Bakıda obyekt yanır .....                        Pensiya və maaş artımı neçə nəfəri əhatə edəcək? .....                        Prezident “AzerGold”la bağlı sərəncam imzaladı .....                        Elçin Quliyev Türkiyə Quru Qoşunları komandanı ilə görüşüb - FOTO .....                        Pezeşkian Rusiya Baş nazirinin müavinini qəbul edib .....                        Kanal-11 internet TV-nin rəhbərinə 9 il həbs istənildi .....                        Azərbaycan və Serbiya XİN başçıları müzakirə apardılar .....                        Ceyhun Bayramov Səfirlər Konfransında çıxış edib .....                        Naxçıvanda istilik elektrik stansiyası tikiləcək - SƏRƏNCAM .....                       
Tarix : 15-07-2016, 17:23
Ah, bu nəvələr, nəvələr!



Əsrin dilemması...

(Görkəmli ədəbiyyatşünas-tənqidçi Qurban Bayramovun 70 illik
yubileyinə olmuş əhvalatlar seriyasından bir hekayə hədiyyəsi...)

Azərbaycanın istedadlı, say-seçmə alimlərindən olan Qurban müəllim bir neçə həmyaşıd ziyalı dostlarını evinə toplayıb sevdiyi bir kitabın müzakirəsini bəhanə edərək şirin bir məclis təşkil eləmişdi. Tərs kimi həmin gün nəvələrinin də ürəkləri atdanmışdı ki, gəlib baba ilə nənəni görsünlər. Gəldilər və gəlməkləri ilə Qurban müəllimin o üç otaqlı mənzilində elə hay-küy, elə tarap-turup saldılar ki, gəl görəsən. Nəvələrin tarap-turupundan, səs-küylərindən evin divarları silkələndi. Hələ yaxşı ki, uşaqları Qurban müəllimin dostları ilə yığışıb oturduqları otaqdan bir xeylaq aralı otaqda – otaqları uzun dəhliz ayırırdı – babalarının kabinetinə salmışdılar ki, onların səs-küylərini qonaqlar eşitməsinlər.
Qurban müəllimin xəbəri yox idi ki, nəvələri ayaqlarını qapıdan içəri qoyan kimi onun göz bəbəyi kimi qoruduğu kitablarını dolablardan aşırıb yerə tökmüşdülər və gah kitabları qatar kimi düzüb sürürdülər, gah da bir-birinin üstünə qalaqlayaraq səngər düzəldib əllərində silah döyüşürdülər. Nəvələrini babalarının evinə ayrı-ayrılıqda tək gətirsəydilər nə vardı ki, sevinərdilər. Bir yerə düşdülər ha, eh, nəvələr, nəvələr, xüsusən oğlan nəvələri evdə elə hoqqalar çıxardırdılar ki... lap məəttəl qalınası idi. Idmana apardıqları böyük nəvəsi var ha... cüvəllağı...
Böyüklərin gözünü oğurlayıb ayaqlarını iki qapının arasına söykəyə-söykəyə qalxıb qapının lap başında oturardı. Gəl indi bu uşağı o yuxarıdan düşürt, görüm, necə düşürdürsən... – Nənə qapının yuxarı başında oturan nəvəsini görüb hay-küy salardı: - Ay bala, düş aşağı. Orda nə təhər oturursan? Tutan yeri də yoxdu ki, tutasan. Bizi işə salma, bala, amanatsan. - Nənə babanı köməyə çağırardı. - Ay Qurban, hardasan?
Nənə təsadüfən evinə gələn qonşusuna nəvələrindən şikayətlənərdi. – Sən Allah, gör hələ bizim bu dəcəl balamız hara dırmaşır. Hələ onu demirəm ki, evdə bir dənə də olsun salamat şey qoymayıblar. Nə qədər telefon aparatı almaq olar. Hamısını sındırıblar. Az qalıb ki, telefonu tavana çəkək, bir dənə də pilləkən alaq, çıxaq danışaq sonra da elə pilləkənlə də düşək. Ancaq yox, görmürsən bunları? Tavana da dırmaşmaqlarından qalmırlar. - Qonşusu nənənin tavana telefon çəkdirmək fikrinə görə gülməkdən uğunub gedərdi. Nənə də ona qoşulardı.
İndi Qurban müəllimin bu üç istəkli oğlan (hələ qız nəvələrini demirəm) nəvəsi onun tələbə vaxtından bəri boğazından, əynindən, başından kəsib aldığı pulla kitabları döşəmə boyu səpələmişdilər ki, nə var, nə var oyun oynasınlar, paravoz sürsünlər, kitablardan səngər düzəldib döyüşsünlər.
Nənə axır ki, dözməyib qonaq otağının qapısını açdı. Gənc müəlliflərdən birinin şeirlərinin məziyyətlərindən danışıb hamını heyrətdə qoyan babanı çağırmalı oldu.
* Ay Qurban, a kişi bir ayağını qoy bəri. Gəl gör bu sənin əziz- xələf nəvələrin nə hoqqalardan çıxırlar. Sənin kitablarını bilirsən neyləyiblər?
Əgər “kitab” sözünü eşitməsəydi Qurban müəllim bəlkə də nənənin sözlərini qulaqardına vurardı. Kitabsa onun üçün müqəddəs idi. Qurban müəllim tezcənə müzakirəni yarımçıq kəsib dostlarından üzr istəməyi də yadından çıxararaq hövlnək özünü kabinetə saldı. Kitablarının döşəmə boyu səpələndiyini və nəvələrinin də üstündə oturduğunu görüb başını tutdu. Ürəyində nəvələrindən möhkəm incisə də özünü sakitləşdirdi. Nə fikirləşdisə əlini başından götürüb üzünə mülayimlik ifadəsi verdi. Nahaq yerə deməyiblər ki, dövlətdə dəvə, övladda nəvə. Qurban müəllim qabağında günahkarcasına farağat dayanıb babalarının nə deyəcəyini gözləyən Qurban, Tamerlan, Hüseyn, Qərənfil, Gülarə nəvələrinə baxdı. Hüseyndən başqa nəvələr həmyaş idilər. Aralarında bir-iki ay, dörd-beş gün fərq var idi.
Ah, bu nəvələr, nəvələr!

