"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
Tarix : 5-05-2024, 12:42
Mətbuat fədailəri: dünəndən bu günə



Mətbuat fədailəri: dünəndən bu günə...

​Azərbaycan xalqının taleyində onun milli mətbuatı hər zaman xüsusi yer tutur. Dəyişən zaman fonunda milli dəyərlərimiz öz klassik bütövlüyü ilə bir xalqın sözünün qüdrətini, ziyalısının daxilən saflığını, bölünməz milli məfkurəsini bütün parametrləri ilə göstərmiş olur. Bu mənada Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsi, həmçinin tələbəsi olduğum Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Milli mətbuat tarixi kafedrası zaman-zaman milli mətbuatımızın ələmdarı kimi çıxış ediblər. Hər dəfə Jurnalistika fakültəsinin Milli mətbuat tarixi kafedrasının önündən keçərkən jurnalistlərin böyük müəllimi Şirməmməd Hüseynovun barelyefi diqqətimi çəkir. Artıq xeyli zamandır ki, həmin kafedranın müəllimi Rüxsarə Məmmədova bizə "Görkəmli Azərbaycan Publisistləri" fənnini tədris edir. Onun tədris metodikası, texnikası çox maraqlıdır. Tədris etdiyi fənninə qarşı tələbələrdə yaratdığı marağın da çox böyük əhəmiyyəti var. Müəllimimiz klassik publisistika ilə müasir jurnalistikamızın paralelliyini aparır.


Hər iki dövrdə publisistikanın mütləq şəkildə milliliyi qorumaq, yaşatmaq vacibliyini göstərir. Bu yaxınlarda Milli Mətbuat tarixi kafedrasının müdiri, professor Cahangir Məmmədlinin "Müasir Jurnalistika" kitabından bir hissə ilə tanış olduq. Kitabın axıcı dili, səlis və aydın üslubu, təsvir canlılığı, milli ruhu bizi elə ilk andaca özünə çəkdi. Dərsdən sonra fakültəmizin tələbəsi Əsgər İsmayılovla əlaqə saxladım. Onda həmin kitabın olub-olmadığı ilə maraqlandım. Təəssüflə olmadığını bildirdi. Bircə ümidimiz Rüxsarə Məmmədovanın hər dərs zamanı kitabdan bir hissə oxumasına qalırdı. Mən fakültəmizin ingilis bölməsində təhsil almağıma baxmayaraq, hər zaman Cahangir Məmmədli adının böyüklüyünü dərk etmişəm. Müəllimin fakültəyə min bağlarla, min tellərlə bağlılığını, sevgisini apaydın sezmişəm. Elə ilk semestr zamanı müəllimimizlə bizim qrupun görüşünü təşkil etmələrini fakültə rəhbərliyinə, müəllimimiz Samir Xalidoğluna bildirmişəm.


Ötən günlərdə dərs mövzusu milli mətbuatımızın, musiqimizin, publisistikamızın, habelə mənəviyyatımızın mücahidi dahi Üzeyir bəy Hacıbəyli haqqında idi. Mövzu tələbələri dərin düşüncəyə, təkrarı yaşanmayan sehirə saldı. Bir zaman Mətbuat tarixi kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Qərənfil Dünyaminqızının "Üzeyir dünyası, Üzeyir dühası" adlı məqaləsini oxuyanda da eyni hissləri yaşamışdım. Araşdırmada oxuyuruq:
"Üzeyir bəyin publisistikaya gəldiyi zaman ictimai, siyasi hadisələrin kəskinləşdiyi, çox ziddiyyətli bir şəkildə cərəyan etdiyi dövr idi. Amma Üzeyir bəy bu ziddiyyətlər arasında çaşıb qalmadı. Yalnız xalqının azadlığı, tərəqqisi uğrunda mübarizəyə qoşuldu. Çünki Üzeyir bəy öz əxlaqı, ideyaları, arzuları ilə bütövlüklə xalqına bağlı bir sənətkar idi. Xalqının dərdini, ehtiyacını bütün varlığı ilə duyurdu və onların aradan qaldırılması üçün heç nədən çəkinmədən mübarizə aparırdı. Xüsusən də milli məsələdə".

