Müdafiə naziri təcili ABŞ-a getdi - Səbəb Ukraynadır
Böyük Britaniyanın müdafiə naziri Ben Uolles bu gün səhər saatlarında ABŞ-a gedib. Bu barədə "The Telegraph" qəzeti yazıb. Nazirliyin sözçüsünün məlumatına görə, Uolles ABŞ-da Ukraynaya yardım məsələlərini müzakirə edəcək. "ABŞ bizim kimi Ukraynanın əsas müttəfiqlərindən biri olub və aparıcı rol oynayıb, ona görə də bu, Müdafiə Nazirliyinin rəhbərinin həmkarları ilə görüşməsi və gələcək dəstək yollarını müzakirə etmək üçün fürsətdir", - nazirin sözçüsü bildirib. Müdafiə nazirinin ABŞ-a planlaşdırılmamış səfəri ilə əlaqədar parlament üzvləri qarşısında çıxışı təxirə salınıb.
İran Rusiyaya yeni raketlər, həmçinin əlavə pilotsuz uçuş aparatları tədarük edəcəyinə söz verib. Bu barədə "Reuters" agentliyi mənbələrinə istinadən yazıb. İddialara əsasən, tərəflər arasında razılaşma oktyabrın 6-da İran rəsmilərinin silahların tədarükü ilə bağlı Moskvaya səfəri zamanı əldə edilib. Məlumata görə, Rusiya İrandan xüsusilə “Fateh” və “Zülfüqar” raketləri istəyib. Qeyd edək ki, bundan öncə İran tərəfi isə Rusiyaya PUA və silah satmadığını açıqlayıb.
Türkiyə yerli istehsal olan qısa mənzilli ballistik raketini Qara dəniz üzərində sınaqdan keçirib. Bu barədə "Bloomberg" agentliyi özəl mənbələrinə istinadən məlumat yayıb. Raket oktyabrın 18-də səhər saat 07:00-da Rizə şəhəri yaxınlığındakı hava limanından buraxılıb. Məlumata görə, raket 561 kilometr məsafə qət edərək Rizənin qərbindəki Sinop sahil qəsəbəsi yaxınlığında yerə düşüb. Agentlik bildirib ki, “Tayfun” adı verilən gizli raket layihəsi bir neçə ildir davam edir.
NATO tezliklə Ukraynaya pilotsuz uçuş aparatları əleyhinə sistemlər verəcək. Bu barədə təşkilatın baş katibi Yens Stoltenberq bildirib. O deyib ki, Ukraynaya pilotsuz uçuş aparatları ilə mübarizə üçün yüzlərlə texnika veriləcək. Stoltenberq sistemlərin növünü açıqlamayıb, lakin onların tezliklə təhvil veriləcəyini söyləyib. “NATO yaxın günlərdə Ukraynaya pilotsuz uçuş aparatları ilə mübarizə üçün stansiyalar, yüzlərlə aktiv sistem çatdıracaq”, - deyə Stolteberq Berlin Forumunda vurğulayıb. Qeyd edək ki, Ukrayna Rusiyanın istifadə etdiyi İran istehsalı pilotsuz uçuş aparatları ilə mübarizə aparmaq üçün Qərb ölkələrindən yardım istəyib.
Avropa İttifaqının müşahidə missiyası artıq Ermənistandadır
Ermənistan Baş naziri Nikol Paşinyan Norveçin xarici işlər naziri Anniken Hütfeldt ilə görüşüb. Bu barədə Ermənistan hökuməti məlumat yayıb. Paşinyan görüş zamanı bildirib ki, Avropa İttifaqının (Aİ) müşahidə missiyası artıq Ermənistandadır, ATƏT-in monitorinq missiyasının Ermənistana göndərilməsi məsələsi də müzakirə olunur. Görüş zamanı tərəflər regional və beynəlxalq gündəlikdəki məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Türkiyə hökuməti 2023-cü ildə müdafiə xərcləri üçün 468,7 milyard türk lirəsi ayırmağı planlaşdırır. Butov.az xəbər verir ki, gələn ilin müdafiə xərcləri ölkənin Mərkəzi Bankının hazırkı məzənnəsinə uyğun olaraq 25,2 milyard dollar təşkil edəcək. Bu, ölkə tarixində rekord göstəricidir. Daha əvvəl Türkiyənin hərbi xərcləri 2019-cu ildə ən yüksək səviyyədə olub. Həmin il hərbi xərclər 20,6 milyard dollar, keçən il isə 15,4 milyard dollar təşkil edib. Qeyd edək ki, Türkiyə 1952-ci ildən NATO-nun üzvüdür və təşkilatda ikinci ən böyük orduya malikdir.
