Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 21-10-2024, 19:55
Bu gün parlamentdə nələr müzakirə edildi?


Bu gün parlamentdə nələr müzakirə edildi?

Oktyabrın 21-də Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının “COP29-a qarşı hibrid təhdidlər” mövzusunda ictimai müzakirəsi keçirilib.
İclasda Milli Məclisin deputatları, beyin (araşdırma) mərkəzlərinin nümayəndələri, vətəndaş cəmiyyəti təmsilçiləri, ekspertlər iştirak ediblər.
Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyanın sədri Ramid Namazov qeyd edib ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan tarixi Zəfərimizdən və ötən il suverenliyimizin tam bərpasından sonra bunu həzm edə bilməyən bəzi xarici dairələr dövlətimizə qarşı məkrli planları nəzərdən keçirməyə başlayıblar.



Diqqətə çatdırılıb ki, cari ilin noyabrında ölkəmiz COP29-a, habelə Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyalarına ev sahibliyi edəcək. Dünyada keçirilən ən böyük beynəlxalq və mötəbər konfranslardan biri hesab olunan COP tədbiri yaxınlaşdıqca Azərbaycana qarşı qarayaxma və media kampaniyalarının da sürətlə artdığı müşahidə edilir.



Qeyd olunub ki, bugünkü ictimai müzakirənin əsas məqsədi ölkə ictimaiyyətinin baş verən proseslər barədə məlumatlandırılması, o cümlədən dövlətimizə qarşı aparılan çirkin kampaniyaların haradan, hansı formada və kimlər vasitəsilə təşkil olunduğunu göstərmək, bununla bağlı deputatlar, vətəndaş cəmiyyəti nümayəndələri, ekspertlərlə fikir mübadiləsi aparmaqdır.



Ramid Namazov COP29-la bağlı Azərbaycana qarşı hibrid təhdidin əsasən iki növündən fəal istifadə olunduğunu söyləyib. Deyib ki, birincisi, dezinformasiyalar, o cümlədən media və qarayaxma kampaniyaları, fake-saxta xəbərlər, ikincisi isə “Lawfare” adlı hibrid təhdid növüdür, bu da özündə hüquqi vasitələrdən “silah” kimi istifadəni ehtiva edir. Buraya müxtəlif parlamentlərdə qəbul olunan anti-Azərbaycan qətnamələri, əsassız beynəlxalq məhkəmə iddialarını və sanksiyaları aid etmək olar.



Bildirilib ki, COP29-a ev sahibliyi hüququ 200-ə yaxın ölkə tərəfindən yekdilliklə Azərbaycana veriləndən dərhal sonra əldə etdiyimiz uğurları qəbul etməyən bəzi qüvvələr müxtəlif bəhanələr gətirərək bəzi məsələlərlə bağlı əsassız ittihamlar irəli sürüblər.



Komissiya sədri BMT Nizamnaməsinə əsasən, qurum üzvlərinin beynəlxalq münasibətlərdə istənilən dövlətin ərazi bütövlüyünə (toxunulmazlığı) və ya siyasi müstəqilliyinə qarşı təhdiddən və ya gücdən istifadədən, habelə BMT-nin məqsədləri ilə uzlaşmayan istənilən hərəkətlərdən çəkinməli olduğunu söyləyib. O, Ermənistanın və ona havadarlıq edən bəzi ölkələrin bizə qarşı apardıqları çirkin kampaniyaların beynəlxalq hüquqa zidd olduğunu deyib.



R.Namazov bu günlərdə ABŞ Konqresinin 60 üzvünün dövlət katibinə müraciət edərək Azərbaycana təzyiq göstərməyi tələb etdiyini deyərək, Prezident tərəfindən onların cavablarının tutarlı arqumentlərlə verildiyini, ölkə ictimaiyyətinin və Milli Məclisin də bu təxribata öz münasibətini bildirdiyini diqqətə çatdırıb. O, Niderland parlamentinin Nümayəndələr Palatasının anti-Azərbaycan qətnamələrini ABŞ Konqresinin çağırışına dəstək kimi qiymətləndirib. Habelə AŞPA-da Azərbaycanda insan hüquqları, qanunun aliliyi, demokratiya ilə bağlı vəziyyətə dair keçirilən müzakirələrin, qəbul edilən qətnamələrin heç bir əsasının olmadığını vurğulayıb.



