Fidan amerikalı həmkarı ilə danışıqlar apardı .....                        Tramp Venesuelaya zərbə endirməyə icazə verəcək .....                        Fərhad Əhmədov məhkəmədə ifadə verdi .....                        Rusiya Mehdiyevi niyə satdı? - ŞƏRH .....                        Avropa İttifaqı Azərbaycanla dostluq körpülərini qurmaqdan məmnundur .....                        Paşinyan 2026-cı il seçkilərində qalib gələcəyini anons etdi .....                        Mərkəzi Hərbi Sanatoriyanın rəisi saxlanıldı .....                        Azərbaycanla Çinin həkimləri tarixi əməliyyat keçirdilər .....                        Husilərin Baş Qərargah rəisi öldürüldü .....                       
21-01-2025, 12:42
USTA QƏLƏM ADAMI  ŞƏRİF KƏRİMLİ

USTA QƏLƏM ADAMI
ŞƏRİF KƏRİMLİ


“Əkinçi”dən başlayan Azərbaycan mətbuat tarixinin yaşı və yaddaşının miqyası elədir ki, burada inkişaf da, tərəddüdlər də, müəlliflərin və yazıların obrazları da aydın görünür. Dünəndən bugünə cəmiyyətin intellekt zümrəsinin elə bir nümayəndəsi yoxdur ki, onun tərcümeyi-halında mətbuatın adı keçmə-sin. Bir gerçək ondan ibarətdir ki, ictimai-siyasi, elmi, ədəbi-mədəni düşüncənin meydanı, hədəflərinin formalaşması, təsirləri və ümumiyyətlə, ziyalılığın özü mətbuata birbaşa bağlıdır. Bu mənada Şərif Kərimli həm mətbuatda formala-şan, həm də mətbuatın zamana görə formalaşmasında xidməti olan ziyalıdır.
90-cı illərədək BDU-nun jurnalistika fakültəsi ölkədə bu sahədə ixtisas verən yeganə məktəb olub. Bu ixtisas da qəzet, radio-televiziya, nəşriyyat üzrə alt qruplara bölünüb. Fakültədə jurnalistikanın nəzəri-praktiki, tarixi, dil-nitq mədəniyyətinin böyük bilici alimləri çalışıblar. Mir Cəlal Paşayev, Şirməmməd Hüseynov, Nəsir İmanquliyev, Famil Mehdi, Qulu Xəlilli, Şamil Qurbanov, Seyfulla Əliyev, Əliş Nəbili, Tofiq Rüstəmov, Mahmud Mahmudov, Zinyət Əlizadə, Cahangir Məmmədli, Akif Rüstəmov... Onların hamısının adlarını sıralasaq, iri bir siyahı alınar. Bu gün mətbuat və digər sahələrdə az-çox tanınan, özünə yüksək mövqe-status qazanan jurnalistika fakültəsinin tələbələri həmin müəllimləri şükranlıq hissi ilə xatırlayırlar.
Şərif Kərimli də məhz hərəsi özlüyündə bir məktəb olan həmin müəllimlərin yetirmələrindən biridir. O yetirmələrdəndir ki, istedadı, fəaliyyəti ilə adını mət-buat tarixinə yazdıra bilib. Ancaq nə dərəcədə onların xidmətləri qiymətləndiri-lib, bu, ayrı söhbətin mövzusudur. Çünki o, işində, xidmətində iddialardan çox, səmimi ictimai məsuliyyətə, vətəndaş töhfəsinə üstünlük verib.
Şərif Kərimli 1977-ci ildə BDU-nun jurnalistika fakültəsini bitirib. 47 ildir ki, müxtəlif mətbuat orqanlarında çalışır. “Yazıçı” və “İşıq” nəşriyyatlarında re-daktor, şöbə müdiri, “Gənclik” (“Molodost”) jurnalında ədəbi işçi, məsul katib, redaktor müavini vəzifələrində işləyib. Bu məsələdə də ona Tanrı lütfünü əsir-gəməyib. Ustad müəllimlərdən dərs aldığı kimi, Əjdər Xanbabayev, Məmməd İsmayıl, Sabir Rüstəmxanlı kimi mütəfəkkir sənətkarlar yanında özü də, qələmi də ustalaşıb.
Şərif Kərimlinin iş təcrübəsində qəzetçilik xüsusilə mühüm yer tutur. Onun qəzetçilik fəaliyyətinin əsas önəmi və şansı odur ki, fəaliyyəti müstəqillik döv-rünə düşüb. İlk müstəqil mətbuat orqanı olan “Azərbaycan” qəzetində 1989-92-ci illərdə məsul katib, baş redaktor müavini və sonra isə baş redaktor olub. 1992-ci ildə bu qəzet 31 nəfər jurnalistin Milli Məclisə ünvanladığı məktub əsa-sında Cümhuriyyət dövrünün parlament orqanı olan “Azərbaycan” qəzetinin hüquqi varisi olaraq fəaliyyətə başlayıb və Ş.Kərimli orada baş redaktor müavini, baş redaktor vəzifəsini tutub.
90-cı illərin önləri nə qədər ziddiyətli dönəm olsa da, böyük tarixi əhəmiyyə-ti odur ki, xalqın, ölkənin azadlıq, müstəqillik arzularının mücadilə meydanla-rında gerçəyə çevrilməsi mərhələsidir. Ən böyük acımız isə, doğma torpaqları-mıza – Qarabağa və Qərbi Azərbaycandakı qədim tarixi torpaqlarımıza qarşı erməni təcavüzünün baş qaldırmasıydı.
Bir yandan da Gürcüstanda Z.Qamsaxurdiyanın hakimiyyəti dövründə qə-dim yurd yerlərimizə ərazi iddialari, tarixi saxtalaşdırmaq cəhdləri, Borçalıda soydaşlarımızın hüquq və azadlıqlarına sayğısızlıq, milli-etnik təsirlərə məruz qalması, onlara qarşı separatizm həmlələri, milli-ayrıseçkilik meylləri özünü göstərirdi. Proseslərin faktoloji mənzərəsi, ictimai fikir təsdiq edir ki, o dövrün acıları isə xoşluğundan ağır idi. Dövlət müstəqilliyinə gedən yolun mahiyyəti də elə bundaydı ki, çətinliyi nə qədər ağırdısa, hadisələrə baş vurmaq üçün tələb olunan cəsarət ondan da artıq idi.
Bu baxımdan, Ulu Öndər Heydər Əliyevin “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir” sözləri o müstəqillik yolunun keçilməsi üçün impulsiv dürüst bir ictimai qənaət, düşüncədir.
Şərif Kərimli belə bir ziddiyətli zamanda ilk müstəqil qəzet olan “Azərbay-can”da kollektivlə birlikdə əsgər əhval-ruhiyyəsində, ovqatında çalışırdı. Bəzən hərbi geyimdə də redaksiyada görünürdü. Tez-tez qaynar nöqtələrdən reportaj-lar, ictimai diskussiyalar hazırlayırdı. Qəzetdə Sabir Rüstəmxanlının atdığı irə-liçi, demokratik təməl sonradan Şərif Kərimlinin redaktorluğunda özünəməxsus şəkildə davam elədi. Qəzet nəinki günün nəbzini tuturdu, o həm də nəbzi idarə edə bilirdi. Onda başqa yeni mətbu nəşrlər də yaranmışdı və onların arasında “Azərbaycan” qəzetinin lokomotiv imici, öz yeri, çəkisi vardı. Əminliklə deyi-rəm ki, yeni dövr Azərbaycan publistikasının ən parlaq nümunələri ”Azərbay-can” qəzetində olduğu kimi, heç bir nəşrdə dolğun təfərrüatla yer almayıb.
1988-1989-cu illərdə tələbə olarkən mənim də yazılarım “Azərbaycan” qəze-tində dərc olunub. Biz yeni nəsil jurnalistlər ən yüksək tirajla və peşəkarlıqla çı-xan o qəzetdə işləməyi arzulayardıq. Düzdür, 1991-ci ildə BDU-nun jurnalisti-ka fakültəsini bitirərkən ilk iş yerim başqa qəzet olub, amma sonrakı mərhələdə uzun illər “Azərbaycan”da işləmişəm, qəzetçiliyi öyrənmişəm, təcrübəm orada formalaşıb. Elə olub, redaksiyada gündəlik “letucka”larda yazıların keyfiyyətini məsuliyyətlə, mətbəədə petiit, nonparel (qəzetlər o zaman linotipdə yığılırdı) şriftləri ilə metal çərçivə üzərində qəzetin görünüşünün effektivliyini müzakirə eləmişik. Komendant saatlarının qadağası ilə gecələri nəşriyyat dəhlizlərində az keçirməmişik. Cəbhə bölgələrində gözlərimiz, qəhrəmanlıq da, ölüm də görüb...
1992-ci il, günlərin birində mətbəədə qəzetin növəti nömrəsini çapa hazırlayırdıq. O zamanlar gənclik həvəsiylə hər həftə işlədiyim “Fəryad” qəzetində publisistik yazılarım dərc olunurdu. Onda “Azərbaycan”ın bir neçə işçisi də mətbəədə idi. Onlardan biri mənə yaxınlaşıb, iş-gücdən, yazı-pozudan söz salıb soruşdu:
-Bizim qəzetdə işləmək istəyirsən? – cavab gözləmədən əlavə elədi: – Redaktor Şərif Kərimli səni görmək istəyir. Deyəsən, qəzetə işə dəvət etmək fikri var. Sabah tezdən gəl.
Doğrusu, gözləmədiyim, amma qəzetin adına, nüfuzuna görə dəyərləndiril-məli təklif idi. Razılaşdım, getdim və sabahı gündən etibarən yeni məşhur kol-lektivlə işləməyə başladım. Şərif müəllim olduqca tələbkar redaktor idi. Bir də görürdün, işin axırı çağırdı ki, hazırlaş, sabah ezamiyyətə gedirsən. Bəhanə-fi-lan da qəbul olunmazdı. İş təcrübəmin ilk çətin mərhələsini mən o qəzetdə jur-nalist məsuliyyəti, riski və operativliyinin gərginliyi altında keçmişəm. Bu təcrübə sonrakı fəaliyyətimdə maneələrin, çətinliklərin aşılmasında ən böyük dəs-təkçi olub.
Ş.Kərimlinin yazar kimliyi haqqında ən etibarlı mənbələr onun araşdırma yazıları, ictimai-siyasi publistikası, sənədli bədii əsərləridir. O, reportyor, pub-lisist, qəzetçi-yazar kimi zamanında məşhurluğun nə olduğunu görən, amma bundan zərrəcə sui-istifadə etməyən usta qələm adamıdır. Onu yaxından tanıdı-ğımdan, yaradıcılığına, vətəndaş, ictimai mövqeyinə yaxşı bələd olduğumdan, tərəddüdsüz qeyd edirəm ki, Şərif Kərimlinin publisistikası mövzusuna, xarak-terinə, ideya-estetik tərzinə görə bütünlüklə milli, ictimai və mətn texnologiyası etibarilə isə fərqli mahiyyətə malikdir.
Şərif Kərimlinin publistikasının mahiyyətində həm mənbəli xəbər, həm fakt, həm analitik münasibət, həm də çağdaşlığı, ictimai nəbzi yansıtmaq imkanı və qabiliyyəti qabarıq görünür. Eyni zamanda, dil-təhkiyə cazibəsi ilə bədii təsvir vasitələri iç-içə təzahür edir. Elə bu da Şərif müəllimin publisist kimi orijinallı-ğıdır – “Ötən illərin harayı” adlı dörd cildliyi və “8712 nömrəli əsir”, “Gürcüs-tan: ikili standart siyasətinin yeni qurbanı” kimi...
Akademik Nizami Cəfərovun “O yaşadıqlarından danışır…” adlı məqaləsin-də oxuyuruq:
“Şərif Kərimli siyasi, elmi və bədii fəaliyyətini bir-biri ilə uyğunlaşdırmağı və onları bir istiqamətə yönəltməyi bacaran ziyalıdır. O, yaradıcılığının yarısını əhatə edən Borçalı problemini mətbuat vasitəsilə, eyni zamanda ən yüksək rəsmi səviyyələrdə diqqətə çatdırmış, Azərbaycan və Gürcüstan prezidentləri ilə görüşmüş və bu məsələ ilə bağlı soydaşlarımızın arzu və istəklərini ifadə edən təkliflər vermişdir. Şərif Kərimlinin redaktorluğu ilə çıxan qəzetlər ictimai-siyasi hadisələrə heç vaxt birtərəfli şəkildə yanaşmayıb, həmişə problemi tam ay-dınlığı ilə cəmiyyətə təqdim edib. Bu mətbu orqanlarda ictimai və dövləti işlər-də tanınmış, torpaqlarımızın müdafiəsində rəşadət göstərmiş gürcülər və ingi-loylar barəsində də obyektiv, maraqlı yazılar yer almış, onların ictimai, sosial və digər problemləri muxtəlif səviyyələrdə gündəmə gətirilmişdir.”