İndilikdə isə... Uşaqlar olduqları yerdə donub həyəcanla babalarına baxırdılar... Baba üzünü böyük nəvəsinə-adaşına tutub: - Bala, - dedi, - Bunların arasında səni ağıllı bilirdim, sən də belə.... Bu nədi, bu nə həngamədir siz çıxardırsınız? Bir yaxın gəl, görüm, - Qurban müəllim istədi nəvəsinə qulaqburması versin. Qurban həyəcanla çiyinlərini çəkdi, susqun halda Tamerlanın üzünə baxdı...
...Baba Qurbanın baxışlarından məsələni duydu, bildi ki, bu həngaməni təşkil edən Tamerlandır. Tezcənə “valı” dəyişdi. İstər-istəməz nəvələrin üzünə gülümsədi də. Əlaçı nə idi. Uşaqların xasiyyətini bilirdi. Onları tənbeh etməklə yox, tərifləməklə ələ almaq olardı. Üzünü Tamerlana tutub, amma bütün nəvələrə müraciətlə: - Siz mənim ağıllı nəvələrimsiniz. – dedi, - Özü də qoçaq... Amma Tamerlana sözüm var, bir bəri gəl, gör nə deyirəm sənə.
Balaca Tamerlan təqsirini bildiyi üçün başını aşağı salıb, suçqun-suçqun babsına yaxınlaşdı: - Baba, biz neynəyirik ki? - Mızıldandı – Paravoz sürürük də. Sürməyək bəs? Oynamayaq? – Baba dedi: - Mən demirəm ki, oynamayın, oynamalı nə qədər şey var... Amma kitab oyuncaq deyil ha, onunla oynayasınız. Kitab, bilirsən ki, dünyanın ən pak, ən müqəddəs varlığıdır? Onu oxuyarlar, ondan öyrənərlər... Kitab olmasa insanlar küt olar, savadsız qalar. Axı sizin də, hazırlıq kitablarınız var, bircə Hüseyni demirəm, o hələ sizdən balacadı... Bu da mənim kitablarımdı də... Mən səni, sənin o qaqaşlarını, bacılarını başa düşürəm. Gəl bura, sənə sözüm var. Baba onu yan otağa çəkib pıçıltıya keçdi: – Bilirsən də, o dəfə də sənə demişdim axı... Bu kitablar, bu ev-eşik hamısı sənindi. Hamısını sənə bağışlayacağam... Nahaq deməyiblər ki, “Kitab biliyin aynasıdır”. Heç bilirsən baban bu qədər kitablara nə qədər pul xərcləyib... bir maşının pulu qədər... Niyə qoşulmusan o biri uşaqlara zay eləyirsiniz bu boyda xəzinəni, bala. Özün də elə burda qalarsan. Babanın yanında. Evimi də sənə verəcəm, kitabları da, mənim balam.Sən onlara qoşulma...
Balaca Tamerlanın gözləri işıqlandı: - Doğru deyirsən, baba, mən burda qalacam? Kitabların hamısı mənim olacaq?
* Əlbəttə... İstəyirəm bu kitabların hamısını, mənim yazdığım kitabları da sən oxuyasan.
Deyəsən, Qurban müəllimin öyüd-nəsihəti öz bəhrəsini verdi. Baba o

