İNSAN SAF NİYYƏTİ, XOŞ XASİYYƏTİYLƏ UCALIRTa uşaqlıqdan həmişə dağın zirvəsinə, əlçatmaz sıldırım qayalara, ucalığa çıxmaqdan, aşırımlı yollar qət etməkdən xoşum gələrdi. Həyat yolumu da belə seçmişdim. Taleyim elə gətirdi ki, çətin də olsa həyatda püxtələşdim, yaxşı-yamanı düz seçməyi və ədalətli qiyməti verməyi bacardım. Axı ömrün ucalığından baxanda hər şeyi daha aydın görürsən. Xüsusən də arxada qalan gənclik illərinin yaddaqalan, tapdaq görməyən bakirə xatirələri Dan ulduzu kimi gözünün qarşısında apaydın dayanır. Ona görə də o illərdən çox xatirələr, çox insanlar, çox dost-tanışlar bu gün mənim yaddaş evimin mehmanıdırlar. Bu mehmanlar içərisində ən çox mənə əziz olan, sadə, təvazökar, öz həyat yolunu zəhməti, ağılı, insanlara xoş münasibəti, gərəkliyi ilə qazanan adamlardır. Belə insanlar tək mənim yox, milyonların ürəyində illərlə yaşayır. Bunlar şərəfli insanlardır.
Belə şərəfli, halal nəfsli, öz sadə həyat yolunu, bərəkətli çörəyini alın təri, şirin ləfisi, şaqraq zəngulələri ilə qazanan, ta gəncliyindən bəri tanıdığım Məmmədov Mirheydər Məhər oğludur. Nə xoş təsadüfdür ki, hamı onu el arasında Seyid Əli kimi tanıyır! Bu, elin qoyduğu addır. Bu ad heç də təsadüfdən yaranmayıb (bundan sonra mən də bu adla tanıdığıma görə yazımda Seyid Əli deyə müraciət edəcəyəm).
Seyid Əli 1952-ci ildə Bərdə rayonunun Mustafaağalı – Boyəhmədli kəndində inam-inan yerimiz olan ocaqda – Seyid Məhərin ocağında dünyaya göz açıb. Seyid Əli haqqında bu yazını yazmaq istəyəndə nədənsə yadıma dahilər tərəfindən deyilmiş nəsihətamiz bir kəlam düşdü. Namaz qılanda qəlbinə, el içində dilinə, süfrədə əlinə, qonşuda gözünə nəzarəti unutma. Seyid Əlini bu kəlamın hansı müddəası ilə sınağa çəksən, onu dupduru görərsən. Ağır nəfəsli (yaxşı mənada, yəni nəyə nəzərin salsa niyyəti hasil olar), Allah yollu, ağzı dualı, xeyirxah bir ocaqda dünyaya göz açıb. Qulağı amin kəlməli, dili şükürlü böyüyüb. Sitayişi uca Allah, qibləsi Kəbə, diləyi cənnət olan bir ata xeyir-duası ilə el hörmətini qazanmaq Seyid Əlinin ta uşaqlıqdan amalı olub və bu yolun da yolçusudur.
Belə bir deyimlə oxucularım qarşısında fikrimi tamamlamaq yerinə düşər; “Doğulmaq dünyaya gəlməkdir, yaşamaq deyil, bu, bütün canlılara məxsusdur. Amma insanların cəmiyyətdə şərəfli ömür sürüb, iz qoyub haqq evinə qovuşmağı yaşamaqdır.”
Bax, Seyid Əli belə ömürü yaşamaq şərəfinə əl uzadıb, həyat sürən xoşbəxtlərdəndir. O, maddiyyət üçün yox, mənəviyyat üçün yaşayır. Heyf ki, bu da hər kəsə nəsib olmur.
Burada Azərbaycan xalqının çox parlaq simalarından olan, sadə əməyi, səxavəti və alın təriylə Şərq aləminin maarifpərvər milyonçu titulunu qazanmış Hacı Zeynalabdin Tağıyevin bir tarixi kəlamı yadıma düşdü: “Pul qazanmağa çalış, amma şərəfini itirmə. Pul gedər, yenə də gələr. Amma şərəf itsə, qayıtmır”. Bir atalar misalı da var: “Qızını varlı dəliyə vermə, var gedər, dəli qalar”.
Bu mənada Seyid Əli şərəfini qoruyan, ocağının nurunda ağır təbiəti, şirin səsi, xoş avazı, axarlı xırda zəngulələri ilə tanınan sənətkardır. Ona sənətin hansı çalarlarından, insani davranışın hansı yanından, yaşının cavan və ahıl çağının hansı pilləsindən baxsan, Seyid Əlinin həyat süzgəcindən süzülüb durulaşdığının şahidi olursan.
Mən Seyid Əlini elin toy şənliklərində hamı tərəfindən dinlənilən şirin səsi ilə məclisi feyziyab edib rövnəqləndirən bir xanəndə kimi görmüşəm. Həmişə alqışlarla qarşılanıb, yola salınıb. Yas mərasimlərində isə ağayana hərəkəti, ağzıdualı ibrətamiz söhbətləriylə seçilən görmüşəm. Seyid Əli yaşından asılı olmayaraq, böyükdən-kiçiyə. Hər kəs tərəfindən qiymətləndirilib. Bu qiymət taleyin ona verdiyi el istəyidir. Allah əskik eləməsin! Yəqin ki, bu nuranilik onun müqəddəs ata-baba ocağındandır. Qoy bu müqəddəslik onun övladlarından, nəvələrindən, nəsl-nəcabətindən əskik olmasın!
Aqillər yaxşı deyib: “Xoş xasiyyət, şirin avaz, ağ üzdə qara xal, ağıllı övlad – Allah töhfəsidir”.
Mən deyərdim ki, Seyid Əli bu töhfələrdən barınmış yaxşı övlad, yaxşı ata, yaxşı baba və yaxşı el sənətkarıdır.
Əmək fəaliyyətinə gəldikdə, Seyid Əli sadə həyat tərzindən başlayıb, hərbi xidmət keçib, uzun müddət Su Meliorasiya sistemində işləyib. Torpağa bağlanıb, halal çörəyi alın təriylə yoğrulub bərəkətlənib. Ömür yolu cılız uşaqlıqdan başlayıb indiki ahıllıq, ağsaqqallıq, nuranilik xoşbəxtliyini yaşamaqdadır.
Seyid Əli heç bir ali təhsil almasa da, məntiqli və hərtərəfli insandır. Onun rəvan nitqi, müstəqil fikri, mövzu seçimi, özünəməxsus dərki və şairlik qələmi vardır. Təvazökarlıq göstərib şairliyini bildirməsə də, dövrü mətbuatda və bir neçə şairlərin kitablarında ithaf şeirləri çap olunub.
Onun bədii yaradıcılığı ilə tam tanış olduqda görürsən ki, özünəməxsus şairlik, yaradıcılıq təbi var. Lirikası, təbiət və məhəbbət şeirləri ilə yanaşı ən çox sevdiyi mövzu vətənpərvərlik, dövlətə və dövlətçiliyə sadiqlik, xalqa məhəbbətidir.
Torpaqlarımızın işğaldan azad olunması, Ali Baş Komandanın cəsarətli addımı və “Dəmir yumruğu” əsrin tarixi hadisəsidir, deyir. Ordumuzun gücü, qazilərimizin şərəfi, şəhidlərimizin müqəddəs ruhu qarşısında baş əyir. İtkilərimizlə yanaşı, böyük qələbələrimizi də bir şair təxəyyülü ilə əvvəldən görürdü Seyid Əli.
Şanlı ordu bu qisası alacaq,
Qalib gəlib qələbəni çalacaq.
Şuşamızda toy büsatı quracaq,
Səs salacaq bu cahana şəhidlə!.
Seyid Əli alqış deyir gərdişə,
Sizi anmaq çevrilibdir vərdişə.
Qarşınızda baş əyəcək həmişə,
Hər gələndə bu ünvana, şəhidlər!Göründüyü kimi, şeirin misraları ürəkdən gələn sadə sözlərlə, yapışqanlı ifadələrlə bəzədilərək qızıl qanı sərt qayaları xınalayan şəhidlərimizin ruhunu əbədiləşdirir.
Başqa bir şeirində Ali Baş Komandan möhtərəm prezidentimiz cənab İlham Əliyevin hünər və cəsarətini böyük ürək sevinciylə qələmə alır və yağı düşməni başa salır ki, tanıyın bu Azərbaycan sərkərdəsini və onun qarşısında bu məğlub başınızı endirin dizə qədər. Havadarlarına isə üz tutub deyir.
Düşmən sizə yalan satdı, sözü doğru olmadı,
O ATƏT-dən, BMT-dən bircə dayaq olmadı.
“Dəmir yumruq” kara yetsin, çıxsın onların canı,
Özləri dərk eləyib, tanısınlar İlhamı!
Seyid Əlinin bu sadə deyim tərzi sadə olduğu qədər də kəskindir. Eyni zamanda bu sətirlərdə nə qədər ölkə rəhbərini dünyaya tanıtmaq sevinci var!
Seyid Əli bu vətənpərvərlik, torpağa bağlılıq hissini, öz kəndinin, elinin-obasının böyüklərindən, başbilənlərindən öyrəndiyini misralarına düzür və hər birinin ucalığını adbaad deyir.
Ağsaqqalı hər bir yerdə ad alıb,
Qazı, Cəlal el gözündə ucalıb.
Nadir baba elçilikdə qocalıb,
Söz-söhbəti şirin, pəsdən olubdur.
Qulam Cavadovu əmək ucaldıb,
Əkib-biçib, xarüqələr yaradıb.
Dar günündə millətinə əl atıb,
Əməksevər nəsil-kökdən olubdur.
Zaman yetdi, Azay gəldi cahana,
Yetim oldu, o yüksəldi ad-sana.
Bərdə üçün çevrilibdir qurbana,
Ona zərbə gədalardan olubdur.Qeyd. Qazı kişi, Cəlal kişi, Nadir kişi kəndin nüfuzlu ağsaqqalları olub. Qulam Cavadov Sosialist Əməyi Qəhrəmanı, uzun müddət kolxoz sədri işləmişdir. Azay Abdıyev isə Bərdə rayonunun keçmiş İcra başçısı olmuşdur.
Əziz oxucu, mən Seyid Əlinin yaradıcılığına kiçik gəzintilər elədim. Yəqin ki, söz-sənət adamları gələcəkdə onun yaradıcılığına daha yaxından nəzər salacaq və geniş təhlillər verəcəklər.
Seyid Əli eyni zamanda gözəl ailə başçısı, mülayim ata, şirin babadır. Üç övladı, dörd nəvəsi var. Qoy ömür boyu onlarla fəxr etsin, bəhrin, barın görsün. Seyid Əli, qardaşım, Sizə bir arzum var – Nəvən görsün nəvəsini, Sən də görəsən hər ikisini!
Vəliyəddin Misiroğlu (İsmayılov),
yazıçı-publisist, “Qızıl Qələm mükafatı” laureatı,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.“Bütöv Azərbaycan” qəzeti12 Yanvar2024-cü il.