Paşinyan Gümrüyə nəzarəti itirirErmənistanın ikinci ən böyük şəhəri olan Gümrüdə yerli seçkilər keçirilib.
Ermənistanın Baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi Mülki Müqavilə Partiyası səslərin cəmi 36,8 faizini toplayıb və şəhər şurasında mütləq çoxluq əldə edə bilməyib.
Onun potensial müttəfiqi olan Qərbyönlü “Avrosəs” bloku isə 6 faizlik keçid baryerini aşa bilməyib və nəticədə şurada təmsil olunmaq hüququ qazanmayıb. Qeyd edək ki, şura Gümrünün yeni meri təyin etmək səlahiyyətinə malikdir.
Seçkilərdə Ermənistan İcma Partiyasının namizədi, keçmiş mer Vartan Qukasyan 20,7 faiz səslə ikinci yeri tutub. Üçüncü yeri isə müxalifətçi deputat Martun Qriqoryanın rəhbərlik etdiyi “Bizim Şəhər” bloku 15,9 faiz səslə qazanıb. Daha iki müxalifətçi namizəd – televiziya prodüseri Ruben Mxitaryan və iş adamı Karen Simonian isə müvafiq olaraq 7,9 və 6,2 faiz səs toplayıblar.
Beləliklə, müxalifət qüvvələri Gümrü şəhər şurasında 33 yerdən 18-ni əldə edib, vahid namizəd irəli sürmək və mer postuna öz namizədlərini gətirmək imkanına sahib olublar. Qukasyan seçki kampaniyası zamanı bildirib ki, digər müxalifət qüvvələrindən daha çox səs toplasa, şəhərin meri ola bilər
Mxitaryan və Simonianın blokları dərhal Qukasyanın namizədliyini dəstəkləyəcəklərini açıqlayıblar. Lakin Qriqoryan hələ ki, onun namizədliyini dəstəkləyəcəyi barədə açıq bəyanat verməyib.
Mülki Müqavilə Partiyasının vəzifəli şəxsi Vahe Qalumyan seçki nəticələrini şərh edib və iqtidar partiyasının yeni şəhər şurasına nəzarət edə bilməyəcəyini etiraf edib. O, bunun məğlubiyyət kimi dəyərləndirilməməsi lazım olduğunu iddia etsə də, siyasi ekspertlər bunu Paşinyan üçün ciddi uğursuzluq hesab edirlər.
Qeyd edək ki, Mülki Müqavilə Partiyası İrəvan yaxınlığında keçirilən başqa bir seçkidə də məğlub olub. O seçkilərdə müxalif “Aprelu Yerkr” bloku 56 faiz səs toplayaraq qalib gəlib.
Seçki prosesi ərzində bəzi qanun pozuntuları qeydə alınıb. Müxalifət nümayəndələri və müstəqil müşahidəçilər Gümrüdə müxtəlif seçki pozuntularının olduğunu bildiriblər. Müxalifətçi Qriqoryan seçkilər zamanı hüquq-mühafizə orqanlarını onun tərəfdarlarını qanunsuz şəkildə saxlamada ittiham edib. Ermənistanın Antikorrupsiya Komitəsi isə onların seçki cinayəti törətməkdə şübhəli bilinərək saxlanıldığını açıqlayıb.
Qeud edək ki, Gümrü həm Ermənistanın ikinci ən böyük şəhəri, həm də Rusiya hərbi bazasının yerləşdiyi bir məkan kimi xüsusi önəm daşıyır. Bu şəhərdə siyasi qüvvələrin dəyişməsi ölkə siyasətinə ciddi təsir göstərə bilər.