"EuroVillage 2025" Bakıda .....                        İranda siyasi rejim devrilməyəcək - Medvedev .....                        Roma Papasından çağırış - Müharibələri dayandırın .....                        İrandan İsrailə 35 raket atılıb - Yaralananlar var .....                        Azərbaycandan ABŞ və İrana çağırış .....                        ABŞ hücumlarını dayandırmalıdır - İran çağırış etdi .....                        Azərbaycan və Pakistan XİN başçıları İstanbulda görüşdü .....                        Doktorant və dissertant olmaq istəyənlər imtahan verdi .....                        İranın İsrailə raket zərbələri - 86 nəfər yaralandı .....                       
3-06-2022, 20:17
70 yaşın işığında
Dünyanın dərd daşı- Mürvət Qədimoğlu

Dünyanın dərd daşı- Mürvət Qədimoğlu

Mürvət Qədimoğlu Həkəri haqqında söz demək, yazmaq həm şərəflidir, həm də məsuliyyətlidir. Onun haqqında söz sərrafları, xalq şairləri, tanınmış insanlar elə gözəl fikir söyləmişlər ki, onların yazdıqlarını yazsam bir kitaba belə sığmaz. Onların yalnız adlarını çəkə bilərəm.
Bəxtiyar Vahabzadə, Zəlimxan Yaqub, Şamil Dəlidağlı, Ayaz Vəfalı, Şamo Arif, Ağa Laçınlı, Ənvər Əhməd, Eldar Baxış, Şamxal İsmayılov, Hikmət Mahmut, Adil Cəfakeş, Salman Qazi, Hüseyn Kürdoğlu, Mirsəyyaf Zamanlı, şairə-jurnalist Almaz İlahə, Namiq Məna, Məlahət Yusifqızı, Şəhla Ağbulud, muğam ustası Maya Cəbrayılova, Azadə Taleh, Malik Rəcəb, Əlisahib Hüseynov və adını çəkmədiklərim məni bağışlasınlar.
AYB və AJB-nin üzvü olan Mürvət Qədimoğlu Həkəri Qarabağın gözəl bir guşəsi olan Qubadlı rayonunun Zilanlı kəndində dünyaya göz açıb. Qubadlı dahilər, xalq şairləri, tanınmış insanlar yetişdirən bir rayondur. Onlardan bir neçəsinin adını çəkəcəm.
Süleyman Rəhimov, Əli Vəliyev, Qasım Qasımzadə, Əli İldırımoğlu, Eldar Baxış, Şamo Arif, Ramiz Rövşən, Rafiq Yusifoğlu, Mahirə Abdulla və başqaları. O uca dağlardan, qaynar bulaqlardan, təbiətin gözəlliklərindən ilham almış, bəhrələnmişdir şair Mürvət. O şəxsiyyətlərdən biri olan, sevilən, imzasıyla daha çox tanınan, böyük oxucu kütləsini ardınca aparan 17 kitabın müəllifi, çılğın şair M.Qədimoğlu ilk şeirləri Sevdalı imzasıyla yazırmış.
1992-ci ildən üzü bu günədək, müharibəylə bağlı Qarabağın işğalından sonra Həkəri təxəllüsünü götürmüş və yana-yana vətən, el, oba, qaçqınlıq mövzusunda kitablar yazmışdır. Şəhidlərdən bir neçə kitab yazmış, onların ailələriylə görüşmüş, dərdinə, kədərinə şərik olmuşdur. Vətənpərvər şair M.Qədimoğlu elə o vaxtdan “Dünyanın dərd daşıyam” deyə, haray çəkir, içi sızlayır, təskinlik tapmır. Özünün təbirincə desək, “Ürəyi şəhidlər muzeyi” olan, dərdin sürüsünə baş çobanlıq zirvəsinə ucalan, yüksələn, dərd daşıyam - deyən, özünə güvənən, sözün qədrin bilən və çox sevilən şairdi. Bir çoxları ona “Bala M.Ə.Sabir” deyir.
Belə bir deyim var: “Peyğəmbərlərdən sonra Allaha ən yaxın olan şairlərdi, onların hissiyyatı çox güclüdür. M.Qədimoğlu da M.Ə.Sabir kimi 20-30 il öncəni sanki görürmüş kimi yazmışdır. Onun hər misrasında dərin fəlsəfi məna, düşündürən fikirlər vardır. Dünya ilə bağlı çox, lap çox şeirlər var. Dünya ilə Dədə Qorqud kimi danışır, əmin-amanlığa, ərənləri mübarizliyə haraylayır. Qaçqın olmasa da, özünü hər zaman qaçqın bilmişdir. “Çadırda dünyaya oğul gətirmə”, “Kəlbəcərdən gələn gəlin”, “İkiyə bölünmüş ürək”, “Apar məni Qubadlıya”, “Şuşam”, “Qubadlım”, “Mən də qaçqınam”, “Şəhidlər Xiyabanı”, “Ağlama, anam, ağlama”, “İkiyə bölünmüş ürək” şeirində vətən, torpaq, doğma yurd üçün belə deyir:

…“Sən qaçqın deyilsən deyən bəxtəvər,
Şuşatək Qartalım düşüb dərbədər.
Zəngilan, Füzuli, Ağdam, Kəlbəcər,
Laçın qaçqındırsa, mən də qaçqınam”.


Günəşlidə qonşu binada məskunlaşan kəlbəcərli qaçqınların onun evinin qarşısındakı su kranında növbə gözləyən və dərin xəyala dalan qadına baxıb çox məyus olur, kövrəlir və bu şeir yaranır:

…“Kəlbəcərdən gələn gəlin, amandı,
Ürəyimi qan eləmə, sən Allah.
Günəşlinin çöllərində mən indi,
Hardan alım gur bulağı bu sabah?

Qəlbim yandı, qəmli gördüm üzünü,
Gözü nəmli xəyallara dalmısan.
Kor olaydım, görməyəydim bu günü,
Dağlar qızı, gör nə gunə qalmısan?”


30 illik vətən, torpaq, el, oba, yurd həsrətilə yazdığı şeirlərini oxuyanda ancaq vətənpərvər şairdir – deyirlər. Elə ki, sevgi, məhəbbət şeirlərini oxuyanda çılğın, təpədən-dırnağadək sevgi şairidir – deyirlər tanıyanlar…
“Kimə aparırsan bu gözəlliyi” şeirinə nəzər salaq:

“Sən ötüb getdikcə, yollar güllənir,
Səkilər əl çalır, daşlar dillənir.
Kipriyin altında yer kölgələnir,
Kimə aparırsan bu gözəlliyi?”


Digər bir sevgi şeirində belə deyir:

“Mən yazığı zülflərinə bağlaya,
Qara qultək öz yanında saxlaya.
Gözüm baxa, könlüm coşa, çağlaya,
Bu qız belə hara gedir görəsən?

Saçlarını dəstələyib gedəydim,
Hara desə, orda gültək bitəydim.
Nəğməsini bəstələyib öləydim,
Bu qız belə hara gedir görəsən?”


Mürvətin bir çox şeirlərinə mahnılar bəstələnib. Bütün dövrü mətbuatda mütəmadi şeirləri çap olunur. Telekanalların demək olar ki, hamısında zaman-zaman qonaq olub. M.Qədimoğlu AYB və AJB-nin üzvüdür. Bir çox önəmli media mükafatlarının laureatıdır. Ədəbiyyatın elə bir janrı yoxdur ki, şair qələmini orda sınamasın, hətta bir neçə yeniliklər gətirib. Qoşma, əruz, gəraylı, təcnis, əvvəl-axır, dodaqdəyməz, törəmə qoşma, dodaqdəyməz qoşma, dodaqdəyməz təcnis, əvvəl-axır qoşma və s. Qədimoğlu sanki tükənməyən bir dəryadı, ümmandı, coşan şəlalədi. 30 il Ana yurdun – Qarabağın həsrətindən yana-yana yazan şair 44 günlük qələbədən ruhlanaraq çoxlu qələbə, zəfər bayramına şeirlər yazmışdır.

Ali Baş Komandan verdi əmrini,
Ərənlər yoğurdu zəfər xəmrini,
Kimsə aça bilməz zəfər sirrini –
Qələbə bayramın, zəfər bayramın!

Dünyaya yol açdı, Zəfər yolu,
Əyilməz, mübariz, dönməz ər yolu.
Böyük Turan üçün açdı əl-qolu,
Qələbə bayramı, zəfər bayramı!


Saysız-hesabsız qələbəyə həsr olunmuş şeirləri “Qayıt yurda, qayıt” təzə kitabında yer almışdır. Kitabın redaktoru şairin yaxın dostu Adil Cəfakeşdir. Bu kitab şairin 70 illik yubileyinə özünün çox dəyərli hədiyyəsidir. M.Qədimoğlunun bu kitabının təqdimatı və 70 illik yubileyi Sumqayıtda Mədəniyyət Sarayında, məktəblərdə, kitabxanalarda, eyni zamanda AYB-nin Natəvan klubunda, Abşeron rayon kitabxanasında, Xırdalanda Heydər Əliyev Mərkəzində keçirilmişdir. Harda keçirildiyindən asılı olmayaraq şairin övladları, həyat yoldaşı, qohumları, dostları, onu sevən oxucuları, elm və sənət adamları da məclisdə oldular, şairin şeirlərini söylədilər…
Şairin bütün şeirlərini oxuyarkən (ən çox təbiətlə və kənd həyatıyla bağlı) sanki rəssam gördüyü gözəllikləri fırçası ilə kətana köçürüb. Qədimoğlu Allah sevgisiylə yaşayan, yazıb-yaradan şairdir. Onun şeirlərini oxuyarkən ruhən ona qoşulub dünyanı dolaşır, onunla sevinir, onunla kədərlənir insan. Vətənimizin dağın, meşəsin, dərəsin gəzib, gülün, çiçəyin ətrini duyursan. Sanki gözəlliyi seyr edirsən. Onun kiçik oğlu Tural Xani Həkəri də şairin yolunu davam etdirir, gözəl şeirləri var, kitabı çap olunub. Bəstəkar Fərid Kərimli Turalın şeirinə bir neçə mahnı bəstələyib. M.Qədimoğlu vəfalı ömür yoldaşı, qayğıkeş ata və sevilən babadır.
Mən Mürvət Qədimoğlunun bütöv yaradıcılığını əhatə edə bilməsəm də, 70 illik yubileyi ərəfəsində, həm də yeni kitabının çap olunduğu bir vaxtda, mənəvi borc olaraq nəsə deməyə çalışdım. Alınıb alınmamasını oxucularımız deyəcək. Biz isə şairə uzun və sağlam ömür, yeni-yeni yaradıcılıq uğurları diləyirik!
70 yaşın mübarək, qardaş!