biri otağa - dostlarının yanına keçən kimi Tamerlanın göstərişi ilə kitablar yerlərinə düzüldü. Sən demə, elə bu həngamənin təşkilatçısı Tamerlanın özü imiş, uşaqlara özünü göstərirmiş ki, mən beləyəm...
Müzakirəyə yekun vurulandan sonra süfrəyə çörək gəldi, çay gəldi. Qonaqlara xidmət eləyən Nərgiz nənə him-cimlə soruşdu ki, a kişi, sən nə elədin ki, bu uşaqlar adam oldular? Qurban müəllim isə bərkdən: - Nərgiz xanım, gör nə var gətir, yeyib-içək, danışıq bizi yordu. Sağlıq olsun, hələ görəcəklərimiz qabaqdadır. Inşallah! – Hamı gülüşdü... Süfrə mərasimi bitdi.. Qonaqlar Qurban müəllimlə, evdəkilərlə xüdafisləşib gedəndən sonra Qurban müəllim kabinetinə keçdi. Kitabları dolablarda görüb ürəyi rahatlandı. Nəvələr kitabları hara gəldi yerləşdirdikləri üçün baba: - Buna da şükür. - deyib kitabları təzədən öz yerinə düzdü.
Həmin gündən üçcə gün keçməmişdi ki, Tamerlan babasına zəng etdi. Telefonda ərkösöyününün səsini eşidən Qurban müəllimin çiçəyi çırtladı.
* Salam, baba!
* Ay əleykümsalam. –Bütün nəvələrini çox istəsə də, üç qız atası olan babanın Tamerlana xüsusi istəyi vardı. Çünki o, körpəliyini babsının yanında keçirmişdi, ürəyində vara-vurd eləmişdi ki, elə onun yurdçusu bəlkə də, bu nəvəsi olacaq...
* Baba, sənlə bir məsələ barədə danışmaq istəyirəm.
* Buyur, buyur. – Baba da rəsmiyyətə keçdi. – Eşidirəm səni.
* Sizdə olanda mənə dedin ki, o ev mənə qalacaq, hə?
* Əlbəttə, mənim balam, əlbəttə, sənə qalacaq.
* O kitablar da mənim olacaq, hə?

Qurban müəllim kitab adını eşidəndə ürəyi sevincdən atdandı. Tamerlanın kitabdan danışmağı kişini fərəhləndirdi.
* Əlbəttə, mənim balam. Yüz faiz. Balaca Tamerlan bir anlıq susub fikirləşdi ki, babasına istədiyini necə izah etsin.
* Mən belə fikirləşdim ki, - dedi. - Baba, mənə ancaq evi verəsən.
Kitabları istəmirəm. yaxşı, baba?
* Niyə bala? - Qurban müəllim udqundu. Elə bil boğazını nəsə gicişdirdi.
* Istəmirəm də. Axı ordakı kitabların çoxu mənim dilimdən deyil. Mən nə təhər oxuyum? Tamerlan əlifbanı nəzərdə tuturdu. Ölkədə əlifba islahatı olmuş, krildən latın əlifbasına keçilmişdi. Balaca Tamerlan bunu nəzərdə tuturdu və bəhanəsini də bununla əsaslandırırdı.
* Oxuyarsan, mənim balam, oxuyarsan. Böyüyəndə hələ çox əlifba öyrənəcəksən...
* Yox, ay baba, sən gəl kitabları Qurban nəvənə ver, o məndən üç-dörd gün böyükdür... Həm də, kompyuteri məndən yaxşı bilir...
Bu danışıqdan sonra, baba xeyli fikrə getdi, götürdü adaşına, Qurban nəvəsinə zəng elədi... Baba Qurban nəvəsini xüsusi məzahla dindirərdi – Adaşım mənim, qardaşım mənim, yoldaşım mənim” və ...
* “Ay adaşım mənim, qardaşım mənim, yoldaşım mənim!”. Necəsən? Nə var, nə yox? Telefonun o başından cavab bir az gec, özü də çaşqın gəldi:

* Baba, salam, bəs axırıncı sözü demədin, ha!

* Əşşi, o söz daha, sənə yaraşmır, Tamerlana yaraşır! Fikirləşdim ki, sən

ondan etibarlısan, ağıllısan, həm də adaşımsan, mənim üçün hər şeydən qiymətli olan elə kitabxanamı da, sənə bağışlayım! Cavab ləngimədi:

* Baba, çox sağ ol. Gəl, kitablarını sonbeşik nəvən Hüseynə ver, o sənin kitablarını çox səhifələyir...
Baba telefonda udquna-udquna qaldı... Ay dadi bidad, deyəsən, min-bir əziyyətlə düzəltdiyim, sayı dörd minə yaxınlaşan kitablarım ortada qalacaq. Bəs, mən neyləyim?..
Baba nəvələr arasındakı bu “diplomatik” söhbətdən beş-on gün keçmişdi ki, bu dəfə Tamerlan balanın telefon zənginə nənə cavab verdi.
* Bıy, Tamış, sənsən, nə əcəb zəng eləmisən nənə qurban? Nə?
Babanı istəyirsən. Bu saat, bu saat. – Baba nənənin əlindən telefonu könülsüz aldı. – Hə, bala, indi nə sözün var?

* Baba, bilirsən nə var? Mən razıyam, belə fikirləşdim ki, o kitabları da mənə verərsən. Yaxşımı?
Qurban müəllimin sevincdən çiçəyi çırtladı:
* Ay səni min yaşayasan. Mən bilirdim mənim Tamerlanım əla oğlandı, ağıllıdır, kitab oxuyandı, babasının yurdçusudu...
* Dayan da, baba. Axı mən sözümü deyib qurtarmamışam. Bilirsən, o kitabları niyə istəyirəm? Sən o dəfə demədin ki, bir maşının puluna almısan o kitabları. O günü bir filmə baxırdım, orda “Bukinist” deyilən mağazada köhnə kitabları pulla alırdılar. Indi də mən istəyirəm ki, oları satıb özümə maşın alım. Necədi mənim fikrim, baba?
Bu sözdən sonra babanın deməyə sözü qalmadı. Əlində telefon, nitqi qurumuşdu, susub dayanmışdı. Nəvəsə cavab gözləyirdi.
* Yox, Tamerlan bala, kitabları sənə verməyəcəyəm. Fikrimdən vaz keçdim.

Qurban müəllimin böyük nəvələrdən əli üzüləndən sonra əlaçı sonbeşik nəvəsinə qaldı. “Bəlkə, Hüseyn balamı sınayım. Axır vaxtlar uşağın kitab, qələm əlindən yerə düşmür. Nəyəsə baxırdı, nəyləsə maraqlanırdı. Ən çox da heyvanat aləmini sevirdi. Ev heyvanlarından tutmuş vəhşi heyvanlara kimi hamısının tərcümeyi-halından məlumatı vardı. Hansı heyvanın məskəni haradır, soyuğa, istiyə davamlıdırmı, sərt qışı necə qarşılayır, nəylə qidalanır, balalarını necə yemləyir. Zalım balasının hamısından xəbəri vardı. Quşların, balıqların, vəhşi və ev heyvanlarının yaxşı şəkillərini çəkir... Bəlkə onun qılığına girim, hər-halda ürəyi yumşaqdır, məni anlayar...”
Babanın böyük nəvələrlə “diplomatik” söhbətindən beş-on gün keçmişdi ki, Ata-anası Hüseyni babasıgilə gətirmişdi... Hüseynin gəlişi Qurban müəllimi yamanca sevindirdi. “Xəlvətə salım, bu balanın da ağzını arayım, görüm bu nə deyir”. Baba günorta naharından sonra nəvəsini divanda – yanında otuzdurub onu söhbətə tutdu. Xeylaq kitablardan, oxumağın, təhsilin əhəmiyyətindən danışıb nəvəsinə bir-iki şeir dedirdib əsas mətləbə keçdi:
- Hüseyn bala, mən bilirəm sən babanı nə qədər istəyirsən. Göstər görüm nə qədər istəyirsən? – Hüseyn qollarını yana açıb babasının nə qədər istədiyini göstərdi.

