Latviya parlamentinin sədri Şuşadadır .....                        Rəisinin helikopteri qəzaya uğradı - YENİLƏNİB .....                        Bakıda avtobuslar toqquşdu - Yaralılar var .....                        Ağsu dolaylarında asfalt çökdü - Yol bağlandı .....                        Münasibətlərimiz qonşuluq əlaqəsindən daha üstündür - Rəisi .....                        Cüdoçularımız dünya çempionatında .....                        Sabahın havası: Yağış, leysan, dolu .....                        İran-Azərbaycan dostluğu sarsılmazdır - Prezident .....                        Qeyri-regional ölkələrin işlərimizə müdaxiləsi qəbuledilməzdir .....                       
20-01-2024, 16:41
Şəhid qardaşı 20 Yanvar gecəsindən danışdı


Şəhid qardaşı 20 Yanvar gecəsindən danışdı

Soyuq qış gecəsi evdə oturmuşdular. Televizor sönmüşdü, radioqəbuledicini götürdü ki, qurdalayıb qulaq assın. Elə bu vaxt camaatı çölə çağırdılar. Hamı bayıra çıxdı və tez də qayıtdı. Evə qayıdanda dedilər ki, kiçik qardaşı Əli yoxdur. Şərafəddin hamıdan qabaq çıxdı, uşaq əl-ayaq altda qala bilərdi.
Qardaşı Kamran xəyalən 34 il arxada qalan həmin günlərə qayıdır: “Doğrudur, həmin vaxt hərbi xidmətdə olduğumdan hadisənin şahidi deyiləm. Amma evdə danışılanlardan, şahidlərin dediklərindən bu barədə çox eşitmişəm. Onun küçəyə çıxmasından az sonra böyük qardaşım Zahid də çıxıb, aralarında bir neçə dəqiqə fərq olub. Bir də görüb ki, bayırdan səs gəlir:
- Ay əmi, əsgərlər Şərafəddini güllə ilə vurdular, gəlin.
Onlar küçəyə, onun yanına çatanda təsadüfən həkimlər də gəlib çıxmışdılar. Onu müayinə edib ayağa duranda həkim başını bulayıb. O, artıq canını tapşırmışdı”.
Kamranın dediyinə görə, Şərafəddin şəhid olandan sonra onu ilk görənlərdən biri qonşuları Ədilə xala olub. Əvvəlcə onu təcili yardımla aparmaq istəyiblər, lakin onsuz da iş işdən keçmişdi. Aparmağın nə mənası vardı? Ona görə birbaşa evə gətiriblər.
“İnşaatçılar” metro stansiyasının yanından keçəndə üstündə bası kaskalı, əli avtomatlı əsgərlər olan beş tankın onlara doğru gəldiyini görüblər. Şərafəddin tez yaxınlıqdakı kolluğa uzanıb və tanklar keçib gediblər. Qəflətən axırıncı tank qayıdıb onun uzandığı kolluğa sarı gəlib. Kolluğa güllə açıb yenidən yoluna davam edib. Hadisə yerinə hamıdan tez Şərafəddinin dayısı özünü yetirib. Güllə onun düz başından dəyib...
Müzəffər kişi 8 övlad atası idi - dörd oğlan, dörd qız. Təəssüf ki, indi nə Müzəffər kişi, nə də onun böyük oğlu Zahid həyatda yoxdur. Kamran kövrək hisslərlə danışır. 84 yaşlı anası Balabacı, bacıları Zərnişan, Nargilə, Kifayət və Çimnaz gənc ikən dünyadan gedən Şərafəddinin itkisindən yanıb-yaxılırlar.
Yasamalda Mirzə Cabbar Məmmədzadə küçəsi... Metronun “İnşaatçılar” stansiyası bu küçənin bir addımlığındadır. Şərafəddin də sonuncu dəfə bu yolla gedib və... qayıtmayıb. Müzəffər kişinin sinəsinə oğul dağı çəkilib.
20 Yanvar şəhidi Şərafəddin Salahovun tərcümeyi-halı çox qısadır. 1963-cü ildə anadan olub. Şəhərdəki 13 nömrəli məktəbi bitirib, sürücülük məktəbində oxuyub. Əvvəlcə trikotaj fabrikində mexanik, sonra isə “Azərbaycan“ nəşriyyatında işləyib. Hələ ailə həyatı qurmamışdı. Məzarı Şəhidlər xiyabanındadır.
İndi ata ocağından ayrılaraq Sulutəpədə yaşayan Salahovlar ailəsinin kiçiyi Əlinin böyük oğlu əmisi Şərafəddinin adını daşıyır. Atalı-analı böyüsün!
20-01-2024, 16:39
BİR ŞEİRİN TARİXÇƏSİ