Şərif Kərimli idman jurnalisti deyil, amma idman jurnalistləri arasında daha çox tanınmışlardan, adı qalıcı olan yazarlardandır. Onun jurnalist qələmində bir yazıçı təfəkürü, tərzi vardır. Və onun idman jurnalistlərindən fərqi ondadır ki, o, çağdaş dövrümüzdə el pəhləvanlarından yazan yeganə yazıçı-publisistdir. Azərbaycan pəhləvanlarının yaşamı, fəaliyyəti, möcüzəvi səhnə nümayişləri onun qələmində bitkin, cazibəli halda obrazlaşıb. Gələnəksəl türk xalq pəhlə-vanlığı (və pəhləvanlar) haqqında çox sanballı bədii-publisistik məqalələr, sə-nədli povestlər yazmaqla, onların adlarını yazılı tarixin yaddaşına ötürüb – “Rəşid Pəhləvan”, “Sali Süleyman”, “Pəhləvan Müsəllim” kimi...
“Pəhləvanın taleyi” tarixi-sənədli romanı müəllifin hələ sıradan son əsəridir. Əsər ağır atletika sahəsində, sirk səhnəsində misilsiz xidmətlər göstərmiş milli pəhləvanlığın görkəmli nümayəndələrindən olan, uzun illər Gürcüstan Milli Filarmoniyasında çalışmış Məhəmmədəli Qazaxlı haqqındadır. 2023-cü ildə nəşr edilən romanda məşhur Məhəmmədəli Qazaxlının vətəndaş, pəhləvan kimi ömür yolu və fəaliyyəti barədə bir-birindən maraqlı anlar, anılar yer alıb. Müəl-lifin bu kitabını çağdaş dövr qəhrəmanlıq əsərlərinin dəyərli nümunəsi hesab etmək olar.
Şərif Kərimli 1954-cü il iyunun 22-də Borçalıda, Gürcüstanın Marneuli ra-yonunun Baydar kəndində anadan olub. Yaradıcılığında qabarıq görünən mo-tivlərdən biri də vətənə, yurda bağlılıqdır. Onun yazılarına doğulduğu yurdun torpağının ətri, insanlarının comərd həyatının ritmi-yaşantısı, təbiətinin rəngi-səfası hopub. Bəhs etdiyi mövzularda qoyulan problem və qayğılara milli dü-şüncə, ictimai-sosial münasibət, soy-kök, dil, mədəniyyət baxımından ziyalı-və-təndaş yanaşması vardır. “Böyük fəlakətin astanasında”, “Bakıdan Borçalıya nə yaxınmış”, “Bir köç qayıdır geri”, “İflasa uğramış siyasət və gerçəklik”, “Ha-ra gedirsən, ay evi yıxılmış?!”, “Mən qurban verildim”, “Borçalı ağrıları”, “Gül verdik, güllə aldıq”, “Borçalıdan Bakıya bir köç gəlir - qaytarmalıyıq!..”, “İtiri-lən nəslin harayı” əsərləri günün olaylarının, insan qayğılarının termoanalizi ki-midir.
Şərif müəllimin yaradıcılıq trayektoriyasının özəyində Borçalı-Bakı yolu, vətəndən vətənə səfər təəssüratlarının təsirləri durur. Bu yol milli kimlik, ömür, məsuliyyətli yaradıcılıq yoludur. Yazılarının birindəki qeydləri bu fikri yetərin-cə dolğun əsaslandırır:
“Həyatımda elə bir il olmayıb ki, mən doğma Borçalıma baş çəkməyim. Ba-kı-Borçalı arasında getdiyim yolları əgər bir-birinə calasaydılar, bəlkə də Yer kürəsinin belinə kəmər kimi dolamaq olardı. Hələ bu yollarda yaşadıqlarımdan, qazandıqlarımdan və itirdiklərimdən danışmıram… Mənim üçün dünyanın bü-tün düyünləri, bütün ağrıları, bütün arzuları, bütün sevincləri, bütün kədərlə-ri… bu yollardadır. Bu yolların o başında doğuluruq, yola çıxırıq, yolun sonu-na çatar-çatmaz bir daha geri qayıdırıq və gördüklərimizi, yaşadıqlarımızı təzə doğulanlara danışa-danışa ölürük… Nə etməli, biz belə olmuşuq, elə belə də olacağıq – üzü Altaydan, Yeniseydən bəri didərgin ruhlarımızın sorağıyla dün-yanı fırlana-fırlana gəlib, Xəzərlə Qara dəniz həndəvərində ilişmişik. Ayağımızı hara basırıqsa, əcdadlarımızın iniltisini eşidirik: “Sən Vətəndəsən! Vətən sən-sən! Vətən səndədir!”
Borçalıdan söz düşmüşkən: Gürcüstanda Z.Qamsaxurdiyanın prezidentliyi dövründə yaranan qarşıdurma meylləri, soydaşlarımıza qarşı kriminogen hərə-kətlər, təhsil, mədəniyyət haqlarının pozulması, qədim tarixi yer adlarının də-yişdirilməsi ziyalılarımızın haqlı narazılıqlarına səbəb olmuşdu. Millətçi-şovi-nist qrupların içində ermənilər əsas katalizator rolunda çıxış edirdilər.
O illərdə müəyyən sosial, milli yönümlü təxribatlara, təhdidlərə, hüquqsuzluğa reaksiya verənlərdən, mətbuatda etiraz səsini qaldıranlardan biri də Şərif Kərimli idi. 1989-cu ildə qeydiyyatdan keçirdiyi “Borçalı”, 1992-ci ildə təsisçisi olduğu “Sabah” qəzetləri bütövlükdə Borcalı məsələlərinə istiqamətlənmişdi. Redaktoru olduğu “Azərbaycan” qəzetində isə, hər həftə Borçalı haqqında silsi-lə materiallar, vətəndaş məktubları, siyasi icmallar əksini tapırdı.
Və nəhayət, Borçalı əsilli ziyalıların yurd təəssübkeliyi səyləri nəticə etibari-lə 1993-cü ildə Bakıda “Borçalı” cəmiyyətinin yaranmasına gətirib çıxardı ki, qurumun təsisçilərindən biri də Şərif Kərimli idi. Bu gün də onun ictimai fəaliy-yəti bu yöndədir, 2016-cı ildə dövlət qeydiyyatına alınmış “Borçalı” İB-nin 2024-cü ilədək sədri olub.
Dövrün milli mücahidi, “Azərbaycan” qəzetinin ilk baş redaktoru, xalq şairi Sabir Rüstəmxanlı yazır: “Mən Şərif Kərimlini 1978-ci ildən – təyinatla “Yazıçı” nəşriyyatına gəldiyi gündən tanıyıram. O zamandan onun bütün həyat və fəaliyyəti mənim gözlərim önündə cərəyan edib.
1989-cu ildə Şərif Kərimli ilə ilk müstəqil mətbuat orqanı olan “Azərbay-can” qəzetində birgə fəaliyyət göstərmişik. Ona görə də inamla deyə bilərəm ki, onun peşəkar qəzetçi kimi öz işinə məsuliyyətli münasibəti, Azərbaycanın yeni qəzetçilik məktəbinin yaradıcılarından birinə çevrilməsi və müstəqil mətbuatın inkişafındakı rolu danılmazdır.
Şərif Kərimli həyatının və yaradıcılığının əsas leytmotivinə, qayəsinə, məna-sına çevirdiyi Borçalı və Azərbaycan-Gürcüstan dostluğu ideyasını və mehri-ban əməkdaşlıq münasibətlərini təkcə bu iki ölkənin mətbuatında deyil, eyni za-manda, dünyada tanınmış, nüfuzlu, “Novoe russkoe slovo” (ABŞ-da çıxır), “Nezavisimaya qazeta” (Rusiya), “İslami Birlik” (İran), “Sabah” (Turkiyə) kimi qəzetlərdə təbliğ etmiş və indi də bu fəaliyyətini davam etdirir.”
90-cı illərin önlərində Borçalı ilə bağlı mətbuatda və ictimai rəydə müəyyən narahatlıqlar özünü göstərirdisə, burada perspektiv üçün ziyalı ümidi, inamı da nəzərə çarpırdı. Gürcü və Azərbaycan xalqları arasında münasibətlərin pozulması daim ermənilərin marağında olub. Şərif Kərimli də məqalələrində həmişə erməni təxribatından narahatlığını ön plana çəkir: “Başqa millətlərdən fərqli olaraq, tarixən gürcülər və azərbaycanlılar arasında ciddi ədavətə səbəb ola biləcək müharibə və münaqişələr olmayıb. Ümumiyyətlə, Azərbaycanla Gürcüs-tan arasında münasibətlər həmişə əməli səciyyə daşıyıb. Ermənilər daim bu iki dövlət və xalq arasında nifaq salmağa çalışmış və bundan faydalanmaq istəyin-də olmuşlar.”
Ardınca da düşüncəsindəki ümidi ifadə edir: “Etiraf etmək lazımdır ki, Eduard Şevardnadze və Heydər Əliyev hakimiyyətə gəldikdən sonra onların şəxsi səyi və təşəbbüsü nəticəsində Gürcüstan dövlətinin hüquq-mühafizə orqanlarının Borçalıda və ona bitişik ərazilərdə fəallığı artdı və burada hökm sürən kri-minogen özbaşınalığa qarşi ciddi əməliyyatlar həyata keçirildi...”
Yenə də üzdə olan həlli vacib problemləri deməkdən qalmır: “Lakin E.Şevardnadze zamanında da borçalılara qarşı gizli şəkildə təzyiqlər olunur, onların işlə təmin olunmasında əngəllər törədilirdi. Gürcüstan azərbaycanlılarının ən böyük problemi olan torpaq problemi də məhz E.Şevardnadzenin vaxtında yaradılmışdır.”
Və ardınca gələcəyə yönəlik inamını təsdiqləyir: “Nəhayət, 1996-cı ildə müs-təqil dövlətin rəhbəri kimi Azərbaycan Prezidenti Heydər Əliyevin Gürcüstana işgüzar səfəri ilə iki ölkə arasında münasibətlərin yeni – üçüncü mərhələsi başlandı.”
Gürcüstandakı tarixi vətənlərində yaşayan soydaşlarımızın bugünkü və gələcək fəaliyyətində dil, ədəbiyyat, təhsil məsələlərinin aprıcı təsirə malik amil olduğu gün kimi aydındır. Bu gün vətəndən kənarda yaşayan azərbaycanlıların dil, mədəniyyət, təhsil haqları dövlətimizin siyasətinin başlıca diqqətindədir. Amma yenə də vətəndaş, ziyalı təklifi, təşəbbüsü həmişə yardımçı statusda çıxış etməlidir. Şərif Kərimli Borçalıda yaşayan soydaşlarımızın vətəndaş haqlarının vəziyyəti və səviyyəsi ilə bağlı fikirlərini, təkliflərini belə qeyd edir:
“İndi Borçalıda Azərbaycan dili və ədəbiyyatı fənnini tədris edən yaşı 60-dan aşağı olan müəllim tapmaq çətindir. Bu müəllimlərin savadına mənim şüb-həm yoxdur. Lakin zamanın danılmaz dialektikası var: canlı aləm cavanlaşmasa, həyat cansıxıcı olar. Müəllimin cavanlaşması təkcə onun yaşı ilə bağlı deyil: həyat dəyişir – insanların dəyişən mühitə, zamana uyğun olaraq bir-birinə münasibəti də dəyişir, yeni insanın fikir və duyğularını yeni ədəbiyyata gətirən şair və yazıçılar, alimlər, dilçilər yeni ədəbiyyat yaradır, dil zənginləşir, yeni sözlər yaranır, yeni sözlər yeni insanlarda yeni-yeni təfəkkür tərzi, yeni dünyagörüşü, həyata yeni yanaşma incəlikləri formalaşdırır. Və bütün bunları cəmiyyətə məhz müəllim çatdırır. Gürcü dilini öyrənmək vacibdir, hətta o dildə təhsil almaq da olar, lakin ana dilimiz həmişə başımız üzərində dayanmalı və onu bütün dillərdən uca tutmalıyıq. Bu isə təkcə borçalıların problemi olmamalıdır.”
Şərif Kərimli təkcə jurnalistliklə kifayətlənməyib, jurnalistikanın tədrisi ilə də məşğul olub. Mətbuatdan ayrılmadan, Odlar Yurdu, Avrasiya, Slavyan uni-versitetlərinin jurnalistika fakültələrində 10 ildən artıq pedaqoji fəaliyyət göstərib, gənc jurnalistlərə çağdaş jurnalistikanın problemlərindən dərs verib. Hazırda isə, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin “Əqli Mülkiyyət” jurnalının ədəbi redaktorudur. Bu qurumda işlədiyi son beş ildə “Azərbaycan milli musiqi alətlərinin patentlə mühafizəsi”, “Azərbaycan brendləri”, “Haaqa sistemi” adlı elmi-praktik kitablar nəşr etdirib.
Şərif Kərimli yaradıcılığının ümdə əhəmiyyəti ondadır ki, mövzuca geniş spektrlidir, məzmunca ictimai aktuallıq kəsb edir, mətndə təhkiyə-təsvirə görə dil zənginliyinə, üslub özəlliyinə, fikir konkretliyinə malikdir. Bu əlamətlərlə o, media gəlişiminə önəmli töhfələr vermiş bir yazardır.
Yaradıcı insan üçün ömrün, zamanın həddinin nisbi olması barədə fikirlə ra-zıyam. Yaradıcılıq potensialına, həvəsinə görə, təqvim olmasaydı, bəlkə Şərif Kərimli 70 yaşına çatrdığını heç özü də qəbul etməzdi.
Hələ 70 yaşında da fəaliyyətinin tempini saxlayan, zövqlə çalışan, öz yaz-dıqlarından və yaxşı yazılardan zövq alan yazar həmişə həyatdan xoş sürpriz-lər, etibar gözləyir – özü həyata, həyatdakı missiyasına etibarlı olduğu kimi...

