Kanal-11 internet TV-nin rəhbərinə 9 il həbs istənildi .....                        Azərbaycan və Serbiya XİN başçıları müzakirə apardılar .....                        Ceyhun Bayramov Səfirlər Konfransında çıxış edib .....                        Naxçıvanda istilik elektrik stansiyası tikiləcək - SƏRƏNCAM .....                        “Nidanın Gücü, Gücün Nidası!”: Yazı müsabiqəsinin qalibləri mükafatlandırıldı .....                        Azərbaycanda neçə "Tesla" avtomobili var? - QİYMƏTLƏR .....                        Sabahın hava proqnozu .....                        Qubadlı və Cəbrayılda modul tipli xəstəxanalar tikiləcək .....                        34 il sonra Xankəndidə Yeni il - FOTO .....                       
Tarix : 13-11-2017, 23:02
Dədə Ələsgərin söz dünyası


Gah çıxaram göy üzünə, seyr edərəm aləmi,
Gah enərəm yer üzünə, seyr edər aləm məni...
Qul Nəsimi.
Dədə Ələsgər yaradıcılığının aşıq poeziyasının zirvə nöqtəsi, zirvə məqamı olduğunun, onun tədqiqatı ilə məşğul olan bütün folklorşünaslarımız, ələsgərşünaslarımız tərəfindən birmənalı olaraq etiraf, təsdiq və qəbul edilməsi, bu yaradıcılığı sevən, başa düşən, xüsusilə onun sufi mahiyyətini dərindən anlayan hər kəs üçün şübhə doğurmayan, danılmaz bir həqiqətdir!


