Ərindən icazəsiz ata evinə gedən qadınlar həbs olunacaq - “Taliban”ın yeni qaydaları
“Taliban” rəhbərliyi Əfqanıstanda qadınların hüquqlarını ciddi şəkildə məhdudlaşdıran yeni qaydalar qüvvəyə mindirib. Sənəddə aşağıdakı müddəalar yer alır: Ali lider Heybətulla Axundzadə tərəfindən təsdiqləndiyi bildirilən qaydalara əsasən: Kişilərə, “sümük sınığı və ya açıq yara” olmadığı hallarda həyat yoldaşlarını döyməyə icazə verilir. Ərinin razılığı olmadan valideyn evinə gedən qadınlar (zorakılıqdan yayınmaq məqsədilə olsa belə) 3 aya qədər azadlıqdan məhrum edilə bilər. Rəqs etmək və musiqi ifa etmək cinayət əməli kimi qiymətləndirilir. Qızların təhsilinə tətbiq edilən qadağanın tənqidi hüquq pozuntusu sayılır. Qadınlar üzlərini tam şəkildə örtməli, yaxın qohum olmayan şəxslərin yanında danışmamalıdır. Qadınların səsinin kənardan eşidilməməsi üçün evdə ucadan danışması da qadağan edilir. Qanunun 9-cu maddəsinə görə, Əfqan cəmiyyəti dörd qrupa ayrılır: din alimləri, elita, orta təbəqə və aşağı təbəqə. Cinayət törədən din xadimi və ya elita nümayəndəsinə yalnız xəbərdarlıq tətbiq olunur. Orta təbəqə üçün həbs, aşağı təbəqə üçün isə həm fiziki cəza, həm də həbs nəzərdə tutulur. Hənəfi məzhəbinə aid olmayan şəxslər “bidətçi” və ya “dindən çıxmış” kimi qiymətləndirilir.
Türkiyə kinosunun tanınmış aktyoru Ali Tutal vəfat edib. Bir müddət əvvəl beyin qanaması keçirdikdən sonra xəstəxanaya yerləşdirilən 76 yaşlı aktyor həkimlərin bütün səylərə baxmayaraq, dünyasını dəyişib. A.Tutal bu günədək 60-dək filmdə və bir çox televiziya serialında rol alıb. Onlar arasında xüsusilə "Günəşi gördüm", "Geniş ailə", "Bərəkətli torpaqlar üzərində" və "Hökumət qadın"ı göstərmək olar.
Batut gimnastikası üzrə Azərbaycan millisinin üzvü Selcan Mahsudova Bakıda keçirilən Dünya Kubokunda gümüş medal qazanıb. İdmançı fərdi mübarizədə 56.440 xal toplayaraq ikinci yerə layiq görülüb. Qeyd edək ki, 6 ölkədən 66 gimnastın iştirak etdiyi turnirə bu gün yekun vurulacaq.
İran və ABŞ Tehrana qarşı tətbiq edilən sanksiyaların nüvə proqramına məhdudiyyətlər müqabilində aradan qaldırılmasının miqyası və mexanizmlərini fərqli qiymətləndirirlər. Bunu yüksəkvəzifəli İran rəsmisi "Reuters" agentliyinə müsahibəsində bildirib. O həmçinin əlavə edib ki, danışıqların yenidən bərpası mart ayının əvvəlinə planlaşdırılıb və bu mərhələdə aralıq sazişi imzalana bilər. Vurğulanıb ki, Tehran yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatlarının bir hissəsini ixrac etməyi, onun səviyyəsini aşağı salmağı və regional uran zənginləşdirmə konsorsiumu yaratmağı ciddi şəkildə nəzərdən keçirə bilər. Lakin, bunun müqabilində İranın "dinc məqsədlərlə uran zənginləşdirməsi" hüququ tanınmalıdır.
Ukraynadakı partlayışlar "terror" kimi araşdırılır
Bazar günü səhər tezdən Ukraynanın qərbində yerləşən Lvov şəhərində baş verən partlayışlar nəticəsində ölüm hadisəsi qeydə alınıb, onlarla insan yaralanıb. Rəsmilər hadisəni “terror aktı” kimi qiymətləndiriblər. Bu barədə CNN məlumat yayıb. Lvov vilayət prokurorluğunun məlumatına görə, partlayışlar polis əməkdaşları məlumat əsasında hadisə yerinə gedərkən baş verib. Bildirilib ki, ilk partlayış polis əməkdaşları hadisə yerinə çatdıqdan sonra baş verib, ikinci partlayış isə əlavə polis briqadası gəldikdən sonra qeydə alınıb. Hücum nəticəsində 23 yaşlı qadın polis əməkdaşı həlak olub. Prokurorluğun məlumatına əsasən, patrul avtomobili və mülki nəqliyyat vasitəsi də zədələnib. Lvov vilayət prokurorluğu “ağır nəticələrə səbəb olan terror aktı” faktı üzrə istintaqa başladığını açıqlayıb, lakin hadisənin dəqiq şəraitinin hələlik aydın olmadığını bildirib. Lvovun meri Andriy Sadovıy Facebook-da paylaşımında: “Bu, şübhəsiz ki, terror aktıdır”, - deyə yazıb. Hücumun kim tərəfindən törədildiyi barədə hələlik rəsmi məlumat verilməyib.
Tehrandakı Şərif Texnologiya Universitetinin tələbələrinin yanvar hadisələrində həlak olanların xatirəsinə həsr olunmuş mitinqi etiraz aksiyasına çevrilib. Bu barədə Fars agentliyi məlumat yayıb. Sosial şəbəkələrdə yayılan məlumatlarda bildirilir ki, Tehran və Məşhəd şəhərlərində bir neçə universitetdə də nümayişlər keçirilib. Qeyd olunur ki, Şərif Texnologiya Universitetində keçirilən aksiya “Bəsic” qüvvələrinin könüllü dəstələri ilə toqquşma ilə nəticələnib.
Fevralın 23-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 22-dən 23-nə keçən gecə bəzi şəhərətrafı ərazilərdə az çiskinli olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-5° isti, gündüz 7-11° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq. Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Gecə və axşam ayrı-ayrı yerlərdə intensivləşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüz yağıntıda fasilə olacaq. Gecə və səhər bəzi yerlərdə duman. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-7° isti, gündüz 10-15° isti, dağlarda gecə 0-4° şaxta, gündüz 3-8° isti olacaq.
"Taliban" hərəkatının başçılıq etdiyi Əfqanıstanın müvəqqəti hökuməti son hava zərbələrinə cavab verəcəyi barədə Pakistana xəbərdarlıq edib. Bu barədə "Mehr" xəbər agentliyi məlumat yayıb. "Taliban" administrasiyasının müdafiə nazirliyi Pakistan aviasiyasının Nanqarhar və Paktika vilayətlərinə zərbələr endirdiyini bildirib. Kabildəki "Taliban" nümayəndələri İslamabadın zərbələrinin "Təhriki Taliban" (Pakistan Talibanı Hərəkatı) hərəkatının bazalarına yönəldilməsi barədə bəyanatlarını rədd ediblər. Məlumatlara görə, Paktika vilayətində son hava əməliyyatı zamanı dini məktəb vurulub. Bu arada, Pakistanın informasiya naziri zərbələrin Əfqanıstan sərhədi yaxınlığında "Təhriki Taliban" və İŞİD-in sığınacaqlarına endirildiyini bəyan edib.
