Rusiya Avropa İttifaqının sərhəd missiyasına qarşı çıxdı
"Biz Avropa İttifaqının mülki missiyasına təəssüflər olsun ki, bu təşkilatın Bakı ilə İrəvan arasında münasibətlərin nizamlanmasına mane olmaq, Rusiyanın vasitəçilik səylərini məhdudlaşdırmaq cəhdi kimi baxırıq". Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova deyib. XİN rəsmisi qeyd edib ki, Bakı ilə İrəvanın barışmasının, regionda dayanıqlı sülhün və uzunmüddətli sabitliyin bərqərar olmasının yeganə açarı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatlarının tam şəkildə həyata keçirilməsidir. Xatırladaq ki, Avropa İttifaqının Ermənistana missiya göndərməsi barədə razılıq Praqada əldə olunub. Bu gün Avropa İttifaqına üzv ölkələrin səfirləri Ermənistana mülki missiya göndərmək barədə razılığa gəliblər. Müvafiq qərar Siyasət və Təhlükəsizlik Komissiyasının qapalı iclasında qəbul edilib. Missiya Azərbaycanla sərhəddə yerləşdiriləcək. Məqsəd etimad yaratmaq, eləcə də sərhədlərin delimitasiyası prosesini təşviq etməkdir.
Azərbaycan və Qırğızıstan rəsmi şəkildə strateji tərəfdaşdır
"Artıq yarım ildir ki, Azərbaycan və Qırğızıstan rəsmi şəkildə strateji tərəfdaşdırlar". Bu barədə Prezident İlham Əliyev Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın geniş tərkibdə iclasında deyib. Strateji tərəfdaşlıq haqqında Bəyannamənin Bakıda, Qırğızıstan Prezidenti Sadır Japarovun səfəri zamanı imzalandığını xatırladan dövlət başçısı bildirib ki, bu gün məhdud tərkibdə görüşdə bu Bəyannamənin necə uğurla həyata keçməsi barədə fikir mübadiləsi aparılıb."Biz onu daha konkret məzmunla zənginləşdirəcəyik. Düşünürəm ki, birgə investisiya fondunun yaradılması barədə qərar belə amillərdən biridir", - deyə Prezident İlham Əliyev vurğulayıb.
Türkiyənin milli müdafiə naziri Hulusi Akar rusiyalı həmkarı Sergey Şoyqu ilə telefonla danışıb. Bu barədə Türkiyə tərəfi məlumat yayıb. Tərəflər Ukrayna və Suriya başda olmaqla ikitərəfli və regional məsələləri müzakirə ediblər. Hulusi Akar daha çox insan ölümünün qarşısının alınması, regionda sülh və sabitliyin bərqərar olması üçün atəşkəsin vacibliyini vurğulayıb.
Rusiya və Ukrayna arasında növbəti əsir mübadiləsi
Ukrayna və Rusiya arasında növbəti əsir mübadiləsi baş tutub. Bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak məlumat yayıb. O bildirib ki, mübadilə zamanı Rusiya tərəfindən əsir götürülən 32 ukraynalı geri qaytarılıb."Azad edilənlər arasında (Ukrayna) Silahlı Qüvvələrinin zabitləri, çavuşları və əsgərləri var. Onların hamısı şiddətli döyüşlərin getdiyi yerlərdə olub. Bu insanların çoxu itkin düşmüş hesab olunurdu", - Yermak "Telegram"da yazıb.
İlham Əliyevin Bişkekdə rəsmi qarşılanma mərasimi oldu
Oktyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bişkekdəki Ala-Arça dövlət iqamətgahında rəsmi qarşılanma mərasimi olub. Butov.az xəbər verir ki, Azərbaycanın və Qırğızıstanın Dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib. Azərbaycanın və Qırğızıstanın Dövlət himnləri səsləndirilib. Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstan əsgərlərini salamlayıb. Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Qırğızıstanın dövlət və hökumət nümayəndələri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Prezident Sadır Japarova təqdim edilib. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında prezidentlərin qarşısından keçib. Dövlət başçıları rəsmi foto çəkdiriblər.
Baş Qərargah rəisləri Bakıya gəlir - Sabah iclas olacaq
Oktyabrın 12-də Bakıda Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçı dövlətlərinin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclası keçiriləcək. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. İclasda Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan silahlı qüvvələrinin Baş Qərargah rəisləri, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini və Tacikistanın Rusiyadakı hərbi attaşesi iştirak edəcək. İclasa Azərbaycan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev sədrlik edəcək.
“11 min manat kartdadır, o pula əlimi vurmaram” – Şəhid Səbuhinin qardaşı
“11 min manatlıq birdəfə ödəmə kart hesabındadır. Pulu kartdan çıxarmamışam. Elə orada qalıb”. Bunu açıqlamasında son döyüşlər zamanı şəhid olan hərbçi Səbuhi Əhmədov qardaşı Sənan Əhmədov deyib. O, 11 min manatın şəhidin “qan pulu” olduğunu söyləyib və həmin vəsaiti şəxsi ehtiyacı üçün xərcləməyəcəyini bildirib:“O pula əlimi də vurmaram və heç vaxt şəxsi ehtiyaclarım üçün xərcləmərəm. Amma həyat yoldaşım istəsə, hansısa ehtiyacı üçün istifadə edə bilər. Məni şəxsən pul maraqlandırmır”. Ona təklif olunan birotaqlı evdən imtina etdiyini xatırladan şəhid qardaşı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə görüşmək istədiyini söyləyib:“Mənə təklif olunan birotaqlı evdən imtina etdim. O evi mənə yazıqları gəldiyi üçün təklif etmişdilər. Evim yoxdur, kirayədə qalıram, bundan sonra da kirayədə qalaram. Bəlkə də, nazir Sahil Babayevin olanlardan xəbəri yoxdur. Əgər həqiqətən də xəbəri yoxdursa, onunla görüşmək istəyərdim”. Qeyd edək ki, 2 yaşında valideynlərini itirən Səbuhi Əhmədov qardaşı Sənan Əhmədovla birlikdə SOS uşaq evində böyüyüb. 12-14 sentyabr 2022-ci ildə Ermənistan tərəfinin təxribatı nəticəsində şəhid olmuş hərbçi Səbuhi Əhmədov İkinci Fəxri Xiyabanda dəfn olunub.
Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 9-cu sanksiyalar paketini müzakirə edir. Bu barədə Rusiyanın TASS agentliyi məlumat yayıb. Məlumata əsasən, Rusiya təbii qazı üçün yüksək qiymət limitinin müəyyən edilməsi sanksiyalar paketində hələ nəzərdə tutulmur.
Paytaxtın Sabunçu rayonu, Balaxanı qəsəbəsində quraşdırılan içərisində 5 405 manat olan “MilliÖn” ödəniş terminalı oğurlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri - Roman Abbasov və Saleh Nağızadə müəyyən olunaraq saxlanılıblar. Bu şəxslər aparatı oğurlayandan sonra Balaxanı qəsəbəsi ərazisində sındıraraq kassadakı pulları əldə ediblər. Araşdırma zamanı müəyyən edilib ki, ödəniş terminalı həmin ərazidən Saleh Nağızadəyə məxsus avtomobillə aparılıb. Saxlanılan şəxslərin terminaldan oğurluq etməsi ərazidə quraşdırılan təhlükəsizlik kameraları vasitəsi ilə də anbaan qeydə alınıb. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət İşi başlanılıb, Hadisədə iştirak edən digər şəxslərin də saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Bakı və İrəvan sülh sazişinin əsas bəndləri üzrə razılığa gəlib - Çavuşoğlu
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Azərbaycan və Ermənistan sülh müqaviləsinin fundamental bəndləri üzrə razılıq əldə ediblər, indi onları həyata keçirmək qalır. Çavuşoğlu bunu Tvnet-ə müsahibəsində deyib."Prinsial məqamlar üzrə razılıq əldə olunub - bunlardan 5-i var idi. Bura bir-birinin ərazi bütövlüyünün tanınması, sərhədlərin demarkasiyası və s. daxildir. Yalnız onları həyata keçirmək qalır", - Çavuşoğlu bildirib. Onun sözlərinə görə, Ankaranın İrəvanla münasibətləri normallaşdırma prosesi və Bakı ilə İrəvan arasında sülh müqaviləsi üzrə danışıqlar bir-birindən ayrı gedə bilməz.“Biz bu barədə dəfələrlə danışmışıq”, - Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri bildirib. Teleaparıcının "bu, Türkiyənin "qırmızı xəttidirmi" sualına Çavuşoğlu “bəli” deyə cavab verib. Türkiyənin xarici işlər naziri onu da əlavə edib ki, prezident Rəcəb Tayyib Ərdoğanla Ermənistanın baş naziri Nikol Paşinyan arasında Praqada keçirilən görüş müsbət keçib. Eyni zamanda, Çavuşoğlu qeyd edib ki, rəsmi İrəvan həm ölkə daxilində, həm də diaspor tərəfindən təzyiqlərə məruz qalır.
Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib. Bu barədə onun dostları məlumat yayıblar. O, ağır xəstəlikdən əziyyət çəkirmiş. Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb. 2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır. Allah rəhmət etsin!