Bütövlükdə, Dədə Ələsgər SÖZÜ, poeziyası alnına Tanrının möhür qoyduğu kamil insan təxəyyülünün, təfəkkürünün ifadə edə biləcəyi sirli, müəmmalı, sehirli bir gözəlliklə, nurla, hikmətlə, müdrikliklə nəfəs alan möcüzəli şeir dünyasıdır. Nəzərinizə çatdırdığım bu kiçik yazımda məqsədim Dədə Ələsgərin “Getmə, amandı” qoşmasının yalnız bircə “CAMALIN GÖYÇƏKDİ BAYRAM AYINDAN” misrası, onun qadın camalının gözəlliyinin tərənnümünün ifadə tərzinin üzərində dayanaraq, bu misranın dərin məna daşıyan mahiyyətini aşkarlamaq, açmaqdır. Bunula da Dahi Ələsgər SÖZÜNÜN qüdrətinin yuxarıda vurğuladığım epitetlərini bir daha təsdiqləmək, ələsgərsevərlərlə birgə bədii zövq almaq, xalqımızın bir çox başqa millətlərdən fərqli olaraq belə bir fenomen şəxsiyyəti, şairi, aşığı olmaqdan qürur duymaqdır. İlk növbədə misrada işlədilmiş sözlərə nəzər yetirək. Camal deyərkən gözümüz qarşısına gözəlliklə, nurla cilvələnmiş üz, sifət, sima gəlir. Bundan öncə “camal” ifadəsı Tanrının doxsan doqquz adından biridir. Bayram deyərkən, əlbəttə, Dədə Ələsgər hər bir azərbaycanlı türkü üçün müqəddəs, əziz olan Novruz bayramını nəzərdə tutur. Ay sözü dilimizdə iki ismi məna daşıyır: 1. Yerin peyki, İlin müəyyən dövründə gecələr səmada parlayan göy cismi kimi; 2. Təqvim ilinin on iki hissəsindən biri kimi. Göyçək sözü, dilimizin Göyçə şivəsində adətən yaraşıqlı uşaqlara, qadına, xüsusən cavan qız-gəlinə məxsus olan ən göz oxşayan, ürəyə yatan gözəlliyi ifadə etmək üçün işlənən sözdür. Bayram ayı söz birləşməsi isə, misranın daxilində gizlənmiş sehirli, müəmmalı, nurlu bir gözəlliyi özündə ehtiva edən həyat, təbiət reallıqlarının, Novruz bayramıyla bağlı adət-ənənələrimizin gözəlliklərinin təcəssümüdür. Adətən Dədə Ələsgər yaradıcılığını tədqiq edən ədəbiyyatşünaslarımız, Aşığın bu misrada müraciət etdiyi qadının gözəlliyinin Novruz bayramına təsadüf edən, səmada təzəcə doğmuş Ayın məsum gözəlliyindən də göyçək olduğuna işarə etdiyini vurğulayırlar. Bu bənzətmə, bu mənada yalnız qadının camalında cəm olmuş fiziki gözəlliyi tərənnüm edən olduqca bədii, obrazlı epitetdir. Lakin, zənnimcə Dədə Ələsgər, gözəlliyi daha iti, daha məzmunlu, Tanrının məhz ona bəxş etdiyi “üçüncü gözüylə” daha dərindən GÖRÜR. O, eyni zamanda qadının camalında bərq vuran, onun baxışlarından oxunan, ürək duyğularından, hisslərindən süzülüb üz cizgilərində bərqərar olan, inikas edən mənəvi, daxili gözəlliklərini də aydın görür. Dədə Ələsgər bu gözəlliyi ilahi bir yüksəkliyə qaldıraraq, onun Novruz bayramıyla bağlı adət-ənənələrimizə xas olan çoxsaylı gözəlliklərdən də göyçək olduğuna işarə edir. Söylədiklərimi Dədə Ələsgərin anadan olduğu, yaşayıb yaratdığı qədim oğuz torpağı, oğuz yurdu Ulu Göyçənin hər bucağında Novruzu qarşılama, keçirmə adət-ənənələri mühitindən kənarda axtarmaq mümkün deyildir, mənasızdır, bunu məhz onlarda araşdırmaq gərəkdir. Göyçə mahalı, əsrlər boyu ona maraq göstərən hökmdarları, tədqiqatçıları, səyyahları, aşıqları, şairləri ilk növbədə dağlar qoynunda qərar tutmuş öz coğrafi mövqeyi, gözəlliyi ilə, namusu, qeyrəti, vüqarı hər şeydən uca tutan insanlarının mənəvi saflığı, ülviliyi ilə özünə cəlb etmişdir. Bu insanlar hələ qədim dövrlərdən Novruzu təbiətin canlanması ilə bağlamış, astronomik ilin başlangıcı olan gecə-gündüz bərabərliyi günündə (miladi təqvimi ilə mart ayının müxtəlif günlərində 20-22-sində, əsasən 21 martda), qışın, köhnə ilin qurtarması, yaz fəslinin, yeni ilin gəlişi kimi bayram etmişlər. Göyçədə Novruzun gəlişini ilk növbədə onun füsunkar təbiətinin özü insanlara çatdırardı. Təbiət öz gözəl əhval-ruhiyyəsilə, “libasının” sehirli dəyişikliyi ilə bildirərdi ki, bahar artıq astanadadır. Dağların döşündə, yurd torpaqlarında qarın əriməsiylə yerdən qalxan buxarın isti nəfəsi, onun ətrafa yaydığı müəmmalı ab-hava insanların qəlbində bir coşqunluq, ilham, təravət, canlanma yaradardı. Təbiətin gözəlliklə, hikmətlə dolu bu halı Novruza bir neçə həftə qalmış vaxtda başlayardı. Bayram ərəfəsi olan bu həftələrdə adət-ənənələrlmizə müvafiq olaraq Novruz bayramına hazırlıq işləri görülər, mərasimlər keçirilərdi. Göyçədə Novruz bayramı günündən qabaqkı dörd çərşənbə axşamı, bu gün geniş yayılmış, Azərbaycanda qeyd edilən “su”, “torpaq”, “yel”, “od” çərşənbələrindən fərqli olaraq “boş tək”, “zibil təki”, “ölü təki”, “ilaxır təki” adı altında (Göyçədə çərşənbə axşamına “tək” deyərdilər) xüsusi qeyd olunardı. İlk “boş tək”də insanlar təbiətin oyanışının, onun gətirdiyi bahar müjdəsinin müşayiəti ilə qarşıda gələn həftələrə hazırlıqla məşğul olardılar. Uşaqlara, qız gəlinə təzə paltar tikilərdi. Əvvəlcədən