Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
20-11-2022, 15:19
Sabahın havası: külək olacaq


Sabahın havası: külək olacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 9-12° isti, gündüz 14-17° isti, Bakıda gecə 10-12° isti, gündüz 15-17° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75 % olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-12° isti, gündüz 17-22° isti, dağlarda gecə 0-5° isti, gündüz 7-12° isti olacaq.
20-11-2022, 14:51
Əsranın 40 mərasimində qarşıdurma yaşanıb

Əsranın 40 mərasimində qarşıdurma yaşanıb

Dünən, Noyabrın 19-da Ərdəbildə hökumət məmurları tərəfindən öldürülən Əsra Pənahinin 40 mərasimi keçirilib.
Güney dəki mənbəmizin Butov.az-a verdiyi məlumata görə, İran polisi və mülki geyimli hökumət məmurlarının mərasimə müdaxiləsi, əhalini qəbristanlıqdan çıxmağa məcbur etmələri şəhərin küçələrində yerli əhalinin etiraz aksiyası keçirməsi ilə nəticələnib.
""Azərbaycan oyaqdı, öz qızına dayaqdı, "Azərbaycan milləti, çəkəmməz bu zilləti" və "Azadlıq, Ədalət, Milli hökumət" şüarları səsləndirən etirazçılarla məmurlar arasında ciddi qarşıdurma olub.
Xatırladaq ki, oktyabrın 12-də Ərdəbilin "Şahid" orta məktəbinin şagirdləri məmurların hökumət lehinə mitinq tələbini rədd edərək hökumət əleyhinə şüarlar səsləndirmişdilər.
Hökumət qüvvələrinin sərt müdaxiləsi və şagirdlərin amansızcasına döyülməsi nəticəsində Əsra Pənahi Xanqah adlı şagird həyatını itirib.

20-11-2022, 14:30
Ukraynanı sərt qış gözləyir - Pentaqondan xəbərdarlıq


Ukraynanı sərt qış gözləyir - Pentaqondan xəbərdarlıq

Rusiya ilə müharibədə Ukraynanı sərt qış gözləyir. Bunu Kanadanın Halifax şəhərində keçirilən Beynəlxalq Təhlükəsizlik Forumunda çıxış edən ABŞ-ın müdafiə naziri Lloyd Ostin deyib. O, çıxışı zamanı Ukrayna ətrafında vəziyyətin inkişafını dəyərləndirib. Pentaqon rəhbəri bildirib ki, Moskvanın münaqişədə İran və Şimali Koreya kimi ölkələrin dəstəyini cəlb etmək səyləri ABŞ və müttəfiqləri üçün yeni təhlükəsizlik çağırışlarıdır. Müdafiə naziri Rusiyanın dünyanı yenidən nüvə silahları ilə təhdid etməyə başlaya biləcəyini proqnozlaşdırıb, lakin ABŞ və müttəfiqlərinin bu çətinliklərin öhdəsindən gələcəyini bildirib.
20-11-2022, 12:51
Erkən nikahlarla necə mübarizə aparılmalı?

Erkən nikahlarla necə mübarizə aparılmalı?: "Cəzalar sərtləşdirilməlidir"

Bu yaxınlarda Şəmkir rayonunda 14 yaşlı qız 26 yaşlı əmisi oğlu ilə nişanlanıb. 14 yaşlı qızın nişanlanması nə qədər doğrudur? Belə hallar niyə baş verir?
Erkən nikah yaşı 18-dən az olan yeniyetmələrin nikaha daxil olmasıdır. Dünyada hər gün 25 min, ildə isə 10 milyondan çox erkən nikah baş tutur. Məcburiyyət qarşısında evləndirilən, yaxud bunu normallaşdıraraq, kiçik yaşlardan uşaqlara təbliğ edənlərin sayı azalmaq əvəzinə, günbəgün artır. Bu, hələ həyatı tam dərk etməmiş bir fərdin üzərinə bütöv bir məsuliyyət yükləmək və onu bədbəxt etməkdən başqa bir şey deyil.
Qayğısız, düzgün cəmiyyət arzuolunandırsa, o zaman, bəlkə də, gələcəyin uğurlu peşə sahiblərindən birinə çevriləcək gənclərin həyatını məhv etməmək, onlara maariflənmə yolunda dəstək olub, yol göstərmək lazımdır. Təəssüf ki, 21-ci əsrdə olmağımıza baxmayaraq, bu kimi mövzular hələ də öz aktuallığını qoruyub saxlayır. Elə isə problemin getdikcə artmasının səbəbi nədir? Biz bu bəladan necə xilas ola bilərik? Bu haqda suallarımızı sosioloq Lalə Mehralıya ünvanlayaraq fikirlərini öyrəndik. O, belə hallar baş verdikdə buna laqeyd yanaşan insanları tənqid atəşinə tutdu:

"Məsələ belədir ki, indi bizim insanlar 14 yaşlı bir qızın nişan mərasimində iştirak edəndə, o qızın nişanlanmasını, tamamilə laqeydliklə, bu, elə belə də olmalıymış kimi izləyirlər. Əgər kimsə bununla bağlı tədbir görməyə çalışsa, əlaqədar qurumları xəbərdar etsə, bununla bağlı öz iradını bildirsə, ona elə təəccüblə baxırlar ki, həmin insan özünü bir növ yadplanetli kimi hiss edir.İnsanlar necə manqurtlaşaraq bu vəziyyətə gəldi? Bax, bunun özü müzakirəyə ehtiyacı olan böyük bir mövzudur."
Sosioloq vəziyyətə normal münasibət bəsləyən insanların düşüncə tərzlərini qınadı:
"Bu mərasimlərdə iştirak edib, göz yuman insanlar elə hesab edirlər ki, valideyn nə məsləhət bilirsə, övladı üçün elə o da olmalıdır. Övlad azyaşlı olsa da, yetkinlik yaşına çatmasa da, valideyni onu gəlin köçürə bilər. Yəni ixtiyarı tam şəkildə valideyndə görürlər. O uşağın hüquqlarının pozulması , təhsildən yayındırılması, artıq müzakirəyə ehtiyacı olmayan gərəksiz bir mövzu kimi qəbul edilir. Düşünürəm ki, qanunlar yalnız ata, ananı və qızın gəlin köçdüyü ailəni yox, bilib amma susan hər kəsi məsul tutmalıdır."
L.Mehralı belə hadisələrin dövrün tələblərinə zidd olduğunu vurğuladı:
"Qızlarını gəlin köçürən ailələrdən, ya da etiraz etməyən insanlardan niyə səssiz qaldıqlarını soruşsaq, onlar özlərinin də bu mərasimlərinin kiçik yaşda keçirildiklərini deyəcəklər. Cahil dönəm ilə təhsilin bu qədər inkişaf etdiyi vaxt eyniləşdirilə bilməz. İnsanlar dövrün həyatımızda çox şeyi dəyişdiyini qəbul etməlidir. Məsuliyyətimiz artıb, hüquqlarımız artıb. Ümumiyyətlə, həyatımız keçən əsrdəki həyatımızla eyniləşdirilə bilməz. Bizim təhsil almaq hüququmuz və öhdəliklərimiz var. "
Ekspert bu kimi halların qarşısının alınması məsələsinə də toxundu:
"Qarşısının alınması məsələsinə gəlsək, burada yeganə çarəni, cərimələrin və həbs müddətinin artırılmasında görürəm. Maarifləndirmə işi heç bir nəticə vermir və cəzalar sərtləşdirilməlidir. Ağırlaşmış cəzalar tətbiq olunmasa, bu hadisələr kütləviləşər və gələcəkdə faciəvi vəziyyətə gətirib çıxarar."

Gülay Məmmədova,
BDU Jurnalistika fakültəsinin tələbəsi
20-11-2022, 12:16
"Hökumət yüz ölçüb, bir biçir"


Deputatdan uşaqpulu ilə bağlı açıqlama: "Hökumət yüz ölçüb, bir biçir"

Butov.az Ordum.az-a istinad edərək xəbər verir ki, Parlamentin növbəti plenar iclasında uşaq pulu məsələsi də müzakirə olunub. Deputat- Fəzail Ağamalı bildirib ki, iki nəfərlik ailəyə sosial yardım düşmür: “O ailəyə sosial yardım düşür ki, orda ata və anadan başqa, iki uşaq da olur.”
Ümumiyyətlə, uşaq pulu məsələsi uzun müddətdir ki, Azərbaycan cəmiyyətində müzakirə olunur. Azərbaycanda uşaq pulunun ödənilməsi SSRİ dövründən mövcuddur. Sonralar isə müəyyən dəyişikliklər edildi və mövcud sistem ləğv olundu. Beləliklə, 2006-cı ildən  indiyədək aztəminatlı ailələrdə böyüyən uşaqlar sosial müavinət almaqdan məhrum edildi. Bəs uşaqlı ailələrə yardım yaxud layihə təqdim ediləcəkmi? Bununla bağlı deputat, iqtisadçı, alim Rüfət Quliyevin fikirlərini öyrəndik. O
nun sözlərinə görə, hökumət üzvləri deyirlər ki, bu gün sosial layihəni mövcud formada keçirmək insanların marağına daha çox səbəb olur: “Təbii ki, uşaq pulu vermək üçün müəyyən vəsaitə ehtiyac var. Bu miqdar təxminən 3 milyarddan- 5 milyarda qədər olmalıdır. Bu pul sosial kömək və ya sosial layihə formasında aztəminatlı insanlara kömək olur. Uşağı olan ailələr bu formada maliyyə ilə təmin olunurlar. Büdcə tərtib olunanda hər bir məsələ araşdırılır, yüz ölçüb, bir biçilir.”
Deputat qeyd edib ki, hökumət imkan daxilində ata bildiyi addımıları atacaq:
“Hökumətin məsələyə münasibəti bundan ibarətdir ki, yalnız uşaq pulu deyil, ondan daha artığı sosial təminat formasında ödəniləcək.”

Səbinə Elmanqızı
Bakı Dövlət Universitetinin
Jurnalistika fakültəsinin tələbəsi
20-11-2022, 09:34
Səsin sorağında...

Səsin sorağında...


“Söz var qəlbə yol açmayan adi bir səs.
Quru nəfəs.
Səs də var ki, sözün deyə bilmədiyi sözü deyir.
Elə səsin özü şeir, sözü şeir.
Söz qəlbdəki bir mətləbin öz səsidir.
Nəğmə səsin şeiriyyəti,
Şeir sözün nəğməsidir.”

(Bəxtiyar Vahabzadə)

Ön söz

Fateh, fatehlər...
Fatehlər öz əməllərinə görə fərqlənirlər: - Qılınc vuranları torpaqları fəth edir...
Söz ustadları qəlbləri ovsunlayır...
Səs fatehləri isə ruhlarımızı, qəlblərimizi ofsunlayır, bizləri ecazkar səslərinin qanadları üzərində ülvi bir aləmə çatdırırlar. Öz musiqi korifeyləri ilə dünyanı heyrətə gətirən bu qədim diyarın, doğma yurdumuz Azərbaycanın musiqi mədəniyyətini əlçatmaz zirvələrə ucaldırlar.
Əvəzsiz səs ifaçılıqları ilə tamaşaçıları “əfsunlayan” Keçəçioğlu Məhəmməd, Cabbar Qaryağdıoğlu, Şəkili Ələsgər, Seyid Şuşuniski, Xan Şuşuniski, Ağabala Abdullayev, Zülfü Adıgözəlov, Mütəllim Mütəllimov, Əbülfət Əliyev, Yaqub Məmmədov, Arif Babayev, Hacıbaba Hüseynov, Süleyman Abdullayev, Sabir Mirzəyev, Qədir Rüstəmov, Səxavət Məmmədov, Razi Şükürov, Alim Qasımovun və onlarla xanəndələrimizin səs telləri, “boğazı” harda var görəsən?!..
O səs, o boğaz bizim Azərbaycanımızda, Qarabağımızda, Şirvanımızda, eləcə də yurdumuzun digər bölgələrində şahlanır, dünyaya yayılır. Səsimizi, sənətimizi allah qorusun!
Növbəti yazımda silsiləli şəkildə ustad sənətkarlarımızdan biri, məşhur muğam ustası, Azərbaycan Respublikasının əməkdar artisti, Şöhrət ordenli mərhum xanəndə Süleyman Abdullayev (Dədə Süleyman) haqqında söhbət açacağam...

Ecazkar səs sahibinin ziyarətində!

Çoxdan istəyirdim ki, ecazkar, şaqraq və rəvan səsi ilə dinləyiciləri məftun edən məşhur muğam ustası, hər zaman xalq tərəfindən daimi sevilən xanəndəmiz Süleyman Abdullayevin (Dədə Süleyman) ziyarətinə gedib görüşüm, ətraflı söhbət əsnasında geniş müsahibə alım.
Gənclik illərindən onun səsinin vurğunu olmuşam. O dövrdə, tək mən deyil, yaşıdlarım, ahıl yaşlılarımız, saysız-hesabsız dinləyicilər də radioda, televizorda sevimli xanəndəmiz Süleyman müəlimin ifalarını səbirsizliklə gözləyir, sevgi ilə qulaq asırdılar. Pərəstişkarları da asudə vaxtlarında bir yerə toplaşıb gənc xanəndənin ifa etdiyi mahnıları öz aralarında həvəslə müzakirə edər və qürur hissi ilə deyərdilər: - Bu cavan xanəndənin səsi elə bil ki, dağ çayının təlatümlü dalğasıdır, hayqırtı ilə qayalara çırpılır, ildırım təki gurultu qoparıb çaxır! Allah saxlamış səsi ilə bizi heyran etməyi bir yana qalsın, ifa edəkən qəzəli, şeiriəti elə aydın səsləndirir ki, sanki qiraət edir. Adam ilk dinləmədən sonra mahnını tam mənimsəyir.
Heç yadımdan çıxmır, orta məktəblərdə səsi olan şagirdlər də mahnıları onun kimi oxuyur və ifaları ustad xanəndənin səsindən heç də fərqlənmirdi.
Altmışıncı illərin ortalarında dəbdə olan “Vesna” və “Volna” maqnitofanların mağazalarda
satışına böyük tələbat yarandığı vaxtlarda gənclərimiz çətinliklə əldə etdikləri təzə maqnitofonlarda Süleyman müəllimin efirlərdə, el şənliklərində, toylarda ifa etdiyi mahnıları həvəslə kasetlərə yazdırıb oxutdurur və geniş yayırdılar. Xanəndənin repertuarlarında səslənən muğam, xalq və bəstəkar mahnıları evlərdə dinləyicilər tərəfindən maraqla dinlənilir, qəlblərə şirin məlhəm təki yayılırdı...
Və bir gün istəyim həyata keçdi. Çox çətinliklə Süleyman müəllimin telefon nömrəsini öyrənib ona zəng edə bildim.
Telefonda həzin, mehriban, doğma bir səs:
- Bəli, eşidirəm, - deyə ilk andaca məni məftun etdi.
Doğrusu nə deyəcəyimi anidən unutdum. Özümü bir təhər ələ alıb:
- Süleyman müəllim, istəyirəm sizinlə görüşüm və çox-çox illər öncə ustadınız Seyid Şuşuniski ilə bağlı bir tarixi görüş haqqında söhbət edib aydınlaşdırım.
Süleyman müəllim:
- Hə, nə olar. Gəlin, gözüm üstə yeriniz var! Siz jurnalistsiniz?
- Xeyir! Müəlliməm. “Qaçaq Süleyman” romanının müəllifiyəm.
- Ay maşallah! Nə qəşəng xəbər oldu bu. Çox böyük bir iş görmüsünüz ki, Qaçaq Süleyman haqqında bir kitab yazmısınız! Allah sizi sevindirsin. Beş-altı il bundan əvvəl məclislərin birində onun qəhrəmanlığı haqqında qəzetlərdə yazılanlardan xəbərdar olmuşam. O qəzeti oxuyanlar Qaçaq Süleyman haqqında həvəslə danışırdılar. Eşitdiklərim məni çox sevindirirdi. Qaçaq Süleyman elin oğluydu. Allah ona rəhmət eləsin!
- Amin! Düz deyirsiniz, müəllifi olduğum o yazılar ardıcıl olaraq Bütöv Azərbaycan qəzetinin səhifələrində çap olunurdu. Və çox-çox sonralar da o yazdıqlarım kitab halında işıq üzü gördü. Süleyman müəllim sizinlə görüşməkdə məqsədim Seyid Şuşuniskiylə Qaçaq Süleymanın bir tarixi görüşünə aydınlıq gətirmək istəyimdir. Bu tarixi görüş daimi məni intizarda saxlayır. Mənbələrin birində oxumuşam ki, ustad xanəndəmiz, sizin sevimli müəlliminiz Seyid Şuşuniski gənclik illərində Qaçaq Süleymanın dəvəti ilə, Ərgünəş dağının ətrafında keçilməz meşədə düşərgəsində keçirdiyi məclisdə xalq mahnılarını, muğamları çox gözəl ifa edib. Seyidin ifasını dinləyən Qaçaq Süleyman, qaçaqlar və qonaqlar feyziyab olub çox razı qalıblar. Ona yetərincə çoxlu ənamlar, hədiyyələr verib hörmətlə evlərinə yola salıblar! Siz Seyidin tələbəsi olduğunuz vaxtlarda yəqin ki, onun öz dilindən eşitmiş olduğunuz bu tarixi görüşlə bağlı ətraflı aydınlıq gətirə bilərsiniz?..
Süleyman müəllim:
- Elədir müəllim, düz deyirsiniz! O görüş haqqında Seyid həmişə Qaçaq Süleymandan söhbət düşəndə çox böyük həvəslə danışdıqlarını mən də dinləyib yadımda saxlayırdım. Bu elə-belə xatirə deyil, uzun əhvalatdır. Telefon danışığı ilə bildiklərimi təsvir etmək çətindir. Hələ ki, evdəyəm, gəlmək istəsəniz ünvanımızı deyim, buyurun gəlin bizə. Qapımız hər zaman sizin kimi yazarların üzünə açıqdır. Oturaq, çay içə-içə eşidib bildiyim o görüş haqqında ətraflı söhbət edək!
Telefonda ustad xanəndədən eşitdiklərim məni çox sevindirdi, kövrəldim. Səsindəki məlahətli doğmalıqda muğam sənətimizin incisi sayılan zabulun - segahın ahəngi duyulurdu. Bu səs məni əfsunlamışdı. Sanki Süleyman müəllim, adaşı, xalq şairimiz Süleyman Rüstəmin nisgillə yazmış olduğu Cənub həsrətli - “Mənə qalsa” qəzəlini segah üstə ifa etdiyi muğamı dinləyirdim. Ünvanı öyrənib dərhal taksiyə əyləşərək yola düşdüm. Yolboyu şürətlə irəliləyən taksidə onun ecazkər səsi xəyalımda dolaşırdı. Və öz-özlüyümdə: - “İlahi, insan övladının səsi, nitqi bu qədər rəvan olarmı!” - deyə düşünürdüm. Süleyman müəllimlə beş dəqiqəlik ilk telefon danışığımda onun rəvan səsi, nitqi sanki segah üstündə köklənmişdi!
Bir azdan xanəndənin yaşadığı ünvana yetişdik. Səliqəli, xudmani həyət evində özü gülərüzlə məni qarşıladı. Mehribanlıqla görüşüb evinə dəvət etdi. Sadə, istiqanlı davranışında doğmalığı görüb heyrətlənmişdim. Onunla görüşməyim məndə xoş təəssürat yaratmışdı. Çox sevinirdim. Sevincimin həddi-hüdudu ərsəyə gəlmirdi.
Söhbətə Süleyman müəllim özü başladı:
- Vaqif müəllim, Qaçaq Süleymanın sorağıyla məşhur, dünya şöhrətli xanəndə, Üzeyirin, Cabbarın yadigarı Seyid Şuşinskinin əziz tələbəsi, Dədə Süleymanın bu balaca evinə xoş gəlmisiniz. Xəstəliyimin bu anında məni yad edib gəlməyinizdən çox şad oldum. Allah sizdən razı olsun! Nə yaxşı ki, sizin kimi ziyalılar həyatımızda varsınız! Telefonda deyəndə ki, Qaçaq Süleyman romanını siz yazmısınız, vallah çox sevindim. Allaha çox şükür ki, Qarabağımız da alınıb. Torpaqlarımız erməni işğalından azad olunub. Cənab Prezidentimiz İlham Əliyevin canı sağ olsun. Bu tarixi qələbə onun qətiyyətli siyasəti hesabına oldu. Vətənimiz Azərbaycanın hər bir guşəsi cənnətdir. Qarabağımız, doğulduğum, boya-başa çatdığım Qoç Əhmədli kəndi də başdan-başa güllü-çiçəkli bir diyardır. O kəndi görənlər də həmişə deyərdi ki, vallah gözəllikdə bu obanın tayı-bərabəri yoxdur. İnşallah, azad olmuş yurd yerlərimizdə tezliklə abadlıq işləri görülər, kəndlərimiz, qəsəbələrimiz, şəhərlərimiz də təzədən inşa edilər, hamılıqla el-obamıza qayıdarıq, - deyə dolxusunaraq gözləri yol çəkirmiş kimi xeyli duruxdu...
Süleyman müəllimin fəxrlə, sevgi ilə ustadlarının adını çəkməsi, öz dilindən eşitdiyim Dədə Süleyman kəlməsinə heyranlıqla təəcüb etsəm də, mən bu ifadələrə rəğbətlə yanaşdım. Və özlüyümdə qərara gəldim ki, bu andan etibarən ustad sənətkara Dədə deyə müraciət edim. Bir azdan Dədə Süleyman söhbətinə davam edib uşaqlıq dövrünü, erkən yaşlarından kənd həyatında ailələrinə kömək etməyindən, çəkdiyi əziyətlərdən danışırdı. Yeniyetmə yaşlarında Qoç Əhmədli kəndində el şənliklərində, toy məclislərində oxuyan məşhur xanəndə Ağabala Abdullayevin ifalarından bəhrələndiyini yada saldıqca keçmişə qayıdırdı. Dədə aşıq dəstələrinin, sazəndələrin, məşhur xanəndələrin ifasını dinləməsini şövqlə danışırdı. Cəbrayıl elindən Daşkəsənli aşıq Məşədi Humayın şaqraq səsinin vurğunu olduğunu təsvir etdikcə sevinclə gülümsünürdü. Dədə sözünə ara verib yadna düşmüş kimi, açıq səma altında Füzuli rayonunun mədəniyyət evindən gəlmiş musiqiçilərin, xüsusən də xanəndə Ağabala Abdullayevin ifasında Leyli və Məcnun, Əsli və Kərəm operasından oxuduğu muğamları maraqla dinləməsini danışdıqca kövrəldi. O, bir qədər nəfəsini dərib, səhnədə Ağabala Abdullayevin qəlb yanğısı ilə “Segah Zabul” muğamını şövqlə oxumasını təsvir etdikcə dərindən köks ötürdü.
Mən isə Dədəni diqqətlə dinləyir, bloknotumda qeydlərimi edirdim. Çalışırdım ki, hər bir kəlməsini yazım. O, sözünə aramla davam edir, hərdən də pəncərənin açıq hissəsindən həyətdəki iri şaxəli tut ağacına baxır, gözünü ondan çəkmədən asta-asta danışırdı.
Dədə Süleyman:
- Uşaqlıq dövrüm keçməkeçli olub. Mənim əsl adım Rəvandır.
- Dədə, necə dediniz, Rəvan, - deyə təəcüblə soruşdum.
- Bəli, əsl adım Rəvan olub. Doğulduğum, boya-başa çatdığım Qoç Əhmədli kəndində qonşu kənddən gəlib işləyən kolxoz sədrinin oğlunun da adı Rəvan olubdur. Bir gün kənddə eşitdik ki, Rəvan idarə etdiyi “Palturka” maşınıyla Qarğabazarında qəza törətdiyi yerdə dünyasını dəyişib. Bu hadisəni eşidib-bilənlər o dövrdə çətin olsa da minik tapıb hadisə yerinə, Qarğabazara getdilər. El-oba hörmət-izzətlə rəhmətliyi öz kəndlərində dəf etmişdilər. Bu hadisədən sonra atam, anam bir yerdə qərar tuta bilmirdilər. Pərtliklərini büruzə verməsələr də yaman tutulmuşdular. Atam bir gün ailəmizdə bizə heç nə demədən, rayon mərkəzinə gedir və adımı dəyişdirib Süleyman yazdırır. O, istəmirmiş ki, el-oba içində məni Rəvan deyə çağırsınlar. Bu sirri çox-çox sonralar, yetkinlik yaşımda özümü dərk edən zamanlarda anlamışam ki, atam düz hərəkət edib. Allah atama, anama və dünyasını dəyişən bütün əməli saleh insanlara da qəni-qəni rəhmət eləsin! Atam çox ifallı, Allah adamı olubdur. Kəndimizin camaatı həmişə ona hörmətlə yanaşardı. Elə o vaxtdan da Süleyman adıyla çağrıldım və el arasında da bu adla tanındım! Kolxoz quruculuğunun ilk illərində atamın mal-mülkünü, demək olar nəyi varsa hamısını əlindən alıb kəndimizdə təzə-təzə yaranmış kolxoza təhvil vermişdilər. Atamın dediyinə görə, bundan sonra quru yurdda qalan ailəmizin güzəranı çox ağır keçib. Sonralar evin ağırlığı mənim üzərimə düşmüşdü. Qoyun-quzuları dərə-təpələrdə, dağ yamaclarında otara-otara səsim getdikcə radiodan, qramofon vallarından Seyid Şuşuniskinin, Ağabala Abdullayevin, Qulu Əsgərovun ifa etdikləri xalq mahnılarını, muğamları öyrənib oxuyardım. Səsim dağlarda əks-səda verirdi. Yeniyetmə vaxtlarımda oxuduğum mahnıdan səsimi eşidənlər uzaqdan tanıyırdılar. Uşaqlıq yoldaşlarım, tay-tuşlarım, kənd camaatı səsimi çox bəyənirdilər. Oxuduğum məktəbimizdə keçirilən tədbirlərdə tez-tez çıxış edirdim. Müəllimlərim, şagirdlər, valideynlər ifamı alqışlarla qarşılayırdı. Səsimin olmasından mərhum xanəndəmiz Ağabala Abdullayev də hardansa eşidib xəbərdar olmuşdu. O, bir dəfə kəndimizdə toy məclisini apararkən məni ona göstərib demişdilər ki, - bu uşağın səsini bir dinləyin görün necədir? Mağarın baş tərəfində sazəndələrlə bir yerdə əyləşən ustad xanəndə, məni görüb yanına çağıraraq, - hə, hamı sənin səsini təərif edir, bir özünü göstər görüm necə oxuyursan. Mən çəkinmədən “Qarabağ Şikəstəsi”ni ifa etdim. Oxuyub qurtarandan sonra, o, əlini çiynimə qoyub ifamı bəyəndiyini bildirdi və ciddiyətlə: - Allah saxlasın səni! Afərin! Deyilmişcən varsan! Səsini qoru! - dedi.
Dədə danışdıqca xəyalı keçmişə qayıdırdı. Bir anlıq susub nəyi isə yadına salmağa çalışırdı. Nurlu gözlərində, çöhrəsində nikbin baxışlar aydın görünürdü. Dodaqlarındakı təbəssüm, sanki sevincli bir xatirənin müjdəsindən xəbər verirdi. O, diqqətlə məni süzərək, gülümsünüb söhbətinə davam etdi.
- Bir gün, yazın təravətli, ətirli günlərində, may ayında kəndə hay düşdü ki, Bakıdan Seyid Şuşunski gəlib.

Vaqif Rüstəmov
Davamı var...
19-11-2022, 22:28
YUSUF ZİRVƏSİ

YUSUF ZİRVƏSİ

Əziz oxucular, Azərbaycan Yazıçılar Birliyinin üzvü Şair Təbibin "Yusuf zirvəsi" poeması işıq üzü görüb. Akademik Yusuf Məmmədəliyevin şərəfli ömür yoluna həsr edilmiş əsərdə böyük alimin uşaqlıq illərindən ömrünün sonunadək şəxsi həyatında və yaşadığı mühitdə baş verən elmi, ictimai-siyasi hadisələr ustalıqla qələmə alınıb. Əsərin maraqla qarşılanacağına inanaraq Butov.az-ın oxucularına təqdim edirik:

Proloq

Dahi zəkasının bir damla nuru,
Zülmət gecələri işıqlandırar.
Onun düşüncəsi, ağlı, şüuru,
Möcüzələr dolu bir aləm qurar.

Zirvələrə doğru hey yüksəlirlər,
Elmi çox dərindən duyan dahilər.
Deyirlər dünyaya az-az gəlirlər,
Zamanı arxada qoyan dahilər.

Qədim Ordubadın qarlı qış günü
Bir körpə dünyaya açdı gözünü.
O körpəni görən gözlər sevindi,
Dərələr, təpələr, düzlər sevindi.
Bərəkətli bağlar xoş gəldin dedi,
Buz bulaqlı dağlar xoş gəldin dedi.
Bu şad gündə təbrik eylədi hamı,
Hacı Heydər ilə Gülsüm xanımı.

Sonbeşiyin adı Yusuf qoyuldu,
Böyüdükcə daha sevimli oldu
Mehriban, səmimi olmağı ilə,
Zəhmətdən, işdən zövq almağı ilə.

Elə bağlanmışdı kitablarına,
Dərsləri öyrənib çıxmamış sona
Gözlərinə yuxu gəlməzdi hələ,
Uşaqlıq illəri ötürdü belə...

Maraqlı keçirdi onun həyatı -
Ana sinəsindən axan bayatı,
Şeirli, nəğməli anlar xoş idi,
Bir də dönməyəcək günlər xoş idi.

Fəqət çox çəkmədi bu sakit zaman-
Arzu yollarını bürüdü duman.
Araya dövrün sərt havası düşdü,
Erməni-müsəlman davası düşdü.
Üz-üzə dayandı xeyir ilə şər,
Arvad-uşağını yığıb birtəhər
Hacı Heydər kişi keçdi Arazı,
Qaldı sinəsində övlad yarası-
Arazda ömrünü bitirdi İlyas,
Ailəyə kədər gətirdi İlyas...

Əssə də illərin sərt küləkləri,
Yusuf öz yolundan dönmədi geri-
Təhsil almağına o davam etdi,
Təbriz şəhərində məktəbə getdi.
Müəllimlər ona valeh oldular,
İti zəkasına heyran qaldılar.

O vaxtlar İran da çalxalanırdı,
Azadlıq müjdəli işıq yanırdı.
Boğuldu inqilab, qanlar töküldü,
Nə qədər azəri türkləri öldü.
Şahid olub xeyli günaha, aha,
Ordubada döndü Yusufgil daha.

Təsiri altında son zamanların,
Təlatüm içində keçən anların
Yusuf o qaranlıq günlərə dair
On altı yaşında yazdı ilk şeir:-
“Uzaq ölkələrdən, dərdli ellərdən,
Üzünə üzümü sürtməyə gəldim.
Yalçın qayalardan, azğın sellərdən
Adlayaraq səni görməyə gəldim.

Öksüz cocuqların yanıq səsindən,
O yaslı qızların inləməsindən,
Ümidli gəncliyin son nəfəsindən
Uğursuz xəbərlər verməyə gəldim.

Dinlə dərdlərimi ey canlı xəyal,
İniltimi susmuş rübabında çal.
Sehrli bağçadan şanlı, ideal
Bir dəstə ağ çiçək dərməyə gəldim.

Uzaq ölkələrdən, dərdli ellərdən
Uğursuz xəbərlər verməyə gəldim.
Bağçada dərdiyim pəmbə güllərdən
Qurtuluş çələngi hörməyə gəldim...”

Bir az müəllimlik edib dərs dedi,
Sonra o, Bakıya getmək istədi
Ali təhsil almaq arzusu ilə,
Elm ilə ucalmaq arzusu ilə.

Onu yola saldı yamyaşıl çəmən,
Ətirli bənövşə, şehli yasəmən,
Həm qırx pillə çeşmə, həm qoşa çinar,
Yayda əriməyən dağ başında qar,

Dağların qoynuna baş qoyan Göygöl,
Bir gündə dörd fəsil yaşayan Göygöl.
Xeyir-dua verdi el-oba ona,
Öz doğma yurdunu sevən oğluna...

Yusuf pedaqoji institutun
Qəbul oldu kimya fakültəsinə.
Qədrini bilərək hər ötən anın,
Kitaba, dəftərə bağlandı yenə.

Fitri-istedadlı tələbələrdə
Gözlər yorulsa da, beyin yorulmur.
Yazıb oxuyurdu o gecələr də,
Əsil tələbənin yuxusu olmur...

Sadiq müəllimin məsləhətiylə
Baş vurdu kimyanın sirr dünyasına-
Təhsil aldı əla qiymətlər ilə,
Amma bəs etmədi bu bilik ona.
Elmini artırmaq üçün yenə o,
Üz tutdu Moskva şəhərinə o.

Universitetə daxil olandan
Müəllimləri zövq alırdı ondan.
Taledən olmuşdu sanki hədiyyə,
Məşhur akademik Zelinskiyə.



Elə böyük idi kimyaya həvəs,
Elə bil onunla alırdı nəfəs.
Elmi axtarışa vermədən ara,
İlk gündən başladı tədqiqatlara.

Deyirdi kimya sıx meşəyə bənzər,
Hər bir tədqiqatçı möcüzə gəzər.
Çox şeyi anlamaq, dərk etmək üçün,
Daha düzgün fikir yürütmək üçün
İnamla, inadla çalışmaq gərək,
Çətin yol keçməyə alışmaq gərək.

Zelinski ona tək şagirdi yox,
Baxırdı məsləkdaş kimi daha çox.
Sabahın dahisi alim görürdü-
Yusufa çox böyük qiymət verirdi...

Təhsili bitirib diplomu aldı,
Kimya zavodunda əməkdaş oldu.
Başladığı işlər çatmamış sona,
O, dəvət olundu Azərbaycana.



Bakı...
Neft Tədqiqat İnstitutu-
Böyük sürət ilə gərgin iş gedir,
İş yerində keçir onun həyatı-
Əsil alim ömrü bir əfsanədir...
İdeyalar verir, təcrübələri
Aparır təmkinlə, iradə ilə.
Aldığı biliklər illərdən bəri,
Onu qane etmir, bəs etmir hələ.
Odur ki, çalışır, öyrənir yenə,
Töhfə vermək üçün kimya elminə.

İyirminci əsrin əvvəllərində
Orta Asiyanın bir çox yerində,
Cənubi Qafqazda bəla yayılmış,
Minlərlə insanın ömrünü almış.
Ağır yoluxucu xəstəliklər çox,
Ona təsir edən güclü dərman yox.

Professor Popov elə bu ara,
Üz tutdu xahişlə kimyaçılara:
“Dördxlorlu karbon olmasa əgər,
Bu ölüm küləyi durmadan əsər.
Ondan düzəldərik dərmanları biz,
Yalnız sizə qalıb ümidlərimiz.”

Heç kəs söz vermədi əməl etməyə,
Bu iş tam mümkünsüz sayılır deyə.
İllərcə fransız alimi Düma,
Çalışıb, məqsədə çatmayıb amma.
Karbohidrogeni xlorlaşdırmaq,
Ondan yeni-yeni maddələr almaq
Birbaşa partlayış yaradır deyib,
Özündən sonraya ümid bəsləyib...

Yusufun beynində suallar dolu,
Durmadan axtarır bir çıxış yolu.
İş yerində açır gözün sabaha,
Gecənin, gündüzün fərqi yox daha.

Təcrübələr qoyur bir daha, yenə,
Təki nail olsun istədiyinə.
Onun çox humanist bir niyyəti var-
Ölüm caynağından çıxsın insanlar...
Gərgin axtarışlar geridə qaldı,
Axır ki, ən uyğun üsul tapıldı.
Dördxlorlu karbon alındığından,
Sağ qaldı yüz mindən daha çox insan.

Zəhmət hesabına artdı şöhrəti,
Uzaq ölkələrə çatdı şöhrəti.
Elmi işlərinə diqqət eyləyib,
Alimlik adına layiqdir deyib,
Elmlər namizədi dərəcəsini,
Kimyaçı alimlər verdilər ona.
Qazanıb növbəti qələbəsini,
Döndü Moskvadan Azərbaycana...

Konservatoriya...Bir gözəl qız var,
Çiçəklər çələngi, ətirli bahar.
Musiqi təhsili alan tələbə,
Ziyalı nəslindən olan tələbə
Ürəyə girmişdi bilmədən özü,
Ondan ayrılmırdı Yusufun gözü.
Gənc Bilqeyisə eşq elan olundu,
Əvvəlcə duruxdu, bir anlıq dondu,
Sonra...Bu sevgi səs saldı aləmə,
Hər ikisi gizli sevirmiş demə.

O vaxtlar gedirdi repressiya,
İki dayısı, bir əmisi guya
Bilqeyis xanımın xalq düşmənidir-
İblislər, şeytanlar hakimlik edir...
Təhlükəli illər olsa da belə,
Ailə qurdular cəsarət ilə.

Bürüyüb dünyanı faşizmin səsi,
Gedir Böyük Vətən müharibəsi.
Hitler ordusunun qəddarlığından
Danışanda donur damarlarda qan.
İnsanları qazla boğub yandırmaq,
Əsirlər üstündə təcrübə qoymaq,
Bəşəri cinayət adi hal olmuş-
Qocaya, körpəyə yoxdur qurtuluş...

Düşmənə layiqli cavab verməyə,
Partlayıcı maddə alınsın deyə,
Xammal kimi xeyli toluol gərək, -
İstehsalı üçün bir üsul gərək.

Məşhur kimyaçılar axtarış edir,
Yusuf ön cəbhədə, elmi iş gedir.
İti düşüncəsi, ağlı nur saçır,
İşıq hücum çəkir, qaranlıq qaçır.

Bir yerdə olursa istedad, əmək,
İnsan istəyinə çatacaq demək.


Yeni üsul ilə toluol aldı,
O, kimya elmində əbədi qaldı.
Bu doktorluq işi böyük kəşf idi,
Ona professor adı verildi...
Dincəlməyə vaxtı yoxdur bircə gün,
Hər şey cəbhə üçün, qələbə üçün.

Mühərrikdə yaxşı yanan, gec donan,
Yüksək keyfiyyətli benzin yaratdı-
Havada üstünlük tez-tez qazanan
Bizim təyyarələr məqsədə çatdı.

Növbəti kəşfini eyləyib yenə
Güclü yandırıcı qarışıq aldı,
Əsgərlər işlətdi tank əleyhinə,
Düşmənin canına vəlvələ saldı.
Lakin bu yazıldı özgə adına,
“Molotov kokteyli”- dedilər ona...

Ad-san düşündürmür fəqət Yusufu,
Qələbəyə xidmət edir hər kəşfi.
Göstərərək fitri-istedadını,
Göylərə qaldırır xalqın adını.


Moskvadan qərar verməkdən yana,
Komissiya gəlib Azərbaycana.
Akademiyanı yaratmaq üçün,
Müzakirə gedir artıq neçə gün.
Görüşürlər yerli alimlər ilə,
Son sözü tələsik demirlər hələ.

Dördxlorlu karbon, toluol alan,
Elmin yollarında fədai olan
Kimyaçı alimlə görüş zamanı,
Hamı gözləyirmiş sanki bu anı...

Məşhur akademik Komarovu da
Heyran edir Yusuf Məmmədəliyev.
Baxır ki, layiqdir ən yüksək ada,
Bir dahidir Yusuf Məmmədəliyev.
Deyir:-belə bircə alimi olan
Respublikada qərar verərək,
Böyük ümid ilə vaxt uduzmadan
Akademiyanı yaratmaq gərək.

Bakıda açıldı akademiya,
Mötəbər yer oldu akademiya.
Yusuf da oranın üzvü seçildi,
Ona akademik adı verildi.
Artdı bir qədər də məsuliyyəti,
Yaratmaq, qurmaqdır yalnız niyyəti.
Axır bulaq kimi ideyaları,
Axır ki, yetişdi vətən baharı.
Bizim döyüşçülər qələbə çaldı,
Sevinc sədaları göyə ucaldı.

Moskva şəhəri...o vaxtki paytaxt...
Qələbə paradı keçirilən vaxt
Məmmədəliyevə olubdur qismət,
Əməyinə layiq xüsusi hörmət-
Paradı izləyir fəxr ilə o da,
Dayanaraq əsas tribunada...

Nə qədər sevsə də ədəbiyyatı,
Kimyaya bağlanmış artıq həyatı.
Böyük xalqımızın böyük alimi
Səmimi etiraf etdiyi kimi:
“Vuruldum gözəlliklərə, təbiətə,
Meyl etdim sənətə, şeiriyyətə.
Vurğun poeziyası gərəyim oldu,
Bu mənim əzəli diləyim oldu.
Yetirdim əlimi elmin camına,
Düşdüm mən kimyanın tor girdabına.
Bu toru doğrayıb aça bilmədim,
Kimya tilsimindən çıxa bilmədim.”

Çox şöhrətli alim olmuşdu artıq,
Lenin ordenini almışdı artıq.
Dövlət mükafatı verildi ona,
Bir vəzifə layiq görüldü ona-
Prezident kimi sözünü demək,
Akademiyanı idarə etmək.

Qarşıda çox çətin şərəfli bir yol,
Zirvələrə doğru davam edir yol.
Diqqəti artırır o gündən-günə,
Elmin daha vacib sahələrinə.

Qısa müddətə çox məqsədə çatdı,
Hətta Əlyazmalar Fondu yaratdı.
Toplandı mənəvi, maddi irsimiz,
Ulu babalardan gələn səsimiz.

Qobustana gedən ekspedisiya
Yerinə yetirir elmi missiya.
Qayalar üstündə olan şəkillər,
Qədim zamanlardan qalan şəkillər,
Keçmişlə bağlı hər şey varaqlanır,
Tarixin yaddaşı hey varaqlanır...

Tədqiqat, təcrübə...Gərgin iş gedir,
Akademiyada yüksəliş gedir.
Yusuf dayaq durur aspirantlara,
İdeyalar verir aspirantlara.

Bəzən gecələr də iş otağında
Müzakirə gedir, işıqlar sönmür,
Əzəldən əminlik yaranıb onda-
Zəhmətsiz işıqlı sabah görünmür.

Evdə də tərbiyə məktəbidir o,
Qarşılıqlı hörmət güc verir ona.
Bilqeyis xanımla dostluq edir o,
Dostudur Gülarə, Sevda, Rəna.

Evə yayıldıqca royalın səsi,
Zövqünü oxşayır gözəl mahnılar-
Bir ürəkdən axan sevgi nəğməsi
Sevən bir ürəyə beləcə dolar...

Hərdən məzuniyyət vaxtı olanda
Gözəl Sevda ilə məktublaşardı.
Atadan hər yeni məktub alanda
Qızının sevinci aşıb-daşardı.
Ata da doymazdı onu məst edən
Övlad məktubunun şirinliyindən...

Məmmədəliyevin xalqı sevməsi
Nankor, nadanları qıcıqlandırır.
Mərdliyi, qeyrəti, haqqı deməsi,
Dilimizə geniş yer istəməsi,
Onların beynində tonqal yandırır.
Milli düşüncədən, əxlaqdan uzaq
Məmurlar hökm edir, meydan sulayır.
Xalqına zülm edən bir sürü alçaq
Yadlar qarşısında quyruq bulayır.

Mircəfər Bağırov göstəriş verib,
İşdən azad etdi bir şəxsiyyəti.
Güclü təqib edib, təzyiq göstərib,
Tamam məhv etməkdir əsil niyyəti-
Budur cəlladların hakimiyyəti.

Cəllad bilmirdi ki, zaman gələcək,
Öz başı üstünə duman gələcək.
Nürnberqdə çıxış etdiyi kimi,
Faşizmin üstünə getdiyi kimi
Məşhur prokuror Rudenko yenə,
Qiymət verib faşist əməllərinə,
İttiham edəcək Bakıda bir gün,
Qəddar, qaniçəni ədalət üçün.
Dərd, bəla bilərək Azərbaycana,
Hakim ölüm hökmü verəcək ona...

Fəqət indi ağır günlər yaşanır,
İnsanlığa qarşı zülmün həddi yox.
Nurlu adamlara hücum başlanır,
Mənəvi terrorun bir sərhəddi yox.

Yusuf dostlarına vəfalı olmuş,
Vaxtilə sürgünə gedənin belə,
Qeydinə qalaraq hey maraqlanmış
Övladları, həyat yoldaşı ilə.
Ancaq onun xəstə olduğu zaman
Baş çəkməyə az-az adam gələrdi...
Musiqidən qida aldığı zaman
Əhval-ruhiyyəsi çox yüksələrdi-
Yayılanda evə Bülbülün səsi,
Astadan oxunan “Ölkəm” nəğməsi.

Səmimi olmayan çətin dost olar,
Dostluğun hər günü bir imtahandır.
Dostluq - dağ yolları - yoxuş, yağış, qar,
Zirvəyə kim çatsa, o, qəhrəmandır!

...Açıldı göy üzü, buzlar qırıldı,
İllərcə bulanıq sular duruldu,
Akademik Yusuf Məmmədəliyev
Universitetə rektor oldu.

Dəyişdi tələbə, təhsilə diqqət,
Elmi işlərə çox verildi qiymət.
Əlaqə yarandı xariclə belə,
Aparıcı ali məktəblər ilə.
Tikildi tələbə yataqxanası,
Vacib olan yeni tədris binası.
Yenidən quruldu təhsil ocağı,
Bir bayraqdar oldu təhsil ocağı.

Son illər ərzində Yusufun yenə
Töhfəsi olmuşdu dünya elminə -
Kosmosun fəthinə yaxın getmişdi,
Raket yanacağı icad etmişdi.

Bu yanacaq ilə birinci dəfə,
Yerin sünii peyki çatdı hədəfə.
Bu yanacaq ilə gələcək zaman,
Kosmosa uçacaq ilk dəfə insan...