Dəyanət OSMANLI
Yanvar 2024

17-01-2025, 11:35
Azadə NOVRUZOVA yazır: "Şəhidlər Xiyabanında"

Azadə NOVRUZOVA


Şəhidlər Xiyabanında

34 ildir ki, bu müqəddəs Xiyabanı ziyarət edirəm. İlk illərdə məktəbli idim. Ömrümdən nə qalıbsa, o tarixdən bəri yaşadığım illər kimi yenə də bura bağlı olacaq. Şəhidlərimizin dəfn gününü heç unutmaram...
Sinif yoldaşlarımızla Əhmədlidən piyada dizəcən qara bata-bata gəlib çıxmışdıq dəfnə. İnsan izdihamı göz qaraldırdı... Səması tutulmuşdu küləklər şəhərinin. Qar, boran az görən Bakıda şaxtalı bir gün idi. Al qərənfil yağışı yağmışdı Azadlıq tələb edən xalqımızın ana qucağına - Bakıya.
Uzaq dağ kəndindən sənə sarı çox boylanmışdım, Bakı!
Poçt yolumuzdan poçt maşınını kəndimizin asfalt yoluna burulan görən kimi məhlə uşaqları ilə birlikdə poçtumuza qaçardıq. Bir Allah bilir ki, poçtalyon Savalan dayıya, Gülqala, Nazgül xalaya neçə dəfə - Bizə Bakıdan məktub var? Bizə Bakıdan bağlama var?- suallarını vermişdik. Cavabında mehriban - mehriban bağlamaları hələ açmamışıq. Nə olsa, axşamüstü poçt paylananda gətirəcəm deyərdilər...
Əmidən, bibidən, dayıdan, xaladan, qohum-əqrabadan məktub, bayram açıqcalarını nə qədər səbirsizliklə gözləyərdik... Poçtdan birimiz sevincək, beşimiz məyus (məktub almayanlar) qayıtsaqda, bu hal həmişə belə təkrarlanardı. Həm sevinənlər, həm də məyus olanlar poçta bir yerdə gedib, gələrdik. O məktubları qaranəfəs evə çatdırınca necə sevinc yaşamışam, İlahi... İlk nənəmə oxuyardım, həyəcanlı-həyəcanlı... Sonra atam oxutdurardı, sonra da anam. Özüm isə yeni məktub alana qədər dönə-dönə oxuyurdum. Sanki sehirli idilər bu məktublar... Özləri ilə nə qədər ümid, sevinc gətirirdilər. İçindəki xəbərlərdən belə asılı olmazdı bu sevinclər. Bəzən xoş olmayan acı xəbərlər gətirsələr də ...
"Sizə Bakıdan məktub gəlib"- sevinci ayrı idi...
Qohum uşaqları yazırdılar ki, Bakının işıqları o qədər al-əlvandır zülməti aydınladır! Gecələri ecazlı, gündüzləri füsunkar Bakı... Bir ucqar dağ kəndindən necə möhtəşəm görünürdün, Doğma Bakı, Əziz Bakı!
Bu gün də Dağüstü park yüksəkliyindən seyr edib qürurlandım səninlə, Gözəl Bakım, Mehriban Bakım!
Adətən belə başlayardı məktublar... Salam. Biz sağ və salamat olub, sizin də sağ və salamat olmağınızı o bir Allahdan arzu edirik. Yazın görək, necəsiniz? Burda, bizdə havalar yaxşı (soyuq, sərin, isti və s.) keçir, bəs orda, sizdə havalar necə keçir?....
Burda, bizdə...
Orda, sizdə...

Havaların necəliyi sanki, bütövlükdə növbəti məktubu yazana kimi adamı toxtaq saxlayırdı. Bu məktublar ümumilikdə əhval-ruhiyyəni özündə cəm edib, məktub yazılana ötürürdü. Artıq 36 ildir ki, Bakıya məktub yazmıram... Poçt maşını yalnız xəyalımda kəndimizə burulur...
Bakıya ilk gəlişim 1988-ci ilin sentyabr ayında qaçqın uşaq statusunda olub...O ildən Bakı əlimdən bərk tutub. Bakının sakini olmuşam.
O illərin uşaqlarının çoxunun uşaqlığı Azadlıq Meydanındakı mitinqlərdə keçib. Məktəbdə dərslərimizi yarımçıq qoyub, qaçıb meydana gələrdik. Azadlıq mübarizəmizə qoşulardıq. Lenin baba deyə-deyə böyüyən biz sovet uşaqları Sovet İmperiyasının necə süqut etdiyini öz gözlərimizlə gördük, ağrı-acılardan keçib, müstəqilliyin dadını ilk dadanlardan olduq. Biz uşaqlar da elə birdən böyüdük...
Mən də 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecədə böyüdüm... O dəhşətli yanvar gecəsində qaldı doğum günü sevincim... Günahsız məktəbli Larisanı, İlqarı qətl edən “bizim sovet ordumuz”un əsgərləri o sevinci də güllələdilər. Gecəni vahimə içində keçirdik. Nə baş verdiyi barədə hər hansı bir rəsmi məlumat əldə etmək mümkün deyildi. Azərbaycan Televiziyasının enerji blokunu partlatmışdılar. Radio da susmuşdu. O zaman mobil əlaqə yox idi. Yalnız şəhər telefonları ilə əlaqə saxlamaq olurdu. O da təhlükəli idi. Çünki dinlənilirdi. Qanlı Yanvar Şənbəsinə açıldı sabahımız. Heç kim bir-birindən xəbər tuta bilmirdi. Əslində nə baş verdiyini anlamaq çətin deyildi. Gözlə gördüklərimiz bunu diqtə edirdi. Bakıya Sovet Ordusu hücum etmişdi. Dinc əhali amansızlıqla qətlə yetirilmişdir.
Sovet ordusunun tankları Bakını hər tərəfdən əhatəyə almışdılar. Binamızın (Əhmədli qəs. Nəsirəddin Tusi küç. 43) başında, yolun ortasındakı tank hansı eyvandan boylanan olurdusa oranı atəşə tuturdu. Axşamlar işığı gələn pəncərələrə də atəş açılırdı. Bakı buxtasındakı gəmilərin qulaqlarımdan heç vaxt getməyən fit səsləri... Eyvanlardan 40 gün asılan qara bayraqlar... Nə tankdan, nə qandan qorxmayan xalqımızın əzmi, iradəsi, mübarizliyi... Dağüstü parka doğru irəliləyən insan seli...
Şərəfinə indi Bakının 20 Yanvar Meydanı adlandırılan o vaxtkı XI Qızıl Ordu meydanında heykəli ucalan, Qızıl Ordunun, əslində Qanlı ordunun törətdiyi faciəyə qarşı Bakının qəzəbi, nifrəti, sonsuz kədəri yaddaşımdan silinməyib, silinməz də ...
Heç bu zorla dirənib Sovetlər Birliyini yaradanların özlərinində inanmadığı, uydurduqları sovet xalqı məfhumu və bu xüsusda yaratdıqları bu beynəlmiləl xalqa qarşı faşist münasibətləri təkcə Bakıdakı 20 Yanvar faciəsi ilə məhdudlaşmamışdı. Alma-Ata, Tbilisi, Oş, Düşənbə, Vilnüs, Riqada da bu Qızıl yox, Qırmızı ordu xalqları qanlarına qəltan etmişdi. Uşaq ikən qulağım çox eşitmişdi. Bala, Allah bu Şura hökumətini dağıtsın. Bizi quru yurdda qoydu. Sürgünlər, güllələmələr, yağmalamalar... Ağ günümüzü qara günə çevirdilər. Heç pis gündən gözümüz açılmadı... Evini yıxanlara qulluqçu olmaqdan ağır nə ola bilərdi? Sovet vətəndaşı, sovet ordusu və s. zor gücünə hamını sovetləşdirmişdilər. Müharibə, qan-qada, ölüm, itim...
Çox şeyimizi itirdik. Ərazi bütövlüyümüzü, əzizlərimizi, dostlarımızı... Dağıdılan varımızı-halımızı demirəm... Bircə ümidimizi itirmədik! Ümid ölmədi! Bizi diri saxladı!
2020-ci ildə 44 Günlük Zəfər salnaməsi yazıldı tariximizə. 2023-cü ildə ərazi bütövlüyümüz bərpa olundu. Bu zaman kəsimində Müstəqil dövlətimiz möhkəmləndi, ordumuz gücləndirildi və nəhayətdə Böyük Qələbə qazanıldı! Zəfər çalındı!
2024-cü il 20 yanvar tarixində Bakıdan - Bakıya yazılan bu məktubda – “Bu gün Bakıda hava şaxtalıdı. Gün işarsa da, soyuq adamın iliyinə işləyir” yazıldı. Əlimdəki qərənfillər isə əvvəlki illərdən fərqli olaraq, üşümədilər...
34 ildir ki, bu sevinc, sevgi, şadlıq çiçəkləri soyuq məzarlara düzülür... Şəhidlərimizin tökülən günahsız qanlarının simvoluna dönüblər, al qərənfillər.
Bu il qərənfilləri şəhid məzarlarına düzəndə həm şəkillərdən boylanan baxışlar, həm də qərənfillər gülümsəyirdi üzümə... Onlar birləşib ərazi bütövlüyümüzün sevincini əks etdirdilər bu gün biz ziyarətçilərə...
Bu gün, gözümüzdən yaşları, kədəri, qüssəni sildi AZADLIQ uğrunda əziz can fəda edən, ŞƏHİDLƏRİMİZ! Amalı azadlıq olan şəhid şairimiz Ülvi Bünyadzadənin anası bir dəfə söhbətimizdə söylədi ki, Ülvi gənc ikən şəhid oldu, yandım, kül oldum. Amma sonra gördüm ki, oğlum xalqımızın qəlbində yaşayır, o diridir! Əbədi ömür qazanıb. Məni bu toxdatdı. Ülvini və azadlığımız uğrunda can qurban verən bütün şəhidlərimizi qoynuna alan, Vətən sağ olsun! Allah hər birinin əziz ruhlarını şad etsin!
20 Yanvar, sən qaranlıqdan aydınlığa açılan səhər oldun. Qürur Günümüzsən! O Şura deyilən hökumət qurulan gündən qəlbimizə gizlin-gizlin əkilən Azadlıq toxumları bu gün al qırmızı qərənfillər gözəlliyində göyərdi!
Mən də yenidən doğuldum bu gün, hürr və azad!
Bakı, xoş vaxtın xeyir!
20 Yanvar, 2024-cü il
16-01-2025, 19:43
ÖN SİRAYA ÇIXDIQ, USTAD

ÖN SİRAYA ÇIXDIQ, USTAD

Mübarizə bu gün də var, yarın da,
Mən də onun ən ön sıralarında.

