Tramp 62 illik rekordu yenilədi .....                        Gültəkin Hacıbəyli sərbəst buraxılıb .....                        Luvr muzeyinin direktoru istefa verib .....                        "Qarabağ" UEFA Çempionlar Liqasında mübarizəni dayandırdı .....                        "Türk axını" və "Mavi axın" qaz kəmərlərinə qarşı təxribat var .....                        “Koalisiya daxilində Kiyevə təminatlarda razılıq yoxdur” .....                        Elgizlə Tolikin verilişi bağlanır .....                        Braziliyada güclü yağışlar: 22 nəfər ölüb .....                        Həkimdən 3 pasiyent şikayət edir: Qulağı kəsib, üzüm iflic olub - VİDEO .....                       
5-05-2023, 19:08
Azərbaycan qürur mənbəyimizdir


Azərbaycan qürur mənbəyimizdir

Qüdrətli və qalib Azərbaycan qürur mənbəyimizdir“Heydər Əliyev İli” ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı tərəfindən hazırlanan və İdarə Heyətinin qərarı ilə təsdiq edilən Tədbirlər Planı çərçivəsində mayın 4-də YAP Şabran rayon təşkilatı tərəfindən tədbir keçirilib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub, Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla anılıb.
Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov bildirib ki, dövlət müstəqilliyi fenomenal şəxsiyyət Heydər Əliyevin bizə bəxş etdiyi milli sərvətdir. Bu sərvətin dəyəri illər keçdikcə daha dərindən dərk olunur. Müstəqilliyimizin ilk illərində Azərbaycan böyük faciələrlə, çətinliklərlə üz-üzə qalsa da, 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı və davamlı uğurlara yol açılması bu gün harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı tərəfindən böyük qürur hissi ilə xatırlanır, gələcəyimizin daha parlaq, işıqlı olacağına böyük əminlik yaradır.

Çıxış edən YAP Veteranlar Şurasının üzvü, tarix elmləri doktoru, professor Dilarə Seyidzadə Azərbaycan dövlətçiliyinin söykəndiyi təməl prinsiplərin Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən olunduğunu diqqətə çatdırıb. Söyləyib ki, dövrünün ən nüfuzlu siyasətçiləri ilə bir sırada dayanan Ümummilli Lider Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlərinin tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynayıb. Münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli Ulu Öndərin qarşıya qoyduğu başlıca vəzifə olmuş, ölkəmizin bütün resursları, xalqımızın potensialı tarixi ədalətin bərpası üçün səfərbər edilmişdir. Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük İkinci Qarabağ müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirdi.

Tədbirdə çıxış edən YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Ulu Öndərin torpaq, Vətən sevgisindən irəli gələn addımlarından, dövlətimiz, xalqımız qarşısında xidmətlərindən geniş bəhs edərək bildirib ki, dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan ümummilli lider Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, yenidən hakimiyyətə gəldiyi günü Azərbaycanın dövlət bayramı – Milli Qurtuluş Günü kimi qeyd edir.

Şəhid Seyfəddin Balağayevin anası Besxanım Balağayeva və Vətən müharibəsi iştirakçısı Murad Bayramov çıxış edərək Ulu Öndər Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısında müstəsna xidmətlərindən, Onun siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən bəhs ediblər. Bir daha qeyd olunub ki, güclü, qüdrətli, qalib Azərbaycan hər birimizin qürur mənbəyidir.
Sonra rayonun ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə fəxri fərmanlar, partiya sıralarına yeni qoşulan gənclərə isə üzvlük vəsiqələri təqdim edilib.

Sonda xatirə şəkili çəkdirilib.
29-04-2023, 19:33
O Dünyanın yolu


O Dünyanın yolu

Pakizə nənənin gözü məktəbin yolunda qalmışdı. Nəvəsi Əlinin dərs vaxtının qurtarmasına baxmayaraq hələ də evə gəlməmişdi. Onun səbri çatmayıb məktəbə yollandı. Əli orada da yox idi. Qonşulardan soraqlaşsa da onu gördüm deyən olmadı. Pakizə nənənin halı get-gedə pisləşirdi, urəyi tutdu, təcili yardım çağırmalı oldular. Bu əsnada, bir yaşlı kişi Əli ilə birlikdə həyətə daxil oldu. Maraqlandılar. Həmin adam bildirdi ki:
– Bu uşaq adamlara yaxınlaşıb, o dünyanın yolunu soruşurdu, heç kim onun sualına cavab verməmişdi. Ondan soruşdum:
– A bala, o dünyanın yolunu neyləyirsən?
– O cavab verdi:
– Baba, məkəbdə danışırdılar ki, mənim atam şəhiddir, o dünyadadır. Mən də istədim ki, o dünyaya gedib Atamı görüm. Sakitlik çökdü. Hamı susmuşdu. Heç kim danışmırdı. Əli də dinməz dayanmışdı. Özlərini vaxtında yetirən təcili yardımin həkimləri Pakizə nənəni ayıltmağa çalışırdılar. Onların səyi nəticəsində özünə gələn Pakizə nənə gözlərini açdı. Tibb bacısı dilləndi:
– O dündyadan qayıtdı.
Bunu eşidən Əli cəld nənəsinin yanına qaçıb onu qucaqlayaraq soruşdu: “Nənə,ay nənə, o dünyada atamı gördünmü? “

15-04-2023, 21:24
Vəfa xanımın xeyir-duamıza ehiyacı var

Vəfa xanımın xeyir-duamıza ehiyacı var

İnsan zəhmətə qatlaşanda həyat onu müdrikliyə doğru istiqamətləndirir. Əməklə ucalmağı həyat devizi edənlər bu zirvəni böyük çətinliklər hesabına, lakin şərəflə fəth edirlər. Ömrünün ən qayğılı günlərini yaşayan Vəfa xanım da artıq o gələcək günlərin isti sevinci ilə yaşayır.
Xalqların sabahkı taleyini işıqlı, gələcəyi düşünən insanlar həll edir. Çünki onlar sağlam kökə bağlı, milli-mənəvi dəyərlərə sadiq, tükənməz gücdür. Ölkəmizdə də sağlam nəsil sabahkı xoşbəxtliyimizin qarantı hesab olunur. Biz həmişə qabaqcıl insanların həm də qurucu, yüksəlişə zəmin yaradan qüvvə olduqlarına inanmışıq. Belələrindən biri də Vəfa xanımdır. O, Allaha inamı, həyata eşqi sayəsində yaşadığı əzablı günlərin həsrətinə son qoydu, bir daha sübut etdi ki, işıqlı insanlar məğrur, güclü, qorxmaz, cəsur, qəhrəman, yenilikçi nəslin nümayəndələridir.
Səmimi etiraf edim ki, Vəfa xanımın da dünyaya gəlişi bir hadisə idi. O, həyatın amansız acılarını daddıqca daha da mətin oldu. Soyuqqanlı olması həyata sevgisini daha da artırdı. O, çoxlarına nümunə ola biləcək bir ailədə doğulub. Onun barəsində qısaca danışmaq istəyirəm:
Vəfa xanım üç yaşı olanda ailəsi ilə birlikdə Gəncə şəhərindən Rusiyaya köçür. Bir gün avtomobillərin keçməsinin yasaq olduğu ərazidə gül toplayarkən onun həyatını kökündən dəyişəcək hadisə baş verir. Zibildaşıyan maşın qəza törədərək qızcığazı ayaqlarından məhrum edir. Onun üçün saniyələrin il kimi keçən uzun, məşəqqətli dövrü başlayır. Aylarla xəstəxana çarpayısından günəşə boylanır, sarsıdıcı ağrı ilə amputasiya olunmuş ayaqlarına baxır, təəssüflənir. Lakin zaman keçdikcə həyata, taleyə qarşı üsyan etmədən buna vərdiş edir. Onu həvəslə yerimək sevdasından məhrum edən bu ağrının yeri qaysaqlanmamış qardaşı hovuzda boğulur, ailəni də, balaca Vəfanı da bir daha sarsıdır. Bu hadisədən sonra ailə doğma el-obasına - Gəncəyə qayıdır... Vəfa böyüdükcə bir həqiqətə inanır ki, insan öz iradəsi ilə çətinlikləri dəf edə bilər. Alimlərin uzun illərin təcrübəsi olan «insan əsl xarakterini, simasını və mənəvi çəkisini həyatın zor, çətin günlərində açır» fikri onu məyusluqdan qurtarır, həyata daha böyük sevgi ilə baxmağa sövq edir...

