Nizami rayonunda Gənclər Gününə həsr olunmuş tədbir keçirilib - VİDEO
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə “Zəfər konsepsiyası və Azərbaycançılıq ideologiyası kontekstində müasir gəncliyin prioritet vəzifələri” mövzusunda tədbir və “Qış məktəbi”nin bağlanış mərasimini keçirib. Butov.az xəbər verir ki, tədbir Dövlət Himninin səsləndirilməsi və müasir, müstəqil Azərbaycan Respublikasının banisi Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi naminə canını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra Azərbaycanda gənclər siyasəti, Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin gənclərə diqqət və qayğısı, tövsiyə və vəsiyyətləri barədə video-çarx nümayiş etdirilib. Tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Milli Məclisin deputatı Könül Nurullayeva, Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Nəzarət-Təftiş Komissiyasının üzvü Naqif Həmzəyev, Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərli, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov və başqaları çıxış ediblər. Qeyd olunub ki, 2 fevral - Azərbaycan Gəncləri Günü bütün gəncliyimiz üçün Ulu Öndər Heydər Əliyevin hədiyyəsi, diqqət və qayğısının nümunəsidir. Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq 1996-cı ildə Azərbaycanda qeyd olunub. Dünyada isə yalnız 1998-ci ildə gənclər günü elan edilib. Bu isə bir daha Ümummilli Lider Heydər Əliyevin Azərbaycan gəncliyinə verdiyi dəyərin parlaq göstəricisidir. Natiqlər Ulu Öndər Heydər Əliyevin mənəvi mirası olan Azərbaycançılıq ideologiyasının və öz canı, qanı bahasına torpaqları işğaldan azad etmiş, ərazi bütövlüyü və suverenliyi bərpa etmiş gəncliyimizin müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşdırdığı Zəfər Konsepsiyasının ölkə gəncliyi qarşısında müəyyən etdiyi prioritetlər barədə danışıb, qürurlu və qalib xalqımızın gələcəyi olan gəncliyimizin əsas vəzifələrindən bəhs ediblər. Çıxışlardan sonra Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə təşkil etdiyi “Qış məktəbi”nin bağlanış mərasiminə start verilib. Yanvar ayının 26-dan 30-dək keçirilmiş “Qış məktəbi” haqqında xülasə videosunun nümayişindən sonra gənclər adından rayon təşkilatının könüllüsü Aytac Şahverənli, “Qış məktəbi”nin könüllü iştirakçısı qardaş Türkiyə Respublikasının hakim partiyası AK Partinin gənclik qolunun üzvü Can Yücel çıxış edərək layihə barədə təəssüratlarını diqqətə çatdırıblar. Daha sonra Nizami rayonunun ictimai və mədəni həyatında fəallığına görə bir qrup gənc Nizami Rayon İcra Hakimiyyətinin fəxri fərmanları, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının ictimai-siyasi həyatında fəallıqlarına görə bir qrup gənc fəxri fərmanlar, təşəkkürnamələr, rayon təşkilatının könüllülük layihəsinin məzunları və “Qış məktəbi”ni uğurla başa vuran iştirakçılar sertifikatlar ilə təltif ediliblər. Tədbirə Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə yekun vurulub.
Keçmiş vəzifəli şəxslərin yarım milyonluq dələduzluq işinin məhkəməsi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə yarım milyondan çox dələduzluqda ittiham olunan Daxili İşlər Nazirliyinin Hava Nəqliyyatında Polis İdarəsinin keçmiş rəis müavini, polkovnik Rasim İldırım, Dünya Azərbaycanlıları İctimai Maarif Mərkəzinin rəhbəri, “Bakutime.az” saytının təsisçisi Zaur Mirzəzadə və Balakən dairə seçki komissiyasının keçmiş sədri Qoşqar Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Prosesdə sənədlərin tədqiqi mərhələsinin yekunlaşdığı və məhkəmə istintaqının tamamlanması elan edilib. Vaxt məhdudiyyətindən dövlət ittihamçısı və müdafiə tərəflərinin çıxışları fevralın 10-da keçirilməsi nəzərdə tutulan prosesdə olması gözlənilir. Qeyd edək ki, Rasim İldırımzadə, Zaur Mirzəzadə və Qoşqar Məmmədov əlbir olaraq xüsusilə külli miqdarda dələduzluq etməkdə təqsirləndirilir. Onlar barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham verilib. Xatırladaq ki, Zaur Mirzəzadə daha əvvəl bir qrup şəxslə birgə Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zaur Mirzəzadəyə bəraət verilib. Hökmdən narazı qalan dövlət ittihamçısı protest verib. Bakı Apellyasiya Məhkəməsi protesti təmin edib. Qərara əsasən, Zaur Mirzəzadə 5 il müddətinə azadlıqdan məhrum edilərək məhkəmə zalında həbs edilib. Ali Məhkəmədə keçirilən iclasda isə həmin qərar ləğv edilib və iş yenidən araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. Bakı Apellyasiya məhkəməsi qərarı dəyişdirib. Zaur Mirzəzadəyə bəraət verilib və o, məhkəmə zalından azad edilib.
Rusiya vədini pozub və ABŞ-ın Əbu-Dabidəki görüşdən sonra təklif etdiyi gərginliyin azaldılması addımlarını faktiki olaraq pozub. Bunu Ukrayna prezidenti Volodimir Zelenski bildirib. "Tramp Putindən bir həftə enerji zərbələrindən çəkinməsini istəyib. Ya Rusiya həftədə yalnız dörd günün olduğunu düşünür, ya da onlar həqiqətən müharibənin davamını istəyir. Ukrayna Rusiyanın hansı güzəştlərə getməyə hazır olduğunu eşitmək istəyir". Ukrayna prezidenti bildirib ki, zərbə razılaşmaları pozur və nəticələrə səbəb olmalıdır.
16 yaşı olmayanlara sosial şəbəklər qadağan olunur
İspaniyada 16 yaşdan kiçik uşaqların İnstaqram və TikTok da daxil olmaqla sosial mediadan istifadəsini qadağan etmək planlaşdırılır. Ölkənin Baş naziri Pedro Sançes bu yaş qrupu üçün sosial mediadan istifadəsini qadağan etmək niyyətində olduğunu və platformalardan yaş təsdiqləməsini tətbiq etməyi tələb etdiyini açıqlayıb. O, sosial medianı dezinformasiya və nifrət nitqinin təşviq edildiyi "uğursuz dövlət" adlandırıb. Bu təşəbbüs ümumavropa trendini izləyir. Belə ki, oxşar məhdudiyyətlər artıq Avstraliyada tətbiq edilib və Fransada təsdiqlənib. İspaniya qanunvericiliyi həmçinin platforma rəhbərləri üçün qanunsuz və ya nifrət dolu məzmunu silmədiklərinə görə hüquqi və cinayət məsuliyyəti nəzərdə tutur.
Sovet televiziya aparıcısı və Mərkəzi Televiziyanın diktoru, KVN-nin ilk aparıcısı Svetlana Jiltsova 89 yaşında vəfat etdi. Bu haqda onun həmkarı, televiziya aparıcısı Andrey Malaxov Telegram kanalında yazıb. "Bir əfsanə dünyasını dəyişdi: Svetlana Jiltsova bir dövrün səsi və siması, Mərkəzi Televiziyanın ən tanınan diktorlarından biri", - deyə o bildirib. O, "Gecəniz xeyirə qalsın, balaca uşaqlar!", "Zəngli saat" və "İlin mahnısı" kimi ən yüksək reytinqli verilişlərin diktoru kimi çalışıb. Jiltsova sovet televiziya aparıcısının təcəssümü hesab olunurdu.
Mərkəzi Hərbi-Həkim komissiyasının sabiq rəisi saxlanılıb
Müdafiə Nazirliyi Mərkəzi Hərbi-Həkim komissiyasının sabiq rəisi Rasim Həsənov saxlanılıb. R.Həsənov korrupsiya cinayətlərində ittiham olunur. Hazırda sərəncamda olan tibb xidməti mayoru Baş Prokuror yanında Korruspiayaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən tutulub. Ona Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham verilib.
Ermənistanın sabiq prezidenti Serj Sarkisyan müxalifəti birləşdirmək istədiyini bildirib. O bunun asan olmayacağını deyib. Onun sözlərinə görə, qarşıdan gələn parlament seçkilərində Respublika partiyasının iştirakı ilə bağlı hələlik konkret qərarlar qəbul edilməyib. "Əsas məqsəd hazırkı baş nazir Paşinyanın vəzifədən kənarlaşdırılması olaraq qalır. Müxalifəti birləşdirmək çox çətin bir işdir. Və biz vahid siyahı şəklində iştirak etməkdən danışmırıq. Amma görəcəyik", - o deyib.
Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KBMİ) bank və bank olmayan bir neçə kredit təşkilatının rəsmi səhifələrinin oxşarını yaradaraq sosial mediada elanlar yerləşdirib aşağı faizli kreditlər təklif edən haker şəbəkəsinə qarşı əməliyyat keçirib. Əməliyyat-texniki tədbirlər zamanı bir qrup zərərçəkənin kart məlumatlarının ələ keçirilməsinin üsul və vasitələrində oxşar elementlər aşkar edilib. Tədbirlərin davamı olaraq 500-ə yaxın şəxsə qarşı qabaqcadan əlbir olaraq kiberdələduzluqlar edən 23 yaşlı Kənan Qasımov və 30 yaşlı İmam İşməmmədov saxlanılıblar. Bu şəxslərin yaratdıqları fişinq səhifələrinin həqiqi elektron ünvanlarla vizual bənzərliyinə aldanan zərərçəkənlər qarşılarına çıxan saxta elanların real olduğuna inanıb və aşağı faizli kredit təkliflərinə aldanaraq müraciət ediblər. Bundan sonra isə vətəndaşlar onlardan tələb olunan kart məlumatları, yəni CVV və OTP təhlükəsizlik kodlarını K.Qasımovla İ.İşməmmədova göndəriblər. Vətəndaşların kart məlumatlarını ələ keçirən K.Qasımov və İ.İşməmmədov asanlıqla onların hesabına daxil olub və maddi vəsaitləri talayıblar. Onlar “izi” itirmək məqsədi ilə həmin pulları qanunsuz onlayn kazino oyunlarına və müxtəlif hesablara köçürərək nağdlaşdırıblar. Saxlanılan şəxslər ilkin ifadələrində indiyə qədər bu yolla 400.000 manata yaxın maddi vəsaiti ələ keçirdiklərini bildiriblər. Faktla bağlı Baş İdarədə cinayət işi başlanılıb, K.Qasımov və İ.İşməmmədov cinayət məsuliyyətinə cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, kredit və ya bu kimi sorğularla bağlı yalnız Mərkəzi Bank tərəfindən lisenziya verilmiş maliyyə qurumlarına müraciət edilməlidir. Həmçinin şübhəli şəxslərə, səhifələrə və linklərə daxil olaraq kart məlumatları göndərilməməli, risk ehtimalı olan hallarla qarşılaşdıqda isə dərhal bu barədə polisə məlumat verilməlidir.
Romada turistlərin adətən sikkə atdığı məşhur Trevi fəvvarəsinə yaxınlaşmaqla bağlı yeni qərar qəbul edilib. Yeni qaydalara əsasən, saat 09:00-dan 22:00-dək fəvvarəyə girmək istəyənlər 2 avro ödəməli olacaqlar. Beş yaşadək uşaqlar, əlilliyi olan şəxslər və Roma şəhərinin sakinləri bu ödənişdən azaddırlar. Gecə saatlarında və səhər tezdən isə fəvvarəyə yenə də pulsuz yaxınlaşmaq mümkün olacaq. Şəhər rəhbərliyinin hesablamalarına görə, bilet satışından ildə 6,5–20 milyon avro gəlir əldə olunacaq. Toplanan vəsaitin texniki xidmət xərclərinə və işçi heyətinin əməkhaqlarına yönəldilməsi planlaşdırılır. Turistlərin fəvvarəyə atdığı sikkələr isə əvvəlki kimi katolik xeyriyyə təşkilatı “Caritas di Roma”ya təhvil veriləcək. Qeyd edək ki, hər il Trevi fəvvarəsindən ümumilikdə təxminən 1,5 milyon avro dəyərində sikkə çıxarılır. Bu vəsaitin ehtiyacı olan insanlara yardım üçün istifadə olunduğu deyilir.
İşğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlər çərçivəsində Qubadlı şəhərində yeni yaşayış məhəlləsinin salınması planlaşdırılır. “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi tərəfindən elan edilən tender müsabiqəsi şəhərdə çoxsaylı yaşayış binalarının tikinti-quraşdırma işlərini əhatə edir. Mərkəzi qərargahı Zəngilan şəhərində yerləşən satınalan təşkilat bu layihənin icrası üçün qiyməti 36 225 492,39 azn məbləğində müəyyən edib. Tikinti işləri müasir şəhərsalma tələblərinə uyğun olaraq həyata keçiriləcək və Qubadlı şəhərinin yaşayış infrastrukturunun təməlini təşkil edəcək.
Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib. Bu barədə onun dostları məlumat yayıblar. O, ağır xəstəlikdən əziyyət çəkirmiş. Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb. 2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır. Allah rəhmət etsin!