Tokayev ruslarla birləşib Qazaxıstanda Nazarbayev “siyasi xəttini” məhv etməyə çalışır: “Tokayevə bunu bağışlamaya bilərlər...”
Qazaxıstanda bir neçə gündür davam edən iğtişaşların yavaş-yavaş səngidiyi təsəvvürü yaranır. Ancaq bu ölkədə baş verənlər əksər dünya media orqanlarının, xüsusilə keçmiş SSRİ respublikalarına aid mətbuatın əsas gündəm mövzularından biri olaraq qalmaqdadır.
“AzPolitika.info” xəbər verir ki, Rusiyanın müstəqil mətbu orqanlarından sayılan “Novaya qazeta” Qazaxıstanda baş verən hadisələrin səbəbi, ssenarisi və mümkün nəticələri barədə maraqlı məqalə dərc edib.
Məqalədə ölkədə son günlər baş verənlərin xronologiyası təqdim olunur və bildirilir ki, Qazaxıstanın demək olar dörd bir yanını bürüyən etiraz mitinqləri əvvəlcə dinc xarakter daşıyıb.
Ancaq sonradan kənar müdaxilələr səbəbindən qanlı toqquşmalara çevrilib: “Dinc etirazların baş verdiyi digər şəhərlərdən fərqli olaraq, nədənsə Almatıda aksiyaya çıxanlar başlanğıcdan aqressiv və kəskin davranışları ilə seçilirdilər. Əgər yanvarın 4-də gündüz etirazçılar hansısa şüarlar səsləndirirdilərsə, artıq axşam küçədəki kütlə polis avtomobillərini yandırmağa başladılar. Şəhərə dərhal xüsusi texnika yeridildi və Tokayev fövqəladə vəziyyət elan etdi. Lakin səhərə doğru bu texnikanın əhəmiyyətli hissəsi kütlənin əlinə keçdi.
Maraqlıdır ki, Qazaxıstan hərbçiləri və güc strukturları heç də qorxaq sayılmırlar. Lakin Almatıya talançılar gələn kimi, ilk olaraq məhz onlar şəhərdən qeyb oldular.
Çoxsaylı şahidlər bildirirlər ki, şəhər tamamilə heç nədən qorxmayan idman geyimli şəxslərin ixtiyarına verilmişdi. Etirazlara heç bir aidiyyatı olmayan “gəlmələr” şəhəri dibinə qədər yandırmağa başlayıblar. Almatının şəhər administrasiyası, prokurorluq, “Nur Otan” partiyasının qərargahı, “Qazaxıstan” telekanalının binası yandırıldı.
Talançılar bankları, bankomatları qarət etməyə, maşınları yandırmağa və qarşılarına keçən hər kəsi – geri çəkilən güc strukturları təmsilçilərini və adi vətəndaşları döyməyə başladılar. Yanvarın 5-i axşam aeroport da talan edildi...”
Məqalədə daha sonra ilk olaraq spontan şəkildə başlayan hadisələrin sonradan hansısa mərkəzdən idarə olunmağa başladığı qeyd olunur və Qazaxıstandakı hakimiyyətdaxili çəkişmələrə eyham vurulur: “Bir qədər sonra Dövlət Təhlükəsizlik Komitəsinin binası və oradakı silahlar çox asanlıqla talançıların əlinə keçdi. Bundan başqa, banditlərə xüsusi avtomobillərin gətirdiyi silahlar paylandı. Saat 22.50 radələrinə qədər talanlar davam edirdi. Almatı faktiki olaraq, dağıdılmaq üçün kimlərinsə ixtiyarına verilmişdi. Bəs, kimlərin?
Tokayevin dediyinə görə, söhbət hansısa “xarici təsir”dən gedir, lakin burada Qərbin əlinin olduğu inandırıcı deyil.
Bu, fantastik görünə bilər, lakin hər tərəfi dağıdan kişilərin cəmləşdiyi bu kütlə məhz daxildə hansısa köklərə malik idi.
Xronologiyaya diqqət yetirin - Almatıda gərginliyin kəskin forma alması qəribə şəkildə Nursultan Nazarbayevin qardaşı oğlu Samat Abiş Dövlət Təhlükəsizlik Komitəsinin sədr müavini vəzifəsindən azad edilən kimi baş verdi. Sabiq prezidentin eyni zamanda bir neçə idman federasiyasına rəhbərlik edən digər qardaşı oğlu da var. Belə ehtimal var ki, həmin federasiyalardakı radikal baxışlı idmançılardan ölkədə stabilliyi pozmaq üçün istifadə edilə bilərdi...”
Daha sonra prezident Tokayevin Nursultan Nazarbayev və onun yaxın ətrafı ilə bağlı atdığı addımlara diqqət çəkilir: “Tokayev yanvarın 5-i 4 gündür ki, barəsində heç bir məlumat verilməyən Nursultan Nazarbayevin əlindən Təhlükəsizlik Şurasını faktiki olaraq aldı, baxmayaraq ki, “Elbası”(N.Nazarbayev-red.) bu vəzifəni ömürlük daşımalı idi. Ardınca isə Dövlət Təhlükəsizlik Komitəsinin toxunulmaz sayılan sədri Kərim Məsimovu vəzifəsindən azad etdi. Bundan dərhal sonra güc strukturları qəflətən şəhəri talançılardan geri almaq üçün hücuma keçdilər. Artıq yanvarın 6-sı səhərə şəhərin “cinayətkar elementlər”dən təmizləndiyi anons edildi, lakin gecə şəhərdə mütəmadi olaraq, odlu silahdan istifadə olunmaqla döyüşlər gedirdi.”