BİR ŞEİRİN TARİXÇƏSİ

1967-ci ildə Aşıq Hüseyn Saraçlı Ağbaba mahalına səfər edir. Ustad Təpəköy kəndində konsert verərkən bir nəfər cavan oğlan ayağa durub, aşığa üz tutur:
- Ustad, olarmı sizə bir sual verim?
Aşıq Hüseyn Saraçlı:
- Buyur!
- Ustad, niyə bığınız qaradı, saçınız ağ.
Aşıq Hüseyn Saraçlı bığlarını eşib soruşur:
- Bala evlisənmi?
Oğlan:
Bəli, ustad ailəliyəm, iki uşağım var.
Aşıq Hüseyn Saraçlı:
- Onda de görüm, uşaq anadan olanda başında saç olurmu?
Oğlan:
- Bəli, ustad, olur.
Aşıq Hüseyn Saraçlı:
- Bəs bığı olurmu?
Oğlan:
- Xeyr, ustad, olmur.
Aşıq Hüseyn Saraçlı:
- Bəs neçə ildən sonra, insana bığ gəlir ?
Oğlan:
- Ustad, şübhəsiz ki, 18 ildən sonra.
Aşıq Hüseyn Saraçlı:
- Deməli, bığım saçımdan cavandı. Ona görə qaradır,18 ildən sonra da bığlarım ağaracaq.
Beləliklə, Hüseyn Saraçlı orada ikən “Bığlarım” şeirini qoşur.

Baş da, saç da bizə irsi-mirasdı,
Öz gücünü başdan alır bığlarım.
Başım kimi qeylü-qala düşməyib,
Ona görə cavan qalıb bığlarım.

Ərşi-gürşü, yeri-göyü baş bilər,
Bu dünyada hər bir şeyi baş bilər.
Qoca aşıq bığı saçdan baş bilər,
Çox bığsıza bir dərd olub bığlarım.

Dedilər ki, bel büküldü, ay haray,
Ay Saraçlı, diş töküldü, ay haray.
Elə bildim düşmən güldü, ay haray,
Sən deməynən, bir tük salıb bığlarım.

Alıntı Aşıq Nurəddin Qasımlının 2001-ci ildə lentə alınmış söyləməsindəndir.

Hazırladı: Rəşad SARAÇLI
"Bütöv Azərbaycan" qəzeti
19 yanvar 2024
20-01-2024, 16:15
Binəqədidəki partlayışda ölənlərin sayı 10-a çatdı


Binəqədidəki partlayışda ölənlərin sayı 10-a çatdı

Yanvarın 15-də paytaxtın Binəqədi rayonunda yerləşən mebel sexində 9 nəfərin ölümü, 24 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən partlayışla bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.
Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, hadisə zamanı xəsarət alan 1996-cı il təvəllüdlü Rüstəmov Adil Aydın oğlu göstərilən tibbi yardımlara baxmayaraq yanvarın 20-də müalicə aldığı xəstəxanada ölüb.
Bununla da hadisə nəticəsində həyatını itirənlərin sayı 10 çatmışdır.
Hazırda zəruri tibbi yardımlar göstərilməklə yaralanan digər şəxslərin müalicəsi davam etdirilir.
Azərbaycan Respublikasının Baş Prokurorluğu bir daha vəfat edənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzulayır.
20-01-2024, 16:01
ABŞ Qırmızı dənizdə husilərə məxsus 3 gəmini məhv etdi


