53 mindən çox şagird imtahan verdi .....                        Doğuş zamanı körpə öldü - TƏBİB-dən AÇIQLAMA .....                        Türkiyədə 4,1 bal gücündə zəlzələ .....                        Bina uçdu - 11 ölü, çox sayda yaralı .....                        Türkiyədə uçuşlar ləğv edildi .....                        Trampa qarşı etiraz aksiyası .....                        Ermənistanda rüşvət əməliyyatı - Məmurlar saxlanıldı .....                        Oğlum həbs edilməyib, yanımdadır - Şərurlu İsfəndiyar .....                        İrəvanda kütləvi dava - Ölən və yaralananlar var .....                       
12-11-2022, 07:58
"Nur ocağı" ədəbi məclisi Həvva Nazimin şeirlərini təqdim edir:


"Nur ocağı" ədəbi məclisi Həvva Nazimin şeirlərini təqdim edir:
QƏLƏBƏLƏR ÇALA HA
Yaradanım gözəlliyi bol versin,
Gül yaraşar hər yamaca, yala ha.
Hər insana hamar, dümdüz yol versin,
Düzülməsin daş cığıra, yola ha.
*
Acı sözlər kövrək qəlbə bir oxdur,
Söz getdimi, dönməsinə yol yoxdur.
Dünyamızda dərdli insan nə çoxdur,
Yığ dərdləri, ver atəşə, qala ha.
*
Kasıba nə varlıların dəbindən?
Qazanc çıxır sanki dəniz dibindən,
Heç bir cavan utanmasın cibindən,
Dost -tanışdan qoy qalmasın dala ha.
*
Bu dünyada anılarsan rəhmətlə,
Hər kəs ilə bil, davransan hörmətlə,
Halal çörək qazanılar zəhmətlə,
Qüvvət versin Rəbbim ələ, qola ha.
*
Hər alına zəhmət təri bulana,
Halal ömrə, Həvva, ömür calana,
Yer üzündə haqq-ədalət dolana,
Xeyir şərə qələbələr çala ha.
GEDİR
Günlər yarpaq-yarpaq qopur təqvimdən,
Payız xəzanıtək tökülüb gedir.
Bir ucdan toxuduq həyatımızı,
Bir ucdan ilməsi sökülüb gedir.
*
Göz atıb dünyaya boylansaq hara,
Sözümüz boğulur, çəkilir dara,
Çatmayır əlimiz xoş arzulara,
Ürəyin küncünə bükülüb gedir.
*
Görmədik həyatda sultanlıq, xanlıq,
Qismətdə olanı etdik yavanlıq.
Bir vaxtlar hay-küylə gələn cavanlıq,
Yavaşca aradan əkilib gedir.

A DAĞLAR
Dolanbac cığırlar belini qucar,
Öpər yanağını duman, a dağlar.
Düşdükcə yadıma kəndim, el-obam,
Yaman darıxıram...yaman, a dağlar.
*
Yalçın qayaların yenilməz durar,
Yamyaşıl saçını küləklər darar,
Ürəyim o eşqlə, həsrətlə vurar,
De, varmı görüşə güman, a dağlar?!
*
Könlümün qumrusu qürbətdə ötməz,
Möhtəşəm duruşun gözümdən getməz,
Vəsfinə qurduğum cümlələr yetməz,
Yazılsa böyük bir roman, a dağlar.
*
Vətəndə qardaşın acısa canı,
Ağrıyar bacının burda sol yanı,
Gözündə qor ilə qarşılar danı,
Tapammaz rahatlıq, aman, a dağlar.
*
Həvva, o dağlara yetməyir əlin,
Qoxlaya bilmirsən çiçəyin, gülün,
Gəlsə yamacından əzizdi, bilin,
Quşun dimdiyində saman, a dağlar.
KİM OĞURLADI?
Könlümün sultanı, söylə bir görüm,
Üzündən gülüşü kim oğurladı?
Atəşin isitdi hey gülə-gülə,
Közündən gülüşü kim oğurladı?
*
Qəhqəhə atardı xoşbəxt kəlmələr,
De, nədən onlara çöküb kölgələr?
Yad gəlir sözlərin, daha özgələr...
Sözündən gülüşü kim oğurladı?
*
Ürəyim qanadlı quş oldu hər an,
Qəlbin aynasına boylanan zaman.
Nəmli gözlərinin nəminə qurban,
Gözündən gülüşü kim oğurladı?
ÜRƏYİM
Susqundur qələmim indi, a dostlar,
Yanır bağrımbaşı, qordu ürəyim.
O qədər ağlayıb hər şəhidinə
Tor gəlib gözünə, kordu ürəyim.
*
Xiyaban bəzəyən qərənfilə bax,
Laylay şəhid balam, deyən dilə bax,
İçimdə yas tutan simə, telə bax,
Mizrabı ağlayan tardı ürəyim.
*
Torpağın qoynuna verdik neçə can,
Nə zaman bitəcək... söyləyin, haçan?
Nur üzlü şəhidim, ruhuna qurban,
Söyləyən anadı, yardı ürəyim.
BİR "RUHANİ" ÇAL
Aşıq qardaş, köklə kövrək sazını,
Buz qəlblərin ərit, axıt buzunu,
Qoy yayılsın dərə-təpə uzunu,
Dağı-daşı bir lərzəyə sal görək,
Çal, ay aşıq, bir "Ruhani" çal, görək.
*
Nənə, baba havasıdır o bəstə,
Qol qaldırıb sındırarlar ahəstə,
Dinlədikcə şəfa tapar hər "xəstə",
Ruhumuza təbib, loğman ol görək,
Çal, ay aşıq, bir "Ruhani" çal, görək.
*
Babalardan miras qalıb telli saz,
Vur mizrabı, bizi bizdən al bir az,
Dur meydanda hünər göstər, dastan yaz,
"Ruhani"ylə könüllərdə qal, görək,
Çal, ay aşıq, bir "Ruhani" çal, görək.
YAZDIM
Vəsf etdim yurdumun hər qarışını,
Sözümü Gədəbəy elinə yazdım.
Yazda məcrasından çıxıb gurlayan,
Coşğun çaylarına, selinə yazdım.
*
Yazdım çəmənində qoyduğum izə,
Dərdli bənövşəyə, gülən nərgizə,
Sevgilər sığdırdım könlümdə sizə,
Hər bir çiçəyinə, gülünə yazdım.
*
Dağları vüqarla səf-səf düzülər,
Yolları bir yumaq olub çözülər,
Vıyıltı səsləri gendən sezilər,
Əsən küləyinə, yelinə yazdım.
*
Yayılsın hər yana "Baş Sarıtel"in,
Koroğlu yurdudur yurdum, siz bilin,
"Ağrın alem" deyən o doğma elin,
Şirin ləhcəsinə, dilinə yazdım.
*
Hüsnünə aşiqdir köksümdə vuran,
Vətən sevgisidir ruhumu saran,
Həvva, xatırlasan inləməz haran?!
Ötən aylarına, ilinə yazdım.
YAŞA, ƏLVAN KƏLAĞAYIM
Tarixlərdən birlikdə yol gəlmişik,
Həm kövrəlib, həm sevinib gülmüşük,
Bir ucunla gözümüzü silmişik,
Qız-gəlinlər qoy bağlasın başa hey!
Yaşa, əlvan kəlağayım, yaşa hey!
*
Xonçalara nur saçan gün, ay idin,
Xoş xəbərçün muştuluğa pay idin,
Sandıqlarda cəvahirə tay idin,
Ol könlümə yenə sultan, paşa hey!
Yaşa, əlvan kəlağayım, yaşa hey!
*
Butaların gülümsəyə, naz edə,
Könüllərdə zimistanı yaz edə,
Qanad açıb hər yana pərvaz edə,
Səs-sorağın sərhədləri aşa hey!
Yaşa, əlvan kəlağayım, yaşa hey!
*
Babəkləşək, düşmən bağrın dağlayaq,
Al qırmızı kəlağayı saxlayaq,
Əsgərimçün darvazaya bağlayaq,
Tuş gəlməsin sevincimiz daşa hey!
Yaşa, əlvan kəlağayım, yaşa hey!
*
Arzumdur ki, qaranlıqlar dan olsun,
Kəlağayım millətimə şan olsun,
Təbriz, Bakı bütövləşib can olsun,
O tay, bu tay olaq birgə, qoşa hey!
Yaşa, əlvan kəlağayım, yaşa hey!

OLA BİLMƏZ
Ha töküb çınqılı qalaq eyləsən,
Məğrur, əzəmətli dağ ola bilməz.
Sındırıb o kəsi hədyan söyləsən,
Qan ağlar ürəyi, sağ ola bilməz.
*
Deməyin məhəbbət quru ad imiş,
Sızlayan könülə sevinc yad imiş.
Uşaqlıq damaqda şirin dad imiş,
Ondan gözəl əyyam, çağ ola bilməz.
*
Böyüdür arzular, qocaldır istək,
Tumarla başların, oxşa, sığal çək.
Söyüdlər gözəldir həyalı qıztək,
Amma bar-bəhrəli bağ ola bilməz.

OLDUM
Sən mənim ruhuma aşiq bağbanım,
Mən könül bağında süsənin oldum.
Sevgindən azacıq uzaq düşəndə,
Hərdənbir inciyib küsənin oldum.
*
Səmadan nur saçan ulduzlar dərib,
Sevgimin yoluna, izinə sərib,
Tufana, borana hey qanad gərib,
Ruhuna nəsimtək əsənin oldum.
*
Bir dəli sevdanın dalınca getdim,
Azdım yollarında...ömürlük itdim,
Ömrümdən pay verib, hədiyyə etdim,
Günümdən qurbanlar kəsənin oldum.

9-11-2022, 13:00
Tural Abbaslı: «Tələbimiz Zəngəzur olmalıdır»

Tural Abbaslı: «Tələbimiz Zəngəzur olmalıdır»

2020-ci il sentyabrın 27-si başlayan və 44 gün davam edən, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə nəticələnən tariximizin parlaq səhifəsinə çevrilmiş İkinci Qarabağ müharibəsinin nəticələrini dünya ölkələri fərqli cür qarşıladılar. Müharibə bitdikdən sonra isə Azərbaycanın mövqeyinin dəyişməyəcəyi açıq şəkildə bildirilsə də, status məsələsi əsas müzakirə mövzusuna çevrildi. Son zamanlarda Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinin “Dağlıq Qarabağın statusu məsələsini gələcək nəsillərə saxlamaq lazımdır”-deyə səsləndirdiyi fikir mübahisələrə səbəb olub. Bu mövzu barədə münasibətini öyrənmək üçün Ağ Partiyasının sədri Tural Abbaslıya müraciət etdik:
O bildirdi ki, Qarabağın statusu məsələsinin gələcək nəsillərə saxlanılması fikri Rusiya prezidenti Vladimir Putinin ortalığa atdığı ideya olub:
“Bu, əslində hazırkı vəziyyətdə qalib Azərbaycanın növbəti addımlarının qarşısını almağa yönəlib. Aydındır ki, Azərbaycan artıq 44 günlük müharibədə güclü tərəf olduğunu sübut edib. Bir tərəfin əzici üstünlüyü, qalibiyyəti digər tərəfi reallıqlarla barışmağa və təslim olmağa məcbur edir. Lakin hazırda Ermənistan süni şəkildə oyunda saxlanılır, yəni bəzi ölkələr başda Rusiya, sonra Fransa və nisbətən ABŞ olmaqla Ermənistanın bu prosesdən məğlub kimi çıxmasının qarşısını almağa çalışırlar. Dərinə endikdə bu ölkələrin niyyəti qətiyyən Ermənistan xalqına olan sevgi deyil. Həmin ölkələr Cənubi Qafqazda təsir imkanlarını saxlamaq üçün konfliktin sonlanmasını istəmir, çünki münaqişə bitsə həm Azərbaycana, həm də Ermənistana təsir etmək mümkün olmayacaq. Bu, regionda qalmaq istəyən Rusiyaya və regiona daxil olmağa çalışan ABŞ və Avropaya sərf etmir.”
Tural Abbaslının fikrincə, statusun gələcək nəsillərə saxlanılması fikri olduqca absurddur:
“Məsələni bu gün həll etməsək, gələcək nəsillərə daha ağır formada çata bilər. Bu fikrin səslənməsinin tək səbəbi Azərbaycanın qalib olmasıdır. Azərbaycan sona qədər bu məsələlərin bitdiyini bəyan etməlidir və edir. Prezident İlham Əliyev Vladimir Putinlə görüşdən öncə keçirilən brifinqdə mətbuata verdiyi açıqlamada da qeyd etdi ki, Qarabağ problemi artıq tarixdir və biz bu barədə danışılmasının tərəfdarı deyilik. Bu, status eləcə də Azərbaycanın erməni vətəndaşlarına veriləcək heç bir ayrıcalıqdan söhbət gedə bilməz deməkdir. Çünki Azərbaycanda kifayət qədər etnik millətlər var. Hər birinə ayrı-ayrı status verməklə dövlətçilik ənənəsini pozmaq olmaz. Bu baxımdan Azərbaycan öz mövqeyində möhkəm durur. Nəzərə alsaq ki, beynəlxalq aləmdə də Rusiya, Fransa, ABŞ və s. ölkələrin qarşısında tək deyilik. Türkiyə kimi dünya gücünə çevrilməkdə olan müttəfiqimiz var.”
Partiya sədri həmçinin bildirdi ki, Azərbaycan bu və ya digər məsələləri həll etmək gücünə malikdir:
“Növbəti mərhələdə tələbimiz Zəngəzur olmalıdır. Zəngəzur Azərbaycanın tarixi torpağı olmaqla bərabər Naxçıvan və Azərbaycanın əsas hissəsi arasında əlaqə yaradan, Sovet dönəmində xalqın iradəsi nəzərə alınmadan qoparılan torpaq parçamızdır. Bununla da ədalət yerini tapmalı və ölkəmiz bütövləşməlidir».

Gülay Məmmədova,
BDU Jurnalistika fakültəsinin tələbəsi



9-11-2022, 12:57
Ömrümə doğmayan “Soyuq Günəş”

Ömrümə doğmayan “Soyuq Günəş

Son illərdə Azərbaycanın tamaşaçı marağına səbəb olan filmlərin sayı elə də çox deyil... Bəzən bunu ssenarilərin bayağı olması, kadr kasadlığı və maliyyə çatışmazlığı ilə əlaqələndirirlər. Lakin insanların sevgisini qazanmaq üçün külli miqdarda puldan daha çox real hekayələrin olduğu kimi təqdimatı yetərlidir.
Azərbaycanın belə uğurlu filmlərindən biri də ssenaristi Sədaqət Kərimova olan "Soyuq Günəş"dir. Filmin baş qəhrəmanları Yarqunat və Yarmətdir. Film müharibə problemləri və məhəbbət mövzusunda lentə alınıb. Əsərin baş qəhramanları olan Yarmət və Yarqunat bir-birlərini sevirlər, ancaq Yarqunatın anası və atasının söhbətindən aydın olur ki, onlar qızlarını kənddə varlı ailədən olan Osmanla evləndirmək istəyirlər. Yarqunat buna qarşı çıxaraq Osmana arvad olmayacağını bildirməyinə rəğmən, anası qərarından dönmür, belə olan halda bir-birini sevən iki gənc qaçmaq qərarına gəlirlər. Ancaq onların bu cəhdi də uğursuz sonlanır. Osman vasitəsilə xəbər tutan Yarqunatın qardaşı Həmdullah onları tapır və Yarqunatı geri qaytarır. Bundan sonra Osmanla Yarqunatın toyu tezləşdirilir…
Nəhayət , toy günü çatır, Yarmət gəlib Yarqunatı aparmaq istəsə də, o, ənənəyə qarşı çıxıb gedə bilmir. Həmin vaxt kənddə xəbər çıxır ki, müharibə başlayır, əli silah tutan hər kəs müharibəyə yola düşür. Yarmət də bunlardan biri olur. Yarqunata nə qədər təzyiqlər olunsa da, o, Osmanın ona toxunmasına icazə vermir, yatağına xəncər qoyur, Osmana arvad olmur.
Yarmətin müharibəyə getdiyindən xəbər tutan Yarqunat huşunu itirir, ölümdən dönür, bundan sonra onu atası evinə gətirirlər. Yarqunatın ailəsi elədiyi əməldən peşman olur, Həmdullah kənddə qala bilməyib evini tərk edir.
Müharibə bitsə də, gətirdiyi fəlakətlər çoxunun evini işıqsız qoyur. Yarmət müharibədən qayıtmır, anası oğlunun həsrətinə dözə bilməyib dünyasını dəyişir. Yarqunat bundan sonra Yarmətin evinə köçür, onun bacısı uşağını övladlıq götürüb, min cür əzab-əziyyətlə boya-başa çatdırıb oxudur. Yarmət oğlu Sadir alimlik dərəcəsinə yüksəlir, Türkiyədən elmi konfransa dəvət alır. Bütün əsas hadisələr bundan sonra baş verir. Sadir Türkiyədə kafedə olarkən bir qızın ifasında Yarqunat mahnısını dinləyir, həmin xanımla söhbətindən aydın olur ki, qız Yarmətin övladıdır.
Ləzgiyyə ilə Sadirin arasında az müddət ərzində bir doğmalıq yaranır və Ləzgiyyənin ailəsi ilə Sadir tanış olur. Sadirin Ləzgiyyənin anası ilə söhbətindən Yarmətin illərdən bəri vətən həsrəti çəkdiyi, amma müharibə dövründə alman dustaqlığından qurtulmuş əsgərlərin vətənə qayıtmasına icazə verilmirdi. Sadir Ləzgiyyə ilə sağollaşıb Azərbaycana qayıdır və tezliklə, onları Azərbaycanda gözlədiyini bildirir...
Ləzgiyyəgilin Azərbaycana gəlmək üçün sənəd düzəltmələri tam 1 il çəkir, bu müddət ərzində Sadir bunu anasından gizlədir, nəhayət, 40 ildən sonra Yarmət doğma torpağına yola düşdü. Və uzun illərin həsrətindən sonra Yarmət və Yarqunat bir-birlərinə qovuşurlar. Bu vaxta qədər Yarməti gözləyən Yarqunat fikirlərini belə ifadə edir:
-Mən elə bilirdim ki, sən mənim həyatıma isti günəş kimi doğacaqsan, sən demə, sən “soyuq günəş”sənmiş. Köhnə xatirələri yada salan Yarmət və Yarqunat sağollaşırlar, bu zaman Yarmət qəbiristanlıqda ana və atasının yanında özünə yer ayırıb vəsiyyət edir. Yarqunat isə cavabında deyir:
«Görürsənmi etibarını, o biri dünyada da məni yanında istəməmisən, orda mənə yer yoxdurmu?! Get,Yarmət, get, ömrümə doğmayan, mənə xoşbəxtlik bəxş etməyən soyuq günəş. Həyatıma ikinci dəfə soyuq günəş kimi doğdun, ümidlərlə dolu qəlbimi buza çevirdin”.
Və yenə səslənir Yarqunat mahnısı.
-Get,Yarmət,get... Mənə sənlə bağlı xatirələr yetər.
Bunu deyən Yarqunatın son istəyi Yarbulağın suyu olur, bir ağacın altına çökən Yarqunat gözlərini əbədi yumur...
Uzun illərin ayrılığından sonra bir-birini tapan iki insanı həyat yenidən ayırır. Belə bir deyim var: “hər kəsin həyatı öz əlindədir, istəsə, yaxşı həyat sürdürər, istəsə, pis”. Bəzən heç də belə olmurmuş, valideynlərimizin səhvinə görə bir ömür boyu əziyyət çəkirmişik, xoşbəxtliyi var-dövlətdə görən ailələr bilmirlər ki, övladlarını pula qurban verirlər. Valideynlərin övladlarına böyük sevgisi və xoşbəxtlik arzusu bəzən onlara reallığı görməyə imkan vermir, ürək, qəlb məsələlərində övladlarla valideynlərin milli adət-ənənələrin təsiri altında bir-birinə güzəştə getmələri bir sıra hallarda acı nəticələrə gətirib çıxarır. Qızlarına duz yükü kimi baxan, “Tez evlənənlə tez yuxudan duran qazanar” şüarını əllərində bayraq edən valideyinlərin sonrakı peşmanlığı heç bir fayda vermir. Digər tərəfdən isə, qadın vəfasına, sadiqliyinə, şərəfinə şahid oluruq. Ssenarist Yarqunat obrazı vasitəsilə əsl Azərbaycan qadınını nümayiş etdirir.
Fikrimcə, hər bir ailənin təməli saf məhəbbətdir. Valideynlər bunu unutmamalı, övladlar isə öz xoşbəxtlikləri uğrunda mübarizə aparmağı bacarmalıdır. Əgər adət-ənənələr bizim xoşbəxtliyimizə kölgə salırsa, həmin adət-ənənələri məhv edin, getsin.

Şahanə Tağızadə,
BDU Jurnalistika fakultəsinin tələbəsi
29-10-2022, 06:14
"Nur ocağı" Sevinc Azadlının şeirlərini təqdim edir

"Nur ocağı" Sevinc Azadlının şeirlərini təqdim edir

Eşq nə bilir
Niyə məni bağladın ki, özünə,
Daşürəklim, axı niyə beləsən?
Ümid verib, xilaf çıxdın sözünə.
Qəsdin nədir, bəlkə mənə deyəsən?!
Eşq nə bilir ağa nədir, kölə nə,
Qəlbim alıb, çevirmisən kölənə,
Bax, razıyam yanım, dönüm külünə,
Lap istəsən sovur məni göyə sən.
Mən bilmirdim nəzər nədir, nəhs nədir,
Yanaqlarım göz yaşıma təşnədir,
Bu etdiyin zülüm deyil, bəs nədir?
Kim öyrədib belə özün öyəsən?
Qurban oldum, bu sevgiyə tələsən,
Mən ov oldum, bu sevdada tələ sən,
Çox gözlədim sən insafa gələsən,
Demədim ki, parçalayıb, böləsən.

Bilirsənmi
Sən gedəndən viran olmuş hislərim də pərən -pərən,
Azıb qaldım lal duyğular arasında, bilirsənmi?
Rəhm etmədən aparmısan huzurumu, dincliyimi,
Buz bağlamış ürəyinin parasında, bilirsənmi?
Xatirəni əziz tutub, yaşatmışam yaddaşımda,
Çirklənməyib ürəyimin yarasında, bilirsənmi?
Sənə qədər hürr yaşadım, səndən sonra suç işlədim,
Əsir oldum gözlərinin qarasında, bilirsənmi?
Bilirsən ki, xəyalımın ən əl çatmaz yerindəsən,
Bəs mən sənin xatirənin harasında, bilirsənmi?

Uşaq illərim
Hardasan, ay mənim uşaq şağlarım,
Darıxdım bilirsən, yaman darıxdım.
Hər yaşım artdıqca bağrımın başın,
Əritdi illərim aman, darıxdım.
Ömrümə biçilən yaş hədlərimin,
Qayğısız, sevincli, qısası oldun.
Yük altda əzilən yorğun ruhumun,
Özləmi, həsrəti, tasası oldun.
Ay mənim ağlımda möhürlənənim,
Yerin zaman keçib, amma dolmayıb.
Nə qədər bəxtəvər həyat sürsəm də,
Sənintək qayğısız illər olmayıb.
Ağzımın dadı da, duzu da səndin,
Ləzzətin hələ də damağımdadır.
Nə qədər yaşamaq eşqim sönsə də,
Gülüşüm yenə də dodağımdadır.

Olmadı
Niyə məndən pərən düşdü xoş həyat,
Nə etdim ki, hər şey getdi tərsinə.
Çat veribdir isti ocaq, təndirim,
Badı qopub, lavaş gəlmir ərsinə.

Duz atsam da bişirdiyim aşa mən,
Əllərimin dadı, duzu olmadı.
Dilbilməzi salammadım başa mən,
Sözlərimin tək bir düzü olmadı?

Çox dolandım pir sandığım daşa mən,
Nəzir dedim, qurban kəsdim olmadı.
Düçar oldum haqsız yerə yaşa mən,
İncitməkçün bir gün qəsdim olmadı.

Gəlib çatdım əlli, altmış yaşıma,
Çətin oldu yolum, hamar olmadı.
Çox iş gəldi bu bəlalı başıma,
Bir əl gəlib mənə tumar olmadı.

Payız
Yenə gəldi yetişdi saçları xəzan payız,
Neçə min arzuları gözlərdə qoyan payız.
Ümidləri devirən, pərgarı pozan payız,
Xəzəlinin üzəri qan ilə doyan payız.
Barlı -bəhərli idin fəsillərin içində,
Toy-büsatlar keçərdi sevinclərin içində.
Ayrıca yerin vardı nəsillərin içində,
Qırx dörd günə o nəsli özündə boğan payız.
Xəzəlində bərq vuran al qırmızı qanımdır,
Üzərini örtdüyün qardaş, ata, yarımdır,
Qayıdan torpaqlarım şəhid yadigarımdır,
Doğa bilməzsən birin, sancıdan doğran, payız.
Yağışında, qarında, çiskinin, sazağında,
İslanaraq yanmayan odunda, ocağında,
Yurd eşqiylə alışan, yanan ogullarımdı,
Qanlarıyla torpağı Vətən yoğuran, payız.

