İrəvandakı aksiyalarda saxlanılanlar sərbəst buraxılıb
Ermənistanın paytaxtı İrəvanda bu gün keçirilən etiraz aksiyaları zamanı saxlanılanların hamısı sərbəst buraxılıb. Bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Sputnik Armenia"ya bildirilib. Qeyd edək ki, gün ərzində təxminən 300-ə yaxın etirazçı saxlanılmışdı.
Müğənni, biznesmen Emin Ağalarov model Alyona Qavrilova ilə ikinci dəfə ailə həyatı qurub. Bu barədə Rusiya mətbuatında məlumat yayılıb. Onlar ötən gün Moskvadakı sarayların birində yenidən nikaha daxil olublar. Xatırladaq ki, Emin Ağalarov və Alyona Qavrilova 2018-ci ildə ailə həyatı qurub, 2019-cu ildə onların Afina adlı qızları dünyaya gəlib. 2020-ci ildə cütlük ayrılmaq qərarına gəlib. 2021-ci ildə onlar yenidən birlikdə görünməyə başlayıblar, 2022-ci ildə isə müğənni müsahibəsində bildirib ki, Alyona ilə barışıblar.
Bakıda narkotik satışı ilə məşğul olan 21 nəfər tutuldu - VİDEO
Nərimanov Rayon Polis İdarəsinin və ərazi polis şöbələrinin may ayının əvvəlindən keçirdikləri əməliyyatlarla narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 21 nəfər saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, qanunsuz dövriyyədən 10 kiloqram müxtəlif növ narkotik vasitə çıxarılıb. Saxlanılanlardan Vüqar Dadaşlı, Tehran İsmayılov və Əhməd Aslanov paytaxt ərazisində narkotiklərin satışını təşkil ediblər. Saxlanılanlar barəsində cinayət işləri başlanılıb. Tədbir zamanı üzərində qanunsuz olaraq odlu silah gəzdirən əvvəllər məhkum olunmuş Elbrus Hümbətovdan 1 ədəd “Kalaşnikov” avtomatı, 7 ədəd patron və 1 ədəd daraq aşkarlanıb. Əməliyyatlar zamanı talama cinayətləri törətdiyinə görə 5, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 15 nəfər tutulub. Nərimanov rayonu ərazisində müxtəlif təyinatlı kəsici-deşici alətlərin gəzdirilməsinin ictimai təhlükəsizliyə aşkar təhdid yaratması nəzərə alınaraq onların satışının qarşısının alınması istiqamətində də silsilə tədbirlər görülüb. Nəticədə soyuq silah hesab olunan alətlərin satışı ilə məşğul olan 2 nəfər saxlanılaraq barələrində qanunamüvafiq tədbirlər görülüb. Onlardan 62 ədəd xəsarət yetirmə təyinatlı alətlər götürülüb.