını hərtərəfli və müstəqil şəkildə araşdırmaq olacaq. Missiya mümkün pozuntularla bağlı faktları və şəraiti müəyyən etməli, həmçinin sübutları toplamalı, təhlil etməlidir.
Şuranın 2023-cü ilin yayında baş tutacaq 53-cü sessiyasında bununla bağlı hesabat təqdim ediləcək.
Xüsusi iclasda iştirak edən Çin, Şimali Koreya, Venesuela və Kuba nümayəndələri İranda insan haqları ilə bağlı qəbul olunan qətnaməni bu ölkənin daxili işlərinə müdaxilə adlandırıblar.
İran prezidentinin Qadın və Ailə Məsələləri üzrə İdarəsinin beynəlxalq məsələlər üzrə baş direktoru Xədicə Kərimi BMT-nin İnsan Haqları Şurasının bu xüsusi iclasının keçirilməsini “aldadıcı hərəkət” adlandırıb.
Həmçinin, İslam Respublikasının məhkəmə sisteminin beynəlxalq məsələlər üzrə müavini və insan haqları qərargahının katibi Kazım Qəribabadi bu görüşün keçirilməsinə münasibət bildirərkən Almaniya xarici işlər nazirinin bu görüşdəki bəyanatını “fırıldaqçı” adlandırıb. .
Qeyd edək ki, bu qətnamənin təsdiqindən sonra Almaniyanın xarici işlər naziri Analena Berbuk öz twitter səhifəsində paylaşım edib. “Qətnaməmizin lazımi səs çoxluğunu qazanacağına əmin olmasaqda hərəkət etdik və buna tərəfdarlar topladıq. İndi nəticə göz qabağındadır, ədalət və İran xalqı üçün birlik”,-deyə, Berbuk paylaşımında yazıb.
25-11-2022, 07:58
Ağ Ev İranda etirazçılara cinsi təcavüzü pisləyib


"Bu, iyrənc tədbirlərdir"-Ağ Ev İranda həbs olunan etirazçılara qarşı cinsi təcavüzü pisləyib
Amerika Dövlət Departamentinin sözçüsü Ned Prays İran həbsxanalarında baş verən cinsi təcavüz xəbərlərinə reaksiya verib.
Prays nümayişçilərə, o cümlədən İslam Respublikası hökumət qüvvələrinin nəzarətində olan uşaqlara qarşı hücumlar barədə yayılmış xəbərləri qətiyyətlə pisləyib və cinsi zorakılığı etirazları yatırmaq vasitəsi kimi iyrənc tədbirlər adlandırıb.
Noyabrın 21-də, şahidlərin və məlumatlı tibbi mənbələrin ifadələrinə əsaslanan istintaq hesabatında CNN xəbər kanalı İslam Respublikası məmurlarının məhbus etirazçılardan etiraf almaq və onları sonrakı aksiyalardan çəkindirmək üçün zorakılıq faktlarını lentə aldıqlarını bildirib.
Dövlət Departamentinin sözçüsü bəyan edib ki, Amerika birtərəfli və çoxtərəfli tədbirlər və BMT-yə müraciət etməklə xalqa zülm etdiyinə görə İran hakimiyyətinin cavabdehlik daşımasını tələb edir.
25-11-2022, 07:54
Əli Xameneyinin bacısı qızı həbs olundu

Əli Xameneyinin bacısı qızı həbs olundu

İran İslam Respublikasının rəhbəri Əli Xameneinin bacısı qızı, hüquq müdafiəçisi Fəridə Muradxani çərşənbə günü, noyabrın 23-də həbs edilib.
“Azad İran” xəbər verir ki, bu barədə siyasi fəalın qardaşı Mahmud Muradxani tviterdə yazıb.
O bildirib ki, bacısı noyabrın 23-də məhkəmə qərarını ona çatdırmaq üçün prokurorluğa gedərkən tutularaq həbsxanaya aparılıb.
Qeyd edək ki, vətəndaş cəmiyyəti fəalı olan xanım Muradxani bu il yanvarın 13-də Tehranda evinə qayıdarkən ETTELAAT tərəfindən həbs edilmişdi və may ayında 10 milyard tümən girov qarşılığında və istintaq müddəti başa çatanadək Tehran vilayətini tərk etmək məhdudiyyəti ilə müvəqqəti azadlığa buraxılıb.
Fəridə Muradxani həbsindən bir neçə ay əvvəl məhbuslara dəstək kampaniyasına start verib.
2018-ci ilin iyununda isə o, Sənəndəc şəhərinə getdikdən və İslam Respublikasına qarşı fəaliyyətə görə edam edilən siyasi məhbus Ramin Hüseyn Pənahinin ailəsi ilə görüşdükdən sonra həbs edilib.
25-11-2022, 07:45
Təbrizdə dərman çatımazlığı davam edir

Təbrizdə dərman çatımazlığı davam edir

Sosial media istifadəçilərinin verdiyi məlumata görə, Təbriz şəhərində dərman qıtlığı yaşanır və bir çox apteklərdə vacib dərmanların əldə edilməsi çətinləşib.
Təbrizin Tibb Elmləri Universitetetinin başçısı Bəhmən Nəqipur məsələni təsdiq edib.
O, dərman çatışmazlığına səbəb kimi bir çox dərmanların qiymətinin kəskin bahalaşmasını göstərib və əlaqədar qurumların problemin aradan qaldırılması üçün birgə məsləhətləşmələr apardıqlarını deyib.
Qeyd edək ki, dərman istehsalı müəssisələrinin verdiyi məlumata görə, xammal vaxtında təmin olunmadığı üçün bir sıra istehsal bölmələri bağlanıb.
Dərman Sənayesi Sahibləri Birliyinin yaydığı xəbərdarlıqda durumun belə davam edəcəyi təqdirdə avqust ayından başlayaraq bütün müəssisələrin bağlanacağı və dərman çatışmazlığının pik həddə çatacağı qeyd olunur.
Bir müddət bundan əvvəl Dərman Sənayesi Sahibləri Birliyinin başçısı Məhəmməd Əbdzadənin verdiyi məlumata görə, hazırda ölkədə 300 adda dərman tamamilə yoxa çıxıb və adi antibiotik və serum çatışmazlığı yaşanır.
25-11-2022, 07:34
Şeyx Nizamini ziyarət və ya səkkiz gün piyada yol gedən yolçu

