Azərbaycan Respublikasının Küveyt Dövlətindəki Səfirliyində Ümummilli lider Heydər Əliyevin vəfatının 13-cü ildönümünə həsr olunmuş anma mərasimi keçirilib.Butov.az xəbər verir ki, səfirlikdən Axar.az-a verilən məlumata görə, Mərasimdə Səfirliyimizin əməkdaşları, Küveytdə yaşayan, işləyən, təhsil alan həmvətənlərimiz, türk icmasının üzvləri, Küveyt Universitetində təhsil alan türkdilli ölkələrin tələbələri, Küveytin ictimai, siyasi xadimləri və KİV nümayəndələri iştirak edib.
Öncə Ümummilli liderin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Səfir Elxan Qəhrəman tədbirdə çıxış edərək Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti barədə iştirakçılara geniş məlumat verib, Heydər Əliyevin bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etdiyini, öz fəaliyyətində həmişə xalqa arxalandığını, ən çətin anlarda ona müraciət etdiyini qeyd edib.
Azərbaycan xalqının heç vaxt ondan dəstəyini əsirgəmədiyini, müdrik rəhbər və dahi şəxsiyyət Heydər Əlirza oğlu Əliyevin əziz xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını vurğulayıb. Təməli Ulu öndərimiz tərəfindən qoyulmuş daxili və xarici siyasətin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müvəffəqiyyətlə həyata keçirilməsi nəticəsində ölkəmizin hərtərəfli inkişafı və beynəlxalq aləmdə artan nüfuzundan söz açıb.
Bununla yanaşı, səfirliyimizdə Ulu öndərin xatirəsinə həsr olunmuş fotosərgi və həyat və fəaliyyətindən bəhs edən kitablar nümayiş etdirildi. Daha sonra tədbir iştirakçıları müasir Azərbaycanın banisi Heydər Əliyev barədə sənədli filmə tamaşa ediblər.
Eyni zamanda bildirmək istərdik ki, Küveyt Dövləti Ədliyyə və Vəqflər Nazirinin müavini Adil Abdulla Əl-Fəllah tərəfindən Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini özündə əks etdirən və ərəb dilində yazılmış “Heydər Əliyev və Milli Dəyərlər” kitabı, həmçinin millət vəkili, yazıçı-publisist Hüseynbala Mirələmovun müəllifi olduğu və səfirliyimiz tərəfindən ərəb dilinə tərcümə olunmuş “İlham Əliyev-Bioqrafiya davam edir” kitabı tədbir iştirakçılarına paylanıb.
Göstərilənlərlə yanaşı, Küveytin kütləvi informasiya vasitələrində nəşr edilməsi məqsədilə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən geniş məqalə göndərilib. Məqalədə ölkəmizin sosial - iqtisadi inkişafında Heydər Əliyev mühüm rolu vurğulanmaqla yanaşı, bu gün Ulu öndərin uğurlu siyasətinin Möhtərəm Prezident İlham Əliyev tərəfindən davam etdirildiyi vurğulanıb, Bu siyasət nəticəsində ölkəmizin həm iqtisadi inkişaf baxımından, həm də respublikada gedən siyasi islahatlar baxımından çox dinamik şəkildə inkişaf etdiyi qeyd olunub.
Küveytin geniş oxucu kütləsinə malik, çoxtirajlı "Əl-Nahar" qəzetində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətinə dair “Heydər Əliyev Azərbaycan Xalqının ümummilli Lideridir” başlığında geniş məqalə nəşr edilib. Məqalədə ölkəmizin sosial - iqtisadi inkişafında Heydər Əliyev mühüm rolu vurğulanmaqla yanaşı, Sovet İttifaqı Siyasi bürosunda yeganə müsəlman lider olan Ulu öndərin Ərəb və İslam dünyasının dostu kimi, Ərəb dünyası problemlərinin ədalətli həllinin əzmli tərəfdarı olması barədə oxuculara ətraflı məlumat verilib.