Vətən
Yenə ağır yollardan sayseçmə oğlun gəlir,
Dur qarşıla balanı, dur qarşıla, can vətən!
Payızına girməmiş, qışından çovğun gəlir.
Şəhid karvanlarından bağrınbaşı qan vətən.
Yenə səf-səf düzülüb köksündə məzarların,
Səninçün şəhid olub, dönüblər sənə vətən.
İgidliklə veriblər düşmənə cavabların,
Fəxarətlə geyiblər bayrağı kəfən vətən.
Buraxmayıb düşmənin tapdağında yurdunu,
Oğulların bu yolda keçdi, canından keçdi.
Dəmir yumruq elədi, bu yenilməz ordunu,
Hər döyüşə girəndə torpağına and içdi.
Bir ölər, min dirilər, yenə fəda olarıq,
Torpağından, ey məni oğul yoğuran vətən!
Daşıdı yurd sevgisin oğullar qucagında,
Anaları aslan tək oğul doğuran vətən!

OLUBDUR
Bu nə vaxtın gəlişidir gəlmisən,
Səni bura çağıranmı olubdur?!
Çoxdan tutub kor bayquşlar yerini,
Sən verdiyin ümid çoxdan solubdur.

Sən o sənsən, mən daha o deyiləm,
Kor-koranə bir sevdaya əyiləm,
Nə avara, nə sərgərdan, veyiləm,
Səbr kasam tükənibdir, dolubdur.

Lal dəryaydım, coşqun selə dönmüşəm,
Gur ocaqdım yanıb, yanıb sönmüşəm,
Sən gördüyün o qadını gömmüşəm,
Göməndə də saclarımı yolubdur.

Mən sevgimin odda yanmış əliyəm,
Sən istədin, səni məndən əliyəm,
Görən deyir divanəyəm, dəliyəm,
Nə vecinə, olan mənə olubdur.

Məktub yazmıram
Sənə məktub yazmıram,
Yazmıram ki bağışla.
Nə faydası yazmağın
aram da yox kağızla.
Sənə məktub yazmıram.
Yazmıram ki bağışla.
Səndən ayrılan gündən
səngimədi yağış da.
Gün doğmadı üzümə
gəl məni az qarğışla .
Getmə dediyin gündə
qalmışam hələ də mən.
Dünyanı dolaşsam da
veyil-veyil və sərsəm,
yenə həmin gündəyəm.
Ordan tərpənməmişəm.
Ruhum səndə qalıbdır,
onu götürməmişəm.
Yazım nə deyim axı?
İndi xoşbəxtdir çoxu,
səndən, məndən savayı.
Ömrüm bada gedibdir
günlərimsə havayı.
Sənsiz pəncərəmin də
pərdəsini çəkmirəm.
Özgə qadınlar kimi,
ildə bir ev tökmürəm.
Yuyub yığışdırmıram,
Ara bir əsəbləşib,
heç qabı da qırmıram.
Bişirmirəm ləzzətli
yeməkləri bayramlar.
Bəzəmirəm süfrəni,
axı mənim kimim var?
Yox, bezməyib təklikdən
o soyuyan yataq da.
Gecəm, gündüzüm keçir
İş odamda, qoltuqda.
Xiffətini çəkmirəm
Ilin, günün, ayın da.
Buz bağlayıb nə vaxtdan,
onsuz isinmir qəlbim
Allahın bir yayında.
Yazım nə deyim axı?
Deyim sənsiz bitmişəm?
Deyə bilmirəm axı.
Gör neçə illərdir ki
Içimdə saxlamışam.
Qorxmuşam , özümə
də etiraf etməmişəm.
Sənə məktub yazmıram.
Yazmıram ki, bağışla.
Səni xoşbəxt etmədim,
mən də xoşbəxt deyiləm,
gəl məni az qarğışla.
Boyüklük səndə qalsın,
Mən bizə rəhm etmədim,
Sən insaf et bağışla.

Açıq olsun
Varlığım yorubdur deyəsən səni,
Gedirsən, yolların qoy, açıq olsun.
Qorxutmur nə şaxta , nə boran məni,
Vurduğun yaranı oy, açıq olsun.

Deyirsən, dözmərəm hicran dəminə,
Mən ki alışmışam eşqin qəminə,
Get axtar ayrı bir liman, gəminə,
Altında süzdüyün göy, açıq olsun.

Gedib dönərsənsə, qapımı vurma,
Təsadüf çıxdığın yolumda durma,
Səni əhv edərəm xəyalın qurma,
Elə bir qapı döy, o açıq olsun.

Güya ki buraxmaq gəlir arına?
Bəs necə sığdırdın dağ vüqarına,
Gəl davran qoy necə gəlir karına,
İstərsən bəxtini söy, açıq olsun.

Yetər davrandığın bu qədər saxta,
Nə vermisən, ala bilmirsən baxta?
Tutduğun ürəkdə, qurduğun taxtda,
Boya vurarsansa, göy, açıq olsun.

Gəl ey qadın
Gəl ey qadın, gəl ey başımın tacı,
Kimə ana, kimə yar, kimə bacı.
Dursun bəşər pişvazına dayansın,
Gəl, ey mələk, bəxti açıdan acı.
Gəl, ey ağır yüklər altda qalanım,
Sən olmasan bu yükləri kim çəkər?!
Hər bir dərdi ürəyinə salanım,
Tab gətirməz bu dərdlərə bir tək ər.
Zərif çiynin möhnətlərə alışıb,
Ağır-ağır zillətləri daşıyır.
Gülümsəyir, sezdirmirsən dərdini,
Görən deyir bəxtəvər də yaşayır.
Zamanından öncə saça dən düşüb,
Qara bəxtin altda bəyaz neynəsin.
Yersiz gələn şaxta vurub baxçasın,
Dondurubdur üstə qora meynəsin.
Danışmıram hələ qırışlarından ,
Söz düşəndə yaşını artırırsan.
Gözlərində gizlədiyin həsrətlə,
Dərdə salır, xəyala daldırırsan.
İncik düşən könlün səsdə titrəyir,
Çox ağrını səssiz, sözsüz udursan.
Gecələri acıların bitməyir,
Qəribədir, gündüzlər unudursan.
Sənin hansı cəhətindən danışım?
Qürurunun önündə mat qalmışam.
Çox çək-çevir eləmişəm özümü,
Mən deyəsən gücü səndən almışam.

Avara qalmışam, adam
Mən axı avara qalmışam, adam,
Bu yolda var ilə yox arasında.
Buz kimi baxışın, nifrətin, kinin,
Təklənib qalmışam çox arasında.
Üşüyüb vücudum sərt baxışından,
Təpədən dırnağa buz bağlamışam.
Dərd tapıb taleyin tərs axışından,
Qoymuşam yarama duz, bağlamışam.
Çox zaman gözlərim üzündə qalıb,
Ən adi dəyərə möhtac olmuşam.
Verdiyin vədlər də sözündə qalıb,
Acı kəlmələrdə hey boğulmuşam.
Yıxıb sürümüsən soyuqluğunla,
Alıb göydən -yerə vurduğun olub.
Mən həsrət qalmışam sədaqətinə,
Eşqi özgə taxtda qurduğun olub.
Nə səndə günah var, nə də ki məndə,
Talehi, qisməti yazan yazıbdır.
Dünyanın amansız məngənəsində,
Yolun tapan tapıb, azan azıbdır.

Boya rəssam
Al fırçanı boya, rəssam, bu dünyanı
Bütün körpə uşaqlarçün,
Boya onu yeddi rəngə
Ruhu uşaq olanlarçün.
Günəşi sarıya boya,
Səma yenə mavi qalsın.
Göyqurşagındakı rənglər
Həmən yenə yerin alsın.
Yaşıl boya meşələri
Qurumasın bir dənəsi.
Şəffaf rəngli sular axsın
Yaşıllaşsın hər dərəsi
Açsın əlvan çiçəkləri.
Boya rəssam çiçəkləri qırmızıya
Tökülməsin ləçəkləri.
Qoxsun bütün aləm çiçək
Üzərində börtü-böcək
Uçsun əlvan kəpənəklər
Gözəlliyi, zərifliyi sevgi saçsın.
Bütün doğulan körpələr
Belə dünyada göz açsın.
Boya uzun gecələri qara rəngə
Hüzurla girsin ahəngə
Ana ayla ulduzları
Qızılıya çalsın bari
Səpələnsin göy üzünə,
Zülməti dönsün gündüzə.
Yenə sabahlar açılsın
Günəşinin gün üzüynən
Aydınlansın bütün dünya
Əlvan rənglərin özüynən.
Mavi dəniz ləpələnsin,
Sevinc, gülüş səpələnsin
Yer üzünə.

Kəlağayım
Bir üzük içindən asanca keçən,
Mədəni irsimdə var kəlağayım.
Xalqımla bərabər əsrlər keçən,
Nənəmə, anama yar kəlağayım.

Təbiət örnəyi, ar nişanəsi,
Barama qurdunun bar nişanəsi,
Hər eldə, obada var nişanəsi,
Bəyazı başımda qar kəlağayım.

Rəngini sumaqdan, narıncdan alan,
Qarağat, zəfəran, zirincdən alan,
Heyrəti, soğanı, yeləni olan,
Adıyla dünyaya car kəlağayım.

Naxışı incədən, incə olanım,
Saya butasında, şah doğulanım,
İpək saplar ilə tül yoğrulanım,
Örtüm mən başımı, sar kəlağayım.
29-10-2022, 06:02
"Nur ocağı" ədəbi məclisi Brilyant Atəşin şeirlərini təqdim edir:

"Nur ocağı" ədəbi məclisi Brilyant Atəşin şeirlərini təqdim edir:

Gələrəm.
Seyrinə çıxmışam qoca dünyanın,
Hər eldə bir süfrə salıb gələrəm.
Silinə, qalmaya pisliyin izi,
Könül rübabımı çalıb gələrəm.

Mən şahə qalxaram dərya üzündə,
Hünər meydanında, şair sözündə
Nurlu bir didəyəm haqqın gözündə,
Tərlanam, ovumu alıb gələrəm.

Odlu könüllərə Atəşdi sirdaş,
Buzlu ürəklərə olmaram yoldaş,
Dünyanın qəlbinə yol açıb birbaş,
Fərəhin gözünə dolub gələrəm.

Gəncliyim.
Başı görünməyən çənli dağların,
Keçilməz qatından keçdi gəncliyim,
Yaşadı həyatın gözəl çağların,
Zümrüd bulağından içdi gəncliyim.

At belinə qalxdı, quştəki süzdü,
Oylaqlar, ormanlar bağrını əzdi,
Yalçın qayaları təbiət düzdü,
Bir-bir sinəsindən keçdi gəncliyim.

Atəş pis gün çəkdi, dəmin də sürdü,
Həyatda yaxşını, pisi də gördü,
Deməyin ömrünü havayı verdi,
Hər yerdə gözəllik seçdi gəncliyim.

Dəstə-dəstə.
Yel dağıdan zülflərini,
Gəl darayım sinəm üstə,
Allah qələm çəkib sənə,
Bir mələksən, boyu bəstə.

Gülsən, güllər içindəsən,
Tülək-tərlan biçimdəsən,
Sərraf kimi seçimdsən,
Oxu "Kəsmeyi-şikəstə",

Yetim Atəş şamtək sönər, ,
Taxtı-tacı yana dönər,
Sən gəlməsən ahı dinər,
Gül tökərsən dəstə-dəstə.

Aşıq Pəri məclisində.
Çiçəkləri salxım-salxım,
Bir yerə, bir göyə baxın,
Şimşək təki coşun, çaxın,
Aşıq Pəri məclisində.

Qızlar Qoşma, təcnis düzür,
Dəryada Qəvvas tək üzür,
Narunc Xatun ruhu gəzir,
Aşıq Pəri məclisində.

Gözəllər səf-səf düzülür,
Dillərdən məlhəm süzülür,
Baxanın qəlbi üzülür,
Aşıq Pəri məclisində.

Örpəyi əlvan kəlağay,
Kofta atlaz, tuman lay-lay,
Nənələrdən qalıbdı pay,
Aşıq Pəri məclisində.

Hər birisi bir mələkdi,
Qoşduqları gül, çələkdi,
Köməkləri bir Fələkdi,
Aşıq Pəri məclisində.

Təki.
Dağların başını duman bürüyüb,
Başımı bürüyən dərdi-qəm təki.
Birdən fikirlərim dolaşıq düşür,
Zildən düşüb azan, kökdə, bəm təki.

Fələyin oyunu qurtarmaq bilmir,
Cöhrələr yasdadır, dodaqlar gülmür,
İnsanı həyatda qəm yıxır, ölmür,
Barını köyrəldib yıxan nəm təki.

