Mədəniyyət naziri Əbülfəs Qarayev dekabrın 7-də görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Ceyhun Hacıbəylinin Bakıda səfərdə olan ailə üzvləri – gəlini Paskal Hacıbəyli-Buşe və nəvəsi Benjamin Hacıbəyli ilə görüşüb.Görüş zamanı nazir dahi bəstəkar Üzeyir Hacıbəylinin Azərbaycan mədəniyyətində xüsusi yeri olduğunu deyib və onun adı ilə bağlı keçirilən beynəlxalq festival, konfrans və həyata keçirilən işlərlə bağlı qonaqları məlumatlandırıb.
Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin silsilə tədbirlərlə qeyd edildiyini, 2018-ci ilin ölkəmizdə “Cümhuriyyət ili” elan olunduğunu diqqətə çatdıran nazir görkəmli ictimai-siyasi xadim Ceyhun Hacıbəylinin Cümhuriyyət tarixində xidmətlərini xüsusi vurğulayıb. Qeyd olunub ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və Ceyhun Hacıbəylinin 125 illik yubileyi şərəfinə Azərbaycan Dövlət Musiqili Teatrında “Nuri-didə Ceyhun” tamaşası səhnəyə qoyulub. Ceyhun Hacıbəyli obrazının ilk dəfə canlandırıldığı bu səhnə əsəri onun məşəqqətli mühacirət həyatından və Cümhuriyyətimizin keçdiyi çətin, lakin şərəfli tarixi yoldan bəhs edir.
Paskal Hacıbəyli-Buşe qəbula görə Əbülfəs Qarayevə təşəkkürünü bildirib və görüşdən böyük məmnunluğunu ifadə edib.
* * *
Paskal Hacıbəyli-Buşe və Benjamin Hacıbəyli ölkəmizə səfər zamanı tarixi-mədəni məkanları da ziyarət ediblər. Onlar Milli Azərbaycan Tarixi Muzeyinin ekspozisiyası ilə maraqla tanış olublar. Daha sonra Hacıbəylilər Qobustan Milli Tarix-Bədii Qoruğuna gediblər. Qoruqla tanışlıq zamanı diqqətə çatdırılıb ki, Qobustan qayaüstü rəsmləri 2007-ci ildə UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib.
Paskal Hacıbəyli-Buşe və Benjamin Hacıbəyli həmçinin İçərişəhəri ziyarət edib, Üzeyir Hacıbəylinin ev-muzeyinə baş çəkib, dahi bəstəkarın adını daşıyan Bakı Musiqi Akademiyasının, eləcə də ADA Universitetinin qonağı olublar.