Şeyx Nizamini ziyarət və ya səkkiz gün piyada yol gedən yolçu

Nizami Gəncəvi bəşər mədəniyyətinin dühalarındandır. Onun poeziyası həmişə zamanın fövqündə dayanıb. Yəqin ki, dünya durduqca belə olacaq. Nizami sənətinin genişliyindən cild-cild kitablar yazılıb, insanlar zaman-zaman onun sözünün sehrinə düşüb. Bu genişliyin məğzini, mənasını nələr şərtləndirir? Bu suala hərə bir cür cavab verib. Mən yazıda sübutlar, aksiomlar, postulatlar yürütmək fikrində deyiləm. Nizamiyə hər kəsin öz münasibəti var – alim yanaşması bir başqadır, şair yanaşması tamam başqadır. Bir də Nizami aşiqi olan sadə insanlar var.
Bu günlərdə Buzovna qəsəbəsinin axundu, ilahiyyatçı alim, şair Hacı Soltan Əlizadə mənə bir əhvalat danışdı. Bu vaqeə məni son dərəcə təsirləndirdi. Buzovna qəsəbəsində sadə həyat tərzi sürən, maldarlıqla ailəsini dolandıran bir insan yaşayır. Heybət Hacı Dadaş oğlu. Onun Nizami şəxsiyyətinə və yaradıcılığına vurğunluğunu sözlə ifadə etmək çətindir. Onun Nizamiyə sevgisində hardasa ilahi bağların olduğuna inanıram. Heybət kişi Nizamiyə vurğunluğunu qeyri-adi formada ifadə edib. Necə? Deyim, siz də agah olun.
Hacı Soltan danışır:
Günlərin bir günü yolla gedirdim, Heybət kişigilin qapısından keçəndə gördüm, qapının ağzında kətil qoyub oturub. O, əlində Nizaminin kitabını tutmuşdu və kitabı oxuduqca gözlərindən yaş süzülürdü. Ayaq saxladım, salamlaşdıq. Soruşdum ki, Heybət kişi, nə baş verib, niyə ağlayırsan? Dedi ki, Hacı, bilirsən, Şeyx Nizami ömür boyu Həcc ziyarətinə getməyi arzulayıb, amma bu, ona qismət olmayıb. Gör e, o boyda Nizamiyə bu müqəddəs ziyarət qismət olmayıb! Amma indi baxıram, elə adamlar Həccə gedir ki, deməyə söz tapmıram. Buna görə ağlayıram... Allah Şeyxin məqamını həmişə uca eləsin!
Heybət kişi heç vaxt “Nizami” deməz, ondan söz düşəndə həmişə ehtiramla “Şeyx” deyər. Hacı Soltan danışır ki, Heybət kişinin bu sözləri məni mütəəssir etdi. Uzun müddət onun bu sözləri fikrimdən çıxmadı.
Doğrudan da, heç bir savadı olmayan sadə bir kəndli çoxlarının əhəmiyyət vermədiyi bu incə məqamı tuta bilib və sidq-ürəkdən Nizaminin Məkkəni ziyarət edə bilməməsinə təəssüfünü göz yaşlarıyla ifadə edir. Nizami ona görə böyükdür ki, elmsiz, təhsilsiz insanlar da ondan nəsə götürə, faydalana bilir. Əslində Nizaminin mürəkkəbliyi aydınlığındadır. O, özünün hikmət xəzinəsini hər kəsin üzünə açıb və hər kəs öz düşüncəsinə uyğun o xəzinədən özü üçün nəsə götürə bilib. Nizami sanki əl yeri bilinməyən bir xalça toxuyub, bu xalçada hər şey nə vaxtsa, hardasa olub. Amma hər şey yenidir, təkrarsızdır. Sehrli barmaqlar bu xalçanı ideal səviyyədə yaradıb, gördüyümüz, bildiyimiz gerçəklərdən yaradıb.
Hacı Soltan danışır:
Aradan uzun müddət keçdi. Günlərin bir günü Heybət kişi mənə dedi ki, Hacı, sabah səhər sübh namazından sonra yanına gələ bilərəm? Dedim, əlbəttə, nə məsələdir? Dedi mən əhd eləmişəm, Buzovnadan Şeyx Nizaminin Gəncədəki məqbərəsinə qədər pay-piyada yol gedəcəyəm. Heyrətə gəldim, bu qədər uzaq yolu piyada necə getmək olar? Dedi Hacı, xahiş edirəm, məni Quranın altından keçir, mənə xeyir-dua ver, sağ-salamat gedib gəlim. Amma sən Allah, bu söhbət ikimizin arasında qalsın, heç kəs bilməsin. Baxdım ki, səfər paltarındadır, yeməyə də özüylə azuqə götürmüşdü. Xeyir-dua verdim, sağollaşdıq. Heybət kişi yola düşdü. Bir neçə gün fikrim onun yanında qaldı ki, görəsən necə oldu, necə getdi, sağ-salamat mənzil başına çata bildimi? Zarafat deyil, 400 kilometrlik yolu gecə-gündüz pay-piyada getmək hər adamın işi deyil. Görün, bunun Nizamiyə eşqi, məhəbbəti nə qədər böyük imiş! Gəncədə Nizaminin məqbərəsi tikiləndən bəri belə bir hadisə yəqin ki, heç vaxt yaşanmayıb. Onun salamatlığı üçün dua edirdim.
Heybət kişi sərasər səkkiz gün iyirmi saat yol gedir. Rayonlardan birindən keçəndə qarşısına bir dəstə adam çıxır. Qəribə görkəmi, səfər geyimində olması onların diqqətini cəlb edir. Ondan hara getdiyini soruşurlar. Deyir ki, Şeyx Nizaminin məqbərəsini ziyarətə gedirəm. Soruşurlar ki, o kimdir? Heybət kişi bərk əsəbiləşir, özündən çıxır. Deyir siz Şeyx Nizamini, Azərbaycanın mütəfəkkir şairini tanımırsınız? Ayıb olsun sizə! Adamlar onu anlamırlar, təəccüb içində ötüb keçirlər. Növbəti dəfə qarşısına çıxan adamlar ondan hara getdiyini soruşurlar, Heybət kişi səfərinin məqsədini dilə gətirir. Adamlar yenə onu anlamırlar.
-Yaxşı, bu səfərinin məqsədi nədir? – deyə soruşurlar.
-Şeyx Nizami böyük şairdir, müqəddəs adamdır. Mən əhd eləmişəm ki, piyada onun məzarına qədər yol gedib o türbəni ziyarət edəcəm,- Heybət kişi cavab verir.
Adamlar başlarını bulayıb ötüb keçirlər.
Heybət kişi yorulanda, acanda yolüstü kafelərdən birinə girib nahar edir, həm də bir az dincəlirmiş. Sən demə, imkanlı, vəzifəli şəxslərdən biri onu görüb maraqlanıb ki, bu adam kimdir, hara gedir? Deyiblər Nizaminin məqbərəsini ziyarətə gedir, özü də pay-piyada yola çıxıb. Həmin şəxs sürücüsünə tapşırır ki, nəzarət elə, yol boyu bu adam hansı kafeyə, restorana girsə, ondan pul almasınlar.
Heybət kişi Nizaminin məqbərəsinə çatanda tamam haldan düşmüşdü, ayaqları şişmiş, ayaqqabıları sökülüb bir neçə yerdən çat vermişdi. Danışır ki, özümü məzarın üstünə güclə çatdırdım, elə oradaca düşüb qaldım. Məqbərənin bələdçiləri bu qəribə ziyarətçinin halını görüb təsirlənmişdilər. İlk dəfə idi ki, belə ziyarətçiyə rast gəlirdilər. Heybət kişi nəzir edibmiş ki, Şeyxin məqbərəsinə sağ-salamat çatsa, ordan da İmamzadə pirini ziyarət edəcək. Orda tanımadığı bir adam Heybət kişiyə pul verir ki, bu nəziri də mənim adımdan İmamzadəyə apar.

