20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
Tarix : 15-08-2017, 11:37
Bu gün Mövlud Mövludun günüdür: "Qorxmuram, darıxıram"



Bu gün Mövlud Mövludun doğum günüdür. O, martın 16 - da özünü 17 - ci mərtəbədən ataraq intihar edib. Yaşasaydı bu gün 28 yaşı olacaqdı.

Butov.az onun “Çətirsiz” hekayəsini təqdim edir:



Bakıya yağış yağır. Yadıma Qazaxın yağışlı günləri düşür.

Ötən əsrin 96-cı ilində, iyulun axırlarında rayon məscidində İşa namazını bitirib, gecə zikrləri edirdik.

Birdən göy guruldadı, şimşək çaxdı, şıdırğı yağış başladı.

Hamımız evə necə gedəcəyik deyə dərdləndik. Bircə cüppəli, saqqallı nəqşibəndilər öz aləmlərində idilər:

Hələ ləng-ləng ləngəm...
Hələ ləng-ləng ləngəm...

İməkləyə-iməkləyə qonşumuz Məhəmmədə yaxınlaşdım. Məhəmməd onda universitetə hazırlaşırdı.

Əksər Qazax gəncləri kimi, o da abituriyentlik dönəmini möminliklə keçirirdi. Sakitcə qulağına əyildim:

- Maqo, məni evə ötürərsən?...

- Qorxursan?

- Yox eyy, darıxıram. Tək getmək istəmirəm.

- Yaxşı, apararam... Avara...

Əlini atıb saçlarımı qarışdırdı.

Zikrimizi bitirib məsciddən çıxdıq. Yağış güclənmişdi. Məhəmməd qolumdan tutub “qaçdıq” dedi. Addımlarımızı yeyinlədib təzəcə uzaqlaşırdıq ki, qonşumuz Kamalın arxadan bizi çağırdığını eşitdik:

- Dınqış (Vay dədəm vay, sirr açıldı. Yaxşı, boynuma alıram: Uşaqlıqda məni belə çağırırdılar), məni də gözləyin, dərdiş!...

- Tez elə. Suya batdıq...

Kamal ikicə addım atmışdı ki, ayağı sürüşdü. Arxası üstə yerə dəydi. Çığırıb ağlamağa başladı. Onu tələsdirdiyimə peşman oldum. Ağlamsınıb Məhəmmədə yalvardım:

- Qurvan olum, ay Maqo, kömək elə...

Məhəmməd əyilib onu ayağa qaldırmaq istəyəndə Kamal daha bərkdən ağladı:

- Dəyməyin, dəyməyin!... Qırıldı ayağım... Qırıldı!...

- Ə, boş-boş danışma. Qırılmaq nədi?

- Yox əə, Məhəmməd, mən bilirəm, ayağım qırıldı.

Kamalın göz yaşı selləmə yağışa qarışmışdı:

- Mən öləcəm, papam-mamam yetim qalacaq.

Məhəmməd güldü:

- Dəli olma, dur ayağa, ağlama, kişisən!...

Birtəhər Kamalı ayağa qaldırıb, evə apardıq. O, yolboyu ağladı.

Təpədən dırnağa suya batmışdıq. Ağlağan dostumuzu birtəhər kiridib evlərinə ötürə bildik.

Daha yağışdan qorxumuz yoxdu, islana bildikcə islamışdıq, suyumuz süzülə-süzülə yavaş-yavaş evə sarı üz qoyduq.

Evimizə ötürəndə Məhəmməd məni bağrına basıb, ağ fəsimin altından çıxan tellərimdən öpdü.

Vədələşdik ki, sabah saat 6-da görüşüb sübh namazına birlikdə gedək. Məhəmməd üzünü çevirib getmək istəyəndə arxasınca səsləndim:

- Maqo!

- Hə...

- Mən qorxmurdum eyy, “prosto” darıxırdım. Ona görə səninlə gəlmək istədim.

Məhəmməd güldü:

- Bilirəm. Bilirəm. Get evə, get yat. Sabah sübhə duracaqsan.

***

Bakıya yağış yağır. Yadıma Qazaxın yağışlı günləri düşür.

2005-ci ilin avqustu idi. Namaz məni təzəcə atmışdı. Oxuduğum kitablar başımı xarab eləmişdi.

Mənəvi böhran keçirirdim.

Hər gün rayonun avaralarına qoşulub vurmağa gedirdim. Səhərə kimi qumar oynadığımız olurdu.

Sevdiyim qıznan gündə dalaşırdım. Nə edəcəyimi bilmirdim. Bir dəfə yenə yağışlı bir gündə vurub, qıza zəng elədim, telefonda ağzımın qatığını dağıtdığıma görə “adboy” verdi.

Bu günkü kimi yadımdadır: ağappaq uzunqol köynəyimi şalvarımın üstünə atıb qızgilin məhləsinə getdim.

Damağımdakı siqaretin məni daha da kədərli göstərdiyini düşünürdüm. Gedib düz qızgilin eyvanının altında dayandım:

- Qərənfiiiiilllll, mən səni sevirəəəəəəmmm!... Eşidirsən, sevirəəəmmm...

Alnımı balkonun ayağına söykəyib ağlamağa başladım.

Qərənfilin qardaşının torpaq dadı verən təpikləri kiritdi məni. Sonra yumruqlar yağmağa başladı üstümə.

Ömrümdə heç belə döyüldüyüm olmamışdı. Qərənfilin anası məni oğlunun əlindən güc-bəla ilə aldı.

Kiminlə dalaşdığımı evdə boynuma almasam da, axşam hamı hər şeyi bildi.

Nənəmin yekəməmə "podruqa"ları baş verənləri bizimkilərin ovcuna qoymuşdular.

Səhəri gün danlaq və tənə yağışı altında özümü hamama verib, Cənabət qüslü aldım. Nənəmgilə dedim ki, hazırlaşın, axşam sizi bir yerə aparacam.

Məğrib namazına yarım saat qalmış onları məscidə apardım.

Müəzzindən xahiş elədim ki, bu gün əzanı mən verim. Razılaşdı. Minarəyə çıxıb əzan çəkdim.

"Hayyə-aləl sələh" (Nicata tələsin!) yerinə gələndə ağlamaq tutdu məni.

Birtəhər əzanı bitirib, aşağı düşdüm. Bizimkilər ağlaşırdılar. Məğrib namazını qılıb evimizə qayıtdıq.

Sonralar bir də məscidə getmədim, elə o vaxtdan da namaz qılmıram.

Çəkdiyim o əzan uşaqlığımla, saflığımla, möminliyimlə vidalaşmağım idi.

***

Hər dəfə Bakıya yağış yağanda yadıma Qazaxın yağmurlu günləri düşür.

Yağışlı gecələrdə evə tək qayıtmaq istəmirəm. Qorxmuram, darıxıram. Və gözlərimdən üzümə yağış yağmağa başlayır.


Paylaş



Bölmə: Ədəbiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!