Yaralı könüllər çox deyib-gülməz,
Köksü dağ görməyən, dağ nədi? bilməz,
Heç nə bu Atəşin ağlına gəlməz,
Allah göndərdiyi gözəl dəm təki.

Düş.
Cibdə pulun çox olanda, əzizim,
Şahə qalxma, səni yıxar kəhər, düş. .
Dünya fani, ömür qısa, sevinc az,
Qoyma keçə ayın, ilin hədər, coş. .

Qohum didər, qonşu deyər, yad yeyər,
İnsan solar, mərəz çəkər, dad deyər,
Naxələf dost, nankor övlad ad əyər,
Zay olarsan, danışarsa, dilin boş.

Tamah sərtdi, kəndir vermə əlinə,
Qatar səni burulğanlı selinə,
Yaxşı, pisin tanıdacaq elinə,
Atəş kimi dastan söylə, şeir qoş.

Biləydim.
Bilirsən könlümdən nə keçir İndi?
Dağların döşündə gəzə biləydim.
Çıxaydım yamaca, yala, yalmana,
Dünyanın nazına dözə biləydim.

Düşəydi torpağa payızın dəni,
Döyəydi üzümə çisəyi, çəni,
Burulub qucaydı dumanı məni,
Qaçaydım, qartaltək, süzə biləydim.

Açaydım sinəmi, tutaydım göyə,
Qoyaydım payızın yağışı döyə,
Atəş bu cənnəti görməsin,niyə?
Hicranı vüsaldan üzə biləydim.

Silə yanağımdan süzülən nəmi.

Bir yanım Dəli Kür, bir yanım Araz,
Bulanır suları hər payız, hər yaz,
Oturam daş üstə,şeh vura bir az,
Yuya cöhrəmdəki kədəri, qəmi,
Silə yanağımdan süzülən nəmi.
Yağsın narın-narın mirvari yağış,
Salsın yer üstünə damladan naxış,
Bir ağac dalından bir xəlvət baxış,
İntizarla güdsün vüsalın dəmi,
Silə yanağımdan süzülən nəmi.
Hər fəslin dəyişməz bir havası var,
Yayda xoş gəlməyir nə tufan, nə qar,
Atəş də həyatda axtarıb-arar,
Ömründə həm zili, həm enən bəmi,
Silə yanağımdan süzülən nəmi.

Cavab ver.
Yenə saldın məni yanar odlara,
Qəlbim baş açmayan sirsən, cavab ver.
Dərdimi açıram dağa-dərəyə,
Sanki gözlərimdə pirsən, cavab ver.
Həmdəmim xəyallar, xəyalım odlar,
Qorsalar qəlbimi, bədənim odlar,
Dilimdə alov var, gözümdə od var,
Yanarsan haraya girsən, cavab ver.
Vermədim qəlbimi hər yetən kəsə,
Lal oldum, gözlərim tutuldu, nəsə,
Bu Atəş hay verməz hər gələn səsə,
Yolumda aslansan, şirsən, cavab ver.

Olmasaydı.
Dərd bilən dərdimi yarı bölərdi,
Özünün yığvalı kəm olmasaydı.
Yarandığı gündən insan ölərdi,
Qəlbində oyanan dəm olmasaydı.
Bədbəxt öz bəxtindən şikayət eylər,
Gülüb-danışanı bəxtəvər söylər,
Özgənin gözünün yaşını silər,
Özünün gözündə nəm olmasaydı.
Çaylar məcrasından çıxıb daşardı,
Çəməni-çiçəyi basıb aşardı,
İnsan da ən azı yüz il yaşardı,
Ürəyini yeyən qəm olmasaydı.
25-10-2022, 21:08
BƏLKƏ, "XUDAFƏRİN" ŞƏHƏR STANSİYASI?!


“QUMLAQ” STANSİYASI ƏVƏZİNƏ...
BƏLKƏ, "XUDAFƏRİN" ŞƏHƏR STANSİYASI?!

Cəbrayıl rayonunun Qumlaq icra nümayəndəliyinə daxil olan kəndləri bir araya gətirib mikroşəhər salmaq olar. Zəngəzura gedən dəmiryolu xətti üstündə Cəbrayıl rayonu ərazisindəki Qumlaq stansiyasının təməli qoyuldu. Hesab edirəm ki, Qumlaq icra nümayəndəliyinə daxil olan bütün kəndlərin bu əraziyə köçürülməsi və onların bazasında Qumlaq stansiyası əvəzinə XUDAFƏRİN adlı yeni mikroşəhər stansiyasının salınması çox düzgün olardı. Ermənilərin darmadağın etdikləri Xudafərin kəndinin xarabalıqlarını isə gələcək nəsl və turistlər üçün (burada yerləşən Xudafərin körpüləri də daxil) tarixi muzeyə çevirməliyik. Bunun üçün kifayət qədər əsaslar var. Belə ki, ərazi əhəmiyyətli turizm komplekslərinin yaradılmasından ötrü əla şəraitə malik olub, tarixi-mədəni və təbiət abidələri ilə zəngindir.

Qeyd etmək lazımdır ki, Qumlaq icra nümayəndəliyinə daxil olan 5 kənd "Xudafərin" SES və "Qız Qalası" hidroqovşağının inşası səbəbi ilə əlaqədar Araz çayının altında qalacaq. Ona görə də həmin kəndlərin başqa əraziyə (təxminən Diridağ silsiləsinin arxa üzünə, Horadiz-Cəbrayıl-Ağalı dəmiryol xəttinin ətrafına) köçürülməsi zərurəti ortaya çıxır.
Fikrimizcə, ərazidə "XUDAFƏRİN" adlı şəhərin salınması, həm sosial-iqtisadi, həm də siyasi baxımdan faydalı ola bilər. Nəzərə alsaq ki, Qumlaq stansiyası həm tarixi Xudafərin körpülərinə yaxındır, həm də digər tərəfdən Şərqi Zəngəzurun (Azərbaycan Respublikasının ərazisi) Qərbi Zəngəzura (hazırda Ermənistan Respublikasının ərazisi) və Güney Azərbaycana (hazırda İran İslam Respublikasının ərazisi) çıxışı ilkin olaraq burdan başlanır. Şərqi Zəngəzurla Qarabağın orta xəttində belə bir şəhərin salınması iqtisadi cəhətdən də çox əlverişlidir. Bu təklif qəbul olunacağı təqdirdə işğaldan azad edilmiş yaxın bölgələrdə bərpa işləri ilə bağlı yeni yaradılacaq çoxsaylı infrastrukturların, sosial obyektlərin inşasında, enerji və kommunikasiya xətlərinin və kənd təsərrüfatı sahəsində aqrosənaye komplekslərinin yaradılması və inkişaf etdirilməsi üçün kifayət qədər məhsuldar qüvvələrə ehtiyac olacaq. Onların müxtəlif çeşidli əmək sahələrinə cəlb olunması, yaşayış yerləri ilə təmin edilməsi, sosial-məişət şəraitinin yaxşılaşdırılması yeni salınacaq "XUDAFƏRİN" Şəhər-Stansiyasının inkişafına zaman keçdikcə ciddi təsir göstərəcək.

Yuxarıda qeyd edtiyimiz kimi, biz bu inamdayıq ki, ərazinin ekoturizm potensialını da bura əlavə etsək, belə bir şəhərin tikintisi ölkəmizin gələcəyi üçün perspektiv imkanlara yol aça bilər.
Bütün hallarda dövlətimizə bu sahədə apardığı bərpa və quruculuq işlərində uğurlar arzulayırıq!

Sayğılarımla: Yusif DİRİLİ (Mahmudov)
Tarix üzrə fəlsəfə doktoru

22-10-2022, 11:59
"Nur ocağı" Səlbi Baxışın çeirlərini təqdim edir

"Nur ocağı" Səlbi Baxışın çeirlərini təqdim edir

"Ay can" deyənim
Yenə o yar məni məzəmmət edir,
Ay mənim, yalandan "ay can" deyənim.
Özü özlüyündə küsüb- inciyir,
Ay mənim, yalandan "ay can" deyənim.
Bilmir ki, ürəyim qübar eyləyir,
Həsrəti könlümü tar-mar eyləyir.
Hər kəsdən çəkinir, o, ar eyləyir,
Ay mənim, yalandan "ay can" deyənim.
Sənsiz ötən günüm bir ilə dönür,
Getdikcə ümüdün çırağı sönür.
Bivəfa həyatdı, vəfasız ömür,
Ay mənim, yalandan "ay can" deyənim.
Könlümdə sızlayır kamanım, tarım,
Halımdan bixəbər dolaşır yarım.
Etibar, sədaqət dövlətim, varım,
Ay mənim, yalandan "ay can" deyənim.
Yazdığım naməni çatdırın yara,
Deyin, Səlbin düşüb, borana, qara.
Yetmədi sevgisi bir bəhrə-bara,
Ay mənim, yalandan "ay can" deyənim.

Qədəmin mübarək
Həyata xoş gəldin, ay sənə qurban,
Qədəmin mübarək, ay Kamran balam.
Ömrümə-günümə ulduztək doğan,
Qədəmin mübarək, ay Kamran balam.
Dünyama yeni bir pəncərə açdın,
Günəş tək parlayıb, şəfəqin saçdın.
Arzuydun... xəyaldan dünyaya uçdun,
Qədəmin mübarək, ay Kamran balam.
Nəvəmin gəlişi toy-bayram oldu,
Evimə sevincin nəşəsi doldu.
Parlayan Günəşim, ulduzum odu,
Qədəmin mübarək, ay Kamran balam.
Pünhan atan alsın xoş sorağını,
Yandır Təravətin gur çırağını.
Öpəsən Aygülün gül yanağını,
Qədəmin mübarək, ay Kamran balam.
Babalar fərəhdən şadlanır, gülür,
Nənələr başında səni tac bilir.
Yanında, bir heçdi cavahirat-dürr,
Qədəmin mübarək, ay Kamran balam.
Bu şair könlümü gətirib cuşa,
Xırdaca boyuna, o çatma qaşa,
Sözdən, söz toxuyub vurdum naxışa,
Qədəmin mübarək, ay Kamran balam.
O gözə görünməz Sahib ixtiyar,
Səni bəxş eylədi olduq bəxtiyar.
Əkdiyim ağacım verdi şirin bar,
Qədəmin mübarək, ay Kamran balam.
Tanrım gözəl yazsın bəxt, qismətini,
Dildən-dilə salsın şan- şöhrətini.
Səlbi nənən görsün xoş mürvətini,
Qədəmin mübarək, ay Kamran balam.

Ana
Köksümün başını alır sis-duman,
Anasız yetim qız deyəndə mənə.
Ana can, ay ana darıxdım yaman,
Ürəyim doludu möhtacam sənə.
Aldı qara torpaq səni qoynuna,
Olmazın hicranı saldı araya.
Amansz fələyin düşüb oynuna,
Doğmalar duz basdı qanlı yaraya.
Dərdimi götürüb gəldim üstünə,
Gördüm nə qapı var, nə bir pəncərə.
Baxdım qara daşdan olan büstünə,
Ürəyim sinəmdə döndü pencərə.
Günüm-gündüzümə doğardı Günəş,
Sənli günlərimdə, ana can, ana.
Verərdin qol- qanad, hər işdə həvəs.
Hüsnün nur yayardı, sanki hər yana.
Gözümün nəmindən sozalıb yanaq,
Neyləyim mən sənsiz axı sən söylə?
Həftədə bir dəfə, ana, gəl qonaq,
Ağrıma, acıma sən məlhəm eylə.
Həyatdan bezmişəm, doymuşam cana,
Arxanca ağlağan uşağa döndüm.
Qohumun, yadın da əlində, ana,
Gör necə oyuncaq aşığa döndüm
Səlbiyəm, soyuyub odum-ocağım,
Sən gedən yolarda qalıbdı gözüm.
Hər işdə sən idin arxa-dayağım,
İndi qəribliyə salınır sözüm.

Var sədaqətim
De, səndən çəkdiyim zillət nədəndir?
Mənə qaranlıqdı səndəki bu sirr.
Qələmdən süzülüb tökülən sözlər,
Kitabtək qəlbimi vərəqlər bir-bir.
Çox ümüd bağladım sənintək yara,
Səfv etdim, inandım odlu sözlərə.
Sən etdin qəlbimi hicran yuvası.
Aldandım, aldadan qara gözlərə.
Niyə sən özünə öyrətdin məni?
Kaş ki, həyatıma gəlməzdin gərək.
Sözünlə üst-üstə düşmür əməlin,
Düşürsən dalınca, bir gözəl görcək.
Kədərim gözümə yansıyıb, oxu,
Qoyma ki, sevginin ocağı sönsün.
Dil açır köksümdə sönən arzular,
Soyuq qış, çiçəkli bahara dönsün.
Sevgimi duymadın nə deyim sənə,
Səcdəyə layiqdi bu məhəbbətim.
Görmədim vəfanı, yanmadın mənə,
Eşqimə, dinimə var sədaqətim.
Nə üçün yatmıram sabaha qədər?
Suallar verirəm mən hey özümə.
Bəlkə də, bu Səlbi, öz nəğməsinə,
Bir bəstə düşünür, uysun sözünə.

Müəllim
Ey əziz, müəllim, mötəbər insan,
Saçına düşübdü yorğunluqdan dən.
O qədər böyükdür savablarınız.
Saymaqla qurtarmaz, düşünürəm mən.
Elə bil müəllim, sanki bir mələk,
Şagirdsə ətirli, qönçə bir çiçək.
Hərənin qəlbində yatır min dilək,
İndi o illəri anıram hərdən.
İnsanın elmidir varı-dövləti,
Ağlıyla qazanar şanı-şöhrəti.
Müəllimin hər kəsdə vardı zəhməti,
Şərəfli yolusan bu həyatın sən.
Bir hikmət, öyüd var hər bir sözündə,
İlahi nuru var onun üzündə.
Günəştək parlayır işıq gözündə,
Uşaqlıq illərim gəlsin yenidən.
Səlbiyəm, borcluyam hər birinizə,
Sonsuzdu qəlbimdə məhəbbət sizə.
Köksünüz bənzəyir coşan Dənizə,
Yazdım ki, şeirim olsun hədiyyən.

Ey ana Vətən
Necə sən dözürsən ağrı-acına?
Qanına susayıb məkirli düşmən.
Torpağın nahaqdan boyanıb qana,
Sənə tamah salır hər yoldan ötən.
Qurbanın olduğum, ey ana Vətən!
Yer, göyü düşmənin alovu sarır,
Göz dikib sərvətə, varın aparır.
Dağların ah çəkir, şivən qoparır,
Bürüyüb aləmi qatı duman, çən.
Qurbanın olduğum, ey ana Vətən!
Erməni fitvasl olar nə qədər?
Yediyim, içdiyim olubdu zəhər.
Qaralar içində günəşli səhər,
Şəhidlər veririk ah günü-gündən.
Qurbanın olduğum, ey ana Vətən!
Halıma ağlasın, bu yağan yağış,
Anamın gözündə donubdu baxış.
Salıbdl üzünə qırışlar naxış,
Bülbüllər oxumur, gülsüzdü çəmən.
Qurbanın olduğum, ey ana Vətən!
İnanıb yer verdin keçirdin başa,
Dedin ki, mehriban qonşu tək yaşa.
Gəlmədi mənfurlar sülhə, barışa,
Düşmənin qan içən, o bir baş kəsən.
Qurbanın olduğum, ey ana Vətən!
Gözünü oyaram, tökərəm qanın,
Soyunu qurudub, alaram canın.
Gədaya əyilməz Azərbaycanın,
Səlbiyəm, Koroğlu nəvəsiyəm mən.
Qurbanın olduğum, ey ana Vətən!

Bağışla məni
Ey Allah, əhvalım sənə əyandı,
Pisliklər qapıma gəlib dayandı.
Doğruluq amalım, uzağam şərdən,
Bəs niyə açılmır başım heç dərdən?
Günahım varsada bağışla məni,
Başımın üstündən dağıt bu çəni.
Onsuzda bilirsən qəlbim yaralı,
Qohumdan, qardaşdan düşdüm aralı.
Bu necə qismətdi çoxalır qəmim,
Gözümün yaşıyla keçir hər dəmim.
Açılmaz düyünə elə bil düşdüm,
Taleyə, qismətə, yazıya küsdüm.
Hər yandan üstümə küləklər əsir,
Qapımı bağlayır, yolumu kəsir.
Tükənmir, ay Allah, bu necə dərd-sər.
Böhtanla, şər ilə üz-üzə bəşər.
Sarsıldım,yıxıldım yoxdu qüvvətim,
Yoxdur əvvəlki tək sözüm, söhbətim.
Ürəyim çıxmayır dəmir qəfəsdən,
Qəmlidi taleyim yazıram hərdən.
Hələ də bilmirəm günahım nədir?
Edilən zülümə edirəm səbir.
İçmişəm dünyanın hər şərbətini,
Görmüşəm dünyanın hər möhnətini.
Qəlbimdə arzular açmadı çiçək,
Qapılar bağlandı eh, məni görcək.
Acılar içində gülərmi ürək,
Kaş ki, bu dünyaya gəlməzdim gərək.
Bu həyat inanın əzablı yoldu,
Tək olan o Allah sirdaşım oldu.
İnlədi yenə də qəlbimdə ki, saz,
Bu qədər işgəncə inanın olmaz.
Səlbi, gəl, etmə sən, yenə şikayət,
Bu qara bəxtinlə barış nəhayət.
Neynəyim, isitmir baharım, yazım,
Başqadı könlümdə eşqim, avazım.

Ömür deyil ki
Bu ömür deyil ki, mən yaşayıram,
Çiynimdə kədərlə, qəm daşıyiram.
Elimdən, günümdən olmuşam uzaq,
Ural çöllərində dondurur sazaq.
Hər addım başında var min bir tuzaq.
Deyildi, qürbətdə yaşamaq asan,
Sığınıb qoltuğa hər yoldan azan.
Guya ki, burada mən kef çəkmişəm?
Elə bil bostana dollar əkmişəm?
Yerə tökülübdü, mən də yıģmışam.
Bilin ki, hər gunum qəmdir, kədərdir,
Yediyim, içdiyim inan, zəhərdi.
Ötən günüm, ilim gedibdi hədər,
Belimi bükübdü qəm, qüssə, kədər.
Bu daşlı- çınqıllı yoldan keçmişəm,
Ən aģır, ən çətin peşə seçmişəm.
Hər gùn səhər erkən beşdə dururam,
Yarıyuxulutək, yarıoyaqtək.
Iştah da olmayır bir tikə yeyəm,
Belə yaşayış da olarmı bəyəm?
Tələsik qaçırsan bazara sarı,
Sozala- sozala azara sarı.
Şaxtalı- boranlı qarlı havada
Elə bil kòz ùstù yanır tava da.
Malları neynəyim, şaxta vuracaq,
Belə getsə, vallah, qəlbim duracaq.
Yıģışıb gedəcəm çəkirəm zùlùm,
Yanan od- ocaqdan dùşùbdù kùlùm.
Kafe, restorana gedirik hərdən.
YığZ addaışıb dostlarla içirik dərddən.
Yorulub, bezmişəm, vərəm baģladım,
Vətən həsrətiylə sinə daģladım.
Getdi bu yollarda abırım-həyam.
Bəs necə bu gùnu òmùrdən sayam.?!
Indisə titrəyir gora ayaģım,
Əlimdən gedibdi o gənclik çaģım.
Bir bax bu rùzgara, sovurur dəni,
Fələk əsirgəmir dumani, çəni.
Qùrbət eldə belə òmùr- gùn keçir,
Qohumdan -tanışdan beləcə seçir.
Òzbək, tatar, tacik,qırģız -qardaşım,
Belə olan halda ağrımaz başım.
Nataşa, Maşayla qol- boyun olduq,
Onların köksündə açıldıq, solduq.
Hələ rəqs edirik onlar sayağı,
Xoşbəxt eyləyirik pùstə dodağı.
Ailədən,uşaqdan biz gen düşərək,
Qazancın əlinə əsir düşərək,
Yad olan ocağa düşüb bişərək,
Həyatı beləcə kəm yaşayırıq,
Əlli- əlli vurub dəm yaşayırıq.
Səlbi şair deyil, qəlbin sözünü,
Nə varsa, həyatda yazdı düzünü.
22-10-2022, 10:27
" Nur ocağı" ədəbi məclisi Hənifə Şəbnəmin şeirlərini təqdim edir:


" Nur ocağı" ədəbi məclisi Hənifə Şəbnəmin şeirlərini təqdim edir:

Getdi
Oduma yanmağa pərvanə olan,
Dumantək başıma dolandı getdi.
Çal-çarpaz dağ çəkib sinəmin üstə,
Özü atəşimə qalandı getdi.
*
Öz evini yıxdı yad əlləriylə,
Məni də ağlatdı əməlləriylə,
Sevgimin yıxılan təməlləriylə,
Ağlı dərya kimi bulandı getdi.
*
Qayıt dedim, doğru yola gəlmədi,
Canımdan çox sevdim, üzü gülmədi,
Nə zaman ki peşkəş verdim almadı,
Axırda sevgimi diləndi getdi.
*
Xəyanəti oldu başına töhmət,
Əməlindən özü çəkdi xəcalət,
O qaldı məndəki sevgiyə həsrət,
Mənimsə varlığım talandı getdi.
*
Rəvadımı, Şəbnəm nələr yaşadı,
İllərin yükünü tənha daşıdı,
Köksümün altında sevgim üşüdü,
Yaş olub gözümdən selləndi getdi.
*
Onu xatırladı söhbətim, sözüm,
Ümüdə sarıldı yolunda gözüm,
Səngiyib qor oldu alovum, közüm,
Ürəyim odlara qalandı getdi.
Qaldım
Sən elə bilirsən yalqızam sənsiz?
Yox... könül dünyamda qəmimlə qaldım.
Gecə sübhə qədər verib baş-başa,
Yalqız otağımda şəmimlə qaldım.
*
Pıçıldaşdıq…şəm yandı, mən alışdım,
Gah qarğadım, gah arxanca danışdım,
Ağlayanda axıb gölə qarışdım,
Dəryada dərd dolu gəmimlə qaldım.
*
Köpük oldum atıb tutanda dəniz,
Söndüm varlığımdan qaldı təkcə iz,
Dağınıq köç oldum sahildə sənsiz,
Dərdimlə yol getdim, dəmimlə qaldım.
*
Burulğana düşüb gözümdən itdin,
Məzar daşı olub torpaqda bitdin,
Məni tənhalıqla imtahan etdin,
Kamantək inləyən simimlə qaldım.
*
Soruşuram, bəs sən özün necəsən?
Qadirsənmi, mənsiz hansı gücə sən,
İstəməzdim məndən erkən köçəsən,
Ocaq yeri kimi külümlə qaldım.
*
Ahımı naləmi gətirdim dilə,
Şəbnəm xəyalınla qarışdı selə,
Sənsiz bu dünyanı dolaşam belə,
Qayıdıb yenə də səninlə qaldım.
G E C Ə L Ə R
Gündüz məni üzən dərdi-sərimi,
Yer gəzirəm atmaq üçün gecələr.
Ruhum göylər gəzir, xəyalım yorğun,
Göz həsrətdi yatmaq üçün geçələr.
*
Kipriklərim qələm olur yazıram,
Yazdığımı göz yaşımla pozuram,
Bir neçə bənd söz içində azıram,
Öz başımı qatmaq üçün gecələr.
*
Sinəm qəfəs olur ürəyim bülbül,
Sevib sevilməyə möhtacdı könül,
Ah-fəğan eyləyib hey ötür dil-dil,
Gülüstanda ötmək üçün gecələr.
*
İstədim sevgimlə gözəlləşim mən
Kim qarğadı,dərdlə heykəlləşim mən.
Kiminlə bölüşüm yüngülləşim mən?
Qaçım gözdən itmək üşün gecələr.
*
Otağıma çökən zaman qaranlıq,
Sükut hakim, Şəbnəm olur qurbanlıq,
Öz-özümdə güc gəzirəm bir anlıq,
Dərdimi tərk etmək üçün gecələr.
HƏR BIR ŞƏHID MƏNIM DOĞMA BALAMDI
İstəmirəm qan tökülsün bir daha,
Döyüşən hər əsgər doğma balamdı.
Anayam, dözmürəm amana, aha
Şəhidlər yıxılan səngər qalamdı.
Birinin xonçada xınası qalıb,
Birinin üç günlük balası qaıb,
Birinin umudsüz anası qalıb,
Sarsılıram, çox ağrlı sitəmdi.
*
Bir şəhidin yasa dönən toy günü,
Anaların ərşə çıxan ah –ünü,
Üç rəngli bağrağa tökülən qanı,
Mənim çəkə bilmədiyim çiləmdi.
*
Məğrur qartalıdı, zirvədə dağın,
Şəhid, axan göz yaşıdı bulağın,
Azad eylədiyi qanlı torpağın,
Üzərində bağrı qanlı Laləmdi.
Şəhid mənim üçün, küllü aləmdi.
ELƏ BİLDİM O, SƏNSƏN
Səhər bağda bülbülün cəh-cəhinə oyandım,
Naləsindən kövrəlib özümü yalqız sandım.
Qulağıma səs gəldi,dönüb yana boylandım,
Elə bildim o, sənsən.
*
Durub eyvana çıxdım, seyr elədim səmanı,
Göy üzündə buludu, yerdəki boz dumanı,
Yarpaqlar pıçıldaşıb, meh oxşadı sinəmi,
Elə bildim o, sənsən.
*
Göy göyərçin budaqda, çırpındı hürkək-hürkək,
Həyacandan titrədim, ağacdakı yarpaqtək,
Saçıma sığal çəkib, yaxamı açdı külək,
Elə bildim o, sənsən.
*
Kəpənəklər çəməndə bir-biriylə yarışır,
Sevənlər sevilənlər bir an küsür barışır,
Bal arısı çiçəyə məhəbbətdən danışır,
Elə bildim o, sənsən.
*
Asta-asta zirvəyə qalxırdı bir dağ kəli,
Məğrur görkəmi ilə görünsə də nəşəli,
İçində yanan ocaq andırırdı məşəli,
Elə bildim o, sənsən.
*
Göydə ildırım çaxır, şıdırğı yağış yağır,
Odunu söndürməyə torpaq buludu sağır,
Buludlar seyrələndə qaranlığı nur boğur,
Elə bildim o, sənsən.
*
Salxım söyüd əyilib su içəndə bulaqdan,
Saralmamış bir yarpaq qopub düşür budaqdan ,
Bülbülün nəğməsini dinləyəndə uzaqdan,
Elə bildim o, sənsən.
*
Bir kölgə gözlərimdə, get-gedə canlanırdı,
Ud ağacına dönüb öz içində yanırdı,
Şəbnəmi bülbül ,gülə, çiçəyə qısqanırdı,
Elə bildim o, sənsən.