- Afərin. Hüseynin qollarını geniş açmağı babanın qəlbini fərəh hissi ilə doldurdu.
* Çox sağ ol, əziz balam. Mənsə səni bu kitabların sayından da çox istəyirəm. İndi isə mənə qulaq as... Mən belə qərara gəlmişəm ki, nə qədər kitabım var ha onları sənə bağışlayım. Kitablar həmişə sənə lazım olacaq. Düzdü?
“R” hərfini “L” kimi deyən Hüseyn evin divarına yerləşdirilmiş dolablardakı kitabları nəzərdən keçirib necə qışqırdısa Qurban müəllim yerindən dik atıldı.
* İstəmiləm, mən kitab istəmiləm! Həmişə deyildin ki, sənə at alacağam.
Doğulçu at. Bə noldu? – Qurban müəllimin qanı necə qaraldısa danışmağa söz tapmadı. Dilxor olsa da:
- At alardım ey sənə, ancaq atı bu evə necə gətirək, harda saxlayaq?

* Halda? Odey atam maşını halda saxlayıl. Stayankada saxlamıl? Elə olda...

* Yaxşı, bala, at deyirsən at alaram. Sən mənim bu kitablarıma yiyə dursan elə sevinərəm, elə sevinərəm ki. – Qurbandan, Tamerlan baladan gözüm su içmədi heç olmasa, bala, sən...
Babasının dilxor olduğunu görən nəvə kitab rəfinə yaxınlaşdı. Çoxdan qaraladığı “Heyvanat aləmində” kitabını əlinə aldı: - Yaxşı, gölüləm pis olulsan, baba, bu kitabı götülələm. Bulda çoxlu şəkilləl var. Düzdü?
* Elə bir kitab?
* Hə o bili kitablalı istəmiləm. Adama sözü bil dəfə deyəllər də, babacan.
Mama həmişə demil ki, adama sözü bil dəfə deyəllər?

* Neynək, bala, neynək, demək, sən də belə. - Baba ümidini o biri nəvəsinə Cavidə saxladı. O da balacaydı. Dörd yaşında nəvəsi ilə nə danışacaqdı ki. Düzdü, Cavid böyüklərdən də çox bilirdi. Bir az da ərköyünlüyü vardı. Kim uşağı görürdüsə cibinə pul qoyurdu. Anası buna görə. – Uşağı pula öyrətməyin – deyib əsəbləşərdi.
Babası telefonda soruşanda ki, Cavid, bala, sənə nə alım? * Baba, mənə pul al. Pul gətir. – Deyərdi.
* Bərəkallah, bala, bu da təzə çıxdı. “Görəcəkli günlərimiz hələ qabaqdaymış. Zəmanə uşağıdı ey”.

Cavidin dəcəlliyinə söz ola bilməzdi. Hərdən qonaqlığa, toya gedən ata-anası gətirib uşağı baba ilə nənənin yanına qoyardılar. Cavid balanın dəcəlliyi onda görünərdi. Bələkdə olanda nə var ki, nənəsi yanını, başını yuyub bələyər, yedizdirib yatızdırardı. Cavid ki, bələkdən çıxdı, iməkləməyə, sora da durub addımlarını atmağa başladı onda görərdiniz bu evdə nə baş verir. Birinci dolablar, kamodun siyirmələri açılardı. Qab-qaşıq, pal-paltar yerə tökülərdi, sınan sınardı, sınmayan da əl-ayağa dolaşardı. Cavid balaya nə qədər nəzarət etsələr də balaca nəvə babası ilə nənəsinin gözündən yayınıb təzədən dolaba, şkafa sarı qaçardı. Qazan qapaqlarını tapıb bir-birinə vuranda elə bil evdə orkestr sinci çalınardı. Bu səs-küyə qonşular tökülüşüb gələrdilər ki, görəsən, Qurban müəllimin evində nə