Hacı Soltan deyir ki, 2021-ci il Nizami ili elan olunmuşdu. Hər kəs öz qabiliyyəti, bacarığı daxilində Nizamiylə bağlı öz töhfəsini verdi: alimlər Nizamişünaslığın toxunulmayan mövzularını araşdırıb tədqiqat əsərləri yazdılar, şairlər, yazıçılar bədii əsərlər yazdılar, rəssamlar Nizaminin əsərlərinin illüstrasiyalarını çəkdilər. Heybət kişi isə özünün təbirincə desək, Şeyx Nizamiyə məhəbbətini bu formada ifadə etdi. Səkkiz gün Nizami eşqiylə yol getdi; piyada, usanmadan, yorulmadan, bu yolun cəfasını sevgiylə çəkdi və ziyarəti qəbul olundu.
Nizami sözünün gerçək mənasının üstündə fövqəladə bir məcazi mənası və onun minbir zənginliyi iç-içədir. Real məna o qədər möhtəşəm təmasdır ki, ən uca, ən uzaq məcaz dünyasını çiynində daşıya bilir. Heybət kişinin Şeyxin ruhu ilə təması ilahi eşqin təcəllasıdır və məcazlar dünyası bu görüş üçün zəmin hazırlamışdı. Heybət kişi Nizaminin kitabını dəfələrlə oxuduqca onun fəlsəfəsinə özü də bilmədən aşina olmuşdu, Şeyxin ilahi həqiqət məqamına yüksəlmişdi və içində möhkəmlənən bu həqiqət onu bu uzun və çətin bir səfərə sövq etmişdi. Allaha can atan insanın sevgisində təmənnasızlıq var. Peyğəmbərlərin, övliyaların, alimlərin yolunda hər cövrü-cəfaya dözə bilmək üçün insanın içində bir iman işığı parlamalıdır. Heybət kişinin mənəvi dünyası iman işığı ilə müzəyyən idi.
O, Nizaminin yetişdirdiyi insan idi.
Kənan Hacı

25-11-2022, 07:27
“Sənət bir terapiyadır”.

“Sənət bir terapiyadır”.

Gənc rəssam, sənətşünas və sənət terapisti Turan Bağırova ilə müsahibə:
- Gəlin, biz sadə sualdan başlayaq: Necə oldu rəssamlığı seçdiniz?
- Mən orta məktəbi Respublika İncəsənət Gimnaziyasında oxumuşam. O məktəbdə oxumaq üçün bir ixtisas seçimi gərəkli olduğu üçün mən də rəssamlığı seçdim və beləliklə rəssam olmaq yolunda ilk addımlarımı atdım. Bu yolu seçdiyim üçün hazırda çox xoşbəxtəm.
-Şərq xalqlarının çoxəsrlik incəsənət tarixinin ən maraqlı səhifələrindən biri dini rəsmlərin çəkilməsidir. Bu bizdə az müraciət olunan sahədir. Marağınız və müəlliminiz haqqında?

-Rəsm çəkməyi, boyaları, fırçaları çox sevirdim, amma buna baxmayaraq illərdi axtarışda idim. Təsviri incəsənətin demək olar ki, hər növü ilə maraqlanmışam, amma yenə də sırf məni qane edənin nə olduğunu tapa bilmirdim. Belə oldu ki, mən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının nəzdində olan İncəsənət kollecində pedaqoji fəaliyyətə başladım və mənə miniatür sənəti dərsini verdilər. Proqramım ilə tanış olanda orda kalliqrafiya sənətini gördüm və dedim budur. Mən kalliqrafiya və rəngkarlığı sintez edib, istədiyimi edə bilərəm. Ərəb əlifbasını öyrənməyə başladım və fikirləşdim ki, bunu davam etdirmək üçün bir motivasiya lazımdır. Məqsəd qoydum ki, bu mövzuda sərgi edəcəm. 6 ay ərzində işlərimi tam hazır etdim və sərgim çox gözəl oldu. Məncə hər bir şeyin öz zamanı var və mən də nə istədiyimi bu yaşımda tapdım. Onu da qeyd edim ki, kalliqrafiya üzrə müəllimim olmayıb.