K Ö N L Ü M D Ə N
Ay Sona, o qədər bəyəndim səni,
Yaralı könlümün oldun həmdəmi.
Duyduqca hər şirin, hər xoş kəlməni,
Axşam-sabah görmək keçdi könlümdən.
*
Elə sandım yəqin bağda bülbülsən,
Səsinə vuruldum, nə şirin dilsən,
Gülü neyləyirsən, sən özün gülsən,
Öz bağımda dərmək keçdi könlümdən.
*
Dinləyib şerinin hər bir sətrini,
Çox istədim balam kimi xətrini,
Bənövşətək qoxulayıb ətrini,
Sinəm üstə sərmək keçdi könlümdən.
*
Şəbnəmin gözündə oldun bir mələk,
Qıvrım tellərini yolanda külək,
Sənə ana olub toxuyub çələng,
Saçlarını hörmək keçdi könlümdən.
BACARDIM
Yar yolunda canımı çox eyləsəm də fəda,
Doğmalaşa bilmədim hər an bənzədim yada,
Axan göz yaşım ümman oldu, mən özüm ada,
Qəvvas olub dəryada üzməyi də bacardım.
*
Vəfasıza uçmağa hər an qol-qanad oldum,
Yenə qəlbində uzaq, gözlərində yad oldum,
Verdiyi əzablardan nə qədər bərbad oldum,
O qədər tab gətirib dözməyi də bacardım.
*
Bu zalım zəmanəyə oldum günahsız qurban,
İnsan bir dəfə ölər ş, mən yüz yolla verdim can,
Yalvarıb mətləbimi arzuladım tanrıdan,
Düyün düşən bəxtimi çözməyi də bacardım.
*
Keşməkeşli həyatın sınağından dərs aldım,
İmtahanda meylimi kağız-qələmə saldım,
Qabarlı əlllərimin zəhmətiylə ucaldım,
Alnım açıq, üzüm ağ gəzməyi də bacardım.
*
Mənə çətin dərs verdi həyat adlı bu məktəb
Kirpiyim qələm oldu, göz yaşlarım mürəkkəb,
Sonradan ozan oldum mən Hənifə Şəbnəmtək
Dərdimi ağ kağıza yazmağı da bacardım.
GÖZLƏRİM
Nə zaman keçmişi seyrə çıxıram,
Qəhərdən kövrəlib dolur gözlərim.
Kirpiklərim şimşək kimi çaxnaşır,
Leysan yağan bulud olur gözlərim.
*
Yaş yandıran yanağımda iz qalıb,
Baxışımda nə işvə, nə naz qalıb,
Odu sönüb, kül altında köz qalıb,
Nuru azaldıqca solur gözlərim.
*
Dürna qatarına bənzəyir illər,
Şəbnəmi küləktək qovur fəsillər,
Xəzan gəlib yasa batıbdı tellər,
Heyfini özündən alır gözlərim.
BİLMİRƏM
Deyirlər ki, daha gileyli yazma,
Sevginin rəngini tuta bilmirəm.
Sinəmdə yurd salıb həsrət açısı,
Neyləyirəm söküb ata bilmirəm.
*
Gileylənmək elə bilmə asandı,
Göynərtisi yeddi başlı çibandı,
İçmək olmur sanki açı dərmandı,
Arasına şərbət qata bilmirəm.
*
Çözələnir yumaq kimi yaddaşım,
Dərya olub boğur məni göz yaşım,
Yar vəfasız olub, ölüb qardaşım,
Yorğanım od alıb yata bilmirəm.
*
Sən hardan biləsən mən nələr çəkdim?
Əllərim qoynumda boynumu bükdüm,
Neçə məzar üstə göz yaşı tökdüm,
Axıb dərya oldu bata bilmirəm.
*
A Şəbnəm, fələyin hər işi qandı,
Hökmünə tuş gəldim, ürəyim yandı,
Kənardan baxana döyüş asandı,
Zalımın felindən ötə bilmirəm.
MƏNİ DƏ ÖZÜNLƏ APAR
Karvanbaşı, aram elə, bir dayan,
Söylə görüm,hara gedir bu karvan?
Gündüzüm sınaqdı, gecəm imtahan,
Bu dünyanın qeylü-qalından qurtar,
Nə olar, məni də özünlə apar.
*
Çox tələsmə, yollar ömürdən gedir,
Tələsdikcə, gənclik bizi tərk edir.
Bilsən, həyat öndə nəyi vəd edir?
Eylə karvanını tələsən qatar,
Nə olar məni də özünlə apar.
*
Qayğılar artdıqca, zaman dayanır,
Ağrım baş qadırıb, dərdim oyanır,
Hisslərim bu yolu qurtuluş sanır,
Şəfasını gəzib axdaran apar
Nə olar məni də özünlə apar.
*
Qəm, kədər yükü var köçümdə mənim,
Sazaq, qırov tutub saçımda mənim,
Bir həsrət göynəyür içimdə mənim,
Yollar düyün düşən bəxtimi açar,
Nə olar məni də özünlə apar.
*
Sabahım arının pətəyindədirr
Qismətim tanrının ələyindədir
Tutmuşam əllərim ətəyindədir
Ya çək ətəyindən əlimi qopar
Ya da gəl məni də özünlə apar
*
Ağrıları söküb atmaq olarsa,
O karvanla çıxıb getməyə nə var,
Ərmağan eyləyib gözəlliyimi,
Şəbnəmi özünə qaytarmış olar,
Nə olar məni də özünlə apar.
AĞLADIM
Hərdən dəli könlümü, ovutsa da nəğmələr,
Bir anlığa başımı yovutsa da nəğmələr,
Otağıma sığmadı çəkiyim işgənclər
Ötən zor günlərimi yada salıb ağladım.
*
Gecələr yastığımı isladanda göz yaşım,
Özümdən uzaqlara apardı məni huşum,
Qayğılardan məhrumam, çəkən yox nəvazişim,
Hər tərəfli sevgidən yetim qalıb ağladım.
*
Gah alovlu baxışdan ,gah acı sözdən yandım
Gah bu zalım həyatdan, gah ömrümdən usandım,
Gizlincə gah qapıya, gah da yola boylandım,
Sonra da öz halına baxım gülüb ağladım.
*
Şehli bənövşə idim, yorğanım duman oldu,
Sevdim gah şirin xəyal, gah da bir güman oldu,
Mən ömür yaşamadım ötüşən zaman oldu,
O zamanın içində yaşa dolub ağladım.
*
Məni tənhalıqdan çox yaşadıqlarım üzür,
Al-əlvan otağımda tapa bilmirəm huzur,
Şəbnəm öz ağrısına axtarıb dözüm gəzir,
Tapmayanda huzuru naçar qalıb ağladım.
ÜRƏYİMİN
Aç sinəmi, köksümə bax, ay həkim,
Gör neçə yarası var ürəyimin.
Söylə, bu acını mən necə çəkim,
Sınmamış harası var ürəyimin?!
*
Neçə yolla fələk bölüb bağrımı,
Çəkən bilər məni bölən ağrımı,
İstəyirəm sizdən duyum doğrunu,
Bəlkə bir çarəsı var ürəyimin?!
*
Tutqun hava kimi gözü nəmliyəm,
Fikrim dalğın, payız kimi qəmliyəm,
Şərabdan yox, dərd əlindən dəmliyəm,
Alovlu kürəsi var ürəyimin.
*
Otuz il sinəmə baş qoyub yatan,
Sevirəm deməklə başımı qatan,
Sevgimi ötəri marağa satan,
Yar vuran yarası var ürəyimin?!
*
Ölümün gözünün içinə baxdım,
Çətin sınaqlardan üzü ağ çıxdım,
Qarşıma çıxanı səbrimlə yıxdım,
Koroğlu nərəsi var ürəyimin.
BU SEVGİ
Ürəyimi nişan alıb gözüylə,
Ağlımı başımdan aldı bu sevgi.
Ovsunlayıb məni şirin sözüylə,
Dağlarda kəməndə saldı bu sevgi.
*
Şirin xəyalınla qala yaparam,
Fərhad olub dağı-daşı çaparam,
Ruha dönüb varlığına hoparam,
Dedi, elə bildim baldı bu sevgi.
*
Yalanlara nə qədər çox inandım,
O qədər özümü bəxtəvər sandım,
Doğruları görüb alışıb yandım,
Ürəyimə bir od saldı bu sevgi.
*
Ağrısına şəfa gəzdim Rəbbimdə,
Könül əzabından susdu təbim də,
Ayın üzündədi, mənim qəlbimdə,
Lalə yanağında xaldı bu sevgi.
*
Mənim əzabımı yaşayan bilər,
Qəlbimin yükünü daşıyan bilər,
Məndən sevincimi apardı illər,
Niyə yaman gözə gəldi bu sevgi.
*
Keşməkeşli yollar saldı borana
Ud ağacı oldum mən yana yana
Payız oldu Şəbnəm köçdü arana
Mahnıtək dağlarda qaldı bu sevgi.
YUXUDA KƏNDİ GÖRDÜM
Xatirəm çözələnib al əlvan yumaq kimi
Məni məndən apardı dəcəl bir uşaq kimi
Sevincimdən qaynayıb daşanda bulaq kimi
Xəyalların içində yatıb yuxuya qaldım,
Gözlərimi yumanda hər yan çəməndi gördüm,
Yuxuda kəndi gördüm.
*
Xınalı kəklik kimi daşdan-daşa səkirdim,
Xallı kəpənək olub güldən şirə çəkirdim,
Ziyarətə bənzədib hər nə görsəm öpürdüm
"Sarı bulağ"a endim, "Bala təpə"yə cıxdım,
"Bayrambulağı"ndakı qurulan bəndi gördüm,
Yuxuda kəndi gördüm.
*
Qoca palıd yağışda başıma çətir oldu,
Hörüyümə ilişən kollar saçımı yoldu,
Səmada çaxan şimşək yerdə vahimə saldı,
Qorxumdan diksinəndə kolluqdan düzə çıxdım,
Cilovunu qoparan hürkək səməndi gördüm,
Yuxuda kəndi gördüm.
*
Kolların arasında bənövşələr boylanır,
Yağış çəməni yuyub, lalə alışıb yanır,
Meh əsib, şeh tökülür, çəmənlər qurulanır,
Sərçələr civildəşib, arılar şirə çəkir,
Təbiətin qoynunda nə varsa şəndi, gördüm,
Yuxuda kəndi gördüm.
*
Bir yanda "Şindi" dağı əzəmətlə ucalır,
Yamac gül-çiçək açıb zirvəsində qar qalır,
Yayda "Keçəl təpə"də nənələr binə salır,
Əyləşib süfrəsində nənəmə qonaq oldum,
Əlvan boğçasındakı noğulu qəndi gördüm,
Yuxuda kəndi gördüm.

