Türkiyə vətəndaşlığı almaq niyə çətinləşir? - AÇIQLAMATürkiyə vətəndaşlığı almaq çətinləşir. Artıq bunun üçün mənzil almaq və ya ailə həyatı qurmaq kifayət olmayacaq. Yeni qaydalara əsasən, vətəndaşlıq verilərkən şəxs barəsində həm Türkiyə polisi, həm Milli Kəşfiyyat Təşkilatı (MİT), həm də İnterpolun rəyi nəzərə alınacaq.
Bildirilir ki, İnterpoldan iki dəfə təsdiq gəlməzsə, vətəndaşlıq verilməyəcək. Bu tədbirlərin görülməsində məqsəd təhlükəsizlik risklərini minimuma endirməkdir.
Mövzu ilə bağlı danışan türkiyəli təhlükəsizlik eksperti Ali Burak Darıcılı bildirib ki, Türkiyə Cümhuriyyətində bu günə qədər də vətəndaşlıqla bağlı tədqiqatlar aparılmaqda idi:
“Türkiyədə vətəndaş olmaq üçün müraciət edən zaman şəxsin terror təşkilatı və ya cinayətkar qruplaşma ilə əlaqəsinin olub-olmaması ilə bağlı MİT-in arxivdəki sənədləri vacib sayılır. Bu mövzuda hazırlanacaq hesabat Türkiyə Daxil İşlər Nazirliyinə bağlı olan Vətəndaşlıq İşləri üzrə Baş İdarəyə göndərilir. MİT-dən və Türkiyə polisinin təhqiqat xidmətindən əldə edilən məlumatlar şəxsin terror təşkilatı, cinayətkar qruplaşma, korrupsiya ilə bağlı olub-olmamasına aydınlıq gətirir. Əgər bu arxiv məlumatları qanunla uyğunlaşmasa vətəndaşlıq təsdiq edilmir”.
B.Darıcılı qeyd eidb ki, Türkiyədə vətəndaşlıq əldə edilməsi mövzusunda daha ciddi tədbirlər görülür:
“Son dövrlərdə türk vətəndaşlığı almağın asan olması ilə bağlı müzakirələr aparılırdı. Bəzi insanlar bu vətəndaşlığın asan olduğunu iddia edirdilər, haqlıdırlar. Türk vətəndaşı olmaq bu qədər asan olmamalıdır. Dolayısıyla təhlükəsizlik təhqiqatının aparılması və nəticələrin müsbət olması halında vətəndaşlığın təsdiq edilməsi istiqamətində verilən qərar və siyasət davam edəcək”.