Türküstan poeziyası .....                        Özünü axtaran şair, təbrik edirik! .....                        Mehriban Əliyevaya “Müqəddəs Knyaginya Olqa” ordeni təqdim edildi - FOTO .....                        Sumqayıtda silah-sursat tapıldı .....                        Ərdoğan Şimali Kiprdə .....                        Netanyahu Azərbaycana səfərini təxirə saldı .....                        Bakıda 8 bıçaq yarası alan kişi öldü - Şübhəli oğludur .....                        Türkiyədən Netanyahu ilə bağlı təkzib .....                        Azərbaycan komandası birinci oldu, Ərdoğan mükafat verdi .....                       
18-03-2024, 12:25
İlham Əliyev Xankəndidə Novruz tonüalını alovlandırdı - FOTO


İlham Əliyev Xankəndidə Novruz tonüalını alovlandırdı - FOTO

Martın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb.
Dövlət başçısı Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib.

Prezident İlham Əliyevin təbriki

- Əziz bacılar və qardaşlar.
Sizi qarşıdan gələn Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm.
Dördüncü dəfədir ki, bayram tonqalını mən azad edilmiş Qarabağ torpağında qalayıram. 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, keçən il Talış kəndində, bu dəfə isə Xankəndi şəhərində bayram tonqalı qalanır. Bu, böyük xoşbəxtlikdir. Altı ay bundan əvvəl cəmi bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində biz öz suverenliyimizi tam bərpa etdik və bu gün Azərbaycan ərazisində ölkəmizin ərazi bütövlüyü tamamilə təmin edilmişdir.
Biz İkinci Qarabağ müharibəsi zamanı və antiterror əməliyyatı nəticəsində böyük qəhrəmanlıq göstərmişik. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimizin, igid əsgər və zabitlərimizin fədakarlığı, peşəkarlığı, qəhrəmanlığı nəticəsində bu gün biz bu torpaqlarda qururuq, yaradırıq, bu torpaqlara həyat qayıdır. Geniş quruculuq işləri aparılaraq biz artıq keçmiş köçkünləri öz dədə-baba torpaqlarına qaytara bilmişik və bu il bu proses davam edəcək.
Əfsuslar olsun ki, İkinci Qarabağ müharibəsinin nəticələri Ermənistana dərs olmadı. Keçən ilin Novruz bayramı təbriklərimdə mən bu barədə danışmışdım və təəssüf hissimi bildirmişdim ki, İkinci Qarabağ müharibəsindəki onların məğlubiyyəti onlara dərs olmadı. Əgər dərs olsaydı, antiterror əməliyyatının keçirilməsinə ehtiyac olmazdı. Ermənistan İkinci Qarabağ müharibəsindən sonra keçən üç il ərzində düzgün nəticə çıxarmamışdır, öz qanunsuz silahlı birləşmələrini bizim torpağımızda əbədi saxlamaq istəyirdi, burada vaxtılə qanunsuz yaradılmış qondarma dırnaqarası Dağlıq Qarabağ respublikasını yaşatmaq istəyirdi. Bütün bunlar beynəlxalq hüquqa tamamilə ziddir və ən əsası Azərbaycan xalqının iradəsinə ziddir.
Azərbaycan İkinci Qarabağ müharibəsi nəticəsində öz ərazilərinin böyük hissəsini döyüş meydanında azad edib. Halbuki işğal dövründə dəfələrlə bir çox paytaxtlardan bizə siqnallar göndərilirdi ki, bu münaqişənin hərbi həlli yoxdur. Biz sübut etdik ki, istənilən münaqişənin hərbi həlli var. Əgər işğalçı dövlət qanunsuz olaraq digər ölkənin ərazisini işğal altında saxlayır və o torpaqlardan öz xoşu ilə çıxmaq istəmirsə, yeganə yol hərbi yoldur. Biz beynəlxalq hüquq çərçivəsində öz ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etmişik, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini özümüz döyüş meydanında bərpa etmişik.
Altı ay bundan əvvəl uğurla keçirilmiş antiterror əməliyyatı beynəlxalq hüququn təntənəsidir, Azərbaycan xalqının əyilməz ruhunun təntənəsidir. Biz bir daha göstərdik ki, öz yolumuzdan dönməyəcəyik, Ermənistanın arxasında istənilən qüvvələr dursalar belə, biz öz istədiyimizə nail olacağıq və nail olmuşuq.
Biz iyirmi il torpaqlarımızın azad olunmasına hazırlaşmışdıq. Bir çox istiqamətlər üzrə planlı şəkildə işlər gedirdi. Siyasi müstəvidə dünyada Azərbaycanın mövqeləri möhkəmləndi, dostlarımızın sayı böyük dərəcədə artmışdır. Beynəlxalq təşkilatlar bizim təşəbbüsümüzlə münaqişə ilə bağlı bizim mövqeyimizi dəstəkləyən və beynəlxalq hüquqa əsaslanan qərar və qətnamələr qəbul etmişlər və bu münaqişənin həlli üçün hüquqi və siyasi zəmin yaratmışdır. Biz iqtisadi inkişafa nail olduq, iqtisadi müstəqilliyə nail olduq və bu gün heç kimdən iqtisadi cəhətdən və təbii ki, siyasi cəhətdən asılı deyilik. Güclü iqtisadiyyat bizə imkan verdi ki, siyasi müstəvidə öz siyasətimizi müstəqil şəkildə aparaq. Bu gün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, onun siyasəti tamamilə müstəqildir, ancaq və ancaq Azərbaycan xalqının maraqlarına, iradəsinə əsaslanır.
Təbii ki, əsas vəzifəmiz torpaqlarımızı işğalçılardan azad etmək idi. Bu məqsədlə hərbi gücümüzü artırmaq bizim əsas vəzifəmizdir. Ordumuzun, bütün Silahlı Qüvvələrimizin döyüş qabiliyyəti böyük dərəcədə artmışdır, maddi-texniki təchizat ən yüksək səviyyədə həll olunurdu və İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı bunu bütün dünyaya nümayiş etdirdi. Ən önəmlisi elə bir gənc nəsil yetişdirildi ki, bu gənc nəsil bizim xalqımız üçün əbədi qürur mənbəyi olacaq və bütün dünyaya Azərbaycan xalqının böyüklüyünü nümayiş etdirmişdir. Bizim gənclərimiz vətənpərvərlik ruhunda, milli ruhda yetişdirildi, üç il bundan əvvəl torpaqlarımızı azad etmək üçün ölümə getməyə hazır idilər və ölümə gedirdilər. Bir daha Allah bütün şəhidlərimizə rəhmət eləsin! Biz bütün şəhidlərimizin, günahsız Xocalı qurbanlarının qanını döyüş meydanında aldıq və bununla fəxr edirik. İstənilən ölkə, istənilən xalq bununla fəxr edə bilər, o cümlədən biz. Biz ərazi bütövlüyümüzü, suverenliyimizi, beynəlxalq hüququmuzu, milli ləyaqətimizi bərpa etmişik və bu gün azad xalq kimi yaşayırıq, qururuq və bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq.
Uzun illər ərzində bu meydan və bu bina separatçıların yuvası idi. Ermənistan tərəfindən maliyyələşdirilən və silahlandırılan separatçılar faktiki olaraq Ermənistan ordusunun bir hissəsi idi. Məhz bu meydanda xalqımıza qarşı çirkin planlar hazırlanırdı. Məhz bu binada Xocalı soyqırımının törədilməsi üçün əmrlər verilmişdir. Bu gün isə biz bu meydanda dayanmışıq. Əziz xalqıma bildirmək istəyirəm ki, bu meydana mən “Zəfər meydanı” adı vermişəm, bundan sonra bura Zəfər meydanıdır.
Xankəndi qədim Azərbaycan torpağıdır, Pənahəli xan tərəfindən salınmışdır. Ancaq əfsuslar olsun ki, keçən əsrin 20-ci illərinin əvvəllərində tamamilə əsassız, heç bir hüquqi, siyasi və demoqrafik əsası olmadan burada muxtar vilayət yaradılmışdır və ondan sonra xalqımızın problemləri də başlamışdır. Nəticə etibarilə keçən əsrin 80-ci illərinin sonlarında Ermənistan bizə qarşı müharibə elan edərək, separatçı qüvvələri dəstəkləyərək, xalqımıza qarşı soyqırımı və digər qanlı cinayətlər törədərək, əfsuslar olsun ki, o vaxt öz çirkin arzularına çata bilmişdir. Hesab edirdilər ki, bu torpaqları işğal altında əbədi saxlaya biləcəklər. Bu məsələdə onlara dəstək verən xarici qüvvələr və bu gün dəstək verən xarici qüvvələr bu qanlı məsuliyyəti onlarla bölüşürlər. Bu gün biz azad edilmiş Qarabağda başımızı dik tutaraq yaşayırıq. Bu il Xankəndiyə və digər şəhərlərə, o cümlədən Xocalıya, Şuşaya, Cəbrayıla, Kəlbəcərə keçmiş köçkünlər qayıdacaqlar, bir neçə kəndə köçkünlər qayıdacaqlar və həyat qaynayacaq.
Xankəndi sovet dövründə də Azərbaycan büdcəsi hesabına, Azərbaycan memarları və inşaatçıları tərəfindən inşa edilmişdir. Bax, arxadakı bina Vilayət Partiya Komitəsinin binası idi. Bu binanın müəllifi Azərbaycan memarı Həsən Məcidov idi. Onun yanındakı bina 1970-ci illərdə inşa edilmişdir, Vilayət İcraiyyə Komitəsinin binası idi. Bu binanın müəllifi Azərbaycan memarı Nəsrullah Kəngərli idi. Bu bina isə o vaxt mehmanxana kimi inşa edilmişdir. Ondan sonra ermənilər onun xarici görünüşünü dəyişdirmişdilər. İndi bu binanın əzəli siması ona qaytarılır və bu mehmanxananın müəllifi Azərbaycan memarı Ənvər Qasımzadə idi.
Bax, təkcə bu misallar onu göstərir ki, bu şəhəri və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində olan bütün şəhərləri, kəndləri salan, yaradan, memarlığının müəllifi olan, inşaat işlərində iştirak edən Azərbaycan xalqının nümayəndələri idi. Bu binalar bizim tarixi sərvətimizdir. Onlar qorunur, qorunacaq və gördüyünüz kimi, indi əsaslı təmir edilir. Durduğum yerdə isə separatçılar qondarma parlament binası inşa etmişdilər. Gördüyünüz kimi, artıq burada heç bir bina yoxdur. Bu, azmış kimi, onlar elə Şuşada ikinci parlament binasını inşa etməyə çalışırdılar, onun inşa işləri başlamışdır, amma çatdıra bilməmişlər və o bina söküldü. O binanın yerində indi beşulduzlu “Şuşa” oteli yerləşir. Keçmiş dırnaqarası parlament binası da söküldü və söküntü işləri fevralın 26-da başlamışdır.
Fevralın 26-da mən Xocalıda xocalılılarla birlikdə Xocalı memorial kompleksinin təməlini qoydum. Burada yerləşmiş, qanunsuz inşa edilmiş şeytan yuvası – dırnaqarası parlament binası və onun yanındakı terror təşkilatının binası fevralın 26-da sökülməyə başladı və yerlə-yeksan edildi. Separatçıların izi-tozu da qalmadı. Novruz tonqalı da son təmizləmə işlərini görür.
Əziz həmvətənlər, buradan xalqa təbriklərimizi çatdırmaq böyük xoşbəxtlikdir. Biz hamımız İkinci Qarabağ müharibəsindən sonra qürurla yaşayırıq. Biz hamımız fəxr edirik ki, biz özümüz ədaləti bərpa etdik, torpaqlarımızı işğalçılardan azad etdik, öz gücümüzü göstərdik və bundan sonra hər kəs bizimlə hesablaşmalıdır, əks təqdirdə, özü peşman olacaq.
Mən bir daha əziz xalqımı qarşıdan gələn bayram münasibətilə ürəkdən təbrik etmək istəyirəm, Azərbaycan xalqına cansağlığı, yeni uğurlar arzulayıram. Qarabağ Azərbaycandır!