İllər öz axarı ilə keçir. Vəfa tələbə adını qazanır. Səhhəti ilə bağlı yolu tez-tez Türkiyəyə düşür. Yeni bir sınaq, yeni bir imtahan qarşısında qalır. Ancaq bu dəfə təkcə Tanrının sınağına tuş gəlmir, ilk baxışdan içində təlatüm yaradan Mehmet Akduz da onu məsuliyyət hissi ilə üz-üzə qoyur. Mehmet onunla ailə quraraq, ömrünün sonuna qədər ona sadiq qalacağına dair vəd verir, vəfa andı içir. Bu sədaqət andının işığı altında onların ailəsində iki gözəl qız övladı böyüyür. Günlər ötdükcə hər ikisi bilir ki, bu çətinliklər bitməyib və bitməyəcək. Ancaq vacib olan əlac sevgi, qarşılıqlı anlaşmadır... Vəfa Akduz illərdir ictimai-siyasi həyatda çox fəaldır. «Kimsəsiz Uşaq və Qadlnlara Yardlm» İctimai Birliyinin sədridir. Qadın problemlərindən tutmuş qazilərin sağlıq, sosial məsələlərinin çözülməsində daim onların yanındadır. Bir-birindən maraqlı, əhəmiyyətli layihələr qurur və bu, Vəfa xanımı həyata daha çox bağlayır.
Bəlkə də bu sətirləri oxuduqca deyəcəksiniz: «İçində bu qədər həyat eşqi, qurub-yaratmaq sevgisi olan, insanlara yardım etmək üçün dünyanın o biri başına gedən belə bir xanım nə üçün millətin elçisi olmasın?!» Elə mən də eynən bu cür düşündüm. Məlumat aldım ki, Vəfa xanım qarşıdakı seçkilərdə bu həyatın imtahanı qarşısına çıxacaq, özünü sınayaqcaq.
Əslində, onun kimi vətənpərvər, içi həyat eşqi ilə dolu bir qadının millət elçisi olması insanların xeyrinə olar, onların sosial güzəranına müsbət təsir edər. Çünki o, sanki bu həyata qurub-yaratmaq üçün gəlib.
Heç şübhəsiz, Vəfa xanım hazırda yaşadığı Türkiyə Respublikası qanunvericiliyinin vaxtaşırı təkmilləşdirilməsindən və seçki (referendum) münasibətlərinin daha mükəmməl nizama salınması zərurətindən irəli gələn müddəaların tətbiqi istiqamətində müəyyən addımlar atmaq niyyətindədir. Eləcə də o, qarşısına cəmiyyəti düşündürən bir sıra hüquqi aktların təkmilləşdirilməsi üçün mövcud qanunlar çərçivəsində ictimai-siyasi fəaliyyətini məhz bu istiqamətdə qurmaq və sosial sahədə əsaslı və fundamental layihələrə imza atmaq məqsədi qoyub.
Vəfa xanım mövcudluğun ümumi şərtləri, maraqlar, normalar, dəyərlər, dünya haqqında təsəvvürlər və identiklik əsasında birləşmiş fərdlərin birgə həyat fəaliyyətinin müxtəlif formaları kimi səciyyələnən cəmiyyət işini düzgün qurmağın yollarını deputat seçiləcəyi təqdirdə fərqli aspektlər üzrə qurmaq fikrindədir. Məhz buna görə o, neçə müddətdir Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın siyasi fəaliyyətini dəstəkləyir, bu siyasi xəttin Türkiyə cəmiyyəti üçün daim uğur gətirəcəyinə əmindir.
Başqa sözlə o, etimad göstərilərək deputat seçilərsə, cəmiyyətin siyasi, iqtisadi, sosial və mədəni həyatını birləşdirən əsas amilləri həmişə diqqət mərkəzində saxlamaq niyyətindədir. O, bununla müxtəlif maraqlara sahib olan insanların da yaşayış tərzini sosial rifaha uyğunlaşdırmaq marağı güdür, cəmiyyəti vahid bir amal uğrunda - dövlətçilik istiqamətində birliyə səsləmək arzusundadır.

Əminəm ki, Vəfa Akduz zərif çiynlərini həyatının baş qəhramanı, ər oğlu ər Mehmet Akduzla, bir-birindən gözəl, ağıllı balaları, ona etimad göstərən xalqı ilə bərabər dünyamızın sağlam, firavan olması üçün hələ çox işlər görəcək! Gəlin, birlikdə Vəfa xanıma seçkilərdə uğur arzulayaq, xeyr-dua verək. Bizim xeyir-duamıza onun indi daha çox ehiyacı var.

Hüseyn İsaoğlu (Məmmədov),
Yazıçı-publisist
12-04-2023, 19:47
"Erkən nikah – yarımçıq qalan arzular”


"Erkən nikah – yarımçıq qalan arzular”

QHT erkən nikahla bağlı maarifləndirici tədbir keçirib - Fotolar“XXI Əsr Təhsil Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Təhsildən yayınma, erkən nikah – yarımçıq qalan arzular” layihəsi çərçivəsində 11 aprel 2023-cü il tarixdə Xəzər rayonu, Binə qəsəbəsində yerləşən Elçin Şəmiyev adına 149 saylı tam orta məktəbdə şagirdlər arasında maarifləndirici tədbirini keçirib.
Öncə layihənin rəhbəri Könül Quliyeva layihə mövzusu ilə bağlı qısa məlumat verib. Azərbaycanda erkən nikahlar və bunun ailə genefondumuza mümkün təsirlərinin son illər ictimai diqqət çəkən mövzulardan olduğunu qeyd edən K.Quliyeva orta məktəblərdə maarifləndirmə işlərinin vacibliyini vurğulayıb. O, qeyd edib ki, erkən nikah demoqrafiyaya böyük zərbədir. K.Quliyevanın fikrincə, ana nə qədər təhsilli, dünyagörüşlü olarsa, onun yetişdirdiyi övlad da bir o qədər savadlı, cəmiyyət üçün faydalı olar: "Bunu nəzərə alıb, gələcəyin anası olacaq qızların kamil, intellektli, təhsilli insan kimi yetişməsinə şərait yaratmaq lazımdır. Qızlarımız öncə mükəmməl təhsil almalıdırlar, cəmiyyətimiz, dövlətimizə savadlı, dünyagörüşlü, bilikli kadrlar lazımdır".
Daha sonra layihənin ekspertləri Hüquqi Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin rəhbəri Fariz Əkbərov və Milli Dəyərlər üzrə Maarifləndirmə İctimai Birliyinin rəhbəri, "Atilla" jurnalınını baş redaktoru, Prezident mükafatçısı Gülşən Behbud çıxış ediblər.

Hər iki ekspert qeyd edib ki, bu gün bütün dünyada olduğu kimi ölkəmizdə də doğurduğu fəsadlara və cəmiyyətə vurduğu ziyana görə ekən nikah məsələsi dövrümüzün mühüm və aktual problemlərindən biri olaraq qalır. Belə ki, erkən yaşda qızların ailə həyatı qurmağa məcbur edilməsi onların təhsilinə, bir fərd kimi inkişafına mane olur, psixologiyasına mənfi təsir göstərir. Erkən nikah gələcək nəsillərin sağlamlığı və həyatını təhlükə altına atmaqla yanaşı, həmçinin risklər də yaradır. Belə hallar boşanmalara, sağlamlıq imkanları məhdud uşaqların dünyaya gəlməsinə və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur.
Məktəbin direktoru Rəhilə Baxşiyeva da sonda layihə mövzusu ilə bağlı öz fikirlərini bildirib. O, da azyaşlı qızların kabusu – erkən nikah və qohumlar arasında nikahın mənfi nəticələri barədə şagirdlərə bilgilər verib.
8-04-2023, 10:28
İNSAN OLMAQ XOŞBƏXTLİYİ