Rəsul Rza. Ustad Xalq şairimiz Rəsul Rzanı xatırladım.
Xəbər çatdırım Sizə,
Sizin ardınızca ön sıraya
çıxdıq, ustad!
Qondarma sərhədləri,
Səngərləri həmlə-həmlə yıxdıq, ustad!
Doğma yurdun havasında
Babaların nəfəsini duya-duya,
Elə o nəfəslə, o sevgiylə
Qalxdıq sıldırımları,
Qovuşduq ucalığa- Şuşaya!
Çıxdıq Kəlbəcərə, Xankəndinə,
Üzü Zəngiyə, Laçına.
İmkan vermədik yurdumuza köçürülən haylar
Xaçlarını yamaya
Qədim Alban xaçına.
Yol açılmalıdı Naxçıvana!..
Neçə doğma məkana yol açılmalıdı-
İradə var, məram var!..
O yurdlarda yollara baxan,
əlləri qoynunda neçə-neçə anam var!..
Aydınlıq gətirdik, ustad,
Tarixin qarışıq yoluna, izinə.
Vüqarla, açıq alınla baxdıq
Üfüqlərin, səhərlərin üzünə!
Uğurlar aldıq Qaf dağından.
Qorxmadıq mühitin, zamanın
Qaralığından, qaranlığından.
Şəhidsiz, qazisiz olmaz ki zəfər, bildik!
Birliyimiz olsun, şərin yolunu kəsər, bildik!
Ön sıradayıq, ustad,
Mübarizə meydanında!..
Hələ görüləcək çox işlər var
Məqamında, zamanında...
Durulacaq axarlarımız-
Yaranacaq yaşıl həyat.
Mübarizənin ön sırası
Bəzən öz yanınızdan keçir, ustad.
Mən də çalışdım ata kimi, yazar kimi,
Ön sıraya çıxdı
Yetirməmiz- neçə-neçə igid oğul-
Eldost, Sahib, Mənsur, Toğrul!..
Bu gün də ön sırada
Vətənin xeyir-duası ılə
Alnı xınalı Vətən oğulları var!
Vətənin yolunda
Yanan işıqlardı
Vətən uğrunda döyüşə atılan oğullar!
Hələ neçə-neçə ön sıraya,
Neçə-neçə qələbəyə acıq.
O işıqların altından keçirik, gedirik sabahlara
Üzüağ, alnıaçıq...
***
Ustad, o ön sıraya
Bütöv bir xalq yürüdü.
Dedik, əzildik, qalxaq,
Kükrədi haqq, yürüdü!

Sərkərdə bir cəsur ər,
Yumruğunu gördü şər!..
Bizi haqlı bılənlər,
Yaxın, uzaq yürüdü!

Ərlər döndü özünə-
Azərbaycan sözünə!..
Düşüb haqqın izinə,
Bir şanlı çağ, yürüdü!

Nida-bayraq bir ərdə,
O ər ulu sərkərdə!..
Sərkərdə neçə yerdə
Asdı bayraq, yürüdü!..


Ərlər tarixdən yenə,
Keçib gəldi bu günə!
Neçə ulu ərənə,
Çatdı soraq, yürüdü!

Neçə sönmüş ocaq var...
Ər oğul olmadı xar-
Dedi: yansın ocaqlar,
Oldu çıraq, yürüdü!

Azmı haqları boğan,
Bu yürüşə gəc baxan,
Vətən deyən hər elxan,
Şərdən iraq, yürüdü!

Bəy oğullar özləndi,
Ad-san ilə süsləndi!.
Zəfər kənd-kənd səsləndi,
Ocaq- ocaq yürüdu!..

Şəhid, qazi- şan bizə,
Yolumuz-mübarizə!..
Tarix də üstümüzə
Açdı qucaq, yürüdü!

***
Hər yurd yeri- haqqımız,
Haqq ilə çıxdıq, ustad,
Ön sıraya, uğurlar!
Vətən xalqla bir oldu,
Bir xalq olan-güc olan
El-obaya uğurlar!..

Qalxır bir yeni güclə;
Şəhid ruhu önündə-
Bayrağımız önündə
Əyilən hər qamətə,
Hər bir boya uğurlar!

Haqqın alıb ölkəmiz-
Özəl günlər olacaq;
Təntənəyə, şənliyə,
Neçə toya, uğurlar!..

Zəfər günü- bələdçi,
Yolu aparır hara?..
Bu günün ardı ilə
Gələcək zamanlara,
İlə, aya uğurlar!..

Hər vətəndaşda yenə
Bu qələbə gününə,
Yaşanacaq hörmətə
Sayğı-saya, uğurlar!..

Bu təməlin üstünə
Daş qoyacaq hər kəsə!-
Ər oğula, memara,
Hər ustaya uğurlar!..
***
Zəfər heçdən yaranmır,
Nə yaxşı tapa bildik
Uğurların sirrini.
Çəkib, oturtmalıydıq,
Vurub, göstərməliydik
Haqsızlara yerini!
Diqqət zəifləməsin,
Bəlkə sona çatmayıb
Yad oyunlar, tələlər.

Bəlkə hələ az deyil,
Boynunda yad kəmsiyi
Zatıqırıq kölələr.


Nə yaxşı meydandayıq,
Gərək bu meydanlarda
Olaq bir az da həssas,
Olaq bir az da sayıq!.

Sözünüzə tapındıq:
Mübarizə bu gün də,
Yarın da var- həqiqət.
Bir bağbansan,bağın da,
Barın da var, həqiqət.
Bu bardan barınmasaq
Nələrə tuş olarıq,
Enib, düşərik hara?..
Şeiriniz silahdı,
Bildim, ehtiyac çoxdu,
Ustad, bu silahlara!..
Bu silah da məlhəmdir
Acılara, ahlara.
Yolumuz uğurludur,
Qələbələr olacaq!
Billəm, mübarizə var,
Üz tutdum sabahlara!..

MUSA ASLANXANLI










13-01-2025, 17:41
Yardan sarı

Yardan sarı


Olmuşam Məcnuna həmdəm həmin o yardan sarı,
Qəmü-dərd içrə odlanıb könül dildardan sarı.

Cananın badeyi-eşqi məni bihuş elədi,
Əvvəl-əvvəl oldu xoş könül də xumardan sarı.

Amma ki, çox içdikcə oldu zəhər badeyi-eşq,
Aləmdə bir parə oldum o cür qəddardan sarı.

Dəryayi-qəm içrə boğulsamda mən qaragün,
Yar gedib can yandırar bir məlun əğyardan sarı.

Xar olsam da xəlq içrə bəlayi-eşqə yoldaşam,
Miftahi-eşqim var mənim, məxzənül-əsrardan sarı.

Məhəmməd bəxti-qarə bəlayi-eşqə aşina,
Bildirər bu bəlanı ki, əziz xridardan sarı...


Məhəmməd Şəhvari
Şirvan şəhər 10 nömrəli məktəbin 10B sinif şagirdi


12-01-2025, 21:05
"ŞƏRQ MƏDƏNİYYƏTİ    MƏNİ HƏMİŞƏ ÖZÜNƏ CƏLB EDİR."


"ŞƏRQ MƏDƏNİYYƏTİ
MƏNİ HƏMİŞƏ ÖZÜNƏ CƏLB EDİR."


"Butov Azərbaycan" qəzetinin əziz oxucuları!
Bugünkü qonağımız — italyan tanınmış şairəsi, yazıçı, tərcüməçi, ədəbiyyat tənqidçisi və jurnalist, geniş spektrli yaradıcı, bir çox ədəbiyyat mükafatları laureatı, mənəviyyat və ədəbiyyat təbliğatçısı,

Elisa Masciadır.

— Ədəbiyyat və şeiriyətə marağınız nə vaxt başlayıb? Yaradıcı olmağınıza əsasən sizi istiqamətləndirən amillər hansılardır?
—Mənim ədəbiyyata marağım uşaqlıqdan başlayıb, ibtidai məktəb illərindən oxumağa, yazmağa, eyni zamanda şeirlər oxumağa xüsusi marağım olub.
Həmişə yaradıcı yazı və oxumağı inkişaf etdirməyə çalışmışam. Mənim üçün yaradıcı olmaq yalnız ədəbiyyat və sənətlə bağlı deyil, həm də əl işləri – tikiş, toxuculuq, kimi əl sənətləri ilə əlaqədardır.
—İtaliyadakı ədəbiyyat mühitini necə qiymətləndirirsiniz? Orada yaradıcılar üçün hansı imkanlar mövcuddur?
İtaliya haqqında "şairlər, əvliyalar və səyyahlar ölkəsi" ifadəsi məşhurdur. Lakin bu məşhur deyimə baxmayaraq, mənim fikrimcə, şair olmaq üçün yalnız düşüncələri yazmaq kifayət deyil. İlham və şeiri üslubdan əlavə, yazı qaydalarına riayət etmək lazımdır. Ən vacib isə oxumaqdır, çünki yalnız oxuyaraq zəngin söz ehtiyatına sahib olmaq mümkündür. Bu isə yalnız uşaqlıqdan başlayaraq davamlı təhsil və məşq yolu ilə olur. İmkanlar, şəxsi davamlı zəhmət və həmkarlarla, mədəniyyət təşkilatlarında ideya mübadiləsi ilə bağlıdır.
—Ədəbiyyat prosesində hansı mərhələni ən maraqlı və həyəcanverici hesab edirsiniz?
—Hər bir yazıçı öz ədəbiyyat yolunda bir neçə mərhələdən keçir.
Mənim uşaqlıqdan yazıya xüsusi marağım olub və zamanla hekayələr yazmağa başladım, nəhayət ki, nəşr etdirməyə çalışdım və bu mənim arzum idi.
"Hələlik" romanımın nəşrini tam başa çatdıra bilmədim, çünki hələ tamamlanmağa ehtiyacı var.
Lakin bu suala cavab olaraq, geriyə baxıb öz ədəbiyyat yolumu qiymətləndirərək deyə bilərəm ki, ən maraqlı mərhələ ilhamdır, ən həyəcanverici mərhələ isə nəşr üçün gözləmə mərhələsidir.
—Müasir oxuma mədəniyyətini necə qiymətləndirirsiniz?
Bu mədəniyyəti inkişaf etdirmək üçün nə etməliyik?

—Dünyada ən çox istifadə olunan "maye cəmiyyət" anlayışına əsasən, insanlar oxumağa daha az meyl edir. İnsanların öz vaxtlarını düzgün şəkildə ayırmağı öyrənməsi, həmçinin səbr və vaxtın dəyərini anlamağa başlaması vacibdir. Müasir dövrdə bu, şəxsi və cəmiyyətin inkişafına müsbət təsir edəcəkdir.
—Fərqli ölkələrdən olan yaradıcılarla əməkdaşlıq işinizə necə təsir edib?
—Mənim üçün fərqli ölkələrdən olan həmkarlarımla şeir üslubumu paylaşmaq və öyrənmək çox vacibdir. Bu, təkcə fərqli mədəniyyətlər və yaradıcı yanaşmalar vasitəsilə yeni ilham almağa kömək etmir, eyni zamanda zaman-zaman yeni şeir üslublarını, məsələn, Edwin Antonio Gaona Salinas tərəfindən ixtira edilən Gaonesa və ya Antonio Escobar Mendivez tərəfindən yaradılan Decima üslubunu sınaqdan keçirməyə təşviq edir.
Mən heç kimdən təsirlənmirəm, çünki hər şey mənim davamlı araşdırma və öyrənməyim nəticəsində yaranır.
—Ədəbiyyat müsabiqələrində və antologiyalarda iştira
k etmək yaradıcı işinizə hansı yeni imkanlar yaratdı?
—Milli və beynəlxalq antologiyalarda iştirak mənim üçün çox vacibdir.
Bu, həmkarlarım ilə ideya mübadiləsi aparmaq və birlikdə işləmək, həmçinin bəzən, xeyriyyə məqsədilə satış gəlirlərinin ABEO (onkoloji xəstəliyi olan uşaqlar üçün təşkilat) kimi təşkilatlara həsr edilməsi imkanı yaradır.
Bu antologiyalar vasitəsilə daha çox insana müsbət təsir göstərmək mənim yaradıcı fəaliyyətimi daha da inkişaf etdirir.
—Yaradıcı uğurun əsas amilləri nələrdir?
Yazar olmaq üçün davamlılıq, çox səbr və həmişə öyrənməyə hazır olmaq lazımdır. Mənim yaradıcı planlarıma qatdığım səbr və ilk addımlarda təslim olmamaq çox vacibdir. Həmçinin, nəticələrə nail olarkən sakit olmaq və həvəs göstərməmək lazımdır. Çünki çox vaxt, çətin iş nəticəsində əldə edilən mükafat daha qiymətlidir.
—Sülh və mədəniyyəti təşviq etmək fəaliyyətiniz şəxsi həyatınıza və yaradıcı işinizə necə təsir göstərdi?
Sülhü təşviq etmək mənim üçün təbii və daxili bir prosesdir.
Mənim sülhə olan inamım uşaqlıqdan mövcuddur.
Şeir və ədəbiyyat vasitəsilə sülhün yayılması, xüsusilə indi, internet vasitəsilə hər yeri əhatə edə bilər. Bu, oxucuların həyatına sülh və müsbət enerji daxil etməyə, onlarda yeni hisslər oyatmağa kömək edir.
—Yaradıcı cəmiyyətdə hansı rol oynayır? Ədəbiyyatın insanların həyatına təsiri haqqında nə düşünürsünüz?
—Yaradıcı cəmiyyət üçün böyük və məsuliyyətli bir rol oynayır.
Mənim fikrimcə, yazılarımı oxuyan insanların, onların həyatında və cəmiyyətin inkişafında özlərini tapması, mənim məqsədimdir. Mənim dünyagörüşüm, ədəbiyyat vasitəsilə insanlara müsbət mesajlar göndərməkdir, bunu həm də könüllülük, sevgi və sülhün toxumları olaraq görürəm.
—Yaradıcı proses və şəxsi həyat arasında düzgün tarazlığı necə qoruyub saxlamaq lazımdır?
—Yaradıcı və şəxsi həyat arasında tarazlığı qorumaq üçün gündəlik məşqlər və bir qədər oxumağa və yazmağa vaxt ayırmaq, öz stilini inkişaf etdirmək və daha çox insana təsir göstərmək vacibdir.
—Azərbaycan və İtaliya arasında ədəbiyyat sahəsində əməkdaşlığı necə inkişaf etdirmək olar?
—Bütün dünya ölkələri ilə əməkdaşlıqda ən effektiv yanaşma, hər bir xalqın mədəniyyətini öyrənmək və bu ölkələrin dillərinə tərcümələr vasitəsilə mədəni mübadiləni asanlaşdırmaqdır.
—Azərbaycanı ziyarət etmək istəyirsinizmi?
—Dünyanın bir çox ölkələrini ziyarət etmək istəyərdim, lakin mən hələ də İtaliyada olan gözəl və məşhur yerləri ziyarət etməyi istəyirəm.
Əgər qismət olsa, Azərbaycana səyahət etmək niyyətindəyəm.
Şərq mədəniyyəti və sənəti, zəngin tarixi və ədəbiyyatı həmişə məni özünə cəlb edib.
Söhbətləşdi: Cahangir NAMAZOV,
“Bütöv Azərbaycan”ın Özbəkistan təmsilçisi.
12-01-2025, 16:44
Od nə çəkdi, küldən soruş...