18-03-2024, 11:40
Qazaxıstanın XİN başçısı İrəvandadır


Qazaxıstanın XİN başçısı İrəvandadır

Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu İrəvandadır.
Ermənistan XİN onun həmkarı Ararat Mirzoyanla fotosunu yayıb.
Qeyd edək ki, Qazaxıstanın xarici işlər naziri martın 17-18-də Ermənistanda işgüzar səfərdə olacaq.
Murat Nurtleu və Ararat Mirzoyan arasında danışıqlar martın 18-də İrəvanda baş tutacaq, bundan sonra nazirlər mətbuata açıqlamalar verəcəklər.
18-03-2024, 06:53
Məryəm ABDULLAZADƏ yazır: "Dil millətin varlığıdır"


Məryəm ABDULLAZADƏ yazır:"Dil millətin varlığıdır"

Hər dil bir millətin varlığını təşkil edir. Azərbaycan mətbuatına nəzər saldıqda tarixən publisist ziyalılarımızın yaradıcıllıqlarında dil məsələsinin ön planda yazıldığının şahidi oluruq.
Müasir dövrün tələbi budur ki, müxtəlif mədəniyyətləri və ənənələri mənimsəmək, xarici ölkələrə səfərimizdə planlarımızı asanlaşdırmaq məqsədilə gərəkdir ki, əlavə bir dil öyrənəsən. Yadda saxlamaq lazımdır ki, bir dil səslər, qrammatika və ya lüğət baxımından ana dilinə nə qədər oxşardırsa, onu öyrənmək də bir o qədər asandır. Fərqli dillər hər bir fərd üçün fərqli çətinliklər yaradır. Məsələn, ola bilər ki, bir dildə lüğəti öyrənmək asan, tələffüz etmək isə çətin ola bilər. Başqa bir dildə isə bunun əksini tapa bilərsiniz.
Dil öyrənmək, əslində, beyin üçün çox yaxşıdır. Bunu araşdırmalar göstərir. Hətta dil öyrənmək zehni birdən çox yolla açır və insanları digər mədəniyyətlərdən xəbərdar etməklə yanaşı, həm də xüsusi dil və əqli faydalar gətirə bilir. Məsələn, linqvist nöqteyi-nəzərdən başqa bir dili öyrənmək, əslində, bütün dillərin strukturunu başa düşməyi asanlaşdırır. Xüsusilə vurğulamaq lazımdır ki, uşaq yaşdan dil öyrənən fərdlər erkən yaşdan insanların fərqli perspektivlərə və fərqli baxış nöqtələrinə malik ola biləcəyini qavraya bilirlər.
Bu gün müxtəlif mənbələr vasitəsilə dili necə öyrənməklə bağlı müxtəlif tövsiyələri əldə edə bilərik. Amma burada əsas məsələ odur ki, söhbət hansı dili öyrənməkdən gedir və fərdin yaş baxımından həyatın hansı mərhələsindədir?

Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov dilin neçə yaşda və nə vaxt öyrənməyin doğruluğu ilə bağlı suallarımıza aydınlıq gətirdi. Qeyd etdi ki, ikidilli uşaqlar başqa mədəniyyətlərə daha empatik və açıqfikirli olurlar.
“Bu mövqedə valideynlərdə yaranan fikir ayrılıqları yeni problemə çevrilir. İkinci dili öyrənməyin çoxsaylı üstünlükləri ilə bərabər bir çox valideynlər öz uşaqlarına ikinci dili nə vaxt və necə öyrənmələri ilə bağlı tərəddüdlər yaşayırlar. Çox zaman sual «uşağa məktəbəqədər yaş dövründə ikinci dil öyrətmək üçün yüklənən öhdəliklər doğrudurmu?» formasında olur. Mütəxəssislər hesab edirlər ki, məktəbəqədər yaş inkişaf üçün ən yaxşı dövrdür. Uşağın inkişafının ilk beş ilində olan beynin dil öyrənmə qabiliyyəti, sonrakı mərhələlərlə müqayisədə bənzərsizdir”.
Psixoloqun sözlərinə görə, uşaqlarda beyin xarici dillərin səslərinə məhəl qoymağı öyrənmədiyi və yeni səsləri daha yaxşı təqlid edə bildiyi üçün onlar doğma və ya yaxın olmayan ifadələri belə tələffüz edə bilirlər.
“Uşaq yeniyetməlik dövrünə çatdıqdan sonra isə bu fürsət pəncərəsi daralır”.
Elnur Rüstəmov məsələni bir faktla əsaslandırdı:
“Kaliforniya Universitetinin Psixologiya və Dilçilik üzrə dosenti David Barner deyir ki: “İnsanlar bir sonrakı yaşlarda ikinci dili öyrənmək qabiliyyətinə görə fərqlənsələr də, hər bir uşaq həyatının ilk bir neçə ilində iki və ya daha çox dili sərbəst öyrənə bilər. Məktəbəqədər uşaq kitablar, mahnılar, musiqi və hərəkətlər, eləcə də barmaq oyunu vasitəsilə sıxıcı olanı daha maraqlı qəbul edir. Bunların hamısı məktəbəqədər uşaqların sevdiyi təkrarlara malikdir və onlara yeni məlumatları saxlamağa kömək edir. Nəticədə məktəbəqədər uşaqların öyrənməyə ümumi müsbət münasibəti ilə birlikdə, yeni səsləri təqlid etmək, şans vermək və hədəf dildə danışmağa başlama ehtimalı daha yüksək olur”.
Elnur Rüstəmov vurğulayır ki, dünyada mədəniyyətlərarası qarşılıqlı əlaqənin artması ilə qlobal modelə yaxınlaşma dövründə ikinci dili sərbəst şəkildə öyrənmək çox rahat və faydalıdır.
“Valideynlər övladlarının erkən uşaqlıqda fürsət pəncərəsindən yararlanmalı, gələcək həyatında uğur qazanması üçün lazım olan üstünlükləri verməlidirlər. Ən əsası, bunu əyləncəli etməyi unutmamalıdırlar. Çünki uşaqlar əyləndikdə dil öyrənmələri daha sürətli inkişaf edir”.
Psixoloq deyir ki, yeni dil öyrənməyin uşağa heç bir əks təsiri yoxdur. Bu yaş dövründə olan uşaq sözləri ifadə etməyi bacarmalı, rahat öyrənməli və qabiliyyətlərini nümayiş etdirməyi bacarmalıdır.
Bəs 6 yaşından etibarən məktəbə qədəm qoyan uşaqlar üçün məktəblərdə dil dərslərinin proqramı necə qurulmalıdır? Müəllimlər hansı addımları atmalıdırlar ki, ömrünün 11 ilini məktəbə sərf edən fərd xarici dili öz ana dili kimi oxusun, yazsın, danışsın? Bu barədə ingilis dili üzrə müəllim, mentor Vüqar Məmmədovla həmsöhbət olduq. Vüqar Məmmədov xarici dilin tədrisində yol verilən yanlışlıqlara aydınlıq gətirdi:
“İlk növbədə, məktəb müəllimlərinin kvalifikasiyası vacib məsələdir. Belə ki, müəllimlər özləri ingilis dilində danışmaqda çətinlik çəkirlər, əlavə olaraq onlar özləri qrammatika əsaslı öyrəniblər deyə, dili də o istiqamətdə tədris edirlər. Buna görə də müəllimlərin özləri yaxşı olardı ki, beynəlxalq kurslar keçsinlər. Ən əlası CELTA-dır, lakin bundan başqa TESOL və başqaları da var. Ən azından TKT modullarını keçməlidirlər”.
Vüqar Məmmədovun sözlərinə görə, ilk olaraq hələ müəllimlər özlərini təkmilləşdirməlidirlər.
“İngilis dili müəllimləri dilçiliyin atası sayılan Dr. Stephen Krashen məqalələrini oxumalı, A.J. Hoge-nin yaratdığı sistemi analiz etməlidirlər. Bundan sonra tələbələrdə dilə qarşı maraq yaratmağa yönələ bilərlər. Kimdən soruşsan, deyir ki: “İngilis dili çətin, ağır, sıxıcıdır, biz heç vaxt bu dili öyrənə bilməyəcəyik. Buna əsasən söyləmək olar ki, növbəti addımlardan vacibi bu yolda tələbələrin zehniyyətini dəyişmək olmalıdır”.
Vüqar Məmmədov bildirir ki, dili öyrənmək çətin və sıxıcı deyil, əksinə, çox əyləncəli və maraqlıdır. Yanaşma tərzi düz olmadığından vəziyyət bura gəlib çıxıb:
“Əslində, dərindən düşünəndə dil yox, metodika, dərsliklər, məktəb və müəllimlər sıxıcıdır. Ona görə əvvəlcə zehniyyət dəyişdirilməlidir.”
Vüqar Məmmədov vurğulayır ki, ən vacib məsələ dil öyrənmək və mənimsəməyin tam başqa anlayışlar olmasıdır.
“Dil təbii olaraq mənimsənilir. Necə ki, biz məktəbə gedəndə artıq danışırdıq, başa düşürdük. Biz öz dilimizdə danışmağı məktəbdə mənimsəməmişik. Məktəbdə dili öyrənmişik. Belə ki, yazmağı, oxumağı, dilin strukturunu, qrammatikasını, morfologiya, sintaksis və sairə. Bunlar məktəbdə öyrədilib. Lakin bunlara kimi biz artıq danışa bilirdik. Demək ki, məsələnin kökü xarici dili əvvəlcə mənimsəmək, sonra öyrənməkdir.
Mentor Vüqar Məmmədov qeyd edir ki, dili eşitmədən danışmaq və başa düşmək mümkün deyil.
“Əgər mən, “Lets gelarihir” ifadəsini yazdığım formada eşidirəm və anlamıramsa, deməli, onun “lets get out of here” normal ifadəsini oxuyub anlamağın faydası yoxdur. Elə tələbələrin əksəriyyətinin ağrılı yerlərindən biri də budur: “Ay müəllim, biz oxuyub başa düşürük, amma onu eşidəndə tuta bilmirik”. Səbəb? Elə cavab sualın özündədir. Biz yalnız oxuyub tərcümə edirik. Dinləmə yoxdur”.
Müəllimin fikrincə, tələbələrə öz maraq dairələrinə uyğun hekayə kitabları (story books) verilməlidir:
“Dinləmə üzərindən öyrənməli, self-study proqramları ilə işləməlidirlər. Bütün bunlar da vaxt alır, bəli. Lakin elə doğru yol da budur”.
Vüqar Məmmədova görə, qrammatika haqda bilikləri, tonlarla sözləri başa yığmaqla, test kitabçalarını işləməklə yalnız DİM imtahanlarını vermək olar.
“Səbirli və disiplinli qalmaq və az-az, lakin davamlı addımlarla hərəkət etmək lazımdır. Bir sözlə, dili yalnız həyat tərzinə çevirərək öyrənmək mümkündür”.


17-03-2024, 20:09
XXI əsrin "Şəfəq"çilərini təbrik edirik!


XXI əsrin "Şəfəq"çilərini təbrik edirik!

Dünən “İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyinin qərargahında “Novruz” şənliyi keçirildiyi və həmin tədbirdə “İranlı Mühacirlər Cəmiyyəti”nin işində fəal və sədaqətlə çalışanların bir qisminin təltif olunduğu barədə məlumat vermişdik. Həmin təltif olunanlar arasında Bütöv Azərbaycan sevdalısı Güləddin İsmayılov da vardı. “İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyinin sədri Firidun İbrahimi Diplomu təqdim edərək bildirdi ki, Güləddin İsmayılov bu diplomu 1945-ci ildə yaranan Azərbaycan Milli Hökuməti dövründə nəşr olunan “Şəfəq” jurnalının bərpasında göstərdiyi fəaliyyətinə görə, təltif edilir.
Əziz oxucular, biz də Güləddin müəllimi təbrik edərək, onun haqqında kiçik təqdimatı diqqətinizə çatdırırıq.

İsmayılov Güləddin Əlirza oğlu 02 yanvar 1952 - ci ildə Masallı rayonunun Mollaoba kəndində anadan olmuşdur. 1966-cı ildə Mollaoba kənd səkkizillik məktəbi, 1968-ci ildə isə N.Gəncəvi adına Boradigah qəsəbə orta məktəbini bitirmişdir. 1969-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin) dil - ədəbiyyat fakültəsinə daxil olmuş və 1973-cü ildə ali məktəbi müvəffəqiyyətlə başa vurmuşdur. 1973-cü ildə Masallı rayonunun Boradigah qəsəbə orta məktəbində dilədəbiyyat müəllimi işləmişdir. 1974-1975-ci illərdə Rusiyanın Yoşkar - Ola şəhərində hərbi xidmətdə olmuş, xidməti başa vurduqdan sonra, yenidən Boradigah qəsəbə orta məktəbində ixtisası üzrə əmək fəaliyyətinə başlamışdır. 1981-1982-ci illərdə Moskva radio zavodunda mühəndis - texnoloq kimi çalışmış və 1982-ci ildən 1992-ci ilə qədər Boradigah qəsəbə orta məktəbində ixtisası üzrə müəllimlik fəaliyyətini davam etdirmişdir. 2002-ci ildən 2017-ci illərdə (təqaüdə çıxana qədər) Mollaoba kənd tam orta məktəbində dil- ədəbiyyat müəllimi işləmişdir. İşlədiyi müddət ərzində "Çağırış", "Bütöv Azərbaycan", "Azərbaycan mədəniyyəti", "Qüdrətli ölkə", "Azad qələm", "Talisman" (Cənubi Azərbaycan şöbəsinin müdiri) "Azərbaycan ruznaməsi"? " ADF” MK- nın saytlarında və “İranlı Mühacirlər Cəmiyyəti”nin Ədəbi birliyinin redaksiya heyətinin üzvü olaraq “Şəfəq” jurnalında publisistik məqalələri, oçerkləri çap olunmuşdur.
Azərbaycan Jurnalistlər Birliyi və "İranlı Mühacirlər Cəmiyyəti" İctimai Birliyinin üzvüdür.
17-03-2024, 15:56
Qobustanda qumbara və odlu silahlar tapıldı


Qobustanda qumbara və odlu silahlar tapıldı

Qobustanda qumbara və odlu silahlar aşkar edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Qobustan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə 3 ədəd qumbara, 1 ədəd tapança, 40 ədəd avtomat patronu, eləcə də 7 ədəd müxtəlif markalı ov tüfəngi aşkar olunub.
Şöbə əməkdaşları tərəfindən keçirilmiş profilaktik tədbirlər nəticəsində isə rayon sakini müvafiq sənədləri olmayan 1 ədəd ov tüfəngini könüllü olaraq polisə təhvil verib.
17-03-2024, 15:40
Dövlət qulluğuna qəbul imtahanı keçirildi


