ABŞ-nin İrana qarşı əsas tələbləri AÇIQLANDIABŞ-ın İrana Cenevrə danışıqlarında irəli sürdüyü tələblər məlum olub.
“The Wall Street Journal” nəşrinin amerikalı rəsmilərə istinadən yaydığı məlumata görə, Vaşinqton Tehrandan Fordo, Natanz və İsfahan şəhərlərində yerləşən üç əsas nüvə obyektinin ləğvini tələb edir. Bundan əlavə, ABŞ İranın zənginləşdirilmiş uran ehtiyatlarının tam şəkildə Amerika nəzarətinə verilməsində israrlıdır.
Məlumata əsasən, ABŞ tərəfi uranın sıfır səviyyədə zənginləşdirilməsi prinsipini əsas şərt kimi irəli sürüb. Bununla yanaşı, danışıqlar aparan nümayəndə heyəti tibbi məqsədlər üçün aşağı səviyyəli zənginləşdirmə aparılması məqsədilə Tehrandakı reaktorun yenidən işə salınmasını müzakirə etməyə hazır olduğunu bildirib.
Vaşinqton mümkün razılaşmanın müddətsiz olmasını istəyir. Sanksiyaların isə ilkin mərhələdə minimal şəkildə yumşaldılması, sonradan isə əlavə güzəştlərin mümkünlüyü nəzərdə tutulur.
WSJ yazır ki, İran tərəfi uranın zənginləşdirilməsinin uzunmüddətli dayandırılmasını və ya prosesin ərəb–İran konsorsiumu vasitəsilə həyata keçirilməsini istisna etmir. Bu model ABŞ üçün əlavə nəzarət mexanizmi yarada bilər.
Qeyd edək ki, bu gün Cenevrədə ABŞ və İran arasında nüvə sazişi ilə bağlı danışıqların üçüncü raundu başlayıb. Bundan əvvəlki görüş fevralın 17-də keçirilib. İranın xarici işlər naziri Abbas Əraqçi əvvəlki görüşdən sonra tərəflərin əsas məsələlər üzrə razılıq əldə etdiyini və detallara keçməyə hazır olduqlarını bildirmişdi.