ABŞ Qırmızı dənizdə husilərə məxsus 3 gəmini məhv etdi

ABŞ Mərkəzi Komandanlığı qüvvələri cümə günü Qırmızı dənizdə gəmiləri hədəf almış husilərə məxsus üç gəmi əleyhinə raketə zərbələr endirib.
Bu barədə ABŞ ordusu “X” sosial şəbəkəsində bildirib.
“ABŞ qüvvələri Yəmənin husilərin nəzarətində olan ərazilərində raketlərin bölgədəki ticarət gəmiləri və ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri üçün qaçılmaz təhlükə yaratdığını müəyyən edib. ABŞ qüvvələri daha sonra özünümüdafiə məqsədi ilə həmin raketləri vuraraq məhv edib”, - məlumatda deyilir.
ABŞ ötən həftədən etibarən Yəməndəki husi hədəflərinə zərbələr endirir və bu həftə həmin qrupu yenidən “terrorçu” təşkilatlar siyahısına əlavə edib. Prezident Co Bayden cümə axşamı bildirib ki, husilərə qarşı hava hücumları davam edəcək.
Ağ evin sözçüsü Con Kirbi deyib ki, ABŞ ordusu gəmilərə hücumlar etməyə hazırlaşan husi raket sistemlərinə qarşı son həftədə dördüncü hava zərbəsi endirib.
Husilər cümə axşamı axşam saatlarında ABŞ-a məxsus tanker gəmisinə iki gəmi əleyhinə ballistik raket atıblar və bu raketlər gəminin yaxınlığında suya düşüb. ABŞ ordusunun məlumatına görə, həmin raket hücumu heç bir xəsarət və ya dağıntıya səbəb olmayıb.
20-01-2024, 15:51
Los-Ancelesdəki Baş Konsulluqda 20 Yanvar şəhidləri yad edilir


Los-Ancelesdəki Baş Konsulluqda 20 Yanvar şəhidləri yad edilir

Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunda 20 Yanvar faciəsinin növbəti ildönümü ilə bağlı “1990-cı ilin Qara Yanvarı: Azərbaycanın azadlığa gedən yolu” adlı anım mərasimi keçirilib. Mərasimdə Los-Ancelesdə fəaliyyət göstərən xarici ölkələrin baş konsulları, Los-Ancelesdəki konsulluq korpusunun nümayəndələri, elm və mədəniyyət xadimləri, dost icmaların rəhbərləri və icma üzvləri, yerli universitetlərin professorları, Azərbaycan icmasının üzvləri və digərləri iştirak ediblər.
Baş Konsulluqda bildirilib ki, mərasim iştirakçıları faciə qurbanlarını bir dəqiqəlik sükutla anıblar.
Azərbaycanın Los-Ancelesdəki baş konsulu Ramil Qurbanov çıxış edərək, qanlı 20 Yanvar hadisələri barədə məlumat verib, həmin hadisələr zamanı sovet qoşunları tərəfindən çox sayda günahsız insanın amansızcasına qətlə yetirildiyini qeyd edib. Çıxışın ardınca faciə ilə bağlı Baş Konsulluq tərəfindən hazırlanmış qısa film nümayiş olunub.