Zeynəb Bəhmənli,
Şairə-publisist, “Xan qızı Natəvan”,
“Qızıl Qələm”, “Məhsəti”, “Onur belgesi”
(eski şehir şairler meclisi), Türkiyə və
digər media mükafatlarının laureatı


3-06-2022, 06:49
XASİYYƏTNAMƏ  MƏSƏLƏSİ

XASİYYƏTNAMƏ MƏSƏLƏSİ

Şöbə müdiri salamlaşdı, hal-əhval tutub əyləşdi. Hiss elədim ki, nəyə görəsə gəlib. Gözlədim, dedi:
– Yenə xasiyyətnamə məsələsi ortaya çıxıb. Ona deyəydin də yazsın, imzalasın. Son günlərdi, komissiyaya sənədlərin təqdimatının vaxtı bitmək üzrədi.
Mən susub qarşımdakı yazıya başımı qatdım.
– Hər dəfə bu məsələ ortaya çıxanda incidir,- şikayətləndi.
Üzümə baxdığına əmin olduğumdan nəinki ona baxmadım, həm də susdum.
– Özün yaxşı bilirsən, doxsandan artıq elmi məqaləmdə, səkkiz ixtiramda, iki monoqrafiyamda yazılıb. Yazılıb yalnız ona görə ki, işlədiyim institutun direktorudu. Həm də başda yazılıb, bu səbəbdən ki, o əlinə akademiklik diplomunu keçirə bilib, mənsə yox. Direktorluq kürsüsünü, akademik diplomunu ələ keçirməyi də elə-belə olmayıb. Kimlərə görəsə, nələrə görəsə. Bunları da hamımız ətraflı bilirik. Mənim kimlərim, nələrim yoxdu, qalmışam şöbə müdiri. Buradan da o biri dünyaya yollanacağam. Sən heç olmasa direktor müavini keçə bildin, bu da az deyil.
O sözünü bitirsə də mənə baxmaqda davam edirdi. Məni söhbətə qoşmağı xoşuma gəlmədi. Məndən səs çıxmayanda:
– Hə, nə deyirsən?
Bu dəfə cavab verməli idim.
– Dəfələrlə demişəm,- təmkinimi gözlədim,- ona ağız açmaq istəmirəm. Artıq danışmağı tərgit, münasibət saxlamağı bacar, məsələlərini özün həll elə.
– Onunla bacarmıram, sən müavinsən, kömək eləsənə.
– Yenə təkrarlayıram, ürəyindəkiləri dilinə gətirmək istəyərkən topmozla. Başına bəlalar gətirən dilindi. Dilini saxlasan bacararsan.
– Bilirəm, bilirəm, özümlə bacarmıram da. Onu görəndə əsəbləşirəm. Neyləyim? Yəqin ki, bugün-sabahlıqdı. Onu istirahətə göndərərlər, neçə illərdi işçilərimiz bu məqamı səbirsizliklə gözləyir. Sən olarsan direktor, bizim də canımız rahatlanar.
Əsəbiləşdim, amma özümü ələ aldım:
– Bir də deyirəm, mən direktor vəzifəsini xoşlamıram. Bunda aydın olmayan nə var ki? O kişi akademikdi, laureatdı, böyük alimdi, bacarıqlı elm təşkilatçısıdı. dövlət tərəfindən dəfələrlə təltif edilib, ordenləri, medalları var. Deməli, direktorluğa məhz o layiqdi. Bu sadə reallığı niyə başa düşmürsən axı?
Başımı qaldırıb ona baxanda səsimi qaldırmağımdan incidiyini hiss elədim. O, direktoru nəzərdə tutaraq soruşdu:
– Onunla neyləyim?
– İlk növbədə özünlə nəsə elə, yəni hirsini boğmağı, nifrətini ört-basdır eləməyi öyrən. İkincisi, hər bir adamın zəif cəhəti var, hətta akademik və direktor olsa belə. Onunku da var, istifadə etməyi bacar. Onu görmək istəməməyini gizlətməyi bacar, nə qədər olsa direktorundu, sən ondan asılısan, o səndən yox.
– Hə, razıyam. Sadala nəzərdə tutduğun cəhətləri, gələn dəfədən aramızda belə söhbətə ehtiyac qalmayacaq. Söz verirəm.
– Yaxşı olardı ki, ilk növbədə söhbətimizin aramızda qalacağına söz verəsən.
– Mənə bax,- o deyəndə başımı qaldırdım,- söz verirəm.
Bunu eşidəndə qələmi əlimdən qoyub ciddi baxışımı ona zillədim.
– Bilirsən, sənə hörmətimi, - o da ciddiləşdi,- söz verirəm.
Başımı sallamadan səbirlə, bir-bir sadaladım. Bəzilərindən necə faydalanacağını soruşdu, onları da açıqladım. Əlavə də dedim ki, bu söhbətimizi kimsəyə söyləməsin, yanımda direktor haqda dediklərini bir daha dilinə gətirməsin. Dilini saxlamağı tezliklə öyrənsin, sonraya saxlamasın, nə qədər tez alışsa bir o qədər öz xeyrinədi. Bu axşam şam yeməyindən sonra direktora zəng vursun.
Sabahı şöbə müdiri keyfi saz otağıma girəndə vəziyyət aydınlaşdı. Hər ehtimala qarşı mən soyuqluğumu qorudum. Olmuşları söyləmək istədi. Dedim söyləsin, amma qısa, işim çoxdu. O başlayanda qovluqdan yazılı vərəq götürüb başımı qatdım ki, tez qurtarsın.
– Hə, sən deyən vaxtda zəng etdim. Direktordan soruşdum ki, necəsiz? O əsəbiləşdi və səsindəki əsəbiliyi telefonda aydın hiss etdim. Dedi ki, ə, necə olacam? Əlbəttə, qoz kimi. Cavabımda bildirdim ki, təki olasız. Onun əsəblərini yatırmaqdan ötrü oğlunun yüksək vəzifəyə təyinatı münasibətilə gözaydınlığı verdim. Yenə irad tutdu ki, mən onun oğlunu yaxşı tanımıram, o daha yüksəklərə layiqdi. Dedim ki, əlbəttə, siz tamamilə haqlısız. Tez söhbəti aşırdı özünə. Özünün də lap yaxınlarda Akademiyaya prezident təyin ediləcəyini dedi. Təəccüblənsəm də canımı yığdım dişimə və dedim ki, yaxşı olardı. Direktor bu sözümə də qıcıqlandı ki, ə, yaxşı olardı nədi? Yuxarıya mənim kimisi gərəkdi, mən Akademiyanı dirçəldəcəm. Öz tərəfimdəm şadyana səslə doğrudu, dedim. O isə narazı halda ağzının içində nəsə desə də, mənə aydın olmadı. Buna baxmayaraq yenə özümü ələ alıb hə, elədi, dedim. Ha, əlləşdim onun keyfini qaldıram, hər dəfə sözümü deyəndə hərəsinə bir qulp qoşurdu. Düşünürdüm axı ona nə deyim ki, könlünü ala bilim. Bu günlərdə sayılıb-seçilən qəzetdə dərc edilmiş müsahibəsi yadıma düşdü. Oxuduğumu, xoşuma gəldiyini dedim. Bu fikrimə də mız qoydu, yox bir, hələ xoşuna gəlməsin. Susdum. Çox qəliz adammış, bu dərəcədə bilmirdim. İstəyir ki, qarşısındakı müntəzir dayanıb dinləsin. Dilindən çıxanı yerinə yetirsin. Sözünün üstündən söz deməsin. Ha-ha-ha. Yəqin işçilərin ondan uzaq durmağa çalışmasının başlıca səbəblərindən biri də budur. Müavin olaraq bu illərdə sənin nələr çəkdiyini anlayıram.
Başımı guya qarşımdakı sənədə qatdığımı göstərsəm də fikrim şöbə müdirində idi. Onun məni söhbətə qatmağa göstərdiyi təkrar cəhdindən içimdə hirsləndimsə də başımı qaldırmadım, dil açmadım. Şöbə müdiri özü danışırdı:
– Direktor səsini qaldırıb mənə irad tutdu ki, ə, professor da oldun, amma anlamağın qaydasına düşmədi. O müsahibə deyil eee, alimlərimizin uğurları haqqında rəhbərliyə, camaatımıza hesabatdı, hesabat. Nə kimi böyük işlər gördüyümüz haqda, qarşımızda daha mürəkkəb, nəhəng elmi problemlərin həlli dayandığı haqda məlumatdı, məlumat. Ə, professor, belə sadə şeyləri niyə başa düşmürsən? Direktor sözünü bitirəndə mən gülümsəyib dedim ki, hə, elədi, siz deyən kimidi. Gərək ki, bu sözüm yetərli oldu. Bundan sonra direktor soruşdu ki, kitab yazırdın, niyə bitirmirsən? Cavab verdim ki, kitab yox, monoqrafiya. O yenə səsini qaldırdı , ə, nə fərqi var, monuqrafya da elə kitabdı. Mən tez təsdiqlədim. Bitirmişəm. İstinad etdiyim mənbələrdəki adları, rəqəmləri yoxlamaq pis olmazdı. Bununla məşğulam. Direktor rahatsızcasına səsini qaldırdı, bəlkə monuqrafyanı gizlincə nəşr eləmisən? Qəti cavab verdim, yox. Məqalələrim də, ixtiralarım da, monoqrafiyalarım da yazılmısız, siz direktor olandan bəri. Bunda da yazılacaqsız, əmin olun. O səsini daha da qaldırdı, ə, professor oldunsa da danışmağı öyrənmədin. Sənin yox, bizim məqalələrimizdə, ixtiralarımızda, monuqrafyalarımızda yazılmışam. Ə, başa düşsənə, adım oralarda yazılıbsa, deməli, onlar həm də mənim əsərlərimdi. Başa düşdünmü? Xoş avazla hə, cavabı verdim. Direktor bundan sonra söhbəti özü döndərdi mənə gərəkli məcraya. Dedi ki, ə, yaxşı, uzatma, monuqrafyada adlarla rəqəmləri tezliklə yoxla, gətir baxım. Xasiyyətnaməni yaz, səhər gətir, qol çəkim. Mən direktora bir neçə dəfə sağ olun, çox sağ olun, gecəniz xeyrə qalsın, dedim.
Bu yerdə şöbə müdiri söhbətinə ara verdi, bəlkə də ürəyindən məndən tərif eşitmək keçirdi, razılıq almağı bacardığına görə. Başımı qaldırmadım, dinmədim. Özü sözünə davam elədi:
– Səhər otağıma gircək durdum pəncərənin önündə. Nəhayət ki, direktorun maşını gəlib dayandı düz pilləkənin qabağında. Oğlu maşından düşüb onu yerə saldı, əsasını sağ əlinə verdi, özü də girdi sol qoltuğuna. Pillələri birlikdə qalxdılar. Oğlu institutdan çıxanda yanına girdim. Gülümsəyib salamlaşdım, vərəqi qarşısına qoydum. Qələmi əsən sağ əlinə aldı, əsən sol əliylə vərəqi tutanda vərəq oynayırdı. Mən vərəqin yuxarısından barmaqlarımla masaya sıxdım, imzasını qoydu, əyri-üyrü olsa da. Canım qurtardı. Ruhum dincəldi. Barmaqlarımı çəkəndə üstümə çığırdı ki, məgər sən tutmasaydın qol çəkə bilməyəcəkdim? Mən də xoş gülümsədim, əlbəttə, çəkərdiz, cavab verdim.
Direktorla bağlı söhbətini bitirəndə şöbə müdiri köksünü boşaldıb yüngülləşdi:
– Hə, direktor müavini,- mənə səmimi müraciətlə dedi,- sən də sağ ol ki, mənimçün cızıq çəkdin. Mən də sağ olum ki, cızıqdan kənara çıxmadım. Ha-ha-ha. Bunu da bildirim, sənin xüsisi tapşırdığın kimi, dilimə onunla razılaşmamaq, yox demək, etiraz etmək gətirmədim. Belə fikir yarananda dişlərimi bir-birinə bərk-bərk sıxırdım. Ha-ha-ha.
O necə də dəqiq demişdi, həqiqətən ruhu dincəlmiş adam kimi özünü hiss eləyirdi. Keyfi kök şöbə müdiri direktorla bağlı daha nələrisə xatırlayıb qırıq-qırıq söylədi. Söhbətini bitirib bir də mənə minnətdarlığını bildirdi, dil-ağız elədi.
– Belədi də, professor, cızıqdan çıxanın başı bəlalar çəkir, vəzifəsindən, rütbəsindən asılı olmayaraq, - üzünə baxaraq şöbə müdirinə eşitdirdim.
Tez də başımı aşağı salıb qarşımdakı kağızın qırağına qeyd elədim ki, müdir məşğulluğuma bir daha əmin olub stuldan qalxsın. O isə yerindən tərpənmədən mənə müraciət elədi:
– Mənə bax, Akademiyaya prezidentliyə namizədləri kollektiv özü irəli sürmürmü? Alternativliyə riayət etməklə. Elə özü də səsvermə yoluyla prezidenti seçmirmi?
Özümü eşitməzliyə vurub kağıza bir qeyd də elədim. O əlini əlimə qoydu:
– Axı sən hər şeyi bilirsən, desənə.
Hirsimi tamam boğa bilmədim, səsim gur çıxmasa da sərt idi:
– İşim var, nazirliyə məktub hazırlamalıyam. Söhbətin bitdisə icazə ver işlərimlə məşğul olum. Vaxtım yoxdu.
Müdir könülsüz qalxsa da otaqdan çıxmağa tələsmədi. Bəlkə də sualına cavab alacağına ümid bəsləyirdi. Nəsə eşitməyəndə özü dilə gəldi:
– Bu da məgər işdimi? Əsərlərimdə yazılanın birisi mənə xasiyyətnamə verir. Mənim elmi cəhətcə saf-çürüklük əyarımı təyin edəcək komissiyanın işinə sədrlik buna həvalə olunur. Beləmi olmalıdı? Bəs hanı düzgünlük? Bunlardan sonra işləməyə nə dərəcədə həvəs qalar?
– İşim var, tək qalmalıyam,- səsimi qaldırıb telefonu əlimə aldım. Ayağa qalxıb nömrəni yığdım. O qapıya doğru addımlasa da boynunu burmuşdu, üzü mənə tərəf idi:
– Hə, səni də anlayıram, axı onun da işlərini sən görürsən...
Cəld sifətimi turşudub, gözlərimi pırtladıb onu süzəndə üzünü döndərib addımlarını itilədi. Otaqdan çıxana yaxın arxasınca baxaraq düşünürdüm ki, alim kimi pis olmasa da bağça uşağı qədər sadəlövhdü. Başı üstündən əl çəkilsə yerə dəyib diyirlənəcək. Qapıdan çıxanda:
– Eşidirsənmi, müavin, bir də sağ ol,- gülər üzlə deyib razı halda qapını örtdü.
Rəsul RƏXŞANLI.
Fevral, 2022.








