Özümüzü müdafiə etmək gücümüz var - İran XİN"İrana hər hansı potensial hücuma güclü və qətiyyətli cavab veriləcək"
Bunu İranın xarici işlər naziri Arakçi CNN Türk-ə verdiyi müsahibədə vurğulayıb.
Arakçi Türkiyə ilə İran arasında münasibətlərin güclü və konstruktiv olduğunu və iki ölkənin daim fikir mübadiləsi apardığını deyib. O bildirib ki, yanvarın 30-da Ankaraya səfəri zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Hakan Fidan ilə görüşüb və regional problemlərin diplomatiya yolu ilə həll yollarını tapmaq barədə fikir mübadiləsi aparıb.
Türkiyənin İrana qarşı mövqeyini həmişə konstruktiv hesab etdiklərini vurğulayan Arakçi deyib: "Türkiyənin İrana baxışları həmişə çox konstruktiv olub və bu, bizim üçün olduqca vacibdir. Xüsusilə İranla işğalçı İsrail rejimi arasında 12 günlük müharibə zamanı Türkiyənin çox konstruktiv yanaşmasını gördük. İran və Türkiyə xalqları arasında çox güclü bir bağ var".
Nazir hazırda Vaşinqtonla danışıqlar üçün ciddi bir əsas olmadığını bildirdi. O, səmərəli danışıqlar üçün əvvəlcə təhdid və təzyiq atmosferinin aradan qalxmalı olduğunu vurğulayıb.
Arakçi ABŞ-ın tez-tez üçüncü ölkələr vasitəsilə İranla əlaqə qurmağa çalışdığını bildirib və əlavə edib ki, Tehran ədalətli və balanslı diplomatiyaya hazırdır. Bununla belə, o, danışıqların diktə yolu ilə aparıla bilməyəcəyini deyib.
İranın müdafiə qabiliyyətinə toxunan XİN başçısı hər hansı potensial hücuma güclü və qətiyyətli cavab veriləcəyini vurğulayıb. Ötən ilin iyun ayında baş verən hücumun uğursuz olduğunu deyən Arakçi oxşar vəziyyətin eynilə nəticələnəcəyini bildirib və əlavə edib ki, "əgər hücum olarsa, biz sərt və çox güclü cavab verəcəyik".
Xarici işlər naziri İranın özünü müdafiə etmək gücünə malik olduğunu vurğulayaraq deyib: "Özümüzü müdafiə etmək gücümüz var, heç kimə ehtiyacımız yoxdur".
O, İranın fərqli variantlarının olduğunu və bütün ssenarilərin qiymətləndirildiyini bildirib. Nazir İran rejimi və hökumətinin mümkün hücuma qarşı cavab tədbirləri ilə bağlı tam razılığa gəldiyini vurğulayıb.
Arakçi kəşfiyyat hesabatlarının diqqətlə izlənildiyini və hər bir ehtimala hazırlıq görüldüyünü bildirib.
Avropa Birliyinin İran İnqilab Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı kimi tanımasına sərt reaksiya verən Arakçi, bu qərarın "böyük strateji səhv" olduğunu iddia edib.
İrandakı etirazlara münasibət bildirən nazir ölənlərin sayının təxminən 3100 olduğunu bildirib və daha yüksək rəqəmlərlə bağlı iddiaların həqiqəti əks etdirmədiyini söyləyib.
İranda rejim dəyişikliyi iddialarına toxunan Arakçi, bunun real olmadığını bildirərək, ölkəsindəki siyasi sistemin dərin köklərə malik və güclü olduğunu deyib.