Daha sonra Bakıda doğulan məşhur violonçel ifaçısı Ruslan Biryukov çıxış edərək, Qara Yanvar faciəsi, həmin dövrdə Bakıda yaşayan ailəsi ilə birgə şahid olduğu hadisələr və baş verənlər barədə acı xatirələrini bölüşüb.
Tədbirin davamında Ruslan Biryukov və pianoçu Valeriya Morqovskayanın ifasında Fikrət Əmirovun “Poema-monoloq”, Qabriel Furenin “Yuxudan sonra” və Arif Məlikovun “Məhəbbət əfsanəsi” əsərləri səsləndirilib.
Sonda tədbir iştirakçıları faciəni əks etdirən fotosərgi ilə tanış olublar. Tədbirdən sonra qonaqlar üçün ehsan süfrəsi açılıb.
Qanlı Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar yanvarın 19-da Azərbaycan Respublikasının Avropa Şurası yanında Daimi Nümayəndəliyində Strasburqda yaşayan Azərbaycan icmasının üzvlərinin iştirakı ilə anım tədbiri keçirilib.
Qeyd olunub ki, tədbir iştirakçıları öncə xalqımızın azadlığı uğrunda şəhid olan həmvətənlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Mərasimdə çıxış edən daimi nümayəndə Fəxrəddin İsmayılov ölkəmizin müstəqillik mübarizəsində 1990-cı il 19-20 yanvar hadisələrinin tutduğu yerdən söz açıb və Qanlı Yanvarın xalqımızın qəhrəmanlığı və yenilməz iradəsinin rəmzinə çevrildiyini söyləyib. O, üstündən uzun illər keçməsinə baxmayaraq, sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğının ağrı-acısının unudulmadığını və şəhidlərimizin xatirəsinin xalqımızın qəlbində əbədi yaşadığını ifadə edib. Daimi nümayəndə həmin günlərdə Azərbaycanın üzləşdiyi informasiya təcridindən qurtarılmasında ulu öndər Heydər Əliyevin faciənin ertəsi günü Moskvada verdiyi tarixi bəyanatın mühüm təsirini vurğulayıb və onun Sovet İttifaqı rəhbərliyini qınayan cəsarətli bəyanatının xalqımızın gələcəyə olan inamını gücləndirdiyini bildirib. Nəhayət, F.İsmayılov ölkəmizə ərazi iddialarının irəli sürülməsi və Ermənistandan azərbaycanlıların güclə qovulması ilə başlayan, 20 yanvar faciəsi və sonra hərbi işğalla davam edən məşəqqətli tarixi dövrün müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpa olunması ilə sona yetdiyini və millətimizin qarşısında artıq yeni bir dövrün açıldığını qeyd edib.
Daha sonra tədbirdə çıxış edən Azərbaycan icmasının üzvü Mustafa Alınca 1990-cı il yanvar hadisələrinin ardınca Strasburqdan Azərbaycanın haqq səsinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması məqsədilə aparılan fəaliyyətlərdən bəhs edib və məhz Qanlı Yanvar faciəsinin Azərbaycan icmasının üzvlərinin təşkilatlanmasını bir zərurət halına çevirdiyini qeyd edib.
Çıxışların ardınca iştirakçılara Azərbaycan televiziyasının istehsalı olan və Qanlı Yanvardan bəhs edən sənədli film nümayiş etdirilib.
Niderlandın Haaqa şəhərində 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Niderland-Azərbaycan Türk Mədəniyyət Dərnəyinin təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycan və türk diaspor təşkilatlarının rəhbərləri və fəalları iştirak ediblər.



Qonaqlar arasında Niderland Yozqatlılar Federasiyasının rəhbəri Tahsiz Öz, Erzurumlular Dərnəyinin rəhbərinin müavini Metin Aykut, Türk Evinin rəhbəri Ramazan Ödek, “Yozqat 66” Dərnəyinin rəhbəri Soydaş Erdinç, Niderland-Azərbaycan “Odlar Yurdu” Cəmiyyətinin sədr müavini Nemətağa Əliyev və başqaları olub.
İlk olaraq 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca Ondört Masumlar Məscidinin imamı Şeyx Mehmet Olqun şəhidlərin əziz ruhlarına dualar oxuyub.
Tədbir iştirakçılarını salamlayan Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin rəhbəri İlhan Aşkın 20 Yanvar faciəsinə gətirib çıxaran siyasi proseslərdən, 34 il öncə sovet rəhbərliyi və ordusu tərəfindən törədilmiş qanlı hadisənin Azərbaycanın müstəqilliyi yolunda dönüş nöqtəsinə çevrilməsindən danışıb.
Sonra tədbirdə Azərbaycanın Niderland Krallığındakı səfirliyinin I katibi Səbinə Sadıqlı və Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin Azərbaycan üzrə rəhbəri Şamil Mustafayev çıxış edərək, silahsız, dinc xalqımızın qorxmaz, mərdanə davranışına görə 20 Yanvar hadisələrinin Azərbaycan tarixinə təkcə faciə kimi deyil, həm də qəhrəmanlıq səhifəsi kimi həkk olunduğunu, gənclərimiz tərəfindən bu qanlı hadisənin unudulmamasının və gələcək nəsillərə ötürülməsinin vacibliyini vurğulayıblar. Dünya birliyinin 20 Yanvar kimi dəhşətli hərbi cinayətə cinayətkarcasına susduğu, faciənin törədilməsindən bir neçə ay sonra mülki vətəndaşların qətlinə əmr verən Mixail Qorbaçova Nobel Sülh Mükafatı verildiyi diqqətə çatdırılıb.
Tədbir 20 Yanvar faciəsinin tarixindən bəhs edən videonun nümayişi ilə davam etdirilib.
İsrailin Yerusəlim və Afula şəhərlərində 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar anım tədbirləri keçirilib.
“Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının Yerusəlimdəki şöbəsinin təşkilatçılığı ilə baş tutan tədbir qurumun rəhbəri Aleksandr Aqranovskinin şam yandırması ilə başlayıb. O, xalq arasında “Qara Yanvar” adlandırılan Bakıdakı məşum gecədə baş verənlərdən danışıb və faciə qurbanlarının xatirəsinin yad edilməsi üçün bir dəqiqəlik sükut elan edib.



Tədbirdə çıxış edən “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının vitse-prezidenti, Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman bildirib ki, Azərbaycanı təmsil edən soydaşlarımız harada yaşamaqlarından asılı olmayaraq, həmin dəhşətli gecəni, sovet silahlı qüvvələrinin ən amansız şəkildə aralarında uşaqların, qocaların və ahılların olduğu günahsız dinc paytaxt sakinlərinə qarşı törətdiyi qanlı qırğını unutmayacaqlar. Həmin günlərdə müxtəlif millətlərdən olan Azərbaycan vətəndaşlarının, o cümlədən yəhudi əsilli azərbaycanlılar Yan Meeroviç, Aleksandr Marxevka və Vera Bessantinanın “can verən əjdaha”ın qurbanları olduğu vurğulanıb. Azərbaycan üçün həmin ağır günlərdə o zaman Moskvada yaşayan Heydər Əliyevin sovet hökumətini qeyri-qanuni qoşun yeritməkdə ittiham etdiyi və ordunun Azərbaycanın mülki əhalisinə qarşı misli görünməmiş qəddarlıq törətdiyini pislədiyi diqqətə çatdırılıb.
Sonra Diasporla İş üzrə Dövlət Komitəsinin təqdim etdiyi “Blooded Carnations” (“Qanlı Qərənfillər”) qısametrajlı sənədli filmi nümayiş etdirilib. Qeyd edək ki, ABŞ-da yaşayan Azərbaycan icmasının fəal üzvü, rejissor Azim Sadıxovun müəllifi olduğu bu film “Telly Awards – 2023” mükafatına layiq görülüb.
Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Afulanın mərkəzi kitabxanasında keçirilən anım tədbirində də bu film nümayiş etdirilib.
Müxtəlif millətlərin nümayəndələrinin qatıldığı tədbirdə Azərbaycan tarixinin ən dəhşətli hadisələrindən biri olan 20 Yanvar faciəsi barədə məlumat verilib, hadisə şahidlərinin xatirələri səsləndirilib. Tədbir zamanı şamlar yandırılıb və faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
20-01-2024, 15:37
Temperatur aşağı düşəcək - Güclü külək, qar gözlənilir


Temperatur aşağı düşəcək - Güclü külək, qar gözlənilir

Havanın temperaturu 5-10 dərəcə enəcək, yağış, qar yağacaq, güclü külək əsəcək.
Bu barədə Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.
Onun sözlərinə görə, bir neçə gün davam edən mülayim hava şəraitindən sonra Bakıda və Abşeron yarımadasında yanvarın 21-i axşamdan 24-ü səhərədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, 22-si gecə və səhər yarımadanın bəzi yerlərində arabir 30 ms/-dək güclənəcəyi gözlənilir: "Yanvarın 23-dən 24-ü gündüzədək fasilələrlə yağıntılı olacağı, yağışla başlayan prosesin bəzi yerlərdə sulu qara keçəcəyi ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək. Yanvarın 22-si Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin dəyişəcəyi, 24-ü axşamadək arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir”.
G.Məmmədova bildirib ki, Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Lənkəran-Astara, Mərkəzi Aran bölgəsində yağıntıların intensivləşəcəyi ehtimalı var: “Qərb küləyi 15-20 m/s, əsasən dağlıq və dağətəyi rayonlarda arabir 23-28 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-10 dərəcə aşağı enəcək. Gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq”.
20-01-2024, 15:09
İsrail İran zabitlərinin yaşadığı malikanələrə raket zərbələri endirdi