3-06-2022, 06:30
Məni də xatırla, məndən də danış...

Məni də xatırla, məndən də danış...

Fikrət Sadığı xatırladıq həmin gün!


İllərdən bəridir elə hey düşüncələrimdə yaşayan, hər düşüncəyə daldığımda, “məni də xatırla, məndən də danış” deyə, gözlərim qarşısında sanki yenidən canlanan insanlar var ki, onlar barəsində ürək sözlərimi, xatirələrimi paylaşandan sonra, həqiqətən bir mənəvi rahatlıq tapıram içimdə. Çünki xatırlanmalı üzləri, yada salınmalı sözləri, özlərindən sonra qalan mübarək izləri ilə bu həqiqəti haqq ediblər.
Fikrət müəllimi ən gözəl duyğularla xatırlamışam həmişə. Fikrət Sadığı deyirəm. Salğarlı yerişi, ağır-ağayana duruşu, nurlu çöhrəsinin ətrafdakılara sirayət edən işığı, ləngərli danışığı, şeiri-şeiriyyəti sevməyi və sevdirməyi... heç getmir gözüm önündən. Yazıçılar Birliyinə hər ayaq basdığımda ilk qapısını açıb içəri girdiyim bir o idi, bir də rəhmətlik Arif müəllim – Arif Əmrahoğlu. Nədən? Tək səbəbi bu idi ki, hər ikisinin doğmadan-doğma münasibəti ilə qarşılaşan biz gənclər bu söz-sənət məbədinə hər gələndə onları ziyarət etməyə içimizdə bir mənəvi aclıq duyur, təsəllimizi də, ustad məsləhətini də, örnəyi də bu müqəddəslərdən alırdıq.
2009-cu ilin əvvəlləri idi. “Elimiz.Günümüz” adlı ədəbi-publisistik qəzet təsis etməyə qərar verdiyimi, Ədliyyə Nazirliyində qeydiyyatdan keçirərək, ilk saylarını dərc etdirdiyimi deyəndə Fikrət müəllimin çöhrəsi elə işıqlandı ki... Cəmil Əlibəyovdan xeyir-dua aldığımı biləndə, sanki qanadlandı. “Çox düz edibsən, Cəmil müəllim bu sahənin ustasıdır. Bir işi görəndə usta ilə məsləhətləşmək o işi artıq görüb qurtarmısan, deməkdir”. Bir neçə nəfər dəyərli ziyalımızın, qələm adamının adını çəkən, onların da yazılarından istifadə etməyi tapşıran Fikrət müəllim, qəzetimə xeyir-dua verib, özünün də yazılar, şeirlər verəcəyini bildirdi. Və... heç gecikdirmədən elə oradaca stolunun üstündəki qovluqdan əl ilə yazılmış üç-dörd vərəq götürüb mənə uzatdı: “Bax, gör nə yazmışam, çap etmək istəsən, edərsən”. Utanıb-qızardım. “Nə demək, Fikrət müəllim, əlbəttə verəcəm”. “Get, qızım, sənə uğur olsun! Qəzet çıxan kimi mənim payımı gətirməyi unutma, ha, yenə yazı verəcəm”. Sağollaşıb ayrıldım. Sanki dünyanı bağışlamışdılar mənə. Səhər-səhər Cəmil müəllimin uğurlaması, indi də Fikrət müəllimdən aldığım xeyir-dua! Daha nə lazım idi ki mənə!...
Yolboyu həmin təəssüratları beynimdə çək-çevir edir, hər birinin ünvanına səslə belə: “Çox sağ olun, əziz insanlar, nə yaxşı varımsınız!” – deməkdən özümü saxlaya bilməmişdim. Onda ayılmışdım ki, qarşımdakı insanlar, yan-yörəmdən ötənlər dönüb baxır, bəlkə də “bu adamın başına hava gəlib” deyə fikirləşirdilər. Doğrudan da, havalanmışdım həmin gün. Ən gözəl havalar gəlirdi başıma. Elə gözəl xəyallar, elə munis duyğular sarmışdı ki beynimi...
Təkrar-təkrar oxuyurdum Fikrət müəlimin əlyazma şəklində olan həmin şeirini...
ŞEİR YAZIR

Mən sayım, sən sadala,
Gör kimlər şeir yazır?!
Mühəndislər, polislər,
Həkimlər şeir yazır.

Bunu bildim, tanıdım,
Ta kimlər şeir yazır?!
Deputatlar, vəkillər,
Hakimlər şeir yazır.

Uşaq bağçasından, ta
Ali məktəbə qədər –
Şeir yazır uşaqlar,
Şagirdlər, tələbələr.

Elmdən yorulanda
Alim də şeir yazır.
Qanı qara olanda
Müəllim də şeir yazır.

Şeir yazır hacılar,
Məşədilər, mollalar.
Evin tikilsin, millət,
Bu qədər şair olar?!

Addayıb bəmdən-zilə,
Şeir yazır naz ilə,
Yalançı bəstəçilər,
Yalançı müğənnilər.

Nazir də şeir yazır,
Hətta lap qapıçı da.
Naşir də şeir yazır,
Mürəttib də, çapçı da.

Tacirlər, satıcılar,
Şorsatanlar, südçülər.
Cavan qızlar, gəlinlər,
Qoca təqaüdçülər.

Savadsız jurnalistlər,
Səbatsız qəzetçilər.
Sonra da...daha kimlər,
Sonra...daha nəçilər.

Kimisinə əyləncə,
Kimisinə şan-şöhrət.
Bunların hamısını
Çaş-baş salıbdı sənət.

Dərdi başından aşan
Köçkün də şeir yazır.
Fatmanisə qarı da
Üç gündür şeir yazır.

Özəl kitablar çıxır,
“Gözəl” kitablar çıxır.
Sarı-sarı, sapsarı
Xəzəl kitablar çıxır.

Kitabın üzünə yox,
Varaqla, içinə bax!
İçi hədyanla dolu,
Ədasına fikir ver,
Yalana bax, sən Allah!
Özü-özüyçün deyir:
“Görkəmli”, “dahi”, “ulu”!

Bəlkə də dərd yarıydı,
O yalançı şeirlər
Şeirə oxşasaydılar,
Heç olmasa tük qədər.

Kim necə gəldi yazır,
Əruz, heca bilmədən.
Rüsvay edir özünü
Lap birinci kəlmədən.

Zol-zol olub varaq da,
Zara gəlib qələm də -
Bu nadanlar əlində,
Bu naşılar əlində.

Kitab oxuyan yoxdu,
Kitab yazandı hamı.
Pulnan satın alırlar
İndi şeiri, ilhamı.

Əsl şairlər susur,
Şeirə qiymət azalıb.
Elin dili – şairə
Layiq hörmət azalıb.

Zavod yox, iş yeri yox,
Fəhlə də şeir yazır.
Kənddə torpaqsız qalıb,
Kəndli də şeir yazır.

Əli də şeir yazır,
Vəli də şeir yazır.
Nəşriyyat çox olanda
Dəli də şeir yazır.

Bir zaman deyərdilər:
Əli də qəlyan çəkir,
Vəli də qəlyan çəkir.
Tənbəki çox olanda
Ölü də qəlyan çəkir.

Bu hay-küyə, hap-gopa
Görəsən səbəb nədir?
Bu ağılla, bu başla
Bu millət hara gedir?

Xəbər olsun yadlara,
Xəbər olsun dostlara:
Şeir yazır Lənkəran,
Səlyan, Lerik, Astara.

Şeir yazır Ordubad,
Culfa, Şahbuz, Naxçıvan.
Şəki, Gəncə, Mil-Muğan,
Bakı, Şamaxı, Şirvan.

