1-12-2022, 13:46
Dünya çempionatının formatı dəyişirDünya çempionatının qrup mərhələsində penaltilər seriyası tətbiq oluna bilər. Yeni qaydanın 2026-cı ildən işə salınması nəzərdən keçirilir. Belə ki, DÇ-2026-dan başlayaraq turnirdə 48 komanda iştirak edəcək. Onlar 3 komandadan ibarət 16 qrupa bölünəcək. İlk iki yeri tutan komanda play-offa yüksələcək. 3-lük qruplarda daha sərt nəticələr olacağı üçün FIFA qrup mərhələsində penaltilər seriyasının tətbiqi ideyası üzərində düşünür. Bu, xalların və cədvəllərdəki digər göstəricilərin bərabərliyi şansını azaltmalıdır. Penaltilər seriyasında qalib gələn komanda bonus xalları da alacaq. Qrupda 3 komandanın yer alacağı formatla bağlı FIFA-da narahatlıq yaradan yeganə amil bütün komandaların oyunlarının eyni vaxtda keçirilməsinin mümkünsüzlüyüdür. Bu, sonuncu dəfə görüşən komandaların hər iki tərəfi qane edən nəticə üçün oynamağa razılaşmasına gətirib çıxara bilər. Hesab olunur ki, penaltilər seriyası belə razılaşmaların mümkünlüyü riskini azaltmağa kömək edəcək. Bundan əlavə, mümkün pozuntu riskini daha da azaltmaq üçün penalti seriyasının matçların başlamasından əvvəl keçirilməsi variantı da müzakirə olunur.
1-12-2022, 13:43
Azərbaycana qarşı qətnamə Parisin rəsmi mövqeyi deyil - Fransa XİNFransa parlamenti palatalarının Azərbaycana qarşı sanksiyaların tətbiqinə çağıran qətnamələri Parisin rəsmi xəttini əks etdirmir. Bu barədə Fransa Xarici İşlər Nazirliyindən (XİN) bildirilib. "Parlamentarilərin bu təşəbbüsü Fransa hökumətinin rəsmi mövqeyi deyil və tamamilə müstəqil şəkildə, hakimiyyət bölgüsü prinsipinə uyğun olaraq qəbul edilib", - açıqlamada deyilir. Bildirilib ki, Fransa hökumətinin mövqeyi hamıya məlumdur. Diqqətə çatdırılıb ki, Fransa sülhə nail olmaq fürsətindən istifadə etmək üçün tərəfləri danışıqlarda irəliləməyə təşviq etməyi hədəfləyir. Qeyd edək ki, ötən gün Fransa parlamentinin aşağı palatası - Milli Assambleya Azərbaycan əleyhinə qətnamə qəbul edib.
1-12-2022, 13:41
Kömür mədənində partlayış - 9 nəfər öldüPakistanın şimal-qərbində yerləşən Hayber Paxtunxva əyalətinin Orakazi bölgəsində kömür mədənində partlayış baş verib. Partlayış nəticəsində mədəndə çökmə olub. Hadisə zamanı 9 işçi həyatını itirib, daha 4 nəfər isə yaralanıb. Orakazi bölgəsinin qubernatoru Adnan Fərid həyatını itirən və yaralananların Şanqla bölgəsindən olduğunu bildirib. İlkin araşdırmalara əsasən, partlayışın şaxtada yığılan qazdan baş verdiyi ehtimal edilir.
30-11-2022, 19:39
İran Rusiyaya silah verməyə son qoymalıdır - Stoltenberqİran və digər ölkələr Ukraynaya qarşı müharibədə Rusiyaya silah-sursat verilməsinə son qoymalıdır. Bu barədə Alyansın baş katibi Yens Stoltenberq Buxarestdə təşkilata üzv ölkələrin xarici işlər nazirlərinin toplantısında bildirib. Baş katib deyib ki, İran və ya heç bir başqa ölkə Rusiyaya raketlər, pilotsuz uçuş aparatları və ya hər hansı digər hərbi vasitələr verməməlidir.
