Erməni generalın həbs səbəbi açıqlandıYanvarın 5-də məhkəmə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin keçmiş müavini Tiran Xaçatryanı 2 ay müddətinə həbs edib.
Hakim Masis Melkonyan müstəntiqin vəsatətini təmin edib və general-leytenant haqqında belə qərar çıxarıb.
Bu barədə Xaçatryanın vəkilləri məlumat yayıblar.
T.Xaçatryanın 44 günlük müharibə ilə bağlı ittihamlarla saxlanıldığı bildirilir.
Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti Xaçatryana qarşı ittihamı şərh edib.
İddiaya görə, 2020-ci il oktyabrın 7-dən oktyabrın 17-dək olan müddətdə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini olmuş Tiran Xaçatryan öz xidməti vəzifələrinin icrasına səhlənkar münasibət göstərib. O, Cənub qrupu üçün nəzarət mərkəzi yaratmayıb və döyüş əməliyyatları zamanı nəzarət üçün xarakterik olan bir sıra tədbirləri tam həyata keçirməyib, bu da səhlənkarlıq nəticəsində ağır nəticələrə səbəb olub.
“Sonuncunun hərəkətləri müdafiənin uğursuzluğuna gətirib çıxarıb, komandanlıq və idarəetmə sisteminə zərbə vurub, qarşıya qoyulmuş döyüş tapşırığının icrası pozulub, nəticədə düşmən yaranmış vəziyyətdən istifadə edərək strateji yüksəklikləri maneəsiz ələ keçirib”, - İstintaq Komitəsinin məlumatında bildirilib.
Vəkillər bildiriblər ki, məhkəmə qərarından ən qısa zamanda apellyasiya şikayəti veriləcək.
"Xaçatryana fərqli yanaşma tətbiq olunur, o, fəal siyasi və vətəndaş mövqeyinə görə cəzalandırılır”, - vəkillər deyiblər.