Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 21-10-2023, 09:36
«Geriyə baxsan...» kitabı Arif Musanın öz obrazıdır


«Geriyə baxsan...» kitabı Arif Musanın öz obrazıdır

Ənənəvi xalq yazı dili poeziya və nəsr nümunələrində çox mükəmməl forma qurur. Biz bunu sovet dövrünün ədəbiyyatında dəfələrlə müşahidə etmişik. Bugünkü ədəbiyyatımızı əhatəyə alan qeyri-ənənəvi formalar əslində, bir qədər çaşqınlıq yaradıb. Nə yaxşı ki, bu gün də sovet dövrünün ənənəsini qoruyub saxlayan qələm sahiblərimiz var. İstedadına qibtə etdiyimiz, şeirlərini sevə-sevə oxuduğumuz şair Arif Musa da xalq yazı dilində gözəl ədəbi nümunələr yaradır, ənənəvi şeirdə xoş ovqatlı fikirlər ifadə edir.
Hörmətli şairimizin bugünlərdə Hikmət Məlikzadənin redaktorluğu ilə «Gənclik» nəşriyyatında işıq üzü görmüş «Geriyə baxsan...» adlı kitabında da bu dediklərimiz özünün bariz ifadəsini tapır. Bu kitabı Arif Musanın həyat gündəliyi, özünün-özünə hesabatı kimi də qəbul etmək olar. Nostalji hislər ifadə edən bu kitabda Arif Musanın şeirləri, haqqında dost-həmkar sözləri, xatirə-hekayələri və foto-şəkilləri yer alıb. Hər bölmədə biz bir aləmin, bir anın fövqünə qalxır, orada Arif Musa şəxsiyyəti ilə qarşılaşırıq.
Bu yazıda şairin şeirlərinə münasibət bildirməyi daha vacib sanırıq. Çünki hazırkı şeir bolluğunda üstünü toz basmış poeziyamızın kirini tökmək üçün Arif Musa şeirlərini nümunə göstərmək istəyirik.
Arif Musa sözün mahiyyətini fəlsəfi-ictimai fikrə çevirən, fikir içində ifadə etdiyi məzmun və mənanı daha mükəmməl poeziya atmosferinə çıxarmağı bacaran şairdir. Elə adıçəkilən kitabında da biz bu tərzdə şeirlərə çox rast gəlirik. Bu şeirlər bizi orijinal şeir lövhələri, isti hislərlə üz-üzə qoyur, bizə ənənəvi şeirin gözəlliyini göstərir.
Dediklərimizi isbat etmək üçün Arif Musanın kitaba daxil etdiyi şeirlərdən nümunələr gətirək:
Gözündə qəm-kədər görməyim deyə,
Yolunun üstünə çıxa bilmirəm.
Qorxuram, gözlərim aldadar məni,
Çevrilib arxanca baxa bilmirəm.
***
Kədər duyğu libasımdır,
Ömür yolum qəmdi, qəm.
Gözləginən bir az məni,
Gözüm hələ nəmdi, nəm.
***
Gözünü baharda açdın dünyaya,
Bəs niyə qismətin bahar olmadı?
Baharla bir gündə doğulan gözəl,
Niyə gözlədiyin səhər olmadı?
***
Doğru yalana bənzəməz,
Gedən qalana bənzəməz,
Çiçək solana bənzəməz,
Niyə belə olur həyat?

Biz bu nümunələri təhlil etmirik. Çünki bu şeirlər müəllifin nə dediyini, hansı mətləblərə toxunduğunu özləri aşkar deyir. Bu poetik parçaların hər hansını istəsək müasir şeirlə qabaq-qənşər qoyub fərqini oxucuya göstərə bilərik. Bu şeirlər, kimlərə görəsə guya modern, əslində, baş-ayaq şeir formalarının demək olar ki, hamısını kölgədə qoyar. Ədəbiyyatımıza - poeziyamıza da məhz bu cür aydın, səlis ruhlu şeirlər lazımdır ki, inkişafı görə bilək.
Arif Musa şeiri həyatın özü qədər mənalıdır. Diqqət edək:

Baxışların nə söyləyir, bilmirəm,
Arzuların mənim üçün sirrdi, sirr.
Ümidlərin gümanında qalmışam,
Duyğularım dəyişməzdi, birdi, bir.
***
İstəmədi darda qala Vətəni,
Özlərini oda atdı şəhidlər.
Torpağıma tuş gələn güllələri
Sinəsinə sıxıb yatdı şəhidlər.
***
Çıxarginən eynəyini,
Gözü qəfəsdə saxlama.
Söyləginən, qəlbindəki
Sözü qəfəsdə saxlama.
***
Vəfasız çıxmışam, dönük çıxmışam,
Qayıda bilmirəm kəndə haçandı.
Bəzən ekranlardan kəndə baxmışam,
Yurda dönməyirəm xeyli zamandı.
Bu nümunələrin hamısında qəlbcə kövrək, əslində polad kimi möhkəm bir qələm sahibinin ürək çırpıntıları, yaradıcı ruhu var. Bu şeirlər bizə həyatın bütün istiqamətlərini - çətin anda da, xoş ovqatda olanda da, nə etməyin yollarını göstərir. Bax, şeir, poeziya da elə budur!
Arif Musa şeiri təkcə ənənəvi xalq yazı dili ilə ifadə olunmur, şairin sadə yazı dilində bir fəlsəfi zəmin, hətta mistika da aydın xarakter kəsb edir. Məsələn:
***
Bil, xəbərdən xəbərsizəm,
O xəbəri xəbər eylə.
Elə bilmə kədərsizəm,
Çox artırma, qədər eylə.
***
Günəşli bir hava, dəniz sahili,
Səninlə ilk görüş yerimiz oldu.
Vüsala yetmədi arzularımız,
O çağlar xatirə günümüz oldu.
***
Qəlbində başqasın yaşatdın deyə,
Titrəyən dodaqlar mənim olmadı.
Vüsala dönməyən görüşlərimiz
Həsrətin saçını niyə yolmadı?
***
Gözlərin mavidi, dənizmi deyim?
Dənizin suyunu içmək olmayır.
Sevgimi deyərdim, barmağındakı
Nişan üzüyündən keçmək olmayır.
***
Onunla üz-üzə gəlirəm hər gün,
Könlündən keçəni bilməyim çətin.
Ən ülvi duyğunun səddini keçib
Onunla danışıb-gülməyim çətin.
***
Görəsən bu bulaq neçə illərdir
Bu yaşıl yamacın döşündən axır?!
Hansı insandır ki, onu əbədi
Gözəl təbiətin döşünə taxıb?!

Göründüyü kimi, bu parçalardakı sözaltı mahiyyət, gizli mənalar, düşündürücü ovqat bu şeirlərin fəlsəfi olduğuna dəlalət edir. Bir var, elə-belə söz oynadasan, bir də var, sözü fəlsəfi çırpınmaya məruz qoymaqla sözdən söz çıxarasan. Bəzən çoxları bu prosesi qarışıq salır, elə zənn edirlər ki, baş-ayaq ibarələrlə fəlsəfə yaradırlar. Arif Musanın yuxarıda nümunə gətirdiyimiz şeirləri oxuduqca biz gah duyğulanır, gah qürur hissi keçirir, gah çılğın hislərlə dolur, gah uşaqlaşır, gah yetkin olur, gah müdrikləşir... gah da əsl poeziya nəfəsi görürük. Belə şeirləri oxuduqca ruhumuz təzələnir, ovqatımız yüksəlir, həyata baxışımızda yeni meyllər oyanır. Bu, təbii ki, Arif Musa şeirinin gücüdür.
«Geriyə baxsan...» kitabını oxuduqca biz illərdir tanıdığımız Arif Musanı necə var, eləcə də görürük; əmin oluruq ki, o, doğulanda necə pak olubsa, bu gün də o cür pakdır. Çöhrəsindəki ağayanalıq, qürur, sadəlik, milli ruh və s. onun haqqında daha geniş anlamda düşünməyimizə əsas verir. Bir sözlə, «Geriyə baxsan...» kitabı Arif Musa yaradıcılığının ilkin, orta və ən qaynar illərini əhatə edir. Burada əsas etibarilə bir Arif Musa Obrazı var; elə bir obraz ki, hansı cəhətdən boylanırıq boylanaq, alidir, nikbindir, ötkəmdir, yenilikçidir, qürurludur, yaradıcıdır, düşündürücüdür və daha doğrusu, arifdir.
Arfi Musanı yeni kitabı münasibətilə təbrik edir, yaradıcı ruhunun daha fövqəl olmasını arzulayıram.

Hüseyn İSAOĞLU ( Məmmədov ),
Yazıçı-publisist, AJB-nin və AYB-nin üzvü.







Paylaş



Bölmə: Ədəbiyyat / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!