30-11-2022, 19:28
Bəsitçay Qoruğunun Əsasnaməsi təsdiqləndiBəsitçay Dövlət Təbiət Qoruğunun Əsasnaməsi və sanitariya-mühafizə zonası təsdiqlənib. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, Bəsitçay Dövlət Təbiət Qoruğunun sanitariya-mühafizə zonası 317,26 hektarlıq sahədə təsdiq edilib. Sənədə əsasən, Bəsitçay Dövlət Təbiət Qoruğu səciyyəvi və nadir təbiət komplekslərini və obyektlərini (Şərq çinarı, Qafqaz dağdağanı, Yunan qozu, Qızılxallı forel və s.) təbii vəziyyətdə qoruyub saxlamaq, təbiət proseslərinin və hadisələrinin gedişini öyrənmək məqsədilə yaradılmış təbiəti mühafizə və elmi tədqiqat idarəsi statusuna malik ərazidir. Qoruq Azərbaycan SSR Nazirlər Sovetinin 1974-cü il 4 iyun tarixli 172 nömrəli Qərarı ilə Zəngilan rayonunun inzibati ərazisində yaradılıb və Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 20 oktyabr tarixli 2971 nömrəli sərəncamı ilə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunun inzibati ərazisində fəaliyyəti bərpa edilib. Qoruğun ərazisi respublika əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinə aiddir və bu əraziyə xüsusi mühafizənin hüquqi rejimi tətbiq edilir. Məqsədli istifadəsinə və hüquqi rejiminə görə Qoruğun torpaqları təbii qoruq təyinatlı torpaqlara daxildir. Qoruğun torpaqlarından, habelə onun hüdudlarında olan sudan, bitki və heyvanlar aləmindən təsərrüfat məqsədləri üçün istifadə edilməsi qadağandır. Qoruğa ekologiya və təbii sərvətlər naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən direktor rəhbərlik edəcək. Direktor Qoruğun fəaliyyətinə görə şəxsən məsuliyyət daşıyır.
30-11-2022, 19:26
Goranboyun Baş planı təsdiq edildiNazirlər Kabineti "Goranboy şəhərinin 2039-cu ilədək inkişafına dair Baş planı”nı təsdiq edib. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərar “Goranboy şəhərinin 2039-cu ilədək inkişafına dair Baş planı”nın təsdiq edilməsi haqqında “Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” 29 iyun 2012-ci il tarixli qanunun tətbiqi barədə” ölkə prezidentinin 4 sentyabr 2012-ci il tarixli fərmanının 4.2-ci bəndinə əsasən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təklifi nəzərə alınaraq qəbul edilib.
30-11-2022, 19:25
NATO ölkələri Çindən asılılığı azaldacaq NATO ölkələri Çindən asılılığı azaltmaq barədə qərar qəbul edib. Bu barədə təşkilatın Baş katibi Yens Stoltenberq məlumat verib. Baş katib digər avtoritar rejimlərdən də asılılığın azaldılmasının zəruri olduğunu vurğulayıb. Stoltenberq deyib ki, NATO ölkələrinin xarici işlər nazirləri Çinin iddialı hərbi inkişafını, texnoloji sıçrayışını nəzərdən keçiriblər. Qeyd edək ki, Rumıniyanın paytaxtı Buxarest şəhərində NATO ölkələrinin xarici işlər nazirlərinin iclası keçirilib.
30-11-2022, 19:23
Estoniya Aİ-dən 156 milyon avro təzminat alacaqEstoniya Aİ-dən 156 milyon avro təzminat alacaq
Estoniya Ukraynaya göstərdiyi hərbi yardıma görə Avropa İttifaqından 156 milyon avro təzminat alacaq. Bu barədə Estoniya Müdafiə Nazirliyinin sözçüsü Tomas Mell bildirib. "Avropa İttifaqı Avropa Sülh Fondu çərçivəsində Ukraynaya hərbi dəstək üçün ümumilikdə 3,1 milyard avro dəyərində 6 yardım paketinin ayrılmasını təsdiqləyib. Bu məbləğdən 156 milyon avro Estoniyaya qaytarılacaq", - nazirlik rəsmisi vurğulayıb. Qeyd edək ki, bundan əvvəl Estoniyaya 135 milyon avro məbləğində kompensasiya ödənilməsi barədə qərar verilib. Tomas Mellin sözlərinə görə, Estoniya bu vəsaitdən öz hərbi potensialını bərpa etmək üçün istifadə edəcək.
