“Bunlar gerçəklikdir. Qətiyyən eyforiyaya qapılaraq “düşmən daha tam məhv oldu”, “qalib gəldik” deyə arxayınlaşmaq olmaz…”
Azərbaycanın bəzi media vasitələri 44 günlük savaşdakı böyük uğurlarımızdan sonra keçən müddətdə ya ucuz sensasiya yaradaraq oxucu, tamaşaçı sayıını artırmaq məqsədi ilə, yaxud hansısa qüvvələrin, çox güman ki, son 30 ildəki kimi Azərbaycan xalqının başının altına yastıq qoymağa çalışan “5-ci kalon”, “KQB”-“QRU”-korrupsiya şəbəkəsinin sifarişi ilə Ermənistanın, həmçinin Qarabağda Rusiyanın faktiki himayəsində bəslənən seaparatçı-terrorçu rejimin məğlub durumunu hədsiz dərəcədə miskinləşdirməyə çalışaraq yalan, feyk-məlumatlar yaymağa çalışırlar. Və əslində düşmənlərimizə xidmət edən xalqa gerçək informasiya verənlər yox, ona yalan sırıyanlar, 1988-1990-cı illərdə Moskvaya işləyən medianın etdiyi kimi, xalqı arxayın salaraq hayların Rusiya hərbçilərinin himayəsi altında öz mövqelərini möhkəmlətməsinə, güclənmələrinə dolayısıyla şərait yaradanlardır…
Bu günlərdə Xankəndindəki separatçı-terrorçu rejimin başçısı Araik Arutyunyanın guya Qarabağdan qaçqığını, artıq oradakı ermənilərin də kütləvi şəkildə köçməyə hazırlaşdıqları haqda informasiya yayılmışdı. Guya dekabrın 31-də Araik Xankəndində olmayan vaxt qəflətən işıqlar sönüb, internet kəsilib. Bu da ermənilərdə növbəti təşviş yaradıb…
Moderator.az-ın araşdırmasından bəlli olur ki, erməni mediasının yaydığı məlumata görə, dekabrın 31-i gündüz saatlarında Araik Arutyunyan doğrudan da Xankəndində olmayıb.
Ancaq o, Azərbaycan torpaqlarından kənara çıxmayıb və Kəlbəcər rayonunun faktiki olaraq Rusiya hərbi kontingentinin nəzarətində və ermənilərin işğalında olan hissəsinə səfər edərək oradakı yüksəkliklərdən birində xidmət edən separatçı-işğalçı hərbçilərlə görüşüb onları Yeni il münasibəti ilə təbrik edib. Video-görüntülərdən bəlli olur ki, Araik Kəlbəcərdə Azərbaycan və Rusiya hərbçilərinin birgə nəzarət etdiyi qədim xristian türk babalarımızın abidəsi olmuş Xidavəng monastrının hava xətti ilə çox yaxınlığındakı erməni mövqelərindən həmin məbədimizi durbinlə müşahidə edib. Və açıq hiss olunur ki, həmin erməni mövqeləri Xudavəng məbədindən hündürlükdədir. Məlumdur ki, sovet dövründən bəri Kəlbəcər rayonunun ərazisinə daxil olan Ağdaban kəndi faktiki olaraq Rusiya və erməni hərbçilərinin nəzarətindədir. Çox güman ki, Araik Xudavəngi həmin kənd yaxınlığındakı 2030 metrlik yüksəklikdəki, yaxud bir qədər şimal-qərbdə – Rusiya hərbçilərinin də arabir patrul xidməti təşkil etdiyi Şaban yurdu deyilən yerin yaxınlığındakı 1672 metrlik yüksəklikdə yerləşən erməni postlarından müşahidə edib. Videodan separatçı başçının hərbçilərlə kiçik süfrə açaraq bayram münasibəti ilə tost da dediyi görünür…
Zəruri xatırlatma:
Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli 327 nömrəli Qərarına əsasən Ağdərə rayonu ləğv edildikdən sonra rayonun Çərəktar, Qozlu, Kotavan, Yuxarı Oratağ, Qızılqaya, Yayıcı, Dəvədaşı, Drombon, Çıldıran, Mehmana, Dovşanlı, Həyat, Bazarkənd, Şahmansurlu, Vəngli, Çormanlı, İmarət Qərvənd, Zardaxaç, Çapar, Həsənriz, Narınclar, Damğalı, Kolatağ kəndləri və onlara məxsus torpaq sahələri rəsmən Kəlbəcər rayonuna birləşdirilib. Lakin 10 noyabr 2020-ci il razılaşmasına əsasən həmin 23 kənd Rusiyanın sülhməramlı sayılan hərbi kontingentinin nəzarətinə verilməklə faktiki olaraq hayların əlində qalıb. Ağdərə rayonunun digər 8 kəndi: Xatınbəyli, Qazançı, Manikli, Baş Güneypəyə, Orta Güneypəyə, Sırxavənd, Yeni Qaralar, Kiçan kəndləri və onlara məxsus torpaq sahələri Ağdam rayonunun, Ağdərə şəhəri və digər 17 kəndi: Umudlu, Zəylik, Ulu Qarabəy, Kiçik Qarabəy, Ağabəyyalı, Çardaqlı, Lüləsaz, Miqrelalay, Aşağı Oratağ, Qasapet, Canyataq, Dəmirli, Gülyataq, Talış, Seysulan, Suqovuşan, Çaylı kəndləri və onlara məxsus torpaq sahələri isə Tərtər rayonunun inzibati tərkibinə verilib. 44 günlük savaş nəticəsində Tərtər rayonunun yalnız Suqovuşan, Talış və Çaylı kəndləri rəsmən azad edilib. Həmçinin Ağdam rayonunun adları çəkilən 8 kəndi də Rusiya hərbçiləri və hayların nəzarətində qalıb…
P.S. Bunlar gerçəklikdir. Qətiyyən eyforiyaya qapılaraq “düşmən daha tam məhv oldu”, “qalib gəldik” deyə arxayınlaşmaq olmaz…(sozcu.az)
Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.
Qərbi zəngəzurlular Zəngilan şəhidliyində
Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur. Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.
Azad Zəngilanın qonaqları
Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib. Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.
Mahnur Hüseynova Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru