Bu gün səhər saatlarında Rusiya Ukraynanın Zaporojye, Odessa, Rivne və Krivoy Roq vilayətlərinə hücum edib. Bu barədə Ukrayna KİV-ləri məlumat yayıb. Bildirilir ki, Zaporojye şəhərinin mərkəzinə endirilən raket zərbəsi nəticəsində 1 nəfər ölüb. Odessa, Rivne və Krivoy Roq vilayətlərində isə partlayış səsləri eşidilib.
Oktyabrın 14-də Monteneqronun Budva şəhərində qadın boksçular arasında Avropa çempionatı start götürəcək. Boks Federasiyasından verilən məlumata görə, 9 gün davam edəcək yarışda Azərbaycan milli komandası da mübarizə aparacaq. Yığma baş məşqçi Yadigar Məmmədov və məşqçi İlkin Ağayevin rəhbərliyi altında çempionatda 5 boksçu ilə təmsil olunacaq. Budvada ölkəmizin idman şərəfini Günel Rəhimova (48 kq), Anaxanım İsmayılova (51 kq), Zeynəb Rəhimova (57 kq), Şəhla Allahverdiyeva (66 kq) və Aynur Rzayeva (80 kq) qoruyacaq. Bu gün səfərə yollanan komanda oktyabrın 23-də Bakıya qayıdacaq. Qeyd edək ki, Avropa çempionatının püşkü oktyabrın 13-də atılacaq.
"Qarabağ" - "Olimpiakos" matçını ingilislər idarə edəcək
Bakıda "Qarabağ" və Yunanıstanın "Olimpiakos"u arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyunu üçün təyinatlar açıqlanıb. Butov.az xəbər verir ki, qarşılaşma İngiltərədən olan hakimlər briqadasına tapşırılıb. Baş hakim Craig Pavsona Lee Betts və İan Hussin laynsmanlar qismində köməklik göstərəcək. Dördüncü hakim funksiyasını John Brooks yerinə yetirəcək. Darren Jon Herbert VAR hakimi, Peter Bankes isə onun köməkçisi olacaq. Hakim-inspektor norveçli Jon Skjervold, UEFA nümayəndəsi Bosniya və Herseqovinadan olan Milan Jankoviçdir. Qeyd edək ki, oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq "Qarabağ" - "Olimpiakos" matçı saat 20:45-də başlayacaq. "Köhlən atlar" III turda Afinadakı görüşdə rəqibini 3 cavabsız qolla məğlub edib.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonunun Qobu qəsəbəsində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub. FHN-dən verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın 1 ədəd döyüş tətbiqinə yararlı 100mm-lik top mərmisi olduğu müəyyən edilib. Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb. Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.
Oktyabrın 10-u saat 23:00-da Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Qaraiman yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Daşkəsən rayonunun Astaf yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub. Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib. Azərbaycan Ordusunun qeyd olunan istiqamətdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
Azərbaycanlı müğənni Türkiyədə döyüldü - Burnu sındı
Azərbaycanlı müğənni Nərgiz Bağıyeva İstanbulda avtomobilini əzən taksi sürücüsü tərəfindən döyülüb. Butov.az xəbər verir ki, taksi sürücüsü müğənniyə yumruq zərbələri endirərək, onun burnunu sındırıb, başını dəmir baryerlərə vurub, daha sonra telefonunu qırıb. Müğənni Nərgiz Bağıyeva hadisə barədə polisə məlumat verib və həmin sürücüdən şikayətçi olub.
Rusiya ordusu Zaporojyeyə yenidən raket zərbələri endirib. Hazırda dağıntı və zərərçəkənlər barədə məlumat dəqiqləşdirilir. Bu barədə Zaporojye vilayətinin rəhbəri Aleksandr Staruxun "Telegram" kanalında yazıb. Onun sözlərinə görə, ruslar infrastruktur obyektlərini hədəfə alıblar:"İşğalçılar rayon mərkəzinə raketlərlə hücum edib. Düşmənin hədəfləri infrastruktur obyektləri olub. Dağıntı və qurbanlar barədə məlumat dəqiqləşdirilir". Vilayət rəhbəri şəhər əhalisini sığınacaqlarda qalmağa çağırıb.
Ukraynada davam edən müharibədə daha bir azərbaycanlı həlak olub. Bu barədə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu məlumat yayıb. Qeyd edilib ki, 1984-cü il təvəllüdlü Ruslan Hüseyn oğlu Məmmədov Xersonun müdafiəsi zamanı həlak olub.
ABŞ Ukraynanı hava hücumundan müdafiə silahları ilə təmin edəcək
ABŞ prezidenti Co Bayden bu gün Ukrayna prezidenti Volodimir Zelenski ilə telefonla danışıb. Bu barədə Ağ Evin mətbuat xidməti bildirib. Məlumata əsasən, o, Ukraynaya özünü müdafiə etmək üçün lazım olan dəstəyi göstərməyə davam edəcəyinə söz verib. Xüsusilə, hava hücumundan müdafiə sistemləri haqqında söhbət aparılıb. Ukrayna prezidentinin mətbuat xidməti də C.Baydenlə telefon danışığı barədə məlumat yayıb."ABŞ prezidenti Co Baydenlə məhsuldar söhbət apardım. Əsas müzakirə mövzusu hava hücumundan müdafiə olub. Bu, hazırda müdafiə sahəsində əməkdaşlığımızda bir nömrəli prioritetdir", - deyə V.Zelenski bildirib.
“Ukrayna ilə döyüşmək istəmirik” - Belarusun müdafiə naziri
Belarus qonşu dövlətlərlə döyüşmək niyyətində deyil. Bunu Belarusun müdafiə naziri Viktor Xrenin bildirib.“Biz litvalılar, polyaklar, ukraynalılarla döyüşmək istəmirik. Əgər onlar istəməsələr və yanlış addımlar atmasalar, müharibə olmayacaq”, - nazir deyib. Nazir, həmçinin qeyd edib ki, ölkənin silahlı qüvvələrinin planları müdafiə xarakteri daşıyır, lakin təcavüz halında dərhal və sərt cavab veriləcək.
Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib. Bu barədə onun dostları məlumat yayıblar. O, ağır xəstəlikdən əziyyət çəkirmiş. Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb. 2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır. Allah rəhmət etsin!