TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                       
Tarix : 13-01-2025, 17:26
Ceyhunun ölümünə görə növbəti məhkəmə - Yeni detallar AÇIQLANDI


Ceyhunun ölümünə görə növbəti məhkəmə - Yeni detallar AÇIQLANDI

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Ceyhun Hüseynovun qətli ilə bağlı ittiham olunan hərbi hissə komandiri, polkovnik Samir Həziyev və hərbi hissənin Tibb Xidməti rəisi Aydın Quliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bu gün Naxçıvan Hərbi Məhkəməsində hakim İlham İbrahimovun sədrliyi ilə keçirilən prosesdə şahid ifadələri dinlənilib.
Əlahiddə Ümumqoşun Ordu (ƏÜO) komandanının müavini vəzifələrini icra edən, polkovnik Şəhadət İbrahimov ifadəsində deyib ki, məlumat daxil olduqdan sonra dərhal onlara axtarışla bağlı tapşırıq verilib:
“Axşam 10 radələrində tapşırıq aldım və ayın 11-i səhər saat 8-də artıq hadisə yerində idim. Mərhumun nəşini qruplara bölünərək axtarırdıq”.
Ş. İbrahimov ifadəsində qeyd edib ki, postda olan MAXE (müddətdən artıq xidmət edən hərbçi) ilə söhbətləşib və MAXE ona deyib ki, əsgər C. Hüseynov postdan bir qədər irəli gedib, az sonra güllə səsi gəlib, yıxılıb: “Yerini göstərməyini dedim, tapşırdım ki, gedib həmin ərazidən gilizləri gətirsin. Getdi, 8-10 dəqiqə sonra xəbər etdi ki, gilizləri tapıb. Sonra biz ora getdik və əsgərin nəşini həmin ərazidən tapdıq. Onu taparkən, avtomatın qoruyucusu açıq idi, məruzə etdim, təhlükəsizlik üçün qoruyucunu bağladım. Avtomatın darağı da üstündə idi. Sonra prokurorluğun əməkdaşlarına dedim, gəldilər”.
Şahid ifadəsinə vurğulayıb ki, əsgərin nəşi ilə düşmən postunun arasında 650-700 metr məsafə olardı.
Zərərçəkən tərəfin vəkilinin “üzərində yarası var idi” sualına Ş.İbrahimov “başında güllə yarası var idi” deyə cavab verib.
ƏÜO-da komplektləşmə şöbəsinin rəisi, polkovnik Hüseyn Vəliyev ifadəsində deyib ki, C.Hüseynovun yerinin dəyişdirilməsi ilə bağlı raport daxil olub:
“Raport daxil olurdu və mən baxıb onları ƏÜO komandanının müavini general Rəhim Cəfərova verirdim. Çünki yerdəyişməni yalnız ordu komandanlığı edə bilər. Raport gəldi, raportda “xüsusi nəzarət tələb olunan yerə dəyişdirilsin” yazılmışdı. Mən də yoxladım, verdim raportu. Çünki mənim yerdəyişdirməyə ixtiyarım yox idi”.
Təqsirləndirilən şəxs Samir Həziyev deyib ki, ötən il mart ayının 11-də Ceyhun Hüseynov posta olarkən problem yaşanıb:
“Bununla bağlı məruzə etmişəm. Polkovnik Hüseyn Vəliyevə də yerinin dəyişdirilməsi ilə bağlı raport göndərmişəm”.
Polkovnik Hüseyn Vəliyev deyib ki, raportda “xüsusi nəzarət tələb olunan yerə dəyişdirilsin” yazılmışdı:
“Raportu mənə gətirən şöbənin əməkdaşı dedi ki, orada post komandiri ilə yola getmir, yeri dəyişdirilsin. Yenə deyirəm, mənim ixtiyarım yox idi, onun yerini dəyişim və ya postdan hərbi hissəyə gətirim”.
Samir Həziyevin hüquq işləri üzrə köməkçisi, kapitan Vüsal Abdullayev ifadəsində bildirib ki, mərhum C.Hüseynovla briqada komandirinin tapşırığına əsasən görüşüb:
“Əsgərlə xidməti otağında görüşdüm, söhbət etdik. Çox rahat, sərbəst və savadlı danışırdı, hər şeyi qaydasında izah edirdi. Araşdırma 3-4 gün davam etdi”.
V.Abdullayev bildirib ki, hadisədən 10-15 gün sonra C.Huseynovla bağlı başqa bir problem olub:
“Onunla yenə öz iş otağımda söhbət etdim. Bu dəfə qarşımda tam başqa bir insan var idi. Gözlərini göyə dikib danışırdı, bəzən susurdu. Nə olduğunu soruşdum, danışmırdı. Hətta energetik içki aldım birlikdə içdik, dedi özümü narahat hiss edirəm, gecələr yata bilmirəm. Onunla nə danışmışdıqsa, hamısını Samir Həziyevə dedim. Tapşırıq verdi ki, hərbi hospitala göndərilsin. Tibb xidmət rəisi, kapitan Aydın Quliyevlə görüşdük, ona hadisəni dedim. Sonra Ceyhun Hüseynovun əmisi mənə zəng vurub dedi ki, onun dərmanları bitib ona görə gecələr yata bilmir. Dedi ki, resepti göndərim, ya da ona dərman verək. Mən də tibb xidmət rəisinin nömrəsini verdim, dedim onunla danışın, o nəzarət edir. Səhər kitaba baxanda gördüm ki, hospitala göndərilib. Bundan sonra mən məzuniyyətə getdim”.
Kapitan Vüsal Abdullayev vurğulayıb ki, məzuniyyətdən qayıdanda C.Huseynovu hərbi hissədə görüb:
“20 günlük məzuniyyətdən qayıdanda gördüm ki, durub qərargahın yanında. Görüşdük, söhbət etdik. Dedi ki, hər şey qaydasındadır. Hətta təşəkkür elədi, dedi, düzəlmişəm, gedirəm xidmətimə davam edəm. Ondan sonra onu görməmişəm”.
Təqsirləndirilən Aydın Quliyev isə bildirib ki, mərhum əsgərin əmisi ona zəng etməyib, onun ailə üzvlərindən heç biri ilə danışığı olmayıb.
Sonra təqsirləndirilən şəxs Samir Həziyev bildirib ki, iki dəfə polkovnik Vəliyevə əsgər Ceyhun Hüseynovun yerinin dəyişdirilməsi ilə bağlı desə də, o, deyib ki, bunun üçün əsas yoxdur.
Məhkəmə yanvarın 22-dək təxirə salınıb.
Qeyd edək ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Hüseynov Ceyhun Tofiq oğlu ötən il iyunun 9-da Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində naməlum şəraitdə itkin düşüb.
Bir neçə gün sonra Günnüt yaşayış məntəqəsi istiqamətində onun nəşi aşkar edilib.
Fakt üzrə Naxçıvan hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.12-ci (ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Cinayət işi üzrə məhkəmə-tibbi, kompleks məhkəmə-ballistik, daktiloskopik və trasoloji ekspertizalar təyin edilib, hadisə yerinə və meyitə baxış keçirilib, şahidlər dindirilib, habelə, iş üzrə əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülərək təxirəsalınmaz zəruri istintaq hərəkətləri icra olunub.
Cinayət işi üzrə hərbi hissə komandiri, polkovnik Həziyev Samir Mətləb oğlu həbs olunub. İş üzrə onunla yanaşı, hərbi hissənin Tibb Xidməti rəisi Quliyev Aydın Yaşar oğlu da ittiham olunur.
Onlara Cinayət Məcəlləsinin 341.2.3-cü (vəzifə səlahiyyətlərini aşma-bir qrup şəxs tərəfindən ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.
Ceyhun Hüseynov ADA Universitetinin məzunu olub.


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!