Fevralın 22-nə keçən gecə Rusiya qüvvələri dronlar və raketlərdən istifadə edərək Kiyevə kütləvi hücum həyata keçirib. Bu barədə Ukrayna Hərbi Hava Qüvvələri və Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko məlumat verib. Hücum nəticəsində Svyatoşın rayonunda yerləşən çoxmərtəbəli yaşayış binasına ziyan dəyib, binanın damında yanğın yaranıb. Paytaxtda hava həyəcanı elan olunub. Kiyev Şəhər Hərbi Administrasiyası paytaxtın yaxınlığında Rusiyay məxsus dronların qeydə alındığını bildirib. Sonra Ukrayna Hərbi Hava Qüvvələri Kiyevə qarşı təkcə pilotsuz aparatların deyil, həm də qanadlı raketlərin hücumunun davam etdiyini açıqlayıb. Hazırda mümkün itkilər və dağıntıların miqyası ilə bağlı məlumatlar dəqiqləşdirilir. Hadisə yerində təcili xidmət əməkdaşları işləyir.
Paytaxtın mərkəzində evlər söküləcək: Park salınacaq - VİDEO
Hazırda paytaxt Bakı şəhərində bir neçə istiqamətdə söküntü işləri aparılır. Bəzi ərazilərdə söküntülər özəl tikinti şirkətləri tərəfindən həyata keçirilir ki, bu da qəzalı vəziyyətdə olan köhnə çoxmənzilli yaşayış binalarının və fərdi yaşayış evlərinin sökülməsini əhatə edir. Hazırda isə Yasamal rayonunun "Sovetski" adlanan ərazisində söküntü işləri dövlət tərəfindən aparılır. Bu ərazilər dövlət ehtiyacları üçün alınır və yaxın gələcəkdə burada böyük parkların salınması planlaşdırılır. "Sovetski" adlanan ərazidə ilin sonunadək 4 200-dən çox mənzilin sökülməsi nəzərdə tutulur. Dövlət layihəsinə əsasən, indiyədək "Sovetski"də 600 mənzil tam, 850-yə yaxın mənzil isə qismən sökülüb. Məqsəd Bakını müasir görkəmdə, daha avanqard və rahat şəhərə çevirməkdir. Yenidənqurma işləri aparılan ərazilərdə mədəniyyət abidələrinin və dövlət əhəmiyyətli tikililərin sökülməsi nəzərdə tutulmayıb. Yəni müasirliklə tarix vəhdət təşkil edəcək. Bu isə dövlətin mədəni irsə həssas yanaşmasının bariz nümunəsidir. Söküntü işləri paytaxtın tarixi binalarını qorumaqla yanaşı, yaşıllıq ərazilərinin genişləndirilməsinə yönəlib. Necə ki, illər əvvəl Mərkəzi park da eyni məqsədlə salınıb. Beləliklə, şəhərin mərkəzində həm ekoloji mühit yaxşılaşacaq, həm də sakinlərin asudə vaxtlarının daha rahat təşkili təmin olunacaq. Nəticədə paytaxt Bakı daha insanyönümlü şəhərə çevriləcək. Sakinlərin sözlərinə görə, hazırda ərazidə hava bir qədər küləklidir və insan azdır. Lakin yay aylarında burada sıxlıq yaşanır: "İndi hava bir az küləklidir, adam azdır. Amma yayda burada tərpənmək olmur. Ərazi nə qədər böyük olsa, bir o qədər yaxşı olar, inşallah". Digər sakin isə qeyd edib: "Bura insanların istirahət üçün seçdiyi məkandır. Xüsusilə həftəsonları daha da abadlaşdırılsa, çox gözəl olar". Qeyd edək ki, paytaxtın yeddi rayonunda - Yasamal, Binaqədi, Nərimanov, Xətai, Nəsimi, Sabunçu və Suraxanıda istismar müddətini başa vurmuş binaların sökülməsi nəzərdə tutulub.
Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib. Bu barədə onun dostları məlumat yayıblar. O, ağır xəstəlikdən əziyyət çəkirmiş. Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb. 2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır. Allah rəhmət etsin!