Od nə çəkdi, küldən soruş...(R.Rza)

Azərbaycan xalqının tarixi minilliklərə söykənir. Qərbi Azərbaycanın bir hissəsi sayılan Zəngəzurun əyilməz zirvəsi nə qədər məğrur görünsə də, o, taleyin o qədər acısını görüb ki. Zəngəzur dağları elə sıralanıb ki, sanki bir- birinə nəsə pıçıldayır. Bu dağlar igid Babəkin ərəblərə, Qaçaqların bolşeviklərə qarşı mübarizəsini yaşatmağa çalışan izlər saxlayır. Bu ərazidə bir ad belə tapmazsan ki, yad ünsürlü ola. Dədələrimiz, babalarımız bu diyarın dağlarına, dərələrinə gözəl adlar qoyublar. Bu adların hər birinin arxasında bir nəslin, bir elin tarixi dayanır. Bu tarixin elə səhifələri var ki, vərəqləyəndə ürək dağlayan hadisələrin şahidi olan şəhidlərin öz qanları ilə yazdıqları qəhrəmanlıq tarixi onu oxumadan keçməyə icazə vermir.
Ənvər kişi Oğuz yurdunun bir parçası olan Qafan rayonunun Gığı kəndində doğulub, sevib- seçdiyi Səlbi xanımla ailə qurub. Taleyin işi onları Bakıya gətirib, “Böyük şor” deyilən qəsəbədə məskunlaşıblar. Üç oğul dünyaya gətirib Səlbi xanım, üç əsgər böyüyürdü bu ailədə. Amma evin son beşiyi, altı yaşlı Səməd (1975- ci il təvəllüdlü idi.) yolu keçərkən milliyyətcə erməni olan sürücü tərəfindən qəzaya uğrayır. Onu xəstəxanaya çatdırsalar da, həyatını xilas etmək mümkün olmur. Səlbi xanım bu acıya dözə bilmir, hey ağlayıb- sızlayırdı, amma böyük oğlu Natiq (1971- ci il təvəllüdlü) və ortancıl oğlu Namiqin varlığın düşünəndə Allaha şükr edib susurdu. Səlbi xanımı daha çox ağrıdan balasının lənətə gəlmiş erməninin güdazına getməsi idi.
H a ş i y ə: Qərbi Azərbaycanda azərbaycanlılar ali təhsil alsalar da, vəzifə tuta bilmədiyindən Bakıya üz tuturdular. Ali təhsil alanlardan yalnız müəllimliyi bitirənlər işlə təmin oluna bilirdilər. Onlar da Azərbaycan kəndlərində işləyə bilirdilər. Azərbaycan əsilli həkimlərdən şəhər klinikasında yalnız Gülzar Şıxəliyeva, Gığı kənd xəstəxanasında baş həkim Səfixan Gəncəliyev, Məcnun Babayev və Vaqif Quluyev işləyə biliblər. Bu da dəryada damla deyilmi? Bunun da səbəbi xəstəxananın Azərbaycan kəndinə xidmət etməsi idi. Azərbaycan əsilli həkimlər də onlara göstərilən sayqısızlığa dözməyərək Bakıya köçməyə məcbur olublar.

Şəhid Məmmədov Namiq Ənvər oğlunun da Bakıda dünyaya gəlməsinin səbəbi bu idi. O, 1973- cü il oktyabrın 13- də dünyaya göz açıb. Natiqdən sonra onun gəlişi ailəyə ikiqat sevinc gətirmişdi. Namiq 1980- ci ildə yeddi yaşa çatanda Nizami rayonundakı 12 nömrəli məktəbin birinci sinfinə qəbul olundu. Yaxşı oxuduğundan müəllimlərinin, sinif yoldaşlarının sevimlisi idi. Arzuları böyük imiş Namiqin. Vətənə layiqli övlad olmaq, xalqının gərəyinə çatmaq. Şair Məmməd Arazın “Vətən mənə oğul desə nə dərdim...” misralı şeiri dilinin əzbəri imiş. Anası soruşanda ki, “Ay oğul, başqa şeir bilmirsən? Deyərmiş ki, bu şeir mənim üçün bir vətən nəğməsi, vətən laylasıdır.” Onu tanıyanlar onun az yaşda böyük hörmət sahibi olduğundan danışırlar. Nə gözəldir el tərəfindən sevilmək, yurdunun əbədi varisi olmaq.
Namiq Məmmədov 1990- cı ildə oxuduğu orta məktəbi bitirir və 1991- cı ildə həqiqi hərbi xidmətə çağırılır. N saylı hərbi hissədə- Xüsusi Təyinatlı dəstədə təlim keçir. O zaman Azərbaycanın Xüsusi Təyinatlı Qüvvələri yaranmamışdı (30 aprel 1999-cu ildə I Qarabağ müharibəsi iştirakçısı olmuş zabit və gizirlərin sayəsində yaranıb). Namiq təlimini bitirən kimi onu Naxçıvana ezam edirlər. Onun ilk döyüş yolu Naxçıvanın Batabat ərazisindən başlayıb, Sədərək rayonunda “Cin təndiri” deyilən yüksəkliyin müdafiəsində xüsusi xidməti olub. Bir il Naxçıvanda xidmət etdikdən sonra Namiqi müxtəlif döyüş vasitələrindən səmərəli istifadəni yaxşı bildiyi üçün Beyləqana ezam edirlər. Namiq Beyləqanın müdafiəsində, Füzuli rayonunda gedən döyüşlərdə xüsusi xidmət göstərmiş, çavuş olaraq üzərinə düşən vəzifəni layiqincə yerinə yetirmiş, fərqlənmə nişanları və döş nişanları ilə təltif olunmuşdur.
Namiqin qəhrəmaanlığı haqqında onunla döyüşdə iştirak edən zabitlər, əsgər yoldaşları ağız dolusu danışırlar. Bakıdan zabit Vəliyev Oqtay, Gəncə uşaq evində böyüyən, amma çox vətənpərvər olan Heydərov Sahib də onunla bir cəbhədə döyüşüblər. Onlar həmişə kəşfiyyata birlikdə gedər, düşmənə qarşı hər bir təşəbbüslərini, planlarını birlikdə hazırlayardılar. Soyuq dekabrın 22- də dörd nəfər yenə birlikdə kəşfiyyata gedirlər və Ağdamın Əhmədbəyli kəndinin yüksəkliyini qalxarkən düşmən alayının üstünə çıxırlar. Lənətə gəlmişlərin onları gördüyünü bildikləri üçün alayın qarşısındakı 2 tankın birini vururlar, tank alışır. Namiq və Azərbaycanın digər ər oğulları onlarla döyüşə başlayırlar. 40 dəqiqə davam edən qeyri- bərabər döyüşdə köməksiz qaldıqları üçün geri çəkilməli olurlar. Erməninin sağ qalan tankından açılan atəş boşa çıxır, lakin ikinci atəşdən yaralanırlar. Heydərov Sahib( talesiz və yetim böyümüşdü, yarızarafat, yarıciddi dostlarına deyərmiş ki, “mənim onsuz da gözləyənim yoxdur, çalışın siz sağ qalın ki, ananızın gözü yolda qalmasın”), ağır yaralandığı üçün yerindəcə dünyasını dəyişmiş, Namiqin isə mərmi qarın nahiyyəsindən girib sidik kisəsindən keçərək onurğa sümüyünün haram iliyini dağıda- dağıda çıxmışdı. Onu bir gecə Beyləqan hospitalında saxlamışlar, səhəri günü, yəni dekabrın 23- də ağır yaralı olduğu üçün helikopterlə Bakıya Mərkəzi hərbi hospitala (Papanin deyilən yerdəki qospitala) gətirirlər. Sağ qalması üçün çox çalışırlar, çünki o, döyüş əməliyyatlarini həmişə uğurla yerinə yetirdiyinə görə daha şox gərəkli idi.
Qardaşı Natiqin dedikləri:

Mənə zəng vurub qardaşımın ağır yaralandığını, Mərkəzi hərbi qospitala gətirildiyini dedilər. Tez özümüzü oraya yetirdik, əməliyyat otağında olduğunu öyrəndik. Beş saatdan sonra həkim əməliyyat otağından çıxdı. Namiqin vəziyyətini soruşdum, ümidverici bir söz demədi. Dedi ki, onun müalicəsi yalnız xaricdədir, MDB ölkələrində yoxdur, xaricə getmək üçün də sənədləşmə və pul lazımdır. Bütün bunlar onu gecikdirəcəkdir. Həkim onun ağır yaralı olduğu və çox qan itirdiyi halda bur gün də Beyləqanda gecikdirildiyini söylədi. Mən israrla qardaşımın sağ qalıb qalmayacağıını soruşdüqda həkim:
- Əgər üç gün dayansa, yaşayacaq, amma əlləri, ayaqları işləmədən yaşayacaq.
Mən qardaşımın hər necə olursa- olsun sağ qalmasını çox istəyirdim, çünki anamın üç oğuldan ümidi yalnlz mənə qalırdı, amma nə edək ki, 26 dekabr axşam saat 18 00 radələrində qardaşım dünyasını dəyişdi. O, hərbi komissarlıq və rəsmi dairələr tərəfindən 1993- cü il dekabrın 27- də I Qarabağ “Şəhidlər xiyabanı”nda dəfn edildi. O zamankı televiziya kanalları qardaşımgilin cəsarətli və qəhrəmancasına döyüşü haqqında məlumat verdilər, hətta onların şəhid olmalarını da elan etdilər. Qardaşım Namiqin televiziyadan “Azərbaycan bayrağı” ordeni ilə təltif olunduğunu da öz qulaqlarımla eşitdim, öz gözlərimlə gördüm. Dostlar, tanışlar mənə təsəlli üçün “sən tək deyilsən, Azərbaycan bayrağı” ordeni qardaşının yadigarıdır. Amma biz bu ordeni ala bilmədik. Mən qardaşımın komandiri ilə görüşdüm, dedi ki, təqdimat verilib, bu barədə qəzetdə də elan olunub, amma hara getdiksə, bizi “yola verdilər”.

Mərd, çox cəsarətli, heç kəsə əyilməyən qardaşım vətən qarşısında əyildi, vətənin oğlu olduğunu sübut etdi, qəhrəmanlıqla şəhid oldu. O, Azərbaycanın xoşbəxt gələcəyi və bütövlüyü uğrunda şəhid oldu. Namiq ailə qurmuş olsaydı, 44 günlük müharibənin şəhidləri onun övladı yaşda idi. 44 günlük müharibənin şəhidləri Namiqlərin vətənə sevgi məktəbindən dərs aldılar. Namiqin babaları da vətən sevgisini hər şeydən üstün tutublar. Onun ana babası Məmməd kişi 1941- 1945- ci illərdə baş vermiş müharibə zamanı Sevastopol uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla döyüşərək bir ayağını itirmiş, ata babası Həsən müəllim müharibədən qabaq Gığı kənd məktəbində bir müddət müəllim işləmiş, sonra müharibəyə gedərək sonadək faşistlərə qarşı döyüşmüş, Reyxstaqa qədər gedib çıxmışdır. “Ot kökü üstə bitər deyiblər”. Namiq də babalarının yolu ilə getdi ,vətəni seçdi, vətən üçün şəhid oldu.
Namiq payızda doğulmuşdu, bəlkə, bir payız günündə toyu olacaqdı, amma ömrünə qış payızın son günündə gəldi. Oğul həsrəti ilə yanıb qovrulan Səlbi xanım pıçıltı ilə öz- özünə:

-Yaşıl otların, əlvan çiçəklərin, budaqlarda göz- göz olan tumurcuqların ətri yazda hər yanı bürüyür, sən gəlmirsən, bala. Payız olur ağaclar yarpağını tökür, buludlar göz yaşını tökür, buludlardan soruşuram səni, günahkarlar kimi dinmir buludlar, mən səni harada axtarım, solub yerə tökülən xəzəlin içindəmi, yoxsa üzüqara qışdan soruşum səni, soruşmuram ondan, o deyildimi məni Namiqsiz qoyan? Səni məndən aldığı üçün qışı sevmirəm. Bəlkə, üşüyürsən, de, yun şalımı gətirib üstünə örtüm, bəlkə, yanına gəlim? Ömrümə qış yaxınlaşır, deyəsən, səni qışda tapacağam, oğul, hər yan sakit, səssiz olanda. Bir sən olacaqsan, bir də mən, dərdləşəcəyik səninlə, sığal çəkəcəyəm telinə, əlimi yaranın üstünə qoyub “ağrın mənə gəlsin, oğul, incidirmi yaran?” soruşacağam. Bilirəm ki, yaran incitsə də, sən özünü sındırmayacaqsan, “toxunma ona, o, qüdrət, qəhrəmanlıq nişanəsidir, ana! Ondan Vətən qoxusu gəlir.Yaramın üstündə açan vətən çiçəklərini görürsənmi, ana, heç solmurlar, həmişə al qırmızı rəngdədirlər. Vətən çiçəkləri ancaq vətən üçün şəhid olanların köksündə bitir, onu qoparmaq olmaz, kim qoparmaq istəsə, od olub əlini yandırar. Bu çiçəklərə şəhid çiçəkləri də deyilir. Bilisən, nə gözəldir üzüağ, alnıaçıq şəhid olmaq...”

Məryəm GƏNCƏLİYEVA
12-01-2025, 12:02
Barat Qoşun oğlu Hüseynov-80

Təbrik edirik!


Barat Qoşun oğlu Hüseynov-80

Barat Hüseynov 12 yanvar 1945- ci ildə Qərbi Azərbaycanın Zəngəzur mahalının Qafan rayonunun Oxtar kəndində anadan olub. Oxtar kənd 7 illik məktəbini bitirib. Sumqayıtda təhsilini davam etdirib. Sonra isə Sovet Ordusunda xidmət etmək üçün Almaniya Demokratik Respublikasına göndərilib. Yaxsı xidmət etdiyinə görə, komandanlıq tərərfindən “Faşizm üzərində qələbənin 20 illiyi” medalı ilə təltif olunub. Hərbi xidmətdən sonra Bakıya gəlib Səttarxan adına Maşınqayırma zavodunda çilingər kimi işə qəbul olunub. Siyasi aktivliyi nəticəsində zavod komsomol bürosunun üzvü seçilib. Əmək fəallığına görə, cox geridə qalmış “Xalq tələbat malları“ sexinə rəis təyin olunub.

Barat Hüseynovun qıssa müddətdə çoxlu səmərəli təklifləri nəticəsində sexin iş fəaliyyəti xeyli yuksəlmişdi və nəticədə zavod rəhbərliyi Barat müəllimin yuksək təskilatciligina görə ona V.I. Leninin 100 illiyi medalı təqdim etmişdi.
Hələ gənc yaşlarından Barat müəllim Nərimanov rayonunun ictimai- siyasi içlərində də aktiv iştirak edirdi. Rayon rəhbərliyi tərəfindən parlament seçkilərində məntəqə seçki komissiyasına sədr təyin olunub.
2000- ci ildə isə Barat Hüseynov Azəriqaz rəhbərliyi tərəfindən Nərimanov rayon qaz istismarı idarəsinə rəis müavini təyin edilmişdi. Sonrakı illərdə isə 20 saylı Nərimanov dairə seçki komissiyasına sədr təyin olunub. Barat müəllimin rəhbərliyi ilə 20- ci dairədə Prezident, parlament və bələdiyyə seçkiləri yüksək demokratik və beynəlxalq qaydalara uyğun kecirilmisdi. Daha sonrakı illərdə Barat Hüseynov Bakı Şəhəri Qaz İstismar İdarəsində aparıcı mühəndis işləmişdi.

Bu gün isə Barat Hüseynovun yubileyi münasibəti ilə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayevin rəhbərliyilə icra hakimiyyətində möhtəşəm tədbir təşkil olunmuşdu. Rayon Icra Hakimiyyətinin başçısı Elgin müəllim rayon ağsaqqallar şurasının fəalı Barat Hüseynova Fəxri fərman təqdim edib. Eyni zamanda YAP Nərimanov təskilatının sədri Elçin Quliyev də Barat Hüseynova Fxri fərman verib.
Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri Arif Hümbətov Barat müəllim haqqında geniş çıxış edib, uğurlar arzulayıb və təbrik açiqlamasını təqdim edib. Biz də Qafan Şəhər İcması adından Barat müəllimi təbrik edir, ona uzun ömür, can sağlığı, Gülşən xanımla birlikdə ailə səadəti arzu edirik.
Barat Hüseynov, Allah sizə dogma Oxtarda doğum günü qeyd etmək qismət eləsin, biz də məmnuniyyətlə iştirak edək!
Hörmətlə:
Oqtay Süleyman oglu Camalov
P.S “Bütöv Azərbaycan” qəzetinin kollektivi də Barat müəllimi yubileyi münasibətilə təbrik edir, sağlam uzun ömür arzulayır.

11-01-2025, 17:51
Onun hər addımı örnək idi...


Onun hər addımı örnək idi...

Özündən sonra təkcə sevdiklərinin, doğmalarının, əzizlərinin yox, onu tanıyan hər kəsin qəlbində bir boşluq qoyub gedən Fikrət Əliyevin işıqlı xatirəsini yad edir, onun ömür yolunun səhifələrini vərəqləyirik. Bu dünyada yollar çoxdur- əqidə yolu, şərəf yolu, ləyaqət yolu. İnsanları birləşdirən, ayıran yollar... Bu yolların ən çətini ürəklərə gedən yoldur. İnsanın tutduğu vəzifədən, ictimai mövqeyindən, titullarından daha ucada dayanan bir məqam varsa, o da qəlblərə gedən yolu tapmaq, o yolu qət etmək, könüllərdə əbədi taxt qurmaqdır. Bu yalnız seçilmiş insanlara nəsib olur.
Fikrət Əliyev də seçilmiş insanlardandır ki, cismani yoxluğundan illər ötsə də unudulmur, hələ də xatirələrdə, qəlblərdə yaşayır. İndi onu çoxları xatırlayır, həsrətini çoxları çəkir. Amma 30 illik ömür-gün yoldaşı Çimnaz Əliyeva bir an belə unuda bilmir. Arxam-dayağım Fikrətin 70 yaşı tamam olmalı idi,-deyir. Çox təəssüf ki, yanımda yoxdur. Biz onun həyatımızda olan hər gününü, hər saatını yadımıza salırıq. İstəyirik ötən günləri yenə də bir yerdə yaşayaq.
Yusif İsmizadə dostunu belə xarakterizə edir: Məğrur duruşu, yerişi insana qol-qanad verirdi. Heç kəsə biganə qala bilməzdi. Çox vətənpərvər, xalqına bağlı bir şəxsiyyət idi. Fikrətlə bizim dostluğumuz tələbəlik dövrünə təsadüf eləyir. Biz 5 dost olmuşuq. Fikrət içimizdə tamamilə fərqli- öz alicənablığı, daxili mədəniyyətilə seçilən bir şəxsiyyət idi. Yaxınlarına, ətrafına, doğmalarına, dostlarına daima yardım eləyib. Bu fikri bacısı Nigar xanım da təsdiqləyir:

“Bütün yaxınlarına, qohum-əqrabasına fərq qoymayıb, hamısına öz övladı kimi olub”.
Tələbə yoldaşı Rasim Şirəliyev: “Onun nə qədər yumşaqlığı, nə qədər həlimliyi vardısa, bir o qədər də ciddiliyi var idi. İşində çox tələbkar idi. Tələbə vaxtı tanış olanda Fikrət diqqətimi əvvəldən cəlb elədi. Yüksək mədəniyyətilə hiss olunurdu ki, gözəl ailə tərbiyəsi alıb. Heç vaxt ucadan danışmırdı, tərəf müqabilinin sözünü kəsmirdi, axıra qədər qulaq asırdı, o söhbət məntiqə uyğun olmasa, belə, sona qədər dinləyirdi. O xüsusiyyət hər adamda olmur.
Qudası Nurəddin Uluxanlı, qonşusu Zəfər Verdiyev onun gözəl insani keyfiyyətlərindən, şəxsiyyət mükəmməlliyindən söhbət açdılar. Dostunun oğlu, həmkarı Nadim Babayev Fikrət müəllimdən çox şey öyrəndim,-dedi. Dostluğa sadiqliyi, insanlara qarşı nəzakətli davranmağı. Elə sözləri varkı həqiqətən bu gün də mənim həyatımda həmin sözlər yolgöstərəndir.
Dayısı ilə qürur duyan Altay Tanrıverdiyev o bir şərəfli ömür yaşadı,- dedi. O, mənim üçün sadiq dost, ağsaqqal, yol göstərən idi. Onun hər addımı bir örnək idi insanlar üçün. Belə insanlar mən deyərdim ki, milyonda bir həyata gəlir.
Firuzə Kərimova (qızı): Atam qayğıkeş, məsuliyyətli və çox dəqiq idi. İlk təhsili tibb sahəsində olub. Azərbaycan Dövlət Tibb Universitetini bitirib, həkim kimi Bakıda çalışıb. Sonra indiki Sanktpeterburq o vaxtkı Leninqrad şəhərindən aspiranturada təhsili davam eləmək üçün təklif alır, mən və ikinci bacım körpə olduğumuz üçün bizi qoyub gedə bilmir. Bu arzusu onun ürəyinin bir güşəsində həmişə yaşayırdı. 40 yaşında Bakı Dövlət Universitetinin Hüquq Fakültəsinə qəbul oldu. Dedi,- eybi yox, müdafiəmi eləyə bilməsəm də, qismət olar balalarımın birinə. İndi mən 2 qat sevinirəm. Çünki həm özümün, həm də atamın arzusunu yerinə yetirdim. Paşa babamın arzusu Hüquq təhsili almaq imiş. Müəyyən səbəblərdən alınmayıb. Atam onun arzusunu həyata keçirdi deyə çox sevinirdi.
Qohumu Orxan Əfəndiyev, qızları Natəvan Uluxanlı, Aynurə Naibova və oğlu Paşa Fikrət Əliyevlə bağlı xatirələrini bölüşdülər. Həmişə atalarının adını uca tutmağa çalışdıqlarını bildirdilər.
Bu dünyada kimisinə qısa, kimisinə uzun biçilmiş bir yol da var-ömür yolu. Mirzə Cəlilin dediyi kimi, ömrün müddəti deyil, bu ömrü necə yaşadığın əhəmiyyətlidir.