Bu yerdə “Novaya qazeta” maraqlı məqama toxunur və soruşur: “Əgər güc strukturları özləri işin öhdəsindən gələ bilmişdilərsə, KTMT-nin ordusu nəyə gərək idi? Rusiya və Belarus öz ordularını heç bir problemsiz göndərəcək. Lakin Rusiya hakimiyyətinə Qazaxıstandakı münasibətin, xüsusilə də qazaxdilli əhalinin münasibətinin gərgin olduğu nəzərə alınsa, bu, əlavə destabilizasiya yaradan faktor ola bilər. Və buna baxmayaraq, Tokayev bu addıma gedirsə, deməli özgə güc strukturlarına və ordulara etibarı özünkülərdən daha çoxdur. Perspektivdə bu, Tokayevə yox, Nazarbayevə loyal olan güc strukturlarında təmizləmələrin aparılması anlamına gəlir. Bu, həm də prezidentin başqa çıxış yolunun olmadığı üçün çox böyük riskə gedərək, Putinə və Lukaşenkoya etibar etməsi deməkdir. Əgər nəsə öz yolunda getməsə, bu, Tokayev üçün ölümcül səhv olacaq. Belədə o, təkcə KTMT-dəki tərəfdaşları ilə haqq-hesab çəkməli olmayacaq, onu həm öz vətəndaşları bağışlamaya bilər....”
Göründüyü kimi, müstəqil mövqeyi ilə seçilən və mötəbər mənbələrə malik dərgi sayılan “Novaya qazeta” Qazaxıstanda adi sosial etirazlardan başlanan hadisələrin sonradan hakimiyyətdaxili qüvvələrin çəkişməsinə dair çalarlar aldığına, həmçinin, Rusiya başda olmaqla, xarici oyunçuların dövrəyə girməsinə eyham vurulur.
Qeyd edək ki, postsovet məkanında baş verən hadisələrlə bağlı dəqiq məlumatlara malik olan “Caliber” “Telegram” kanalı da baş verənlərin araxasında Moskvanın diqtəsi ilə hərəkət edə Tokayevin Qazaxıstanda Nazarbayevin siyasi xəttini “vurmaq” niyyətinin dayandığına işarə vurub.
Bunun da təsadüfü olmadığı bildirilir. Belə ki, Nursultan Nazarbayevin milli dövlət qurmaq, Qazaxıstanı Rusiyanın təsirindən çıxarmaq cəhdləri ilə Moskvanın barışmadığı və belə bir xain plan hazırladığı ehtimal edilir.
Məqalədə bildirilir: “Nursultan Nazarbayev müstəqil Qazaxıstanı qurmağa başlayanda ölkədə rusların və qazaxların nisbəti təxminən yarıbayarı idi: 1989-cu il siyahıyaalınmasına əsasən 6,5 milyon qazax və 6,2 milyon rus.
Sovet dövründə hər zaman belə olmayıb – 1970-ci ildə respublikada 5,4 milyon rus və 4,1 milyon qazax yaşayırdı (həmin dövrdə əhalinin ümumi sayı daha az idi).
2021-ci ilin əvvəlinə olan qiymətləndirməyə görə, Qazaxıstanda 13 milyon qazax və 3,5 milyon rus yaşayır. Son 30 ildə ölkədə həqiqətən müstəqil Qazaxıstanın qurulması baxımından düşünülmüş, demoqrafik, mədəni və dil siyasəti həyata keçirilib. Son illər ölkədə türk özünüdərki fəal şəkildə oyanmağa, özünüidentifikasiya güclənməyə başlayıb. Bu keçmiş metropoliya ilə etibarlı münasibətləri qoruyub saxlamaqla, tam suverenliyə gedən mərhələli, ehtiyatlı çıxış yolunun memarı məhz Nursultan Nazarbayev idi.
Görünür, o, təcrübəli siyasətçi kimi ikili hakimiyyətin risklərini hesablamağa və nəzərə almağa çalışaraq güc blokunun idarəsini özündə saxlasa da, bu yolu özü tamamlaya bilməyib. Ancaq bu kömək etmədi. Vaxt, sağlamlıq, güc, sadiq insanlar çatışmadı. Ölkələrin sözün əsl mənasında “ya-ya da” prinsipi ilə seçim etmək məcburiyyətində qoyulduğu indiki geosiyasi vəziyyət də manevrlər üçün əlverişli olmadı. Ancaq son 30 ildə o, milli oyanış çarxını işə salmaq və Qazaxıstanın ərazi bütövlüyünü saxlamaqla öz tarixi missiyasını yerinə yetirdi...”
Sözsüz ki, baş verən hadisələrə ən gerçək qiyməti zaman verəcək. Ancaq hələlik ortada olan Qazaxıstanın iqtisadi və siyasi imicinə, iqtisadiyyatına və siyasi gələcəyinə vurulan böyük zərbə, ölkəni heç bir şübhəsiz qarşıda gözləyən geriləmə, nəhayət, onlarla, bəlkə də yüzlərlə qazaxın qətlidir...
Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.
Qərbi zəngəzurlular Zəngilan şəhidliyində
Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur. Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.
Azad Zəngilanın qonaqları
Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib. Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.
Mahnur Hüseynova Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru