Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
24-04-2022, 19:22
“Yüksəliş” müsabiqəsinin onlayn mərhələsi davam edir


“Yüksəliş” müsabiqəsinin onlayn mərhələsi davam edir

Bu gün "Yüksəliş" müsabiqəsinin “Ümumi biliklər üzrə onlayn imtahan”ı keçirilib.
İştirakçıların istənilən məkandan onlayn formada qatıldıqları imtahan 11:00 və 15:00 olmaqla, iki sessiyada təşkil edilib.
İmtahanda 7294 iştirakçı iki sessiyada sualları cavablandırıb. Suallar Azərbaycan və dünya ölkələri üzrə tarix, coğrafiya, ədəbiyyat və mədəniyyət, həmçinin hüquq və iqtisadiyyat sahələri, müasir trendlər olmaqla 4 blok üzrə aparılıb. Hər blok üzrə 25 dəqiqə, toplamda isə imtahan üçün 2 saat vaxt ayrılıb. "Yüksəliş" müsabiqəsi ilə bağlı yaradılmış Çağrı Mərkəzi, sosial şəbəkələr və elektron poçt vasitəsilə müraciətlər cavablandırılaraq, iştirakçılara dəstək göstərilib.
Qeyd edək ki, ikinci “Yüksəliş” müsabiqəsində iştirak üçün 12 min 299 namizəd müraciət edib. Onlardan 12 min 253-ü onlayn mərhələdə iştirak haqqı qazanıb.
Namizədləri qarşıda onlayn mərhələnin “Qabiliyyət imtahanı” gözləyir. “Qabiliyyət imtahanı”da testlər abstrakt düşüncə, rəqəmsal məlumatlarla işləmək bacarığı verbal məlumatlarla işləmək bacarığı olmaqla 3 blok üzrə aparılacaq.
“Yüksəliş” müsabiqəsinin 20 qalibini 1 il ərzində idarəçi rəhbərlərdən - iri şirkətlərin top-menecerlərindən və dövlət xadimlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20.000 AZN dəyərində pul mükafatı gözləyir.
Qeyd edək ki, "Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il iyulun 26-da imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.
24-04-2022, 08:08
"Müvəkkil Hüquq Mərkəzi layihəsinin yekun təqdimatını keçirib.

"Şəhid ailələrinin, müharibə əlillərinin və müharibə veteranlarının hüquqlarının təşviqi" layihəsinin yekun təqdimatı keçirilib
Beynəlxalq Avrasiya Mətbuat Fondunun mərkəzi ofisində Azərbaycan Respublikası Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə, Müvəkkil Hüquq Mərkəzinin "Şəhid ailələrinin, müharibə əlillərinin və müharibə veteranlarının hüquqlarının təşviqi" layihəsinin yekun təqdimatı keçirilib.

Təqdimat mərasimində tanınmış ictimai-siyasi xadimlər, media təmsilçiləri, QHT nümayəndələri və şəhid ailələrinin üzvləri iştirak ediblər.
Əvvəlcə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Müvəkkil Hüquq Mərkəzinin sədri Səməd Vəkilov "Şəhid ailələrinin, müharibə əlillərinin və müharibə veteranlarının hüquqlarının təşviqi" layihəsi barədə məlumat verib. Bildirib ki, layihə 1 fevral - 1 may 2022-ci ili əhatə edir.
“Layihə çərçivəsində Səs TV-də şəhid və müharibə iştirakçıları ilə bağlı 3 veriliş çəkilib. Həmin verilişlər şəhid statusunun verilməsi, şəhid adlarınının əbədiləşdirilməsi və müharibə veteranları, onların statusunun verilməsi, həmçinin imtiyazları haqqında qanun bazası, normativ hüquqi aktlar, eləcə də şəhid və veteran ailələrinin mənzillərlə təmin olunmasına həsr olunub. Bundan başqa Şabran, Siyəzən, Quba və Tərtər rayonlarında layihə çərçivəsində şəhid ailələri, müharibə veteranları və onların hüquqlarının təklifi ilə bağlı tədbirlər keçirmişik. Ümumilikdə bu görüşlərdə 100-ə yaxın şəxs iştirak edib”.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev Müvəkkil Hüquq Mərkəzinin ölkəmizdə mövcud olan təşkilatların böyük əksəriyyəti üçün təmənnasız xidmət göstərməsinə diqqət çəkib.

BAMF rəhbəri vətəndaş cəmiyyəti sektorunda fəaliyyət göstərən təşkilatlar üçün prioritet məsələnin vətənə və xalqa xidmət olduğunu vurğulayıb.
“Azərbaycanın gələcəyi vətəndaş cəmiyyəti sektorunun inkişafındadır. Bu, dövlət siyasətinin əsas tərkib hissəsidir. Qarabağın gülüstana çevrilməsi də bu sektorun inkişafı ilə bağlıdır".

Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni Müvəkkil Hüquq Mərkəzinin həyata keçirdiyi "Şəhid ailələrinin, müharibə əlillərinin və müharibə veteranlarının hüquqlarının təşviqi" layihəsinin əhəmiyyətindən danışıb.

“1994-cü ildə şəhidlik statusu almayan bir çox şəhid və itkin düşən şəxslər vardı. Milli Məclisdə irəli sürdüyüm təklifə əsasən qanuna üç bənd əlavə olundu. Bu əlavəyə görə 6 ay müddətində haqında məlumat daxil olmayan hərbçi şəhid hesab edilir və şəhid ailələrinə aid edilən güzəştlər onun ailəsinə tətbiq olunurdu. O zaman irəli sürülən şəxsi təşəbbüs indi artıq ictimai əsasda həyata keçirilir və bu bizi çox sevindirir”.
Rauf Zeyninin sözlərinə görə hüquq sahəsində maarifləndirmə işlərinin görülməsinə ciddi ehtiyac var.