cürbəcür ərzaq məhsulları, şirniyyat, qoz-fındıq, ədvalar alınıb ehtiyata qoyulardı. “Zibil təki” adlanan ikinci çərşənbə axşamı gününü insanlar evlərində təmizlik, səliqə-sahman, gözəllik işlərinə sərf edərdilər (evlərin qurumu alınar, içindəki əşyaların tozu silinər, xalça-palaz , yorğan-döşək çölə günəş qabağına tökülər, çırpılıb-təmizlənər, palaz-paltar yuyulub qurudular, süzülüb əldən düşmüş köhnə pal-paltar axırıncı çərşənbədə göyə atılacaq lopalar (məşəllər) üçün, həyət-bacaya atılıb qalmış bəlim, ağac, odun parçaları, ilin axır gecəsində, Novruz bayramı axşamı tonqal qalamaq üçün səliqəylə toplanıb həyətin bir küncünə yığılardı). Nimçələrdə arpa və buğdadan səməni qoyulardı. Bütün bu işlər qarşıdan gələn bayramın eşqi, havasıyla böyük bir ryh yüksəkliyi ilə görülərdi. Bu işlərin hər biri eyni zamanda insanların ruhunun, daxilinin təmizlənməsinə, təzələnməsinə xidmət edirdi. Təbiətdə baş verən qışdan yaza keçmə dəyişiklikləri kimi böyükdən kiçiyə, ağsaqqaldan, ağbirçəkdən uşağa qədər insanların daxilində, qəlbində gözəlliklə, xeyirxahlıqla dolu yeni bir dəyişiklik, canlanma, coşqunluq yaranırdı. Çox böyük məna daşıyan “Ölü təki” Göyçədə eyni zamanda “qara bayram” və ya "ölü bayramı” adlanırdı. Bu çərşənbə axşamı günü kənd əhli səhər-səhər bir yerə yığışar, kənd mollasıyla birlikdə böyük bir dəstəylə qəbiristanlığa yollanardılar. İlk növbədə hamılıqla son bir ildə kəndin vəfat etmiş insanlarının qəbirləri ziyarət edilər, dualar oxunardı. Bundan sonra kənd əhli ayrı-ayrılıqda öz dünyadan köçmüş doğma və yaxınlarının qəbrinə baş çəkər, qəbirlər ətrafında təmizlik işləri aparar, mollaya dua oxudardılar. Evlərdən qəbiristanlığa gətirilmiş şirniyyat camaata paylanardı (adətən bu ritual, qadınlar tərəfindən icra edilərdi). Bu mərasimdən sonra kəndə qayıdan camaat molla ilə bərabər son ildə dünyasını dəyişmiş insanların evinə baş çəkər, dua oxunar, mərhumun ailəsini, doğma və yaxınlarını yasdan çıxarardılar. Bu evlərdə bir qayda olaraq halva çalınar, ehsan qazanları asılar, kənd əhli ehsan süfrəsinə dəvət olunardı. “Ölü təki”nin axşamı bir qayda olaraq yekunda çox gözəl bir tədbirlə, kənd qəbiristanlığında tonqal qalamaqla başa çatardı. “Ölü təki” bu çərşənbə axşamları içərisində xüsusi məna daşıyan, hikmət və müdrikliklə dolu adətlər mərasimidir. Mən dəfələrlə Göyçənin anadan olduğum Kəsəmən kəndində həmin günün axşamı insanların simasında, çöhrələrində necə xeyirxah, necə məsum, necə saf, pak, təmiz hisslər, duyğularla, mənəvi rahatlıqla dolu cizgilərin əmələ gəldiyinin, hökm sürdüyünün şahidi olmuşam. Bu dəyişikliklər insanların dünyadan köçmüş əzizlərini dost-qohum-qonşularını yada salıb xatirələrini yad etməkdən, müqəddəs Novruz bayramını onlarsız keçirmədiklərini vurğulamaqdan qəlblərində yaranan rahatlığın, təmizliyin, paklığın, daxili mənəvi gözəlliyin təcəssümüdür. Məgər bu hisslər, duyğular, mənəvi gözəlliklər insan qəlbini riqqətə gətirən ali, uca, ilahi hisslər, gözəlliklər deyilmi? Ətrafda baş verən hər bir olayı adi insanlardan iti GÖRƏN Dədə Ələsgər bu hissləri, duyğuları, daxili mənəvi gözəllikləri hamıdan daha dərin başa düşür, hiss edirdi. Göyçədə “İlaxıır təki” (ilin axır çərşənbəsi) çox maraq və təmtəraqla keçirilərdi. Hələ gün batmazdan evlərdə qazanlar asılar, soğan qabığı ilə yumurtalar boyanar, süfrələrə yeddilövün (yeddilöyün, yeddi növ) yeməklər düzülərdi. İlaxır süfrəsini qazanlarda bişirilmiş yeməklərlə bərabər, qırmızı lentlə toqqalanmış səməni, cürbəcür şirniyyat növləri, əvvəldən hazırlanmış əydək-fəsəlilər, kətələr, qoz-fındıq, böyük məharətlə qışdan saxlanmış meyvələr, meyvə quruları, kişmiş və s. təamlar bəzəyərdi. Süfrə boyu yandırılmış şamlar isə ona xüsusi rövnəq verərdi. Gündüzdən qız-gəlinlər təzə tikdirdikləri tam qırmızı, ya da qırmızı güllü paltarlarını, baş örtüklərini – kalağayılarını, ipək xamlarını, örpəklərini, ayaqqabılarını səhmana salar, axşam isə bəzənib, hərə öz məhəlləsində uyğun bir evə yığışar, saz-sözlə, çal-çağırla çillə şıxarmağa toplaşardılar. Qaranlıq düşəndə kənd cavanları əllərində vedrə sulaşmağa çıxardılar. Üstünə su atılmış heç kəs bundan inciməz, əksinə bunu gülüşlə, şən əhval-ruhiyyə ilə saflıq, paklıq, təmizlik əlaməti kimi qarşılayar, qəbul edərdilər. Sulaşma çox vaxt səhərə qədər davam edərdi. Eyni zamanda qaranlığın düşməsiylə həyətlərdə tonqallar qalanar, göyə lopalar atılardı. Göyçənin dağ döşündə, ətəyində və düzənində yerləşən kəndləri nura qərq olardı, alışıb yanardı. Kənd cavanları, qızları, uşaqlar, bəzən coşqun, çılğın böyüklər də tonqalların üstündən tullanar və deyərdilər: "Ağırlığım-ığırlığım odda yansın". Bizim kəndimiz dağın ətəyində yerləşirdi. Cavanlar və uşaqlar qaranlıq düşəndə dağın sinəsinə qalxar, tonqallar qalayar, göyə lopalar tullayar, sanki orada bir “məşəl, tonqal şəhərciyi” yaradardılar. Məşəllərin daha ucaya atılmasıyla, tonqalların gurluğu və sayı ilə Göyçə kəndləri sanki bir-biriylə bəhsə, yarışa girirdi. Bu anlarda Göyçədə olan 5-6 erməni kəndi sükuta, zülmətə qərq olardı. Mənfur, xain, xəbis qonşularımızın nifrət, düşmənçilik hissləriylə münasibət göstərdikləri biz türklər bu adət-ənənələrimizi daha şövqlə, canfəşanlıqla həyata keçirərdik. Onlar zülmətə batmış kəndlərindən Göyçəli müsəlmanların, türklərinin yaratdığı kəhkəşana, gözəlliyə paxıllıq və dərin həsədlə, oğrun-oğrun tamaşa edərdilər. Bizlərlə nadir hallarda apardıqları bəzi “səmimi”, açıq söhbətlərində ermənilər onlarda bizim qədim Novruz bayramıyla müqayisə edilə biləcək bayramı, adət-ənənəsi olmadığını dərin həsəd hissiylə etiraf edərdilər. İlin axır gecəsi eyni zamanda qulaq falına çıxmaq – “qapı pusma” gecəsi idi. Cavan qızlar-oğlanlar ürəklərində niyyətlərini tutaraq gizlicə qonşu evlərin qapısını pusub gedən söhbətlərə qulaq asardılar. Əgər qulaq asılan evdən xoş söz-söhbət eşidilərdisə, bu arzunun yerinə yetəcəyinə işarə idi. Bununla bağlı böyüklər həm özləri riayət edər, həm də uşaqlara bərk-bərk tapşırardılar ki, bu gecə çalışıb ağızlarından yalnız xoş söz-söhbət çıxarsınlar. Bu gecə həm də üzük falına baxmaq gecəsi idi. Qızlar üzüyü sapa, nazik pambığa bərkidib “lal su” (lal su qızların bulaq başına gedib gələnə qədər, dinmədən bulaqdan gətirdiyi suya deyərdilər) ilə dolu kasanın üstündə saxlayardılar. Üzük kasaya neçə dəfə dəymiş olsa, bu həmin qızın o yaşda ərə gedəcəyinə işarə idi. Səhər tezdən bəzənmiş qız-gəlinlər bulaq başına toplaşardılar, kimin evində təzə gəlin, nişanlı qız vardısa onlar ilk dəfə bulaq başına gətirilər və şirinlik paylanardı. Bayram ərəfəsindəki dörd həftə ərzində cavanlar boyadılmış yumurta döyüşdürmək, yumurta qatara qoymaq yarışları keçirərdilər. Yumurtalarının möhkəm olması üçün bəzi cavanlar onları duza qoyardılar. Novruz bayramı günündən bir gün əvvəl uşaqlar üçün çox maraqlı olan “baca-baca” günü keçirilərdi. Uşaqlar əvvəlcədən tikdirib hazır saxladıqları uzun saplı torbaları kənd evlərinin bacalarından və ya qapılarından içəri salaraq bayram payı aparardılar. Bu münasibətlə evlərdə baca-baca günü uşaqların torbalarına qoymaq üçün xüsusi “bayram payı” ehtiyat olunardı. Bizlərdə, Göyçədə, xalq arasında belə bir rəvayət gəzirdi. Deyirdilər ki, bayram axşamında, gecə yarısında, köhnə illə təzə ilin vida anında, söyüdlərin salxım budaqları yerə dəyəcək, atlar dizini yerə qoyub torpağa baş əyəcək. Gecə yarısına qədər bu rəvayətə nağıllarımız kimi dərindən inanan uşaqları gözləməkdən şirin yuxu tutar, onlar o anı görə bilməzdilər... Dəqiq deyə bilmərəm, bəlkə də bu rəvayətdə belə dərin bir hikmət var: Ola bilsin bu rəvayət Tanrının yaratdığı bitkilər və ruh, can verdiyi varlıqlar köhnə ilin təhvili, yeni ilin qədəmi, qışın gedişi, yazın gəlişi anında torpağa səcdə etməklə ondan bol ruzi, bərəkət, xoş güzəran istəyini bildirmək işarəsidir... Bayram günü ocaqda bayram aşı dəmlənərdi. Səhər-səhər kəndin bütün kişiləri bir yerə yığışar, qəbiristanlığa gedər, dünyasını dəyişmiş əzizlərini yad edər, dua oxudardılar. Qayıdanda, hər ailə başçısı mütləq dükandan şirniyyat alar, ailə üzvlərinə paylayar, onları bir-bir öpər, "bayramlaşar"dı. Bir gündən sonra qohum-əqraba ilə bayramlaşmalar başlayardı... Qonşular, qohumlar, qonşu kəndlərdən olan dostlar, pay-püşlə, bayram xonçası ilə bir-birinin evinə gedər, bayramlarını təbrik edərdilər... Nişanlı qızların evinə oğlan evindən xüsusi bağlanmış bayram xonçası gedərdi. Bu adət martın axırına qədər davam edərdi... Novruzda qədim el adətiylə heç kim küsülü qalmamalı idi. Ağsaqqalların, ağbirçəklərin, qohum-qonşunun vasitəsiylə bütün küsülülər barışdırılardı. Hörmətli dostlar! Novruz bayramının mənsub olduğu mart ayında Göyçə mahalında qeyd edilən adət və ənənələrimizin insanların qəlbində yaratdığı xoş ovqat, əhval-ruhiyyə, mənəvi hisslər və duyğular gözəlliyini dərindən duyan Dədə Ələsgərə Tanrı nəsib etmiş ki, belə bir ilahi misranı söyləmiş olsun: CAMALIN GÖYÇƏKDİ BAYRAM AYINDAN! Zəngin poeziyamızda gözəlliklə bağlı çoxsaylı inci nümunələrinin mövcudluğunu nəzərə alaraq, bayram ayının gözəlliklərini görmüş və duyan bir insan kimi tam cəsarət və məsuliyyətlə deyə bilərəm, nə Dədə Ələsgərə qədər, nə ondan sonra poeziyamızda qadın gözəlliyini tərənnüm edən belə bir güclü bənzətmə deyilməmişdir!