baş verib. Görəndə ki, bu iki-üç yaşında uşağın işidir sakitləşib gedərdilər. Amma Cavid balanın təsəlliverici bir şakəri var idi. Babası kiçik yaşlı uşaqlar üçün çoxlu kitablar almışdı və Cavid gələndə onu görməli yerlərə qoyurdu. Bir də görürdün ki, Cavid maraq göstərdi, onları vərəqlədi, ya da evlərinə gedəndə bəyəndiklərindən bir-iki kitabı torbaya qoyub, bu mənim deyərək apardı... Baba güman edirdi ki, bu yolla, bəlkə Caviddə kitaba maraq oyada biləcək... Çifayda, sən saydığını say, gör zəmanə nə sayır?!..

Qurban müəllimi fikir götürmüşdü. Nə etsin, kimə dərdini desin? Bəlkə qızlarını çağırıb onları tənbeh etsin ki, bu nə uşaq tərbiyə etməkdi. Nəvələrimin heç biri kitablarıma yaxın durmurlar. Istədi durub qızlarının evinə getsin görsün işdən evə yığışandan sonra çörəklərini, çaylarını içib nə işlə məşğuldurlar, nə fikirləşdisə qızlarının evinə getməyindən vaz keçdi. Qoy özləri gəlsinlər. Neçə gün idi ki, nəvələrini görmürdü. Ürəyində onlardan bərk incisə də, yenə də nəvələrindən ötrü burnunun ucu göynəyirdi.

Qurban müəllim bazar günü telefonla qızlarını evinə çağırdı. Qızları da, elə bil atalarının çağırışına bənd imiş. Bircə saat keçməmiş ərləri qarışıq hay-küylə içəri girdilər. Hərəsinin əlində bir mobil telefon xoş-beşdən sonra mətbəxdən çıxmayan nənənin ləzzətli biş-düşündən yeyib hərəsi bir küncə çəkildi. Qurban müəllim başı nəvələrinə qarışsa da, hərdən göz altından qızlarına, kürəkənlərinə baxırdı. Baxırdı və qanı qaralırdı. Hərəsi öz aləmindəydi. Əllərindəki mobil telefona baxır, nəsə yazır, pozur, hərdən telefona baxa-baxa gülümsünür, gah qaş-qabaqlarını tökür, gah da şəadət barmaqlarını telefonun ekranında aşağı yuxarı sürüşdürə-sürüşdürə nəyisə axtarırdılar. Iş burasındaydı ki, ciddi, ağır taxtalı kürəkənləri də telefondan, planşetdən gözlərini çəkmirdilər. Bütün diqqətləri telefondaydı.
Qurban müəllim birdən-birə doğmaların içərisində özünü tənha hiss etdi. Yavaşca evdəkilərin gözündən yayınıb-gözdən yayınası da demək olmazdı, çünki hamının gözü telefonda idi - kabinetinə - kitablarının yanına keçdi. Müqəssircəsinə kitablarına bir-bir nəzər saldı. Ona elə gəldi ki, kitablar boynu bükük, incik-incik ona baxıb: - Bizə yiyə duran, bizə qiymət verən yoxdu? Hə? Qurban müəllim? – deyirlər.
Qurban müəllimi xəcalət qarışıq bir hiss bürüdü. Yaxınlaşaraq bir-bir kitabları əlinə alıb sığal çəkdi. – Mənim günahım yoxdu, mənim əzizlərim. Hansı kitaba yaxınlaşırdıqsa onun sevimli kitabları Qurban müəllimi keçmiş günlərə - xatirələrə aparırdı.
Bir neçə kitab idi ki, dolabın ən yaxşı yerinə sıra ilə düzmüşdü. Bax, elə bu kitablardan müdafiə etmişdi. Müəllifi, Allah rəhmət eləsin Səməd Vurğuna. Ölməz şairdir. Bu kitablara görə “Tanınmış Vurğunşünas alim” diplomunu almışdır. Bəs bu kitab? Ürəkləri fəth edən İlyas Əfəndiyev haqqında idi. Bəs bu? Bunu alanda tələbə idi. Təqaüdünü o günü ala bilməmişdi. Dostundan borc almışdı ki, kitabı əldə etsin. Bu “Seçilmiş əsərləri”n müəllifi onun məqaləsini jurnaldan oxuyandan sonra ona zəng etmişdi. Göz yaşlarını saxlaya bilməyib kövrəlmişdi. Bircə sən mənim ürəyimi oxuya bilmisən, Qurban müəllim – demişdi...

Hələ şəxsi həyatında da, bu kitabların çox böyük rolu olmuşdu. Sevdiyi qızı, - ömür-gün yoldaşını həmin bu kitablardan dərs deyəndə görmüşdü. Ortancıl qızı - həmkarı Jalə də, böyük qızı Firəngiz də bu kitabların sayəsində orta məktəbi gümüş medalla, ali məktəbi fərqlənmə diplomu ilə bitirmişdilər... Həyatının hər səhifəsi bu kitablarla bağlı idi. Kitablar onun çörəyi idi, suyu idi, kitablar onun həyatı idi. Birdən ayaqlarının ağrısını hiss edib divana çökdü. Gözlərini yumub bir xeylaq beləcə oturdu. Nə vaxt onu huş apardısa xəbəri olmadı. Yuxumu görürdü, yoxsa... Bu vaxt yarıyuxulu, yarıayıq Qurban müəllimin qulağına səs gəldi. Bu nə səs idi belə. Kitablar dilə gəlib ona təsəlli verirdilər. Qurban müəllim, siz nahaq həyəcan keçirirsiniz. Siz cavanları qınamayın. Onlar istər-istəməz bizi oxuyacaqlar, elə oxuyurlar da...
* Necə, nə təhər oxuyurlar? – Qurban müəllim gözlərini açıb heyrətlə kitablarına baxdı. Yuxusu tamam qaçmışdı.
* Bilirsiniz, Qurban müəllim, bizi saytlara köçürüblər. Indi bizim elektron versiyalarımız var. Həmin o mobil telefonlar var ha. Bax, bizi ordan oxuyurlar.
Kitablardan eşitdiyi bu xəbərə inanmayan Qurban müəllim dikəldi:
* Doğurdan? Qulaqlarım düzmü eşitdi? - Soruşdu.
* Siz narahat olmayın. Bizi gənclər həmişə yaşadacaqlar. Inanmırsınız o iri otağa keçin, görün orda nəvələriniz nə edirlər?
Qurban müəllim evdəki sakitliyi indi hiss etdi. Görən, nə baş verib? Nəvələr hardadılar ki, səsləri gəlmir? Qapıya yaxınlaşdı. Nəvələr kirimişcəsinə kiçik qızının, ingilis dili müəlliməsi Günelin başına yığışmışdılar. Kiçik qızı uşaqları, xüsusən, nənəsinin adını daşıyan Nərgizi, balaca Cavidi yanında otuzdurub mobil telefondan saytların birini açaraq “Məlikməmməd” nağılını oxuyurdu. Nəvələr nəfəslərini dərmədən böyük maraqla nağıla qulaq asırdılar.
Qurban müəllim rahatcasına nəfəs alıb gülümsədi. Üzünə sanki nurlu bir işıq düşdü. Bu kitablara olan bağlılığından idimi, yoxsa nəvələrinə olan məhəbbətdən.
Görkəmli alimimizdən – Qurban Bayramovdan bu haqda soruşanda gülümsünüb: - Hər ikisinə görə, - deyir, - Nə kitablarımsız, nə də nəvələrimsiz bir günüm də olmasın. Onlar mənim həyatımdır.
Hə, Qurban müəllim, qardaşım, biz də Ədəbiyyat İnstitutunun kollektivi adından yubileyin münasibətilə sizi təbrik edir, sizə kitablarınızla, nəvələrinizlə - sevdiklərinizlə birgə dünya durduqca var olasınız. - deyirik.
Ah, bu nəvələr, nəvələr!

Mənzər Niyarlı
Bakı, 2016.


Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!