İranın "Mərkəzi" vilayətində yerləşən Xomeyn şəhərində azadlıq tərəfdarı olan bir qrup gənc "Sepah"ın Aerokosmik Qüvvələrinin bu şəhərin ətrafında yerləşən qərargahlarından birinə hücum edib. Onlar bir neçə saatlıq qərargahı nəzarətdə saxlamağa, eləcə də çoxlu sayda silah və digər döyüş vasitələrini qənimət götürməyə nail olublar. Bir neçə saat sonra isə həmin qərargah, yəni "Ruhullah Sepahı" yaydığı rəsmi məlumatda hadisəni təsdiq edib və qərargahın komandanı Mehdi Mükərrəminin baş vermiş atışmada öldürüldüyünü bildirib. Məlumata əsasən, bir qrup silahlı şəxs Xomeyn şəhəri ətrafında yerləşən "Sepah" qərargahlarından birinin silah deposuna hücum edib. Nəticədə tərəflər arasında atışma baş verib və həmin əsnada qərargahın komandanı Mehdi Mükərrəmi güllə yarası alaraq ölüb.
Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistanda rus məktəbləri açmaq niyyətindədir.
Bütov.az xəbər verir ki, bu da yerli xalqın etirazına səbəb olub. Onlar bildirib ki, əvvəlki hökumətin dövründə insanlar xaricidilli məktəblərin yenidən açılmasının əleyhinə çıxırdısa, indiki dövrdə Lavrovun fikirlərinə 3 gündür ki, adekvat cavab verilmir.
Qeyd olunub ki, səlahiyyətlilər də ölkədə rus məktəblərinin açılmasında maraqlıdır.
Ölkənin "Azadlıq Qəzeti" xəbər yayıb ki, bu gün Rusiya, Ermənistandakı müstəmləkəçilik siyasətini genişləndirməyə çalışır.
Hətta bunun üçün Ermənistanda "Xarici dil məktəblərinin yenidən açılmasının əleyhinəyik" adlı təşəbbüs də yaradılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 19-da Slovakiyanın xarici işlər və Avropa naziri İvan Korçoku qəbul edib.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycanla Slovakiya arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə edilib, siyasi təmasların fəal şəkildə olduğu bildirilib. Bu baxımdan qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd olunub.
Slovakiyanın xarici işlər və Avropa naziri İvan Korçok ölkəsinin Azərbaycanı iqtisadi əməkdaşlıq üçün yaxşı imkanlara malik olan bir ölkə kimi qəbul etdiyini vurğulayıb və bildirib ki, Slovakiya tərəfi Azərbaycanla iqtisadi əlaqələrin inkişafı istiqamətində səylərin Prezident İlham Əliyev tərəfindən dəstəklənməsinə böyük önəm verir. Qonaq iqtisadi əməkdaşlığın genişləndirilməsi ilə bağlı hüquqi bazanın təkmilləşdirilməsinin əhəmiyyətinə toxunub. İvan Korçok Slovakiya şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində quruculuq və yenidənqurma layihələrində yaxından iştirak etməkdə maraqlı olduqlarını bildirib.
Qonaq qeyd etdi ki, Slovakiya dövlətlərin ərazi bütövlüyü və suverenliyi prinsiplərinə sadiqdir və bu əsasda ölkəsi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.
Söhbət zamanı Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq və ikitərəfli münasibətlərin perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Daxili İşlər orqanlarında kadr dəyişiklikləri olub.
Unikal.org-un əldə etdiyi məlumata görə, Daxili İşlər naziri, general-polkonik Vilayət Eyvazovun əmri ilə, Qazax Rayon Polis şöbəsinin rəisi, polis polkovniki Ədalət Əliyev vəzifəsindən azad edilərək Mingəçevir Şəhər Polis şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.
Nazirin digər əmri ilə, Göyçay Rayon Polis şöbəsinin rəisi, polis polkovniki Sənan Əsədov vəzifəsindən azad edilib. O, Qazax Rayon Polis şöbəsinin rəisi təyin edilib.
Hələlik Göyçay Rayon Polis şöbəsinin rəisi vəzifəsinə təyinat yoxdur.
Paytaxtdakı 245 nömrəli tam orta məktəbin fəaliyyəti distant təhsil formasında davam etdiriləcək.
Bütov.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, 245 nömrəli tam orta məktəbin 12 müəllimi və 5 şagirdinin COVİD-19 infeksiyasına yoluxması təsdiq olunub. Həmçinin COVİD-19 testi pozitiv çıxan şagirdlərlə digər şagirdlərin təmasda olması qeydə alınıb. Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 245 nömrəli məktəbdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 591 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 190, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 401 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 195 023, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 964 341, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 230 682 təşkil edir.
Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib. Bu barədə onun dostları məlumat yayıblar. O, ağır xəstəlikdən əziyyət çəkirmiş. Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb. 2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır. Allah rəhmət etsin!