İsrail İran zabitlərinin yaşadığı malikanələrə raket zərbələri endirdi

İsrail ordusu Suriyanın paytaxtı Dəməşqə zərbələr endirib.
Bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Bildirilir ki, zərbələr nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun üzvü öldürülüb. AFP-nin yerli hüquq müdafiəçilərinə istinadən verdiyi məlumata görə, ümumilikdə 5 nəfər ölüb.
“İsrailin şənbə günü Suriyanın paytaxtı Dəməşqə endirdiyi zərbə nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun bir üzvü həlak olub, digərləri isə yaralanıb”, - Suriya tərəfdarı regional birlikdəki mənbə "Reuters" agentliyinə bildirib.
İran mətbuatı yazır ki, zərbələr nəticəsində SEPAH-ın “Əl-Qüds” xüsusi təyinatlı qüvvələrinin kəşfiyyat xidmətinin komandiri, general Yusif Omid Zadə ölüb. Digər ölən şəxslərin də iranlı zabitlər olduğu bildirilir.
Raket zərbələri iranlı hərbi müşavirlərin yaşadığı Dəməşqin qərbindəki Mezze məhəlləsindəki malikanələrdən birinə endirilib.
Hücumda üç təyyarə iştirak edib, müşavirlərin yaşadığı dördmərtəbəli ev tamamilə dağılıb.
20-01-2024, 14:47
Ermənistan və Azərbaycan qarşılıqlı təminat tələb edir - Paşinyan


Ermənistan və Azərbaycan qarşılıqlı təminat tələb edir - Paşinyan

Ermənistan və Azərbaycan bir-birinə qarşı ərazi iddialarının olmamasına dair qarşılıqlı təminat tələb edir.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan hakim “Vətəndaş müqaviləsi” partiyasının fəalları ilə görüşündə deyib.
"Biz Azərbaycandan, Azərbaycan isə bizdən əlavə qarşılıqlı təminat istəyir ki, bir-birimizə qarşı hər hansı gizli ərazi iddiası olmasın. Bu, işlək prosesdir və belə hesab edilməlidir", - o qeyd edib.
20-01-2024, 14:04
Dövlət və hökumət rəsmiləri Şəhidlər xiyabanını ziyarət etdi


Dövlət və hökumət rəsmiləri Şəhidlər xiyabanını ziyarət etdi

Yanvarın 20-də - Ümumxalq Hüzn Günündə Baş nazir Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, digər dövlət və hökumət rəsmiləri Şəhidlər xiyabanını ziyarət ediblər.
Dövlət və hökumət rəsmiləri Azərbaycanın azadlığı uğrunda həlak olan qəhrəman Vətən övladlarının məzarları üzərinə tər güllər düzüb, əziz xatirələrini ehtiramla anıblar.








20-01-2024, 13:33
“Bir millət, iki dövlət” anlayışı ilə bundan sonra da bir və birlik olacağıq


“Bir millət, iki dövlət” anlayışı ilə bundan sonra da bir və birlik olacağıq

Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Azərbaycan xalqına başsağlığı verib.
Bu barədə o, "X"də yazıb.
"Yaxın tarixdə qeydə alınan ən ağrılı hadisələrdən biri olan Qanlı Yanvar qırğınında qadın, uşaq, qoca demədən qətlə yetirilən azərbaycanlı bacı-qardaşlarımızın xatirəsini yad edir, ağrılarını bölüşürəm. Azərbaycanın müstəqilliyi uğrunda canlarını fəda edən 20 Yanvar qəhrəmanlarını unutmayacağıq, unutdurmayacağıq. Azərbaycanla sevincdə də, kədərdə də “Bir millət, iki dövlət” anlayışı ilə bundan sonra da bir və birlik olacağıq",- N.Kurtulmuş bildirib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!