NECƏ QAYTARIM
Sənə qurban olum, ay həkim bacı,
Söylə, bu dərdimin varmı əlacı?
Bülbültək gülşəndə çəkirəm acı,
Hafizəm azalıb, tükənib varım,
İtən yaddaşımı necə qaytarım?
*
Qış gəlməmiş,qırov tutub qaşımı
Yaşım deyil, dərd ağardıb başımı.
Dəryacan ağlımı,zəngin huşumu,
Aparan apardı , var intizarım,
İtən yaddaşımı necə qaytarım?
*
Üzərimdən qəfil əsən sərt külək,
Soldurub, yarpaqtək titrəyir ürək,
Bircə himə bənddi, qopub düşəcək,
Bu gündən sabaha yox etibarım
İtən yaddaşımı, necə qaytarım?
*
Dövlət istəmirəm, var istəmirəm,,
Sevməyi unutdum, yar istəmirəm,
Xəstə yatağında nar istəmirəm,
Gəldim dərmanımı sizdə axtarım?
İtən yaddaşımı, necə qaytarım ?
Şəbnəmə huşunu necə qaytarım?
SORUŞDUM
Mən yubandım, yoxsa zaman tələsdi,
Ötən gündən, aydan, ildən soruşdum.
Bu qocalıq nə tez qapımı kəsdi,
Üzərimdən əsən yeldən soruşdum.
*
Babalımı fələk yığıb boynuna,
Zər eləyib alət oldum oynuna,
Kimi sevdim torpaq aldı qoynuna,
Sorağını bağda güldən soruşdum.
*
Həsrət böyüdükcə səbrim daraldı,
Çəkdiyim naləmə güllər saraldı,
Başım çəkmədiyi daha nə qaldı?!
Yaşadığım qeylü-qaldan soruşdum.
*
Kürəyimə dərd şələsi bağlayıb,
Oda salıb yar sinəmi dağlayıb,
Xəyallarda dizimi qucaqlayıb,
Şəbnəmi axıdan seldən soruşdum.
18-10-2022, 21:11
Cənub bölgəsinin sayseçmə ziyalılarından biri, ömrünün yarım əsrdən çoxunu Lənkəranın iqtisadi və mədəni həyatının yüksəlişinə həsr etmiş SƏADƏT TAĞIYEVin vəfatından 40 gün ötür. Səadət Tağıyevin 22 il başçılıq etdiyi çayçılıq sovxozu Azərbaycanda istehsal olunan çayın 10 faizini verirdi. Sonrakı fəaliyyəti Qızılağac Dövlət Qoruğu, I saylı çay fabriki ilə bağlı idi. Lap qısa müddət Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının I müavini olub. İşlədiyi hər sahədə prinsipiallığı, insanpərvərliyi ilə iz qoyub. Ömrünün unudulmaz anları publisist Sevda Əlibəylinin “Səadət Tağıyev” kitabında yer alıb. Kitabın ön sözünün müəllifi Əməkdar elm xadimi, professor Nizaməddin Şəmsizadədir. Nizaməddin Şəmsizadənin “Cənub Mirvarisi Səadət Tağıyev” başlıqlı ön sözünü saytın izləyicilərinə təqdim edirik.
CƏNUB MİRVARİSİ SƏADƏT TAĞIYEV

CƏNUB MİRVARİSİ SƏADƏT TAĞIYEV

Böyük insanlar Günəşə bənzəyirlər. Qədim türklər Tanrını Günəş kimi təsəvvür edirdilər. “Kitabi-Dədə Qorqud” eposunda Allah belə təqdim olunur: “Ucalardan ucasan - kimsə bilməz necəsən”.
Böyük insan da belədir: özü görünmür – haləsi, əməlləri görünür. Atalar bir də “igidin adını eşidib özünü görmə” - deyiblər. Böyük şəxsiyyətlərin aurası – haləsi özündən qabaq xalqa və millətə bəlli olur, faydalar verir. Bir gün Roma imperatoru Mark Avreliyə xəbər edirlər ki, ordu başçısı olan general səni görmək istəyir. General onun yanına gəlib deyir: “Əlahəzrət imperator, məni öldürmək istəyirlər”. Generalın təşviş və vahiməsi Avreliyə pis təsir edir. Ağıllı və tədbirli Mark Avreli deyir: “Səni heç vaxt öldürə bilməzlər. Çünki səni öldürmək üçün əvvəlcə sənin adını öldürmək lazımdır. Sənin adın isə milyonların qəlbindədir”. Milyonları yox etmək mümkün olmadığı kimi, səni də öldürmək mümkün deyil. General inam və fərəhlə orduya qayıdır. Böyük şəxsiyyətlərin adları beləcə onların özlərindən böyük olur.

Soldan: Qənimət Səfərov, Səadət Tağıyev, Ülvi Tağıyev, Nizaməddin Şəmsizadə və Şəmistan Əlizamanlı
Hamı Günəşin haləsini – işığını görür və istisini duyur. Heç kim Günəşin sifətini görməyib: “Zərrə mənəm, Günəş mənəm! Çar ilə pəncü-şeş mənəm” - deyib insanı Günəşə bənzədərdi dahi Nəsimi. Vaqif isə “Pəri” qoşmasında öz gözəlini onunla qiyaslayırdı: “Günəş kimi hər çıxanda səhərdən, Alırsan Vaqifin əqlini sərdən”. Adam var bir evin, adam da var ki, dünyanın bəzəyi, şöhrəti şanıdır.
Mən bu il öz şərəfli əməlləri, qürurlu şəxsiyyəti, sərt, tələbkar, prinsipial xarakteri, fəqət, böyük məhəbbəti və zəngin mənəvi aləmi ilə təkcə bir elin deyil, həm də respublikanın ağsaqqalına çevrilmiş, canlı ikən heykəlləşmiş belə bir adamla tanış oldum. Mənim televiziyadakı çıxışlarımı az qala əzbərdən bilən, pərəstişkarım olan bu adam – Səadət Tağıyev Lənkəranın Separadi kəndində öz evinin doqqazında məni olduqca səmimi qarşıladı. Elə bildim ki, 40 illik dostumla görüşdüm. Mən ondan Azərbaycanın Cənub zonasının ətrini və hərarətini aldım.
Dostlarım Qənimət Səfərli və Şəmistan Əlizamanlı ilə mən İstisu qəsəbəsində onunla birlikdə olduq. 78 yaşlı şux, qıvraq, nikbin, müdrik el ağsaqqalı ata kimi mehriban idi. Mən ondan 12 il əvvəl itirdiyim atam Şəmsəddinin mehrini duydum. Mən adətən, danışığı sevən və bacaran adam olsam da, uşaq kimi ona qulaq asmaq istəyirdim. İbrətli, yerli-yataqlı, müdrik söhbətindən dəruni bir zövq alırdım. O isə istəyirdi ki, daha çox mən danışım. Az müddət ərzində Səadət müəllim həyat təcrübəsindən mayalanan, canlı bir tarix olan ağıllı və inandırıcı söhbətləri, böyük-kiçik əxlaqı, ədəb-ərkan fəlsəfəsi ilə mənim 59 illik həyatımda bir çevriliş əmələ gətirdi. Məni fərəhləndirən o idi ki, ilk dəfə gördüyüm insanla düşündüklərim üst-üstə düşür, bir-birini tamamlayırdı. Bu düşüncələr tarixə güvənir və onların arxasında dünyanın ən ədalətli hakimi olan TARİX dayanırdı.

Səadət Tağıyevlə tarix baxımından qısamüddətli canlı söhbətlərimi Sevda Əlibəylinin “Səadət Tağıyev” adlı sənədli povesti daha da zənginləşdirdi və tamamladı. Müəllif Cənub bölgəsinin təbiətini, azərbaycanlı mentalitetini, qəhrəmanının yaşadığı ictimai-siyasi mühiti – sovet cəmiyyətinin mahiyyətini, uğurlarını, qüsurlarını və ən başlıcası, qəhrəmanının genetik tarixini, əsil-nəcabətini, şəxsiyyət kimi mənəvi aləmini və psixologiyasını yaxşı bildiyindən Səadət Tağıyevin bir təsərrüfat rəhbəri və şəxsiyyət kimi portretini dolğun yarada bilmişdir. Zəngin faktlar, səriştəli jurnalist qələmi, fəlsəfi ümumiləşdirmələr əsasında rəvan dildə yazılmış povest maraqla oxunur. Səadət Tağıyevi XX əsrin 80-ci illərinin əvvəllərindən 30 il ərzində 1983-2013 tanıyan təvazökar jurnalist Sevda Əlibəyli onu “ömrünün 50 ildən çoxunu Lənkəranın iqtisadi həyatının yüksəlişinə sərf etmiş” mahir təsərrüfatçı və çevik təşkilatçı kimi təqdim edir.
Sevda Əlibəyli povesti Səadət Tağıyev haqqında sənəd və materiallar, mətbuat məqalələri əsasında yox, xalq arasında, dövlət yanında və dost-tanış yaddaşındakı həqiqətlər əsasında yazıb. Şübhəsiz ki, əsas məxəz Səadət müəllimin öz ömürnaməsindən, aydın və kamil yaddaşından süzülüb gələn canlı söhbətləri olub. O, iki əsrin - XX-XXI əsrlərin, II və III minilliklərin qovuşağında yaşayan canlı kənd təsərrüfatı ensiklopediyası, insanlıq və şəxsiyyət ensiklopediyasıdır. Diqqət və səylə onun tarixilik baxımından təsdiqini tapan məntiqli söhbətlərini yerli-yataqlı qələmə alsan, bu ensiklopediyanı ən oxunaqlı əsər kimi kağıza köçürmüş olarsan. Onun içində 60 illik zəngin və mənalı, mürəkkəb və ziddiyyətli bir tarix mürgüləyir. Sevda Əlibəylinin əsərinin canlı və həyati olmasının bir səbəbi də budur ki, Səadət Tağıyev fenomeninə təkcə faktların dili ilə yox, həm də duyğularının hərarəti, bir qadın qəlbi və publisist fəhmi ilə yaxınlaşa bilmişdir.

Ömrün son fotosu. Sevda Əlibəyli, Səadət Tağıyev, Təyyub Rzayev və Əlimərdan Əliyev.
28 İyul 2022
Bu dəyərli, məzmunlu, həm tariximiz, həm bu günümüz, həm də gələcək üçün faydalı, lazımlı olan bu əsərə, sadəcə, “Səadət Tağıyev” yox, məsələn “Canlı abidə” adı qoymaq daha cazibədar, daha mənalı və doğru olardı. Mənim gördüyüm Səadət Tağıyev Azərbaycanın əfsanəvi cənub torpağında zəlzələdən sonra uca dağ kimi yerdən-torpaqdan boy atan canlı abidədir.
Səadət Tağıyevdə mən yurdumun kişilərinə məxsus qürur və əxlaq gördüm. O, qeyrət, zəhmət və ləyaqət dayaqları üzərində dayanan bir şəxsiyyət simvolu – insanlıq abidəsidir. Az müddət içində o, birdən-birə həyatımla bağlı adamlar içərisində ön sıraya keçdi. Elə bir zəngin, mənalı, xoşbəxt ömür yaşamışam ki, məni nə mənsəblə, nə sərvətlə, nə də mükafatla təəccübləndirmək olmaz. Fəqət, Cənub mirvarisi Səadət müəllim məni çox böyük bir dəyərlə mat qoydu. Onun adı ŞƏXSİYYƏTDİR.
Nizaməddin Şəmsizadə
filologiya elmləri doktoru, professor,
Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı.
15-10-2022, 08:54
"Nur ocağı" ədəbi məclisi Mələk İsmayılın şeirlərini təqdim edir

"Nur ocağı" ədəbi məclisi Mələk İsmayılın şeirlərini təqdim edir

OYNADIRSAN.
Dostum, gəlməmişik biz elə- belə,
Qarışıb gedirik qoşuna, selə.
Bu dünyanın o dünyası var hələ,
Qaşını çatırsan, göz oynadırsan.

Tikanlı sözlərlə ara qatırsan,
Bilmirəm bu yolla nəyə çatırsan?
Əlində saman var, göldə batırsan,
Sifət oynadırsan, üz oynadırsan.

Elə yorulmuşam, heç halım yoxdur,
Sənə veriləsi sualım yoxdur.
Hər sözün, söhbətin nizədir, oxdur,
Addım oynadırsan, iz oynadırsan.

Heç vaxt öyünmədim dövlətlə, varla,
Ürəyim doludur xoş arzularla.
Bu yaşa çatmışam namusla, arla,
Alov oynadırsan, köz oynadırsan.

Sirat körpüsündən hamı keçəcək,
Kövsər bulağından kimlər içəcək?
Mələyəm, kim kimdir Allah seçəcək,
Ağızdan söz alıb, söz oynadırsan.