Görünən odur ki, Üzeyir bəyin həyatının qayəsi milli ruha bağlılıqla keçib. Bunun nəticəsidir ki, dahi Üzeyir bəyin yaradıcılığı ölməzlik qazanıb. Bu mənada milli mətbuat tarixi kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Aygün Əzimova "Üzeyir Hacıbəyli "Azərbaycan" qəzetində: mətbuat tariximizin mühüm mərhələsi" adlı silsiləli araşdırmasında yazır:
"Üzeyir Hacıbəylinin - "Kaspi"dən tutmuş, "Azərbaycan"a qədər olan publisistikasını izləsək, görərik ki, bu irsin ictimai xarakteri, janr palitrası, mövzu rəngarəngliyi və toxunduğu problemlərlə çağdaş dövrümüzün gerçəklikləri arasında bir bağlılıq, paralellik özünü göstərir. Yəni bu irslə müasir dövrümüz arasında maraqlı tarixi paralellər axtarmaqla xalqı, milləti düşündürən suallara cavab tapmaq, tarixi həqiqətlərə nail olmaq mümkündür". Əlbəttə, Üzeyir bəyin yaradıcılığı dünənimiz, bu günümüz və sabahımızdan ötrüdür.





Mövzudan gen düşməmək üçün və sözümüzə təsdiq olaraq tarix elmləri doktoru, professor Nəsiman Yaqublunun "Üzeyir Hacıbəyli və Azərbaycan Cümhuriyyəti" məqaləsindəki qiymətli fikirlərlə tanış olaq:
"Ü.Hacıbəyli “Çırpınırdı Qara dəniz” musiqisini (sözləri Əhməd Cavadındır) bəstələmiş və onun Azərbaycan Xalq Cümhuriyyəti dövründə yazdığı Dövlət Himni bu gün də rəsmi tədbirlərdə səslənməkdədir". Ümumiyyətlə, Üzeyir Hacıbəyli publisistikası dövrün ictimai-siyasi məsələlərini əks etdirdiyi kimi, erməni-müsəlman məsələsinə də geniş yer vermiş, bu baxımdan ermənilərin iç üzünü açaraq ifşa etmişdi. Ermənilərin Azərbaycanlılara qarşı təcavüzü və bu istiqamətdəki məsələlərin şərhi və həllinə publisistin "Qara təhlükə", "Qarabağ haqqında", "Eyni müamilə gözləyirik", "Qarabağ hadisatı", "Əyri yol", "Fitnələr qarşısında", "Erməni-müsəlman sülh məclisinə dair", "Andranikin məsələsi", "Ordan-burdan" sərlövhəli "Yazıq ermənilər" felyetonu, "Nə istəyirlər", "Kirimirlər" kimi publisistik yazılarında rast gəlmək olar. Publisist 15 dekabr 1918-ci ildə "Azərbaycan" qəzetində dərc etdirdiyi "Andranikin məsələsi" məqaləsində bildirir:
"Görək Andranik quldurmu, rəsmi məmurmu və ya təkrar qırğın salmağa bais olan bir nəfər mütəəssib ermənimi?" Üzeyir bəy bu yazısında müsəlman kəndlərini dağıdan, əhalisini öldürən ya da qaçırdan, arvadların irz və namusuna sataşan Andranikin kim olduğu məsələsinə aydınlıq gətirməyə çalışır. Publisist birinci zənnində Andranikin kimliyinə belə izah verir: "Andranikin qonşu erməni hökümətinə heç bir dəxli yoxsa və gördükləri vəhşiliklərin cavabdehəndəliyi dəxi məhz öz boynuna isə o halda bu Andranik erməni camaatının gözündə "igid" olsun, "qəhrəman" olsun, bizim gözümüzdə adi bir quldurdur. Çünki bir şəxs ki, başına adam yığıb kənd-kəsək üstə tökülüb qətlü-qarətə məşğul ola, o şəxsə quldur deyirlər". Məqalənin bu qismindən məlum olur ki, Üzeyir bəy Andranikin quldur olduğu barədə zənnini ilkin olaraq ehtimal edir. Bəs publisist bu fikri nəyə əsasən yazırdı?
