“Ana dilim, varlığım” - yaddaşlardan silinməyəcək .....                        Trampın iqamətgahına daxil olmaq istəyən şəxs güllələnib .....                        Ukrayna ordusu əks-hücumlara başladı .....                        Hindistan ABŞ-la danışıqları təxirə saldı .....                        Ülviyyə Fətəliyeva Azərbaycan çempionu oldu .....                        Xamenei öləcəyi təqdirdə hökumətin işi ilə bağlı plan hazırlatdırır .....                        Pakistan bu ölkəyə zərbə endirdi - Ölənlər var .....                        Yollarda görünüş 500 metrədək məhdudlaşacaq .....                        Rusiyada bu hava limanı bağlandı .....                       
Bu gün, 16:37
Kənddə qalan xatirələr


Bir görüşün təəssüratı


Kənddə qalan xatirələr

Mamamoğlu Osmandan yaman qəribsəmişdim. Neçə vaxtdı görmürdüm deyə burnumda tütürdü. Ümidlənmişdim ki, nəvəsinin toyunda görüşərik, amma şadlıq evinə də gəlmədi. Anladım ki, ayaqdan qalıb. Evinə getmək istədim. Dedilər daha Lökbatanda qalmır. Masazırda- kiçik öğlu Elməddinlə qalır. Tərslikdən elə bil Masazırın yolları bağlandı. Yüz yerə getdik, yüz ünvanda olduq, billah tilsimə düşmüş bu görüşümüz baş tutmadı. Qohumum, uşaqlıq dostum-sinif yoldaşım Ramiz Əsədovla 2024-cü ildən başlanan görüş hazırlığımız nəhayət 2026-cı ilin fevralında baş tutdu.
Üz tutduğumuz ünvan, getdiyimiz yollar, soraqlaşdığımız adamlar, döydüyümüz sarı darvaza, bizi qapıda qarşılayan uşaqlar-hamısı Abşeron rayonuna aid idi. Nə biz Şəhid əmisinin adını daşıyan on bir yaşlı Usubu tanıdıq, nə də qohumlarını qarşılamağa çıxan Əsma bizi tanıdı. Fəqət içəridə hər şey bambaşqaydı. Doğma səslər, doğma baxışlar bir göz qırpımında məni xəyalların qanadına alıb Zəngəzura- kəndimizə apardı. Osman mamaoğlumun yadımda qalan ilk xatirəsi gəldi gözümün qabağına:
Atmışıncı illərin əvvəlləri- ya 3, uzağı 4 yaşım olardı. Ağlım kəsmirdi ki, əsgərlikdən gəlib, yoxsa İrəvanda təhsili başa vurub qayıdıb. Təkcə o xatirimdədir ki, bəstəboy, yaraşıqlı oğlan idi. Dədəm qonaq çağırıb başına adam yığmışdı. Əsil kef məclisi idi. Kişilər yeyib içəndən sonra dedilər Osman oxusun. Kənd yeri, musiqi yox, alət yox. Osman taburetkanı (kətili) dizinin üstünə qoyub nağara kimi çalmağa başladı. Rəhmətlik Əli dayı da boşaltdıqları araq butulkasını saz yerinə sinəsinə basıb oxudu. Sonra bir müddət deyişdilər. Çal-çağırlı məclis xeyli çəkdi...
Yaddaşımdakı xatirələr birbəbir çözələndi. Dədəmin Kəhər atı necə həvəslə yəhərləyib Osman üçün Qarakilsənin Şıxlar kəndindən gəlin gətirməyə getdiyi və başqalırı...

