Şeyx Qurban bayramı namazının vaxtını AÇIQLADIQafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Qurban bayramı münasibətilə xalqı təbrik edib. Təbrikdə deyilir:
"Möhtərəm müsəlman qardaş və bacılarım!
İslam aləminin ən əziz və müqəddəs günü, Uca Yaradana ibadətin və İlahi Lütfün təcəllisi olan mübarək Qurban bayramı münasibətilə sizi ürəkdən təbrik edir, hamınıza Allah-taaladan səadət və rifah, xeyirli və uğurlu ömür arzulayıram.
Allaha şükürlər olsun ki, bu əziz bayramı dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması, qəhrəman Azərbaycan əsgərinin Xankəndidə, Əsgəranda, Xocalıda dövlətimizin üçrəngli bayrağını ucaltması, Şuşa, Ağdam, Zəngilan məscidlərinin minarələrindən azanların səslənməsi ilə qarşılayırıq. Müstəqillik tariximizdə ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş ölkəmizdə Böyük Qayıdışın ruh yüksəkliyi yaşanır, məbədlərimiz bərpa və inşa edilir, ata-baba yurdlarına qayıdanlar bu torpaqlara yeni nəfəs, yeni həyat verir. Bu mübarək günləri bizə, bütün xalqımıza yaşatdığı üçün Uca Yaradana sonsuz həmd-sənalar edir, Qələbənin müəllifi və sərkərdəsi, Azərbaycan xalqının böyük oğlu, adı tarixin qızıl səhifəsinə Qarabağ Fatehi kimi yazılan Zati-aliləri Ali Baş komandan İlham Əliyev cənablarına xeyir-dualar diləyirik! Ulu Öndər Heydər Əliyevin siyasi məktəbini şərəflə davam etdirən Prezident İlham Əliyevin misilsiz uğurlarına görə biz Azərbaycan dövlətinin gələcəyinə böyük inam və ümidlə baxırıq və inanırıq ki, Allahın köməyi ilə xalqımız öz müzəffər lideri ilə birlikdə daha böyük zəfərlərə imza atacaqdır, inşallah.
Builki bayram, AMEA Şamaxı Rəsədxanasının hesablamalarına əsasən Qazılar Şurasının fətvasında qeyd olunduğu kimi, hicri-qəməri təqvimlə zilhiccə ayının 10-na, miladi tarixlə 6 iyun tarixinə təsadüf edir. Həmişə xaqlın dini inanclarının qayğısına qalan dövlətimiz iki günü – 6-7 iyun tarixlərini qeyri-iş günü elan etmişdir və bu özəl münasibətinə görə biz müsəlmanlar dövlət rəhbərimizə minnətdarlığımızı bildiririk. Şəri hökmlərə əsasən, 3 gün ərzində icra oluna bilən Qurban kəsimi həcc ziyarəti zamanı mütləq vacib əməldır, həcc xaricində olan müsəlmanların qurban kəsib ehtiyacı olanlara paylamaq niyyəti isə müstəhəb və savabdır. Hədislərdə qeyd olunduğu kimi, Qurban bayramının gecəsi və günü duaların müstəcab olduğu zamandır. Həmrəylik, yardımlaşma və mənəvi təmizlənmə rəmzi olan bu müqəddəs gündə Vətən uğrunda şəhid olan qəhrəman övladlarımızı rəhmət dualarıyla yad etmək, qazilərimizə, yaralılarımıza Allah-təaladan şəfaət və səadət diləmək, yaşlılara və imkansızlara şəfqət göstərmək bizim vəfa borcumuzdur.
Əziz həmvətənlərim! Nəzərinizə çatdırırıq ki, Qurban bayramı namazları ölkəmizin bütün mərkəzi məscidlərində qeyd ediləcək, o cümlədən paytaxt Bakının Əjdərbəy məscidində bayram namazı saat 08.00-də, Təzəpir məscidində 09.00-da qılınacaq. Bir daha bu əziz bayram münasibətilə Azərbaycan xalqını və dünya müsəlmanlarını təbrik edir, Qurban bayramının daşıdığı mənəvi dəyərlərə həmişə sadiq qalmağı Uca Yaradandan təmənna edirik. Allah-Təala bütün müsəlman ümmətinin ibadətlərini qəbul etsin, Azərbaycan dövlətini və dövlət rəhbərimizi qorusun, Allahın mərhəmət nəzəri daim Vətənimizin və xalqımızın üzərində olsun!
Qurban bayramımız mübarək olsun!"