-Müasir dövrdə kalliqrafiya sənətinin rəssamlıq tarixindəki yeri haqqında nə deyə bilərsiniz?
-Kalliqrafiya ta qədimdən bəri var olan bir sənətdir. Xəttatlıq qədər qədimdir və xəttatlığın daha kamil formasıdır demək olar, bəlkə də. Çox təəssüf ki, müasir dövrdə az istifadə olunur. Rəngkarlıq və kalliqrafiyanın sintezindən ibarət sərgim Azərbaycanda ilk dəfə idi. Rəssamlıq aləmində və mediada da bu belə qeyd edildi. Çox şükür, mən bunu bacardım. İnşallah, məndən sonra gələnlər üçün açıq yol olar.
-Rəssamlar üçün tükənməz ilham qaynağı rolunu oynayan nələrsə olur. Sizin ilham qaynağınız nədir? Nədən təsirlənirsiz? İdeyaları nədən götürürsüz?
-Mən hər bir şeydən ilham ala bilərəm. Ümumiyyətlə çox araşdıran, çox oxuyan biriyəm. Hər zaman özümə bir ilham qaynağı yaradıram, həvəsdən düşməyə qoymuram özümü. Tələbələrimə də hər zaman deyirəm ki, qəti, məndə alınmır deməyin, ən sevmədiyim sözdür.
-Milliyyətcə İspan olan Fransa rəssamı, heykəltaraşı, keramisti və dizayneri Pablo Pikasso deyirdi: “Sənət gündəlik həyatın tozunu ruhdan təmizləyir”. Siz necə düşünürsüz?

- Pablo Pikasso sevdiyim rəssamlardan biridir. Çox düzdür. Sənət bir terapiyadır və mənim fikrimcə bacarığından asılı olmayaraq hər bir insan hansısa bir sənət növü ilə məşğul olmalıdır.
- Əsərin hansısa rəng tоnunda işlənilməsi оnun məzmunundan asılı оlaraq dəyişir, yoxsa necə?
-Rənglərin bir birinə uyumluluğunu mən çox sevirəm və rəsmlərimdə ona çox önəm verirəm. Mənim fikrimcə, rəsm sənəti azaddır. Deyə bilmərəm ki, hər zaman və hər kəsdə məzmundan asılıdır, hər rəssamın özünəməxsus bir yolu var.
- Coğrafi mövqeyinə görə, Azərbaycan müxtəlif mədəni cərəyanların qovuşduğu yerdir. Klassik Şərq mədəniyyəti, müasir Avropa dəyərləri bizdə sintez oluna bilir. Sizin yaradıcılığınız, şübhəsiz ki, Şərq mədəniyyətini təmsil edir. Amma ona müasir traktovka verməyi düşünürsünüzmü və bunu nə ilə realizə etmək olar?
- Bəli, mən elə onu edirəm. Kaliqrafiyanı müasir rəngkarlıq üzərində tətbiq edirəm və bunu çox sevirəm. Sizin bunu dəyərləndirməyinizi, müəllif kimi uğurum hesab edirəm.
- Hələlik ən yeni işiniz olan “Əsmayi-hüsna” marağımızı çəkdi. Gələcək üçün planlarınız?
Cavab: “Əsmayi-hüsna” ilk işləmək istədiyim işlərdən idi, lakin çox vaxt apardığından sərgiyə kimi çatmaz deyə onu saxladım. Sərgidən sonra işləməyə başladım və 3 aya hazır oldu. Allahın 99 ismi var. Bunlar bir yerdə Əsmayi-hüsna (ən gözəl adlar) adlanır. Gələcək planlarım çoxdur. İnşallah həyata keçirmək qismət olar. Arzularımdan biri- Kəbəni ziyarət etmək və canlı olaraq rəsmini çəkməkdir.
-Son olaraq bu yolda sizə kim dəstək olub və kimlərə borclusunuz?
- Nəinki bu yolda, həyatımın hər anında yanımda olan mənə ən əsası mənəvi dəstək olan anamdır. Allaha çox şükürlər olsun ki, belə bir anaya sahibəm. Ətrafımda mənə dəstək olan insanlardan biri də Universitetdə rəsm müəllimim olmuş Elnarə xanımdır, illərdir dəstəyini əsirgəmir. Mənə dəstək olan, yanımda olan hər kəsə təşəkkürümü bildirirəm!

Qeyd edək ki, Bağırova Turan İlham qızı İncəsənət Gimnaziyasının rəssamlıq fakultəsini bitirib. Mədəniyyət və İncəsənət Universitetinin qrim rəssamı fakültəsində təhsilini davam etdirib. Rəssamlıq Akademiyasının Sənətşünaslıq fakultəsinin magistratura pilləsini uğurla tamamlayıb. Hazırda Rəssamlıq Akademiyasının nəzdində İncəsənət kollecində pedaqoji fəaliyyət göstərir. Əlavə olaraq da öz rəsm kursu var. Rəssam, sənətşünas və sənət terapisti kimi biliklərini daha yeni nəsilə öyrədir.
Səadət Bəhmənqızı,
Teleradio Akademiyasının müdavimi
25-11-2022, 07:16
Pərvin Etisami yaradıcılığında təmsil