Beləcə mən uşaqlıq, mamamoğlu gənclik həyatını davam etdirdi... Oxucularımızı onunla daha yaxından tanış edim, sonra söhbətimizə davam edək:
Poladov Osman Əsəd oğlu 10 oktyabr 1940-cı ildə Qafan rayonunun Kurud kəndində anadan olub. 1947-ci ildə birinci sinfə gedib. 1955-ci ildə Kurud kənd 8 illik məktəbini bitirib. Təhsilini davam etdirmək üçün Gığı kənd orta məktəbinə ayaq döyüb. 1957-ci ildə orta təhsilini başa vurduqdan sonra İrəvan Kənd Təsərrüfatı Texnikumuna daxil olub. 1961-ci ildə kəndə qayıdaraq bir müddət aqronom işləyib, 1964-cü ildə Azərbaycan Pedaqoji Institutuna daxil olub. Pedaqoji institutu müvəffəqiyyətlə başa vurub. 1968-ci ildən1988 -ci ilə kimi Kurud kənd məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi işləyib.
Deyim ki, bu illər ərzində Osman müəllim rayon ictimaiyyəti arasında xeyli şöhrətləndi. Sazı-sözü dillər əzbəri oldu. Məni əsgərliyə sədəfli sazını dindirərək yola saldı. Mən əsgərlikdən gələndən sonra qohumluğumuzun dostluq mərhələsi başladı. Bayırçılıq, yol yoldaşlığı, yeri gələndə sirdaşlıq. 18 yaş mənnən böyük olsa da mənə həm sayğı, həm qayğı göstərirdi. Heç vaxt adımı çağırmazdı. Həmişə dayıoğlu deyib əzizləyərdi. Osman müəllim mahir ovçu idi. Onunla hər ovçu mənzil kəsib, bərə tuta bilməzdi. Biçin vaxtı kələntəsinin fışıltısı biçənəklərə səs salardı. Məsuliyyətlə, çəkinmədən deyirəm ki, qoçaqlıqda tayı- bərabəri yox idi. Oduna gedərdik, hamıdan qabaq yükü tutub meşədən çıxardı. Kəndimizin cavanları güc nümayiş etdirəndə o öz çəkisindən ağır daşın belinə kəndir bağlayıb dişi ilə qaldırardı. Qaçışda, uzununa, hündürlüyə tullanmaqda, at minməkdə də tay-tuşlarından geri qalmazdı. 1988-ci ilə qədər bu minvalla yaşadıq. O müdhiş ilin qan-qadası yurdlarımızı viran qoydu. Osman müəllim də ailəsini götürüb Şimali Azərbaycana pənah gətirdi.
1989-cu ildə Bakı şəhəri ətrafındakı Sanqaçal qəsəbəsində 222 saylı orta məktəbdə işə başladı. 1992-ci ildən 1993-ci ilə qədər Bakı şəhəri 139 saylı məktəbdə dərs dedi. 1993-cü ildən Bakı şəhəri 288 saylı orta məktəbdə müəllimlik fəaliyyətini davam etdirdi. Qaradağ rayon İcra hakimiyyəti tərəfindən dəfələrlə Fəxri fərmanlarla təltif olundu...
Gözümü xatirələr “lentindən” Ülkərin səsi ayırdı. Yadımda bapbalaca, toppuş qalan, təzə-təzə dil açanda şirin-şirin danışan Ülkərimiz ayrılıq salan bu illərin keşməkeşlərində tamam dəyişib. Bizə xoşgəldiniz deyən, uşaqları qabağımıza çıxan qohumum Vüsaləni heç tanımadım. Sonradan öyrəndim ki, rəhmətlik Şəmsinin qızıdır. Bu evin gəlini, Osman müəllimin oğlu Elməddinin həyat yoldaşıdır. Qəribçiliyin doğurduğu həyəcan dolu anlarımızın kövrək notları çalındı. Bir tərəfdə divanda dirsəklənmiş mamoğlum gəlişimi gözləyir, digər yanda çarpayıda xəstə yatan Balaxanım mamam ağrısını unudub yerindən qalxmağa çalışır. Bir vaxtlar Şıxlardan Kuruda gəlin köçən, kəndimizdə gözəlliyi dillərə düşən, işvəli, qəmzəli Balaxanımdan əsər-əlamət qalmayıb. İki tərəfə baxa-baxa arada qaldım. Hansına tərəf gedim, hansına sarılım, bilmədim. Nəhayət hərəsi ilə bir xeyli baş-başa qaldıq. O dəqiqələrdə mənə elə gəldi ki, köksümdə 3 ürək döyünür. Özümü o qədər bəxtiyar hiss edirdim... Ayrılığın göz yaşları doğmalarımızın, elə özümün də amanımı kəsmişdi.

Xeyli dərdləşdik. Çoxdan unutduğum bir çox uşaqlıq, gənclik xatirələrimi yadıma saldılar. Arada Balaxanım mamam dedi,- nənəm məni dağın o üzündən bu üzünə ərə vermək istəmirdi ki, uzaq düşərəm. Özümə demişdi ki, elçiliyinə Ziyəddin gəlməsəydi səni kənddən qırağa buraxan deyildim. Gör indi hardan haralara gəldik?!
Ayrılıq dərdindən yaxa qutarmaq üçün süfrə arxasına keçdik. 38 ilin Vətən həsrətindən sonra Masazırda qohum süfrəsində əyləşdik. Ülkərlə Vüsalənin hazırladığı xörəklərdə rəhmətlik Zivər mamamın, Balaxanım mamamın, Çimnaz mamamın əllərinin duzu-tamı hiss olunurdu. Elə süfrə arxasında da acılı- şirinli xatirələmizi bölüşdük. Osman müəllim özünün ayrılıq dərdini də, ayrı düşdüyü gileyli dağların dərdini də belə ifadə elədi:
Nə dərdin var de söyləyim,
Sizdən ayrı elə dağlar.
Mənim sizə qayıtmağım,
Qaldı ildən ilə dağlar.