Dövlət qulluğuna qəbul imtahanı keçirildi

Dövlət İmtahan Mərkəzi tərəfindən bu gün dövlət qulluğunda inzibati vəzifələrin A növünə aid olan AB və AC qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanı, həmçinin inzibati rəhbər vəzifələrə aid olan AB, AC və inzibati icraçı vəzifələrə aid olan BA, BB vəzifə qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı keçirilir.
Bu barədə Dövlət İmtahan Mərkəzində istinadən xəbər verir.
İnzibati rəhbər vəzifələrə aid olan AB, AC imtahanı Bakı şəhərində keçirilib. İmtahan saat 10:00-da başlanıb və 3 saat davam edib. İmtahan kompüter vasitəsilə təlimata uyğun olaraq 3 saat müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Namizəd tərəfindən imtahan yekunlaşdırıldıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda namizədə imtahanın nəticələrinə dair arayış təqdim olunub.
İmtahanda 111 namizəd iştirak edib. İmtahan nəticələrinə əsasən, AB3 altqrupu üzrə 1 nəfər, AB4 altqrupu üzrə 1 nəfər, AC2 altqrupu üzrə 3 nəfər, AC3 altqrupu üzrə 5 nəfər, AC4 altqrupu üzrə 11 nəfər olmaqla, ümumilikdə 21 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.
Bu gün həmçinin inzibati rəhbər vəzifələrə aid olan AB, AC və inzibati icraçı vəzifələrə aid olan BA, BB vəzifə qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün test imtahanı keçirilib.
Kağız daşıyıcılar vasitəsilə keçirilən BB vəzifə qruplarına aid olan imtahan artıq başa çatıb. İlkin məlumatlara əsasən, 1 nəfərdə mobil telefon aşkar olunduğu üçün imtahandan xaric edilib və araşdırma aparılır.
Digər vəzifə qrupları (AB, AC, BA) üzrə olan imtahanlar isə kompüter vasitəsilə Bakı ş., Nəsimi rayonu, Səməd Vurğun küçəsi, Azərbaycan Tibb Universitetinin İmtahan Mərkəzi, 5 saylı tədris binasında keçiriləcək. İmtahan saat 15:00-da başlanıb və 2 saat 30 dəqiqə davam edəcək. Namizəd tərəfindən imtahan yekunlaşdırıldıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda namizədə imtahanın nəticələrinə dair arayış təqdim olunacaq.
Elektron imtahanlarının nəticələri ilə bağlı Apellyasiya komissiyası 18-19 mart tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində fəaliyyət göstərəcək (Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299).
BB vəzifə qrupuna aid olan vəzifələr üzrə kağız daşıyıcılar vasitəsilə keçirilən imtahanın nəticələri 2 gün ərzində elan olunacaq.
17-03-2024, 15:35
Rusiyada keçirilən seçkilərdə seçici fəallığı 60 faizi ötdü


Rusiyada keçirilən seçkilərdə seçici fəallığı 60 faizi ötdü

Rusiyada keçirilən prezident seçkilərində seçici fəallığı 60 faizi ötüb.
Bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası bildirib.
Qeyd olunub ki, seçkilərdə iştirak 60,20 faizdir.
Seçkilər martın 15-dən 17-dək keçirilir, Rusiya regionlarının üçdə birində səsvermə həm də elektron şəkildə aparılır.
Qeyd edək ki, hazırkı prezident Vladimir Putinin seçkilərdə üç opponenti var. Dövlət başçısı ilə yarışmağa Kommunist Partiyasından Nikolay Xaritonov, Rusiya Liberal-Demokratik Partiyasından Leonid Slutskiyə və Dövlət Dumasının sədr müavini Vladislav Davankova imkan verilib. Onlardan heç biri nə Rusiyanın Ukraynadakı müharibəsini, nə də birbaşa Putini tənqid edir.
Müstəqil namizədlər isə seçkilərə buraxılmayıb. Mərkəzi Seçki Komissiyası həm jurnalist Yekaterina Duntsova, həm də Vətəndaş Təşəbbüsü Partiyası tərəfindən namizədliyi irəli sürülmüş siyasətçi Boris Nadejdini qeydiyyata almaqdan imtina edib. Hər ikisi müharibəni tənqid edir və savaşın dayandırılmasının tərəfdarıdırlar.
Gözəçarpan bir kampaniya aparan yeganə şəxs Vladimir Putin olub. Bu onun beşinci seçkisidir. Fevral və mart aylarında Putin fəal şəkildə ölkəni gəzib: hərbçilər, işçilər, alimlər, fermerlər və gənclərlə görüşüb. Bütün bu görüşlər seçkiqabağı tədbir olsa da, onlarda “seçki” çağırışları səslənməyib.
Qalan namizədlər isə diqqəti özlərinə cəlb etməməyə çalışıblar. Səsvermənin yeganə intriqası onlardan hansının ikinci yeri tutacağı və hansı nəticə ilə olacağıdır.
Bundan başqa, 2024-cü ildə Rusiya prezidenti ilk dəfə Ukraynanın 4 vilayətinin – Zaporojyenin, eləcə də Xerson, Donetsk və Luqansk vilayətlərinin işğal olunmuş ərazilərində (ilhaq edilmiş Krımda prezident seçkiləri artıq 2018-ci ildə keçirilib) seçilir.
Bu bölgələrdə sakinlər də seçicilərin yaşadıqları hərbi vəziyyət şəraitinə uyğunlaşdırılaraq seçkilərdə fəal iştirak etməyə məcbur edilirlər.
İlhaq edilmiş ərazilərdə səsvermə erkən başlayıb. Bölgələrdə seçki məntəqələri fəaliyyət göstərir, lakin yerli qondarma hakimiyyət sakinləri evdə səs verməyə təşviq edir. Nəticədə komissiya üzvləri silahlı şəxslərin müşayiəti ilə birbaşa yaşayış yerinə gəlirlər.
17-03-2024, 15:10
Gimnastlarımız beynəlxalq turnirdə qızıl medallar qazandı