“Vətəndaşlarımız, o cümlədən şəhid ailələri, qazilər, müharibə əlilləri və veteranlarımız hüquqlarını hələ də lazımi səviyyədə bilmirlər”.
Layihənin eksperti, “İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai birliyinin sədri Cəsarət Hüseynzadə bildirib ki, regionlara səfər çərçivəsində Müvəkkil Hüquq Mərkəzinin hüquqşünasları tərəfindən veteranlara, şəhid ailələrinə kifayət qədər hüquqi xidmətlər göstərilib.

“Müvəkkil Hüquq Mərkəzi layihənin olub-olmamasından asılı olmayaraq bu fəaliyyəti dövri olaraq həyata keçirir. Dövlət tərəfindən şəhid ailələrinə, müharibə əlillərinə və veteranlara uyğun onların dəstəklənməsi siyasəti hər zaman aparılır. Ölkədə uzun müddətdir ki, sosial dəstək mexanizmi işlənilir. Dövlət başçısı İlham Əliyevin 2018-ci ildə prezident seçiləndən sonra ilk fərmanı məhz şəhid ailələri ilə bağlı oldu. Dövlət tərəfindən 2018-ci və 2020-ci illəri müqayisəli götürsək şəhid ailələri və digər şəxslərin mənzil təminatı beş dəfə artıb. 2018-ci ildə 600 nəfərə yardım göstərilibsə, 2020-ci ildə 3000 nəfər bu kateqoriyadan olan insana mənzil verilib”.

Daha sonra digər çıxışlar olub.
22-04-2022, 07:02

Heydər Əliyev və dil mədəniyyətimiz

Heydər Əliyev və dil mədəniyyətimiz

Heydər ƏLİYEV: "Mən fəxr edirəm ki, türk dillərinə mənsub olan Azərbaycan dili bu qədər zəngindir, bu qədər bədii ifadələrlə doludur və biz həyatın bütün sahələrinə aid olan fikirlərimizi öz ana dilimizdə ifadə edə bilərik".
Dil mədəniyyətin bünövrəsidir, çünki dilin köməyi ilə ünsiyyət qurulur, mədəni normalar müəyyən edilir, bir sözlə, onsuz insanın cəmiyyətdə həyatı mümkün deyil. Məhz dilin sayəsində mədəniyyətlər nəsildən-nəslə ötürülür və uşaqlar öz ana dillərini mənimsəyərək əvvəlki nəsillərin ümumiləşdirilmiş təcrübəsini də mənimsəyirlər. Dil obyektləri, hadisələri və onların əlaqəsini düzgün qiymətləndirməyə kömək edir, insan fəaliyyətinin təşkili və əlaqələndirilməsini şərtləndirir.
Eyni zamanda dil təfəkkürə və mədəniyyətə münasibətdə müəyyənedici vasitə olaraq dünyanın spesifik mədəni simasını dərk edən insanın şəxsiyyətini formalaşdıran amildir. Hər bir xalqın, hər bir millətin var olmasının ən başlıca səbəbi özünəməxsus dilinin olmasıdır. Biz də fəxrlə deyə bilərik ki, bir xalq, bir toplum kimi zamanın bütün sınaqlarından ləyaqətlə keçərək dilimizi, mənəvi dəyərlərimizi qoruyub bu günümüzə qədər gətirib çıxara bilmişik. Şükürlər olsun ki, dərin tarixi kökləri olan dilimiz, mədəniyyətimiz və öz tariximiz var. Qürurluyuq ki, bu dildə danışan 50 milyondan çox həmvətənimiz dünya mədəniyyətinə böyük şairlər, yazıçılar, alimlər, siyasətçilər və dahilər bəxş etmişdir.
Məşhur etnoqraf Lev Qumilyov etnosun qorunmasında dil ünsürünün ən vacib amil olduğunu qeyd edirdi. Bu konteksdə Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dilinin yaşadılması və inkişafı uğrunda apardığı mübarizənin mahiyyətini dərk etmək o qədər də çətin deyil. Dil mədəniyyətinə münasibət barədə Ulu Öndər deyir: "İnkişaf etmiş zəngin dil mədəniyyətinə malik olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalmış bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir. Bu onun müqəddəs vətəndaşlıq borcudur".
Heydər Əliyev bu dahiyanə fikri ilə dili əyilməzliyin, ölməzliyin simvolu sayır, onu milli sərvət adlandırır, bu müqəddəs mirasın babalarımızın əmanəti olduğunu, qorunmasını isə vətəndaşlıq borcu hesab edir.
Heydər Əliyev öz ana dilini bilməyənləri şikəst adam adlandırmaqla millətin bütövlüyünün milli dildən keçdiyini çatdırır. Bütün bu göstərilənlər uzun illər Azərbaycana rəhbərlik etmiş böyük dövlət adamının mübarizələrlə dolu həyatının əsas leytmotivini təşkil edir. Ulu Öndər dil məsələsində mövqeyini hələ Azərbaycan Konstitusiyası hazırlanmazdan əvvəl, SSRİ Konstitusiyası barədə cəsarətlə söylədiyi fikirlərində bildirmişdi. Azərbaycanın rəhbəri SSRİ Konstitusiyası haqqında danışarkən xüsusi vurğulayırdı ki, Konstitusiya vətəndaşlara təhsil hüququ vermişdir. Bu hüquq ana dilində oxumaq imkanı ilə təmin olunur. Belə mövqe, əslində, dil məsələsi ilə bağlı gözlənilən təhlükənin qarşısını almaq, çətin şəraitdə ana dilinin dövlət dili statusunu qorumaq məqsədı güdürdü.

Tarixə nəzər salaq. Respublikanın SSRİ-nin tərkibində olduğu vaxtda, 1978-ci ildə SSRİ-nin yeni Konstitusiyası qəbul edilərkən Azərbaycan SSR-in Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit edilmişdir. Rus dilinin hakim dil olduğu Sovetlər Birliyi dönəmində buna nail olmaq qeyri-real görünürdü, lakin Heydər Əliyev dühası və cəsarəti bu məsələdə həlledici rol oynadı. Burada xüsusi vurğulamalıyıq ki, Sov.İKP MK-nın bu sahəyə məsul olan katibi Azərbaycan dilinin dövlət dili kimi Konstitusiya layihəsinə salınmasına etiraz edirdi. Hətta bəzi müttəfiq respublikaların rəhbərləri də bu məsələdə Heydər Əliyevə qarşı idilər. Tarixçi-alim M.Qasımlı öz kitabında qeyd edir ki, Ukrayna MK-nın birinci katibi Şerbitski Heydər Əliyevə qarşı çıxaraq deyirdi ki, siz konstitusiyanıza belə bir maddə yazdıqda gərək biz də dövlət dili haqqında maddə əlavə edək. Lakin Azərbaycanın rəhbəri ona bildirir ki, sizə heç kim mane olmur, böyük respublikasınız, ölkədə sizin xüsusi çəkiniz vardır, istəsəniz yaza bilərsiniz, kimsə sizə mane olmaz. Ulu Öndərin o dövrdə xalqımız üçün necə böyük, müqəddəs iş görməsi bu gün Rusiya-Ukrayna münasibətləri fonunda daha aydın görünür. Heydər Əliyev L.İ.Brejnevə problemi əhatəli, dərin məntiqi ilə əsaslandırır və bu məsələni Azərbaycan xalqının xeyrinə həll edir. Azərbaycan dilinin Konstitusiya layihəsində əksini tapması ilə yanaşı, bu layihənin 73-cü maddəsində yazılan, hüquqi cəhətdən SSRİ-nin federativ dövlətdən unitar dövlətə keçməsinə zəmin yaradan "SSRİ qanunları Azərbaycan SSR ərazisində məcburidir" maddəsi də layihədən çıxarılır.

2 aprel 1978-ci ildə IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan SSR-in Konstitusiya layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təklifi ilə 73-cü maddə yeni redaksiyada verilir: "Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir". Heydər Əliyevin bu təşəbbüsü 21 aprel 1978-ci ildə qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında öz əksini tapmışdır. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir. Ulu Öndər bununla gələcək müstəqil dövlətçiliyin milli rəmzlərindən birini məharətlə qorumuşdur.

Qeyd etməliyik ki, 1921-ci ildə Azərbaycan SSR Konstitusiyasında dilimiz haqqında heç bir maddə salınmamışdır. 1937-ci ildə isə Azərbaycan SSR Konstitusiyası layihəsində nəzərdə tutulur ki, dövlət dili türk dilidir. Moskvadan tapşırıq gəlir ki, həmin maddə çıxarılsın. Belə də olur, sonra isə bu məsələ tamamilə unudulur.
Ulu Öndər Heydər Əliyev "xalqımız əsrlər boyu böyük sınaqlardan, çətinliklərdən keçmiş, ancaq öz mənliyini, milliliyini, öz dilini itirməmişdir" söyləyərək bu məsələdə müstəsna xidmətlərinin olmasına baxmayaraq, bu tarixi uğuru xalqımızın böyük qələbəsi kimi qiymətləndirirdi. Əlbəttə, Heydər Əliyevin ana dili məsələsində prinsipial, qəti və barışmaz mövqe tutması rus dilinin tam əleyhinə getməsi demək deyildi. O yaxşı başa düşürdü ki, Sovet İttifaqı xalqlarının elmi, mədəni tərəqqisi, dünyaya çıxışı əsasən rus dili vasitəsilə həyata keçirilir. Dünyanın ən son elmi və mədəni nailiyyətləri ölkədə məhz ilk olaraq rus dilinə, sonra isə milli dillərə çevrilirdi. Buna görə də Ulu Öndər azərbaycanlıların ikinci dil kimi rus dilini mükəmməl bilmələrinin qəti tərəfdarı kimi çıxış edirdi. Böyük rəhbər azərbaycanlıların yalnız ana dili çərçivəsində məhdudlaşıb qalmasının da əleyhinə idi.
Heydər Əliyevin ana dilinə münasibətində Azərbaycan ədəbi dilinin saflığının qorunması və inkişaf etdirilməsi xüsusi yer tuturdu. Ümummilli Lider ana dilinin saflığına çalışaraq bunu alim, şair, yazıçılardan, bütövlükdə, ziyalılardan qətiyyətlə tələb edirdi. Azərbaycanın rəhbəri, hətta rəsmi toplantılarda bu məsələ barədə öz prinsipial mövqeyini açıq-aydın, birbaşa bildirirdi. Məsələn, Azərbaycan yazıçılarının VII qurultayındakı nitqində Heydər Əliyev ana dili haqqında uca səslə, çəkinmədən deyirdi: "Dil xalqın böyük sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir. ...Azərbaycan dili görünməmiş zirvələrə qalxmış, müasir poeziyanın və nəsrin, elm və texnikanın, kargüzarlığın və fəal ictimai-siyasi həyatın hərtərəfli inkişaf etmiş dilinə çevrilmişdir. Biz tam inamla deyə bilərik ki, çoxəsrlik tariximizdə Azərbaycan dili heç vaxt belə zəngin, nüfuzlu və hörmətli olmamışdır. Lakin mədəniyyət və elmin səviyyəsi yüksəldikcə, həyatın axarı sürətləndikcə dilin təkmilləşməsinə, inkişaf etməsinə və zənginləşməsinə, onun söz ehtiyatının genişlənməsinə daha çox qayğı göstərmək lazımdır".
Məhz Ümummilli Liderin sayəsində ilk dəfə olaraq bir neçə dilçi alimə dövlət mükafatı verildi. Azərbaycan dilçilərinin nüfuzu qalxdı. Mükafatların verilməsi ana dilinin istifadə dairəsinin genişlənməsinə kömək edirdi. Heydər Əliyev yalnız bununla kifayətlənmir, əvvəlki illərdə müəyyən təzyiqlərə məruz qalmış alimlərə qayğı göstərirdi. Azərbaycanın rəhbərinin ana dilinə diqqət və qayğısı nəticəsində respublikada ana dilində nəşr edilən kitabların tirajı artırılırdı. Məsələn, 1979-cu ildə Azərbaycanda nəşr edilən 1300 adda 13 milyon 800 min nüsxə kitabın 11 milyon 100 min nüsxəsi ana dilində idi.
Heydər Əliyevin ana dilinə və doğma torpağa sıx bağlılığı Azərbaycanın yeni himninin müzakirəsi zamanı özünü bir daha büruzə verdi. O, Azərbaycana diyar, region kimi deyil, SSRİ-nin bərabərhüquqlu müttəfiq respublikası kimi baxır, onun hüquqlarını qətiyyətlə qoruyur, hətta hər ifadə üstündə təkidlə israr edirdi. Onun sədrliyi ilə keçirilən Azərbaycan KP MK-nın 1978-ci il 14 aprel tarixli iclasında respublikanın yeni himni haqqında məsələ müzakirə edilərkən məlum oldu ki, himnin mətnində "respublika" sözü yoxdur. Müzakirə zamanı Heydər Əliyev mətnə "respublika" sözünün salınmasının vacibliyini söyləyir. Çıxış edən bəzi şəxslər himnin mətninə "respublika" sözünün salınmasının heç cür alınmadığını deyirlər. Azərbaycanın rəhbəri isə israrla və açıq şəkildə bildirir: "Mən çox istərdim ki, "respublika" sözü mətndə olsun. Mənə deyirlər ki, heç cür alınmır. Mən hesab edirəm ki, belə sözün olmasına nail olmaq lazımdır. Biz Azərbaycan, dövlət, diyar haqqında danışırıq, amma bura respublikadır. Yaxşı olardı ki, burada "respublika" sözü olsun".
Təkidlərdən, məntiqli izahlardan sonra mətnə "respublika" ifadəsi daxil edildi və bəyənilərək Azərbaycan Ali Soveti Rəyasət Heyəti tərəfindən təsdiq olundu. Bununla bağlı Azərbaycan rəhbəri deyirdi: "Himn bizim ümumi iftixarımız, ümumi qürurumuzdur, sərvətimizdir. Mən özümü də hansısa dərəcədə bu himnin müəllifi hesab edirəm".
Azərbaycan dilinin inkişafından, qorunmasından danışarkən Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi zamanı dil məsələsinə necə həssaslıqla yanaşmasının bir daha şahidi olduq. Məhz Konstitusiyanın dillə bağlı maddəsinin televiziya ekranlarından canlı yayımda ziyalıların iştirakı ilə müzakirə edilməsi də bunun bariz nümunəsi idi. Demokratik düşüncəyə malik böyük dövlət adamı Heydər Əliyev Konstitusiyanın həmin maddəsini müzakirə edərkən öz fikrini sonda deyəcəyini, heç kimi təsir altına salmaq istəmədiyini bildirir və ziyalılara öz düşüncələrini müstəqil ifadə etmək üçün şərait yaratdı. Müzakirələr zamanı dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürüldü. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapdı. Əsas qanunumuz qəbul edildikdən sonra bu sahədə məqsədyönlü strateji siyasət özünü göstərdi. Dövlət başçısı ana dilimizin tarixi keçmişi ilə yanaşı, mövcud durumunu və problemlərini daim diqqət mərkəzində saxlayaraq bu yöndə bir sıra mühüm tədbirlərin həyata keçirilməsinə nail oldu. Ulu Öndər Heydər Əliyev dövlət dilinin yeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq 2001-ci il iyunun 18-də "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" fərman imzalamışdır.
İlk növbədə, müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyan bu tarixi fərman dövlət dili ilə bağlı hərtərəfli və geniş məlumatları özündə ehtiva edir. Sözügedən fərmanla həmçinin Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradılmışdır. Qanunvericilik bazasının möhkəmləndirilməsi baxımından çox mühüm addımlar atılmaqla bərabər dilimizin daha da inkişaf etdirilməsi və gənc nəslə sevdirilməsi ilə bağlı tədbirlər sırasında Ulu Öndər 9 avqust 2001-ci il tarixli fərmanı ilə Azərbaycan əlifbası və Azərbaycan dili gününü təsis etmişdir. Bu fərmana əsasən, hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Sözsüz ki, bu istiqamətdə aparılan siyasətin ən vacib tərkib hissələrindən biri də "Azərbaycan Respublikasında dövlət dili haqqında" Azərbaycan Respublikasının Qanununun qəbul edilməsidir.
30 sentyabr 2002-ci ildə qəbul edilmiş qanuna əsasən, Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır. Həmin qanun Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq ölkədə Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu nizamlayır.
Bütün sahələrdə olduğu kimi, Heydər Əliyevin uğurlu siyasi varisi Müzəffər Ali Baş Komandan İlham Əliyev bu strategiyanı davam etdirir. Prezident İlham Əliyevin bu sahədə apardığı siyasətə qiymət verərkən onun latın qrafikası ilə Azərbaycan və dünya klassiklərinin əsərlərinin kütləvi tirajla Azərbaycan dilində çap olunmasını qeyd etmək lazımdır. Ölkə başçısının "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" 1 noyabr 2018-ci il tarixli fərmanı ana dilimizin inkişafına dair mühüm əhəmiyyət kəsb edən vacib sənədlərdən biridir. Prezident Ağdam Muğam Mərkəzinin açılışındakı çıxışında qeyd etmişdir ki, "Bizim mənəvi dəyərlərimizin, Azərbaycan dəyərlərinin inkişafı, qorunması üçün ədəbiyyatımızın, musiqimizin çox böyük əhəmiyyəti var. Muğam həm ədəbiyyatdır, həm musiqidir, həm də Azərbaycan dilinin saflığını qoruyan sənətdir".
Prezident İlham Əliyevin qeyd edilən çıxışında əsas məqamlardan biri də dilin qorunması və inkişafının məhz mədəniyyətlə dilin vəhdətində öyrənilməsinin vacibliyidir. Bu prizmadan baxdıqda Birinci vitse-prezident Mehriban xanım Əliyevanın folklorumuzun, aşıq musiqisinin, muğamlarımızın, maddi və qeyri-maddi mədəni irsinin inkişafında göstərdiyi misilsiz xidmətlər ana dilimizin qorunması üçün ən vacib amillərdən biri kimi dəyərləndirilməlidr.

Heydər Əliyev və dil mədəniyyətimiz haqqında yazını böyük şairimiz B.Vahabzadənin "Ana dili" şeiri ilə tamamlamaq istəyirik.

Bu dil bizim ruhumuz, eşqimiz, canımızdır,
Bu dil bir-birimizlə əhdi-peymanımızdır.
Bu dil tanıtmış bizə bu dünyada hər şeyi,
Bu dil əcdadımızın bizə miras verdiyi
Qiymətli xəzinədir...onu gözlərimiz tək

Qoruyub, nəsillərə biz də hədiyyə verək.

Sadiq QURBANOV,
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri
22-04-2022, 06:41
"QHT Kitabxanası" yaradılıb, dəyirmi masa keçirilib

"QHT Kitabxanası" yaradılıb, dəyirmi masa keçirilib
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Zəngəzur" Cəmiyyətləri İctimai Birliyi tərəfindən həyata keçirilən “Şərqi Zəngəzura qayıdışa mənəvi dəstək” layihəsi çərçivəsində Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl rayonunun Cocuq Mərcanlı kənd tam orta məktəbində "QHT kitabxanası" yaradılıb. QHT tərəfindən kitabxanaya 200 nüsxə dövlətçiliyin, rəsmi siyasətin təbliği, elmi-kütləvi, ictimai məzmunlu, vətənpərvərlik ruhlu kitablar alınıb verilib.

"QHT Kitabxanası”nda ictimaiyyət nümayəndələrinin iştirakı ilə açılış və “Böyük Qayıdış Şərqi Zəngəzurdan başlanır” mövzuda dəyirmi masa təşkil olunub. Tədbirdə yerli icra strukturlarının, kənd bələdiyyəsinin üzvləri, müəllim və yuxarı sinif şagirdləri də iştirak edib.
İctimai Birliyin Cəbrayıl rayon filialının rəhbəri, Cocuq Mərcanlı kənd tam orta məktəbinin direktoru Zamin Həziyev 1 yaşının tamam olması münasibətilə QHT Agentliyini təbrik edib, xeyirxah layihənin – “QHT Kitabxanası”nın yaradılması üçün təşəkkürünü bildirib. Sonra mövzu ətrafında çıxışlar, canlı diskussiya olub.

Qeyd edilib ki, Şəhid və qazilərimizin canı, qanı bahasına işğaldan azad edilmiş yurd yerlərimizə şərəfli böyük qayıdışın reallaşması hər kəsin vətəndaşlıq borcudur, vətəndaş cəmiyyəti təsisatları bu işdə öndə gedirlər.

19-04-2022, 13:56
Tərtərdə “Şəhid ailələrinin, müharibə əlillərinin və veteranlarının hüquqlarının təşviqi” layihəsi çərçivəsində tədbir keçirilib

Tərtərdə “Şəhid ailələrinin, müharibə əlillərinin və veteranlarının hüquqlarının təşviqi” layihəsi çərçivəsində tədbir keçirilib
Aprelin 16-da Tərtər rayon Gənclər Mərkəzində Müvəkkil Hüquq Mərkəzi “Şəhid ailələrinin, müharibə əlillərinin və veteranlarının hüquqlarının təşviqi” layihəsi çərçivəsində hüquqi - maarifləndirici tədbir keçirib.
Tədbirdə çıxış edən Müvəkkil Hüquq Mərkəzinin sədri və layihənin rəhbəri Səməd Vəkilov bildirib ki, icra olunan layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir. Layihə rəhbəri qeyd edib ki, Dövlət tərəfindən həssas sosial qrupların problemlərinin həll olunmasına, onların hüquqlarının reallaşması üçün kompleks təbirlər görülür. Bəzi hallarda şəhid ailələri, müharibə əlilləri və veteranları yaranmış müxtəlif situasiyalarda hansı hüquqi proseduraları reallşadıracağını bilmir və eyni zamanda müxtəlif müraciət formalarının hazırlanmasında çətinlik çəkirlər.

Bütün bu məsəllərdə Müvəkkil Hüquq Mərkəzi layihə benefisarlarına dəstək olmağa hazırdır.
Təşkilat sədri eyni zamanda qeyd edib ki, problemlərdən biri də şəhid ailələrinin, müharibə əlillərinin və veteranlarının qanunvericiliklə nəzərdə tutulan hüquqlar haqqında az məlumatlı olmasıdır. Bu məqsədlə layihə çərçivəsində şəhid ailələrinin, müharibə əlillərinin və veteranlarının hüquqları ilə bağlı maarifləndirici veriliş və bukletlər hazırlanıb.

Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ülvi Nəcəfov çıxış edərək layihənin əhəmiyyətindən və rayon icra hakimiyyəti tərəfindən bu sahədə görülən işlərdən danışıb.
Daha sonra çıxış edən Müvəkkil Hüquq Mərkəzinin sədr müavini Mobil Vəkiloğlu şəhid ailələrinin, müharibə əlillərinin və veteranlarının qanunvericilikdə nəzərdə tutulan hüquqları barəsində geniş məlumat verib.


Tədbir sual -cavab və Müvəkkil Hüquq Mərkəzinin hüquqşünaslarının tərəfindən hüquqi yardımın gösətrilməsi ilə davam edib.
15-04-2022, 21:41
Ekoloji təfəkkür sahəsində əməkdaşlıq

Pedaqoji Universitetlə Milli Məclis arasında ekoloji təfəkkür sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub


Aprelin 13-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Azərbaycan Respublikasının Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi ilə birgə müəllim hazırlığında ekoloji təfəkkürün formalaşdırılması ilə bağlı müzakirə keçirilmişdir.
Tədbirdə ADPU rəhbərliyi, universitetin müvafiq struktur bölmələrinin rəhbərləri, o cümlədən millət vəkilləri Sadiq Qurbanov və Afət Həsənova iştirak edib.


Universitetin rektoru professor Cəfər Cəfərov qonaqları salamlayaraq bildirib ki, ADPU artıq 100 illik hesabatını təhsil ictimaiyyətinə təqdim edib və fəaliyyətinin ikinci yüzilliyinə başlayarkən xalqımız üçün yeni təfəkkür tərzinə malik müəllimlər yetişdirmək üçün davamlı tədbirlər icra edir. 2030-cu ilə qədər olan dövr üçün strateji plan üzərində iş gedir. Strategiya Milli prioritetlər əsasında Azərbaycan məktəbi üçün keyfiyyətli müəllim hazırlığı istiqamətində həyata keçiriləcək.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov qeyd edib ki, vətəndaşların ekoloji təfəkkürə yiyələnməsi, ekoloji təfəkkürün əxlaq normasına çevirilməsi dövrümüzdə tək Azərbaycan üçün deyil, bütün bəşəriyyət üçün aktual məsələlərdəndir. Nəzərə almalıyıq ki, təbii sərvətlərimiz həm olduqca qiymətli, həm də məhduddur.


Millət vəkili qeyd edib ki, mənfur düşmənimiz olan ermənilərin 30 il işğal altında saxladıqları doğma Qarabağda təbii sərvətlərimizə qarşı törətdikləri ekoloji terror, müharibə cinayətləri təkcə Azərbaycan üçün deyil, region və dünya üçün də təhlükə mənbəyidir. Ümumən bu gün dünyada şirin su qıtlığı kəskin hiss olunur. Növbəti 40 ildə planet əhalisinin təxminən yarısı susuzluqdan əziyyət çəkəcək.
Natiq qeyd edib ki, insan inkişaf etmək, mənəvi tələbatlarını ödəməklə yanaşı təbiət qanunlarını nəzərə almalı, balansı qorumalıdır. Bu həyati vacib işdə müəllimlərin üzərinə böyük məsuliyyət düşür. Pedaqoji Universitet kimi müəssisələrdə müəllim hazırlığında bu istiqamətdə aparılan təlim-tərbiyə işi daha da təkmilləşdirilməlidir. Müzakirənin də məqsədi bu istiqamətdə yol xəritəsi hazırlamaqdır.
ADPU-nun elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov bu istiqamətdə Milli Məclisin adıçəkilən komitəsi ilə birgə icra olunacaq layihənin işçi variantını müzakirəyə təqdim edərək layihə nəticəsində gənc müəllimlərdən gözləntilərin əsasən BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq ekoloji çirklənmə, onun qarşısının alınması, milli və beynəlxalq ekoloji hüquqi savadlılıq, monitorinq aparmaq, sərbəst qərar vermə, vətəndaş mövqeyi ortaya qoymaq olduğunu, eyni zamanda bu istiqamətdə elmi tədqiqat işlərini genişləndirmyin vacibliyini bildirib.

Mövzu ətrafında çıxış edənlərdən millət vəkili Afət Həsənova, prof. Fikrət Rzayev, c.e.d. Məhəmməd Abduyev, prof. Fərrux Rüstəmov, prof. Əli Zalov, dos. Ənvər İmanov, dos. Elnarə Mehbalıyeva və dos. Yeganə Cəlilova da təkliflərini səsləndiriblər.
Müzakirənin sonunda təkliflərin dəyərləndirilməsi, yekun layihə və yol xəritəsinin hazırlanması haqqında razılıq əldə olunub.

ADPU-nun mətbuat katibi Cavid Hüseynov
13-04-2022, 12:10
Narkotiklərə qarşı maarifləndirmə


2 Saylı Bakı Baza Tibb Kollecində narkotiklərə qarşı maarifləndirmə tədbiri keçirilib.

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Miqrasiya Sahəsinin İnkişafı İctimai Birliyi, "Narkotik vasitələr, zərərli vərdişlər və narkomaniyaya qarşı mübarizəyə dair maarifləndirmə tədbirləri" layihəsi çərçivəsində 3-cü tədbirini Bakı şəhərindəki 2 saylı Bakı Baza Tibb Kollecində keçirib.
Layihə rəhbəri Vidadi Fətullayev, narkomaniya və zərərli vərdişlərə qarşı ölkəmizdə aparılan mübarizə və maarifləndirmə işlərində, dövlət qurumları ilə yanaşı ictimaiyyətin də fəal rol almasının vacib olduğunu qeyd edib. Dövlətimizin ölkə vətəndaşlarının sağlamlığı sahəsində həyata keçirdiyi islahatlardan və Azərbaycan səhiyyəsində çalışanların pandemiya ilə mübarizədəki fədakar əməyindən bəhs edən QHT sədri, cəmiyyətimizin narkomaniya bəlasına qarşı da eyni qətiyyəti göstərəcəyinə inandıqlarını vurğulayıb.