Yaylaqlardan kəsilib iz,
Yol gözləyir lalə, nərgiz,
Səbəbini bilmirik biz,
Niyə olduq belə, dağlar.

Dərələrə çöküb duman,
Nə sürü var, nə də çoban,
Göz yaşını yaşıl orman,
Tökdü gilə-gilə dağlar.

Gözələri örtüb sal buz,
Görünmür baldırğan, yarpız,
Sara adlı gözəl bir qız,
Düşdü sizdə selə dağlar.

Yoxdur çadır, gəlmir karvan,
Yurd yerləri ağlayır qan,
Sizdə qaldı bacım Sehran,
Yanıb döndüm külə dağlar.

Hicran məni çəkib dara,
Tapılmır dərdimə çarə,
At sürdüyüm oylaqlara,
Baxdım gələ-gələ dağlar.

Kirs-Kuruddan aralıyam,
Nisgilliyəm, yaralıyam,
Tez-tez sorma haralıyam,
Tutma məni dilə dağlar!


Bu şeir Osman müəllimin neçə-neçə qaysaqlanmamış yaralarının illərdi qövr etməsindən soraq verir. Divar qonşusu, həm də qohumu Saranın selə düşməsi, bacısı Sehranın cavan yaşlarında, 5 balasını ağlar qoyub dünyadan köçməsi, yaylaqlardan ayaq izlərinin kəsilməsi də şair Osmanın dərdinin üstünə dərd gətirib. Qürbətdə qalıb dağlarla halallaşa bilməməsi onu bir az da üzüb...
Balaxanım mamam isə bu xəstə halı ilə ayaqlanıb bizə özü qulluq edə bilməməsinin üzüntüsünü çəkir. Onda anlayıram ki, bizim ailə, valideynlərim onu niyə, hansı xasiyyətlərinə görə bu qədər çox istəyirmiş. Üzülməsin deyə qolumu boynuna salıb, könlünü oxşaya-oxşaya dilə tutub yatağına uzanmasına razı salıram. Yorğanını üstünə çəkirəm, hiss edirəm ki, çox rahatlanır. O rahatlıqdan mən də pay götürürəm. Anam da belə idi. Elə bilirdim ki, başını sinəmə söykəyəndə dincəlir. Üstünə yorğanı mən çəkəndə daha rahat yatır. Balaxanım mamamın üstünü örtəndə
elə bildim anam yaşayır, onun üstünü örtürəm. Ürəyimə qəribə hiss doldu. Dedim,- İlahi, qəriblik insanı nə qədər doğmalaşdırarmış...

Tamxil ZİYƏDDİNOĞLU
Bu gün, 16:09
GƏNC MÜŞFİQİN İŞIĞI


GƏNC MÜŞFİQİN İŞIĞI

Müşfiq Mikayıl oğlu Nəsirli 15 oktyabr 2001-ci ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olub. İlk təhsilini Naxçıvan şəhərindəki 8 nömrəli orta məktəbdə alıb. Müşfiq orta məktəbi orda tam bitirmədiyi üçün dostlarından və doğulduğu doğma diyarı qədim Naxçıvandan ayrılmaq istəməsə də ailəsinin paytaxta köçməsi ilə əlaqədar təhsilinin davamını , Bakı şəhərində, 181 nömrəli orta məktəbdə tamamlayıb. Oxuduğu illərdə o şagirdlər içində fəallığı ilə seçilib. Vətənpərvər mövzulara daha ciddi və həssas yanaşaraq, vətən, bayraq sevgisini ruhuna hopduraraq coşğun ruhlu böyüyürdü. Doğma Qarabağın işğalı hamı kimi onun da kiçik qəlbində böyük bir yük olmuşdu. Bacardığı qədər əsgər getməzdən öncə İnformasiya cəbhəsinin əsgərinə çevrilmişdi.

Vətənə xidmət üçün həsrətlə gözlədiyi gün nahəyət gəlib çatdı. Müşfiq 2020-ci ildə hərbi xidmətə yollandı. O 44 Günlük Vətən Müharibəsi müddətində vətən borcunu ödədi. Hazırda Müşfiq Nəsirli Azərbaycan Memarlıq Və İnşaat Universitetində Logistika və Nəqliyyat Texnologiyaları üzrə təhsilini davam etdirir və eyni zamanda işgüzarlığı, hər sahəyə marağı sayəsində bir müddət Gənclər və İdman Nazirliyinin Şağan Olimpiya Kompleksində menecer vəzifəsində çalışdı. Daha sonra isə Gənclər və İdman Nazirliyinin idman şöbəsində menecer kimi fəaliyyət göstərdi. 2021-ci ildən Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı İctimai Birliyi Gənclər Təşkilatında sədir müavini olan Müşfiq Nəsirli vikipediya hərəkatına qoşulub və bu günə qədər də fəaliyyətini davam etdirir. Bakı Nəqliyyat Agentıiyinin təcrübə proqramına qoşulan gəncimiz oranı da əla bitirib.
O çtimai işlərdədə də çox fəaldır. Hazırda da TAİB-Türk Ağsaqqaları İçtimai Birliyi Gənclər Təşkilatının sədr müavinidir.