Pərvin Etisami yaradıcılığında təmsil

XXəsr farsdilli Azərbyacan şeirinin görkəmli nümayəndəsi Pərvin Etisami mədəniyyət və sənət ocağı olan Təbrizdə doğulub və orada böyüyüb boya- başa çatmışdır. Bu sənətkar qadın haqqında çox sözlər yazılmış, çox xatirələr çap olunmuşdur. Onun şeirlərini çap etdirən, əsərləri haqqında fikir söyləyən məlliflər Azərbaycanın bu humanist və istedadlı şairəsinin ədəbi, ictimai-siyasi mühiti, onun ailəsi, doğulduğu yer, dünyaya göz açdığı, böyüyüb boya-başa çatdığı şərait, şəxsiyyətinin formalaşmasında mühüm rol oynamış şəxsiyyətlər barədəətraflı məlumat vermişlər. Belə müəlliflərdən biri olan Qulamhüseyn Təkmil Humayun Pərvin Etisamiyə həsr etdiyi və “Ettelat” qəzetində çap etdirdiyi məqaləsində yazır: “Pərvin öz dövrünün saleh və inanc sahibi olan insanıdır. Hər bir şairin, yazıçının və ya sənətkarın düşüncəsini anlamaq üçün, şübhəsiz ki, həmin şəxsiyyətin, xüsusilə sənətkarın formalaşmasında bir qəlib rolu oynamış dövrün ictimai, siyasi, mədəni durumunu öyrənmək lazımdır. Belə ki, sənət fərdin, yaxud cəmiyyətə mənsub olan fərdlərin fərziyyə və düşüncə məhsuludur. Təbii ki, ictimai mühitin təsiri olmadan sənətkar ,formalaşmır”.
Pərvin Yusif qızı Etisami şəmsi tarixlə 1285-ci il isfənd ayının 25-də (M. 16 fevral 1906-cı il) Təbrizin Şeşgilan məhəlləsində əsil-nəcabətli bir ailədə dünyaya göz açmışdır.
Pərvin elə bir ildə dünyaya gəlmişdir ki, bu ildə İran xalaqlarının, xüsusilə İranın tərkibində Azərbaycan xalqının səyi ilə Müzəffərəddin şah konstitusiya elan etməyə məcbur olmuşdur. Bu illərdə (1906-1908-ci illər nəzərdə tutulur – M.M.) Təbriz əhalisi şahlıq rejimi olan istibdadla üz-üzə durmuş, demokratiyanın əsaslarının yaradılması, azadlıq və qanunun aliliyi uğrunda gecə-gündüz mübarizə aparmışdır. Bu mübarizənin nəticəsi olaraq Məhəmmədəli şahın əmri ilə 1287-ci il tir ayınını 2-də (M.1908, iyun) Milli Şura Məclisini topa tutmasından sonra qəhrəman Təbriz xalqı ayağa qalxır. On bir ay amansız döyüşdən sonra İranda yenicə pərvəriş tapmağa başlayan azadlıq və Nəsirəddin şahın atası Müzəffərəddin şahın imzası elan olunan konstitusiya tamamilə məhv olmaqdan xilas oldu.
Bir çox tədqiqatlarda Pərvin Etisaminin atası Yusif Etisamülmülk və onun övladına təsiri haqqında danışılmışdır. Lakin Pərvinin tərbiyəsində müstəsna xidmətləri olan anası haqqında az deyilmişdir. Əslində övladın, xüsusilə qız uşağının üzərində ananın təsiri atadan çox olur. Pərvin Etisami də anasının əli altında böyümüşdür, onun təsiri və tərbiyəsi ilə mədəni Azərbaycan qadınının simvoluna çevrilmişdir. Təsadüfi deyildir ki, Pərvin anasının ona təsiri, anasının şəxsiyyəti, analıq məqamı haqqında çox saylı şeirlər yazmış, anasını həm bir insan, həm də tərbiyəçi kimi yüksək dəyərləndirmişdir.
Şeirlərinin birində o belə deyir:

Ananın ətəyi uşağın ilk məktəbidir.
Nadan ana necə alim uşaq böyüdər? (sətri tərcümə).

Pərvin Etisaminin anası İxtiyarüllmülk xanım Nəsrəddin şah dövrünün natiq və katiblərindən olan, Qəvamüddövlə adı ilə tanınan Mirzə Əbdülhüseyn Şuri Bəxşayeşin qızı idi. Şuri təhsilini Təbriz və Tehranda almışdı. Onun rəvan təbi və yaxşı xətti var idi. O, 1316-cı ildə (M. 1937) Təbrizdə vəfat etmişdir. Onun Qulaməli xan və Həsən xan iki oğlu, Xədicə Sultan və İxtiyarülmülk adlı iki qızı var idi.
Şeirlərində “Şuri” təxəllüsü ilə yanaşı “Qəvvam” təxəllüsündən də istifadə edən Şuri Bəxşayeşinin divanının bir nüsxəsi Təbriz Milli Kitabxanasında 3661 nömrəsi ilə saxlanılır. Bu divana 9 qəsidə, 193 qəzəl, 4 müsəmmət, 1 tərcihbənd, 3 təzmin, 3 məsnəvi, 11 rübai və 1 saqinamə daxildir”. S.4