Gimnastlarımız beynəlxalq turnirdə qızıl medallar qazandı

Bakıda keçirilən idman gimnastika üzrə “AGF Trophy” beynəlxalq turnirində Azərbaycan təmsilçiləri növbəti medalları qazanıblar.
Ayrı-ayrı alətlər üzrə böyüklər arasında ilk qaliblər müəyyənləşib.
Komandamızın üzvləri Nikita Simonov qızıl (halqalar), İvan Tixonov qızıl (paralel qollar) və bürünc (halqalar), Rəsul Əhmədzadə qızıl (sərbəst hərəkətlər) və bürünc (paralel qollar), Nazənin Teymurova qızıl (dayaqlı tullanma) və bürünc (müxtəlif hündürlüklü qollar), Murad Ağarzayev gümüş (sərbəst hərəkətlər) medal qazanıblar.
Yeniyetmələr arasında İlham Salayev qızıl (paralel qollar, halqalar), Hüseyn Qəhrəmanov gümüş (paralel qollar) və bürünc (halqalar), Albina Aliyeva gümüş (dayaqlı tullanma) və bürünc (müxtəlif hündürlüklü qollar), Leyla Məmmədzadə gümüş (müxtəlif hündürlüklü qollar), Məhəmməd Rüstəmzadə gümüş (sərbəst hərəkətlər), Emin Xankişiyev bürünc (sərbəst hərəkətlər) mükafata sahib çıxıblar.
Gənclər arasında Aydın Əlizadə qızıl (sərbəst hərəkətlər), gümüş (halqalar) və bürünc (paralel qollar), Dəniz Əliyeva isə gümüş (dayaqlı tullanma) medala yiyələnib.
17-03-2024, 14:53
Baxçalı 11-ci dəfə MHP sədri seçildi


Baxçalı 11-ci dəfə MHP sədri seçildi

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) ortağı olan Milliyətçi Hərəkat Partiyasının (MHP) qurultayı keçirilib.
Partiyanın hazırkı sədri Dövlət Baxçalı qurultayda iştirak edən 1295 nümayəndənin hamısının səsini qazanaraq 11-ci dəfə MHP sədri seçilib.
Qurultayda yeganə namizəd Dövlət Bağəxçalı olub.
Partiyanın digər orqanlarına seçkilər davam edir. Nümayəndələr 75 əsas və 25 əvəzedicidən ibarət Mərkəzi İcra Şurasını (MYK), 9 əsas və 5 əvəzedicidən ibarət Mərkəzi İntizam Şurasını (MDK) müəyyən edəcəklər.
17-03-2024, 14:36
Kəlbəcərdə qəza - Bir nəfər öldü


Kəlbəcərdə qəza - Bir nəfər öldü

Kəlbəcər rayonunun Yanşaq kəndində yük maşını aşıb, ağır xəsarətlər alan şəxs dünyasını dəyişib.
Yük avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində 1984-cü il təvəllüdlü L.Əhmədov ağır xəsarətlər alıb.
O, Bakı şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Həkimlərin göstərdikləri tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, ölən şəxs Kəlbəcərdə aparılan yenidənqurma işlərində çalışırmış.
Faktla bağlı araşdırma aparılır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!