Şeir yazır Qarabağ,
Tovuz, Yevlax, Qazax, Qax.
Dəvəçi, Xaçmaz, Quba.
Şeir yazır şıdırğı
Bütün kəndlər, şəhərlər,
Başdan-başa el-oba.

Bir kəlmə söz, müxtəsər,
Can, ay can, bir də ay can!
Şeir yazır sərasər
Bu boyda Azərbaycan!


***
Bu günlərdə adında, soy adında – təxəllüsündə belə fikir, düşüncə, məram və məqsəd aydınlığı, vətənə, millətə, insana, insanlığa sevgi, dürüstlük, halallıq, şeiriyyətə sadiqlik, dosta sədaqət, vəfalılıq, doğruluq, düzgünlük idealları daşıyan bir ünlü şairin – mərhum Fikrət Sadığın anım günü tədbirinə yığışmışdıq. Ortam elə də böyük deyildi. “Book Zone” adlı bu kitab məbədi şairə isti qucağını elə geniş, elə məhrəm açmışdı ki, şeir-sənət, Fikrət Sadıq sevdalıları həmin gün, həmin işıqlı xatirələr, nurlu misralar sərgisinin təəssüratlarını uzun müddət yaddaşlardan-yaddaşlara daşıyacaqlar yəqin ki. Biz Fikrət müəllimin o ləngərli səsini yenidən eşitdik, hikmətli kəlamlar kimi könülləri fəth edən nəsihətamiz misraları ilə yenidən duyğulandıq, təkrar-təkrar kövrəldik, ovunduq, iç dünyamız işıqlandı...

Şairin ciyərparası, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, yazıçı, tədqiqatçı, şair Aysel Fikrətin atası haqqındakı səmimi çıxışı ilə başlayan görüşdə ən gözəl, ən ilginc xatirələr dilə gəldi. Tanınmış şair-tərcüməçi Giya Paçxataşvilinin tərcüməsində yenicə işıq üzü görmüş “Çyornıye-belıye stixi” şeirlər kitabı dostumuz Giya müəllimin şairin anım gününə ən gözəl hədiyyəsi oldu. İstedadlı rəssam, şair Sehran Allahverdinin yaratdığı əsər – Fikrət Sadığın portreti də bu məhrəm məclisə xoş ovqat bəxş etdi. Sevilən şair Əlisəmid Kür, f.ü.f.d., şair Qiymət Məhərrəmli, Azərbaycan Respublikası Təhsil Nazirliyinin elmi metodik nəşri olan “Məktəbəqədər və ibtidai təhsil” jurnalının baş redaktori Böyükağa Mikayıllı, Fikrət Sadığın tədqiqatçısı, f.ü.f.d. Yeganə Xanlarova, Sumqayıt Dövlət Universitetinin müəllimi, yazıçı-şərqşünas Əli Rzazadə, AzərTAC-ın müxbiri Sahilə Əliyeva, tarixçi-pedaqoq Elçin Əliyev, şair Elməddin Həbiboğlu, gənc şairlər, tələbələr – fikrətsevərlər öz çıxışlarında Fikrət Sadıqla bağlı xatirələrini dilə gətirdilər. Şairin yaradıcılığından nümunələr səsləndirildi, yaradıcılıq yoluna işıq salındı. Qeyd olundu ki,
İndi kitab oxumamaq
Olub təzə xəstəlik.
Kitabı ver oxuyana,
Birini də üstəlik.

deyən, hər zaman müqəddəs sözün, söz yaradıcılığının keşiyində duran, bir-birindən hikmətli, nəsihətamiz, lakonik, oxunaqlı tərzdə yazılmış gözəl əsərləri ilə daim yaddaşlarda yaşayacaq Fikrət Sadıq. Həm böyüklər, həm də çox sevdiyi uşaqlar, körpələr üçün sevgi ilə qələmə aldığı şeirlər onun – “Mən ot basmış bir cığıram” deyən şairin poeziyamızdakı yolunu ot basmağa qoymayacaq. Çünki Fikrət Sadıq adlı bənzərsiz şairin, işıqlı şəxsiyyətin ömür və yaradıcılıq yolunu Orxan Fikrətoğlu və Aysel Fikrət kimi ləyaqətli, vicdanlı, istedadlı övladlar öz varlıqları və mükəmməl yaradıcılıqları ilə davam etdirməkdədirlər.

Qiymət MƏHƏRRƏMLİ,
AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi,
filologiya üzrə fəlsəfə doktoru, şair-publisist.
3-06-2022, 06:26
Ömür bitdi, amma, həsrət bitmədi

Ömür bitdi, amma, həsrət bitmədi

Əziz dostlar, bu gün haqqında qısa da olsa, söhbət açacağım şəxs elimizin ən gözəl ziyalılarından olan Davud Hüseynovdur. Davud müəllim, bu yaxın vaxtlarda Haqqın rəhmətinə qovuşdu. Əgər yaşasaydı 70 yaşı olacaqdı.
Davud müəllim, Vətənimizin dilbər guşələrindən olan Zəngəzur mahalının Qafan rayonunun Pürülü kəndində dünyaya göz açmışdı. Zəngəzurun füsünkar təbiətinə qəlbən bağlı olan Davud müəllim, daim o, yerlərin həsrətiylə yaşayırdı.
İlahi rəhmətdən Davud müəllimin qismətinə iki gözəl pay düşmüşdü. Bunlardan biri gözəl səs, ikincisi isə gözəl şeyriyyat idi.
Bunların vasitəsi ilə Davud müəllim, Zəngəzurun bənzərsiz gözəlliyini çox gözəl tərənnüm edirdi. Gözəl şeirləri ilə sanki, o, yerlərin bir təsvirini çəkirdi. Öz ata- baba yurduna ürəkdən bağlı olan Davud müəllim, ömrünün sonuna qədər o, yerlərə qayıtmaq arzusu ilə yaşadı. Davud müəllim, gözəl pedaqoq və gözəl şair idi. O, elin xeyir- şərində, toy- düyünündə həmişə fəal iştirak edən bir ziyalı idi.
Xüsusilə, toylarda gözəl səsi, şirin avazı ilə iştirakçıların zövqünü oxşayırdı. Onun haqqında xatirələr bitməz- tükənməzdir. Lakin, bununla kifayətlənməyi məsləhət bildik.
Davud müəllimin xatirəsinə həsr etdiyim bir şeiri sizinlə paylaşmaq istədim:

Davud müəllimin əziz xatirəsinə


Ömür bitdi, amma, həsrət bitmədi
O, yerlərə sevgi səndə nə qədər,
Çox üzürdü səni həsrət, qəm-kədər.
Doğma yurddan düşdük qaçqın, dərbədər,

Ömür bitdi, amma, həsrət bitmədi.
Hanı Xustub, hanı Ərməz, Qazangöl,
Görmədim mən elə dağlar, elə çöl,
O, yerlərdə açan çiçək, nə də gül,

Ömür bitdi, amma, həsrət bitmədi.
O, dağlara vardı sonsuz həvəsin,
Yayılardı şirin səsin, nəfəsin.
Qəlbindəsən cəmi dostun, hər kəsin,
Ömür bitdi, amma həsrət bitmədi.

Səndən sonra qalıb sözün-söhbətin,
Unudulmaz həm də doğru ülfətin.
Yaşayırıq biz də Vətən həsrətin,
Ömür bitdi, amma həsrət bitmədi.

Nələr görüb üzü, sanma yenidi,
Sədad, dünya sonu puçdu, fanidi.
Gələn əcəl həm də tezdi, anidi,
Ömür bitdi, amma, həsrət bitmədi.


Sədayət Sədad



30-05-2022, 22:07
Ələddin Allahverdiyevin 75 illik yubileyi qeyd olundu.

Ələddin Allahverdiyevin 75 illik yubileyi qeyd olundu.

29 may 2022-ci ildə Bakı şəhərində Ələddin Allahverdiyevin 75 illik yubileyi təntənəli şəkildə qeyd olundu. Tədbirdə "Dədə Ələsgər Ocağı" İctimai Birliyinin ən ali mükafatı "Aşıq Ələsgər-200" yubiley medalı, Dünya okeanı və kosmik fəzanın tədqiqatlarında, dəniz seysmik kəşfiyyatı, elektron, müdafiə və tibb sənayesində istifadə olunan cihazların və aparatların yaradılmasında dalğa və rəqs proseslərinin öyrənilməsi üçün riyazi modellərin və metodların yaradılması sahəsində Sovet, Rusiya və Azərbaycan alimi, professor Ələddin Allahverdiyevə ictimai birliyin sədri, Dədə Ələsgərin nəticəsi Xətai Ələsgərli tərəfindən təqdim edildi və fəxri diplomla təltif olundu.

Eyni zamanda 29 may bir neçə əlamətdar təltiflərlə də yadda qaldı. Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Aşıq Ələsgərin anadan olmasının 200 illik yubileyinin keçirilməsi ilə bağlı 18 fevral 2021-ci il sərəncamından sonra ölkəmizdə geniş miqyaslı tədbirlər keçirildi. Belə tədbirlərin Gəncə şəhərində keçirilməsində əvəzsiz xidmətləri olan Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor əvəzi Fəridə Qədimova, Azərbaycan aşıq poeziyasının inkişafına verdiyi töhvələrə görə, iş adamı Ələsgər Mehdiyev və "Vətən" poeması ilə bütöv Azərbaycan deyən şair, publisist Ramiz Qusarçaylı da ictimai birliyin ən ali mükafatı olan "Aşıq Ələsgər-200" yubiley medalı və fəxri diplomu ilə təltif olundular.

Yubiley tədbirində tanınmış ictimai və elm xadimləri çıxışlar etmiş, yubilyarı səmimi qəlbdən təbrik etmişlər. Azərbaycanın musiqi xadimləri, aşıqlar və muğam ifaçıları bənzərsiz ifaları ilə yubiley tədbirini rövnəqləndirmişlər.

30-05-2022, 21:19
"Ağlama, könlüm ağlama"

"Ağlama, könlüm ağlama"

Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin təşkilatçılığı ilə Hənifə Şəbnəmin "Ağlama, könlüm ağlama" şeirlər kitabının təqdimatı keçirilib. Tədbiri giriş sözü ilə açan ictimai birliyin sədri, şair-publisist Güllü Eldar Tomarlı bildirib ki, ictimai birlik olaraq fəaliyyətimizdə neçə-neçə yaradıcı şairlərin yaradıcılığı işıqlandırılır, bu gündə ənənəmizə sadiq olaraq, Hənifə Şəbnəmin "Ağlama, könlüm ağlama" şeirlər kitabını ictimaiyyətə təqdim etdik.

Hənifə Şəbnəm sözü gedən kitabında, real hadisələrdən təsirlənərək, acılı-şirinli günlərini bədii sözlərlə, ən gözəl şəkildə tərənnüm etmişdir. Şair Hənifə Şəbnəmə Mirvarid Dilbazi Poeziya Məclisi adından ipək baş örtüyü hədiyyə olundu. 24-28 noyabr 2014-cü il tarixində Parisdə keçirilən Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 9-cu sessiyasında YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısına daxil edilmiş "Kəlağayı sənəti və simvolizmi, qadın ipək baş örtüklərinin hazırlanması və istifadə olunması"dır. Beləliklə, 26 Noyabr Azərbaycan Kəlağayısı günüdür.