Şuri Bəxşayişi fars dilində qəzəllər yazdığı kimi, Azərbaycan türkcəsində də qəzəllər yazmışdır.
Beləliklə, göründüyü kimi, Pərvinin anası mötəbər bir kişinin qızı olmuş və Pərvin ədəbiyyatsevər bir azərbaycanlı ailəsində böyümüşdür. Onun atası da dövrünün şair və ədiblərindən biri olmuşdur. Pərvin şairlik xislətini ana nəslindən irs olaraq almış və şairlik sənətini göylərə ucaltmışdır.
Pərvinin atası Yusif Etisamülmülk də 1253-cü ildə (M.1874) Təbrizdə dünyaya gəlmişdir. O, bu şəhərin sənətsevər mühitində böyük bir ədəbi və mədəni şəxsiyyətə çevrilmişdir. Fransız, türk, ərəb dillərini yüksək səviyyədə bilmiş, fars dili və ədəbiyyatına bir alim qədər bələd olmuşdur.
Təbii olaraq Pərvin kimi istedadlı bir uşaq belə bir sənətsevər mühitdə, belə bir mədəni ailədə elə tərbiyə olunub ki, gələcəkdə dünya səviyyəli bir insana çevrilib. O, hələ yeniyetmə yaşlarından atasının yanında böyük şair və yazıçılarla tanış olmuşdur və özü də uşaqlıqdan şeir yazmağı təcrübə etmişdir. Atası Yusif Etisami Pərvin haqqında demişdir:
“Pərvin xanım üslub, şəxsiyyət, fəlsəfi fikir, əxlaqi ifadə baxımından digərlərindən fərqlənməyi bacarmışdır. Pərvinin şeiri ovqat, əhval şeiri olamayıb fərdi deyil. Onun şeiri böyük tərbiyə, zarafat, əxlaq şeiridir. Onun şeiri nəğmədir, məhəbbət ruhiyyəsidir, duyğu, fəzilətdir. Onun şeiri çalışqanlıq, əməl, razılıq, fəalliq nəğməsidir. Bu şeirlər oyaqlıq, salehlik, xilas nəğməsidir.” s.14,16,19
Pərvin Etisaminin şəxsi taleyi ugursuz olmuşdur. Belə ki, o, 1934- cü ilin yayında atasının əmisi oğlu ilə evlənmiş, ömrünün sonuna qədər ailə qurmamış özünü bütünlükdə, şeir, sənət yolunda fəda etmişdir. O, 1941-ci ilin mart ayında vəfat etmiş. Qum şəhərində atası Yusif Etisamülmülkün məzarı yanında dəfn olunmuşdur.
Səməd Sərdarinaiya qeyd edir ki, bu fəzilətli şairə haqqında bir çox şairlər, o cümlədən ustad Şəhriyar diqqətə layiq olan əsərlər yaratmışlar.
P.Etisami poeziyası barədə yüksək fikirdə olan S.Ə.Kəsrəvi “Ədəbiyyat haqqında” adlı əsərində yazır: “Məşrutə hərəkatından sonrakı dövrdə həyatın poeziya qarşısına qoyduğu tələblərə öz yaradıcılığı ilə cavab verən şairlərdən biri Pərvin Etisamidir… O, yüksək fikirlər ifadə edən şerlər yazmış, beləliklə dərin məzmunlu, səmimi və dolğun əsərləri ilə xalq ruhunun tərcümanına çevrilmişdir”.
F.ü.e.d, professor İslam Qəribli doğru olaraq qeyd edir: “feodal mütləqiyyətinin ədalətsiz qanunları qarşısında məzlum kökə salınmış, qazandığının ondan birinə sahib olmağa belə hüquqi olmayan kəndlinin-rəncbərin taleyi P.Etisami şeirinin əsas mövzularındandır. s.136-137
“Pərvin yaradıcılığını əhatəli və sistemli şəkildə təhlil edən Sevil xanım Novruzova Pərvin haqqında indiyə qədər söylənmiş mülahizələr tənqidi surətdə nəzərdən keçirilmiş, onun fars poeziyasında mövqeyi müəyyənləşdirilmiş, şairənin həyatı və yaradıcılığı işıqlandırılmışdır. Pərvinin kədərli həyatı şairənin öz şeirləri və habelə onun müəllimlərinin, ailə üzvlərinin xatirələri əsasında və eyni zamanda dövründə baş verən ictimai-siyasi hadisələrlə əlaqəli şəkildə öyrənilmiş, elmi tərcümeyi-halı verilmişdir”
Mürtəce qüvvələrin və ictimai bərabərsizliyin kəskin tənqidi şairin təmsillərində ustalıqla verilmişdir.
Fars ədəbiyyatında Pərvin qədər gözəl, dərin mənalı təmsil yazan ikinci bir şair göstərmək çox çətindir, bu mənada o, nəinki öz dövrünün, hətta öz xalqının yeganəsidir. Təmsillər şairin yaradıcılığının böyük bir qismini əhatə edir. Satirik və nəsihətamiz məzmunlu, təsviri xarakter daşıyan, həcmcə o qədər də böyük olmayan 100-dən artıq təmsilində Pərvin qarşısına qoyduğu məqsədi yığcam şəkildə, poetik ümumiləşdirmələrlə verə bilmişdir. Heyvan, bitki və əşyaları nitqləndirməklə şair tənqid hədəfinə atəş açır. Oxucu isə istər-istəməz şeirdə kimlərin tənqid olunmasını dərhal başa düşür. Pərvinin məharəti də ondadır ki, qarşısına qoyduğu məqsəd və mənanı elə təsvir edir ki, o məsələnin həqiqəti bizim gözümüz qarşısında canlanır. Şairin təmsilləri həmişə nəsihətamiz nəticə ilə qurtarır.
Pərvin Etisaminin təmsilləri çox dərin, siyasi, ictimai, əxlaqi qiymətə malikdir.
Məlumdur ki, təmsilin tarixi hər bir xalqın ədəbiyyat tarixi qədər qədimdir, Təmsilə müraciət olunmamış ədəbiyyat tapmaq çətindir. Qədim zamanlardan başlayaraq nəbatat, heyvanat aləmindən və təbiətdən aldıqları əhvalatlarda insanlar öz həyat və yaşayışının bu və ya digər cəhətini ifadə etmişdir. Hər bir xalqın nağıl, dastan və məsəllərində heyvanlarla, nəbatat və təbiətlə bağlı təşbehlərə rast gəlmək olar. Xalq öz nağıl və məsəllərində söhbəti zahirən it və çaqqallar, tülkü və canavarlar, ağac və otlar haqqında salsa da, əslində insan həyatının bu və ya digər hadisəsini əks edir və həmişə müəyyən ibrətamiz nəticə ilə qurtarır. Çox zaman bu nağıl və misallar, maraqlı və əyləncəli səciyyə daşısa da, həmişə çox mənalı və məzmunlu olur. Onlarda insan həyatının bu və ya digər nöqsanı göstərilir. Hər hansı hadisə istehzaya qoyulur və mütləq müəyyən bir əxlaqi nəticə çıxarılır. Məsələn, “it-itin ayağını basmaz”, “ilan-ilanı vurmaz” və s. yüzlərcə bu tipli məsəllər heç də yalnız itə, ilana aid deyildir. Bu məsəllər dərhal bizim fikrimizdə geniş mənalar və təsəvvürlər oyadır. Biz bunlardan anlayırıq ki, yəni eyni təbiətli və xasiyyətli insanlar bir-birinin günah və qüsurunu deməzlər.
Pərvin Etisami təmsillərini yazarkən heyvanların timsalında ictimai mühitin hansı bir qüvvəsin isə tənqid etməyi nəzərdə tuturdu. Xalq isə təsvir edilən tülkü, ayı, keçi, bülbül və b. timsalında kimlərin tənqid olunmasını çox yaxşı başa düşürdü. Böyük rus təmsilçisi Krılovun “Tülkü və qarğa” təmsilində heyvanlar, Sabirin “Ağacların bəhsi” təmsilində ağaclar, yenə də Krılovun “Balıq şorbası” təmsilində qonaq və ev yiyəsi, Q.B.Zakirin və S.Ə.Şirvaninin qiymətli təmsillərində təsvir edildiyi kimi, şair də bu yolla dövrünün yaramazlıqlarını, ictimai quruluşun çirkinliklərini, hakimlərin özbaşınalıqlarını, rüşvətxorluqlarını, fırıldaqlarını satirik bir qələmlə ifşa edir.
Pərvin Etisaminin təmsilləri onun dövrü, mühiti və yaşadığı cəmiyyətdəki ədalətsizliyi və s. məsələləri ifşa etmək işinə xidmət edən yüksək, bədii formada yazılmış, ictimai məzmun cəhətdən zəngin əsərlərdir.
Gövhərin qiyməti, Uzaqgörən ana, Ey pişik, Bülbül və qarışqa, Ox və kaman, Tuti və şəkər, Bez və almaz, Dağ və saman, Qurd və it, Qurd və çoban, Gül və tikan, Qarışqa və ilan və s. təmsilləri bu cəhətdən xüsusilə maraqlıdır.