Etdiyi kəşfləri alıb nəzərə,
Elmi dairələr çox haqlı yerə,
Məmmədəliyev – o böyük alimi
İrəli sürdülər namizəd kimi
Ona layiq Nobel mükafatına,
Lakin müzakirə etməkdən yana
Mərkəzi komitə iclas eylədi,
Xruşşov bəyənib xoş sözlər dedi.
Çox yüksək fikirlər səsləndi, fəqət
Oxundu anonim məktub nəhayət.
Guya dövlət sirri olduğu üçün,
Bu kəşflərə aid məlumat bu gün
Stokholma getsə təhlükəsi var,
Hərbi sirlərimiz aşikar olar.
Əslində bu kəşflər haqqında çoxdan
Hətta Amerika mətbuatından
Xəbər yayılmışdı dünyaya, amma
İclasda danışan bir iblis sima
Qərəzli olaraq haqqı yandırır,
Şeytanın sözünə haqq qazandırır.
Beləcə, namizəd olmadı Yusuf,
Nobel mükafatı almadı Yusuf.

Bakı nefti ilə qazanılan pul,
Xarici banklara axıb dolan pul
Mükafat verildi yadlara, ancaq
Sahibi almadı – qismətə bir bax!

Yenidən seçildi Məmmədəliyev –
Prezident oldu Məmmədəliyev.
Akademiyada həyat dəyişdi,
Hər şey axarına, yoluna düşdü.
Yarandı Şamaxı rəsədxanası –
Böyük fədakarlıq, iş hesabına.
Düşmənlər Yusufa mane olsa da,
Həsəd apardılar hər zaman ona.

Rus, fars, ingilis, alman dilində
Sərbəst danışırdı həmsöhbət ilə.
Lakin təbliğ edir, əzizləyirdi,
Öz ana dilini məhəbbət ilə.

Ömrünü həsr etdi xalqa xidmətə,
Bağlandı gözəllik, şeiriyyətə.
Ürəyindən axan sözlər səmimi,
Yazdığı şeirdə dediyi kimi:
“Kim deyir bu dünyaya
şöhrət üçün gəlmişəm,
Yaxşılıq yolçusuyam
hörmət üçün gəlmişəm.
Uzaq bir məmləkətin
aşaraq dağlarını,
Vətənimə, xalqıma
xidmət üçün gəlmişəm.”

Şərəflə yaşadı həyatını o,
Vaxtdan yüyrək sürdü öz atını o.
Elmin yollarında heç yorulmadı,
Odur ki, zirvəyə ucaldı adı...

Qış günü yayıldı acı bir xəbər,
Kədər libasına büründü şəhər.
Uçdu, Ordubadın sevinci uçdu,
İnsanlar bir anda qəmə qovuşdu.

Təbiət hönkürüb qan ağladı, qan,
Zülmətə qərq oldu bütün Naxçıvan.
Yusuf öz ömrünü tez vurdu sona,
Ağır itki oldu Azərbaycana.
Elə bil dünya da boşluğa döndü,
Elmin fədaisi, günəşi söndü...


Epiloq

Ölmür həyatını elmə bağlayan,
Kəşfləri dünyaya səs salan dahi.
Bəşərin qəlbində yaşayır hər an,
Ölmür zirvələrə ucalan dahi.

Yurdunun başını uca eyləyən,
Çiynində el yükü daşıyan ölmür.
Əsil insan kimi sözünü deyən,
Vətən, xalqı üçün yaşayan ölmür...

Şair TƏBİB

2021 - 2022
19-11-2022, 21:39
Rusiyadan Ukraynaya yeni raket zərbəsi - Yaralılar var


Rusiyadan Ukraynaya yeni raket zərbəsi - Yaralılar var

Rusiya Ukraynanın cənubundakı humanitar mərkəzə raket zərbələri endirib. Bu barədə Ukrayna Prezident Ofisinin rəhbərinin müavini Kirilo Timoşenko bildirib. Aviazərbə nəticəsində beş nəfər yaralanıb. O bildirib ki, hücum Ukrayna əsgərlərinin keçən həftə Rusiya qoşunlarından geri aldıqları Xerson şəhərinin qərbində yerləşən Bilozerka qəsəbəsində baş verib. Raket zərbəsinin dəydiyi yer çörək paylama mərkəzidir. Birləşmiş Millətlər Təşkilatı ümumilikdə Rusiyanın hücumu nəticəsində 16 mindən çox dinc sakinin öldüyünü bildirib.
19-11-2022, 21:35
Ukraynada müharibə bu tarixdə bitə bilər - General açıqladı


Ukraynada müharibə bu tarixdə bitə bilər - General açıqladı

Rusiya ilə hərbi münaqişə 2023-cü ilin yazında bitə bilər. Bunu Ukrayna müdafiə nazirinin müavini general-mayor Volodimir Qavrilov "SkyNews"a müsahibəsində bildirib. O qeyd edib ki, Ukrayna sona qədər gedəcək və ukraynalı hərbçilər bütün qışı döyüşməyə hazırdır. “Ukrayna cəmiyyətində belə bir qərar var ki, biz sona qədər gedəcəyik. Hansı ssenarinin müzakirə olunduğunun əhəmiyyəti yoxdur”, - deyə Qavrilov vurğulayıb. General hesab edir ki, Rusiya müvəqqəti barışıqda maraqlıdır. “Ona görə də bizim dayanmağa haqqımız yoxdur. Biz irəli getməliyik”, - deyə Ukrayna müdafiə nazirinin müavini bildirib. O, həmçinin bildirib ki, ölkəsinin sadəcə seçimi yoxdur, çünki istənilən fasilə Rusiya ordusuna əlavə qüvvələr göndərməyə şans yaradacaq.
19-11-2022, 21:32
Bayden Ağ Evdə nəvəsinə toy edir


Bayden Ağ Evdə nəvəsinə toy edir

ABŞ prezidenti Co Bayden nəvəsi Naomi Bayden üçün Ağ Evdə toy mərasimi keçirir. Butov.az xəbər verir ki, mərasim mediaya qapalı olacaq. 28 yaşlı Naomi Bayden bir neçə il əvvəl tanış olduğu, 25 yaşlı hüquq fakültəsindən yeni məzun olan Peter Nil adlı oğlanla evlənir. Naomi Bayden prezidentin oğlu Hanter Bayden və onun birinci həyat yoldaşı Ketlin Buhlun qızıdır. Qeyd edilir ki, bu mərasimlə tarixdə Ağ Evdə keçirilən toyların sayı 19-a çatacaq. Prezident iqamətgahı 1812-ci ildən etibarən 18 toy mərasiminə ev sahibliyi edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!