2 gün davam edən tədbirin ilk günündə çıxış edən Narkotiklərlə Mübarizə üzrə Dövlət Komissiyası (NMDK) İşçi Qrupunun sektor müdiri Raqif Allahverdiyev Azərbaycan Prezidentinin imzaladığı və 2019-2024-cü illəri əhatə edən Dövlət Proqramı haqqında məlumat verib, həmçinin slaydlardan istifadə edərək, geniş təlim proqramı ilə çıxış edib və tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb.
Ölkə rəhbərliyinə, gənclərə göstərdikləri qayğı və etimada görə minnətdarlıqlarını ifadə edən tədbir iştirakçıları, tədbirin təşkilində göstərdikləri dəstəyə görə QHT-lərə Dövlət Dəstəyi Agentliyinə, Dövlət Komissiyasının (NMDK) İşçi Qrupu, Səhiyyə Nazirliyi,Yasamal rayon İcra Hakimiyyəti və Kollec rəhbərliklərinə təşəkkür ediblər.

Vidadi Fətullayev
“Miqrasiya Sahəsinin İnkişafı” ictimai birliyinin sədri




19-03-2022, 07:39
Fərqli qəzet köşkləri

Bu “Azadlıq” metrosunun girişindəki 127 nömrəli qəzet köçküdür.
Fərqli qəzet köşkləri

Köşkdə fevral ayı boyunca qəzet düzümü dəyişmədi. Martın 16-da olan dəyişikliyə də özünüz baxın! Gözə dəyən o iki qəzeti də ilim-ilim itiriblər! Mikroskopla axtarmaq lazımdır.



Bu isə Elmlər Akademiyası metrosunun qarşısındakı 155 nömrəli köşkdür. Satıcı Orxan Dəmirov saat 11-ə qədər qəzetlərin çoxunu satıb. Gün ərzində bütün qəzetləri satıb qurtarır. Çünki Orxan işinə məsuliyyətlə, vicdanla yanaşır.
13-03-2022, 09:34
Faiq Ələkbərlinin kitabı yeni nəsilə ünvanlanıb


Faiq Ələkbərli: ”Məhəmməd Əmin Rəsulzadənin sosial-fəlsəfi görüşləri: milli həmrəylik və azərbaycançılıq” kitabı yeni nəsilə ünvanlanıb”

Martın 12-də “Azərkitab” kitab mərkəzində Bütöv Azərbaycan Ocaqları (BAO) başqanının Türk dünyası ilə əlaqələr üzrə müavini, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərlinin “Məhəmməd Əmin Rəsulzadənin sosial-fəlsəfi görüşləri: milli həmrəylik və azərbaycançılıq” kitabının təqdimatı keçirilib.
Tədbiri giriş sözü ilə açan ADMİU-nun kafedra müdiri, professor Mübariz Süleymanlı bildirib ki, Faiq Ələkbərli magistr və doktorluq dissertasiyası işlərini də Azərbaycan Cümhuriyyətinin banisi, dövlət xadimi, filosof-mütəfəkkir Məhəmməd Əmin Rəsulzadəyə həsr edib. Bu monografiyda isə Rəsulzadənin sosial-fəlsəfi görüşləri çərçivəsində milli həmrəylik və azərbaycançılıq təlimlərinin araşdırıldığını nəzərə çatdıran M.Süleymanlı müəllifin üç cildlik “Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi (XIX-XX əsrlər)” fundamental kitabının əhəmiyyətindən danışıb.
Təqdimatda iştirak edən M.Ə.Rəsulzadənin nəvəsi, əməkdar rəssam, dosent Rais Rəsulzadə bildirib ki, Faiq Ələkbərlinin yenidən Azərbaycan Cümhuriyyətinin qurucusuna müraciət etməsi yeni nəslin onun daha dərindən dərkinə imkan yaradacaqdır.
Daha sonra AMEA Şərqşünaslıq İnstitutunun əməkdaşı, “Rəsulzadə ev muzeyi” İctimai qrupunun rəhbəri professor Solmaz Tohidi-Rüstəmova F.Ələkbərlinin yeni kitabında M.Ə.Rəsulzadənin sosial-fəlsəfi görüşlərini tədqiq etməsinin vacibliyi ilə yanaşı, Azərbaycan Cümhuriyyətinin qurucusunun ideyalarının bütün azərbaycanlılar, Azərbaycan türkləri üçün bu gündə öz əhəmiyyətini qoruyub saxlanmasından bəhs edib.
AMEA Tarix İnstitutunun əməkdaşı, dosent İlham Həsənov isə bildirib ki, Faiq Ələkbərlinin əsərləri ilə tanışlıq onda böyük maraq doğurub. Bu anlamda müəllifin M.Ə.Rəsulzadənin irsinə yenidən müraciət etməsini təqdirəlayiq hesab edən İ.Həsənova görə, bu dövlətçilik ənənələrinin qorunub saxlanması üçün də vacibdir.

BDU-nun professoru, tanınmış jurnalist Qulu Məhərrəmli də müəllifin dövlət xadimi M.Ə.Rəsulzadə ilə bağlı yeni bir əsər ortaya qoymasının Rəsulzadəşünaslıq sahəsində önəmindən bəhs edib.
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı, dosent Sənan Həsənov isə Faiq Ələkbərlinin elmi fəaliyyətində M.Ə.Rəsulzadənin irsinin mühüm yer tutmasından, eyni zamanda onun azərbaycançılıq və türkçülüklə bağlı kitablarının dövlətçilik baxımından əhəmiyyətindən danışıb.
AMEA Ədəbiyyat İnstitutunun əməkdaşı, BAO başqanının humanitar məsələlər üzrə müavini, dosent Zəkulla Bayramlı isə çıxışında deyib ki, Faiq Ələkbərlinin Azərbaycan Cümhuriyyətinin banisi, dövlət xadimi M.Ə.Rəsulzadə ilə bağlı araşdırmalarına davam etməsi müsbət haldır.
AMEA Milli Azərbaycan Tarix Muzeyinin icraçı direktoru, dosent Fərhad Cabbarov isə bildirib ki, müəllifin digər əsərləri kimi, M.Ə.Rəsulzadəyə həsr etdiyi monoqrafiyasının da elmi ictimaiyyət tərəfindən maraqla qarşılanacağına şübhə etmir.
AKU-nun “Sosial elmlər ” kafedrasının müdiri, dosent Gülnarə Qurbanova isə Faiq Ələkbərlinin yalnız elmi tədqiqatçı kimi deyil, müəllim-pedaqoq kimi xüsusiyyətlərindən danışıb.
Eyni zamanda, tədbirdə tarixçi-alim Nigar Gözəlova, tanınmış yazar- şair Vahid Aslan, qazi Əmrah Cabbarlı, dosent Elmira Abbasova, yazar-şair Cavanşir Qənbərli, gənc tədqiqatçı Asim Cənnətov, gənc jurnalist Nicat İsmayılov, ictimai fəal, jurnalist Rüfət Muradlı və başqaları da çıxış ediblər.

Təqdimatın sonunda danışan Faiq Ələkbərli isə bildirdi ki, “Məhəmməd Əmin Rəsulzadənin sosial-fəlsəfi görüşləri: milli həmrəylik və azərbaycançılıq” kitabı yeni nəsilə ünvanlanıb. Müəllif qeyd etdi ki, Rəsulzadənin ismi Azərbaycan adıyla sinonim təşkil etdiyi üçün, onları bir-birindən ayrı təsəvvür etmək mümkün deyil. F.Ələkbərli 1918-ci ildə yaranan türk dövlətinə Azərbaycan adını verən Rəsulzadənin bununla yanaşı, Bütöv Azərbaycan ideyasının da müəllifi olmasını xüsusilə vurğulayıb.
4-03-2022, 15:43
Müvəkkil Hüquq Mərkəzindən Siyəzənlilərə hüquqi yardım

Müvəkkil Hüquq Mərkəzi Siyəzəndə şəhid ailələrinə və veteranlara hüquqi yardım göstərib


Müvəkkil Hüquq Mərkəzi “Şəhid ailələrinin, müharibə əlillərinin və veteranlarının hüquqlarının təşviqi” layihəsi çərçivəsində Siyəzən rayonu Mədəniyyət Mərkəzində hüquqi - maarifləndirici tədbir keçirib.


Tədbirdə salamlama nitqi ilə çıxış edən 54 saylı Şabran-Siyəzən Seçki Dairəsinin deputatı, Azərbaycan Respublikasının Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə həyata keçirdiyi şəhid ailələrinə, qazilərimizə, müharibə iştirakçılarına yönəlik siyasətinin əsas qayəsini şəhid adlarının əbədiləşdirilməsi, qazilərimizin sağlamlığının təmin edilməsi, bu həssas qrupa aid olan şəxslərin sosial rifahının yaxşılaşdırılması təşkil edir: “Vətəndaş cəmiyyəti institutlarının bu sosial qruplara yönəlik layihələrini alqışlayıram. Hesab edirəm ki bu layihələr davamlı olmalı Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi bu sahəni daimi diqqətdə saxlamalıdır”
Müvəkkil Hüquq Mərkəzinin sədri və layihənin koordinatoru Səməd Vəkilov bildirib ki, icra olunan layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həya keçirilir.
“Dövlət tərəfindən bu fəaliyyətlərin dəstəklənməsi həssas sosial qrupların problemlərinin həll olunmasına, onların hüquqlarının reallaşmasına əlavə töhfədir. Çünki bəzi hallarda şəhid ailələri, müharibə əlilləri və veteranları yaranmış müxtəlif situasiyalarda hansı hüquqi proseduraları reallşadıracağını bilmir və eyni zamanda müxtəlif müraciət formalarının hazırlanmasında çətinlik çəkirlər. Bütün bu məsəllərdə Müvəkkil Hüquq Mərkəzi layihə benefisarlarına dəstək olmağa hazırdır.

Təşkilat sədri eyni zamanda qeyd edib ki, problemlərdən biri də şəhid ailələrinin, müharibə əlillərinin və veteranlarının qanunvericiliklə nəzərdə tutulan hüquqlar haqqında az məlumatlı olmasıdır. Bu məqsədlə layihə çərçivəsində şəhid ailələrinin, müharibə əlillərinin və veteranlarının hüquqları ilə bağlı 3 maarifləndirici veriliş və buklet hazırlanıb.
Daha sonra çıxış edən Müvəkkil Hüquq Mərkəzinin sədr müavini Mobil Vəkiloğlu şəhid ailələrinin, müharibə əlillərinin və veteranlarının qanunvericilikdə nəzərdə tutulan hüquqları barəsində geniş məlumat verib.

Tədbir sual -cavab və Müvəkkil Hüquq Mərkəzinin hüquqşünaslarının tərəfindən hüquqi yardımın gösətrilməsi ilə davam edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!