İNSAN OLMAQ XOŞBƏXTLİYİ

Türk dünyasının böyük filosofu Asif Ata deyir: “İnsanlaşın- insanlaşdırın!”. Neçəki insan yer üzünün əşrəfidir dünya əmin-amanlıqda yaşayacaq. Nə vaxt ki, dünyada haqq öz yerini nahaqqa verir-səsini çıxarmayıb onunla barışırsan, həyatın gedişi mənfiyə doğru gedir susursan, ürəyinin və evinin qapısını doğmalarının, yaxınlarının üzünə bağlayırsan, yalana, böhtana, həqarətə laqeyd qalırsan və s. Bax bu vaxt sən insanlıqdan uzaqlaşıb adam olursan. Sən sürətlə biganəlik, diqqətsizlik, laqeydlik sindromuna yoluxursan. Uçuruma düşənin əlindən tutub ona kömək etmirsən, korun qoluna girib yoldan keçirmirsən, ”mənə nə” deyib yanından keçirsən. Və beləcə sənin laqeydliyin, biganəliyin, qalınqabırğalılığın ucbatından uçuruma düşən uçurumda ölür, koru yol keçəndə maşın vurur.
Dəyərli dostum yazıçı-jurnalist Hüseyn Məmmədov “Yaralı durna” adlı povest və hekayələr kitabını xeyli vaxtdır ki, avtoqrafla mənə hədiyyə edib. Mənim də borcum idi ki, onun sadiq dostu və oxucusu kimi “Yaralı durna”kitabını “isti-isti”oxuyub, fikirlərimi yazmalıydım. Doğrudur, kitabı “isti-isti”oxudum, amma müəyyən səbəblərdən fikirlərimi yazıb nə özünə, nə də oxuculara çatdıra bilmədim. Nəhayət ki, buna gec də olsa imkan tapdım.
Son vaxtlar oxuduğum nəsir kitablarından, qəzet və jurnallarda çıxan hekayə, povestlərdən məndə belə bir fikir yarandı ki, bu gün nəsrimizdə bir canlanma, bir irəliləyiş var. Bir vaxtlar özünü dahi sayanlar, ədəbiyyatın boşluğundan istifadə edib “meydan sulayıb, at oynadanlar” vardı. Onların əlindən (oxu, zor, xoş sırıdığı kitablardan) hazırlıqlı oxucu bezmişdi, təngə gəlmişdi. Hətta deyərdim ki, iyrənmişdi. Çox şükürlər olsun ki, onlar yavaş-yavaş da olsa ədəbiyyat meydanından çıxmaqdadırlar. Axı söz meydanında söz adamları olmalıdır. Mənim fikrimcə hay-küylü müəlliflər oxucu qazanmırlar, əksinə onu itirirlər. Bu gün intellektual oxucuya bədii zövqün məhsulu olan əsərlər lazımdır.
Hüseyn Məmmədov dəst-xətti özündə həm xalq yaradıcılığını dərindən bilməsilə, həm də yazıçı istedadını birləşdirir. ”Yaşamaq istəyirəm” povestindəki həssaslıq, insan münasibətlərinin ən məhrəm nöqtələrinə, məqamlarına toxunmaq onun əsl insanlığından irəli gəlir. Bir fərd olaraq Hüseyn Məmmədov ünsüyətcildir, diqqətlidir, qayğıkeşdir, mehirbandır, dostun sevincinə sevinən, kədərinə şərik olandır.
Povestin qəhramanı Vaqif qərb rayonlarının birində -ucqar dağ kəndində dünyaya gəlib. Və o da bütün uşaqlar kimi dağ yamacında, onun quzeyində, güneyində qoyun-quzu otarıb, at minib, odun doğrayıb, ot biçib, uşaqlarla deyib, gülüb. Böyük arzularla orta məktəbi yaxşı qiymətlərlə başa vurub. Ali təhsil almaq üçün Bakıya gəlib. Amma onun müəllim olmaq arzusu reallaşmır. Kəndlərinə-valideyinlərinin yanına qayıdır. Müəyyən işlərdə onlara əl yetirib kömək edir. Bir müddətdən sonra yenidən Bakıya gəlir və fabrikdə işə düzəlir. Qəbul vaxtı yenidən sənədlərini instituta verir və bu dəfə qəbul olunur. Quş qanadlı illər bir-birini əvəz edir və Vaqif ali məktəbi bitirib Bakı məktəblərinin birinə ədəbiyyat müəllimi təyin olunur.
Məsəl var deyirlər: “Sən saydığını say, gör fələk nə sayır”. Amma bu dəfə fələk yox, siyasət və siyasi rəhbərlər sayır. 70 il ömür sürən “qardaşlıq birliyi”adlı zorən yaradılmış məmləkət sabun köpüyü kimi dağılır. Xalqlar həbsxanasından ayrılıb müstəqillik qazanan hər bir respublika və onun vətəndaşları ilk vaxtlar böyük çətinliklərlə üzləşirlər. Artıq müəllimliklə, ziyalılıqla ailə saxlamaq mümkün olmur. Maddiyyət mənəviyyatı üstələyir. Dolanışıq vəziyyəti ağır olan Vaqif müəllimlik peşəsindən ayrılıb tikintiyə üz tutur. Həyatdan küskün və incik bir ömür yaşayır. Bu azmış kimi bir gün işdən evə gedəndə dəhşətli bir mənzərəylə rastlaşır. Respublika Klinik Xəstəxananın həyətində iki tibb bacısı meyiti üstü açıq şəkildə arabayla morqa aparır. Vaqif bundan bərk sarsılır. Və sonralar bunun nəticəsi olaraq onun ayaqlarında kəskin ağrılar baş qaldırır, tədricən ayaqları tutulmağa başlayır. Həkimə getmək, özünü müainə etdirmək istəyir, ancaq içindəki ruh düşkünlüyü buna imkan vermir. Bir gün işə gələndə qəfildən avtobusda üzüstə salona yıxılır. Ətrafdakılar ona kömək etmək əvəzinə, onu səhər-səhər içməkdə suçlayırlar. Lakin o, içmədiyini, ayaqlarının sözünə baxmadığını deyir. Kim idi ona inanan. Yaxşı ki, növbəti dayanacaqda avtobusa tələbə qızlar minir və onlar hələ də yerdə halsız halda uzanıb qalan Vaqifi ayağa qaldırıb, yardım göstərirlər. Axırıncı dayanacaqda onu avtobusdan düşürüb xəstəxanaya aparırlar. Qəbul şöbəsinin müdiri həkim Sərdar Bədəlov qızlara Vaqifin və özünün adından minnətdarlığını bildirir. Dünyanın bu qarışıq və çətin vaxtında insanlığın yaşadığına sevinir, qızların hərəkətini təqdir edir. Və eyni zamanda Vaqifə əsl həkim qayğısı göstərib onu müainə edir.
Bu yerdə Asif Atanın sözləri yada düşür. Böyük filosof deyir: “Adam ölümə layiqdir. Ancaq Adamın İnsan olmaq imkanı var. Ölüm insana yaraşmır”. Burdan da belə bir nəticəyə gəlmək olur ki, daxili aləmi bulanıq, çirkin olan, cılız duyğularla yaşayan adamlar insan ola bilməzlər. Avtobusdakı sərnişinlər adamdılar, onların insan olmaq ehtimalı da sıfıra bərabərdir. Çünki hamsı laqeyidlik, biganəlik sindromunun daşıyıcılarıdır.
Həyat yaxşı insanlarıyla gözəl və yaşamalıdır. Hüseyn Məmmədovun qəhramanları-Nazim Mollazadə. Aydın Əliyev, Kəmalə həkim, Sərdar Bədəlov, tibb bacıları Rəfiqə, Mirvari xanımlar kimi bir dünyada yaşamaq necə gözəl və şirindir. Bu insanlar Hippokrat andına sadiq qalan həkimlər və tibb işçiləridir. Onlar üçün insan həyatı hər şeydən dəyərlidir.”... bəşər övladı məxluq kimi dünyaya gəlir, Adam kimi mövcud olur, İnsan kimi yenidən doğulur”, deyib,- Asif Ata. Bu məntiqdən yanaşdıqda insan olmaq xoşbəxtliyi elə budur.
“Yaşamaq istəyirəm” povestindəki surətlərin içində böyük Allah sevgisi var. Əgər insanın içində Allah sevgisi yoxdursa, onda insanlığını itirir, ölür adam. Və beləliklə incə, mərhəm hisslərdən, duyğulardan məhrum olur.
Çox vaxt biri digəri haqqında məlumat almaq istəyəndə soruşur: “Nə təhər adamdı”?. O, da incik halda deyir ki, adamdı də. Demək adamdı, ancaq insanlıq mərtəbəsinə yüksəlməyib. Dad belələrinin əlindən. Cəmiyyət belələrinin ucbatından gözdən düşür. Belələrində nəinki insan sevgisi, heç millət, vətən sevgisi də olmur.
Povestin əsas obrazlarından biri olan Sərdar həkim müqəddəsliyi dəyərləndirə bilən, sevgiyə, sədaqətə duyarlı olan, dostunu qardaşından ayırmayan bir insandı. Sərdar həkim həm də söz adamıdır, incə qəlbli şairdir. İlhamı gələndə qələmə sarılır, içindəki duyğuları, hissiləri kağıza köçürür. İlk şeirlərini xalası oğlu, bacanağı Vaqifə oxuyur. Vaqif tikintidə fəhlə işləməyinə baxmayaraq ali təhsilli ədəbiyyat müəlimidir. Sözə dəyər verməyi bacarır, ona görə də Sərdar həkimə bu yolda uğurlar diləyir.
Kəmalə xanım Vaqifin palata həkimidir. O,bu günün həkimlərindən köklü surətdə fərqlənir, xəstənin cibinə girmir, yalançı nüsxələr yazıb, dərmanları yalnız şərik olduğu aptekdən almağı tələb etmir, bir bacarıqlı həkim və vicdanlı insan kimi xəstəsini tezliklə sağaldıb ayağa qaldırmağa çalışır. İş o yerə çatır ki, Kəmalə xanım Vaqif üçün öz cibindən pul verib dərman alır. Bu təmənasızlıq onu oxucu gözündə ucaldır.
Povestin aparıcı surətlərindən biri də qəbul şöbəsinin müdiri Sərdar Bədəlovdur. Vaqif əsər boyu Sərdar həkimə xala oğlu, bacanaq kimi müraciət edir. Elə xəstəxanadakı həkimlər, tibb bacıları, Vaqiflə bir palatada yatan xəstələr də onları xala oğlu kimi tanıyırlar. Amma həqiqətdə isə onlar xala oğlu yox, sadiq dost və qardaşdılar. Bu dostluq ən yüksək zirvədə dayanan dostluqdur. Mahnıda deyildiyi kimi “dost ya bir olar, ya iki”. Vaqifin ürək dostu bir, iki deyil, daha çoxdur. O, bu dostları elə-belə qazanmayıb. İnsanlara qarşı olan sevgisi, diqqəti, mehirbançılığı, daxili təmizliyi ona çoxlu dost qazandırıb.
Qardaşın qardaşa eləmədiyi yaxşılığı Sərdar həkim Vaqifə eləyir. Onun xəstəxanadan çıxması şərəfinə qurban kəsib bütöv bir cəmdəyi onun ailəsinə verir. Belə insanlar yaşayıb, yaşadanlardır. İnsanın dahiliyi, həyatın qaranlıq yollarına çıraq tutub yolgöstərənlik Tanrı sevgisindən qaynaqlanır. Sərdar həkim insanlığın əbədi, dəyişməz, davam edən xarakterini özündə əks etdirib yaşadır.
“Yaşamaq istəyirəm” povestində müəllif ailəcanlılığı, qardaşlığı, dostluğu və nəhayət əsil insanlığı peşakar yazıçı bacarığı ilə ortaya qoyur. Və oxucu sevgisi qazanır. Hüseyn Məmmədov bu əsəriylə yaşamağın necə gözəl olduğunu, hansı fədəkarlıqlardan keçdiyini, dostun necə olduğunu obrazlı şəkildə təsvir edir.
Əsəri oxuyanda böyük türk şairi Nazim Hikmətin “Yaşamaq gözəldir, qardaşım!” və Qulu Xəlilovun “Yaşamaq istəyirəm” əsərlərini xatırladım. İnsanın yaşamaq üçün nələr etdiyi, hansı ağrılardan, acılardan keçdiyini göz önünə gətirdim. Vaqifin xəstəliklə necə mübarizə apardığına, ondakı fədəkarlığa heyran oldum. Tanrı yaratdığına yaşamaq haqqı da verir. Bu haqqı insanın əlindən heç kim və heç nə ala bilməz, Tanrıdan başqa. Tanrının lütvündən, həkimlərin fədəkarlığından, qohum-əqrabanın qayğısından Vaqif yenidən yaşamaq haqqını qazanır və yeni həyata başlayır. Bu yerdə deyirlər ey,: “Həyat gözəldir qardaşım!” Yaşa, yaşa!
Hüseyn Məmmədovun “Yaralı durna”kitabındakı başqa povest və hekayələr haqqında danışmağa lüzum görmədim. Çünki qabaqlar bu haqda mətbuatda çıxış eləmişəm.
Mən tam əminəm ki, dəyərli dostumun bu kitabı qabaqkı kitabları kimi oxucuların həvəslə oxuyacağı kitabların davamı olacaq. Uğurlar dostum!

Məhərrəm Şəmkirli
AYB-nin və AJB-nin üzvü.
8-04-2023, 10:11
Sabir Arazlı Özgün yazır: "CƏSUR PİLOT"


Sabir Arazlı Özgün yazır: "CƏSUR PİLOT"
(poemadan parçalar)

Vətən Müharibəsi Qəhrəmanı, Tərtər-Suqovuşan – Ağdərə istiqamətində gedən döyüşlər zamanı şəhid olaraq Tanrı dərgahına yüksələn Azərbaycan Hərbi Hava Qüvvələrinin polkovnik-leytenantı, USTA dərəcəli pilot Ramiz Vaqif oğlu Qasımovun şərəfli ömür yoluna həsr olunan bu əsəri həyat yoldaşı Günel xanımın dilindən, onun duyğu və düşüncələrinin, yaşadığı kövrək və həsrətli anların təzahürü kimi qələmə alıram.

Ramiz, dayanmışam şəklin önündə,
Baxışların salıb məni kəməndə...

