Deputatlar qohum evliliyini müzakirə etdi: "Bu qadağa bizə problemlər yarada bilər"Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iyunun 11-də keçirlən iclasında Ailə Məcəlləsinə, həmçinin bir sıra qanunlara dəyişiklik edilməsi məsələsi müzakirə edilib.
Ailə Məcəlləsinə edilən dəyişikliklə nikah yaşı üzrlü səbəblərdən də 1 il azaldılmayacaq.
Mövcud qanunvericiliyə əsasən, üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. Dəyişikliklə qanunun bu müddəası ləğv edilir.
Dəyişikliklə nikahın bağlanmasına mane olan halların sayı artırılır. Belə ki, məcəlləyə aşağıdakı hallar əlavə edilir: qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları, bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu.
Bunlardan əlavə yetkinlik yaşına çatmayanların toy və nişan mərasimlərini keçirənlərin cəzaları artırılacaq.
Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev qanun layihələri ilə bağlı izah verib: "Ailə Məcəlləsinə ona görə bioloji qohumluluq anlayışını yazmışıq ki, övladlığa götürülən şəxsə qadağalar şamil olunmur. Belə ki, övladlığa götürülən şəxs öz əmisi qızı, dayısı qızı, xalası qızı ilə rahatlıqla evlənə bilər. Digər maddədə isə şəxsin öz bioloji qohumluğu olan xalası, dayısı, əmisi ilə evlənməsi qadağa olunur. Onsuz da bu, mentalitetimizdə hər zaman tənzimlənib. Lakin yenə də eyni qaydada övladlığa götürülən şəxs nəzəri baxımından sadalanan şəxslərlə ailə həyatı qura bilər. Bu şəxslərə qanun qadağa qoymur”.
Deputat Rəşad Mahmudov iclasda bildirib ki, qohum evliliklərini qadağan etmək beynəlxalq hüquq səviyyəsində problemlər yarada bilər.
“Bu əgər əmi uşaqlarının, bibi uşaqlarının evlənməsini qadağan edən maddədirsə, burada dini məsələlər, milli dəyərlərimiz və insanların hüquq və azadlıqları iki qütbə ayrılır. Bu cür evlilikləri qadağan etmək, bəlkə də, beynəlxalq hüquq səviyyəsində suallar, problemlər yarada bilər. Düşünürəm ki, bu məsələdə insanları maarifləndirərək, bilgi verərək mane ola bilərik. Fikrimcə, buna əngəl olmaqla, qadağa qoymaqla əksinə ona qarşı gələnlərin, alternativ yollar axtaranların sayı artacaq”, - deyə deputat qeyd edib.
Komitənin digər üzvü Nurlan Həsənov isə qeyd edib ki, qohum əlaqəsi olan insanlar arasındakı nikah münasibətləri daha çox islam dünyasında geniş yayılıb: “Məsələn, Britaniyada yaşayan pakistanlıların 50-55 faizi qohumlar arasında olan nikaha üstünlük verir”.
O, Rəşad Mahmudovun erkən nikahların beynəlxalq hüquq baxımından problem yarada biləcəyi ilə bağlı sualına cavab olaraq deyib ki, beynəlxalq hüquqda bu məsələ ilə bağlı qadağanedici norma tapmayıb: “Avropa ölkələrinin qanunvericiliyinə baxsaq, Almaniyanın ailə qanunvericiliyində, İsveçrədə bununla bağlı qadağalar var. Düşünmürəm ki, bu qadağalar beynəlxalq hüquqla bağlı Azərbaycana hər hansı problem yaratsın”.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov isə iclas zamanı bildirib ki, əgər tibb və elm qohum evliliyinin insan sağlamlığına ziyan vurduğunu deyirsə, dinin bu məsələyə yanaşması insandan yanadır. Sədr müavini hər zaman qohum evliliyinin əleyhinə olduğunu bildirib: “Kimsə deyəndə ki, əmioğlu və əmiqızının nikahı göydə kəsilir, zarafatla deyirdim ki, onlar göydə yox, yerdə yaşayır”.
Komitə rəsmisi vurğulayıb ki, erkən nikahlarla bağlı dindən sui-istifadə edilir:
“İslamda bunun qadağan olunmadığı əsas gətirilərək erkən nikaha girirlər. Bugünkü dövr üçün 14 yaşda nikah anormal sayılır. Bu gün yas mərasimlərində olan, qəbiristanlıqlarda dua oxuyan qeyri-rəsmi din xadimlərinin sayı on minlərlədir. Ancaq rəsmi təyinat alan din xadimlərinin sayı isə min nəfərdən çox deyil. Təsir mexanizmlərimiz həmin şəxslərin sayı civarındadır. Ona görə də maarifləndirmə işlərinin gücləndirilməsi mütləqdir”.