Fikrət Paşa oğlu Əliyevin 53 illik ömür yolu 6 yanvar 1955-ci ildə Zəngəzur mahalının Qafan rayonunun Gığı kəndində başladı. Atası rayonun sayılıb seçilən, hörmət sahibi olan adamlarından idi. Yüksək mədəniyyəti, alicənablığı ilə seçilən Paşa Əliyev Gığı Kənd Sovetinin sədri olub. Ailədə Fikrətdən böyük 2 qardaşı 2 bacısı da var idi.
Gığı kənd orta məktəbini bitirən Fikrət 1970-ci ildə ATİ-nin Müalicə işi fakültəsinə daxil olur. Deyilənə görə insan çox vaxt öz xarakterinə, mənəviyyatına və daxili aləminə uyğun peşələr seçir. Fikrət həkim olmağa qərar vermişdi. Bu məsuliyyətli peşəni seçən insanın zəngin ruhu, insanlığa böyük sevgisi olmalıdır. Tələbəlik illəri ona mötəbər peşə və dərin biliklərlə yanaşı, həm də ömrünün sonuna qədər qoruyub saxlaya bildiyi möhkəm və sadiq dostlar qazandırdı. İnternaturada oxuduğu dövrdə Fikrət Əliyev Azərbaycanın məşhur cərrahı Mustafa bəy Topçubaşovun rəhbərliyi altında əməliyyatlara girir, böyük alimin təcrübəsindən yararlanırdı. Topçubaşov Fikrətin gələcəkdə yaxşı mütəxəssis olacağını deyirdi.
Kardioloq ixtisası ilə möcüzələr adası adlandırılan neft daşlarında işə başladı. 1982-1988-ci illərdə Fikrət Əliyev 6 nömrəli şəhər xəstəxanasında çalışdı. 1988-ci ildən Daxili İşlər Nazirliyinin Hərbi Hospitalında şöbə müdiri təyin edildi. Fikrət torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə də iştirak etdi, ön cəbhədə peşəkar həkim kimi əsgərlərimizə yardıma qoşuldu. 100-lərlə igidin həyatda qalmasına vəsilə oldu. Ön cəbhədə göstərdiyi fədakarlığa görə Qarabağ müharibəsi veteranıdır.
Fikrət Əliyev ikinci ali təhsili Bakı Dövlət Universitetinin Hüquq Fakültəsində aldı. Bununla o həm özünün, həm də atasının ən böyük arzularından birini gerşəkləşdirdi. 2008-ci ildən Ədliyə nazirliyində çalışan, tibb idarəsinin rəisi vəzifəsinə qədər yüksələn Fikrət Əliyev vicdanı, şərəfi və ləyaqətilə ünsiyyətdə olduğu insanların rəğbətini qazandı. Çalışdığı vəzifələrə hörmət və şöhrət gətirdi, ona etibar olunan mənsəbə ləyaqətlə qulluq etdi. Hər addımında, hər qərarında haqqı, ədaləti qorudu. Qanunun keşiyində durdu, xeyirxahlığı da əldən vermədi. Sadəliyi, təvazökarlığı, insanlığı onun tutduğu bütün vəzifələrdən yüksəkdə dururdu.
Ömür səhifəsinə gözəl əməllər yazan Fikrət Əliyev sanki qurub yaratmağa, dara düşənə dayaq, ümidsizə ümid olmağa gəlmişdi bu dünyaya. Qəlblərin memarına çevrilən bu insanla sadəcə dərdləşmək, söhbət etmək, belə, insana daxili rahatlıq, mənəvi dinclik gətirirdi. Bəli bu fani dünyada mərhəmət, sevgi qədər insanları bir-birinə bağlayan, yaxınlaşdıran bir qüvvə yoxdur. Qəlbləri sevindirmək, dərdi olanın dərdinə şərik çıxmaq, lazımi məqamda yanında olmağı bacarmaq hamıya verilən pay deyil. Tanrı yalnız sevimli bəndələrini bu cür mükafatlandırır. Allahın bizə əmanət etdiyi ömür payını təkcə özü, ailəsi, sevdikləri, yaxınları üçün yaşamayan, ömrünü elə obaya vətənə xalqa xidmətə həsr edən insanlar bir evin övladı olmaqdan çıxıb, bir elin övladı olurlar.
Fikrət Əliyev də elin övladı olmağı bacardı. Onun da ömür yolu enişlər, yoxuşlarla dolu olub, amma həyatda xoşbəxtliyin ona güldüyü məqamlar daha çox olub. 1979-cu il avqustun 26-da o öz taleyini ona arxa-dayaq, sirdaş, yoldaş olmağı bacaran Çimnaz xanımın taleyinə bağladı. Həm Fikrət müəllimin səbri, diqqəti, qayğıkeşliyi, ailə başcısı kimi nümayiş etdirdiyi müsbət keyfiyyətlər, həm də xanımının nəcibliyi bu ailənin möhkəmliyinə zəmin yaratdı.
Ən ali peşələrdən biri- müəllim adını daşıyan Çimnaz xanım birlikdə yaşadıqları 30 il ərzində daim Fikrət müəllimə inamı, səbri, təmkini, nəvazişi ilə dəstək oldu. Onlar ocaqlarının qapısını dost, tanış, doğmalar üçün daim açıq tutdular, halal zəhmətlə qazandıqlarını qonaqpərvərliklə süfrəyə düzdülər. Fikrət müəllim heç kəsi qapıdan ac, susuz, əli boş geri qaytarmayıb.

İçində var-dövlət, daş-qaş olan ev yox, hörmət, mərhəmət, məhəbbət olan ev zəngin sayılır. Bu baxımdan Fikrət müəllimin ocağında dünyaya gələn, onun tərbiyəsi, onun öyüd nəsihəti ilə böyüyən övladları da atalarının keyfiyyətlərinin çoxunu məmnuniyyətlə daşıyırlar. İnsanın cəmiyyət üçün, başqaları üçün görə biləcəyi ən yaxşı əməllərdən biri də öz ailəsində ləyaqətli uşaqlar tərbiyə etməkdir. Fikrət müəllim də Çimnaz xanımla birlikdə cəmiyyət üçün ləyaqətli şəxsiyyətlər yetişdirib. Onlara elmi, təhsili sevdirib hörmət, diqqət, xeyirxahlıq kimi insani keyfiyyətləri aşılıyıblar.
Valideynlərinə yüksək məhəbbət hissi bəsləyən, milli ruha, yüksək əxlaqi və mənəvi keyfiyyətlərə malik övladlar yetişdirmək hər ailənin arzusudur. Fikrət müəllimin bu arzusu da çin olub. Onun müqəddəs ailə çırağını bu gün 4 övladı və nəvələri yandırır.
Deyirlər zaman hər dərdə dərman, hər yaraya məlhəmdi, qəmi qüssəni unutdurur, acıları yüngülləşdirir. Bəzən isə zaman aldığının yerinə heç nə vermir. Zaman Fikrət Əliyevi sevdiklərindən ayırdı. Sanki ölüm də bilirdi ona yaraşmadığını. Ona görə də xəbər, ətərsiz qəlbinə girərək onu şah damarından vurdu. Mərhəmətli ürəyi bu zərbəyə tab gətirmədi. O, qəfil gedişilə bütün sevdiklərini, onu sevənləri sarsıtdı. Gedişi ilə qəlblərdə ağır iz qoyan Fikrət Əliyev heç vaxt unudulmayacaq.
Şux qamətli, boy buxunlu, nur simalı, şaqraq gülüşü ilə sevənlərinin yaddaşına əbədi həkk olunan bu insan sanki dünyaya özünü sevdirmək üçün gəlmişdi və onun gedişi ilə dünyanın işığı bir parça azaldı. İnsan var evdən gedər, insan var eldən gedər. O eldən getdi. Ömür boyu ömürlərə işıq daşıyan həssas ürəyi, kövrək qəlbilə neçə-neçə qəlbə məlhəm olan Fikrət Əliyev adında işıqlı bir insan keçib getdi bu dünyadan. Yalnız xoş xatirələri, xeyirxah əməlləri qaldı. Buna görə də Fikrət Əliyev onu sevənlər tərəfindən xatırlandığı ürəklərdə, yaddaşlarda qaldığı müddətcə var olacaq.
O, daim övladlarının, nəvələrinin baxışında, səsində, gülüşündə xeyirxah əməlində yaşayacaq. Onun əkib becərdiyi ağaclar hər bahar yaşıllaşanda, hər mövsüm bar verəndə, sevənləri hər dəfə onun xatirəsinin işığına toplaşanda Fikrət müəllimi yaşadacaqlar.

“Bütöv Azərbaycan” qəzeti
10 yanvar 2025
10-01-2025, 09:03
Özləri getdi, sözləri qaldı

ÇƏRKƏZ HACIYEV 1918-19993


Özləri getdi, sözləri qaldı

Ötən əsrin 50-80-ci illərində Kəlbəcərdə qaynar bir ədəbi mühit formalaşmışdı. Xalq şairi Səməd Vurğunun Kəlbəcərə məşhur səfərindən sonra şeirə, poeziyaya maraq göstərənlərin sayı sürətlə artmışdı. Azacıq ilhamı olanlar xüsusilə poeziyanın gəraylı və qoşma janrlarında qələmlərini sınayır, yeni-yeni şeirlər yaradırdılar. Təbii ki, bunların heç də hamısını yüksək poeziya nümunəsi hesab etmək olmazdı. Lakin bu yazarların arasında elə istedadlı insanlar vardı ki, özləri heç bir mətbuat orqanının qapısını döyməsələr də şeirləri dildən-dilə düşüb müəllifinə böyük şöhrət qazandırırdı. Hətta elə yazarlar vardı ki, zamanında çap olunmadıqlarından bəzən onların şeirlərini başqa şairlərin adına oxuyurdular. Bu baxımdan Sınıqkilsə kəndindən olan Nəcəf Sarıyevin “Qocalmışam” şeiri daha çox populyar idi. Çox vaxtı da bəzi aşıqlar bu şeiri Bəhmən Vətənoğlunun adına bağlayırdılar. Rəhmətliyin özü də şeirlərinin çap olunmasında o qədər də maraqlı deyil. Yadımdadır ki, illər öncə “Kəlbəcərin söz sərvəti” antologiyasını nəşrə hazırlayanda bir neçə dəfə yaxın adamlarla sifariş göndərsəm də Nəcəf kişinin şeirlərin ala bilmədim ki, kitaba daxil edim.
Qeyd etmək istəyirəm ki, rayonun elə bir kəndi yox idi ki, orada bir neçə nəfər yaxşı şeir yazan olmasın. Belə kəndlərdən biri olan Sınıqkilsə kəndində də saz-söz həvəskarları az deyildi. Onlardan biri də el arasında Sazbənd Çərkəz adıyla tanınan Hacıyev Çərkəz Fərzalı oğluydu. Çərkəz Hacıyev 1918-ci ildə anadan olmuşdu. Həyatın çox isti-soyuğun görmüş, hələ gənc yaşlarından İkinci Cahan savaşında iştirak edib ağır cəbhə yolu keçmişdi. Müharibədən qayıdandan sonra ailə qurub öz kəndində yaşamışdır. Tanınmış aşıqların bir çoxunun sazı Çərkəz kişinin əlindən çıxmışdı. Çərkəz Hacıyev 1993-cü ildə dünyasını dəyişmişdi.
İlk dəfə Çərkəz kişinin adını da bir toy məclisində aşıqların onun həmkəndlisi Nəcəflə deyişməsini oxuyanda eşitmişdim.
Məlumdur ki, ölməz sənətkarımız Aşıq Ələsgərdən üzübəri el şairlərimizin bir çoxu yaxın adamlarına, xüsusilə öz xanımlarına zarafatyana yazdıqları satirik şeirləri xalq arasında daha populyar olmuşdu. Təbii ki, bu şeirlərdəki satirik ruh sarkazm ovqatında deyil, daha çox yumorvari olurdu. Elə rəhmətlik Nəcəf və Çərkəz kişinin də deyişməsi belə bir dodaqqaçıran bir ruhda idi. Onu da deyim ki, elə bir toy, şənlik olmazdı ki, bu məşhur deyişmə məclisin bəzəyi olmasın.

Nəcəf:
Evlilər eşitsin, subaylar bilsin,
Şikayətim var arvadın əlindən.
Atalar dad çəkib əsrlər boyu,
Bədöy atın, kür arvadın əlindən.

Çərkəz:

Evlilər eşitdi, subaylar bildi,
Təngə gəlmə bir arvadın əlindən.
İkisin alanlar bəs necə edir,
Bu hesabla gör, arvadın əlindən.

Nəcəf:
Səhərki davamız uzanır şama,
Məbədin qoyuruq gələn axşama.
Yanıb sümüklərim dönübdü şama,
Sinəm olub pir arvadın əlindən.

Çərkəz:
Afərin, şərikəm bütün sözünə,
Arvad gəlmir ocağına – üzünə.
Gələn gündən bəd göründüm gözünə
Gündə vurhavur arvadın əlindən.

Nəcəf:
Tarixə baxıram cavandı yaşım,
Tökülüb dişlərim, ağarıb başım.
Özüm cəhənnəmə, qohum-qardaşım
Nələr çəkir gör arvadın əlindən.

Çərkəz:
Qocalmışıq, ömür keçib yarıdan,
Mən də sən günlüyəm arvad sarıdan.
Ver kağızın, alaq duldan, qarıdan,
Dünya bizə dar arvadın əlindən.

Nəcəf:
Aliment verməyə pulum da yoxdu,
Bir yana getməyə yolum da yoxdu.
Əcəl yaxın gəlmir, ölüm də yoxdu,
Üz döndərib gor arvadın əlindən.

Çərkəz:
Axşam-səhər mənnən yaman deyişir,
Pərdə götürülüb, daha söyüşür.
Səsini zilləyir, beynimə düşür,
Qulaqlarım kar arvadın əlindən.

Nəcəf:
Nəcəf deyər: çox qaraltma qanını,
Əzəldən itirdin adı-sanını.
Qismət olsa, sağ qurtarsan canını,
Nəzir-niyaz ver arvadın əlindən.

Çərkəz:
Ərəsəti məhşər çəkibdi Çərkəz,
Saxla bu sirrimi bir dəftərə yaz.
Ha çalış, çabala, yaxan qurtarmaz
Caynaqları şir arvadın əlindən.
Çərkəz kişi klassik aşıq poeziyasını gözəl bilirdi. Şeirlərində də dərin mənalı hikmətamiz deyimlər, öyüd-nəsihət ruhlu çağırışlar üstünlük təşkil edirdi. Onun şeirlərinin dili də olduqca rəvan və axıcı idi.