Ancaq bu məqamda bilmirəm necə,
Heç bilmirəm necə, necə başlayım,
necə sapa düzüm bu hekayəti.
Uzun illər sənnən, səninlə birgə
yaşadığım nurlu, eyni zamanda
Ağrılı-acılı, sirli bir ömrün
o qədər çoxdur ki sözü-söhbəti.
Mənimçün salnamə,
qalın kitabdır, –
şirin xatirədir onun hər qatı.
Söyləyə bilmək də çətindir bu gün
mənə... tarixləşən, əbədiləşən,
bu solmaz, tükənməz, parlaq həyatı...

Ay Ramiz, ay mənim odum-ocağım,
Özün de, neyləyim?..
Toxtayım deyə
yeddi yerdən partlasa da dodağım,
Üz tutub dağlara, qayalıqlara,
Üz tutub içimin ümid şamına,
Gur axan çaylara, bəyaz dumana,
Sübhün şəfəqinə, qürub çağına,
Payızın rüzgarlı qərib çağına,
Xatirələr məni yorana kimi,
Qəlbim yorğun düşüb durana kimi...
Bütün olanları, olmayanları
yenə söyləyirəm, – toxtayım deyə
səhər-axşam sənnən danışacağam.


...Yenə dayanmışam şəklin önündə,
Beləcə baxırdın, Ramiz, dünən də!
Baxışın dəyişmir... o nurlu gözlər
“Sabahınız xeyir” deyir hər səhər.

...Səndən sonra bəzən məcbur qatlannam,
Neçə müşkül işə sənin yerinə.
Bilirsənmi, indi təkcə ana yox,
Həm də ata ollam övladlarına.
Sən lap arxayın ol, hər şey yolunda,
Əndişən olmasın oğuldan- qızdan.
Gözüm üstündədir üçünün də, bil!
Bizim uşaqlardan qalma nigaran...
Böyüyür Gülanə, əl atır mənə,
Gülay da,Vaqif də bil ki, əzizim,
Kölgən altındadır yenə, əmin ol.
Sağ olsun el-oba,
Yurdumda hər kəs
ehtiram göstərir sənə, əmin ol!

Ancaq nə gizlədim, deməsəm olmur,
Uşaqlar əvvəlki kimi deyillər.
Ramiz, Gülanənin eyni açılmır,
Gözləri heç gülmür, keçsə də illər.

Bəzən hiss etməyim deyə gizlincə
şəklini oxşayır, sənnən danışır.
Mən də seyr edərəm onu gizlincə,
Çünki o duyğular mənə tanışdır...

Görürəm... səninlə danışan zaman,
İstəmir göz-gözə gəlsin mənimlə.
Görürəm ki, hərdən... ərklə, tələblə
bir dostun, doğmanın ailəsinə,-
Mübariz əmisigilə, Vətən dayısıgilə...
baş şəkmək istəyir Ramiz, səninlə.

Baxar, üzə vurmaz, bir söz demərəm.
İstəyirəm... könlü istəyən kimi
bir xeyli səninlə baş-başa qalsın.
Sənnən xatırlasın ötən illəri,
Özünə qapılıb xəyala dalsın...


***
... Bilirsən yadıma nə düşdü, Ramiz?
Gülanə dünyaya qədəm qoyanda,
necə sevinirdin... Lap uşaq kimi!
Sən elə baxırdın, elə bil ki, heç
çağa görməmişdin bu günə kimi...
Vallah söyləyirəm bunu səmimi!

Gözlərin gülürdü sevincdən, sanki,
İlahi möcüzə idi bu çocuq.
Onu kirimişcə seyr eləyirdin,
Közərirdi içindəki od-ocaq.
Gülanəyə baxıb ona nə isə
demək istəyirdin, deyə bilmirdin.
Oxşaya bilmirdin,öyə bilmirdin...
Mən yaddan çıxmışdım, sorğulayırdın:
“Bu gerçəkmi, yoxsa... röya?!”-
Bilmirdin.

Gördüm ki, nə qədər fərəhli imiş,
Ana olmaq qədər ata olmaq da.
Zaman göstərdi ki, əsil atalıq
ancaq sənin kimi ailəcanlı,
Qayğıkeş, yanımcıl ata olmaqdı!

...Necə xoşbəxt idin o gün, ay Ramiz,
Üzündə nur vardı, təbəssüm vardı.
Böyüdükcə oxşayaraq deyərdin:
Mənim qızım doğuluşdan kübardı.

Deyərdin ki, “gül-buta”dır ailəm;
Günel-qızılgüldür,
Gülay-ağ çiçək,
Gülanə-qırmızı güldür mənimçün.
Evimin dirəyi, başımın tacı,
Vaqif də ki... bir bülbüldür mənimçün...

Ramiz, evimizin daş-divarında,
Bakı küləyinin qanadlarında
mən sənin səsini hiss eləyirəm.
Gecəli-gündüzlü ruha dad verən
məlhəm nəfəsini hiss eləyirəm.

Gecəli-gündüzlü səninləyik biz...
Bilirsən nə olur hərdən, ay Ramiz?
Bəzən Gülay gecə oyanıb deyir:
“Qapımız döyülür elə bil, ana!
Bəlkə, atam gəlib, gedib açsana!? ”
Səksəkəli olub uşaqlar, belə.
Səndən sonra məni ovudan yoxkən,
Məcbur oluram mən, uşaqlarımı
ovudam birtəhər... tutaraq dilə.

Bu şələ nə qədər ağır olsa da,
Bezib soyumuram, Ramiz, heç zaman.
Çünki başımızın üstündə ruhun,
Qəlbimdə daim yaşayan İNSAN,-
SƏN VARSAN!

***
...Füzuli,Zəngilan, Qubadlı, Laçın,
Murov, Suqovuşan uğrunda gedən
döyüşün hər anı hərb tariximdir.
Qisas almaq üçün coşan, kükrəyən,
sinəsini sipər eləyən əsgər
mənim qürurumdur, mənim fəxrimdir.
Bu gün o qürurdur yaşadan bizi!
44 günlük savaş-möhtəşəm Zəfər
parlaq gələcəyin möhkəm təməli...
Yumruq tək birləşib deyirik: bəli,
Ramizin bu Zəfər salnaməsində

əbədi həkk olub qalacaq izi.

Bəli,
öyünərək deyirik, çünki...
Fələk sinəsində yara açsa da,
Acı ölüm şərbətini içsə də,
İllər, qərinələr ötüb keçsə də,
Unutmaz bu torpaq,Vətən Ramizi.
Unutmaz deyirik,
deyirik, çünki,
“Qalib gələcəyik biz bu savaşda!..”
deyən Qəhrəmanın- cəsur pilotun
“Yaşa, Azərbaycan!” oldu son sözü...

Odlar Diyarının hər köşəsində
Onun arzuları gül açacaqdır,
İstəyi, əməli nur saçacaqdır.
Əzmi, rəşadəti coşduracaqdır
zaman-zaman bizim ürəyimizi.

Ramiz- fırtınadır, Ramiz- zirvədir,
Günəşli dan üzü, fəsli-bahardır.
Ramiz- Qarabağdır, Ramiz- Vətəndir,
Dünən vardı, bu gün, sabah da vardır...
Ramiz- tunc heykəli yenilməzliyin,
Ramiz- qəhrəmanlıq, igidlik rəmzi!

04.01---18.03.2023
Haramı- Beyləqan- Bakı







8-04-2023, 09:46
Məryəm Abdullazadə yazır: "Bir peşənin sirri"


Məryəm Abdullazadə yazır: "Bir peşənin sirri"

Uşaq yaşlarımdan anlamışam ki, yaradan insana sözü doğru danışmaq üçün, həqiqətə fikir və düşüncə ilə yaxın olmaqdan ötrü verib. Söz ifadəsinin son iki hərfi "öz"dür. Öz həm də uyğur dilində "mən" deməkdir. Yəni, söz, bilavasitə mənliyimizdir. Ümumiyyətlə, bir iş təkcə sözdə deyil, həm də ürəkdə olmalıdır. Ürəyin odunda qızınmalıdır. Bu zaman söz və əməl birliyi yaranır. Ötən il Bişkekdə Qırğızıstan-Azərbaycan Dostluq Parkının açılışı oldu. Həmin törəni televiziya vasitəsilə izlədim. Mərasimdə Prezident İlham Əliyev iki qardaş ölkənin qəlb bağlılığını, söz birliyini dərin və qısa ifadəylə bildirmiş oldu: "Qardaşlığımız sözdə deyil, əməldədir”.
Bakı Dövlət Universiteti, Jurnalistika ixtisası bilavasitə sözün keşiyində durur. Buna görə fakültəmiz hər zaman öz fərqliliyi ilə seçilib. Ötən il bu vaxtı xatırlayanda "Nə yaxşı ki, məqsədimdən dönməyib Jurnalistika yolunda irəliləmişəm" deyə düşünürəm. Bəzən belə bir bənzətmə ağlımdan keçir: Jurnalistika peşəsi mənim üçün ümmandır; mən də o dənizdə üzən gəmiyəm.
Əziz oxucu, əslində, mən inanmıram ki, sözlər Jurnalistika fakültəsini təsvir etmək, orada olmağın xoşbəxtliyini izah etmək üçün kifayət etsin, yalnız bundan əminəm ki, hazırda bu yazını əksərən abituriyentlər oxuyur və Jurnalistika fakültəsi barədə təsəvvürlərinin formalaşmasını istəyirlər.
Mövzuya bir az fərqli yöndən baxmaq istəyirəm. Belə bir deyim var: "Dostunu mənə göstər, deyim sən kimsən". İlk növbədə peşəni özünə dost bilməlisən. Bir az dərindən düşünsək, görərik ki, bu deyim ətrafımızın, yaşadığımız mühitin təsiri haqda bizə siqnal ötürmək istəyir. Bu fikirdən çıxış edərək demək istəyirəm ki, Jurnalistika fakültəsinin çevrəsi jurnalistikanı ürəkdən sevən hər kəs üçün çox möhtəşəmdir. Möhtəşəmlikdən danışarkən yalnız təhsili nəzərdə tutmuram. Bura, ən önəmlisi, səmimi bir ətraf daxildir.
Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu və Sosial məsələlər üzrə dekan müavini Samir Xalidoğlunun fakültədə olduğumuz ilk gün bizə dedikləri sözlər hələ də yaddaşımdadır, bəlkə də Çingiz Aytmatovun "Manqurt" əsərinin baş qəhrəmanı mən olsa idim, yenə də onların fakültəyə qarşı daha da maraq oyadan misralarını unutmaq imkanım olmazdı. Düşünürəm ki, Jurnalistika fakültəsinin əksər tələbələri bu barədə sözümə haqq verib səsimə səs verərlər.
Belə bir nüans var ki, özümüzdən yaşca böyük insanların olduğu cəmiyyətdə onlara hörmət etməliyik. Ancaq Jurnalistika fakültəsində qarşılıqlı hörmət təkcə kiçiyin böyüyə qarşı yox, həmçinin böyüyün kiçiyə qarşı hörmətindən başlayır, bu da arada mehriban münasibətin yaranmasına, biz – gələcək jurnalistlərin etik çərçivədə təhsil alıb uğura və uğurlara doğru addımlamamızda çox mühüm bir rol oynamaqdadır.
Jurnalistika fakültəsində kifayət qədər savadlı, həmçinin milli ruhlu kadrlar yetişir. Sanki bu ənənə il-müdam davam etdirilir və nəsildən-nəslə ötürülür.
Biz fəxr edirik ki, fakültə öz ənənələrini yaşadır. Və sələflərinin yolunu uca tutur. Biz həm də ona görə qürurluyuq ki, fakültəmizin, ümumilikdə Azərbaycanın Şirməmməd Hüseynov kimi milli vicdan səsi, sözü olub. Rəhmətlik Bəxtiyar Vahabzadə Şirməmməd Hüseynov haqqında deyirdi: "Şirməmməd – əxlaqın, haqqın səsi idi".
Əziz oxucu, nəhayət gəldik sona. Mikayıl Müşfiq sevgi hissinə necə dəyər veribsə, hələ də dilimizdə əzbər olan şeirləri vardır. Mən də Jurnalistika fakültəsinə sevgimi ifadə etmək üçün Müşfiq şeirinin bir sətrini əziz və dəyərli Jurnalistika fakültəsinə, onun müəllim heyətinə, ən əsası da istər keçmişdə, istərsə də hazırda fakültənin daha da irəli getməsi üçün əmək sərf edən hər kəsə həsr edirəm: "...Sevgi vardır ki, oxudur qəlbində bülbüllərini..."