30-11-2022, 19:22
Ukrayna səfirliyində partlayış - Yaralı varUkraynanın İspaniyanın paytaxtı Madrid şəhərindəki səfirliyində partlayış olub. Bu barədə “Reuters” agentliyi məlumat yayıb. Bildirilib ki, hadisə nəticəsində 1 nəfər yaralanıb. İspaniya mətbuatının yaydığı məlumata görə, xəsarət alan şəxs səfirliyin əməkdaşıdır. Ehtimal olunur ki, diplomatik nümayəndəliyə içərisində kiçik partlayıcı qurğu olan qutu göndərilib. Səfirliyin əməkdaşı qutunu açan zaman partlayış baş verib. Yaralı xəstəxanaya yerləşdirilib. Əraziyə polis əməkdaşları cəlb olunub. Hazırda faktla əlaqədar araşdırma aparılır.
30-11-2022, 19:20
Həbsdə olan qazilə bağlı Ukrayna Ombudsmanına müraciət edildiAzərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Ukrayna Ali Radasının İnsan Hüquqları üzrə Müvəkkili Dmitri Lubinets arasında videokonfrans formatında görüş keçirilib. Ombudsman Aparatından verilən xəbərə görə, görüş zamanı insan hüquqlarının müdafiəsi sahəsində qurumlar arasında qarşılıqlı əlaqələrin inkişafı istiqamətləri müzakirə edilib. Tərəflər həmçinin iki ölkə vətəndaşlarının hüquqlarının səmərəli müdafiəsi sahəsində əməkdaşlıq perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar. Ukraynadakı mövcud müharibə səbəbindən bu ölkənin Azərbaycana gələn vətəndaşlarının hüquqlarının müdafiəsi barədə danışarkən Ombudsman qaçqın və məcburi köçkünlərin, miqrantların hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən fəaliyyət, o cümlədən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin informasiya əldə etmək hüququ ilə bağlı hazırlanmış bukletlər haqqında həmkarına məlumat verib və həmin bukletlərin eyni zamanda Ukrayna dilinə də tərcümə edildiyini qeyd edib. Beynəlxalq hüquq çərçivəsində ölkələrin ərazi bütövlüyünə hörmətin əsas meyar olduğunu vurğulayan S.Əliyeva regionda davamlı sülh, əmin-amanlıq və inkişafın təmin olunması ilə bağlı ombudsman və milli insan hüquqları təsisatlarının əməkdaşlığının vacibliyini qeyd edib. Bu baxımdan qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsi ilə bağlı uzun illərin təcrübəsinə malik olan Azərbaycan Ombudsman təsisatının bu istiqamətdə təcrübələrini bölüşməyə hazır olduğu bildirilib. Görüşdə S.Əliyeva Ukraynada saxlanılan və hazırda barələrində məhkəmə prosesi davam edən Azərbaycan Respublikası vətəndaşları Misir Qasımlı və Sübhan Quliyevin vəziyyətlərindən narahatlığını bildirərək, onların hüquqlarının təmin olunması ilə bağlı məsələni bir daha həmkarının diqqətinə çatdırıb. Azərbaycan Ombudsmanının bununla əlaqədar əvvəlki müraciətləri nəzərə alınaraq qeyd olunan şəxslərin hüquqlarının təmini vəziyyətinin nəzarətdə saxlanıldığı bildirilib. Yekunda iki qurum arasında əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsi istiqamətində səylərin artırılacağına dair razılıq əldə edilib. Qeyd edək ki, II Qarabağ müharibəsi iştirakçısı Misir Qasımlı 1 ildir ki, Ukraynada həbsdə saxlanılır.