Üzeyir Hacıbəyli qeyd edir ki, deyirlər, türklərlə ermənilər arasında vaqe olmuş sülhdən dolayı Andranik erməni hökümətindən küsüb və özbaşına olub. Və nəticə olaraq məsuliyyəti öz öhdəsinə olmaq üzrə cürbəcür işləri də özbaşına görür. Publisist həm də onu vurğulayır ki, ola bilsin, Andranik erməni hökümətindən küsüb erməni camaatı içində şöhrət qazanmaq istəyir. Və bunun da ən asan yolunu müsəlmanların əlsiz-ayaqsız qisminin üzərinə top və tüfənglə hücumlar edib "rəşadət" göstərməkdə görür. Üzeyir Hacıbəyli birinci zənnini əsaslandırdıqdan sonra ikinci zənnini şərh edir. Bildirir ki, ola bilsin, Andranik gizli və ya açıq erməni ajanı və məmurudur. İş belədirsə, onda Andranikin vəhşi hərəkətlərindən məsul şəxs erməni hökümətinin başında duran şəxslərdir. Müəllif belə halda məsələnin həllini açıqlayır:
"O halda, Andranikin yanına mürəxxəslər göndərmək və ya kağızla sifarişlər etmək kimi vecə gəlməz tədbirlərin heç bir mənası yoxdur. Bu sifarişlərin, bu teleqramların məhəlli-aidinə, yəni erməni höküməti başında duranlarına göndərilməsi icab edir". Bu qisimdən çıxış edərək müəllif bildirir ki, bilək, görək, erməni höküməti bizə qarşı müharibə meydanımı açır? Ya bu vəhşiliklərin mənası nədir?
Görkəmli publisistin bu yazısında ən vacib məqamlardan biri də daşnaklara diqqəti çəkməsidir. Müəllif daşnakları bu sifətlərlə təsvir edir: "Özlərində qabiliyyət və istedad olduğuna inanmayan və bu təqdirdə qonşularının da müstəqil yaşamalarını istəməyən daşnaklar". Müəllifin deyimi ilə söyləyə bilərik: onlar həmin daşnaklardır ki, Ermənistan Cümhuriyyətini müstəqil bir surətdə yaşatmaq üçün Qafqazın orasında-burasında andraniklər vasitəsilə şuluqluq edirlər ki, ölkəmiz təkrar qəyyumlar əlinə keçsin.
İkinci zənninə də aydınlıq gətirdikdən sonra publisist üçüncü zənninin şərhinə başlayır. O yazır ki, ola bilsin, Andranik nə quldur, nə də erməni hökümətinin rəsmi məmurudur. Andranik, bəlkə də bir nəfər erməni mütəəssibidir ki, müsəlman qanı tökməkdən xüsusi bir ləzzət hiss etmək mərəzinə mübtəladır. Andranikin belə vəhşi hərəkətlərinə Ararat höküməti də razı deyil, bununla bərabər ipini çəkməyə qolunda gücü yoxdur. Hər üç zənninin izahından sonra Üzeyir bəy uzaqgörənliyi bunlardan başqa zənlərin də ola biləcəyini göstərir.