Məryəm Abdullazadə,
BDU Jurnalistika fakültəsinin tələbəsi
6-04-2023, 08:04
Azərbaycanı Abbas sevən kimi sevin!


Azərbaycanı Abbas sevən kimi sevin!

Görkəmli alim professor Abbas Zamanovun xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib. Oxu Akademiyası və Müvəkkil Hüquq mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə bir çox ziyalılar, ictimai-siyasi xadimlər, millət vəkilləri və sənət adamları iştirak ediblər. Əvvəlcə Abbas Zamanovun və Azərbaycanın dövlət müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi sükutla yad edilib. Sonra Müvəkkil Hüquq Mərkəzinin rəhbəri Səməd Vəkilov qonaqları salamlayaraq onları Abbas Zamanov haqqında yazdığı ,”Vətən fəadaisi” məqaləsi əsasında hazırlanmış videoçarxa baxmağa dəvət edib.
Abbas Zamanov 1911-ci ildə Şərur rayonunun Maxta kəndində anadan olub. Əsl adı Mirabbas Mirfəttah oğlu Seyidzamanovdur. Şura hökumətinin qadağaları vaxtı xeyirxahları onu repressiyalardan, təqiblərdən qorumaq üçün ad və soyadındakı Mir, Seyid sözlərini ixtisar ediblər. Professorun uşaqlıq və gənclik illərinin çox keşməkeşli olmasına baxmayaraq o ömür yolunu vətəninin müstəqilliyinə, çiçəklənməsinə həsr etmiş dahi şəxsiyyət, böyük vətəndaş, görkəmli elm xadimi kimi yaddaşlarda kristallaşıb.

Abbas Zamanovun həyatına həsr olunmuş videçarxla tanışlıqdan sonra Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanovun “Heydər Əliyev Azərbaycan ziyalılarının himayəçisi Heydər Əliyev Abbas Zamanov münasibətləri kontekstində”adlı məruzəsi dinlənilib.
O, öz nitqində bildirib ki, mən bu gün burda iştirak etməyi ən çox mənəvi borcum kimi bildim. Çünki Abbas Zamanov bizim ailə dostumuz idi. O, mənim babamla çox yaxın idi. Və bu gün burada olmağı həm bir siyasi xadim kimi, həm də ailə dostu olaraq mənəviyyat borcu bildim. Onu xüsusi olaraq qeyd etmək istəyirəm ki, Heydər Əliyevin hakimiyyətə gəlməsi və ziyalıları himayə etməsi o dövrkü Azərbaycan üçün böyük bir töhfə idi.
Məruzəçi professorla bağlı öz xatirələrindən danışanda bildirib ki, mənə uşaq olarkən deyərdilər,- "Sovet dövründə hamı oxuyur amma sən oxuyanda Abbas Zamanov kimi oxu". Və mən bu gün deyirəm ki Azərbaycanı sevəndə Abbas Zamanov kimi sevmək lazımdır".

Sonra söz Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyliyə verilib. İsa Həbibbəyli Abbas Zamanovun necə dostcanlı olmasından danışıb. Onun az danışan, çox iş görən, qəti mövqedə, dönməz iradəyə malik olan mükəmməl bir Azərbaycan vətəndaşı olduğunu qeyd edib. Vətəndaş, alim sözünün hər kəsə aid edilə bilməyəcəyini fəqət Abbas Zamanovun bu sözün tam haqqını verdiyini vurğulayıb, İsa Həbibbəyli:
“Abbas bəy, o dövrkü Sovet imperiyasına sinə gərərək Azərbaycan ziyalılarını, görkəmli alimlərini bir araya gətirib, insanlar arasında möhkəm təməlli bir körpü yaratmışdı. Bu əlaqə o zamankı dövlət qurumlarlnın yaratdığı əlaqədən daha geniş, daha məhsuldar idi. Abbas müəllimin ən çətin dövrlərdə Edinburq universitetinin professoru Turhan Gəncəyi ilə yazışması və görüşməyi o zamankı dövrün bir əfsanəsi hesab olunurdu.
Ulu öndərin 100 illiyinə həsr edilmiş ildə Abbas Zamanovu yad etmək qürurvericidir.”
Daha sonra isə söz Əməkdar elm xadimi, professor Qəzənfər Paşayevə verilib. Qəzənfər Paşayev Abbas Zamanovla bağlı xatirələrindən, İsa Həbibbəyli və Abbas Zamanovun daim birlikdə olduqlarından, isti münasibətlərindən, birgə fəaliyyətlərindən danışıb. Qəzənfər Paşayev kitablarının yazılmasında başlıca mənəvi yardımın məhz Abbas Zamanov tərəfindən olduğunu qeyd edib. O, Abbas müəllimlə birlikdə olduğu məclislərdən, onun necə alicənab şəxsiyyət olduğundan və onun iştirak etdiyi məclislərin aliliyindən bəhs eləyib. Qeyd edib ki, əgər vətənpərvərlik bizlərdə varsa, burada Abbas Zamanovun böyük rolu var.

Xalq şairi Sabir Rüstəmxanlı Abbas Zamanovun necə cəsarətli və qorxmaz olduğundan danışıb. Onun Fransaya səfəri zamanı göstərdiyi şücaətin tam bir cəsarət nümunəsi olduğunu bildirib. Millət vəkili müasir zamanda belə maarifləndirici tədbirlərin tez-tez keçirilməsinə və tələbə gənclərin bu cür tədbirlərə cəlb edilməısinə böyük ehtiyac olduğunu bildirib. Qeyd edib ki, ziyalılarımızın daim yad edilməsinin, onların xatirələrinin uca tutulmasının gənclərin vətənpərvərlik ruhunun artırılmasında, tariximizə, mənəvi dəyərlərimizə marağın yaradılmasında böyük rolu var.

Millət vəkili Etibar Əliyev, Məhəmmədəmin Rəsulzadənin nəvəsi, rəssam, ictimai xadim Rais Rəsulzadə və digər çıxış edənlər Abbas Zamanovla bağlı maraqlı xatirələr danışıblar.
Tənqidçi alim Qurban Bayramov gənclik illərində elmi araşdırmalarından, Xalq şairi Səməd Vurğunla bağlı yazılarına görə təqiblərə məruz qaldığı vaxtlarda Abbas Zamanovun haqqın müdafiəsinə necə cəsarətlə qalxmasından danışıb. Səməd Vəkilova bu uzun illər yaddaqalacaq tədbiri təşkil etdiyinə görə təşəkkürünü bildirib. Ona adını daşıdığı qohumu Səməd Vurğun yaradıcılığına həsr olunmuş kitablarını hədiyyə edib.
Onu da qeyd edək ki, bəzi tədbir iştirakçıları bu böyük insan haqqında öz xatirələrindən, Abbas Zamanova olan sevgilərindən danışarkən duyğulanaraq gözyaşlarına hakim ola bilməyiblər.

Sonda Səməd Vəkilov tədbir iştirakçılarına bir daha minnətdarlığını bildirərək yekun sözü Abbas Zamanovun qardaşı oğlu Mirmusa Seyidova verib. O, əmisinin xatirəsini əziz tutanlara, görüşün təşkilatçılarına təşəkkür edərək, bu görüşü heç zaman unutmayacağını bildirib.
Tədbir xatirə şəkillərinin çəkilməsilə yekunlaşıb.