Qız nəvələrimiz nənələrindən dəstir götürər və səni yenə başlarına tac edərlər.
Qoy bütün dünyaya məlum olsun ki, səni bir bayraq kimi hər zaman başımız üzərində dalğalandıracaq və milli şərəf kimi yaşadacağıq. Mirvarid Dilbazi Poeziya Məclisi olaraq unudulmağa və tərk edilməyə qoymayacağımız milli sərvətlərimizdən biri olan kəlağayını ( butalı, yelənni, noxudu, qoşa butalı, şah butalı, ipək ) yaşatmağa çalışacağıq. Qoy dünyanın hər yerinə bir daha yayılsın ki, saz bizim olduğu kimi kəlağayı da bizimdi. Biz onu gələcək nəsillərə həm milli baş örtüyü kimi, həm də gözəllik simvolu kimi təqdim edirik.

Tədbirdə çıxış edən, QHT-nümayəndələri, saz-söz adamları Hənifə Şəbnəmin yeni işıq üzü görmüş kitabında müəllifin iç dünyasının nə qədər zəngin olmasına bir daha şahidi olaraq, onun yaradıcılıq xüsusiyyətləri haqqında danışılıblar.
Sonda Hənifə Şəbnəm yeni işıq üzü görmüş kitabını qonaqlara hədiyyə edərək, gələn bütün iştirakçılara və tədbirin təşkilatına görə Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinə dərin təşəkkürlərini bildirib.

28-05-2022, 10:19
Birinci dərəcəli kapitanın monoqrafiyası

Birinci dərəcəli kapitanın monoqrafiyası
“Zabit kadr hazırlığında və Xəzər bölgəsinin hərbi-dəniz müdafiəsində Azərbaycanın rolu (1939–1945)” monoqrafiyası çapdan çıxıb

Monoqrafiyanın müəllifi Silahlı Qüvvələrin Hərbi Akademiyasının “Adyunktura və elm” şöbəsinin hərb tarixi üzrə professoru, “Dərbənd” Xeyriyyə İctimai Birliyinin sədri, ehtiyatda olan birinci dərəcəli kapitan, tarix elmləri doktoru Nurulla Əliyevdir. Nəşrin hərbi məsləhətçisi Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi, professor, general-leytenant Heydər Piriyev, elmi redaktoru – AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun Qarabağ tarixi şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru Qasım Hacıyev, rəyçiləri - AMEA Milli Azərbaycan Tarixi Muzeyinin şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Səbuhi Əhmədov və AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun tarix üzrə fəlsəfə doktoru, dosent Nərminə Əmirbəyovadır.

Azərbaycan tarixən coğrafi mövqeyinə görə Xəzər hövzəsində hegemonluq uğrunda mübarizə aparan əsas geosiyasi qüvvələrin maraq dairəsində olub. İkinci Dünya müharibəsi illərində də Azərbaycan bu bölgədə hərbi–siyasi hadisələrin mərkəzində olub və xalqımız faşizm üzərində tarixi Qələbəyə sanballı töhfələr verib. İkinci Dünya müharibəsi Azərbaycan xalqının fədakarlığını və cəsarətini bir daha nümayiş etdirdi.
Oxuculara təqdim olunan monoqrafiyada müharibə illərində Xəzər hövzəsi uğrunda böyük dövlətlərin apardıqları geosiyasi rəqabət bu bölgədə yaşanan tarixi hadisələr prizmasından təhlil olunub. Əsərdə Azərbaycan xalqının həm cəbhə bölgələrində, həm də arxa cəbhədə böyük qəhrəmanlıq və igidlik nümunələri göstərməsi barədə də ətraflı məlumat verilib.
Zəngin arxiv sənədləri əsasında hazırlanmış monoqrafiyada bu dövrdə Azərbaycanın bölgənin hərbi-dəniz müdafiəsində rolu və Bakının hərbi-strateji əhəmiyyəti, onun Sovet Ordusu və Hərbi–Dəniz Qüvvələri üçün zabit kadrları hazırlanması mərkəzinə çevrilməsi barədə təhlillər aparılıb.
Kitabda İkinci Dünya müharibəsi dövründə Xəzər bölgəsində baş vermiş tarixi hadisələr ümumiləşdirilmiş formada və xronoloji ardıcıllıqla təqdim olunub. Nəşr Azərbaycanın mülki ali və xüsusi təyinatlı təhsil müəssisələrinin müəllimləri, tələbələri, dinləyiciləri və geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Kitabdan gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi işində də istifadə oluna bilər.

28-05-2022, 07:56
DÜNYA ŞÖHRƏTLİ ALİM, GÖYÇƏ HƏSRƏTLİ POEZİYA VURĞUNU

ƏLƏDDİN ALLAHVERDİYEV – 75


DÜNYA ŞÖHRƏTLİ ALİM, GÖYÇƏ HƏSRƏTLİ POEZİYA VURĞUNU

2016-cı ilin əvvəlləri idi. Feysbukdakı “Ulu Göyçə” qrupunun aktivi Fəridə Qədimovadan messengerimə bir mesaj daxil oldu: “Salam, Araz Yaquboğlu. Sizin vikipediyadakı fəaliyyətinizi alqışlayır, alimlərimiz, şairlərimiz, tarixi şəxsiyyətlərimiz haqqında yaratdığınız məqalələrə görə şəxsim adından sizə təşəkkür edirəm. Əgər mümkün olarsa, mənim qardaşım haqqında da səhifə yaratmaq olarmı?”
Açığı deyim ki, Fəridə xanımın qardaşını tanımadığımdan: “Qardaşınız haqqında əldə olan məlumatları göndərin baxım, ensiklopedik olarsa yaradaram”, – dedim. O, bir neçə gün sonra qısa da olsa bir məlumat göndərdi. Baxdım ki, Fəridə xanımın qardaşı professordur. Bu ilkin olaraq onun ensiklopedikliyinin bariz sübutu idi. Və beləcə professor Ələddin Allahverdiyevlə qiyabi tanışlığımız başladı. Ələddin Allahverdiyev haqqında ciddi araşdırmalar apardım. Düzdür, Ələddin müəllimin bir çox elmi işləri məxfi olduğundan müəyyən çətinliklər də vardı. Buna baxmayaraq, etibarlı mənbələrə əsaslanaraq 2 aprel 2016-cı ildə vikipediyada məqaləni yazmağa başladım. Bu haqda Fəridə xanım qardaşı Ələddin müəllimə məlumat verdikdən sonra o mənə mesaj yazaraq minnətdarlığını bildirdi və hətta qeyd də etdi ki, bəlkə də lazım deyildi. Mən isə ona bildirdim ki, Ələddin müəllim, təvazökarlıq etməyin, sizin haqqınızda mən artıq çox məlumatlıyam. Siz işlədiyiniz institutda birinci prorektorsunuz, sizin tətbiqi riyaziyyat, fizika, mexanika sahəsində elmi nailiyyətləriniz, elmi adınız, ixtiralarınız, dövlət təltifləriniz var.
2016-cı ilin 3-4 iyun tarixlərində Bakı şəhərində Dünya Azərbaycanlılarının IV qurultayı keçirilirdi. Ələddin Allahverdiyev də 50 ildən çox yaşadığı Moskva şəhərindən bu qurultaya dəvət olunmuşdu. 50-yədək ölkədən 500-dən çox qonağın qatıldığı bu qurultayda, eləcə də bundan əvvəlki bütün qurultaylara Ələddin Allahverdiyev hər zaman dəvətli olub. Bir gün öncədən danışdığımız kimi, qurultaydan sonra “Alov qüllələri” kompleksinin qarşısında görüşdük. Bu görüşü hərdən yada salır, unudulmaz bir gün kimi xatırlayıram. Bir az gəzişib söhbət etdikdən sonra Ələddin müəllimin bacısı oğlu Elvin Musayev (Allah rəhmət eləsin, çox nurlu insan idi, sonralar, 2020-ci ildə Elvin 35 yaşında koronavirusdan vəfat edəcəkdi) gəlib bizi maşınla Hüseyn Cavid bağına apardı. “Yaşıl kafe”nin həyətindəki iri şam ağaclarının kölgəsində əyləşib pürrəngi çay içə-içə müxtəlif mövzularda şirin söhbətlər etdik. Hüseyn Cavidin heykəli qarşısında xatirə şəkli çəkdirdik. Bu Ələddin müəllimlə ilk görüşümüz idi.