Üzeyir bəy yazır ki, hər nə halla olur olsun, zülm və sitəmə məruz qalan müsəlmanlara qarşı bu cür vəhşi hərəkətlər dayandırılmalıdır. Əks təqdirdə, bu vəqə getdikcə böyüyüb başımıza bəla olacaq. Müəllif ingilis hökümətinin baş verənlərdən xəbərdar olmasının vacibliyini də vurğulayır. Çünki publisistin sözü ilə desək, Qafqazda nizam və asayişin bərqərar edilməsi ingilislərin borcu olub və bunu özləri elan ediblər. Həm də müəllif zənn edir ki, andraniklər içində elə adam yoxdur ki, lazımlı məqamda hamımızın arvadlarımıza qədər əsgər olduğumuzu bilməsin. Onlar sanmasınlar ki, qoşunsuz, əsgərsiz qalmışıq. Müəllif bəşəriyyət sülh deyib sevindiyi halda bu sülh axşamı bir də təkrar qan tökməyin igidlik yox, rəzalət olduğunu yazır. Və o qana səbəb olanların bəşəriyyət lənətinə gəlməkdən başqa özgə bir mənfəət qazana bilməməklərini vurğulayır.
Yazının sonluğuna yaxın Üzeyir Hacıbəyli erməni millətini belə təsvir edir: "Andranik məsləkli başçılarının bu qədər mənhus politikası nəticəsindən cürbəcür fəlakətlər çəkmiş olan erməni milləti". Və müəllif qeyd edir: ...belə ehtimal var ki, erməni milləti yalançı pəhləvanlarını bir kərə qalxıb aradan qaldırsın. "Andranikin məsələsi" məqaləsinin sonunda Üzeyir bəyin xalqımızı həmrəy olmağa çağırdığı cümlələri öz əksini tapıb:
"Biz hər halda özümüzü qorumalıyıq və hüdudumuzu elə möhkəm bir vəziyyətə salmalıyıq ki, hər dəli, qudurmuş soxulub bildiyini, istədiyini yapa bilməsin". Müəllif yazını belə sonlandırır ki, Andranik məsələsi barədə hökümət özünün bu işdə nə növ tədbirlər görüldüyünü və görüləcəyini, bununla bərabər bu işə nə nəzərlə baxdığını da Parlaman hüzurunda bəyan və elan edəcək.
Sonda bir məqamı da qeyd etməyi özümə borc bilirəm. Əgər Üzeyir bəydən danışırıqsa gərək ki, sayğı əlaməti olaraq Ceyhun Hacıbəyli ismini də yad etmiş olaq. Çünki hər iki dahinin qələmi də, qəlbi də Azərbaycanın varlığı naminə çalışıb. Bu mənada milli mətbuat tarixi kafedrasının müəllimi, filologiya elmləri doktoru, professor Abid Tahirlinin çoxsaylı sanballı əsərləri var. Onun "Ceyhun Hacıbəylinin bədii və publisistik irsinə bir nəzər" adlı araşdırmasında oxuyuruq:
“Pristav ağa” C.Hacıbəylinin hekayələri arasında bir çox cəhətlərdən diqqəti cəlb edir. Əsər “Proqres” qəzetinin 1907-ci il 6 və 7-ci nömrələrində “Dağıstanski” imzası ilə çap olunub. Ən əvvəl qeyd etmək lazımdır ki, dahi bəstəkar, opera sənətimizin banisi, istedadlı yazıçı- publisist, Ceyhun Hacıbəylinin böyük qardaşı Üzeyir Hacıbəyov da eyni adlı satirik hekayə yazıb(“İrşad”qəzeti, 1905-ci il, № 6). Görünən odur ki, Üzeyir və Ceyhun bəy Hacıbəylilər Azərbaycan durduqca yaşayacaq və onların milli-mənəvi irsi xalqımızın yol xəritəsi olacaq.

Məryəm ABDULLAZADƏ

BDU Jurnalistika fakültəsinin tələbəsi


Paylaş



Bölmə: Tələbə sözü / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!