Tehran Yusifli
“Bütöv Azərbaycan”ın xüsusi müxbiri
Fotolar Rahim Qədimovundur
1-04-2023, 11:15
ZƏHMƏTKEŞ ÖMRÜNÜN  SƏHİFƏLƏRİ


ZƏHMƏTKEŞ ÖMRÜNÜN SƏHİFƏLƏRİ

Hər ömür bir nağıldır. Bu ömrü sonuna qədər yaşaya bilsən, özün böyük nağıl qəhrəmanına çevrilə bilərsən. Elə bir qəhrəmana ki, hətta sənə yaxın, doğma olan adamlar üçün də sehirli aləmə çevrilərsən. Bəli, maraqlı insanların həyatı nağıla bənzəyir, nağıllara çevrilir. Bu nağılları oxuyanlar başqalarına danışır, o da bir başqasına. Bir gün görürsən ki, həyat nağılların bir dastana çevrilib və sən sağ ikən əbədiyyətsən...
İnsan dünyaya gəldiyi gündən həyatın enişli-yoxuşlu, daşlı-kəsəkli yollarını keçdikcə kamilləşir. İnsanın əxlaqi keyfıyyətlərindən bəhs edən mütəfəkkirlər qeyd edirlər ki, başqalarına nisbətən zəhmət adamları daha səxavətli, comərd və əliaçıq, son tikələrini də yoldaşları ilə bölməyə hazır olurlar. Bəşər övladının ən yüksək xüsusiyyətlərindən olan insansevərlik qabiliyyətini, qəlb genişliyini Allah-təala sanki zəhmətlərinə əvəz olaraq bu qəbil insanlara bəxş etmişdir. “Səxavətin, əliaçıqlığın mənbəyi var-dövlətdir” deyənlərin düşüncəsi ilə mənim qeyd etdiyim zəhmətkeşlərin əqidəsi tamamilə əksdir. Çünki, təqdir etdiyim insanlar xeyirxahlığın, səxavətin mənbəyini xarici zənginlikdən deyil, daxili, mənəvi zənginlikdən, ürək genişliyindən götürürlər. Paxıllıq, tamah odundan uzaq olan bu adamlara xəsislik yad olduğu qədər, israfçılıq da yaddır. Müqəddəs peyğəmbərimiz buyurub: “Yaxşı aqibət, düz yolda olanlarındır”.
Allahın insanlara bəxş etdiyi ömrü hər kəs bir cür yaşayır. Nə qədər insan varsa, o qədər də xasiyyət var. Xasiyyət kimi peşələr də müxtəlif olur. Elə peşə sahibləri var ki, el-oba arasında dərin hörmət və nüfuz qazanıblar. Belə insanları şərtləndirən cəhətlər sırasında əməksevərliyi, insanpərvərliyi, yurdsevərliyi, əliaçıqlığı, xeyirxahlığı nümunə göstərmək olar. Haqqında söhbət açdığım qabaqcıl əmək qəhərmanının ömür kitabını varaqlayıram…
Elə insanlar var ki, təbəssümü, danışıq tərzi onların xarakteri barədə söz açıb "danışır", sanki informasiya verir. Bu fikirləri Zivər xanım haqqında məmnumiyyətlə demək olar.
Zivər Əli qızı Səfərova1950-ci ildə Şərur rayonunun Qışlaqabbas kəndində kolxozçu ailəsində dünyaya göz açıb. 1970-ci ildə Şərur rayonunun İbadulla kənd orta məktəbində təhsilini başa vurduqdan sonra Kirov adına kolxozda tütünçü kimi əmək fəaliyyətinə başlayıb. İlk gündən komsomolçu gənc kimi kolxozun əmək və ictimai işlərində fəallığı ilə seçilib. Zəhmətsevərliyi və intizamlı olması onun gələcək həyat yolunda öz bəhrəsini verib. Bütün plan və tapşırıqları yüksək səviyyədə yerinə yetirən gənc əməkçi xanımın fəaliyyəti rəhbər orqanların diqqətindən yayınmır. Vətənpərvər gəncin işgüzarlığı, zəhmətkeşliyi, təşəbbüskarlığı kolxozun əmək və ictimai həyatına yeni rənğ qatır. Əməkçilərin daha səy və bacarıqla işləməsinə vəsilə olur. Kolxozun iqtisadi göstəriciləri ilə yanası, partiya həyatındakı canlanma da rayon rəhbərliyinin təqdirini qazanır. Əmək cəbhəsində zəhmət adamının yeni ruhda çalışmasının, mədəni kütləvi işlərdə fəallığının səbəbkarlarından biri də gənc tütünçü Zivər xanım olur.
İnsan həyatda halal zəhmətin, ürəklə çalışmağın bəhrəsini görür. Bu fəzilətin işığı Kirov adına kolxozun gənc tütünçüsünün də yolunu aydınlatdı. Əmək fəaliyyətinin dördüncü ilində Zivər xanıma o dövrün çox yüksək etimadı göstərildi. O, doqquzuncu çağırış Naxçıvan Muxtar Respublikasının Yeycə kəndinin 618 saylı dairəsindən SSRİ Ali Sovetinə deputat secildi. 24 yaşlı gənc kolxozçunun böyük dövlətin ali kürsüsünə nümayəndə seçilməsi zəhmətin, əməksevərliyin və ədalətin təntənəsi idi. Təsadüfi deyil ki, həmin illərdə ölkəmizə zəhmətkeş, əməkçi xalqın unudulmaz rəhbəri Heydər Əliyev başçılıq edirdi. İnkişafın, milli intibahın böyük hamisi olan Ulu Öndər həmin illərdə bütün Azərbaycan gəncliyinə öz atalıq qayğısını göstərirdi. Bu dahi insanın qayğı işığından Zivər xanımın taleyinə də düşdü.
Məhz Heydər Əliyevin təşəbbüsü və qayğısı ilə 1976-1981 -ci illərdə Zivər Səfərova Gəncə Kənd Təsərrüfatı institutunda ali təhsil alır. 1981-ci ildə ali təhsilini başa vurandan sonra, yenidən kolxozda fəaliyyət göstərir. Onu kolxozun həmkarlar təşkilatına sədr seçirlər. Qeyd edək ki, Kirov kolxozunun ərazi vahidi yeddi kənddən ibarət olub. Tumaslı,Vayxır, Ərəbyeycə, İbadulla, Qışlaqabbas və s. kəndlərin əhalisi bu təsərrüfatda işləyirdilər. Kolxozda, əsasən, tütünçülük, pambıqçılıq, üzümçülük sahələri inkişaf etdirilirdi. Zivər xanım səhərdən axşama kimi təsərrüfat sahələrində çalışıb. Heç vaxt əmək cəbhəsindən yayınmayıb, əksinə təsərrüfat işini səxsi işindən üstün tutub. Nizam-intizam, qayğıkeşlik, vətənpərvərlik onun həyat kredosu olub. Şəxsi zəhmətsevərliyi, işgüzarlığı ilə hamıya nümunə olub. Çalışdığı illər ərzində həmişə adı şərəf lövhəsində asılıb. 29 il kolxozda zəhərli sahədə çalışmış Zivər Səfərova o illəri belə xatırlayır:
- Qabaqcıl tütünçü olaraq adım hörmətlə çəkilərdi, əmək haqqım da yüksək idi. IX, X, XI beşilliklərin qalibi döş nişanına layiq görülmüşəm. Əməyim o zaman dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. «Oktyabr inqilabı» , «Qırmızı Əmək Bayrağı» ordenlərinə, bir çox medallara layiq görülmüşdüm. Naxçıvan Muxtar Respublikasından yeganə tütünçü idim ki, keçmiş SSRİ Ali Sovetinə deputat seçilmişəm. XXV və XXX qurultayların nümayəndəsi olaraq dəfələrlə Moskvada Kremlin Qurultaylar sarayında iclas və konfranslarda iştirak edərdim. Sosialist Əməyi Qəhrəmanları Rəşid Behbudov, Mirhəmzə Eminovla, X.Həsənova, Rəxşəndə Verdiyeva və bir çox qabaqcıl əmək qəhrəmanları, millət vəkilləri ilə birlikdə Azərbaycanı keçmiş İttifaq səviyyəsində şərəflə təmsil etmişik. Nümayəndə heyəti ilə birlikdə Moskvadan qayıdarkən jurnalistlər bizi əhatəyə alar, maraqlı müsahibələrimiz qəzet və jurnallarda çap olunardı. Zəhmətimizə, əməyimizə verilən qiymət bizi daha da ruhlandırardı.
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyevlə dəfələrlə görüşərək səmimi söhbətlər edərdik. Dahi şəxsiyyət biz əmək qəhrəmanlarına həmişə diqqət və qayğı göstərərdi. Bizim dolanışığımızla maraqlanardı. O dövrdə pambıq, üzüm, tütün, barama iqtisadiyyata çox xeyir verərdi. Gah barama bəsləyər, gah da tütün yığımında çalışırdım. Bir gün tütün yığan vaxtı işdə möhkəm zəhərləndim. Məni təcili xəstəxanaya apardılar. Üç gün koma vəziyyətində qaldım. Həkimlərimizin səyi nəticəsində həyata qayıtsam da, ömürlük xəstə oldum. İkinci qrup əlil olsam da, yenə də işdən qalmadım. 2002-ci ildə səhhətimlə əlaqədar Bakıya gəldim. 23 il Travmotologiya institutunda aqronom-bağban vəzifəsində çalışdım. 45 il iş stajım olsa da, bu gün 385 manat pensiya alıram. Deputat olduğum illərdə mənə müraciət edən onlarla vətəndaşlara kömək etmişəm. İbadulla-Qışlaq, Abad kəndlərinə su çəkdirmişəm. Bu gün gördüyüm işləri yada salanda qürurlanıram.
Zivər xanım danışdıqca gah gözləri yaşarır, gah da sevinirdi. Lakin onun gözlərində qayğıya ehtiyac duyurdum. Ömrünü iqtisadiyyatımızın inkişafına həsr etmiş və bu yolda əlil olmuş əmək qəhrəmanına bu gün diqqət və qayğı daha da artırılmalıdır. Şanlı Zəfərimizdən iftixarla dasnışan Zivər Səfərova, sevinclə və iftixarla qeyd etdi:
-Dahi Heydər Əliyevin qurduğu dövlətimizin daha da qüdrətli olmasına nail olmuş hörmətli Prezidentimiz İlham Əliyevlə fəxr edirəm. Xalqımız Ali Baş Komandanımızın ətrafında yumruq kimi sıx birləşərək işğalçıları torpaqlarımızdan qovdu. Bu gün Füzulidə, Ağdamda, Zəngilanda Cəbrayılda, Qubadlıda, Şuşada, bir sözlə, azad olunmuş yurdlarımızda görülən abadlıq, tikinti və quruculuq işləri hər birimizi sonsuz fəxarət hissinə bürüyür, qalib yurdun vətəndaşı kimi qürurlanırıq.
O, Müzəffər Ali Baş Komandan kimi milli müstəqilliyimizin qızıl kitabına möhtəşəm Qələbə imzasını qoydu. Xalqımızın başını tarixin və dünyanın qarşısında başıuca elədi. Allah xalqımızın müzəffər rəhbərini qorusun! Vətənimizin azadlığı uğrunda canını qurban vermiş cəmi şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirəm.
Söhbət zamanı öyrəndim ki, 45 ildən artıq əmək fəaliyyəti və 2-ci qrup əlil olan Zivər xanım cəmi 385 manat civarında pensiya alır. Təəccüblüdür, əmək veteranı, deputat olmuş bir insanın belə az pensiya almasının səbəbi nədir? Ömrünün qürubunu yaşayan bir xanım əmək veteranının maddi durumunu yaxşılaşdırmaq, yəqin ki, dövlətimizin əlaqədar orqanları üçün çətin olmaz.
Bu yazıda Zivər xanımın ölkəmizin hörmətli rəhbəri İlham Əliyevə ünvanladığı müraciətin mətnini də əlavə etdim:
«Nəzərinizə çatdırmaq istəyirəm ki, mən 1950-ci il təvəllüdlü Səfərova Zivər Əli qızı Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və müstəsna köməyi nəticəsində 1974-cü ildə 9-cu çağırış Naxçıvan Muxtar Respublikasının Yeycə kəndinin 618 saylı dairəsindən SSRİ Ali Sovetinə deputat seçilmişəm. 10 mart 1975-ci il tarixdə “Qırmızı Əmək Bayrağı” ordeni, 12 aprel 1979-cu ildə “Oktyabr İnqilabı” ordeni ilə Ulu öndər Heydər Əliyevin xeyir-duası ilə SSRİ rəhbərliyi tərəfindən təltif edilmişəm. Həmin illərdə kolxozun ən gənc tütünçüsü olaraq SSRİ Ali Sovetinin deputatı seçilmişəm.
Şübhəsiz ki, o dövrdə nail olduğum əmək nailiyyətlərinə, eləcə də gənc olaraq SSRİ kimi dövlətin siyasi elitasında təmsil olunmağım Ulu öndər Heydər Əliyevin misilsiz dəstəyi və onun mənə göstərdiyi atalıq qayğısının sayəsində mümkün olmuşdur. Mən də öz növbəmdə hər zaman unudulmaz Ümummilli Lider Heydər Əliyev və onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu tarixi dövlətçilik siyasətinin qızğın tərəfdarı kimi pərəstiş etmişəm. Hər zaman iştirak etdiyim rəsmi və el tədbirlərində, xalq arasında cənab İlham Əliyevin apardığı uğurlu siyasətin qızğın təbliğatçısı kimi çıxış etmişəm və ömrümün sonuna qədər də, bu belə olacaq.
Sizə müraciət etməyimin səbəbi 45 illik əmək fəaliyyətimin nəticəsində peşə xəstəliyinə düçar olmağım, 2-ci qrup əlillik dərəcəsinə uyğun aldığım pensiya təminatımın aşağı olması, yaşam tərzimin çətinləşməsi ilə əlaqədardır.
Sizdən xahiş edirəm ki, zəhmət adamlarına Ulu Öndərin diqqət və qayğısını xatırlayaraq, əbədiyaşar rəhbərimiz, Ümümmili Liderimiz Heydər Əliyevin 100 illik yubileyində uzunmüddətli əmək fəaliyyətimi, Azərbaycan dövlətçiliyi yolunda siyasi dönməzliyimi nəzərə alaraq mənə Prezident təqaüdü verəsiniz.”
Arzu edirəm ki, Zivər xanımın bu mətndəki ümidləri çiçək açsın, ömrünün ağbirçək çağlarında həyatını üşüdən maddi çətinliyə son qoyulsun, inşallah. Bu xoş ümidlə Zivər xanıma uzun və sağlam ömür diləyirəm.
Balayar SADİQ
1-04-2023, 10:24
VƏTƏN FƏDAİSİ