Tələbəlik illəri

Professor Ələddin Allahverdiyevlə sonralar əlaqələrimiz daha da sıxlaşdı. Bizi biri-birimizə daha çox Göyçə mövzusu bağladı desəm, heç də yanılmaram. Ələddin müəllim üçün Göyçə mövzusu ən ali, ən vacib məsələdir. 2017-ci ildə görüləcək işlərin yazılı planı ilə o, Göyçəliləri bir araya gətirə bildi. 2021-ci ildə Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd olunmasının, bunun yüksək səviyyədə keçirilməsinə gecikmədən başlanılmasının vacibliyini, sosial şəbəkələrdə, mətbuatda, televiziyada təbliğata başlanılmasını lazım bildi. Elə son nəticə də onun dediyi kimi oldu. Keçən il Aşıq Ələsgərin 200 illik yubileyinin keçirilməsi ilə bağlı respublika prezidenti İlham Əliyev sərəncam imzaladı. Pandemiya olmasına baxmayaraq, tədbirlər qaydalara uyğun yüksək səviyyədə keçirildi. Bakı şəhərində Aşıq Ələsgərin heykəlinin də ucaldılması üçün ayrıca sərəncam verildi.
2017-ci ilin 29 mayında Ələddin Allahverdiyevin 70 illik yubileyi anasının və bir çox doğmalarının yaşadığı qədim Gəncə şəhərində təntənəli qeyd olunmuşdu. Bundan sonra iyunun 3-də Bakı şəhərində də yubiley mərasimi Monte Kristo restoranında keçirildi. Tədbirdə Ələddin Allahverdiyevin yaxınları, həmkəndliləri, ürək dostları iştirak edirdi. Tədbir çox möhtəşəm keçdi. Hamı ürək dolusu Ələddin müəllimdən söz açdı, sağlıq dedi, köhnə xatirələr çözələndi. Xoş bir gün yaşadıq.
Bu günlərdə artıq Ələddin müəllimin 75 illik yubileyi qeyd olunacaq. İstədim onun haqqında nəsə yazım. Yazmağa çətinlik çəkirəm. Çünki onun haqqında yazmaq bir məsuliyyətdir. Asan deyil.
Elvin Musayev, Araz Yaquboğlu və Ələddin Allahverdiyev
2017-ci ildə Ələddin Allahverdiyevdən 70 illik yubileyi ərəfəsində çalışdığım “karabakhmedia.az” saytının baş redaktoru Ramil Cəbrayıl ilə birlikdə müsahibə götürmək fikrimiz olsa da, bu müxtəlif səbəblərdən 2018-ci ildə baş tutdu. “Uşaqlığım və gəncliyimlə bağlı iki müqəddəs yer var: Göyçə və Bakı” başlıqlı müsahibə Azərbaycanın bir neçə aparıcı saytlarında və “Türk dünyası ağsaqqalları” qəzetində dərc olundu. 2019-cu ilin sonlarında isə şair-jurnalist Arif Məmmədli ilə Ələddin müəllimin Bakıda qonaq olmasından istifadə edib onunla görüşdük. Bu görüşün nəticəsi də “Azərbaycanı ləyaqətlə təmsil edən böyük alim” adlı maraqlı bir məqalənin yaranmasına səbəb oldu. Bu məqalə “Xalq qəzeti”nin 12 yanvar 2020-ci il tarixli sayında çap olundu. Hər iki yazıda Ələddin müəllimin həyat və fəaliyyəti ilə bağlı xeyli açıqlamalar vermiş, keçmiş SSRİ və Rusiya kimi dövlətlərin elmi ictimaiyyətində kifayət qədər tanınan bir alim haqqında Azərbaycan cəmiyyətinə az da olsa məlumat verməyə çalışmışıq.
Ələddin müəllimin maraqlı həyat tarixçələri var. Məsələn, o, IV-V siniflərdə oxuyarkən Moskva Dövlət Universitetinin (MDU) qülləli binasının şəklini görmüş, xoşuna gəlmiş, “Mən burada oxuyacam” fikri xəyalından keçmiş və bu arzusu illər sonra reallaşmışdır. Digər bir nüans. Göyçədə ataya müraciətin ən çox işləndiyi müraciət forması Qağa və Dədə idi. O da atasına Dədə deyə müraciət edərmiş. Birinci sinfə, özü də yaşıdlarından da bir il tez orta məktəbə gedərkən əlifba dərsliyində oxuyur ki, valideynə ata deyirlər. O həmin gündən başlayaraq dədəsinə ata deyə müraciət edir. Bu dediklərim kiçik detallar olsa da, onun iti zəkasından, gələcəkdə böyük bir şəxsiyyət olacağından xəbər verirdi.
Hələ orta məktəbdə oxuyarkən şeir yazmağa başlamış, şeirləri “Bolluq uğrunda” adlı Basarkeçər rayon qəzetində dərc olunmuşdur. Özü də ilk şeiri IV sinifdə oxuyarkən çap olunub. Sonralar ədəbiyyat müəllimi olan Qəşəm Aslanovun məsləhəti ilə o da rayon qəzetinin redaksiyasında keçirilən ədəbi məclislərin ən kiçik yaşlı üzvü olur. Poeziya vurğunu Ələddin müəllimin Moskvada oxuyarkən yataqxana otağından iki şeir dəftəri oğurlanır. Bu hadisə ona pis təsir edir, şeir yazmaq həvəsini “öldürür”. Poeziyanın vurğunu Ələddin müəllimin son illərdə Göyçəyə həsr etdiyi şeirini oxuculara təqdim etmək istədim:

Nur alıb nurundan işıqlanmışam,
Səndən başlayıbdır talem, a Göyçə!
İllərdi qürbətdə səni anmışam,
Hicrinlə inləyir naləm, a Göyçə!
Səndən başlayıbdır talem, a Göyçə!

Sən ömür bəzəyim – müqəddəs Anam,
Mən sənin övladın, qərib oğlunam.
Daim səcdəndəyəm, sadiq qulunam,
Adım çağrılsa da alim, a Göyçə!
Səndən başlayıbdır talem, a Göyçə!

Qartal yaraşığı əngin göylərin,
Dağın əzəmətli, bulağın sərin.
Saz sənin zinətin, söz sənin zərin,
Onlarla açılıb dilim, a Göyçə!
Səndən başlayıbdır talem, a Göyçə!

Dillərdə əzbərdi SÖZ ərənlərin,
Halal zəhmətiylə bar dərənlərin.
Dosta süfrəsini gen sərənlərin,
Onlarla tanınır elim, a Göyçə!
Səndən başlayıbdır talem, a Göyçə!

Tarix dalğalanır Göyçə gölündə,
Qəlb coşur Ələsgər adı gələndə.
Alının sazlarda sözü güləndə,
Min rəngə boyanır halım, a Göyçə!
Səndən başlayıbdır talem, a Göyçə!

Güc alıb gücündən pöhrələnmişəm,
Sazından, sözündən bəhrələnmişəm.
Adınla daima qürrələnmişəm,
Çətin anlarımda Qalam, a Göyçə!
Səndən başlayıbdır talem, a Göyçə!

Gecələr yuxumun həmdəmi sənsən,
Qərib həyatımın gündəmi sənsən.
Nisgili, sevinci, sitəmi sənsən,
Sənsən gərdişimdə haləm, a Göyçə!
Səndən başlayıbdır talem, a Göyçə!

Qəlbimdə izi var hər günün, ayın,
Başı qarlı dağın, çağlayan çayın.
İlkin göz açdığım ətirli mayın,
Bir an xəyalına dalım, a Göyçə!
Səndən başlayıbdır talem, a Göyçə!

Cismim qucağından uzaq olsa da,
Hicran qəm sazında hava çalsa da.
Ələddin yad eldə yuva salsa da,
Daim səninlədir, könlüm, a Göyçə!
Səndən başlayıbdır talem, a Göyçə!


Ələddin Allahverdiyevin Bakıda keçirilən 70 illik yubileyində mənə iki nüans çox maraqlı gəldi. Bu onun Azərbaycan musiqilərinə çox qəşəng rəqs etməsi və danışarkən bir kəlmə belə qeyri dildə olan sözləri işlətməməsi oldu. Təxminən o tədbirdən bir il sonra ondan müsahibə alanda o mövzuda da ona sual verdik. O isə sualı belə cavablandırdı: “Hər bir insanın, xüsusən elm adamının bir neçə dil bilməsi yaxşıdır, bəlkə də zəruri və vacibdir, bu onun şəxsi qazancı, inkişafı, qarşıya qoyduğu məqsədin reallaşması üçün köməkdir. Öz ana dilini olduğu kimi qoruyub saxlamaq isə onun özünü olduğu kimi saf, tərtəmiz qoruması deməkdir. Əks halda, dilini unutması, qarışdırması milli mənsubiyyətini itirməsi deməkdir. Bağışlayın, bir qədər pafosla səslənsə də, mənim üçün ana dilim, dinim və milli mənsubiyyətim qanıma keçərək həyatımın varlığının mənasına çevrilmişdir. Ana dilimizdə danışarkən əcnəbi sözlər işlətməmək dilimizin çox zəngin olduğunu göstərir, sübut edir. Musiqi və rəqsə gəlincə, elə dünyanın ən gözəl musiqisi də, rəqsi də bizim xalqa məxsusdur. Ad günümdə iştirak edən bütün dostlara bir daha təşəkkür edirəm. Deyim ki, bir çox yuvarlaq ad günü məclisləri Moskvada həm qohum-tanışlarla, həm də qeyri dostlarla, həmkarlarla birgə qeyd olunub, orda da elə bizim milli musiqi və rəqslərimiz və sözsüz ki, saz havaları olub. Moskva Dövlət Biznesi İdarəetmə Akademiyasında prorektor işlədiyim dövrdə keçirilən ayrı-ayrı bayram şənliklərində iştirak edən həmkarlarım həmişə məclisin kulminasiya zirvəsini – Azərbaycan oyun havalarının səslənməsini gözləyərdilər. Bu anda məclis xeyli canlanar, xüsusi bir rövnəq alardı. Mən isə qürur içində hər bir həmkarımla, xüsusilə qadın həmkarlarımızla rəqs etməkdən və onların gündən-günə bizim oyun ritmlərini öyrənmələrindən zövq alardım”.
Ələddin müəllim ilk növbədə böyük alimdir. MDU-nu bitirdikdən sonra elə həmin universitetin aspiranturasında saxlanılmışdır. Bundan sonra çox ciddi elmi yeniliklərə imza atıb. Özü də onun bir çox elmi işləri məxfi sayılır və onların geniş ictimaiyyətə açıqlanması yasaqdır. O, məxfi elmi-texniki işləri də daxil olmaqla 450-dən çox monoqrafiya, ixtira, elmi məqalə, dərslik və dərs vəsaitinin müəllifidir. Dərslikləri Rusiya Federasiyası Ali Təhsil Nazirliyi tərəfindən dərslik kimi qəbul edilmişdir. Bu əsərlər Moskva Dövlət Universitetinin, Rusiyanın digər müvafiq ali təhsil məktəblərinin nüfuzlu alimləri tərəfindən yüksək qiymətləndirilmişdir. Bu dərsliklər əsasında uzun illər professor Ələddin Allahverdiyev özü də işlədiyi Akademiyada tələbələrə mühazirə oxumuş, məşğələlər aparmışdır. Ələddin müəllim 30-a qədər beynəlxalq, ümumittifaq elmi konfrans, simpozium və qurultaylarda 60-dan çox, o cümlədən 12 sifarişli, plenar məruzələrlə çıxış etmişdir. Oxucularımıza professor Ələddin Allahverdiyevin elmdə əldə etdiyi bir neçə yenilik haqqında qısaca məlumat vermək istərdim.

Professor Ələddin Allahverdiyev dostlarla.

O, tələb olunan tezliklə rəqs edən və əvvəlcədən müəyyən olunmuş ayrı-ayrı fiziki xarakteristikalara cavab verən, minimum kütləyə və ya həcmə malik olan pyezoelektrik elementlərin optimal formasını təyin etmək məsələsini həll edən ilk alimdir. Bu tipli məsələlərin həllində Ələddin Allahverdiyev riyaziyyatda məşhur olan Pontryaginin maksimum prinsipini ilk dəfə tətbiq etmişdir. Bu məsələlərin həlli süni peyk və kosmik gəmilərdən vacib elmi-texniki məlumatların uçuşları idarəetmə mərkəzinə verilməsi üçün yaradılan pyezoelektrik ötürücülərdə uğurla istifadə olunmuşdur. O, elektroelastiqiyyət nəzəriyyəsinin iki və üçölçülü dinamika məsələlərinin həllinə ümumiləşmiş variasiya prinsipi əsasında sərhəd və sonlu elementlər metodlarını ilk dəfə uğurla tətbiq edən alimlərdəndir. Variasiya prinsipinin tətbiqi pyezoelektrik elementlərin rabitəli rəqslərinin çoxsaylı məsələlərinin həllinə də uğur gətirmişdir. Disk formalı pyezokeramik membranlarda mexanikanın dinamika məsələlərində çox mühüm olan “kənar effekti”nin mövcudluğunu nəzəri cəhətdən ilk dəfə Ələddin Allahverdiyev aşkar etmişdir.
Ələddin müəllimin insani keyfiyyətlərini, mənəvi dünyasını əks etdirən bir nüansa da xüsusi diqqət yetirmək istərdim. Yüksək elmi nəticələr əldə etmiş, böyük həyat təcrübəsinə malik alim öz memuarlarını ona orta məktəbdə dərs keçmiş müəllimləri haqqında xatirələrdən başlayıb. Belə ki, “Müəllimlərim haqda xatirələr” silsiləsindən olan 3-4 məqalədə 10-dan çox müəllimi ilə olan xatirələrini peşəkar publisist kimi axıcı bir dillə qələmə almışdır. Bu xatirələrin hər biri özü-özlüyündə çox informativ məqalələrdi.