Rusiyadan Ermənistana təbii qazın nəqli “Şimali Qafqaz – Transqafqaz” qaz kəmərində nəzərdə tutulan texniki-profilaktik işlərlə əlaqədar dayandırılıb. Bu barədə “Qazprom Ermənistan” şirkətinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, qazın verilməsi oktyabrın 18-dən 19-dək dayandırılacaq. Bu müddət ərzində ölkə üzrə istehlakçıların qaz təchizatı daxili ehtiyatlar hesabına həyata keçiriləcək.
Ermənistan hərbi büdcəni 1 milyarda çatdırır - Düşmən yeni müharibəyə hazırlaşır
Növbəti maliyyə ilində Ermənistanın hərbi büdcəsi 47% artaraq, 1 milyard dollara çatacaq. Butov.az xəbər verir ki, siyasi ekspertlər deyirlər ki, Ermənistanın hərbi büdcəni birdən-birə 47% artırmasının arxasında başqa məqsədlər durur. Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov bunu Ermənistanın müharibə aparmaq istəyindən əl çəkməməsilə əlqələndirib. “Baş nazir Nikol Paşinyan Praqa danışıqlarına getməzdən əvvəl - sentyabrda ölkənin gələn il üçün büdcəsini təsdiqləyib. Düşünürəm ki, erməni siyasi elitasının gələcəkdə nə etməyi planlaşdırdığını bilmək üçün bu fakt kifayətdir”, - T.Zülfüqarov deyib. Ermənistan Civilnet Araşdırmalar Mərkəzinin məlumatına görə, əgər 2022-ci ildə işğalçı ölkənin hərbi büdcəsi 340,6 milyard dram təşkil edirdisə, 2023-cü ildə bunun 501,3 milyard dramadək artırılması planlaşdırılıb. (Hazırkı məzənnə ilə 405 dram=1 dollar). "2023-cü ildə Ermənistanın hərbi büdcəsi təxminən 1,24 milyard dollar təşkil edəcək", - məlumatda bildirilib. Mərkəz qeyd edir ki, bu, 1995-ci ildən bəri Ermənistanın hərbi büdcəsində ən ciddi artım olub. Araşdırmalar Mərkəzi Azərbaycan və Ermənistanın hərbi büdcələrindəki tendensiyaları təhlil edərək videoxülassə hazırlayıb. Butov.az həmin videonu təqdim edir:
Ermənistan prezidenti Vaaqn Xaçaturyan bazar ertəsi Bolqarıstana səfər edib. Butov.az xəbər verir ki, Ermənistan dövlət başçısının mətbuat xidmətinin məlumatına görə, Xaçaturyan prezident Rumen Radevlə danışıqlar aparacaq. Bundan əlavə, baş nazir Qılıb Donev, Sofiya meri Yordanka Fandikova və Plovdiv meri Zdravko Dimitrovla görüşlər nəzərdə tutulub. Xaçaturyan erməni icmasının nümayəndələri ilə də görüşəcək, həmçinin Sofiya Universitetində mühazirə oxuyacaq.
Avropa İttifaqı (Aİ) İrana qarşı yeni sanksiyaları qəbul edib. Bu barədə İsveçin xarici işlər naziri Ann Linde bildirib. “Biz dinc etiraz hüququna güclü dəstəyimizi ifadə etdik. Avropa İttifaqı İranda ciddi insan haqları pozuntularına görə məsul olan şəxslərə və qurumlara qarşı yeni hədəflənmiş sanksiyalar qəbul edib”, - XİN başçısı deyib.
Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib. Bu barədə onun dostları məlumat yayıblar. O, ağır xəstəlikdən əziyyət çəkirmiş. Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb. 2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır. Allah rəhmət etsin!