VƏTƏN FƏDAİSİ

Görkəmli alim professor Abbas Zamanov Azərbaycan elmi və ictimai-siyasi mühitində vətən fədaisi, cəsarət tərcümanı, azman şəxsiyyət kimi yaddaşlarda yer tutur. Bu günlərdə professor Abbas Zamanovun fiziki yoxluğundan 30 il keçir. Zaman keçdikcə dəyərli alimimizin Azərbaycan xalqı üçün nə qədər parlaq bir şəxsiyyət olduğunu bir daha təsdiq etdi.
O, Azərbaycanın ən gərgin ictimai siyasi dönəmlərində 10 oktyabr 1911-ci ildə Şərur rayonunun Maxta kəndində dünyaya göz açıb. Əsl adı Mirabbas Mirfəttah oğlu Seyidzamanovdur. Babası Seyid Zaman Mir Hətəm oğlunu nəslin yaddaşındakı yaxın keçmişin məhək daşı hesab etmək olar. Tədqiqatçı Nazir Əhmədlinin “İrəvan əyalətinin kameral təsviri” II cilid. “Vedibasar və Şərur mahallarının kameral təsviri” adlı kitabında Maxta kəndinin sakinləri sırasında adıkeçən Seyid Məhəmməd Mir Kəlbəli (oğlu Mirbaba) oğlu da mərhum professorun ulu babalarındandır.
Abbas Zamanovun uşaqlıq gənclik illəri çox keşməkeşli olmuşdur. Professor özü bu barədə deyir: “7-8 yaşım ancaq olardı, Naxçıvan elatının o cümlədən Şərur rayonunun camaatı vahimə içində yaşayırdı. Erməni daşnaklarının hücumlarından yaxa qurtarmaq üçün çoxu Cənubi Azərbaycana qaçırdı. 1918-ci ildə bizim Maxta kəndinin sakinləri də İrana keçməli oldular. Anam rəhmətə getmişdi. Atam, qardaşım İsmayıl və mən Xoy şəhərində sığınacaq tapdıq. Atam bir ərbabın yanında muzdurluq edirdi. Həyat şəraiti çox çətin idi. Qardaşım bu məhrumiyyətlərə dözməyib öldü. Daşnak hökuməti devrildikdən sonra kəndimizə qayıtdıq” (Xalq qəzeti, 6 noyabr 1992-ci il, müsahibə Ə.Bayramov ).
SOYADINDAKI MİRLƏRİ ATMASININ TARİXÇƏSİ
Professor Abbas Zamanov(Mirabbas Mirfəttah oğlu Seyidzamanov) soyadının dəyişdirlməsinin tarixçəsi barədə danışarkən bildirir ki, onu uşaq evinə götürərkən müəssisənin müdiri dahi şair Hüseyn Cavidin bacısı Səkinə xanım Rasizadə arasında keçən dialoqdan sonra soyadını dəyişiblər.
-Adı nədir?
-Mirabbas..
Səkinə xanım üzünü məni qeydə alan işçiyə tutaraq.
-“Miri”ni at, Abbası saxla,
-Atanın adı nədir?
-Mir Fəttah.
--“Miri”ni at, Fəttahı saxla,
-Bəs familin?
-Seyidzamanov
-Seyidi at, Zamanovu saxla
Beləliklə mən oldum Abbas Fəttah oğlu Zamanov qohumlarımın əksəriyyəti isə Zamanı atıb Seyidov oldular.
Təbii ki, dahi Hüseyn Cavidin bacısı Səkinə xanım Rasizadə bu addımı atmaqda məqsədi Abbas Zamanovu gələcək təhlükələrdən qorumaq idi.
Abbas Zamanov elmi fəaliyyəti haqqında çox saylı yazıları nəzərə alaraq onun bədii yaradıcılığının elmi səciyyəsindən deyil ictimai-siyasi fəaliyyətinin pik nöqtəsi olan qədim Oğuz yurdu Naxçıvanın Ermənistana verilməsinin qarşısını alması ilə bağlı göstərdiyi yüksək vətəndaş mövqeyi və cəsarət nümunəsindən söz açacağıq. Təsadüfi deyil ki, o Naxçıvanın Ermənistana verilməsinin qarşısını alan şəxs kimi yaddaşlarda kristallaşıb.
29 mart 1960-cı il tarixində Azərbaycan Elmlər Akademiyasının böyük salonunda Səməd Vurğunun xatirəsinə həsr olunmuş gecədə söz alan Abbas Zamanov əvvəlcə Səməd Vurğunla 1937-ci ilin sonlarındakı görüşləri barədə bəzi məqamlara toxunur: “Abbas Mirzə Şərifzadənin həbsindən bir neçə gün sonra Səməd Vurğunla görüşəndə onu çox pəjmürdə və kədərli gördüm. O, məni gəzmək üçün bulvara dəvət etdi. Gəzinti zamanı Səməd dalğın və kədərli olmaqda davam edir və heç nə danışmırdı. Mən ondan niyə qəmgin olduğunun səbəbini soruşdum. Səməd Vurğun dedi ki, bütün kişi adamları, mərd adamları həbsxanalara doldurublar, kişi olmayanlar isə azadlıqda qalıb.”
Abbas Zamanov bu sözləri deyəndə zalı sürəkli alqışlar bürüyür bu davamlı alqışlar gecədə iştirak edən vəzifəli şəxsləri narahat edir. Bundan sonra artıq Abbas Zamanov mətləbə keçir. Professor mətbuatda gedən müsahibəsində bu hadisə barəsində belə deyir: “60-cı illərdə Naxçıvanın Ermənistana verilməsi təhlükəsi vardı. Mən S.M.Qənizadənin haqqında materiallar toplayırdım. Qori seminariyasının sənədlərinə baxmaq üçün Tiflisə, oradan da İrəvana getdim. İrəvanda bir azərbaycanlı müəllim mənə dedi ki, Naxçıvan Muxtar Respublikasının Ermənistana verilməsi haqqında sənəd hazırlayırlar. Bu məsələ ilə əlaqədar bir neçə dəfə mitinq də keçirilib. Hətta Meğri rayon partiya komitəsinin katibi Ali Sovetin sesiyasında çıxış edib deyib ki, Azərbaycan tərəfi tələblərimizə razı olmasa, Naxçıvana bir qatar da buraxmayacağıq. İrəvandan təzəcə qayıtmışdım. Elmlər Akademiyasının böyük salonunda Səməd Vurğunun xatirəsinə həsr olunmuş gecə keçirilirdi. Salon ağzına kimi dolu idi. Mənə söz verildi. S.Vurğundan xalaqlar dostluğundan danışdım. Sonra da dedim ki, bu dostluğu pozmaq istəyənlər var. Bu yaxınlarda İrəvana getmişdim. Orada Naxçıvanın Ermənistana ilhaq edilməsi ilə əlaqədar sənədlər hazırlanır, mintiqlər keçirilir. Əgər Səməd sağ olsaydı şübhəsiz deyərdi ki, Naxçıvanın bir qarışını da heç kimə verməyəcəyik...
Salonda elə bil bomba partladı. Bir gurultu qopdu ki, gəl görəsən. Milli hiss qüvvətlidir, həm də qorxulu. Əgər axşam desəydim ki, Reyasət Heyətində oturanların hamısnı beşinci mərtəbədən atın, o dəqiqə atardılar. Səhəri gün məni partiyadan və universitetdən işdən çıxardılar. Akademiyada 83 manatlıq işə göndərdilər.
Görkəmli alim, Dövlət mükafatı laureatı, uzun illər Abbas Zamanovla dostluq etmiş professor Yusif Seyidov “Müasirləri Abbas Zamanov haqqında” adlı kitabda bu məşhur hadisəni belə xatırlayır: “Yığıncaq Akademiyanın keçmiş Kommunist küçəsindəki qədim binasının böyük zalında keçirilirdi. Yığıncağa professor Məmməd Arif sədrlik edirdi. Məruzə və bir neçə çıxışdan sonra Abbas Zamanov söz aldı. O, da başqaları kimi Səməd Vurğun haqqında sözünü dedi, sonra da haşiyə çıxaraq belə bir əlavə etdi: Bu gün Naxçıvandan gələn bir nəfər mənə dedi ki, Naxçıvanın ermənilərə verilməsi həll edilməkdədir. Abbas müəllim bu haqda bir qədər danışdıqdan sonra belə bir yekunlaşdırıcı söz dedi: Səməd Vurğun qalsaydı, deyərdi ki, biz Naxçıvanı ermənilərə vermərik. Arası kəsilməyən gurultulu alqış səsləri zalı titrətdi. Gəncliyindən coşqun milli hisslərlə yaşayan şair Xəlil Rzanın alqışlarının səsi daha gur çıxırdı. O, mənim yanımda birinci sırada oturmuşdu. İclasın sədri görkəmli alim Arif müəllim həyəcan keçirdi, məsələni yumşaltmaq üçün Abbas müəllimin hissə qapılmasını bildirəndə, Abbas müəllim yenidən səhnəyə qalxdı və dediklərini bir də təsdiq etdi.
Yığıncaq sona çatdı. Bizim müəllimimiz Əlyar Qarabağlı və mən Abbas müəllimi evlərinə yola saldıq. Bu hadisə respublikada, hətta ittifaqda əks-səda verdi. Bu xalqın etiraz səsi kimi ölkəyə səs saldı. Mərkəzdə Naxçıvan söz söhbətinə son qoyuldu”.