Dədə Ələsgər şeirinin yalnız bircə misrasında hansı hikmətlər, duyğular, hisslər, sirli gözəlliklər gizləndiyinin, o dühanın hansı möcüzəli gücə malik olduğunun şahidi olduq! Allah DƏDƏ ƏLƏSGƏRƏ dönə-dönə rəhmət eləsin! O nurlu, möcüzəli dühanın o dünyası nurla dolsun! Yazımın sonunda “GETMƏ, AMANDI” şeirini bir daha nəzərinizə çatdırmaq istədim. Gözəllər sultanı, mələklər şahı, Alagöz cananım, getmə, amandı. Dərdindən xəstəyəm, çəkirəm ahı, Ölürəm, loğmanım, getmə, amandı.

***
Camalın göyçəkdi bayram ayından, Görən doymaz qamətindən, boyundan. Layiq deyil qurban kəsim qoyundan, Sənə qurban canım, getmə, amandı.

***

Sən mələkzadəsən, ay mina gərdən, Görənin ağlını alırsan sərdən. Kəsmə iltifatın qul Ələsgərdən, Kərəmli sultanım, getmə, amandı. Ələddin Allahverdiyev, Professor.

Moskva şəhəri. 17.10.2017.

Dədə Ələsgərin söz dünyası


Paylaş



Bölmə: Ədəbiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!