TAİB Gənclər Təşkilatının ən önəmli məsələlərindən biri də Türkiyə-Azərbaycan qardaşlıq bağlarının daha da möhkəmləndirilməsi, türk birliyinə töhfə verilməsidir. Bu gün Azərbaycan–Türkiyə münasibətlərinin davamlı və sarsılmaz qalması üçün iqtisadi və siyasi bağlarla yanaşı, mənəvi körpülərə də ehtiyac var. Müşfiq Nəsirli kimi gənclər həmin körpülərin canlı dayaqlarıdır. Onlar qardaşlığı sözlə deyil, əməllə yaşadırlar. Bu nüanslara önəm verən gənclər təmsil olunduqları birliyin Türkiyədə də mərkəz açaraq daha geniş fəaliyyət göstərirlər.
Müşfiq Nəsirli daha çox layihələrlə işləməyə üstünlük verir. Onun ilk layihəsi ixtisası üzrə olub. Şəhər nəqliyyatı ilə bağlı verdiyi layihə dövlət tərəfindən dəstəklənərək, uğurla nəticələnib.

Bir sözlə Müşfiq Nəsirli haqqında onun gördüyü çox işlərdən sizlərə bir qismini təqdim edirəm. Onun bu gənc yaşında işlədiyi bir neçə Lahiyəsi dövlət tərəfindən qiymətləndirilmişdir. Onlardan biri də 6 fevral 2026 –cı ildə TAİB-in Ofisində təşkil olunmuş, “Heydər Əliyev irsinin tarixi və gələcək izləri” mövzusuna həsr olunmuşdur. Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və Türk Ağsaqqalları İctimai Birliyinin tərəfdaşlığı ilə TAİB GT-ın sədr müavini Müşfiq Nəsirli Mikayıl oğlunun “Heydər Əliyev irsinin tarixi və gələcək izləri” adlı tədbiri yüksək səviyyədə keçirildi.
Tədbirdə Türk Ağsaqqalları Birliyinin Sədri, AMEA-nın müxbir üzvü, Uroloq, Tibb Elmləri doktoru professor, Azərbaycan Respublikasının dövlət və elm xadimi, Azərbaycan Tibb Universitetinin Urologiya kafedrasının müdiri, məşhur “91”-lər sırasında olaraq Yeni Azərbaycan Partiyasının yaradıcılarından biri, keçmiş Milli Məclis Deputatı- Sudeif İmamverdiyev və təşkilatın idarə heyətinin üzvləri, Azərbaycan Respublikasının xalq rəssamı, Heykəltəraş professor, Rusiya Rəssamlıq Akademiyasının fəxri akademiki əməkdar incəsənət xadimi, Azərbaycan Rəssamlar Akademiyasının prorektoru - Fuad Salayev, Azərbaycan Ağsaqqallar Şurasının idarə heyətinin üzvü, I Qarabağ Müharibəsinin iştirakçısı, Azərbaycan Respublikasının əməkdar müəllimi, professor İbrahim Quliyev, Nizam- intizam komissiyasının sədri, keçmiş dövlət qulluqçusu - Nüsrət Paşayev, TAİB-in qadınlar şurasının sədr müavini, şairə - Sara Göyçəli çıxış etdi.

Azərbaycan Xalqının Xilaskarı Heydər Əliyevin fəaliyyətinə həsr olunmuş Video-çarx nümayiş olundu. Sənətkar Xəyyam Səmədovun əl işi olan sapla toxuduğu Heydər Əliyevin portreti nümayiş olundu. Daha sonra çıxış edən rəsmi nümayəndələr Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı danışıb öz xatirələrini bölüşdülər.
Vətən və Vətəndaşlara olan sevgiləri yolunda Müşviqə və onun kimi bütün gənclərə bol-bol uğurlar. Harda olursa olsun hər zaman insanların etimadını doğruldan Müşfiq Nəsirli kimi gənclərin valideynləri qədər mən də qürür duyuram. Gələcəymizin Vətənpərvər gənci Müşfiq Nəsirlidə İşıq görürəm. O, bu yolda saysız mükafatlara da layiq görülüb. Ata-Ana başını uca edən Müşfiq Nəsirli üzün ağ olsun!

Sara GÖYÇƏLİ (Şərifova)

Şair- publist “Qızıl Qələm” və “Xan qızı Natavan” media mükafatları laureatı,
AJB üzvü. TAİB Qadınlar Şurasının sədr müavini
02.2026
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!