KİMLƏR ABBAS ZAMANOVU MÜDAFİƏ ETDİ
Abbas Zamanovla bağlı Bakı Dövlət Universitetinin Partiya Təşkiltında keçirilən toplantıda iştirak edən professor Yusif Seyidov bu bardə bildirir: “Göstəriş verildi ki, Abbas Zamanovun məsələsinə partiyada baxılsın. Mən Universitetin filologiya fakultəsinin partiya bürosunun katibinin müavini idim. Büro başlamazdan əvvəl universitet partiya komitəsinin katibi və başqaları ayrı-ayrılıqda büro üzvləri ilə söhbət edirdilər ki, onlar Abbas müəllimin partiyadan çıxarılmasını tələb etsinlər və bu tələbə səs versinlər. Büro iclasına universitetin rəhbərliyindən bir neçə adam gəlmişdi. Rektor Ş.Mehdiyev partiya komitəsinin katibi Əjdər İbrahimov, professor Əşrəf Hüseynov, prorektor, professor Abdulla Ələkbərov və.başqaları. Öyrədilmiş və öyrədilməmiş büro üzvləri böhtanlarla dolu çıxışlarında təklif etdilər ki, Abbas Zamanov partiya sıralarından çıxarılsın.
Hiss etdim ki, professor Əşrəf Hüseynov, Abdulla Ələkbərov əzab çəkirlər, ancaq səslərini çıxara bilmirdilər. Buna rəsmi səlahiyyətləri də yox idi, çünki büro üzvü deyildilər. Mən Abbas müəllimin həyat yolundan, onun xidmətlərindən, uşaq evində böyüməsindən danışdım və partiya üzvlüyündən çıxarılmasına etiraz etdim. Təklif etdim ki, ya şiddətli töhmət verilsin, ya da müəyyən müddət üçün namizədliyə keçirilsin. Mənim dərs dediyim qrupdan olan Əkbər adlı tələbə də (jurnalistika fakultəsində oxuyurdu) məni müdafiə etdi. Nəticədə, səs çoxluğu ilə büro qərar çıxardı ki, Abbas müəllim partiyadan çıxarılsın.
Fakultənin partiya yığıncağına fakultənin partiya qeydiyyatında olmayan xeyli adam çağırılmışdı. Abbas müəllim əsəbilik keçirirdi. Mərkəzi Komitənin ideologiya üzrə katibi N.Hacıyev arxayın etmişdi ki, onu partiyadan çıxarmayacaqlar. Abbas müəllim ona inanmışdı. İndi vəziyyəti başqa cür görüb həyəcan keçirirdi. İclasın gedişi haqqında danışmaq istəmirəm, həm uzun çəkər, həm də o hadisələri xatırladıqca əsəblərim gərilir. Səs vermədə 6 nəfər Abbas müəllimin lehinə qalanlar isə əlehinə oldu. Nəticədə Abbas müəllimi həm partiyadan, həm də işdən çıxardılar”.
Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Abbas Zamanova qarşı represiyalara son qoyuldu. Onun M.Ə.Sabir haqqında yazdığı namizədlik dissertasiyası elmi dairələr tərəfindən doktorluq dissertasiyası kimi qiymətləndirldi. Abbas Zamanova birbaşa elmlər doktoru dərəcəsi verildi.
ABBAS ZAMANOV VƏ CÜMHURİYYƏT İRSİ
Abbas Zamanovun fəaliyyətinin xüsusi bir mərhələsini təşkil edən Azərbaycanın ilk ədəbiyyat muzeyi olan Nizami Gəncəvi adına muzeydəki unikal fəaliyyəti xüsusi qeyd edilməlidir. Demək olar ki, o, kitab mübadiləsi adı altında Azərbaycanın mühacirətdə olan Cümhuriyyət irsinin Azərbaycana gətirilməsi ilə məşğul olmuşdur. Onun Türk dünyasının nəhəng alimlərindən olan Əhməd Cəfəroğlu ilə məktublaşmaları xüsusi ilə maraq doğurur. Hansı ki, Əhməd Cəfəroğlu həmin dövrlərdə Türkiyə mətbuatında SSRİ-ni ciddi tənqid edirdi. Azərbaycanda isə həmin dövrdə Firudin Köçərli kimi nüfuzlu elm və partiya xadimləri Əhməd Cəfəroğlunu mətbuatda böhtançı adlandıraraq topa tuturdu.
Abbas Zamanov heyrət ediləcək dərəcədə cəsarətlə hər dəfə Əhməd Cəfəroğludan M.Ə.Rəsulzadənin Nizami Gəncəvi haqqında əsərini Azərbaycana göndərməsini xahiş edir. Hətta Abbas Zamanov Əhməd Cəfəroğlunun Azərbaycandakı qohumlarını tapıb onlar haqqında böyük alimi məlumatlandırır. Əli bəy Hüseynzadənin oğlu Səlim Turanın rəsm əsərlərinin Azərbaycana gətirilməsini təmin edir. Onun Məhəmmədhüseyn Şəhriyarla yazışmalarını isə həyəcansız oxumaq mümükün deyil. Sovet rejiminin poçt yazışmalarına ciddi nəzarət etdiyi heç kimə sirr deyildi. Belə dövrdə Abbas Zamanov hər dəfə M.Şəhriyara məktub yazır, məktublar geri qayıdırmış. Professor İranlı dostu Əhməd Azəruluya bu barədə söyləyir. Ə.Azərulu Pprofessora üstüörtülü şəkildə “Görünür postaçılar şairi əziyyətə salmaq istəmirlər. Ona yazacağın məktubları mənim ünvanıma göndərin, mən sahibinə çatdıraram” söyləyərək ona çıxış yolu göstərir. Abbas Zamanov qeyd edir ki, beləliklə Azərulun vasitəsi ilə Şəhriyarla məktublaşmağa başladım. Professor qeyd edir ki, Azərulun vasitəsi ilə 15 oktyabr 1986-cı il tarixli məktubunda ustad öz şəkilini də mənə yollamışdı. Şəkilin arxasında şair öz dəsti-xətti ilə yazmışdı:
“Badi-kubə şəhərinin hörmətli ədiblərindən professor Abbas Zamanova yadigar”. Bu qiymətli hədiyyə məni son dərəcə sevindirdi. Şəkili bir neçə dəfə bağrıma basıb uşaq kimi öpdüm, elə həmin gün cavab yazdım. Yazdım ki, “Sizin mənə göndərdiyiniz bu yadigar elə böyük hədiyyədir ki, onun qiymətinin həddi-hüdudu yoxdur. Zəmanəmizin ulu şairindən belə bir hədiyyə almaq mənim üçün böyük şərəfdir. Mən fəxr edirəm ki, “Heydər babaya salam” müəllifi lütf edib öz müqəddəs şəkilini mənə yadigar göndərmişdir. Belə bir lütfkarlıq üçün mən Siz cənablarına min dəfə sağ ol desəm, min dəfə təşəkkür etsəm azdır. Bu müqəddəs yadigarı mən həyatım boyu qoruyub saxlayacaq, Sizi heç bir vaxt, heç bir vaxt unutmayacağam. Mərhəmətiniz üçün sağ olun, ustad....”
Əhməd Azərulu məktubu Şəhriyara oxumuş, cavabı da özü yazmışdır. Azərulu məktubu oxuyarkən Şəhriyar son dərəcə mütəəssir oldu, uşaq kimi ağladı və onun salamını, razılığını Sizə çatdırmağı xahiş elədi.
Abbas Zamanovun çoxşaxəli faəliyyətinə kiçik bir tövhə olan bu yazı onun ruhu qarşısında ehtiramın ifadəsidir. Ruhun şad olsun VƏTƏN FƏDAİSİ!

Səməd Vəkilov


����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!