Komissiya sədri deyib ki, ABŞ Konqresi tərəfindən tam maliyyələşən Milli Demokratiya Fondu, habelə “Freedom House”, “Human Rights Watch”, İşgəncələrə qarşı Ümumdünya Təşkilatı, “Amnesty International”, İnsan hüquqları üzrə Beynəlxalq Əməkdaşlıq Təşkilatı kimi qurumlar Azərbaycanla bağlı qərəzli və həqiqətə uyğun olmayan məlumatlar yayaraq, ölkəmizə qarşı təşkil etdikləri hibrid təhdidlərlə gizli formada sadə insanların beyinlərinə təsir etməklə öz strateji məqsədlərinə çatmağı hədəfləyirlər.



Bildirilib ki, Azərbaycana qarşı kampaniyanın ayrıca bir istiqaməti isə Ermənistan dövləti, erməni lobbi təşkilatları və erməni əsilli zəngin iş adamları tərəfindən aparılır.



Vurğulanıb ki, irimiqyaslı beynəlxalq tədbirlərin keçirilməsi ölkəmizin üzərinə böyük məsuliyyət qoyur. Qeyd olunan bütün məkrli niyyətlərə baxmayaraq, bu günə qədər bir çox beynəlxalq tədbirlərə müvəffəqiyyətlə ev sahibliyi etmiş Azərbaycan COP29 konfransını da yüksək səviyyədə keçirəcək.



Sonra çıxış edən deputatlar Gülşən Paşayeva, Sevil Mikayılova, Pərvanə Vəliyeva, Mübariz Qurbanlı, Elman Nəsirov, Nurlan Həsənov, Kamran Bayramov, habelə Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Cavid Vəliyev, Sosial Təhqiqatlar Mərkəzinin sektor müdiri İlyas Hüseynov müzakirəyə çıxarılan mövzunun aktuallığını bildiriblər. Bəzi xarici dövlətlərin ölkəmizə qarşı qərəzli mövqeyi, xarici müdaxilələrin qarşısının alınması ilə bağlı mübarizə sahəsində ciddi addımların atılmasının əhəmiyyətindən danışıblar.



Bildirilib ki, ölkəmizə qarşı hibrid təhdidlər, o cümlədən düşmənçilik xarakteri daşıyan məlumatların yayılması, kiberhücumlar, sosial şəbəkələrdə qarayaxma kampaniyaları təhlükəsizlik baxımından böyük önəm daşıyır. Bütün bu mənfi təsirlərin, xüsusilə ölkəmizdə keçiriləcək COP29-la bağlı artan təhdidlərin qarşısının alınması istiqamətində əməli addımların atılmasının vacibliyi vurğulanıb.



İctimai müzakirələrdə iştirak edən UNEC Tədqiqat Fondunun departament rəhbəri Ellada Əliyeva, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının İdarə heyətinin sədri Elvin Balacanov, “Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri Günel Səfərova, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov, Azərbaycan Milli QHT Forumu İdarə heyətinin üzvü Zaur İbrahimli çıxışlarında ideoloji təhlükəsizlik məsələlərinin həmişə aktual olduğunu, bu sahədə həmrəyliyin nümayiş etdirilməsinin vacibliyini söyləyiblər. Onlar ölkəmizə qarşı yönəlmiş yersiz təhdidlərin, əsassız dezinformasiyaların qarşısının alınması, bu sahədə kompleks tədbirlərin həyata keçirilməsi ilə bağlı fikirlərini bölüşü, təkliflərini səsləndiriblər.



Sonda R.Namazov ölkəmizin ev sahibliyi ilə keçiriləcək COP29-un Azərbaycanın növbəti uğuru olacağına əminliyini ifadə edib.


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!