Yaradandan gileyliyəm, nə yazım bu haxda bax,
Qara saçlar qan ağlayır, vaxtsız düşüb şaxta bax.
Qocalmışam, keçən günlər ta qayıtmaz arxaya,
Cavanlığım geri dönməz, görmərəm uzaqda bax.

El içində quru bəylər varsa, kişi mən deyir,
Elin zəhmətin yeyənlər həmişə qan-qan deyir.
Şübhən varsa, inandırım, bu şeiri yazan deyir:
Bu gün sağam, bir də gəzəm ya qismət, sabahda bax.

Qaratikan baş qaldırıb deyir əsil gül mənəm,
Sərsəri gəzən gədələr söylər əhli-dil mənəm.
Yalançılıq, fırıldaqlıq, ikiüzlük bil mənəm,
Düz sözümə inanan yox, taleyə bax, baxda mən.

Kimə yaxşı söz deyirəm, sanki zəhərli oxdur,
Ey ilahi, niyə mənim dərdim həddindən çoxdur.
Quzu kəssəm, kabab versəm, heç bir hörmətim yoxdur,
Xətir-hörmət, bircə qalıb yüz qram araxda bax.

İnsan oğlu, sözlərimi yaxşı düşün, qulaq as,
Könlün məni istəyirsə, məhləmizə ayaq bas.
Çərkəzəm, müvəqqətiyəm, çıxar, qayıtmaz nəfəs,
Sönra məni ha axtar ki, əmində qıraqda bax.

Çərkəz kişi zamanın qarma-qarışığından yaxşı baş çıxaran, bəsirət gözü açıq, sinədəftər bir insan idi. Şeirlərindəki satirik ruh poeziyasına bir dinamiklik, canlılıq gətirirdi. Taledən qismətinə yeddi qız balası düşmüşdü. Ailəcanlı, övladlarını dərin məhəbbətlə sevən şairin bu münasibətlə yazdığı şeir də dodaq qaçırır, insanda xoş ovqat yaradır.

Yaman yavaşıdıb məni,
Asılıb qız yaxamızdan.
Yandırıb-yaxır sinəmi,
Tökülmür köz yaxamızdan.

İli-ildən yaşlaşıram,
Ağlım gedir gah çaşıram.
Lülənib buzlaşıram,
Ərimir buz yaxamızdan.

Göbək nənəsi Gülüsdan,
Çatdırır özün o başdan.
Çərkəz, indi söylə dastan,
Qurtarmaz söz yaxamızdan.


Zamanın çox istisini, şaxtasını görmüş ustad sazbəndin taleyinə yurd itkisi, qaçqınlıq da yazılmalıymış. O da minlərlə soydaşı kimi, doğma yurd, Kəlbəcər həsrəti ilə dünyasını dəyişdi. Ölümünü də gülə-gülə qarşılamışdı.

Şairin ürəyi çox kövrək olar,
Gah söz ilə dolar, gah da boşalar.
Nədənsə şairlər çox tez qocalar,
Əzrayıla deyin, yaxın gəlməsin.

İndiki mollalar segah oxuyar,
Millətin başına corab toxuyar,
Halvanını iyini gendən qoxuyar.
Yoluna daş-qaya yıxın gəlməsin.

Vardı Kəlbəcərin şair Bəhməni,
İndi hardan tapaq Sücaətini.
A dostlar gəlin siz qınaman məni,
Elzaya bir çələng toxun, gəlməsin.


İnanırıq ki, indi haqq dünyasında olan Çərkəz Hacıyevin də ruhu dinclik tapıb. Doğma Kəlbəcəri, Qarabağı azadlığına qovuşub. Allahdan ona və vətən həsrəti ilə dünyasını dəyişən yurddaşlarımıza Allahdan rəhmət diləyirik.

P.S. Kəlbəcər poeziyasının bir özəlliyi də onda idi ki, burada bir nəsildən, bir ailədən bir neçə şair çıxırdı. Çərkəz kişinin oğlu Yaşar Hacıyev ali təhsilli riyaziyyat müəllimi olsa da, poeziya vurğunudur. Ata qanından damarlarına hopmuş şeir-sənət sevgisi sözü duyan gündən onun qələmindən süzülərək dəyərli poetik nümunələrin yaranmasına təkan olmuşdur. İnşallah, qədər imkan versə yaxın zamanlarda Yaşar müəllimin də şeirləri ilə oxucularımızı tanış etməyi özümüzə borc bilirik.

İlham MƏMMƏDLİ,
filologiya üzrə fəlsəfə doktoru, dosent
10-01-2025, 08:12
MİLLİ DƏYƏRLƏRİ QORUYAN ŞAİR

MİLLİ DƏYƏRLƏRİ QORUYAN ŞAİR

Zaur Ustac, çağdaş Azərbaycan ədəbiyyatında özünəməxsus yeri olan bir şair, yazıçı və publisistdir. 1975-ci ildə Bakı şəhərində doğulan Zaur Ustac, 1988-ci ildən başlayaraq mətbuatda fəaliyyət göstərir və 40-dan artıq kitabın müəllifi kimi ədəbi aləmdə geniş tanınır. Onun yaradıcılığı, həm milli ruhu, həm də müasir dövrün sosial və siyasi məsələlərini dərindən təsvir edən, oxucularını həm düşündürən, həm də dərindən hiss etdirən bir keyfiyyətə malikdir.
Z. Ustacın şeirlərindəki milli məzmun, vətənpərvərlik və tarixə dair dərindən düşüncələr, onu müasir Azərbaycan poeziyasının aparıcı simalarından birinə çevirib. Onun şeirlərindəki əsas mövzu Azərbaycan xalqının milli kimliyi, tarixi və torpaq sevgisi ilə bağlıdır. Bu xüsusiyyətləri ən çox "Bayraq, Bizim Bayrağımız", "Araz", "Sevin, a Təbriz!" və "Ana Dilim" kimi şeirlərində müşahidə etmək mümkündür. Bu şeirlərdə yazar, milli mübarizə və vətənpərvərlik mövzularını bədii şəkildə işləyir.
"Bayraq, Bizim Bayrağımız"
Bu şeir, millətin vətənə, torpağa olan bağlılığını və hər bir kəsin öz kimliyini qorumağa olan vəzifəsini ön plana çıxarır. Z. Ustacın "Bayraq, Bizim Bayrağımız" şeirində, Azərbaycan bayrağı və onun dalğalanması milli mübarizənin simvolu kimi təqdim edilir.
"Üstündən yüz Araz axsın,
Torpaq, bizim torpağımız!!!"

misraları, Azərbaycanın hər iki tərəfinə olan məhəbbəti və həmçinin, Araz çayının sərhəd kimi təcəssüm etdirilməsi millətə aidiyyət hissinin güclü təzahürüdür. Şeirin hər bir misrasında torpaq və bayraq, bir millətin birlik və bütünlüyünün əks-sədası kimi vurğulanır. Ustac burada həm də Azərbaycan xalqının coğrafi sərhədlərindən asılı olmayaraq, vətən sevgisini göstərməkdədir.
"Araz"şeiri isə milli kədər və həmrəylik mövzusunu işləmiş bir əsərdir.
Zaur bəy bu şeirində Araz çayını bir simvol kimi istifadə edərək, onun iki sahilindəki Azərbaycan torpaqlarının kədərini, ayrılığını və birliyini dilə gətirir.
"Arazı heç zaman qınamadım mən,
Hər iki tərəfə məhrəmdir Araz!"

misrası ilə, həm Qərbi Azərbaycan (Güney Azərbaycan) həm də Şimali Azərbaycanla bağlı yaranmış ayrı-seçkiliyi və torpağın bölünməsinin acı təsirlərini hiss etdirir.
Arazın suyu, bu dualı torpaqlara məlhəm kimi təsvir olunur; bu, həm də xalqın bölünmüşlük və acı çəkən məqamda birləşmə arzusunu göstərir.
Şeirdəki “Yaralı torpağa məlhəmdir Araz!” misrası, həm də tarixən yaralanmış və mənəvi baxımdan sarsılmış bir xalqın təmizlənməsinə olan ehtiyacı işarə edir.
"Sevin, a Təbriz!" şeirində isə, Azərbaycanın güneyindəki Təbriz şəhərinə olan mənəvi bağlılığı ifadə edir. Bu şəhər, Azərbaycan xalqının qədim mədəniyyətinin, dilinin və tarixinin mərkəzlərindən biri olmuşdur.
Şeir, Təbrizə olan sevgini və burada yaşanan ayrı-seçkilikləri əks etdirir. Ustac burada həm də bir çağırış edir, bu dəfə biryolluq bitəcək olan ayrılıqlara,
"Nə güzəşt olacaq, nə də ki, aman!" – deyərək, milli birliyin vacibliyini vurğulayır.
Bu şeir, həm də müasir dövrdə yaşanan sosial və siyasi məsələlərə diqqət çəkir, ayrılığın artıq dayandırılmasının zəruriliyini göstərir. Təbrizdəki vəziyyətin təsvirində, Ustac öz xalqının birliyinin və gələcəkdəki arzularının ifadəsini tapır.
Zaur Ustacın "Ana Dilim" şeiri, milli kimlik və dilin qorunmasının əhəmiyyətini vurğulayan bir digər əsəridir. Bu şeirdə dil, yalnız bir ünsiyyət vasitəsi deyil, həm də xalqın kimliyinin qorunması üçün vacib bir amil kimi təqdim edilir.
"Bu dil, Tomrisin dilidir;
Layla deyib, Hökm verib…"

misralarında isə Ustac, Azərbaycan dilinin tarix boyu bu xalqın mədəniyyətini və irsini qoruyub saxladığını, xalqın dədə-baba söhbətlərini və qədim ənənələrini yaşatdığını qeyd edir. Ana dili, şairin baxış açısına görə, sadəcə bir vasitə deyil, həm də millətin sərhədini müəyyən edən bir "sərhəd" və "tabu"dur.
Zaur Ustacın yaradıcılığı, müasir Azərbaycan ədəbiyyatında yalnız bir şairin poeziyasından daha çoxunu təqdim edir. Onun əsərlərindəki milli məzmun, Azərbaycan xalqının tarixinin, mədəniyyətinin və dilinin qorunması mövzusunda ciddi bir elmi yanaşma da mövcuddur.
Ustacın şeirlərində, xüsusilə "Araz", "Bayraq, Bizim Bayrağımız" və "Ana Dilim" kimi əsərlərində göstərilən milli hissiyat, Azərbaycan ədəbiyyatında ənənəvi olaraq davam etdirilən vətənpərvərlik mövzusunun müasir dövrdə də necə əhəmiyyətini qoruduğunu göstərir. Onun şeirləri, xalqa öz tarixi kimliyini, köklərini və bütün bölgələrdə yaşayan insanları birləşdirən güclü bir mesaj verir. Ustacın əsərlərindəki yüksək vətəndaşlıq mövqeyi, oxucuları təkcə estetik baxımdan deyil, həm də sosial, mədəni və tarixi mənada dərindən düşündürür.
Bir çox digər çağdaş şairlərdən fərqli olaraq, müəllif həm müasir, həm də ənənəvi Azərbaycan ədəbiyyatını birləşdirərək, hər iki cərəyanın ən güclü tərəflərini özündə birləşdirir. Onun yaradıcılığı həm də milli dəyərləri yaşatmaqla bərabər, zamanın tələblərinə uyğun şəkildə bədii ədəbiyyatın sərhədlərini genişləndirir.
Zaur Ustac, Azərbaycan poeziyasına özünəməxsus bir təsir göstərmiş, şeirləri ilə oxuculara milli birlik və mübarizə, dil və mədəniyyətin qorunması mövzusunda güclü mesajlar göndərmişdir.
Onun əsərlərindəki dərindən düşünülmüş milli məzmun, Azərbaycan ədəbiyyatının inkişafına mühüm töhfədir. Onun şeirlərindəki təhlil edilən mövzular, həm müasir Azərbaycan cəmiyyətinin ehtiyaclarına uyğun gəlir, həm də tarix boyu formalaşmış Azərbaycan ruhunu yaşadır.
Zaur Ustacın poeziyasını oxumaq, yalnız bir şairi deyil, həm də bir xalqın tarixini, milli kimliyini və mübarizəsini anlamağa kömək edir. Zaur Ustaca həm yaradıcılığında, həm də həyatında böyük uğurlar arzulayıram!
Onun poeziyası, həm milli dəyərləri qorumağa, həm də yeni nəsillərə ilham verməyə davam etsin!

Cahangir NAMAZOV,
Dünya Talantları Beynəlxalq Birliyi üzvü,
Abay medalı, Beynəlxalq Usmon Nosir xatirə nişanı sahibi,
"Bütöv Azərbaycan" qəzetinin Özbəkistan üzrə təmsilçisi.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!