“Şairin humanizm hissləri ilə bağlı olan ibrətamiz təmsillərindən biri də Uzaqgörən ana əsəridir. Bu əsər toyuğun cücələrinə nəsihəti ilə başlayır. Toyuq balalarına deyir ki, artıq iş vaxtı yetişmişdir, boş gəzmək əbəsdir. Odur ki, azuqə, dən tapmaq üçün tədbir görməlisiniz, zəhmət çəkməsəniz, heç kəs sizə dən verməz, mənsiz heç yerə getməyin, hər yer yırtıcı quşlarla, ov yerləri isə ox və kamanla doludur. Azacıq ruzi ilə kifayətlənin. Artıq tamahın zərəri çoxdur. Heç vaxt ruzi üçün yadlara əl açmayın. Sizə bacardığım nəsihəti etdim. Məndən deməkdirsə, sizdən də nəsihətə əməl etməkdir .s.44
Əsərin qısa məzmunundan aydın olur ki, “Uzaqgörən ana” şeirində toyuğun timsalında şair zəmanəsinin insanlarını veyil-veyil gəzməkdən, mənasız həyat sürməkdən, tamahkarlıqdan çəkindirməyə çağırır. Toyuğun öz cücələrinə üz tutub avara-avara gəzməməyi, vaxtında özlərinə dən tapmağı, az ruzi ilə kifayətlənməyi və s. tövsiyə etməsi adi bir məişət məsələsi çərçivəsində qalmayıb, ictimai məna kəsb edir. Şair tövsiyə etmək istəyir ki, insanlar yadlara ağız açmaqdan, asılı olmaqdan daşınmalı, həyatda yalnız öz zəhmətinin bəhrəsi ilə yaşamalı, başqasının əməyindən sui-istifadə etməməlidir.
Pərvin Etisaminin Tamahkarlıq tapdağı şeiri də aşıladığı nəsihətamiz fikirlərə görə maraqlıdır. Müəllif əsərdə göstərir ki, bir qarışqa cüssəli, qüvvətli filə həsəd aparır. O özü də fil kimi olmaq arzusundadır və daima buna can atır. Fil onun arzusunu yersiz hesab edir və bu fikirdən daşınmağı məsləhət bilir. Lakin qarışqa təmənnasından əl çəkmir. Bir gün filin ardınca gedir, birdən filin ayağı altında qalır, həm özü, həm də arzusu puç olur.
Əlbəttə, şair burada qarışqanın timsalında qürrələnən, dikbaşlıq göstərən, özündən müştəbeh və son dərəcə razı adamların aqibətini, yersiz və saxta hisslərin qurbanı olmasını göstərir. Qarışqa qüdrət və qüvvət cəhətdən səviyyəsinə əsla çata bilmədiyi fillə rəqabətə girir və axırda məhv olub gedir.
Şair göstərir ki, qüvvəsi çatmadığı, bacarmadığı sənət və məqam dalınca qaçan adamların da aqibəti qarışqanın aqibəti kimi olacaqdır.
Pərvin Etisaminin təmsillər vasitəsilə təbliğ etdiyi bəşəri fikirlər, ali qayələr onu bir əxlaq mürəbbisi səviyyəsinə yüksəltmişdir.
Pərvinin elə bir təmsilini tapmaq olmaz ki, o, öz oxucusuna təzadlı bir səhnə təsvir etməsin. Bu səhnədə oxucu nəyisə sevməyə, nəyəsə nifrət etməyə, nəyəsə nail olmağa, nədənsə çəkinməyə bilmir. Oxucu mənəvi saflaşma prosesi keçirməli olur. Pərvin Etisamini müasir İran poeziyasında təmsil ustası kimi şöhrətləndirən və onun poeziyasına həyalilik verən başlıca amillər hər şeydən əvvəl məhz bunlarla bağlıdır.
Şairin Dağılmış yuva əsərinə diqqət yetirək. Bu əsərdə bir quşun sərgüzəşti verilmişdir. Pərvin burada göstərir ki, səhər çağı bir quş yuvasından dən və azuqə toplamaq üçün çəmənə uçur. Çəməndən bostana, bostandan bağa uçaraq gülləri və meyvəni dimdikləyir. Nəhayət, yorulub yatır. Zalım ovçu yatmış quşu vurub yaralayır və onu evə gətirib uşaqlarına verir. Elə ki, səhər açılır, quşun balaları analarını yuvada görmür. Deməli, artıq quşların anası məhv olmuşdur. O gündən etibarən rahat, işıqlı yuva ruzigarın pisliyi üzündən xaraba qalır və bir daha abad olmur.
Müəllif təmsil vasitəsilə təlqin etmək istədiyi fikri poetik şəkildə öz oxucusuna belə çatdırır:
“Dünyanın qoca saqisi bir piyalənin
Qanla dolu olduğunu görüb sevindi,
Bir əl üstə tor qurdu,
Bir başı o tora saldı,
Bir rahat ailəni dağıtdı.
Bir kitabın şirazəsini qırdı.
Zülmün baltası ilə bir rişəni kəsdi.
Fitnə ilə bir qapını bağladı.
Neçə uşağın boğazına qan axıtdı.
Bir ananın büsatını pozdu.
Məgər o ovçunun övladı yox idimi?”
Burada şair insanları ədalətə, kimsənin evini yıxmamağa, zülmə əl atmamağa, insan qədrini bilməyə, həyatda qəddar olmamağa çağırır. Ovçu tərəfindən bir quşun yuvasının viran olması və vurulması onun balalarının anasız qalmasına səbəb olur. Bu təmsildə şairin “məgər o ovçunun övladı yox idimi?” bədii sualı nə qədər dərin təsir bağışlayır. Axı ovçu öz balalarına azuqə tapmağa getdiyi kimi, ovçu tərəfindən vurulmuş o quş da öz balaları üçün azuqə və dən gətirməyə getmişdi. Şair bunu ictimai şəraitlə əlaqələndirir, çünki insan həyatının, güzəranının xoş keçməsi onu əhatə edən mühitdən asılıdır. Mühitdə olan çatışmamazlıq insanların birinin-digərini məhv etməsinə gətirib çıxarır.
Pərvinin bu təmsili İranın ictimai mühitində baş verən haqsızlığın simvolu kimi görünür. Ovçunun evi - istibdad yuvası olan bir mühitin, rəhmsiz ovçu - müstəbidlərin, ana quş-haqqı tapdalanan millətin, zindanlara atılmış, zəkasının, fikrinin gücü ilə, azadlıq arzusu ilə quş kimi qanadlanan, bir parça çörək qazanıb, ailəsini, uşaqlarını dolandırmaq üçün məşəqqətli həyat sürən zəhmətkeş insanların rəmzi təsirini bağışlayır.
Pərvin öz təmsillərində ailə məsələsini cəmiyyətin ayrılmaz, üzvi bir məsələsi kimi qoyur. Bakir mənəviyyat, təmiz əxlaq, əməyə məhəbbət kimi nəcib sifətlər ailə tərbiyəsinin əsasını təşkil edir. Şair qəflət yuxusuna gedərək hər şeyə biganə olmağı pisləyir. Həyatda mübarizliyi, dünyaya ayıq nəzərlə baxmağı tövsiyə edir. Bu cəhətdən şairin Ey quşcuğaz şeiri səciyyəvidir.
Müəllifin bu təmsilində kiçik bir quşa xitabən deyilir ki, ey quşcuğaz, uçmağı öyrən, nə vaxta kimi uşaqlıq hərəkətləri edəcəksən? Bilməlisən ki, sən həyata tabe olmamalısan, həyat sənə tabe olmalıdır. Gündüzlər su və dən fikrində ol, gecələr isə istirahət etməyi öyrən. Bir gün olacaq ki, sən də öz yeniyetmələrin üçün rahatlıq yaradacaqsan. Nəhayət quş bövüyür və çəmənənliyə gedib yuva tikmək üçün çör-çöp gətirir. Bir müddət yuvada məskən salandan sonra balalayır və onları özünün mehriban qanadları altına alır. Quş körpə balalarını pərvazlandırır, onlara uçuş qaydalarını öyrədir. Həyatın hər məşəqqətindən, fitnəsindən qoruyur. Ana quş balalarına iş günündə həyətdə avara-avara gəzməməyi, bağlarda, çəmənlərdə vaxtsız uçmamağı məsləhət görür. Həyatda çox zəhmət çəkən ana öz təcrübəsini balalarına öyrədir.
“Ey quşcuğaz” təmsilinin yuxarıda nəql etdiyimiz qısa məzmunundan aydın olur ki, şair burada insanlara böyük məhəbbətlə yanaşır, eyni zamanda onlara həyatın bütün sirlərinə yiyələnməyi, təcrübə qazanmağı tövsiyə edir.
İncə hislərlə çırpınan qəlbə malik olan şair bu təmsilində ananın öz balalarına nəsihətini, ana nəvazişini, səmimi ana qayğısını çox gözəl bir şəkildə təsvir etmişdir. Quşun öz balalarına etdiyi nəsihətamiz sözlərlə, balaya olan sonsuz məhəbbətlə sanki şair İranda olan milyonlarla anaların öz balalarına verdiyi təsirli nəsihəti, analıq mehrini göstərmişdir. Bu şeir səmimiyyətlə, nəcib və incə duyğularla doludur. Burada ana məhəbbəti hərarətlə, şairanəliklə verilmişdir.
Pərvin Etisami əsərlərinin ədəbi qiyməti hər şeydən əvvəl onların dolğun məzmunu, irticaya, ictimai bərabərsizliyə qarşı barışmazlığın poetik şəkildə tərənnümü ilə əlaqədardır.

Mahmizər Həmid qızı Mehdibəyova
AMEA Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutu Cənubi Azərbaycan
Ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d.
24-11-2022, 18:26
Qırğızıstanla bağlı sənəd təsdiqləndi


Qırğızıstanla bağlı sənəd təsdiqləndi

“Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Qırğız Respublikasının Nazirlər Kabineti yanında Qırğız Respublikasının Sosial Fondu arasında məcburi dövlət sosial sığortası sahəsində əməkdaşlıq haqqında Protokol”u təsdiq edilib. Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Fərmana əsasən, 2022-ci il oktyabrın 11-də Bişkek şəhərində imzalanmış “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Qırğız Respublikasının Nazirlər Kabineti yanında Qırğız Respublikasının Sosial Fondu arasında məcburi dövlət sosial sığortası sahəsində əməkdaşlıq haqqında Protokol” təsdiq edilib. Fərmanın 1-ci hissəsində qeyd olunan Protokol qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə onun müddəalarının həyata keçirilməsini təmin etmək, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Qırğız Respublikası Hökumətinə bildiriş göndərmək tapşırılıb.
24-11-2022, 18:24
Putin Semyon Peqovu təltif etdi


Putin Semyon Peqovu təltif etdi

Rusiya Prezidenti Vladimir Putin "WarGonzo" layihəsinin müəllifi, ermənipərəst jurnalist Semyon Peqovu mükafatlandırıb. Butov.az xəbər verir ki, Peqov "İgidliyə görə" medalı ilə təltif edilib. Qarabağ müharibəsi zamanı Azərbaycana qarşı dezinformasiyalar yayan Peqov bir müddət əvvəl minaya düşüb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!