Məsələn, məktəb direktoru İskəndər Hacıyevlə olan dialoqunu bir nəfəsə oxumamaq olmur. Yazını oxuduqca adamın ürəyinə yağ kimi yayılır. Digər müəllimləri Musa Kərimov-Şair Musa, eləcə də Murğuz Novruzov haqqında olan xatirələr də eyni ruhla qələmə alınıb. Doğulduqları kənddə və Moskvada dostluq, yoldaşlıq etdiyi Məmmədhəsən Qafarovla bağlı xatirələri də səmimi qəlbdən yazılıb. Məhz bu səmimiyyətdəndir ki, xatirələr şirin alınıb. Ələddin müəllimin xatirələr seriyasının zirvəsi Qəşəm Aslanov haqqında olanıdır desəm, səhv etmərəm. Bu bir oxucu fikri olsa da, xatirəni oxuyan digər şəxslər də mənimlə həmfikir olarlar. Çünki, bu xatirədə hələ sovetlər birliyinin kəshakəs dövründə o cür fikirlərin olması və bu fikirlərin Bakı ilə Moskva arasında məktubla göndərilməsinin nə qədər qorxulu olduğunu çox yaxşı anlayıram.
Ələddin müəllim kimi şəxsiyyətlərin hər zaman maraqlı memuarları olur. Belə memuar-xatirələr geniş oxucu kütləsinin mütəmadi diqqət dairəsində olub. Bir neçə dəfə Ələddin müəllimlə söhbətlərimizdə təklif etmişəm ki, bu mövzuda bir kitab yazsın.

Professor Ələddin Allahverdiyev haqqında nə qədər danışılsa, nə qədər yazılsa da hesab edirəm ki, azdır. Ələddin müəllim elmi fəaliyyətinə görə dəfələrlə Rusiya dövləti tərəfindən mükafatlandırılıb. “Moskvanın 850 illiyi” dövlət medalı, Ümumrusiya Sərgi Mərkəzinin qızıl medalı, “M.V. Lomonosov adına MDU-nun 250 illiyi” yubiley medalı və digər çoxsaylı təltiflər bu qəbilbəndir. Professor Ələddin Allahverdiyev 2019-cu ildə daha iki möhtəşəm medalla təltif olunmuşdur. Bunlar, elm və texnika sahəsində yüksək nəticələr əldə etmiş alimlərə verilən Rusiya Elmlər Akademiyasının nəzəri və tətbiqi mexanika komitəsinin təsis etdiyi Sosialist Əməyi Qəhrəmanı, akademik Xəlil Əhmədoviç Raxmatulin adına və Rusiya Kosmonavtika Federasiyasının təsis etdiyi Sosialist Əməyi Qəhrəmanı, kosmik proqramlar rəhbəri, general-leytenant, professor Georgi Aleksandroviç Tyulin adına medallardır.

Ələddin müəllim böyük alim olmaqla yanaşı, həm də nümunəvi ailə başçısıdır. O, 1978-ci ildə Məhsəti xanımla ailə həyatı qurub. MDU-nun məzunu Məhsəti xanım kimya elmləri namizədidir. Onların Toğrul və Aytən adlı bir oğlu, bir qızı var. Toğrul iqtisad elmləri namizədidir, Amsterdamda öz ixtisası, riskləri idarəetmə üzrə, “Eurasian Resources Group” kompaniyasında icraçı direktor vəzifəsində çalışır. Qızı Aytən isə həkimdir, Qətərin paytaxtı Doha şəhərində cərrah işləyir. Ələddin müəllimin hər iki övladı ailəlidir, dörd nəvəsi var.
Bu yazını professor Ələddin Allahverdiyevin 2022-ci il may ayının 29-da qeyd olunacaq 75 illik yubileyi münasibətilə qələmə aldım. Onu bu yubileyi ilə əlaqədar səmimi qəlbdən təbrik edir, uzun ömür, cansağlığı arzulayıram. İnanıram ki, Göyçə bulaqlarının gözündən su içən, Göyçənin təmiz havasını udan Ələddin müəllim sağlıqlı və uzun bir ömür yaşayacaq.

Araz Yaquboğlu,
Tədqiqatçı-jurnalist





27-05-2022, 09:35
“PARAM-PARÇA İLLƏRİM...”

“PARAM-PARÇA İLLƏRİM...”

Mayın 25-də Bakı şəhərinin, Suraxanı rayonundakı 226 nömrəli tam orta məktəbdə Azərbaycan xalq şairi Vahid Əzizin “Param-parça illər...” kitabının təqdimatı keçirildi.

Təqdimatda Suraxanı Rayon İcra Hakimiyytinin başçısı Əziz Əzizov, Suraxanı Rayon YAP sədri Vüqar Seyidov, RİH başçısının müavini Könül Axundova, məktəbin şəhid məzunu Nazim Kirxlarovun anası Sultanxanım Kirxlarova, Vətən müharibəsi qazisi, məktəbin məzunu Ülvi Hüseynov, RİH-nin şöbə müdirləri, F.Köçərli adına Uşaq kitabaxanasının direktoru, əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova, F.Köçərli adına Uşaq kitabxanasının direktor müavini, əməkdar mədəniyyət işçisi Zahirə Dadaşova, şagirdlər, valideynlər və pedaqoji kollektiv iştirak etdi. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başladı. Torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.


Tədbiri giriş sözü ilə məktəbin direktoru Arzu Məmmədova açdı. O, “Param-parça illər” kitabı haqqında məlumat verərək, bu topluda şairin Ali Baş Komandan İlham Əliyevə, 44 günlük Vətən müharibəsinə, igid oğullarımıza, Böyük Zəfərə həsr etdiyi şeirlərin toplandığını bildirdi. Tədbirdə Suraxanı Rayon İcra Hakimiyytinin başçısı Əziz Əzizov çıxış edərək, Prezident İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazandığımız şanlı Zəfərlə şəhidlərimizin qisasının alındığını, bu qələbə ilə hər bir vətəndaşın Azərbaycan tarixində yeni mərhələnin başlanmasının şahidi olduğunu bildirdi. Sonra Əziz Əzizov şair Vahid Əzizlə olan görüşün şagirdlərin vətənpərvərlik tərbiyəsində mühüm əhəmiyyət kəsb edəcəyini, yaradıcı ziyalılarla olan görüşlərin digər təhsil ocaqlarında da davam etdirilməsinin vacibliyini diqqətə çatdırdı.

Tədbirin aparıcısı məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Güldanə Xalıqova xalq şairi Vahid Əzizin müəllifi olduğu “Param-parça illər...” kitabında poetik obrazın güclü olduğunu, şairin bütövlükdə şeirlərində yurd təəssübkeşliyinin, Vətənə olan sonsuz məhəbbətin tərənnüm olunduğunu bildirdi. Müəllifin “Dəmir yumruq” silsiləsində isə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığından bəhs olunduğu qeyd olundu. Vurğulandı ki, kitabda müəllifin Vətən müharibəsi günlərində Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sarsılmaz dostluğuna, Qarabağın tacı Şuşaya həsr olunduğu şeirlər, “Heyrət səcdəsi” adlı poema və "Şəhidlik zirvəsi", "Naməlum şəhid məzarı", "Şəhid məzarına məktub", "Vətən", "Qarabağda", "Qarabağ", "İrəvana qədər", "Yaşatdılar” və s şeirlər daxil edilib.

Xalq şairi Vahid Əziz alqış sədaları altında səhnəyə dəvət olundu. Vahid Əziz çox şaxəli ədəbi yaradıcılığından, tarixi yurd yerlərimizdən, “Param-parça illər...” kitabında yazdığı bəzi şeirlərdən danışdı. Vətənpərvərlik mövzusunda yazdığı yeni şeirini söylədi. Şair “Param-parça illər” kitabındakı aşağıdakı misraları da dilə gətirdi.
Dən səptik – bitən oldu,
Ormanlara tən oldu,
Buralar torpaq idi,
Can verdik, Vətən oldu...

Həmin gün məktəblilər şairin keçdiyi mənalı ömür yolunu vərəqlədilər, yazdığı şeirləri söylədilər. Vahid Əzizin “Param-parça illər” kitabının dövlət mükafatına təqdim olunması xəbəri tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılandı. Xalq şairi 44 günlük Vətən müharibəsindəki tarixi Qələbəmizi, Azərbaycan əsgərinin qəhrəmanlığını böyük ürək çırpıntısı ilə qələmə aldığını, o sevincli Zəfər gününün yaddaşlardan silinməyəcəyini qeyd etdi. Şagirdlərin ona ünvanladığı sualları da əhatəli cavablandırdı. Musiqi çələngini 3 nömrəli uşaq incəsənət məktəbinin müəllimi Rəşidə İskəndərova fortopianoda bəstəkar Faiq Sücəddinovun “Vətən balladası” əsərini ifa edərək tədbir iştirakçılarına ərməğan etdi.

Məktəbin direktoru Arzu Məmmədova çıxışında şagirdlərin istəyi ilə məktəbə dəvət olunan Azərbaycanın xalq şairi Vahid Əzizə, eləcə də Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizova, Suraxanı Rayon YAP-nın sədri Vüqar Seyidova pedaqoji kollektiv adından təşəkkür etdi. Təqdimatın sonunda xatirə şəkli çəkildi.

Təranə CƏBİYEVA
20-05-2022, 22:14
Qərib dünyamızın Sevinci

Qərib dünyamızın Sevinci

Poeziya min illərdir ki, söz səltənətində öz hakimi-mütləqliyini qoruyub saxlamaqdadı. Çünki insan qəlbinin ən mübhəm hisslərini, könül duyğularını lirik-estetik ruhda dilə gətirməkdə nəsrin hələ ki bu qədər qüdrəti və imkanı yoxdur. Həm də poeziya hər sətrində musiqi dili ilə danışdığından insan duyğularına daha tez hakim kəsilir. Bu həqiqəti də unutmaq olmaz ki, milli nəsrimizlə müqayisədə poeizyamız daha qədim köklərə və ənənələrə malikdir.
Tarixən Azərbaycan poeziyasının inkişafında və formalaşmasında kişi yazarlarla yanaşı qadın şairlərimiz də çox önəmli rol oynamışlar. Məhsəti Gəncəvi, Ağabəyim ağa, Xan qızı Natəvan, Fatma xanım Kəminə, Heyran xanım, Aşıq Bəsti, Aşıq Pəri və digər adlarını çəkmədiyim ünlü söz adamları Azərbaycan şeir sənətinin çiçəklənməsində öz silinməz möhürlərini vurmuşlar. Bəzən kişilərin belə dilə gətirə bilmədikləri gerçəklikləri, haqqı-ədaləti, ağrılı məqamları qadın yazarlar daha cəsarətlə, uca səslə bəyan etmişlər. Bu da tarixi həqiqətdir ki, bütün zamanlarda söz meydanında olsalar da, qadın şairlərin səsi XX əsrdə daha gur eşidilməyə başlamışdır. Müasir poeziyamızda da qadın yazarlar daha böyük bir inamla və cəsarətlə boy göstərməkdədirlər.
Sevinc Qərib imzasına bir neçə il öncə rast gəlmişəm. İlk təəssüratdan bu xanımın şeirlərindəki kövrək deyim tərzi, sözün məna çalarlarından böyük ustalıqla yararlanmaq bacarığı, onun ən dərin qatlarına varmaqla fikrin azad, aydın şəkildə çatdırmaq cəsarəti məndə onun yaradıcılığına böyük hörmət və ciddi maraq oyadıb. O zamandan da başlayaraq Sevinc Qərib imzasını ardıcıl olaraq izləməyə başlamışam. Vaxt keçdikcə onun şeirlərinin gündən-günə, ildən-ilə necə bir dinamika ilə ətə-qana dolub, pöhrələndiyinin şahidi olmuşam.
Ayrılıqdan vüsala salınıb bu körpülər,
Eh... hələ də uzaqlar yetimlik çəkir orda.
Qorxuram bu yolların etibarı qırıla,
Həsrət yerin bərkidir, təzə ev tikir burda...

Sevinc Qərib. Adla təxəllüs arasındakı kövrək bir təzad onun şeirlərində sanki iki əks duyğunu bir axarda birləşdirir. İnsanın ürəyindəki sevinci ilə daxili dünyasındakı qəribliyi söz aləminə də sirayət edir. Hər iki hiss bu fani aləmdə insan övladına xas bir-birini dabanqırma izləyən sirli bir ovqatdır ki, Sevinc Qərib bu iki barışmaz duyğunu öz bədii yaradıcılıq müstəvisində poetik ucalıqda birləşdirməyi bacarır.
Bəzən adama elə gəlir ki, Sevinc Qərib uzaq keçmişlərdən günümüzə yol tutub gələn söz karvanının tənha və qərib bir yolçusudur. Sanki çiyninə atdığı söz heybəsinə xalqın ən qədim və zəngin hikmət baxçasından dərdiyi inci sözləri çin-çin yığaraq onları zərgər dəqiqliyi ilə məna sapına düzür.
Körpülərin tağları qırıq bəndə söykənib,
Bir qara əl oynayır sevincimin içində.
Gün təzə boylanırdı duman özün yetirdi,
Yenə yollar üşüyür yiyəsizlik biçimdə.

Sevincin kövək sətirlərindəki duyğular insanı elə bil Simurq quşunun qanadlarına alıb təhtəlşüurumuzda uyumuş uzaq keçmişimizə aparır. O keçmişimizə ki, ucu-bucağı görünməyən bozqırlarda ərən babalarımızın meydan açıb şahə qaldırdıqları meydangir atların kişnərtiləri bir-birinə qarışıb. Adama elə gəlir ki, lap uzaqlardakı yovşan ətrinə bürünmüş qıpçaq çöllərində yurdundan illərlə ayrı düşmüş bir bahadır son ümidin işığına doğru illər öncə qoyub getdiyi doğma obasına yetişmək üçün haçadil atına süvar olub, gecə-gündüz bilmədən yerin damarını qıraraq batıdan doğuya yol gedir.
Yoldumu izimi çəkib aparan,
Mənəmmi bu yolun inadın qıran?
Kimiydi yanımdan ötdü çaparaq,
Kimiydi uzaqdan əl edib duran?
Yol məni, mən yolu gedib bitirdik,
İndi ayrılırıq bir tin başnda.
O məndə, mən onda itib gedirdik,
Fərqində deyildik yayın, qışın da.

Sevinc Qərib təpədən dırnağacan ruh adamıdı. Ağacda yarpağın tərpənməsi də, çəməndə insanı bihuş edən çiçəklərin ətri də, bir payız axşamı pəncərəni döyəcləyən meh də onun duyğularını yerindən oynadıb qəlbini ehtizaza gətirə bilir. Bu kövrək hiss, lirik ovqat da incə bir deyimə çevrilib, nəğməyə dönür. O, məcazlardan, epitetlərdən və digər bədii detallardan yerində və ustalıqla yararlanaraq yeni bir poetik lövhə yarada bilir.
Mənim ruhum başqa, düşüncəm başqa,
Quşun dimdiyində yem sevinciyəm.
Könlümə dost olur bəzən qarışqa,
Kimdi bu qəribdən küsüb inciyən.

Söz adamları nə qədər toplumun diqqət mərkəzində olsalar da, hamı tərəfindən hörmət göstərilib adları urvatlı tutulsalar da, həmişə özlərinin söz dünyalarında tənhadılar. Onların ən böyük könül sirdaşı, ürəkdən inanıb söykənəcək bildikləri də elə sözdən başqa digər bir varlıq deyil.
Hisslərim yaman ağrıyır,
Üstündən ağır söz keçib.
Ürəyim məni qarğıyır-
Deyirəm yenə döz, keçib.
Yorub bu tale, bəxt məni,
Dilim ağzımda süst düşüb.
Ruhum cismimdən eymənib
Bir ayrı cana dəst düşüb.

Ürəyi bənövşə yarpağından da zərif, kövrək və yumşaq olar söz adamının. Bəni insan övladına tez inanar, onu güvənc yeri bilib bu inamın işığında yol gedər. Vay o gündən ki, bu inama, bu ümidə hansısa naşı, ürəksiz zərrə qədər kölgə sala. Bax, onda başlayar söz adamının haqq-hesab saatı, məşhər günü.
Bircə adam saxlayaydın gözümdə,
Kiçiltməzdin ucaltdığım “dağları”.
Bircə ümid, bircə inam, tək güvən...
Qaraltmazdın dürr bildiyim “ağları”.

Sevinc Qəribin şeirləri formaca sadə olduğu qədər də mənaca dərindi. O, hər sözdən yerli-yerində yararlanaraq canlı, emosional təbii lövhələr yarada bilir. Sözlərin aydın və lirik bir ovqatda bir-birini izləməsi fikrin dolğun fəlsəfi-estetik tutumu ilə vəhdət təşkil edir.
Gətirməzdin gözlərimə payızı,
Başlamazdı yarpaq-yarpaq xəzanlar,
Yalanına bulaşmazdı taleyim,
Yıxılmazdı ürəyimdən adamlar.

Tale belə gətirib ki, Laçının başı buludlardan su əmən dağları qoynundakı cənnətmisal qucağında doğulub, uşaqlığını və həyatının sonrakı dönəmini qəriblikdə, şəhərin tozlu-paslı küçələrində keçirməyə məcbur olan şairənin bütün yurd niskilləri və ağrıları da sözün zərif çiyinlərinə yüklənir.
Sən şoran torpaqda ümidlər göyərt,
münbit torpağında yağı oynasın.
Sən vaqonda yaşa, qamışdan ev qur,
sənin xanimanın yad əldə qalsın.
Sən dərdlərə bələn, qəmlərə bükül,
düşmən at oynatsın sənin obanda.
Ürəyindən göynə, içindən sökül,
yağı büsat qursun isti yuvanda.

Hiss olunur ki, Sevinc şeir yazanda heç vaxt onun növünü, janrını, qafiyəsini, rədifini və digər detallarını gözə alıb duyğularını çərçivəyə salmır. Əvəzində duyğular onu ağuşuna alıb öz sirli dünyasına aparır. O dünyaya ki, orada hər şey sevgidən yoğrulub, hər zərrə məhəbbətdən boy tutub. O dünyanın ayrılmaz sakini olan kövrək qadın ürəyində narahat dünyamızın taleyindən nigarançılıq ağrıları keçir, insanlığın qaranlıq sabahına gözlərindən kədər selləri daşdanır.
Mənim ürəyimin divarları sevgidən hörülüb
içində olanlar sevgiylə qorunur.
Kasıb komalarının köhnəlmiş damından
yağış daman kimi
göz yaşı damar, ağrı damar mənim
ürəyimdən hərdən.
Hər gecə yuxuları aldadıb ürəyimə köçürəm,
səliqəyə salıram dağınıq eşq süfrəsini,
gündüz tökdüklərimi yığıram öz yerinə.
Sonra öpüb gözündən enirəm yatağıma,
Gecə də layla çalır dizlərində uyuyan
o bəxtəvər qadına...

Sevincin sözlə yaratdığı çeşidli bədii fikir lövhələri poeziyanın imkanlarının nə qədər geniş və hüdudsuz olduğunu bir daha bütün əzəməti ilə gözümüz önündə canlandırır. Az sözlə böyük məna yaratmaq, fikrin fəlsəfi-estetik tutumunda poetik lövhə nəqş etmək gənc şairənin böyük söz potensialına malik olduğundan xəbər verir.
Getdiyim yolun kəsəsi
Qəmin izinə calanır.
Kimim var umub küsəsi,
Kölgəm dizimə dolanır.

Sevinc Qərib bu gün bədii yaradıcılığının ən qaynar və çiçəklənən dövrünü yaşayır. O, ədəbi mühitdə siyasi-ictimai konyukturanın tələb etdiyi şəkildə qalaq-qalaq kitablar yazmaq, mətbuatda və radio-televiziyada özünü reklam elətdirmək düşüncəsindən uzaq bir ovqatda sadə bir şair ömrü yaşayır. Başları başlarında dayananların tərifinə, mədhinə qarışmış ədəbi orqanlar və yaradıcılıq qurumları hələ ki, bu istedadlı söz adamını görməzdən gəlirlər. Lakin sözün qüdrətinə, ilahi gücünə öz varlığı qədər inanan və tapınan Sevinc Qəribin heç bu “xala xətrin qalmasın” münasibətlərə ehtiyacı da yoxdu. Çünki o, şeirin və sənətin təmənnasız söz ömrünü yaşayır. O ömrü ki, əsrlərin və nəsillərin təlatümləri, kataklizmləri belə bir ləyaqətli söz ömrü yaşayan insanın adını sözün yaddaşından silmək gücündə belə deyil.
Qavalı neynirəm, dəfi neynirəm
İçimdə inləyən saz havası var.
Sırası pozulmuş səfi demirəm
Qərib durnaların öz cəfası var.

Dinər könlümdəki yaralı nəğmə
Susar göy üzünün “kişnəyən atı”
Qəmim qol qaldırıb oynayan nəğmə
Sevdamın dərd adlı toyu büsatı.

Hərdən mənə elə gəlir ki, Sevinc Qərib qatarından ayrı düşmüş qərib bir durnadır. Sözün işığına doğru əbədi bir yola çıxıb. Öz səfini və qatarını yaratmaq üçün ucsuz-bucaqsız səmalarda gecə-gündüz qanad çalır. Bu əzablı, uzun yolda ona möhkəm can sağlığı, yorulmaz fəaliyyət, uğurlar və elə söz ömrü arzulayırıq.

İlham Məmmədli
filologiya üzrə fəlsəfə doktoru, dosent
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!