Ordumuz.
Türkü tərpədənin vaydır halına,
Aslanlar yetirir mənim torpağım.
Ox olub düşmənin gözünə batır,
Cənnət məkan olan aranım, dağım.
Oğullar düşməni ot kimi biçir,
Addım-addım alır doğma torpağı.
Keçilməz sədləri quş kimi keçir.
Düşmən sinəsinə çəkirik dağı.
Səbr edib dözmüşük nə qədər olar?
Dövlət yaradıblar dövlət içində.
Başımıza bəla oldu dığalar.
Yurd-yuva dağılıb görün nə gündə?
Günahlar hamısı özümüzdədir,
Onları keçirdik yuxarı başa.
Xocalı dağ oldu gözümüzdədir,
Alçaqlar etdiyi həkdir yaddaşa.
Hal-hazırda döyüş gedir Şuşada,
Siçovultək qazıb yerə giriblər.
Necə yaşayıblar, onlar burada?
Biz qayıdacağıq, yaxşı biliblər.
Halal eyləmirik çörəyimizi,
Keflə yaşadılar yaxşı yerlərdə.
İndi qoruyuruq vətənimizi,
Ağıl ucbatından düşdülər dərdə.
Paşinyan Şuşada yallı gedirdi,
İndi görürlərmi, qeyrətimizi?
Bizə acıq verir hallı gedirdi,
Artıq bitiririk söhbətimizi.
Hər kəs qayıdacaq yurda, yuvaya,
Dünyaya yayılıb səs-sorağımız.
Ehtiyac yox idi qanlı davaya,
Nəfəstək yaxındır Qarabağımız.
Ali Baş Komandan əmrini verir,
Heydər davamçısı, Heydər oğludur.
Siyasət sulayır, fikir çevirir,
Hünər meydanında yolu doğrudur.
Mələk qanadlanır uçur havada,
İlhamla irəli gedir xalqımız.
Zəfər çalacağıq biz bu davada.
Şanlı səhifələr yazır Ordumuz.

QAZAX DEYƏNDƏ
Səməd Vurğun gözün önündə durur,
Şairlər diyarı Qazax deyəndə.
Ədalət saz çalır yandırır, yaxır,
Göyəzən dağının düz ətəyində.

Qiyabi səyahət edək Qazağa,
Dillərdə dastandır İsrafil ağa.
Başında dəstəsi çıxar qabağa,
Kişi görkəmi var at yedəyində.

İsmayıl Şıxlının adı gələndə,
Özünü yığışdır onu görəndə.
Qeyrət simvoludur,özü yerində,
Kürün qırağında oba-elində.

Başqa mənzərədir İncə Dərəsi,
Bəlkə də heç yerdə yoxdur beləsi.
Hər evdən gələcək aşığın səsi,
Xoş gəldin deyəcək sazı əlində.

Yol üstü baş çəkək əsir torpağa,
Bir nəzər yetirək öncə qabağa.
Torpaqlar bizimdir, yoxdur qadağa,
Birgə əyləşərik şehli çəməndə.

Xəyallar dolanır gedir uzağa.
Gah aranı gəzir, gah çıxır dağa.
Kişilər var idi bəy nişan ağa,
Şirin danışarlar ləhcə dilində.

Bir yanı arandı, bir yanı dağdır,
Hər yanı meyvədir bağçadır, bağdır.
Gül-gülü çağırır ən gözəl çağdır,
Bizim ellər ilə tanış ol sən də.

Ərən-ər kişilər çoxdur Çaylıda,
Mələyəm, gözlərim toxdur Çaylıda.
Azarım-bezarım yoxdur Çaylıda,
Xəyallar aparır tutun dibində.

ADAMIYAM.
Getmək istəyirəm özüm-özümdən,
Sifət adamıyam, üz adamıyam.
Hər şey adiləşir, düşür gözümdəm.
Əyri adamıyam, düz adamıyam.

Haqsızlıq içində ömür sürmüşəm,
Beş günlük dünyada nə gün görmüşəm?
Hər şey qismət imiş sonda bilmişəm,
Söhbət adamıyam, söz adamıyam.

Mən kiməm, nəçiyəm, bilmirəm hələ,
Elədən eləyəm, belədən belə.
Adım dildə gəzir, düşmüşəm dilə,
Ocaq adamıyam, köz adamıyam.

Qocalıq iz qoyur üzümdə mənim,
Baxışımda mənim, gözümdə mənim.
Güc-qüvvət qalmayır dizimdə mənim,
Baxış adamıyam, göz adamıyam.

Azərbaycan adlı məmləkətim var,
Basılmayan Ordum, hərəkətim var.
Mələyəm, öz adım, öz hörmətim var,
Addım adamıyam, iz adamıyam..

AY ŞUŞA.
Diləyimiz göyə çatdı,
Azad oldun sən, ay Şuşa.
Şəhidlər cənnətdə yatdı,
Yenə həmənsən, ay Şuşa.

Nələr çəkmədi başımız,
Süzüldü gözdən yaşımız.
Göyərdi qara daşımız,
Çəkilibdi çən, ay Şuşa.

Haylar səni girov aldı,
Başını cəncələ saldı.
Oğulların zəfər çaldı,
Çatlayır düşmən, ay Şuşa.

Bülbüllərin xəstə yatdı,
Sənsiz ellər yasa batdı.
Şükür ki, əl sənə çatdı,
Cıdır düzüsən, ay Şuşa.

Görməmişəm səni hələ ,
Valeh etdin məni belə.
Göz yaşlarım gilə-gilə,
Gələcəyəm mən, ay Şuşa.

Səni görən oldu heyran,
Abadlaşır indi hər yan.
Gül açacaq Azərbaycan,
Bülbül sözüsən, ay Şuşa.

Dalğalanır bayrağımız,
Üzə gülür oylağımız.
Gur yanacaq ocağımız,
Düşmən gözüsən, ay Şuşa.

Qarabağsan, sən Vətənsən,
Bülbül səsli şeh çəmənsən.
Mələk deyir mənlik, mənsən,
Vaqif izisən, ay Şuşa.

GEDİR.
Ürək qürrələnir, sığmır köksünə,
Ellər axın-axın Şuşaya gedir.
Şükür Yaradanın bu xoş gününə,
Fəxarət hissiylə Qalaya gedir.

Cavanlar oynayır "Noldu, Paşinyan"
Deyən bət-bənizin soldu, Paşinyan.
Yaşardı gözlərin doldu, Paşinyan,
El-oba yurduna, yuvaya gedir.

Yeriniz haradır bildiniz artıq,
Heç yerdə yox imiş sizintək sırtıq.
Yenə də oldunuz çuxası yırtıq,
Hələki başınız bəlaya gedir.

Köç gedir yolları Zəngilanadır,
Bizim sözümüz var Paşinyanadır.
Onların yolları hansı yanadır?
Kimin yeri hara, oraya gedir.

Qol açıb oynadın Qarabağda sən,
Yallı getdin bizim o torpaqda sən.
Mələyəm, bizimdir o güllü-gülşən,
Hamı bir-birinə haraya gedir.

ƏTRİ GƏLİR.
Samovar qaynayır, tüstü burulur,
Ocaq ətri gəlir, köz ətri gəlir.
Havalar sərindir, üşüyür adam,
Bahar ətri gəlir, yaz ətri gəlir.

Duyğularım dilə gəlir, dil açır,
Arzularım gülür, göyə əl açır.
Narahat hisslərim uzağa qaçır,
Məclis ətri gəlir, saz ətri gəlir.

Artıq quyruq donur, avqust ayıdır,
Kasıbın-küsubun bu dağ payıdır.
Yay çıxıb gedəcək son harayıdır,
İşvə ətri gəlir, naz ətri gəlir.

Aşıqlar oxuyur saz çala-çala,
Gedirəm, gəlirəm həzz ala-ala.
Yazıram, pozuram mən bala-bala,
Şeir ətri gəlir, söz ətri gəlir.

Mələyəm, obaşdan durub qaçmışam,
Xəmiri yoğurub, yayıb açmışam.
Ocağı qalayıb, sacı asmışam,
Qaymaq ətri gəlir, üz ətri gəlir.

ATAM, ANAM.
Ay ellər anası,Türkün Butası,
Gəncəyə gələndə gəl, atam, anam.
Xalqın şair qızı, sözün duzusan,
Biz də sizi sevdik bil, atam-anam.

Daha yaşamağa artdı gümanım,
Sizinlə nə gözəl keçdi zamanım.
Xoş açıldı, güldü səhərim, danım,
Olmusan ağzımda dil, atam-anam.
Ömrümə, günümə ömür caladın,
Ürəyimdə ocaq çatıb, qaladın.
Gözünü süzdürüb başı buladın,
Uzanıqlı qalıb əl, atam-anam.

Siz kişi qeyrətdə nər qadınsınız,
Sözü bütöv xanım, ər qadınsınız.
Qadınlar içində sirr qadınsınız,
Könül evim güldü, gül, atam-anam.

Səadət Butayla, Səringül, Güllü,
Gözəl gün keçirdik ləhcəlli, dilli.
Ağır el qızları obalı, elli,
Sevinc yaşlarımı sil, atam, anam.

Borçalının yolu Qazaxdan keçir,
Sizintək insanlar ürəyə köçür.
Şair bulağından Mələk su içir,
Bizi deyir oba-el, atam, anam.

MÖHTACAM.
Xəyalım dolanır gedir Qazağa,
O yurda,yuvaya,elə möhtacam.
Gedənlər gözümün önündə durur,
O boya, buxuna, telə möhtacam.

Mən nələr çəkirəm bilənlər bilir,
Bir gözüm ağlayır, bir gözüm gülür.
Könül viran olur,qəlbim sökülür,
Əl tutub qaldıran ələ möhtacam.

Meylimi salmışam şeirə,sözə,
Şükür Yaradana düşmüşəm izə.
Dostlar, çox sağ olun deyirəm sizə,
Bülbüləm,ötürəm gülə möhtacam.

Halallıq məqsədim,amalım mənim,
Ağıldır,kamaldır öz malım mənim.
Nur saçır,nurlanır camalım mənim,
Aylara,günlərə,ilə möhtacam.

Enişli-yoxuşlu yollar keçirəm,
Yaxşını,yamanı bir-bir seçirəm.
Yazıram,ürəyə,qəlbə köçürəm,
Mələyəm,bir şirin dilə möhtacam.

SAĞDIR ŞƏHİDLƏR.
Başını dik titsun atam,qardaşım,
Düşmənlərə deyin sağdır şəhidlər.
Sizi diz üstündə qoyub gediblər,
Üzləri daima ağdır şəhidlər.

Biz cənnət əhliyik ağlama,ana,
Ağlayıb sinəni dağlama,ana.
Başına da qara bağlama,ana,
De,cənnət ətirli bağdır şəhidlər.

Vətənə can dedik,torpağı aldıq,
Canımızdan keçib qələbə çaldıq.
Düşməni ayaqlar altına saldıq,
Söyləyin yan-yana dağdır şəhidlər.

Baxıb sevinirik göylərdən yerə,
Çox hörmət qoyulur biz şəhidlərə.
Ad-san da verilir nər igidlərə,
Günü -güzəranı çağdır şəhidlər.

İmamlar ilə bir aradayıq biz,
Eyni səviyyədə oradayıq biz.
Tarixi yazmışıq əbədidir iz,
Kefi kök,damağı cağdır şəhidlər.

KƏLƏĞAY.
Allı, güllü, butalı,
Kələğay, ay kələğay.
Ululardan gəlibsən,
Bizlərə pay kələğay.
Abır, həya, ismətsən,
Böyüklərə hörmətsən.
Yamşaq tutub anamız,
Əl işisən, zəhmətsən.
Nənəmdən yadigarsan,
Nə yaxşı ki, sən varsan.
İyini səndən aldım,
Namus, qeyrətsən, arsan.
Çiçəklərdən rəng aldın,
Al-əlvan rəngə çaldın.
Milli dəyərimizsən,
Keçmişi yada saldın.
İpəksən, hünərlisən,
Qılıncdan kəsərlisən.
Qanları yatırmısan,
Çox insəsən, zərlisən.
Mələk örtür başına,
Yaraşırsan yaşına.
Bahalı hədiyyəsən,
Dostuna, yoldaşına.


AY PAXIL.
Ocağın kül edir, yandırır səni,
Açılmır ürəyin, şənin, ay paxıl.
Kimsə ucalanda yasa batırsan,
Yükün çox ağırdır sənin, ay paxıl.

Allah ucaldanı endirmək olmaz,
Özünü güc ilə sevdirmək olmaz.
Haqq olanın haqqı kimsədə qalmaz,
Dağılmır dumanın, çənin, ay paxıl.

Paxıllıq eyləyən özünə edir,
Rahatlıq tapmayır,qəlbini didir.
Qulağı səsdədir qonşunu güdür,
Yox imiş mənliyin, mənin, ay paxıl.

Dünyaya gəlmədik biz elə-belə,
Mələyəm, ömrünü vermə boş yelə.
Düşün, söhbət eylə sən özün ilə,
Çoxalıb saçında dənin, ay paxıl.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!